-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Milli İdeologiyamızın dəqiqləşməsi zərurəti haqqında
Şiriftin ölçüsünü dəyiş

Əhməd Qəşəmoğlu
fəlsəfə doktoru, sosioloq,
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun əməkdaşı

        Hazırkı dövrdə dövlətimiz milli inkişaf, mənəvi intibah məsələlərinə diqqəti xeyli artırmaqdadır. Prezident İlham Əliyevin çıxışlarında bu məsələlərə mühüm yer ayrılır. Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ardıcıl olaraq çap olunan kitabları, məqalələri bu sahədə mühüm addımlardır və filosoflarımızın, sosioloqlarımızın qarşısına da mühüm vəzifələr qoyur. Bu səbəbdən təqdim etdiyimiz məqalədə bu istiqamətdən bəzi mülahizələri diqqətinizə çatdırmaq istəyirik.
        Hazırda Yer üzünü vahid, alt sistemləri arasında güclü əlaqələri olan bir sistem halına gətirən və sürətlə gedən qloballaşma prosesi üç cəhəti ilə xarakterikdir: 1) qlobollaşma zəruri tarixi prosesdir - nəqliyyatın, rabitə, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki vaxtda qlobollaşmanın günü-gündən daha da böyük təcil almasının labüdlüyü; 2) bu tarixi prosesə nəhəng güc mərkəzlərinin təsir edərək onu öz maraqlarına istiqamətləndirmək marağı; 3) qlobollaşma prosesinin özünün ortaya cıxardığı problemlər.
        Sistem nəzəriyyəzi, sistemli yanaşma prinsipləri baxımından belə bir dövrdə hər bir milli, müstəqil dövlətin qarşısında iki mühüm vəzifə dayanır: 1) bir alt sistem kimi özünün daha da güclənməsi, tərəqqi etməsi ücün zəruri olan işlərin görülməsi; 2) vahid sistem kimi formalaşmaqda olan Yer üzünün daha da stabil vəziyyətə malik olması, tərəqqi etməsi üçün zəruri fəaliyyətin göstərilməsi. Hər iki vəzifənin lazımi şəkildə yerinə yetirilməsi üçünsə hökmən ciddi elmi araşdırmalara, ilk növbədə fəlsəfi təhlillərə, tövsiyyələrə olduqca böyük ehtiyac var.
        İndiki dövrdə Yer üzü dövlətlər şəkilində bölünmüşdür və bu dövr dövlətlərin daha çox öz maraqlarına uyğun fəaliyyət göstərməsi ilə  xarakterikdir. Təəsüff ki, bu fəaliyyətlər hələlik  fəlsəfi baxımdan lazımi şəkildə əsaslandırılmamışdır. Yer üzündə indiki qlobollaşma prosesinin ciddi münaqişələr, dərin böhranlar, fəlakətlərlə getməsinin ən əsas səbəblərindən biri də məhz həmin bu elmi, fəlsəfi təminatın lazımi şəkildə olmamasıdır.
        Hər bir milli, müstəqil dövlət Vahid Yer Üzü Sisteminin (VYÜS) formalaşmasında öz imkanlarından asılı olaraq bu və ya başqa dərəcədə iştirak edir. Beləliklə, indiki vaxtda hər bir dövlətin qarşısında özünün möhkəmlənməsi, tərəqqi yolunda olması ilə yanaşı VYÜS–nin stabil olması, tərəqqi etməsi üçün konkret, tarixi, təbii bir missiya vardır.  
        Milli, müstəqil dövlət kimi dünya arenasına çıxan ölkəmizdə bizim fəlsəfi sistemimiz öz bayrağımızın mahiyyətində də əks olunduğu kimi, Şərq, Türklük, İslam, müasirləşmə məsələlərini diqqət mərkəzində saxlamalı, dünyaya inteqrasiya prosesini özünün tərəqqi prinsipləri əsasında araşdırmalıdır. Bizim fəlsəfəmizin əsas özülləri Şərq və Qərb fəlsəfəsindən qarşılıqlı bəhrələnmə, dini, xüsusi ilə İslam sisteminin fəlsəfi mahiyyətindən istifadə, sistem nəzəriyyəsinin geniş tətbiqi əsasında qurulmalıdır. İdarəetmə, dünyaya inteqrasiya məsələlərində Heydər Əliyev təcrübəsi, nəzəri irsi fəlsəfəmizin diqqət mərkəzində olmalıdır.
        Milli, müstəqil dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri, çoxlarının da qeyd etdiyi kimi, mükəmməl Milli İdeologiyaya malik olmaqdır. Amma təəsüff ki, indiki zamanda Milli İdeologiya anlayışı bir sıra siyasətçilər və mütəxəssislər tərəfindən düzgün olaraq izah edilmir və ümumiyyətlə düzgün təsəvvür olunmur. Bəziləri isə Milli İdeologiya məsələlərinə diqqət yetirməyi lazımsız hesab edir. Belə münasibətin arxasında həm elmi-fəlsəfi baxımdan yanlışlıq, həm də müəyyən siyasi maraqlar dayanır. Əslində isə milli, müstəqil dövlətdə mükəmməl, aydın təsəvvür olunan Milli İdeologiyaya olduqca böyük ehtiyac vardır. Sistem nəzəriyyəsi, idarəetmə elmi barədə az çox məlumatı olan hər kəs gözəl bilir ki, hər hansı bir idarə olunan sistemin tərəqqisi üçün onun qarşısında öz missiyasından, təyinatından doğan konkret hədəf – məqsəd olmalı və bu hədəfə optimal olaraq aparan yollar aydın şəkildə müəyyənləşməlidir. İnsanın psixologiyası, mahiyyəti elədir ki, onun hər bir fəaliyyəti bu fəaliyyətdən əvvəl qəbul etdiyi ideyadan çox asılıdır. Hər bir sosial fəaliyyətin,  idarəetmənin əsas gücü, enerjisi onun ideyası ilə bağlıdır.
        Milli İdeologiya ilə bağlı söhbət getdikdə bəzi opponentlər bizim Millli İdeologiyamızın artıq mövcud olduğunu, bayrağımızın rəngləri ilə təsbit olunduğunu deyirlər. Bir başqaları Milli İdeologiyamızın klassik müsavatçılıqla müəyyən olunduğunu iddia edirlər. Digərləri isə Heydər Əliyevin çıxışlarında yürütdüyü siyasətdə Milli İdeologiya axtarırlar. Doğrudur, bu mənbələrin hər birində Milli İdeologiyamız üçün olduqca vacib, əhəmiyyətli cəhətlər var.  Milli bayrağımız bizim ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirir. Müsavatçılıq, Türklük və İslam prinsipləri əsasında ədalət, bərabərlik siyasəti irəli çəkilir. Heydər Əliyev fəaliyyəti, siyasəti isə yer üzündə qlobollaşma prosesinin sürətlə inkişaf etdiyi indiki dövrdə ölkənin özünü müdafiəsi, tərəqqisi üçün konkret fəaliyyət mexanizmlərinin qurulması yolunda olduqca mühüm baza yaradır. Bütün bunlar isə bizə daha uğurlu Milli İdeologiya yaratmağa kömək edir.
         Müasir tələblərə cavab verən Milli İdeologiyanın lazımi şəkildə movcudluğu üçün ən əvvəl aydın milli ideya olmalıdır. Bu ideya elə olmalıdır ki, onun həyata keşirilməsi ilə həm ölkəmiz sürətlə tərəqqi edib qüdrətlənsin, həm də ölkəmiz VYÜS–nin daha da dayanıqlı, güclü olmasına, tərəqqi etməsinə kömək etsin. Bu ideya o vaxt daha güclü, daha əbədi olacaq ki, onun həyata keçirilməsi həm ölkəmizdə, həm də bütün yer üzündə ahəngin artmasına istiqamətlənmiş olsun. Yənu bu ideya elə bir ideya olmalıdır ki, onu həyata keçməsi ilə ölkəmizin bütün imkanları, insanları arasında daha çox ahəng yaransın. Bu ahəngin yaranması başqa ölkələrə təzyiq vasitəsi ilə yox, sevgi vasitəsi ilə həyata keçirilsin, başqa öklələrə nümumnə olsun. Onlar da öz xilas, tərəqqi yollarını bizim təcrübədə axtarsın. Yer üzü artıq 1000, 100, 50 hətta 20 il bundan qabaqkı yer üzü deyil. Artıq yer üzündə zora, hiyləyə, tamahkarlığa əsaslanan bir çox milli ideyalar iflasa uğramışdır, yaxud uğramaqdadır. İndi qlobollaşma yer üzünə yeni fəaliyyət prinsipləri diktə edir. Doğrudur, hələ də yer üzündə güc silahın əlindədir. Amma artıq bu silahı idarə edən intellekt atılan güllələrin həm də onun özünə dəydiyini başa düşməkdədir. Yer üzü artıq gücü silahda yox, milli potensial əsasında inkişaf etmiş intellektdə axtarmağa məhkumdur. Yer üzü artıq başa düşməkdədir ki, güc məqsəd ola bilməz! Güc məqsədə çatmaq üçün bir vasitədir. Qarşıya qoyulan məqsəd münaqişələrə yox, ahəngə xidmət etməlidir. Məqsədin mahiyyətində qan yox, tərəqqi olmalıdır. Münaqişələrə xidmət edən milli ideyalar yer üzünü qan canağına cevirmişdir. İndi yer üzünə ahəng, tərəqqi gətirəcək ideyalara olduqca böyük ehtiyac var.
        Hər bir ölkənin tərəqqisi, möhkəmlənməsi üçün hökmən onun aydın təsəvvür edilən, bütün vətəndaşlar tərəfindən ürəkdən yerinə yetirilən aydın ideyası olmalıdır. Bütün tarix gostərir ki, belə olmadıqda ortaya olduqca boyük problemlər çıxır, dövlətçilik gec-tez ciddi zərbə alır. Buna misal olaraq elə SSRİ–ni götürək. Bu qədər qüdrətli dövlətin aydın ideyası yox idi. Qarşısına bütün dünyada kommunizmin qalib gəlməsi kimi bir mücərrəd, heç kim tərəfindən aydın təsəvvür olunmayan bir ideya qoylmuşdu. Ölkə vətəndaşları da hansı ideyaya qulluq etdiklərini aydın təsəvvür etmirdilər. Kommunist ideologiyası nə qədər təbliğ olunsa da, bu ideologiyanın xidmət etdiyi ideya aydın deyildi. Uzun illər Moskvada oxumuş, işləmişəm. Yaxından tanıdığım əksər sovet iqtisadçıları, filosofları, sosioloqları hələ 70–ci illərdən SSRİ–nin dağılacağını həm də, bu məsələyə görə proqnozlaşdırırdılar.
        Yer üzünün inkişaf tələblərinə, ölkənin mahiyyətinə, missiyasına uyğun olmayan ideyaları əsas tutmaq xalqı güdaza verir. Misal üçün Almaniyanı fəlakətə aparan faşizm ideyası kimi.
        Olduqca ulu bir tarixə, böyük etnik, milli potensiala malik olan ölkəmiz ortaya olduqca güclü milli ideya qoymaq üçün böyük imkanlara malikdir. Azərbaycanın, yer üzündə analoqu olmayan unikal bir mədəniyyəti vardır. Bu mədəniyyət sistemi uzun əsrlər boyu yer üzünün ən aparıcı mədəniyyətləri olan Turan, İran, Qafqaz, atəşpərəstlik, yəhudi, xristian, İslam, slavyan, sovet və s. mədəniyyət sistemlərinin təbii yolla, Türk mədəniyyəti ətrafında culğalaşması hesabına formalaşmış, ortaya yeni dəyərlər, sosial təsisatlar, inkişaf modelləri qoymuşdur. Bunların hər biri indi əsasən subyektiv təsirlərlə inteqrasiya olunan yer üzü üçün bir örnək olaraq olduqca əhəmiyyətlidir. Ölkəmizin güclü iqtisdi potensialı, əlverişli coğrafi mövqeyi, çalışqan, daha cox gənclərdən ibarət əhalisi vardır. Ölkəmizin dövlətçiliklə bağlı olduqca mühüm tarixi və müasir təcrübəsi vardır. Hər bir ölkə özünə milli ideya axtaranda təbii ki, öz imkanlarını, potensialını da nəzərə almalıdır. Potensiala uyğun olmayan milli ideya nəinki uğur gətirməz, hətta düzəldilməsi mümkün olmayan problemlər yarada bilər. Misal üçün, biz qarşımıza “ən güclü hərb dövləti olmaq” kimi bir ideya qoya bilmərik. Amma unikal mədəniyyətimizin potensialından doğan elə bir ideyanı ortaya qoya bilərik ki, bu həm öz ölkəmizin, həm də yer üzünün qüdrətlənməsinə kömək edər və başqalarına da örnək olar.
       İndiki zamanda milli ideya axtarışları əsasən milli, dini, demokratik, güc, iqtisadi, siyasi,  mədəni və s. dəyərlər ətrafında aparılır. Bütün tarixi proseslər, indi sürətlə gedən qlobollaşma prosesləri gostərir ki, bu yanaşmaların hamısı birtərəfli yanaşmadır. Diqqətlə fikir versək, görərik ki, bir hədəf, məqsəd kimi ortaya qoyulan bu ideyalar əslində məqsəd yox, məqsədə çatmaq üçün vasitələrdir. İndi biz bu yanaşmaların hansı birinəsə ustünlük verib o istiqamətdə milli ideya axtarışları aparsaq nəinki uğur qazanmayacağıq, hətta tarixin indiki axarında daha cox problemlərlə üzləşəcəyik. Bir çox ideyalar ənənəvi anlamında yox, tamamilə yeni anlamda nəzərdən keçirilməlidir. Məsələn, ölkəmizdə bəziləri tərəfindən ortaya atılan “Turançılıq” ideyası əvvəlki, ənənəvi anlamında təhlukəlidir. “Türkçülük” ideyası, siyasi, inzibati mənada, “Türkün Türkdən başqa dostu yoxdur!” çağrışı ilə təhlükəlidir. “İslamçılıq” ideyası ənənəvi, indiki İslam fanatizmi daxilində təhlükəlidir. Amma digər tərəfdən, bu ideyalara yer üzünün inkişafı məntiqi ilə baxdıqda daha aydın, daha konkret təsəvvür yaranır. Yer üzü bir sistemdir və təbii ki, bu sistemin tərəqqisi üçün ən əvvəl onun elementləri və altsistemləri tərəqqi etməlidir ki, bu da öz növbəsində yer üzünün tərəqqisinə səbəb olsun. Yer üzü sisteminin elementləri mövcud ölkələrdirsə, altsistemləri bu elementlərin tərəqqisinə imkan verən, mühit yaradan, bununla yer üzünün ahənginə xidmət edən amillərin qarşılıqlı əlaqədə yaratdıqları birliklərdir. Bu mənada Türklük artıq yeni anlamda təsəvvür edilməlidir - yəni Türklük ideyası dili bir, tarixi bir xalqları elə şəkildə birləşdirməlidir ki, onların hər biri daha yüksək şəkildə tərəqqi etməklə, qarşılıqlı olaraq yer üzünün tərəqqisinə daha çox kömək edə bilsinlər. “İslam” ideyası da bunun kimi. Mədəniyyətləri uzun əsrlər boyu İslami prinsiplər əsasında formalaşmış xalqların İslamdan üz döndərməsi onların mənəviyyat, mədəniyyət sistemlərinin aşınmasına gətirər. Əksinə, cəhaləti bir yana atıb, yer üzünə ahəng gətirməyə kömək edən İslamı inkişaf etdirməklə həm ölkəmizin tərəqqisində daha çox  uğurlar qazana bilərik, həm də yer üzünün tərəqqisinə kömək edə bilərik.
        İndi “milli dəyərlər”, “qüdrətli dövlət” ideyaları daha çox yayılmışdır. Amma yer üzünü vahid sistem halına gətirməkdə olan qlobollaşma bu anlayışlara da ənənəvi mənada yox, yenidən baxmağı tələb edir. Ənənəvi olaraq bu anlayışlar “Yer üzü və biz” modelinə, prinsipinə uyğun anlaşılırdı. Yəni, “biz bir millət kimi daha üstün mövqe tutmalıyıq”, “Biz bir dövlət olaraq daha qüdrətli olmalıyıq” və s. Tarix, qlobollaşma onu göstərdi ki, bu ideyalar öz ölkəsinə, xalqına yalnız qısa bir zaman kəsiyində uğur gətirə bilir. Vahid sistem, orqanizm olan yer üzündə daha məntiqi, davamlı olacaq inkişaf prinsipi “yer üzü ilə birlikdə biz” modeli olmalıdır. Bu modelin kosmopolitizmə heç bir dəxli yoxdur. Bütün orqanizm sağlam olanda onun hər bir orqanı da sağlam olur. Hər bir dövlətin əsas borcu yer üzü orqanizminin bir orqanı olaraq ən əvvəl özünün sağlam olmasına calışmasıdır. Amma elə çalışmaq ki, bu sağlamlıq, bu güc, bütün yer üzünün sağlamlaşmasına, güclənməsinə kömək etsin. Öz ölkəsinin sağlamlığını, möhkəmliyini, əhali keyfiyyətini – ahəngini korlamaq ümumiyyətlə yer üzünün ahənginə zərbə vurmaqdır. Beləliklə, milli ideya axtarışlarında daha universal olan yanaşmaya olduqca böyük ehtiyac vardır.
       Fikrimcə, hər bir ölkənin milli ideyası onun tərəqqisi ilə bağlı olmalıdır. Amma əvvəlcə bu tərəqqinin mahiyyəti aydınlaşmalıdır. Mən 2008–ci ildə nəşr olunmuş “Sosial idarəetmənin fəlsəfi, sosial problemləri (Ahəngyol elminə giriş)” adlı monoqrafiyamda bu məsələləri geniş şərh etməyə çalışmışam. Yuxarıda da qeyd etdiyimiz kimi, hər bir sosial sistem, o cümlədən ölkə o vaxt tərəqqi edir ki, orada bu üç şərt qarşılıqlı olaraq yerinə yetir: 1) əhali get-gedə fiziki olaraq daha da sağlamlaşır; 2) əhali arasında mənəvi zənginləşmə prosesi gedir; 3) əhalinin hər bir üzvündə öz əməyinə yaradıcı münasibət artmağa başlayır. Ölkənin mədəniyyəti, iqtisadiyyatı, siyasəti, hərbi gücü, əhali potensialı və s. bu üç şərtin qarşılıqlı olaraq yerinə yetirilməsinə xidmət etməlidir. Bu üç şərt qarşılıqlı olaraq yerinə yetdikdə ölkə əhalisinin keyfiyyəti artır. Əhalinin keyfiyyəti artdıqca isə o öz potensialını daha ahəngdar şəkildə ortaya qoya bilir. Elə bir aqreqat yaranır ki, o xalqın tarixi, mədəni köklərinin potensialı bütün insanlıq üçün faydalı şəkildə uzə çıxarır. Dövlət öz fəaliyyətini elə qurmalıdır ki, həm ölkənin daxilində tərəqqi, ahəng yarada bilsin, həm də bu fəaliyyət VYÜS–də tərəqqinin, ahəngin yaranmasına kömək etsin.
        Təəsüff ki, indi yer üzü mübarizə, qan meydanıdır. Belə bir tarixi şəraitdə biz də mübarizə aparmağa məhkumuq. Amma bu mübarizədə bizim ən güclü silahımız milli potensialımızı üzə cıxara biləcək milli ideyamız, bu ideyanı həyata keçirmək ücün dərin elmi əsaslarla işlənmiş Milli İdeologiyamız ola bilər. Belə bir ideologiya iqtisadiyyatımızın da, hərbi gücümüzün də, mədəniyyətimizin də, siyasətimizin də xeyli güclənməsinə kömək edə bilər. Bu ideologiya bizə Qarabağı, digər tarixi torpaqlarımızı azad etmək zərurətini bir daha, dərindən duymağa kömək edər.
       Müzakirə üçün mən milli ideyamızı “Yer üzünün tərəqqisinə kömək edəcək tərəqqimiz üçün imkanlar uğrunda mübarizə!” kimi təklif edərdim.
      Bu ideya, Türklüyümüzün, İslamın, müasirliyimizin içində hansı fəaliyyət mexanizmlərini seçməyimizi dəqiqləşdirməyə mühüm kömək edə bilər.
        Bu ideyanı həyata keçirmək üçün yaradacağımız Milli İdeologiyamızın ciddi elmi, mənəvi, fəlsəfi bazası vardır. Bu baza bizim Türklük, İslam potensialımızın, müasir dünyanın ritmini tutmaq eşqimizin, folklorumuzun, muğamımızın, xalçamızın, Nizami, Nəsimi, Fizuli kimi şairlərimizin, Sührəverdi kimi filosoflarımızın, İ.Qaspıralı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu kimi mütəfəkkirlərimizin, Şah İsmayıl, M.Ə.Rəsulzadə, H.Əliyev kimi siyasətçilərimizin, xalqımızın bir çox başqa övladlarının  idrakı, fəaliyyəti ilə formalaşmışdır.

Bu yazı 987 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :