-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Tarixin sərt sınağı – ümummilli fəlakət
Şiriftin ölçüsünü dəyiş

Fəzail İbrahimli
professor

        Yüzillik əsarətdən xilas olan, Azərbaycan xalqı 1918-ci ilin mayında öz istiqlalını elan etdi. 23 aylıq istiqlal dadını yenicə duyan xalqımız 1920-ci il aprelin 27-də bolşevik Rusiyası tərəfindən işğal edildi. İşğaldan sonra verilən bəyannamələrdən birində deyilirdi ki, “27 aprel faciəsi Azərbaycanı ikinci dəfə rus rejiminin idarəsinə keçirdi. O əvvəlki idarəçilikdən mahiyyətcə fərqlənmirdi. Fərq yalnız onda idi ki, o zaman cahangirlik siyasəti başçısının adı Nikolay, indiki cahangirlik siyasəti başcısının adı isə Lenindir. O zamankı zəncirlərin rəngi qara, indiki zəncirlərin rəngi isə qırmızıdır”.
        Beləliklə aprel işğalı ilə Rusiyaının müstəmləkə siyasətini həyata keçirən qırmızı imperiya Azərbaycanda özünəmünasib bir rejim yaratdı. Bu rejimin həyata keçirdiyi siyasət Azərbaycanın tarixinə, mədəniyyətinə, dininə və dilinə zidd addımlarla müşayət olundu.
        Heç bir elmi əsasa və həqiqətə uyğun olmayan 27 aprel təqvimi uzun müddət “azadlıq” və “sosialist inqilabının qələbəsi” günü kimi qələmə verilərək hər il təntənəli bir bayram kimi qeyd edildi.
         Lakin aprel çevrilişini bolşeviklərin özləri belə 11-ci ordunun zoruna söykənən bir hadisə adlandırır və heç bir inqilabın baş vermədiyini etiraf edirdilər. Faktlara nəzər salaq: Xalq Daxili İşlər Komissarı H.Sultanov AK(b)P II qurultayında (1920-ci il oktyabr) çıxış edərək bildirirdi: “Hakimiyyətin devrilməsində mən şəxsən özüm iştirak etmişəm. Mən yaxşı başa düşürdüm ki, arxamızda Mərkəzi Komitədən olan yoldaşlar deyil, Yalamada yerləşən qırmızı süngülər dayanır. Mən tələbləri hökumətə təqdim edəndə Mərkəzi Komitəyə ümid etmirdim ki, o işi ləngidə bilər. Ancaq arxayın idim ki, qırmızı süngülər indi də olmasa sabah, o birisi gün burada olacaqlar. Bu müddətdə məni və mənim yoldaşlarımı öldürsələr belə Bakı fəhlələri qalacaq və sovet hakimiyyətinə hazır şəkildə yiyələnəcəklər. Belə də oldu, biz sovet hakimiyyətini hazır şəkildə aldıq, onu bizə qabda gətirdilər (Azərbaycan Respublilkası Prezidenti İşlər İdarəsinin siyasi sənədlər arxivi. Fond 1, siy. 1, iş 8, vərəq 280).
        Digər bir bolşevik - Balaxlinskinin çıxışında aprel işğalının mahiyyəti daha aydın görünür: “Əgər çevriliş qansız-qadasız keçibsə, Müsavat hakimiyyəti devrilibsə, bu o demək deyildi ki, bizim partiyamız güclü idi. Bu ona görə baş verdi ki, 11-ci ordu güclü idi. Əgər bu ordu Rusiyada sutkada 25 kilometr irəliləyirdisə, Azərbaycanda isə bu sürət sutlkada 50 kilometr oldu” (siyasi sənədlər arxivi. Fond 1, siy 1, iş 8, vərəq 275).
        Ümumiyyətlə 20-ci illərin ikinci yarısına qədər istər gövrü mətbuatda, istərsə də rəsmi dövlət sənədlərində 28 aprel təqvimi “inqilab” kimi deyil “çevriliş” kimi göstərilirdi.
        Bolşeviklərin hakimiyyəti bir partiyanın diktaturasına çevrildi və respublikada siyasi və milli təqiblər başladı. 11-ci ordunun süngülərinə güvənən bolşeviklər bütün siyası partiyaların fəaliyyətinə qadağa qoydular. “Müsavat”, “İttihad”, “Əhrar” və başqa partiyalar zəhmətkeşlərin qatı düşməni elan edildi, onların liderlərinə qarşı təqiblər başladı. Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinin başçıları olmuş F.Xoyski, N.Yusifbəyli, parlamentin sədr müavinləri N. Ağayev, C.Behbudov, hökumət üzüvləri X.Rəfibəyov, İ.Ziyadxanov və başqaları qətlə yetirildi. 1921-ci ilə qədər müsəlman hərbiçilərdən 12 general, 24 polkovnok və podpolkovnik, 46 kapitan, 226 hərbi işçi güllələndi.
        RSFSR Xalq Xarici İşlər komissarı Ə.Çiçerin 1920-ci il avqustun 4-də Siyasi Büroya yazdığı məktubda bildirirdi ki, Qırmızı Ordu hissələrinin komandirləri Azərbaycan höküməti ilə hesablaşmır, özbaşına, necə gəldi hərəkət edir, əsl müstəmləkəçilik siyasəti yürüdürlər.
        Azərbaycanın siyasi reallığı Xalq Təsərrüfatı Şurasının sədri Solovyovun Leninə yazdığı   “Çevrilişdən sonrakı iki ay ərzində Bizim Azərbaycanda siyasətimiz” adlı hesabat qeydində daha aydın görünür. O, yazırdı: “Əziz Vladimir İliç! Çevrilişə qədər hətta azərbaycanlı ziyalılar içərsində sovet hakimiyyətinə rəğbət bəsləyənlər var idi. Çevriliş baş verdi və azərbaycanlılardan ibarət bir hökümət yaradıldı. Lakin heç kimə sirr deyil ki, bu hökümət üzərində də bir hakimiyyət var. B,u Azərbaycan Kommunist Partiyasıdır. Partiyanın rəhbərliyi erməni  və gürcü millətçilərindən ibarətdir. Bunlar sanki Azərbaycanı başsız qoymaq fikirindədirlər. Azərbaycanlılar soldan-sağa, sağdan-sola güllələnir. Kütləvi surətdə həbs edilib aparılan azərbaycanlılara qarşı ermənilərin istehzalı gülüşləri müsavatçıların əvvəlcədən söylədikləri belə bir fikri təsdiqləyir ki, burada sovet hakimiyyətinin qələbəsi ümummilli fəlakətdir”. Elə fəlakət də oldu. Belə ki, 1920-ci ilin avqustuna qədər 48 min azərbaycanlı məhv edildi.
        Sual olunur? - bu terror və soyqırım sosializmin mahiyyətindən irəli gəlirdi, yoxsa digər səbəbləri var idi? Siyasi proseslərə diqqət yetirək: Aprel işğalından sonra respublikada  hakimiyyətə gələn qüvvələr ümumilikdə bolşevik adlansa da, bunların içərisində öz məqsəd və mənafeyi olan müxtəlif millətlərin nümayəndələri var idi. Bunları şərti olaraq 3 qrupa bölmək olar:
        Birinci qrupa daxil olan qüvvələrin əsas məqsədi Moskvanın  istəyini respublikada reallaşdırmaq idi. Bura müxtəlif millətlərin nümayəndələri daxil idi.
        İkinci qrupa daxil olan qüvvələri milli düşüncəli bolşeviklər təşkil edirdilər. Bunlar xalqın xilasını sosializmdə görənlər idi ki, bunlara rəhbərliyi N.Nərimanov edirdi.
        Üçüncü qrupa erməni millətindən olan kommunistlər daxil idi. Bunlar aprel çevrilişindən məharətlə istifadə edib hakimiyyətin yuxarı dairələrində özlərinə yer etmiş, Türklərə nifrət və qisasçılıq hislərini və məkirli niyyətlərini həyata keçirmək üçün əlverişli siyasi imkan əldə etmişdilər.
        Qeyd edilən siyasi qüvvələr aprel çevrilişindən az sonra “sərt” və “yumşaq” mövqeləri ilə fərqləndilər. “Sərt xətt” tərəfdarları Sarkisyan, Mirzoyan, Laminadze, Yeqorov və bunlara qoşulan Azərbaycanlı bolşeviklər belə hesab edirdilər ki, daxili siyasətdə “yad ünsürlər” və “sinfi düşmənlərə” qarşı amansız mübarizə düzgün yoldur. Aparılan siyasətə qarşı hər hansı müqavimət bünvörəsində dəf edilməlidir. Cəmiyyətin az-çox varlı təbəqələrinin əmlakı və qiymətli şəxsi  əşyaları müsadirə edilməlidir.
        “Yumşaq xətt” tərəfdarları isə bildirirdilər ki, tətbiq edilən sinfi mübarizə özü-özlüyündə  yeni müqavimətlər doğurur. Şəxsi əmlak və əşyaların müsadirəsi zamanı insan ləyaqətinə, milli heysiyyatına toxunulmasının əleyhinə çıxan “yumşaq xətt” tərəfdarları ciddi müqvimətlə üzləşirdilər.
        “Sərt xətt” tərəfdarlarının nümayəndəsi Lominadze tələb  edirdi ki, bəy və xan malikanələrini yandırmaq lazımdır: “Əgər inqilabın ilk günlərindən varlı malikanələrini yandırmış olsaydıq, biz Azərbaycanda feodalizmi məhv etmiş olardıq. Nə qədər ki, kəndli mülkədar malikanələrini yandırmayıb, qarət etməyib o özünü  qalib hesab etməyəcək. Azərbaycanda bu iş Rusiyada olduğundan daha qəddar və sərt formada aparılmalıdır. Bu qəddarlıq Rusiyadan 10-20 dəfə artıq artıq olmalıdır”. Bu fikir təkcə həyata keçirilən siyasətin mahiyyətini deyil eyni zamanda çevrilişdən sonrakı içtimai-siyasi situasiyanı da dərk etməyə imkan verir. Dəhşətli və faciəvi cəhət o idi ki, belə təbiətli qeyri-azərbaycanlılardan daha qəddar mövqe tutan azərbaycanlılar var idi. Diqqət verək - S.Ağamalıoğlu: “Mən başa düşə bilmirəm ki, bəyləri və xanları nə üçün həbs etməyiblər. Bu bəylər niyə yaşamalıdırlar ki, kəndli onların torpağna yaxınlaşa bilməsin. Buna yoldaşlar cavab verməlidirlər”. Məhz təpədən dırnağa qədər “beynəlmiləlçi” bolşeviklərin hesabına hakimiyyətdə olan ermənilər öz qisasçılıq istəklərini reallaşdıra bilirdilər.
        Beləliklə amansız mübarizə tərəfdarları milli fikirli bolşeviklərə qalib gəldilər. 1920-ci ilin noyabrında Azərbaycana gələn Stalin “sərt xətt” tərəfdarlarını müdafiə etməklə yumşaq mövqedə olan bolşeviklərin mövqeyinə zərbə vurdu. Elə həmin ayda S.Orconokidzenin Bakıya gəlişi ilə Azərbaycanda antiazərbaycan siyasəti siyasi xəttini əsasını təşkil etdi.
        “Müsəlman yaxşı kommunist ola bilər, ancaq ona etibar etmək olmaz, çünkü onun qəlbində müsəlmançılıq və musavatçılıq vardır” ideyası respublikada reallığa çevrildi. Aprel işğaından sonra başlanmış siyasi mübarizə milli düşüncəli komunisstlərin siyasi səhnədən süpürülüb atılması ilə nəticələndi. Bu proses çox incə metodlarla həyata keçirildi. Belə ki, əvvəlcə bolşevik ideyasından  “məst olan” Azərbaycanlı komunisstlər milli düşüncəli kommunistlərin təqibində həlledici qüvvəyə çevrildi, sonra isə onların özlərinə qarşı saxta ittihamlarla siyasi məhkəmə prosesi quruldu. 20-ci illərdə rus tankına oturub milli höküməti devirən və xalqın mənəviyyatının alçaldılmasında iştirak edən bütün azərbaycanlı kommunistlərin nəinki mənəviyyatı alçaldıldı, onların axıtdıqları qan özlərinin fiziki məhvinə səbəb oldu. Atalar sözü var: “Quyu qazan özü düşər o quyuya”. Başqa bir atalar sözü də var: “Yaman günün ömrü uzun olmur”. Xalqımızın yaman gününün ömrü tarix üçün çox da uzun olmayan 70 il çəkdi. Bu gün öz halal müstəqillik haqqını yaşayan Azərbaycan xalqı o yaman günləri unutmamlı, hər bir kəs müstəqil dövlətmizin əbədi və əzəli yaşaması üçün əlindən gələni əsirgəməlidir.

Bu yazı 1021 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :