-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

1905-1906-cı il hadisələri barəsində mənbə
Şiriftin ölçüsünü dəyiş

Ö. F. Nemanzadənin “Qafqazdan İstanbula xatirələr” əsəri 1905-1906-cı
illər Tiflis hadisələrinin öyrənilməsində mənbə kimi

Taleh Cəfərov
“Türk-İslam” Araşdırma Mərkəzinin eksperti

        XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadə həmin dövr Qafqazın və o cümlədən, Osmanlı imperiyasının ictimai-siyasi həyatında baş vermiş bir sıra mühüm hadisələri qələmə aldığı “Qafqazdan İstanbula xatirələr” adlı əsərində ətraflı şəkildə təsvir etmişdir. Müəllif ilk dəfə olaraq əsərdə 1905-1907-cı illər Tiflisdə baş vermiş erməni-müsəlman (Azərbaycan türkləri nəzərdə tutulur-T.C) qarşıdurmasının baş vermə səbəblərini və gedişatını təfərrüatı ilə işıqlandırmağa cəhd göstərmişdir. Məhz bu baxımdan əsər bəhs olunan hadisələrin geniş şəkildə təhlili, təbliği və öyrənilməsi baxımından olduqca dəyərli mənbə hesab olunmaqdadır.    
        Müəllif əsərdə XX əsrin əvvəllərində Cənubi Qafqazda Çar Rusiyasının  birbaşa dəstəyi ilə həyata keçirilən etnik təmizləmə siyasətinin baş vermə səbəblərini, həmçinin hadisələrin xronikasını ardıcıllıqla verməyə çalışmışdır. Əsərdə baş verən hadisələr XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Qafqazın mədəni  mərkəzi sayılan Tiflis şəhərində cərəyan etmişdir. İlk öncə müəllif əsərin giriş hissəsində bəhs olunan dövrdə Tiflis şəhərinin ictimai-siyasi həyatında baş vermiş bir sıra mühüm hadisələri təhlil edərək yazır: “Əsrin əvvəllərində Gürcüstanın mərkəzi Tiflis şəhərini ardı-arası  kəsilməyən mitinqlər bürümüşdü. Mitinqlərin keçirilməsində sadə xalq kütlələrinin əsas istəyi Gürcüstanda yaşayan etnik azlıqların dinc yanaşı yaşama hüququnun bir qrup hökumət məmurları tərəfindən kobud şəkildə pozulduğunu Çar hökumətinin diqqətinə çatdırmaq idi”. Müəllifin Tiflisdə yaşayan etnik azlıqların dinc yanaşı yaşam tərzinin hökm sürdüyünü və ara-sıra “anlaşılmaz” halların Çar hökuməti tərəfindən bilərəkdən qızışdırıldığını dönə-dönə vurğulaması bizlərə əsas verir ki, məlumatlara birmənalı* şəkildə deyil, əslində bir qədər ehtiyatlı və tənqidi mövqedən yanaşaq. Çünki, müəllif baş verən hadisələrin bütün günahlarını Çar hökumətinin üzərinə atmaqla əslində Tiflis şəhərində etnik azlıqlar arasında baş verməkdə olan bu kimi qarşıdurmaların arxasında nələrin və kimlərin gizlədildiyinin üzərindən sükutla keçir. Bir qədər də təhlilə yol versək görərik ki, əslində əsrin əvvəllərində baş verən hadisələrin kökündə dini birlikdən milli birliyə çağırış şüarları dayanırdı. Bu sahədə daha çox maarifçilərin rolunu qeyd  etmək lazımdır. Əhalini milli birliyə səsləyən bu qüvvələr dərk edirdilər ki, yaxın gələcəkdə çar Rusiyasının müstəmləkəçilik buxovlarından qurtulmağın yeganə yolu xalqın milli birliyindədir. Məhz bu yolla gedilindiyi halda azadlığa, hürriyyətə nail olmaq olardı. Bunu Çar çinavnikləri çox gözəl bildiklərindən və xalqın milli birliyini məhv etmək üçün xalqları bir-birinə qarşı qoymaqla bu planların qarşısından xətt çəkmiş olurdular. Məsələyə digər tərəfdən yanaşdıqda burada erməni millətçi ekstremistlərinin azərbaycanlılara qarşı planlı şəkildə aparılan təxribatçı siyasətlərinin şahidi oluruq. Bu işdə Gürcüstandakı erməni diasporasının anti-türk fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Çox təssüflər olsun ki, daima türklüyə, türk millətinə qarşı nifrət hisslərini gizlətməyən, terrorun, etnik-milli təmizləmə siyasətinin əsas hərəkətverici qüvvəsinə çevrilmiş erməni diasporunun apardığı bu mənfur, çirkin siyasət tarixçilərin diqqətindən yayınmış, deməl olar ki, bu məsələ təfərrüatı ilə öyrənilməmişdir. Məhz bu baxımdan Ö. F. Nemanzadənin bu əsəri bəhs etdiyimiz məsələlərin bu və ya digər şəkildə tədqiqi və öyrənilməsi baxımından olduqca dəyərlidir.
        XX əsrin əvvəllərində vüsət alan Azərbaycan türklərinin milli oyanış hərəkatında əsas ideya müəlliflərindən olmaqla  millətin görən gözünün, düşünən beyninin yad ünsürlərin zəhərlənmiş fikirləri ilə doldurulmasından ehtiyatlanaraq bu istiqamətdə yorulmadan fəaliyyət göstərən, xalqı uçuruma sarı aparanlara qarşı nifrət hissi ilə alışıb-yanan Ö.F. Nemanzadə 1906-cı ildə yazmış olduğu məqalələlərinin birində bu olaylar zamanı aldadıldığını təssüff hissi ilə etiraf edərək yazırdı: “Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəl hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış... Bu söylədiyimiz səbəbilə cümləmiz ermənilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib rahat və arxayın olmağı vəd və bəyan edirdik və bu sürətlə millətimizin gözünü bağlayıb uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq”.   Sözzüz burada əlavə şərhə, eləcə də izahata ehtiyac yoxdur. Tarixin ibrət dərslərindən vaxtında bəhrələnməməyimiz, hər xırda məsələyə belə barmaqarası baxmağımız  bizləri bu cür dəhşətli fəlakətlərə sövq etmişdir. Bu bir xalq, qövm üçün olduqca təhlükəli bir məsələdir. Xüsusilə qeyd etmək lazımdır ki, 1878-ci il Berlin konqresinə qədər Qərbi Avropanın aparıcı dövlətlərinin yağlı vədlərinə uymaqla Anadolu torpaqlarında müstəqil erməni dövlətinin yaradılacağına ümid etmiş erməni kilsəsi və onun dağıdıcı ideyalarını yerinə yetirməyə çalışan erməni millətçi ekstremistlərinin bu arzuları puç olduqdan sonra onlar mənfur əməllərini Qafqaza transformasiya etdilər. Qafqazda müstəqil erməni dövlətinin yaradılmasına çalışan erməni kilsəsi və onun ətrafında sıx-sıx birləşmiş diaspor təşkilatlarının bu və ya digər yollarla apardığı bu kampaniya ümumi erməni işinin ikinci fazasını təşkil etdi. Bütün bu sadalanan məsələləri dərindən öyrənmək və nəticə çıxarmaq baxımından  əsəri  dəyərli bir mənbə hesab etmək mümkündür. Xüsusilə əsər bəhs olunan dövrün araşdırılması baxımından gənc tədqiqatçılar üçün olduqca dəyərlidir.
        XIX əsrin sonu-XX əsrin əvvəllərində erməni cəlladlarının Osmanlı imperiyasının  Şərqi Anadolu bölgəsində apardığı etnik-milli təmizləmə siyasəti “uğurla nəticələnmədiyindən” bu siyasətin davamı olaraq Qafqazda sabitliyi pozmaq, burada azərbaycanlı əhaliyə qarşı milli-qırğın törətmək və bu  işdə Çar Rusiyasının maddi və mənəvi köməyindən bəhrələnmək məsələsi ön plana keçdi. Əslində hadisələr Şərqi Anadoludakından fərqli olaraq Qafqazda  planlı şəkildə həyata keçirilirdi. Çünki qərbin maaliyə dəstəyi ilə  silahlanan ermənilər Şərqi Anadolu bölgəsində törədilən qiyamlar və qırğınlarda sınaqdan çıxmışdılar. Məhz bu baxımdan onlarının  Tiflisdə törətdikləri hadisələr aparılan siyasətin məntiqi davamı idi. Hadisələrin çox gərgin məcraya yönəldiyini qeyd edən müəllif yazır ki, ölkədə dinindən, irqindən və milliyyətindən asılı olmayaraq xalqlar arasında milli birlik əhval-ruhiyyəsi hökm sürürdü. Milli birlikdən qorxan hökumət vaxt itirmədən öz çirkin siyasətini həyata keçirməyə çalışırdı. İlk olaraq partiya və bir sıra təşkilatlar arasında fitnə-fəsad törətməyə çalışan Çar hökuməti bu çirkin əməllərdən bir nəticə əldə etmədikdə hiyləni təşkilatlanmış  ermənilərin vasitəsilə həyata keçirməyə çalışırdı. Gizli formada, xəfiyyələr simasında fəaliyyət göstərən hökumət nümayəndələri erməni tacirlərini, sənətkarlarını və digər təbəqədən olan vətəndaşlarını aldadaraq onlardan azərbaycanlılara qarşı istifadə edirdilər. Müəllif yazır ki, günlərin birində casuslardan biri erməni tacirinin yanına gələrək ona bir sıra təxribat xarakterlı məsləhətlər verməyə çalışır və sonrakı hadisələri beləcə şərh edir: “türklərin (azərbaycanlılar-T.C) silahlandığını Siz də əlbəttə duymuş olmalısınız. Biz daha öncə təsbit etdik, onlar sizin üzərinizə hücum etmək istəyirlər. Siz də, biz də nə də olsa xristianıq. Vəhşi türklərin din qardaşlarımızı qətl edib, bizə də pislik etmələrinə əsla razı ola bilmərik. Daima oyanıq və tədbirli olmanız üçün Sizə xəbər veririk. Siz də silahlanıb özünüzü qorumağa hazırlaşın, yoxsa hamınız qətlə yetiriləcəksiniz. Bunu bizdən xəbər tutduğunuzu heç kəsə söyləməyin. Hökumət və türklər duymasın”. Göründüyü kimi bu insanlar hökumətin məsul işçiləri olub bilərəkdən azərbaycanlı əhaliyə qarşı təxribatçı əməllərini həyata keçirməyə səy göstərirdilər. Müəllif sonrakı hadisələri qələmə alaraq yazır: “ertəsi gün bir qrup hökumət nümayəndəsi türk tacirinin yanına gələrək ona aşağıdakıları xatırlatmağa çalışır. Hacı, sizin nə qədər xətrinizi istədiyimizi bilirsiniz. Dövlət sirri hər kəsə söylənilməz, fəqət siz əcnəbi deyilsiniz. Buna görə də aldığımız gizli  xəbərləri Sizə söyləməyi lazım bilirik. Ancaq bu deyilənləri heç kəsə söyləməyəcəyinizə and için. Biz savaş istəmirik”.  
        -Əfəndi nə söyləyirsiniz? Biz kimi öldürmək istəyirik ki?
        -Qonşunuz ermənilərin gecə-gündüz silahlandıqlarını, varlarını-yoxlarını silaha yatırdıqlarını daha duymadınızmı?         Polis tərəfindən onlara silah verildiyini öz gözlərimizlə gördük”. Bəhs olunan dövrdə hadisələrin kritik məcraya yönəldiyini qeyd edən müəllif daha sonra yazır: “Ölkə barıt çəlləyinə bənzəyirdi. Ona sadəcə od vurmaq kifayət idi”.
        Müəllif baş verməkdə olan etnik qarşıdurmaların əsas bəhanəsinin məhz 1905-ci ilin oktyabr ayının 20-də axşam saat 9-da 3 nəfərin faytonla erməni məhəlləsi tərəfindən gələrək “şeytan bazarı”ndakı türklərin “Roza”gül mağazası önündən keçərkən havaya açdıqları 5-10 atəşin olduğunu qeyd edir və bu haqda yazır: “həmin gün türklər(azərbaycanlı əhali nəzərdə tutulur-T.C) ermənilərin, ermənilərdə türklərin məhəllələrini güllə yağışına tutdular. Günlər ötdükcə proses daha da dərinləşirdi. Yolda silahlı ermənilər sağa-sola qaçır, panikaya qapılmış xalq körpüyə doğru axınla hərəkət edirdi. Biz də axan bu insan seli arasında körpüyə yaxınlaşdıq. O anda çaydakı faciəni görəndə Qafqazın mədəni bir mərkəzində olduğuma inanmaq istəmədim. Çayda törədilən qanlı faciəni (burada Kür çayının Tiflisdən keçən hissəsi nəzərdə tutulur-T.C) seyr etməyə gələn millətin halı mənə Neron zülmünün səhnələrini xatırlatdı”. Ömər Faiq azərbaycanlı əhaliyə olmazın işgəncələrin verilməsini ağlasığmaz qəddarlıq kimi qiymətləndirərək yazır: “Vorontsov körpüsündən keçən türk (azərbaycanlı-T.C) vətəndaşlarını tutaraq bağırda-bağırda körpünün kənarına gətirir və buradan çaya yuvarlayırdılar. Bu azmış kimi Peska və Vorontsov məhəllələrində çalışan türk işçilərini işlədiyi yerlərdən çıxarıb xəncərlə dəlik-deşık etdikdən sonra çayın kənarındakı dəyirmanların hündür yerlərindən aşağıya–suya atırdılar. Suya atılan yaralılar boğulmamaq üçün  var gücləri ilə çırpınaraq çayın kənarına çıxmağa çalışır, lakin kənardakı erməni vəhşilərinin açdıqları atəşlə yenidən suya baş vurur, sonda görünməz olurdular”. İnsanlığa sığmayan bu cür vəhşiliyin qarşısinda özünü gücsüz, tənha hiss edən Ömər Faiq xalqın nicatı üçün hökumətin bu biçarə və zavallı şəxslərin halına acıyacağına, onlara yardım  edəcəklərinə ümid edirdi. O, yazırdı: “heç kəsin tükü belə tərpənmirdi. Sanki hər kəs tutulan insanların suya necə atılacağını, suda yaralı vücudu ilə nə cür çırpınıb-çabalayacağını, dalğalarla necə mücadilə edəcəyini, üzərinə yağan güllələrdən sonra nə cür boğulacağını təkrar-təkrar görməkdən zövq alırdılar.
        Hadisələr Tiflis şəhərində kuliminasiya nöqtəsinə çatmışdı. Bütün Tiflis əhli ayağa qalxmışdı, kimi boğuşur, kimi də evində qorxu ilə hadisələrin sonrakı prosesini gözləyirdi. Ertəsi gün yenidən atəş səsləri eşidildi və getdikcə daha da şiddətləndi. Güllə yağışı bütün məhəlləni darmadağın etmişdi. Gözümün önündə ölüm qorxusu ilə varlığını itirmiş, mənən kiçildilmiş, alçaldılmış vücudlar, qulaqlarıma gələn dua və yalvarış səsləri məni olduqca hiddətləndirmişdi. Yerə diz şökmüş, Həzrəti Abbası köməyə çağıran bu zavallıların imdadına yetişib onları sakitləşdirməyə çalışırdım”.
        Qeyd etmək lazımdır ki, hadisələrin şiddətli vaxtlarında Tiflisin bütün erməni məhəllələrini qarış-qarış gəzərək insanların bu çirkin oyundan əl çəkmələrini istəyən Ömər Faiq xatirələrində yazır: “Mən Tiflisi qarış-qarış gəzərək yol qırağında tikilmiş çayxanada ayaq saxladım. Burada insanların vahimə içində olduğunu görüb çaş-baş qalmışdım. Burada tanıdığım bir neçə gənc var idi ki, onlardan bir neçəsini yanıma çağıraraq: “Görmürsünüz, hər iki tərəfdən də insanlar qətlə yetirilir, əsil savaşı törədənlər isə ortalıqda görünmürlər. Bu anlaşılmaz savaşın sonu necə olacaq? İki xalq vəhşicə bir-birini qırdırdıqdan sonra yenə peşman olub utana-utana bir-birinin üzünə baxmayacaqlarmı? Bunlar yenə qonşu olaraq yaşamayacaqlarmı? Hər iki tərəfində istədiyi nədir? Nə üçün savaş edirsiniz? Ortada bir savaş səbəbi yox ki, biləsiniz! dedim”.
        Gənclərdən biri:
        -Biz nə edək savaşı onlar (ermənilər) başladılar. Bizi tamamilə yox etmək istəyirdilər. Guya onlar bizdən daha mədənidirdilər, qonşu savaşın pisliyini, faydasızlığını onlar bizdən öncə düşünüb savaşa başlamışlar. Hanı, barışmaq istədiklərini göstərən bir işarət varmı” dedi:
        -Mən
        -Xeyr yanılırsınız, dedim. Savaşı Çar hökuməti törətdi. Türk-erməni müna–sibətlərini pozan qüvvələr məhz ölkəni mədəni bir səviyyədə idarə etməyi bacarmayan hökumətdir. Üç ay öncəki mitinqi xatırlayırsınız. Orada hökumətdən nə istəyirdilər: hürriyyət, bərabərlik, rifah və öz təmsilçiləri vasitəsi ilə idarə etməyə qatılmaq, deyil mi? İndiyə qədər öz keyfi ilə hərəkət etməyə alışmış olan rejim buna razı olarmı? Əlbəttə olmaz. bu çirkin oyunda məhv olmasını isə bir az düşünün! Bu savaşda qazancınız nə olacaqdır? Nə gözləyirsiniz? Nə qədər igidlik göstərib irəliyə getsək, ertəsi gün nə bizə ermənilərin mağazalarını, nə də ki, ermənilərə bizim dükanları verəcəklər. Ara yerdə vəhşicə qırılıb tələf olacağıq”. Göründüyü kimi, Ömər Faiq hadisələrin gedişatını əvvəlcədən duymuş və sadə xalqın bu çirkin oyunda məhv olmasını istəməmiş və insanlarla mütəmadi olaraq fərdi söhbətlər apararaq bu işin başında Çar Rusiyasının dayandığını açıq-aydın anlatmağa çalışmışdır. Məhz bu yanlış düşüncənin girovuna çevrilən Ömər Faiq çox-çox sonralar öz səhvlərini anlamağa çalışmışdır və aldadıldığını zənn etmişdir. Ömər Faiq hər iki xalqın nümayəndələrindən  ibarət bir təşkilatın yaradılmasının vacibliyini məqsədəuyğun hesab etdi. Nəhayət, Sosial Demokratlara müraciət edilərək ilk öncə Sülh Komissiyasının yaradılması, gürcü və ruslardan ibarət sülhməramlı silahlı qüvvələrin təşkil edilməsi qərara alındı. Komissiyaya gürcülərdən Jordaniya, ermənilərdən Yerkezyan, azərbaycanlılardan isə Ömər Faiq rəhbərlik edirdi. Sülhməramlı silahlı dəstə də komissiyanın ixtiyarına verilmişdi. Silahlı dəstənin əsas vəzifəsi Tiflis şəhərində törədilmiş qırğınların qarşısını almaq, gələcəkdə bu kimi xoşagəlməz hadisələrin bir daha baş verməməsi üçün xalqları maarifləndirmək idi. Müəllif yazır ki, Qafqazın mərkəzi olan Tiflis kimi böyük bir şəhərdə iki millət bir-birinə top və tüfənglə atəş açdığı halda hökumət bu vəhşiliyə göz yumurdu. Şəhərdə mükəmməl bir təşkilat olduğu halda yanğınlar saatlarla deyil, günlərlə davam edirdi və şəhər idarəsi bu yanğınları sadəcə seyr etməklə kifayətlənirdi. Hətta vəziyyət o dərcəyə çatmışdı ki, Hökumət buradan Afrikaya Qızıl Xaş yardımı göstərdiyi halda öz şəhərində yaralı insanlara nə həkim, nə də ki, dərmanla yardım edirdi”.
        Qeyd etmək lazımdır ki, artıq savaşın onuncu günü türk və erməni məhəllələrinə böyük əsgəri qüvvə göndərildi. Hər iki tərəfə atəşin dayandırılmsı əmri verildi və türk məhəlləsinə bütün Tifllis camaatını yığaraq savaşın başa çatdığını və canişinin birbaşa göstərişi ilə dayandırılmasını bildirdilər. Onlar bu savaşın məhz “aravuranlar” tərəfindən törədildiyini yalandan xalqa çatdırır və hesab edirdilər ki, bu işdə Çar hökumətinin heç bir əli yoxdur. Toplantıda söz alan Ömər Faiq tribunaya çıxaraq ucadan: “Qardaşlar! Mən uzun danışmayacağam. Ancaq məni diqqətlə dinləmənizi və düşünmənizi rica edirəm. On gündən bəri azərbaycanlıların və ermənilərin bir-birlərini öldürdüklərini hamınız öz gözlərinizlə gördünüz. Uşaq və dəli deyilsiniz, bir düşünün, bu gün əsgər və polisin gəlməsi ilə savaş anındaca kəsildi.Bu gün hökumət məmurları buraya gələrək “barışın” dedi. Ancaq aravuranlar elə bu məmurların özləridir deyərək tribunadan aralandım. Alqış səslərindən təşvişə düşmüş hökumət nümayəndələri mənim nə demək istədiyimi sonradan başa düşüb məni həbs etməyə çalışsalar da buna nail ola bilmədilər”.
    Nəhayət, 1906-cı ilin mart ayında Tiflis şəhərində “siyasi oyun”un nəticəsi olaraq Sülh Məclisi quruldu. Sülh Məclisi hökumət üçün o qədər önəmli idi ki, hətta Məclisə Qafqaz canişini Vorontsov-Daşkov rəhbərlik edirdi. Məclisə azərbaycanlılardan Qarabəy Qarabəyov, Adilxan Ziyadxanov, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Kəlbəlayi İstafil Hacıyev və Ağaxan İrəvanski, ermənilərdən isə Arutyunov, Qalantar, Xatisov, Taqanasov, Ter-Avetisov, Arekelov, Qarabetov və Xocayev qatılmışdı. Sülh Məclisinin əsas amalı savaşın səbəblərini araşdırmaq, dəymiş ziyanı aradan qaldırmaq və  bundan sonra savaşın bir daha baş verməməsi üçün hər iki xalqın nümayəndələri içərisində maarifləndirici tədbirlər planı həyata keçirmək idi. Canişin çıxışının sonunda əsl günühkarın məhz qanunlara əməl etməyən erməni millətçi ekstremistlərinin və nüfuzlu türklərin himayəsində hərəkət edən gizli türk silahlı dəstəsinin olduğunu bəyan edirdi. Müəllif daha sonra qeyd edir ki, “Məclisə qatılan məşhur senator Kuzminski isə savaşın baş verməsində dini, milli və iqtisadi səbəblər arayır və beləcə guya yeni bir ictimai qanun kəşf etmiş olurdu”. Doğrudur, müəllif senator Kuzminskinin gətirdiyi şərhləri rədd etməklə kifayətlənir. Əslində isə senatorun bu çıxışın arxasında bir çox həqiqətlərin işartısı sezilir. Məclisdə iştirak edən türk təmsilçiləri çəkinmədən mərdi-mərdanə şəkildə erməni Daşnaqsütyun partiyasını günahlandırır və savaşın onlar tərəfindən başlandığını bildirir, ermənilər isə məsuliyyəti üzərlərindən atmaqla ümumiyyətlə Daşnaqsütyun partiyasının fəaliyyətinin buradakı türklərə qarşı deyil, Osmanlı dövlətinə qarşı yönəldiyini iddia edirdilər. Ermənilər cəsarət edib açıq-aşkar söyləməsələr də amma türklərdən daha irəli gedərək hadisələrdə bəzi hökumət məmurlarının əli olduğunu bildirirdilər. Amma tərəflərdən heç biri, nə azərbaycanlılar, nə ermənilər nə də ki, hökumət əslində savaşın əsl səbəbkarını ictimaiyyətdən gizlətməyə çalışırdılar. Daha doğrusu, azərbaycanlılar və ermənilər hökumətdən ehtiyat edir, hökumət isə günahkar olduğunu boynuna almaqdan çəkinirdi. Lakin çox keçmir ki, Molla Nəsrəddin jurnalı ilk sayından etibarən savaşın səbəblərini açıq-aşkar bəyan etməyə, hadisələrin gedişatını və əsl səbəbkarın kim olduğunu çəkinmədən açıqlamağa başladı.


Bu yazı 1221 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :