-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Düzgün qərar qəbul etmənin metodologiyası
Şiriftin ölçüsünü dəyiş

Şahlar Əsgərov
professor, əməkdar elm xadimi

Böyük Şəhriyarın bir beyti milli dəyər səviyyəsinə qalxmışdı. Bu səbəbdən də onu hamı bilir:
Bizdən qabaqdadır avropalılar
İşi iş bilənə tapşırır onlar
          Əvvəlcə onu qeyd edək ki, yaşadığımız əsrin sənayeləşmə əsri adlanan XX əsrdən fərqi, onun elmə-biliyə əsaslanan əsr olmasıdır. Bu o deməkdir ki, qəbul olunan hər bir qərarın arxasında elmi əsaslanma durmalıdır. Hər bir insan gündə onlarca qərarlar qəbul edir. Belə qərarların sayı bir ildə orta hesabla 5 min, on ildə isə 50 min tәrtibindәdir. Ömür boyu qəbul olunan qərarların sayı yüz minlərlə, bəlkə də milyonlarla olur. Çox nadir tarixi şəxslərə nəsib olar ki, ömrü xətasız qərarlardan keçir. Ancaq hər kəs çalışmalıdır ki, onun qəbul edəcəyi qərarların xətası az olsun. Çünki, inkişafa aparan yol xətasız qərarlardan keçir. Adətən işi bilənə ona görə tapşırırlar ki, iş bilənlərin qəbul etdikləri qərarlar daha xətasız olurlar. Bu həyati vacib məsələni incələmək çox aktualdır. Bu problemlə dərindən maraqlananlar üçün Matias Helmkenin “Qərar qəbul etməni öyrənirik. Tez, dəqiq, düzgün” bestseller kitabı ilə tanış olmağı məsləhətdir. Hollandiyalı alim Eduard de Bona hesab edir ki, gənclər arasında söz sahibi o kəsdir ki, qolu qüvvətlidir. Yaşlılar arasında söz sahibi o kəsdir ki, vəzifəsi böyükdür. Bu səbəbdən də düzgün qərarlar çox vaxt kənarda qalır. Beləliklə, əgər düzgün qərar qəbul etmənin texnologiyasını  öyrənsək, qazancımız ölçüyə sığmaz dərəcədə böyük olar.
Tarixin təkəri

          Həm cəmiyyət və dövlət, həm də fərd və toplum üçün düzgün qərar qəbul etmək fundamental əhəmiyyət kəsb edir. Çünki silsilə düzgün qərar qəbul etməklə dövlət güclü dövlətə, fərd isə şəxsiyyətə çevrilir. Ancaq bu sadə və bəşəri dəyərə riayət etmək asan deyildir.
          Son yüz ildə dünyanın arzu olunmayan istiqamətdə inkişaf etməsindən çox danışılır. İki dünya müharibəsi, qlobal istiləşmə və şimal buzlaqlıqların əriməsi, ekoloji problemlərin yaranması, iqtisadi inkişaf ilə mənəvi inkişafın arasında harmoniyanın pozulması (və nəticədə mənəvi səviyyənin ilbəil aşağı düşməsi), insani baxımdan nisbətən ədalətli quruluşların dağılması, ikili standartlar və s. bəşəriyyətin inkişafında qüsur və xətalar olduğunu göstərir.
          Bütün bu xətalar qlobal və lokal səviyyədə səhv qərarların qəbul olunmasının nəticəsindən törəyir. Haqq nahaqqa qalib gələ bilmir. Dünya sanki gücdən düşüb, onun ədalət potensialı tükənməkdədir. (Qarabağ problemi buna misaldır. 15 ildən çoxdur ki, BMT-nin 4 qətnaməsi yerinə yetirilmir). Dünyanın dərdi, dərmanından çoxdur. SSRİ-nin xarici siysətinin konsepsiyasında buraxılan səhv qərarları da misal göstərmək olar. Belə ki, bu nəhəng dövlət yarım əsr müddətində var-dövlətinin çox hissəsini xərcləyərək, Afrikada və digər qitələrdə özünəbənzər dövlətlər qurmağa cəhd edirdi və nəticədə özü dağıldı. Bir Qərb mütəfəkkiri son yüz ilin inkişaf  mənzərəsini belə səciyyələndirmişdir: “Axırıncı ağac kəsiləndə, axırıncı balıq tutulanda, axırıncı çay zəhərlənəndə insanlar başa düşəcəklər ki, pulu yemək olmur”.
          Məşhur bir kəlamda deyilir ki, “Cinayət səhv deyil, səhv isə cinayətdir”. Tәәssüf doğuran odur ki, bəşəriyyət cinayət tərkibli səhv qərarların qəbuluna laqeyiddir. Tarixi səhv qərarlar araşdırılmır, onların sәbәbkarları ictimai qınağa tutulmurlar. Məlumdur ki, Qarabağ problemi 20 il öncə nə Bakıda, nə də İrəvanda yarandı. Bu problemin müəllifi və yaranma məkanı məlumdur. Qarabağ probleminin müəllifi M. Qorboçov dünyanı gəzərək kef edir, Cənubi Qafqaz əhalisi isə barıt çәllәyi üzərində və zillət içərisində yaşayır. “Tarix insanlardan daha kinlidir” ifadəsi də gücdən düşüb. Tarixin kini-zadı qalmayıb. Tarix kinli olsaydı ona məhkəmə qurardı.
          Bu qorxusuzluq mühiti növbəti tarixi səhvlərin təkrarlanmasına şərait yaradır. Tarixin təkəri düz istiqamətdə fırlanmır. Bu səbəbdən də dünyanın sonunun yaxınlaşdığını güman edənlər də az deyildir. İslam dünyasında da imam Mehdi Sahibi Zamanın tezliklə zühur edəcəyinə və yerdə nizam-intizam yaradacağına inananlar vardır.

Qərarın düzlüyünə zamanın təsiri

“Tez qəbul olunmuş qərarlar səhvdir”
Sofokl
          Tez-tez “ən böyük hakim zamandır” ifadəsini eşidirik. Çünki, o hər bir hadisəni aşılayaraq, onun strukturasını, real üzünü üzə çıxarır. Zamanın qərarın düzgünlüyünə təsir edən başlıca faktor olduğu şübhə doğurmadığı üçün ona daha diqqətlə nəzər salaq.
          Tәbiәtşünaslıqda böyük əhəmiyyət kəsb edən, Heyzenberq tərəfindən kəşf edilən və Nobel mükafatı alan “qeyri-müəyyənlik prinsipi”nin məğzi bundan ibarətdir ki, elementar zərrəciklərin impulsu nə qədər dəqiq (xətasız) ölçülərsə, onun fəzada yeri bir o qədər qeyri-dəqiqdir. Və ya tərsinə, hissəciyin yeri fəzada nə qədər dəqiq təyin edilərsə, onun impulsunun qiyməti bir o qədər qeyri-müəyyəndir.
          Təbiət hadisələri üçün doğru olan bu “qeyri-müəyyənlik prinsipi”nə analoji qanunauyğunluğu cəmiyyət hadisələri üçün də formalaşdırmaq mümkündür.
          Məlumdur ki, hər bir problemin düz və səhv hilləri mövcuddur. Jan Jak Russoya görə, “düzlüyə gedən yol bir, səhvə gedən yol mindir”.
           Misal üçün fərz edək ki, bir çay üzərindən körpü tikmәk lazımdır. Şübhə yoxdur ki, körpünü çay üzərində yüz yerdә tikmək olar. Körpünün eni, uzunluğu, hündürlüyü ilə bağlı çoxsaylı variantlar da təklif etmək olar. Aydındır ki, bu variantların biri düz, bir qismi kvazidüz, bir hissəsi səhv, qalanları isə çox səhvdir. Ən düz variantı tapmaq mümkün olsa, onda qəbul edilən qərarın xətası ən az olar. Yəni qəbul edilmiş cari qərar, mütləq düz qərara bərabər olar. Ən səhv variant seçiləndə (misal üçün bir lətifədə deyilən kimi, körpünü çay üzərində yox, çay boyunca tikmək), onda qərarın xətası maksimum olar. Deməli, düz qərarı tapmaq üçün çox ölçüb-biçmək lazımdır. Başqa sözlə desək, düşünmə zamanını geniş götürmək lazımdır.
          Mütləq düzgün qərar ilə cari qərarın arasındakı fərqi “qərarın xətası” adlandıraq. Aydındır ki, qərarın xətası azaldıqca mütləq düzgün qərara yaxınlaşırıq. Əksinə, xəta çoxaldıqca  düzgün qərardan uzaqlaşırıq. Qәrarın düz və səhv olması düşünmə zamanından asılıdır. Düşünmə zamanı çox olarsa, qərarın xətası az olar. Deməli, qəbul ediləcək qərarın xətasız və ya az xətalı olması üçün, hadisə geniş və müəyyən bir zaman intervalında araşdırılmalıdır. Deyilənlərə əsaslanaraq, Heyzenberqin qeyri–müəyyənlik prinsipinә uyğun olaraq belə bir qanunauyğunluq formalaşdırmaq olar:
          Cəmiyyətdə baş verən hadisələr nə qədər geniş zaman intervalında öyrənilərsə, onda hadisə ilə bağlı qəbul edilən qərarın xətası da bir o qədər az olar. Başqa sözlə, qәrarın xətasının  araşdırma zamanına hasili sabit kəmiyyətdir.
          Bu düstur həm Sofoklun min illər öncə söylədiyi fikri, həm də Russonun kəlamının riyazi formasıdır. Göründüyü kimi araşdırma zamanı sıfıra yaxınlaşdıqca (yəni qərar tez qəbul olunarsa),  qərarın xətası sonsuzluğa yaxınlaşar. Müxtəlif zaman intervalında müxtəlif insanlar tərəfindən qəbul olunmuş qərarların xətası müxtəlif olacaqdır. Bunların içərisindən təkcə bir qərar düz olacaqdır. O da araşdırma müddətinin qiyməti zəruri zamana bərabər və ondan çox olanda baş verir. Bu hal Sofoklun və Russonun dediyi hala uyğundur. Yəni bir qərardan başqa bütün (o cümlədən tez) qəbul olunmuş qərar səhvdir.

Qərarın düzlüyünə informasiyanın (biliyin) təsiri

          Müşahidə zamanı çox olduqca, hadisə ilə bağlı toplanılan informasiya (bilik) çoxaldığından qərarın xətası azalır. Başqa sözlə, bilik və dünyagörüşü artdıqca, səhv qәrarların qəbul olunmasının ehtimalı azalır. İş bilənin, iş bilməyəndən əsas fərqi, birincinin daha üstün biliyə malik olmasındadır. Müqəddəs kitabımızda da göstərilib: “Heç bilənlə bilməyən bir olarmı?”
          Son illərin tədqiqatları göstərir ki, qərarın xətası ilə, zәruri informasiya arasında münasibət mövcuddur. İnformasiya, bilik artdıqca, xəta azalır və tərsinə bilik azaldıqca xəta çoxalır. Bu münasibətə elmi bir forma vermək üçün “bilik  qıtlığı” anlayışı qəbul edək. “Bilik qıtlığı” dedikdə mütləq düzgün qərarın qəbulu üçün lazım olan zəruri bilik ilə cari bilik arasında fərq nəzərdə tutulur. Bu anlayışların köməkliyi ilə belə bir qanunauyğunluq formalaşdırmaq mümkündür: İstənilən sosial hadisə ilə bağlı qəbul edilən qərarın xətası, bilik (informasiya) qıtlığı ilə mütənasibdir.
          Deməli, qərarın xətası ilə bilik qıtlığı arasında münasibət mövcuddur. Bilik qıtlığı çox olanda, qərarın xətası da çox olur.
          Fərz edək ki, iki təhsil alandan biri 100 sualdan 98-i, digər  təhsil alan  isə 100 sualdan 88-ni  bilir. Onda uyğun olaraq birinci təhsil alanın faizlərlə bilik qıtlığı 2, ikincininki isə 12 %-dir. Bu səbəbdən də ikincinin gələcəkdə qəbul edəcəyi qərarın xətası daha böyük olacaqdır. Deməli, böyük bilik qıtlığı şəraitində qəbul olunan qərarın xətası böyük olar. Səhv qərarlar cinayәt üçün təməl yaradır.
          Keyfiyyətli təhsil uğrunda dünya mücadiləsinin məğzi burada gizlənir. Bu sәbәbdәn də Qərbdə təhsilə “xəzinəsi özündә” olan şey kimi baxılır. Ərazi, coğrafi və digər göstəriciləri eyni olan iki dövlətdən, təhsil sistemi qüvvətli olan dövlət daha qüdrətlidir. Amerika prezidentlərindən biri bu vəziyyəti belə ifadə etmişdir: “Amerika universitetləri qüdrətlidir, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır ona görə ki, onun universitetləri qüvvətlidir”.
          Doğrudan da, 2009-cu ilin sorğularına görə dünyanın 50 qabaqcıl universitetləri arasında birinci 30-35 yeri ABŞ və Böyük Britaniya universitetləri tuturlar və bu yerləri heç kimlə bölüşmək belə istəmirlər. Yəni on il bundan qabaq da belə idi, on il bundan sonra da belə olacaqdır. Çünki onlar başa düşürlәr ki, universitetlərin verdiyi bugünükü təhsil, sabah dövlət və cəmiyyət üçün zəruri qərarların qəbuluna sərf olunacaqdır. Əgər təhsil alan tələbə bir fəndən 5 yox, 4 və ya 3 qiymət alıbsa, deməli onun artıq 20 və ya 40 % bilik qıtlığı var. Bu qıtlıq gələcəkdə dövlət və ya cәmiyyәt işində keyfiyyәtsiz qərarlar şəklində üzə çıxacaqdır.
          Buradan çıxaracağımız fəlsəfi nəticə bundan ibarətdir ki, gәnclәrimizә elə təhsil vermәliyik ki, onlar gələcəkdə içərisindən keçdiyi bütün proseslərin obyekti yox, subyekti olsunlar. Məmur kürsüsünü kişi, qadın və gənc olmasından asılı olmayaraq o kəslərə etibar etmək lazımdır ki, onlar içərisindən keçdiyi proseslərin obyekti yox, subyekti olsunlar. Buna isə keyfiyyətli təhsillə nail olmaq olar.
          Qlobal taledə bəşəri təhsilin, milli taledə milli təhsilin rolunu axıradək dəyərincə dərk etmək lazımdır. Sözdə çoxları təhsilin vacibliyindən danışsalar da, işdə çoxları millətin gələcəyini, planetin gələcəyini, korporativ maraqlara qurban verirlər.

Yeni şkala, yeni kriteriya

          Yuxarıda sayılan bütün kataklizmaların yaranmasının digər bir səbəbi köhnə ölçülərin, meyarların, qiymətləndirmə sistemlərinin gücdən düşdüyünü və yeni dəyərləndirmə sistemlərinə ehtiyac olduğunu göstərir. Bir qədim misalda deyilir ki, ölçüdən böyük səadət yoxdur, ölçü harmoniyanın əsasıdır. Əgər bəşəriyyətin harmoniyası pozulubsa, deməli, yeni ölçü, yeni kriteriyaya ehtiyac vardır.
          Deməli, bəşəri inkişafın mərkəzində, başqa sözlə düzgün qərar qəbul etmənin əsasında bilənlə bilməyəni bir-birindən ayırmaq və işi iş bilənə tapşırmaq durur. Biləni bilmәyəndәn ayırmaq üçün min illәrdir ki, bəşəriyyət kriteriya, meyar axtarışı ilə yol gedir.
          Kriteriya olaraq zəruri biliyin mәnimsәnilәn hissəsinin mәnimsәnilmәyәn hissəyə nisbətini götürmək olar. Bu kriteriya bilənin biməyəndən ayrılmasına geniş imkan yaradır. Misal üçün 100 sualdan 98-ni bilən üçün bu kriteriya 49 (98:2), 100 sualdan 88-ni bilən üçün isə 7,3 (88:12) olar. Bu son kriteriyalar (49 ilə 7,3) arasında fərq 98 ilə 88 arasında fərqdən çox böyükdür. Bu səbəbdən də kadr seçimində subyektiv maneəlәr aradan götürülür.
          Bir ingilis misalı ilə yazıya son vermək istəyirəm: “Bir işi görmək lazımdırsa, onu keyfiyyətlə görmək lazımdır”. Keyfiyyətsiz təhsillə, keyfiyyətli iş görmək mümkündürmü? Keyfiyyətli təhsil almadan xətasız qərar qәbul etmək olarmı? Cavab birqiymətlidir: Әlbәttə ki, yox.



1 Şərh əlavə edilmişdir


Ad və soyadı:  Nicat Göyüşlü

E-mail:           [email protected]

Şərh:             Deməli düşünmə zamanı ilə qərarın xətası bir-biri ilə tərs mütənasib asılıdır.

Bu yazı 1796 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :