-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Tədbirlər
Şiriftin ölçüsünü dəyiş

Koalisiya təqdim olundu

        29 aprel 2010-cu ildə Azərbaycanda Atatürk Mərkəzində  “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın təqdimat mərasimi keçrildi.
   Giriş sözü
ilə çıxış edən Koalisiyanin üzvlərindən, “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı bildirdi ki, bugünkü tədbirdə bir təşkilat deyil, yeddi təşkilat bir araya gəlib: “Bu Koalisiyanı yaratmaqda məqsədimiz bir təşkilatın görə bilmədiyi işləri birlikdə görməkdir. Bu işdə bizə ilk dəstək Azərbaycanda ən böyük ictimai təşkilatlar birliyi olan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun rəhbəri Rauf Zeynidən gəldi. Biz Koalisiyanı yaradarkən burada təkcə QHT-lərin deyil, eyni zamanda jurnalların, qəzetlərin və digər mətbuat orqanlarının da iştirakını nəzərdə tutmuş və Əsasnaməmizi də bu istiqamətdə hazırlamışıq”. M.Aşırlı qeyd etdi ki, QHT-lərin çalışmaları ictimai fəaliyyətdir, alimlərin  fəaliyyəti isə araşdırma aparmaqdır: “Alimlərimiz bu gün ictimai fəaliyyətdə çox zəif iştirak edirlər. Düzdür AMEA-nın nümayəndələri bu gün çox maraqlı araşdırmalar aparırlar. Lakin bunu ictimailəşdirmirlər. Odur ki, bizim bu məsələlərlə bağlı problemlərimiz var. İctimaiyyətlə alimlərin fəaliyyəti arasında uzlaşma yoxdur. Biz tədbirləri keçiririk alimlər iştirak etmir, onlar nəsə yazır bizim xəbərimiz olmur. Bunun özü böyük bir problemdir”.
         Koalisiyanın üzvlərindən, “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin sədri Aygün Həsənoğlu da fikirlərini çatdırıb: “Həqiqə
tən də Azərbaycan adlanan bu məmləkətin zaman-zaman parçalanmasının şahidi olmuşuq və ən son olaraq da Qarabağın işğal olunması bir xalq olaraq bizim özünə güvənimizin itməsinə səbəb olmuşdur. Müharibə həmişə millətin ən pis və ən yaxşı cəhətlətini ortaya çıxaran faktordur. Müharibənin çox böyük bir fəlsəfəsi var. Müharibədən bəzi millətlər məğlub olaraq çıxır, bəziləri məğlub olmalarına rəğmən dəyərlərinə sahib olmaq üçün çalışır və daha da güclənir, bəziləri isə qələbə qazansa da mənən məğlub olur. Biz də çox sınaqlardan keçdik. Lakin çox təəssüf ki, bəzi aşınmaların da şahidi olduq. Bizim bu Koalisiyaya qoşulan təşkilatların əsas məqsədi yox olmaq təhlüksi altında qalan dəyərlərimizin qorunmasıdır”.
         Sosioloq Əhmə
d Qəşəmoğlu bildirdi ki, hər bir ölkənin ən böyük məqsədi tərəqqidir: “Bəzən qeyd edirlər ki, məqsədimiz demokratik, hüquqi dövlət qurmaqdır. Demokratiya və s. vasitədir, əsas məqsəd isə tərəqqidir. Vasitə və məqsədi qarışdırmaq olmaz”. O, vurğuladı ki, Avropada tərəqqi məsələsi 300 ildən artıq müzakirə olundu və bu müzakirələri başlayan Russo oldu: “Avropa düşünürdü ki, elmdə böyük tərəqqilər olacaq və bunun sayəsində insanlar çox firavan yaşayacaqlar. Avropa fəlsəfəsi bu məsələyə elmi tərəqqi mövqeyindən baxa-baxa XX əsrin əvvəllərində nəhayət başa düşdü ki, tərəqqi heç vaxt onların istədiyi nəticəni verməyəcək, Çünki hər yeni kəşf özüylə bərabər həm də yeni problemlər yaradır”. Onun sözlərinə görə tərəqqi qarşıya qoyduğun məqsədə daha bir addım yaxınlaşmaqdır: “Lakin məqsəd olmalıdır. Həmin məsələylə bağlı biz öz Türklük, İslami fəlsəfəmizə qayıtsaq o zaman aydın bir məqsəd ortaya qoya bilərik. Bu da əhalimizin fiziki olaraq sağlamlaşması, mənəvi olaraq zənginləşməsi və hər kəsdə yaradıcı əməyə marağın artmasından ibarətdir. Bu üç şərt qarşılıqlı şəkildə ödənəndə cəmiyyətdə tərəqqi olur. Mənəvi zənginlik, mənəvi bitkinlik olmadan tərəqqi mümkün deyil. Mənəvi tərəqqinin olması üçün iqtisadiyyat, mədəniyyət normal inkişaf etməlidir. Əgər bizim torpaqlarımız işğal altındadırsa, mənəviyytımızı korlayan hadisələr baş verirsə, mədəniyyətimizə təcavüzlər olunursa bunlar hamısı bizim mənəvi cəhətdən cılızlaşmağımıza səbəb olur. Ona görə qloballaşmanın bu cür sürətlə getdiyi dövrdə bizim öz dövlətimizn tərəqqisi haqqında düşünməyimizə ehtiyac var. Əgər biz özümüzü toplamasaq və milli tərəqqi üçün şərait yarada bilməsək o zaman millətin aşınması və ortadan qalxması təhlükəsi var. Ona görə də bu Koalisiyanın yaradılmasının çox mühüm əhəmiyyəti var. Azərbaycanda İslami ideyanın, Türklük ideyasının yenidən gündəmə gətirilməsinə böyük ehtiyac var. Lakin bəzən kiminsə tələsik şəkildə dediyi hansısa ifadələr, hansısa şüarlar istəmədən olsa belə bizim işimizə əngəl olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan tolerant bir ölkədir və burada Türklərdən başqa da xalqlar yaşayır. Bizim Türklük, İslam və müasirləşmək ideyamız da bu ideyanın ətrafında olmalıdır. Bu gün bizə hansısa abstrakt Türklük və ya İslam lazım deyil. Bizə o Türklük, İslam, müasirləşmək lazımdır ki, o bizim ölkənin də inkişafına, tərəqqisinə kömək etsin. Məhz bu amallar uğrunda mübarizə aparacağına inandığım bu Koalisiyaya uğurlar arzulayıram. Düşünürəm ki, son vaxtlar ideya baxımından Azərbaycanda qurulan ən uğurlu və düzgün təşkilatdır. Çünki qabaqcıl dövlətlər sırasına təkcə neftlə çıxmaq mümkün deyil. Biz öz intellektual potensialımızdan da istifadə etməliyik”.
        Tarix elmləri doktoru Güllü Yoloğlu belə bir Koalisiyanın yaradılması münasibətiylə təbriklərini çatdırıb: “Çox xoşdur ki, bu günkü t
ədbirdə bir təşkilatın yox, bir neçə təşkilatın nümayəndələri iştirak edir. Burada bir çox məsələlərə toxunduq. Biz kimləri örnək götürməliyik? Bizim kifayət qədər tanınmış ziyalılarımız var və onların keçdiyi yolları tədqiq etməliyik. Bundan başqa mən burada əsasən bir neçə məsələyə toxunmaq istəyirəm. Birinci məsələ Azərbaycanın qədim yaşayış məskəni olan Qobustanla bağlıdır. Qobustanda 40 il can qoymuş Cəfərqulu Rüstəmovun əməyindən danışılır. Lakin hansımız onun bir əsərini açıb oxumuşuq? Onun düşüncə tərzinin bizim əleyhimizə olub-olmadığını hansımız araşdırmışıq? Bu adam araşdırmalar apararaq “Qobustan Azərbaycanın qədim məskənidir” kitabında yazır: “Özünə Türk deyənlər, Dədə Qorqudun bizimki olduğunu iddia edənlər, Balayanlardan rüşvət alanlardır və sayıqlamalarla məşğuldurlar”. Və bu kitab Dədə Qorqudun 1300 illik yubiley tədbiri ərəfəsində nəşr olunub bütün qonaqlara paylanmışdır. Lakin hansımızın bundan xəbəri var? Nə yaxşı Namiq Kamal Zeybək Türkiyəyə gedəndən sonra hədiyyə olunan həmin kitabı açıb baxıb və orada nə yazılması haqqında bizə xəbər verib. Kitab yüksək keyfiyyətlə, rəngli rəsmlərlə çap olunub. Lakin. C. Rüstəmov heç elmlər namizədi də deyil və onun bu kitabı çap etdirmək imkanı yoxdur. Deməli bunun arxasında hansısa qüvvələr var. Bu yaxınlarda isə Mədəniyyət Nazirliyinin şöbə müdiri Rizvan Bayramovun ön sözüylə, bp-nin sponsorluğu ilə kitab ingilis, rus və Azərbaycan dillərində yenidən nəşr olunub. Baxmayaraq ki, C. Rüstəmov Türkdür, Rizvan Bayramov da Türkdür, lakin C. Rüstəmovun həyat yoldaşı Firuzə xanım tatdır, elmlər namizədidir və kitabın elmi redaktoru da odur. Həmin qadın Türkə olan nifrətini bu şəkildə çatdırıb. Başqa bir məsələ. Bu gün Azərbaycanın arxeoloqları həssas bölgələrimizdə qazıntılar aparırlar. Qazıntılar gedir, materialları çıxarırlar, soruşuram bu maddi mədəniyyətin nümunələrinin etnik mənsubiyyəti kimə məxsusdur. Deyir Naxçıvanın qədim sakinlərinə məxsusdur. Erməni deyir ki, buranın qədim sakini mən olmuşam, onda belə çıxır ki, əldə etdiyimiz materiallar ermənilərə məxsusdur. Amerikada həmin arxeoloqun tapdığı materialları ermənilər ictimaiyyətə Erebuni mədəniyyəti adıyla təqdim etdilər. Bütün bunları nəzərə almaq lazımdır. Bunlar bizim həddindən artıq problemlərimizin olduğunu göstərir və ümid edirəm ki, bu təşkilat bir şey edə bilər. Uğurlar arzulayıram”.
         “Müasir İnkişaf
” İctimai Birliyinini İdarə Heyətinin sədri Mübariz Aşırlı bildirib ki, ən müxtəlif formalarda həmin məsələlərə etiraz bildirmək olar: “Təkcə bəyanat qəbul etməklə yox, məqalə də yaza bilərik, jurnalımızda dərc edə bilərik, qəzetlərdə yaya bilərik. Amma bizim bundan xəbərimiz yoxdur. Əgər bizim bundan xəbərimiz yoxdursa almlərimizin mütləq bundan xəbərləri olmalıdır. Akademiyanın əməkdaşları öz araşdırmlarını aparır, baxırsan ki, araşdırmalarda çox maraqlı və zəngin faktlar qeyd olunub, amma öz işlərini ictimailəşdirə bilmirlər. Demək ki, bizim bu sahədə problemlərimiz var. Alimlərimizlə ictimaiyyət arasında bir uzlaşma yoxdur. Bu yaxınlarda Türkiyənin “Hürriyyət” qəzetində Mehmet Ali Birant adlı biri köşə yazısıynan çıxış etmişdi. Düzdür, onun məqaləsində Azərbaycana qarşı çox kəskin fikirlər yox idi, amma elə incə nüanslara toxunurdu ki, Türkiyə-Azərbaycan arasındakı münasibətləri yenə də korlamağa cəhd göstərirdi. Bu məsələdən xəbər tutan kimi, biz Milli QHT Forumunun rəhbəri Rauf Zeyni ilə əlaqə saxladıq ki, biz də buna bir etirazımızı bildirək. Nəticədə buna öz etirazımızı bildirdik. Eləcə də digər məsələlərdə gərək məlumatımız olsun ki, hansısa etirazları təşkil edə bilək”.
         Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov da çıxış edib: “Hələ təşkilatımızı qurmamışdan
əvvəl mən sıravi bir vətəndaş olaraq bir neçə dəfə AMEA-nın Ədəbiyyat İnstitutuna Nizmiylə bağlı müraciət elədim. Məsələ ondan ibarətdir ki, mən Türkiyədə elmi araşdırmalarla məşğul olarkən Nizami Gəncəvinin ünlü fars şairi olduğunu əks etdirən yazıya rast gəldim. Bu yalnız bir yazıda deyil bütün Türkiyə mənbələrində əks olunmuşdu. Bu kitablar Türkiyənin Təhsil Nazirliyinin mailiyə dəstəyilə çap olunub. Mən onlara müraciət etdim ki, burda səhvlər var. Bu zaman onlar mənə dedilər ki, bu günə qədər Türkiyədə dərs deyən azərbaycanlı müəllimlərdən, təhsil alan tələbələrdən bir nəfər belə bizə müraciət etməyib ki, Nizami Azərbaycan şairidir. Mən etirazımı bildirdim və sonra çap olunan kitablarda bu yazıya rast gəlmədim. Bizim bu sahələrdə çalışan çox gözəl ziyalılarımız var. Ancaq televiziyalar bu ziyalıları tanıtmaqdansa daha çox şou xarakterli verlişlər hazırlayırlar. Azərbaycan ziyalılarının təbliğ olunmasıyla bağlı mühüm işlər görülməlidir”.
         Koalisiyanın üzvlərindən, Müstəqil Mətbuat Mərkəzinin sədri Elçin Xalidbəyli bildirib ki, Azərbaycanda vətəndaş
yetişdirməyi tam şəkildə həyata keçirmək mümkün olmayıb: “Hər bir insan ölkəsinin vətəndaşı olmağı bacarmalıdır. Bu prosesə xüsusi diqqət yetrilməlidir. Azərbaycan vətəndaşlarına hələ uşaq vaxtlarından vətəndaş kimi yetişməyi öyrətməliyik. Vətəndaş olmaq üçün Azərbaycanda yaşamağa elə də ehtiyac yoxdur. Ölkədən kənarda da vətəndaş kimi qalmaq mümkündür. Necə ki amerikalılar bütün dünyaya yayılıb, ancaq harada olmalarından asılı olmayaraq öz vətənlərini təbliğ edirlər, atdıqları hər bir addım ölkələrinin maraq və mənafeləri üçün olur. Buna görə də dünyanın güclü dövləti olaraq qalırlar”.
         İnsan Hüquqlar
ının Təbliği və İnformasiya Mərkəzinin sədri Fərman Salmanlı bildirib ki, “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın yaranması bir-iki ayın məhsulu deyil: “Biz bir ilə yaxındır ki, bu məsələ üzərində düşünür, çalışmalar aparırdıq. Sonda qərara gəldik ki, belə bir Koalisiyanın yaranmasına ehtiyac var. Bir cəmiyyətin elmi, təhsili aşağı səviyyədə olarsa və yaxud elm olub, milli-mənəvi dəyərlər olmazsa milli tərəqqidən söhbət gedə bilməz”. O, qeyd etdi ki, milli tərəqqi eyni zamanda həm elmin, həm də milli-mənəvi dəyərlərin tarazlaşdırılmış vəhdətindən irəli gələn bir anlayışdır: “Mən bir dəfə bir kitabda oxudum ki, 1918-ci ildən əvvəl Almaniyadan Azərbaycana bir araşdırmaçı gəlir və ziyalılarımızdan birini ona bələdçi kimi təqdim edirlər. Bu şəxs kəndlərə gedir, insanlarla söhbətlər edir, müzakirələr aparır və özü üçün qeydlər edir. Təsadüfən həmin azərbaycanlı almanın dəftərindəki qeydləri oxuyur: “Ana, bacı, namus, qeyrət, vətən, pir, ocaq, bərəkət. Bu kimi ifadələr bu millətin genindən formalaşma terminlərdir. Çalışıb bu terminləri bu millətin yaddaşından və genindən pozmaq lazımdır”. Düşünək, mümkündürmü ki, bunlarsız biz yaxşı yaşayaq? Düzdür yaşamaq olar, amma bu bir heyvanın yaxşı bəslənməsinə bənzər bir həyat tərzi olacaq. Biz bütün bu problemlərin mövcud olduğunu bildiyimiz üçün Koalisiyanı yaradarkən qeyd etdiyim hər iki sahənin inkişafına və tərəqqisinə nail olmağı qarşımıza məqsəd qoymuşuq”.
         “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü Aqşin Atalızadə bildirib ki, bu tədbir böyük və ciddi bir prosesin başlanğıcı sayılmalıdır: “Bu gün bəlkə də biz az görünə bilərik, amma əsas olan bu deyil. Mən bir məsələyə diqqət yetirmək istəyirəm. Bu məsələ ilk dəfə ideya şəklində “Müasir İnkişaf” İctimai Birliyi tərəfindən səsləndirilmişdir. Burada səslənən ideyanın formalaşması üçün təxminən bir il əvvəl fəaliyyətə başladıq. Keçən il aprel ayında Türkiyənin hakim partiyası olan AKP tərəfindən Ermənistanla sərhəddlərin açılması məsələsi ortaya atılanda Azərbaycanda Əkbər Qoşalının rəhbərliyi ilə QHT-lərin toplantısı çağırılmışdı. Toplantıda təxminən yüzə yaxın təşkilat iştirak edirdi. Orada mənim diqqətimi cəlb edən əsas məsələ o oldu ki, hamı səslənən fikirləri birmənalı olaraq dəstəkləyirdi. Demək istəyirəm ki, bu gün Azərbaycanda əgər üç minə qədər QHT varsa onlardan mininin məqsəd və məramı eynidir. Yənin onlar milli-mənəvi dəyərləri qorumaq və milli birliyə nail olmaq sahəsində çalışırlar. İdeya ortaya atılanda Mübariz Aşırlı ona görə bu fikri dəstəklədi ki, Koalisiyaya daxil olan bütün təşkilatların müstəqilliyi qorunsun və eyni zamanada onların fəaliyyətini bir istiqamətə yönəltmək mümükün olsun. Biz Koalisiyanın Əsasnaməsini hazırlayanda da elə bir vəziyyət yaratmışıq ki, heç kəs narazı qalmasın. Hər kəs bu işdə könüllü şəkildə iştirak etməyə razı olsun və ən əsası bir-birimizə dəstək olaq. Öz fəaliyyətimizi əlaqələndirək və koordinasiya edək. Bir daha Koalsiyamız uğurlu olsun deyirəm. İnşallah növbəti tədbirimizdə fəaliyyətimizin nə qədər ciddi olduğunu anlayan başqa təşkilatlar da bizə qoşularlar”.
         Qeyd edək ki, Koalisiyada yeddi ictimai təşkilat birləşib. Bunlar Dünya Gənc Türk Yazarlar Birliyi (sədr Əkbər Qoşalı), “Müasir İnkişaf” İctimai Birliyi (sədr Mübariz Aşırlı), “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzi (sədr Aygün Həsənoğlu), Müstəqil Mətbuat Mərkəzi (sədr Elçin Xalidbəyli), Qlobal İnteqrasiya və Dialoq Mərkəzi (sədr Yasəmən Qaraqoyunlu), “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu (sədr Vüqar Zifəroğlu), İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzidir (sədr Fərman Salmanlı).

Bu yazı 1305 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :