-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Aratta dövləti
Şiriftin ölçüsünü dəyiş

        Aratta Azərbaycan ərazisində - Güney Azərbaycanda e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urmiya gölünün Cənub və Cənub-Şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövlətinin İkiçayarası (Mesopotomiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələri var idi.
        Aratta tarixinə dair qaynaqlar. Aratta dövləti ilə əlaqədar (e.ə. III minilliyin I yarısı) hadisələr və məlumatlar aşağıdakı bir neçə şumer dastanında əks olunmuşdur.
        1. En-Merkar və Aratta hökmdarı
        2. En-Merkar və En-Sukuşsiranna
        3. En-Merkar və Luqalbanda
        4. Luqalbanda və Hurrum dağı
        Dövlətin ərazisi. Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi haqqında müxtəlif fərziyyə və mülahizələr irəli sürülüb. Əvvəlcədən qeyd edək ki, erməni tarixçiləri XIX əsrdən başlayaraq Aratta sözünü Ayrarat (Ayrorat, daha dəqiqi Ararat) kimi təhrif edərək Ağrı dağı ətrafında (Şərqi Anadoluda) lokalizə etməyə çalışmış və Aratta dövlətinin ən qədim erməni dövləti olduğunu qeyd etmişdilər (hər nə qədər ermənilərin (ərmənlər) və ermən tarixinin haylarla yaxından-uzaqdan əlaqəsi olmasa da). Lakin Arattanı təsvir edən qədim qaynaqlardakı təbii-coğrafi şarait və faydalı qazıntı yataqlarının heç biri Şərqi Anadoluda olmadığından ermənilərin bu əsassız iddialarının tarixi saxtalaşdırmaq cəhdindən başqa bir şey olmadığı və heç bir elmi əsası olmadığı üzə çıxır. Şumer dastanları qiymətli lacivərd daşının Arattadan gətirildiyini qeyd edirlər. Məhz bununla əlaqədar tədqiqatçılar Arattanı lacivərd yataqları olan əraziyə şamil edirlər.
        Məlumdur ki, müasir dövrdə Cənubi Amerikada, Baykal yaxınlığında, Bədəxşanda (Əfqanıstan) və Pamirdə lacivərd yataqları var. Buna uyğun olaraq Arattanı Bədəxşanda lacivərd yatqlarına yaxın bir ərazidə axtarırdılar. Bəzi tədqiqatçılar isə Arattanı Şərqdən Qərbə gələn yolların yaxınlığında Xəzərin cənub və cənub-şərqində, Xəzər ilə Urmiya gölü arasında, İranın Kirman əyalətində, Diyala çayının yuxarı axarında Sənəndəc və Kirmanşah dairəsində axtarırdılar. Əslində isə Sənəndəc və Kirmanşah Aratta dövlətinin cənub sərhədlərini təşkil edirdi. Buradan şimala doğru isə qədim Azərbaycan torpaqları başlayır. Arattanın uzaq Əfqanıstanda və oradan Qərbə doğru uzanan yollar üzərində yerləşməsi qaynaqların məlumatına qətiyyən uyğun gəlmir. Dastanlardan göründüyü kimi Aratta dağlıq ölkə idi, burada lacivərdi əhali özü hasil edirdi. Şumer qasidi bir neçə dəfə bura gəlib qayıdır, Aratta hökmdarı Şumeri işğal etməyə cəhd göstərir və hətta Şumer hökmdarı En-Merkar (əslində en rütbədir, ad isə Merkardır) buraya səfərə çıxır. Aratta ustaları Şumerə çağırılır, əhalisi isə Şumerlə mal mübadiləsi aparır. Bu mülahizələrin özü də Arattanın Şumerdən uzaqda yerləşməsi fikrini təkzib edir.
        Dastanda deyilir ki, Şumer qasidi “Qara dağı” keçdi, beş, altı, yeddi dağı aşdı və Aratta ölkəsinə daxil oldu”. Dastandakı Qara dağ İraqdan İrana keçidi təşkil edən indiki Süleymaniyyə ərazisində yerləşən Qaradağ ilə eyniləşdirilir. Süleymaniyyədən isə yol Azərbaycanın Cənub torpaqlarına çıxırdı. E.ə. VIII əsrdə Assur hökmdarı II Sarqon (e.ə. 722-705) Mannaya yürüşünü Süleymaniyyə keçidindən başlamışdı. O, yürüşünü belə təsvir etmişdi: ”...yeddi dağı çətinliklə aşdım, oradan axan Rappa və Aratta çaylarını gur vaxtı keçdim, Mannanın vilayəti Surikaşa endim”. Heç şübhəsiz burada yad edilən yeddi dağ və Aratta dövlətinin adını saxlamış çay dastanda eynilə əks olunmuş coğrafi mühitə tam uyğundur. Sonra e.ə. VIII əsr Urartu hökmdarı I Argişti (e.ə. 786-764) Mannaya yürüşü zamanı Alateye vilayətinə qədər olan ərazini tutmuşdu. Alateye Urmiya gölünün cənub və cənub-şərq ərazilərinin əhatə edən vilayətə şamil edilirdi. Aratta və Alateye eyni dağlıq ərazinin müxtəlif dialekt adlarıdır. Hər iki adı əmələ gətirən söz dağ mənasını daşıyır. Beləliklə Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı və Alateye vilayəti Güney Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq ərazilərinə aid toponimlərdir. Arattanın sərhədləri cənub-şərqdə Zəncana, cənub-qərbdə isə Zəribər gölünə (Sənəndəcin şimalı) kimi çatırmış. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır.
        Şumerlə əlaqələr. Dastanlara görə Uruk (Şumer şəhər dövləti) ilə Aratta arasında əlaqələr gah düşmənçilik, gah dinc, gah dostluq xarakteri daşıyırdı. En-Merkar (Uruk hökmdarı) Arattanın Uruka tabe olmasını tələb edir. Aratta hökmdarı da öz növbəsində Uruku Arattaya tabe etmək üçün tədbirlər görür. Lakin sami tayfaları Uruk şəhərini mühasirə edən zaman En-Merkar hərbi yardım almaq üçün Aratta hökmdarına müraciət edir. Şumerlər Uruk şəhərindəki məbədləri bərpa etmək üçün tikinti materiallarına, qiymətli metal və daşlara ehtiyac duyurdular. Uruk hökmdarı En-Merkar bu materialların Arattadan gətirilməsini istəyirdi. O, Aratta hökmdarı ilə yazışmalar aparır, qasidlər göndərir və hətta bu ölkəyə səfər edir.
        Şumer ilə Aratta arasında bəzən siyasi rəqbət güclənirdi. Aratta hökmdarı En-Sukuşsiranna En-Merkardan onu ali hakim kimi tanımasını tələb edir. En-Merkar isə ona əks tələb göndərir. Belə olduqda En-Sukurşsiranna şuranı toplayır. Şura üzvləri ona En-Merkara tabe olmağı məsləhət görürlər. Aratta hökmdarı bu təklifi rədd edir və kahini Urqirunnunanı Uruku tutmağa göndərir. Lakin son məqamda kahin məğlub olur. Buna baxmayaraq yəqin ki, En-Merkar Arattaya bir müttəfiq kimi baxırdı. Sami tayfaları Şumeri narahat edən zaman o, məhz Aratta hökmdarından kömək diləmiş və bu məqsədlə o, Arattaya Luqalbandanı göndərmişdi.
        Şumer-Aratta əlaqələri “En-Merkar və Aratta hökmadarı” dastanında nisbətən geniş əks olunmuşdur. En-Merkar Aratta hökmdarına qasidlə xəbər göndərir ki, o, Şumerə tabe olsun və məbəd tikintisi üçün material göndərsin. Əvəzində En-Merkar Arattaya taxıl göndərəcəyini vəd edir. Aratta hökmdarı Şumerə tabe olmaq tələbinə qarşı qasidə belə cavab verir: ”Mən ali kahinəm, təmiz əl (ilahə İnanna) tərəfindən təyin olunmuşam... xoş sifət İnanna həqiqətən məni Arattaya, ”saf ənənələr ölkəsinə” gətirdi, məni sanki böyük darvaza kimi, dağlarda onun önünə qoydu. Məgər Aratta Uruka tabe ola bilərmi? Aratta Uruka boyun əyməyəcəkdir!” Qasid En-Merkarın adından Aratta hökmdarına hədə-qorxu gəlir: ”Qasid, Arattanın ali kahninə de ki, onun şəhərinin (əhalisini) vəhşi göyərçinlər kimi ağacdan hürküdərəm, onları quş kimi yuvada tutaram, satılmış (qul) kimi mən onu öldürərəm, dağılmış şəhər kimi onun toz-torpağını  yığaram. Arattanın əhalisini Engi (şumerlərin müdriklik və yeraltı sular tanrısı) lənətə gətirmişdir... ona (Arattaya) qarşı İnanna hiddətlənmişdir”.
        Aratta hökmdarı En-Merkarın hədələrinə məhəl qoymadı və qasid vasitəsilə onunla mübahisəyə girişdi, münaqişəni sülh yolu ilə həll etmək istədi. Aratta hökmdarı qasidə cavab verdi ki, ”Arattada göz yaşı çilənir, su burulur, un tökülür, ölkədə qurbankəsmə, dua, ibadət vardır, nə beş adam, nə on adam (yəni çox adam) vardır. Uruk necə dağlara qarşı çıxış edə bilər? Sənin ağan silaha sarılmaq istəyir, mən isə təkbətək vuruşmağa (yaxud mübahisəyə) çağırıram”. Aratta hökmdarı ölkənin məharətindən, qəhrəmanlığından danışır, dağlara qaranlıq yayan axşam şəfəqinə, üzü parıltı ilə dolu olan və göyə qalxan aya, dağlara çəpər olan ağaclara bənzədir və En-Merkardan taxıl göndərməsini tələb edir. Eyni zamanda En-Merkar tələb edir ki, Aratta hökmdarı onun yanına gəlsin, sonuncu isə En-Merkarın Arattaya gəlməsini təklif edir. Qaynaq bu haqqda yazır: ”O, torbaları ayırdı, içini taxıl ilə doldurdu... Yükü eşşəklərə yüklədikdən sonra ağa, müdrik kahin, Uruk şəhərinin ali hökdarı, Kulabın (Urukun dini məhəlləsi) ali kahini Aratta yolu ilə taxılı göndərdi. Adamlar qarışqa kimi torpağın dəlik-deşiyindən çıxıb Arattaya getdilər. Ali hökmdar Arattaya, özgə ölkəsinə gedən qasidə dedi: Qasid! Arattanın ali hökmdarına de ki... lacivərdi bir ağac kimi qoy əlinə alsın, Arattanın ali hökmdarı qoy mənim yanıma gəlsin”.
        En-Merkar qarşıya Arattanı siyasi cəhətdən Uruka tabe etmək məqsədini qoymuşdu. Aratta hökmdarı sonralar lacivərdi və digər materialları İkiçayarasına göndərdi, lakin onun itaətkarı olması tələbinə məhəl qoymadı.
 Arattada mövud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Şumerdə bu rütbə ali kahin-hökmdara şamil edilirdi. Ensi rütbəsinin Aratta dilində rütbəsi qalmamışdır. Qaynaq Arattanı “saf ənənələr ölkəsi” adlandırır. Arattanın dövlət idarələri şəhərlərdə yerləşir, hökmdar sarayda oturur və dövləti idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin-vəzir), sukkal (elçi-kiçik hökmdar, əyalət hakimi), uqula (rəis) və başqaları dövlət idarələrinin qulluqçuları olmuşlar. Arattada dövlət idarəsində mirzələr də çalışırdılar. Onlar həm Şumer hökmdarına cavab yazır, həm də En-Merkarın şumer dilində yazdığı məktubları tərcümə edirdilər. Qaynaqdan göründüyü kimi, Aratta dövlət idarələri şumer mixi işarələri və şumer dili ilə tanış idi. Şumer ilə Aratta arasında əlqə qasid vasitəsi ilə həyata keçirilirdi.
        Zəngin yeraltı faydalı sərvətləri olan Aratta ölkəsinin əhalisi qızıl, gümüş, mis, dağ daşı, qiymətli lacivərd daşı hasil edirdi. Qiymətli metallardan hazırlanmış əşyalar və lacivərd daşı İkiçayarasına ixrac edilirdi. Aratta əhalisi əsasən sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdu. Burada məbəd və saray tikən, divarlara qiymətli daşlardan naxışlar vuran mahir ustalar vardı. Arattalılar qiymətli metal və daşlardan nadir zinət əşyaları hazırlayırdılar. Qaynaqdan bəlli olur ki, En-Merkar Aratta ustalarının Uruka gəlməsini ilahə İnannadan xahiş edir: ”Xanımım İnanna Aratta adamları qoy mənə qızılı və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parçalarından, qızıl-gümüş qatışığından... Urukda, açıq təpədə sən yaşadığın “Anşan evi”ndə qoy məbəd tiksinlər. İşıqlı Giparın (İnanna və kahinlərin yaşadıqları yer) ortasını qoy Aratta adamları mənimçün bəzəsinlər”.
        Qaynaqlardan həmçinin məlum olur ki, Aratta əhalisi əkinçiliklə də məşğul olur, buğda, noxud becərirdi. Qaynaqda Aratta əkinçiliyinin yağış sularından asılı olması belə təsəvvür edilir: ”Tanrıların ali kahini İşkur göyü guruldadır, ildırım çaxdırır, dağlara lərzə saldırır və yağış yağdırır. Bu zaman buğda və noxud göyərir”. Arattada əkinçilik təbiətin şıltaqlığına uyğun olaraq inkişaf edirdi. Şübhəsiz ki, əkinçilikdə dağ sularından da istifadə edilirdi.
Arattanın təbii sərvətləri haqqında geniş məlumat verilməsə də lacivərdin məhz Arattadan gətirildiyi qeyd edilir. Məlum olur ki, Aratta əhalisi lacivərd çıxarılması və yonulması ilə məşğul olurdu. Azərbaycanda lacivərd yataqlarının olması barədə orta əsr coğrafiyaşünası Həmdulla Qəzvini (XIV əsr) yazırdı: ”Lacivərdin ən yaxşı yataqları Bədəxşandadır (Əfqanıstan). Lakin bir yataq Mazandaranda (Xəzərin cənub-şərqi) və Azərbaycandakı Dizmarda (Təbriz yaxınlığında), digəri Kirmanda vardır. Yəqin ki, qədim zamanlarda Bədəxşandan da lacivərd gətirilir, Arattada boşaldılır və buradan İkiçayarasına ixrac edilirmiş. Eyni zamanda Mazabdaran və Azərbaycandakı lacivərd yataqları da Arattanın nəzarəti altında idi”.
        Arattada çoxallahlılıq (politeizm), yəni müxtəli Tanrı və tanrıçalara (ilahələrə) sitayiş mövud idi. Qaynaqdan göründüyü kimi Şumerdə bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya ibadət geniş yayılmışdı. İnannanın Arattada müqabil adı məlum deyil. Akkadlar bu ilahəni İştar adlandırırdılar. Qaynaqlarda Aratta ilə əlaqədar adı çəkilən digər bir ilahə Lamadır. İlahə Lama Arattanın mühafizəkarı hesab edilirdi. Lama sırf Aratta ilahəsi imiş. Şumer tanrısı Dumuzi həmçinin Arattaya himayədarlıq edirdi. Ola bilsin ki, Aratta panteonuna ilahə başçılıq edirdi və nəsil quruluşunun qalıqları Arattanın dini dünya görüşündə də öz əksini tapmışdı.

Bu yazı 851 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :