-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Xarici dildə təhsil
Şiriftin ölçüsünü dəyiş

Fethi Gedikli
professor

        Böyük şairimiz Əbdürrəhim Qaraqoç məşhur şeirində "Məktub yazdım Həsənə/ Ha Həsənə ha sənə!" deyərək məktubunu yalnız Həsənə göndərmədiyini, onun məzmununun hər kəsi maraqlandırdığını ustalıqla ifadə etmişdir. Qaraqoça uyğun olaraq mən də Türkiyə mətbuatı üçün yazmış olduğum bu yazını "ha Türkiyə, ha Azərbaycan" deyərək azərbaycanlı dostlarımla da bölüşmək istədim.
        31 dekabr 2008-ci il tarixli qəzetlərimizin birində "Qaziyə ingiliscə tibb gəlir" başlıqlı bir xəbər vardı. Türkiyə Cümhuriyyətini quran, onun dilini və tarixini araşdırıb inkişaf etdirmək üçün Türk Dil Təşkilatı ilə Türk Tarix Təşkilatını meydana gətirən Qazi Mustafa Kamal Atatürkə izafən Qazi Universiteti deyə adlandırılan bu universitetimizdə belə bir cəhdin ortaya çıxması ironik bir vəziyyət yaradırdı.
        Mövzumuza aid olan xəbərə görə Qazi Universitetinin Tibb fakültəsinin dekanı, "tibb sahəsində elmi inkişafların izlənilə bilməsi üçün ingiliscənin yaxşı bilinməsinin lazım olduğunu ifadə edərək “Qarşıdakı tarixlərdə universitetimizin tərkibində ingiliscə Tibb fakültəsi açmağı planlaşdırırıq” dedi". Hörmətli dekanın tibb sahəsindəki elmi inkişafların izlənilə bilməsi üçün ingiliscənin çox yaxşı səviyyədə bilinməsinin lazım olduğu fikirinə qatılmamaq mümkün deyil! Ancaq ingiliscəni çox yaxşı öyrətmək yerinə tibb təhsilini ingiliscəyə çevirməyə cəhd etmək bu günə qədərki Türkiyə Cümhuriyyəti "akademiya"sının qazandıqlarının inkar edilməsi kimi məna doğurmazmı? Ağıla başqa suallar da gəlir: Bu, başlanğıcda fransızca başlayan tibb təhsilini Türkcəyə çevirənlərin xatirəsinə bir hörmətsizlik sayılmazmı? Respublika, Osmanlını milli dili inkişaf etdirməmək, onu ərəbcə və farscanın asılılığına məhkum etməkdə günahlandırmırdımı? Halbuki osmanlılar böyük səy göstərib tibb dilini fransızcadan Türkcəyə çevirməklə yanaşı, təşkilat qurub tibb terminlərinə yerli qarşılıqlar tapmaq üçün ciddi səy sərf edərək böyük bir lüğət tərtib etməyi də bacarmışdılar.
        Türkiyədə bəziləri zaman-zaman hüquq dilinin anlaşılmazlığından və Osmanlı tərəfindən doldurulmasından şikayət edirlər. Bu tənqidi qeyd mübahisə və müzakirə edilə bilər. Amma hüquq dilinə bu tənqidi gətirənlər tibb dilinin başdan ayağa əcnəbi sözlərlə dolu olmasını sanki daha anlayışla qarşılayırlarmış kimi görünürlər. Halbuki dilimiz təvazökar professor Səlim Kanetinin 1980-ci illərdə İstanbul Hüquq fakültəsində biz şagirdlərinə dediyi kimi hüququn hər sahəsində çox yetkin bir dil olmuşdur.
        Tibb sahəsində fəaliyyət göstərən insanlar arasında ən çalışqanı, qərarlısı və məhsuldarı olan professor Süreyya Ülkərin şəxsində tibb terminlərinin Türkcələşdirilməsi sahəsində çox müvəffəqiyyətli işlər həyata keçirilmişdir. Professor Ülkər tərəfindən ilk nəşri 1986-cı, üçüncü və son nəşri 2004-cü ildə çap edilən latınca-Türkcə və Türkcə "Ülkər Tibb Terminləri Lüğəti" nəhəng bir əmək məhsuludur. Tibb ictimaiyyətinin üzərinə düşən isə bu böyük səyi lazım olduğu kimi qiymətləndirərək, çatışmazlıqları aradan qaldıraraq inkişaf etdirmək olmalıdır.
        Belə etmək əvəzinə ingiliscə təhsil verən fakültələr açmağın nə mənası var? Dünyada hansı şəxsiyyətli "akademiya" belə bir üsula əl atar? Görəsən Rusiyanın tibb professorları da belə bir düşüncədədirlərmi və onlar da ingiliscə tibb fakültəsinin qurulması üçün hazırlıqlar görurlərmi? Onlar "tibb sahəsindəki elmi inkişafları" necə izləyirlər? Bəs almanlar və fransızlar bunun üçün nə edirlər?
        Tibb sahəsindəki elmi inkişafları izləmə vacibliyini əsas gətirərək belə bir nəticə çıxarmaq almalarla armudların toplanmasına bənzəyir. Görülməli olan iş öz tibb dili və ədəbiyyatımızı inkişaf etdirmək, tibb sahəsində təhsil alan tələbələrimizə bunu izah etmək, bununla bərabər onlara - əlbəttə digər sahələrdə alan tələbələrimizə də başqa xarici dillər yanında - ingiliscəni də müvəffəqiyyətli bir şəkildə öyrətməkdir. Belə etmək yerinə şagirdi, təlimçisi və mühiti Türkcə olan bir yerdə ingiliscə təhsil seçimində olmaq, fürsətçilikdən başqa bir mənanı vermir. Əgər siz elmə qarşı rəftarınızı doğru müəyyən etməmişsinizsə bundan da bir şey çıxmaz. Görəsən dünya səviyyəli tibb adamlarımız olan Qazi Yaşargil, Münci Kalayoğlu hansı tibb fakültələrindən yetişmişlər?
        İnformasiya sahəsində çalışanlarımız da eyni səbəbi əsas gətirib çalışsalar idi bu gün bu sahə başdan-başa ingiliscə olacaqdı. Halbuki kompüter terminləri sahəsi bu gün ən müvəffəqiyyətli şəkildə Türkcələşmiş sahələrdən biridir, yalnız Türkiyədə deyil, ətrafımızda Türkcə danışılan yerlərdə belə bir çox kompüter istifadəçisinin Türkcə "windos"u seçdiyinə şahidəm.
        Fərdi görüşmələrimizdə bir çox elm adamı, aydın və yazarın bizim kimi düşündüyünü müşahidə etməyimizə baxmayaraq, səsləri yazılı hala çevrilmir. Eyni zamanda fikirləri aşağı nəşr orqanlarında çap olunduğu və təsirli şəkildə təşkilatlanıb düşüncələrini ictimaiyyətə təqdim etmədikləri üçün təhsil sistemimizi yavaş-yavaş xarici dillərə çevirən bürokratiya tərəfindən lazımi səviyyədə diqqətə alınmır. Düşüncəmizə görə, həm milli təhsil nazirimiz, həm də YÖK bu mövzuya həssaslıqla yanaşacaq və ingiliscə açılması nəzərdə tutulan yeni fakültələrə icazə verməyəcək. Çünki 2547 saylı Ali təhsil Qanununun, ali təhsilin "məqsəd" və "ana qanunlar"ını təşkil edən 4 və 5-ci maddələri bu mövzuda yol göstəricidir. İngiliscə fakültə açmaq istəyənlər, bunun əvəzinə Türkcə təhsil verən fakültənin daxilində yüksək səviyyəli ingiliscə (dil) təhsili verən laboratoriyalar qurmalıdırlar. Bizim vergilərimizlə saxlanılan təhsil və elm təşkilatları ölkəmizin mədəniyyətini inkişaf etdirməlidirlər.
        Burada başqa bir səhvə də toxunmaq istəyirəm. Bu cəhd, ilk və orta təhsil illərində bizə öyrədilən "universal elm dili latıncadır" tezisinin də etibarlı olmadığını göstərmiş oldu. Əgər elə olsaydı ingilis həkimlər elmin universal dilinin latınca olduğu fikrini rədd edib latınca terminlərlə dolu olan nəhəng tibb ədəbiyyatını (dilini) ingiliscəyə çevirməzdilər. Tibb dilini inkişaf etdirməyi bir kənara qoyub başqa dillərin köməyini istəyənlər, dünyanın siyasi, iqtisadi və mədəni gedişinə görə, görəsən sabah bizə ölkəmizdəki tibb təhsilini almanca, yaponca, hətta çincə etməyi təklif edərlərmi?
        Halbuki görülməsi lazım olan iş, bu mənasız yola xərclənəcək enerjinin doğru yerə, yəni tibb dilinin Türkcələşməsinə və xüsusi bir tibb təhsilini reallaşdırmaq üzrə lazımlı işlərin görülməsinə istiqamətləndirilməlidir. Elmi inkişafların izlənilməsi üçün də uyğun hər cür vasitəni -ingiliscəni və s. şagirdlərimizin əlinə vermək lazımdır! Qaldı ki, bu gün orta təhsildən gələn bir çox şagird, bundan iyirmi-otuz il əvvəlinə görə, bir və ya iki xarici dili bilər vəziyyətdədir. Onlar üçün əsas təhsilin yanında bildikləri xarici dili irəli səviyyəyə aparmaq çox asandır.
        İngiliscə ali təhsil təşkilatı açmaq yol olsa, bundan sonra elmi kitablar və dərs kitabları, məqalələr ingiliscə yazılacaq ya da çöldən hazır kitablar satın alınacaq. Bunların əhəmiyyətli bir qismi idxal ediləcəyi üçün xərclənəcək pul da hesaba qatılmalıdır. Ayrıca bu tutum, ümumiyyətlə Türk mədəniyyətinin özünü yenidən çıxarma imkanı və qabiliyyətinə maneə törətmiş olar. İngiliscə tibb ədəbiyyatını izləmək üçün ingiliscə təhsil yerinə Osmanlı dövründən bəri bizdə və bir çox başqa ölkədə tətbiq olunan xarici mütəxəssis elm adamının çalışdırılması daha uyğun və faydalı bir yoldur. Üstəlik biz xarici elm adamlarını çalışdıraraq onlardan faydalanma təcrübəsinə də sahibik. Bu yolda II Dünya müharibəsi əsnasında Almaniyadan çıxmaq məcburiyyətində qalan alman elm adamlarının Türk universitetlərinə necə böyük köməkliklər etdiklərini bilirik.  Bununla yanaşı xaricə mütəxəssis olmaq üçün göndərilən şagirdlər də tibbdəki inkişafları izləyib onu ölkəmizə gətirə biləcəklər.
        İmperatorluq keçmişi olan bir ölkənin öz dilini bir tərəfə buraxıb başqa dildə təhsil verməyə çalışmasının hörmətdən düşmə kimi mənası da var! Ətrafımızda ölkəmizi nümunə sayan və bizə bel bağlayan toplumlar var. Onların ümidlərini və gözləntilərini də diqqətə almalıyıq. Bunun üçün həyəcanlı, iddialı, planlı və proqramlı olmaqla birlikdə ehtiyatlı bir şəkildə çalışmaq da lazımdır. Bunlar olmadıqdan sonra Türkcə təhsil almaqla, ingiliscə təhsil almağın arasında heç bir fərq yoxdur!

Bu yazı 1023 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :