-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

ABŞ-da erməni diasporasının formalaşması və anti-türk fəaliyyəti
Şiriftin ölçüsünü dəyiş

                                                                            Taleh Cəfərov
Azərbaycan Dövlət Pedoqoji Universitetinin
 Türk və Şərq Avropa xalqları tarixi və tarixin
 tədrisi metodikası kafedrasının müəllimi,

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü

        XVII əsrin sonu - XVIII əsrin əvvəllərindən etibarən Şimali Amerika ərazilərində ictimai-siyası vəziyyət getdikcə gərginləşməkdə idi. Bir tərəfdən qitənin yerli sakinləri olan hindu qəbilələri arasında baş verən qanlı toqquşmalar, digər tərəfdən də ingilis müstəmləkəçilərinin burada uzun müddətli işğalçılıq siyasəti bütövlükdə bölgənin iqtisadi cəhətdən inkişafına mənfi təsir göstərirdi. Lakin bütün bu çətinliklərə baxmayaraq ərazinin hər iki tərəfdən okenlarla əhatə olunması və əlverişli-coğrafi mövqeyi burada təsərrüfatın və ticarətin inkişafına müsbət təsir göstərirdi. Xüsusilə, bu dövrdə Şimali Amerikada ən böyük liman şəhərinə çevrilən Boston şəhər rəhbərliyi dünyanın müxtəlif bölgələri ilə yanaşı, həmçinin Osmanlı imeratorluğunun bir sıra dəniz şəhərləri ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlı idi. Bu istiqamətdə Boston şəhərinin rəhbər heyəti hətta bir sıra qanunlar da qəbul etdi. Beləliklə, qısa müddət ərzində Boston dəniz limanından Osmanlı imperiyası ərazilərinə doğru çoxlu sayda ticarət gəmiləri istiqamət götürdü. Gəmilər müəyyən olunmuş zaman müddətində, daha dəqiq desək, 1786-cı ildə İstanbul, 1797-ci ildə İzmir, 1800-cü ildə İsgəndəriyyə limanlarına yan almışdır. Beləcə, Amerika koloniyaları ilə Osmanlı imperatorluğu arasında münasibətlərə ilk olaraq iki tərəfli ticarət əlaqələrinin qurulması ilə start verildi.  Burada Amerika koloniyalarının əsas məqsədi Osmanlı imperiyası ərazilərində iqtisadi maraqları təmin etmək, əmtəə və satış bazarlarında öz mövqeyini möhkəmləndirmək idi. Xüsusilə 1830-cu ildə Osmanlı imperatorluğu ilə bağlanmış ticarət müqaviləsi Amerika koloniyalarının burada bir sıra imtiyazlar əldə etməsi ilə nəticələndi. Məhz bu dövrdən başlayaraq Amerika koloniyalarından Osmanlı imperatorluğu ərazilərinə tacirlər və missionerlərdən ibarət dəstələr gəlməyə başladılar. İmzalanmış müqavilənin 3-cü maddəsinə görə amerikan tacirləri Osmanlı imperiyası ərazilərində sərbəst ticarət etmək üçün bölgədəki vasitəçilərdən istifadə etmək arzusunda idilər. Həmçinin burada qeyd edilirdi ki, vasitəçilər hər millətdən olmalı idi. Amerikan tacirləri isə burada daha çox yunan və erməni tacirlərinin vasitəçiliyindən yararlanmaq niyyətində idilər. Bütövlükdə 7 may 1830-cu il Türk-amerikan ticarət müqaviləsi bir tərəfdən amerikalı tacirlərə Türkiyə bazarlarına sərbəst çıxış əldə etməyə imkan verirdisə, digər tərəfdən Osmanlı ermənisinə də Amerika bazarlarına sərbəst çıxış əldə etməyə şərait yaradırdı. Beləliklə, imzalanmış 7 may 1830-cu il ticarət müqaviləsinin 3-cü maddəsinə əsasən Osmanlı erməniləri daimi olaraq Amerikanın əlaltısına çevrilmiş oldu. Osmanlı imperiyasındakı əlverişli vəziyyətdən məharətlə istifadə edən amerikan missionerləri burada mühüm ictimai-siyasi fəaliyyətlə də məşğul olmağa başladılar. Burada missionerlərin əsas məqsədi xüsusilə iqtisadi maraqları qabartmaqla əslində Osmanlı imperiyası ərazilərində etnik azlıqların  huquq və azadlıqlarının hamisi funksiyasını yerinə yetirmək idi. Milli azlıqların guya bu ölkədə təhsil almaq, sərbəst toplaşmaq, azad söz, mətbuat kimi hüquqlarının pozulduğunu bəhanə edən missioner təşkilatlar xüsusilə erməni gənclərinin Amerikaya getmələrinə şərait yaratdılar. Amerikaya gedən ermənilərə bu işdə daha çox yardım edənlər də missionerlərdən ibarət dəstələr oldu. Missionerlər erməni tacirlərinə mütəmadi olaraq ABŞ-ın əlverişli cöğrafi mövqeyi, ticarət üçün lazım olan şəraitin yardıldığı barəsində ətraflı məlumatlar verməkdə idilər. Bu arzu ilə ABŞ-ın daha çox liman şəhərlərinə köçməyə üstünlük verən ermənilər burada ticarətlə və digər sənət sahələri ilə məşğul olmağa başladılar. İlk amerikan tacirlərinin Bostondan gəlməsi və Boston-İzmir limanlarında ticarətlə məşğul olmaları nəticəsində həm İzmirdə, həm də Bostonda varlı erməni burjuaziyası meydana gəldi. Amerikan tacirlərinin himayəsi altında varlanan  İstanbul və Anadolu erməniləri də 1810-cu ildən başlayaraq Şimali Amerikaya köç etməyə başladılar və bir müddətdən sonra Amerika vətəndaşlığını qəbul etdilər. Beləcə qısa zaman müddətində ABŞ ilə Osmanlı arasındakı ticarətin həcminin genişlənməsi ilə paralel olaraq ABŞ şirkətləri ilə əməkdaşlıq edən Türkiyə ermənilərinin sayında da kəskin artım hiss olunmaqda idi.
        XIX əsrin ilk onilliklərindən etibarən ABŞ-a göndərilən  sadə tacir və sənətkar ermənilərdən fərqli olaraq 1840-cı ildən etibarən missionerlər bu dəfə erməni tələbələrinin göndərilməsinə başladılar. Əsas məqsəd kimi dini təhsil almaq nəzərdə tutulurdu. Xüsusilə bəhs olunan dövrdə ABŞ-ın ən nüfuzlu üniversitetlərinə göndərilən erməni tələbələrinin sayı 70 nəfər idi. Məhz bu tələbələr ABŞ-dakı erməni diasporasının rüşeymlərini təşkil edirdilər. Yüksək təhsil almış erməni gəncləri burada anti-türk fəaliyyətinə başladılar. XIX əsrin 30-40-cı illərindən etibarən aktiv fəaliyyətə başlayan ABŞ-dakı diaspora erməniləri burada bir sıra təşkilatlar, dərnəklər yaratmağa nail oldular. Buna misal olaraq 1810-cu ildə Bostonda yaradılmış Xarici Missiyalar üzrə Amerika Komitəsini misal göstərmək olar. Təşkilatın yaradılmasında əsas məqsəd burada yüksək təlim görmüş gənc erməni missionerlərini Anadoluya göndərməklə ümummilli erməni hərəkatına (Hai Tahtda) təkan vermək idi. Türk tarixçisi Şenol Kontarcı bu haqda yazır: “Türkiyəyə “erməni məsəsləsi”nin toxumlarını ABŞ bu təşkilat vasitəsilə 1820-ci ildə səpmişdir”. Belə ki, 1893-cü ilə qədər Türkiyədə 624 məktəb, 436 ibadətxana açılmışdır. Bəhs olunan dövrdə Türkiyədə 1317 amerikalı missioner fəaliyyət göstərirdi və 1893-cü ilə qədər onlar Türkiyədə 3 milyon İncil və təxminən 4 milyona yaxın müxtəlif səpkili kitabların əhaliyə çatdırılmasını təmin etmişdilər. Bunun üçün təşklat 10 milyon dollarından keçməyi də əsirgəməmişdir. Qeyd edək ki, bu vəsaitin yarıdan çoxu amerikan vətəndaşlarından toplanmışdı. Bu vəsait bəhs olunan dövr üçün olduqca yüksək bir rəqəm idi.  Həmçinin bu işdə onlara Amerikan Prorestant Kilsəsinin verdiyi dəstək də xüsusilə diqqəti cəlb edir. Burada Protestant kilsəsinin əsas məqsədi Anadolu ermənilərini müxtəlif vasitələrlə ələ almaq, yağlı vədlər verməklə onları xristianlığın katolik, qriqoriyan və provaslav məzhəblərindən “xilas etmək” idi. Bu isə Rusiya başda olmaqla İngiltərə və Fransanın Anadolu siyasətinə qarşı atılmış  əks addım idi. Ayrı-ayrılıqda “erməni məsələsi”nə dəstək verən dövlətlərdən fərqli olaraq ABŞ-ın apardığı siyasi kompaniya planlı şəkildə həyata keçirilirdi. Burada diqqəti çəkən əsas məsələ ABŞ-ın iqtisadi maraqları əsas tutaraq XIX əsrin birinci yarısından Osmanlı torpaqlarına ayaq basması və burada möhkəmlənməsi ilə xarakterizə olunursa bu daha çox əsrin II yarısı üçün missioner fəaliyyətinin üstünlük təşkil etməsi ilə nəticələnir. Nəticədə yaradılmış yüzlərlə siyasi təşkilat və dərnəklərin əsas qayəsi Osmanlı imperatorluğunu daxildən çökdürmək və satış bazarlarını ələ keçirmək, əmtəə bazarlarına yiyələnmək və Şərqi Anadolu ərazilərində ABŞ-ın nəzarəti altında müstəqil erməni dövlətinin yaradılmasına nail olmaq idi. ABŞ-ın bu siyasəti I dünya müharibəsinin nəticələrinə həsr olunmuş Paris sülh konfransına ölkə prezidenti V. Vilson tərəfindən təqdim edilmiş “14 maddə” prinsipində tam təfərrüatı ilə toxunulmuşdur.
        XIX əsrin ikinci yarısından başlayaraq ABŞ-a ermənilərin miqrasiyası daha da sürətləndi. Osmanlı arxiv sənədlərinə görə 1900-cü ilə qədər Amerikaya köç edən ermənilərin ümumi sayı 12 min nəfər təşkil etmişdir. Sənətkar və tacirlərdən ibarət kiçik dəstələr şəklində Amerikaya üz tutan ermənilərin sayından narahat olan ABŞ və Osmanlı hökuməti birgə bir sıra əngəlləyici tədbirlər həyata keçirdilər. Hər iki ölkənin əsas məqsədini analiz etdiyimiz zaman görərik ki, ABŞ sağlıq durumu normal olmayan erməni miqrantlarının qarşısını almaq üçün mübarizə aparırdısa, Osmanlı hökuməti isə bir sıra əyalətlərdə əhalinin sayının azalmasından bərk narahatçılıq keçirirdi. Bunun üçün hətta Sultan II Əbdülhəmidin ABŞ hökumətindən yardım istəməsi də tarixi gerçəklikdir. Lakin görülən qabaqlayıcı tədbirlər, hökumət tərəfindən atılan addımlar erməniləri fikirlərindən daşındıra bilməmiş və əksinə olaraq köç prosesində ildən-ilə artım müşahidə edilmişdir.  Xüsusilə ABŞ-a köç edən ermənilərin əsas məqsədi çoxlu pul qazanıb geri dönmək, ümummilli erməni hərəkatına maddi və mənəvi dəstək olmaq, eyni zamanda ailə yaşam tərzini normallaşdırmaq idi. Bu məqsədlə Anadolu torpaqlarını tərk edərək ABŞ-ın daha varlı şəhərlərində məskunlaşmaqla burada özlərinə yüksək səviyyəli yaşam tərzini təmin etmiş ermənilər Anadoluya geri dönmək niyyətindən vaz keçmiş oldular. Zəngin şəhərlərə,  dəbdəbəli həyat tərzinə valeh olan ermənilər geri dönmək niyyətində deyildilər. Burada onların anti-türk fəaliyyətinin aparılması işində də hər cürə şərait yaradılmışdı. Lakin bütün bunlara baxmayaraq, erməni diasporasını formalaşdıran bu şəxslər erməni millətçi ekstremistləri tərəfindən təsis edilmiş, siyasi partiya, təşkilat və dərnəklərin Anadoludakı şöbələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində səylərini gücləndirdilər. Qarşıya qoyulan məqsədə çatmaq üçün külli miqdarda maaliyə vəsaiti ayıran ABŞ-dakı diaspora erməniləri hətta burada bir neçə fondun yaradılmasına da müvəffəq oldular. Bütövlükdə ABŞ-dakı yaşayış səviyyəsi ermənilərin qitəyə axınını daha da sürətləndirmişdir. Nəticədə ABŞ-a köç edən ermənilərin sayında artım baş vermiş və bu proses ermənilərin 1915-ci ildə Anadolu ərazilərindən imperiyanın Suriya,  Mesopotamiya və Livan ərazilərinə köçürülməsindən sonra kəskin şəkildə yüksəlmişdir. Belə ki, 1908-ci ildə 3300, 1910-cu ildə 5500 və 1913-cü ildə 9355 erməni ABŞ-a köç etmişdir. Nəticədə I Dünya müharibəsinə qədərki dövrdə qeyd olunan erməni diasporasının ümumi sayı 50 min nəfəri ötməmişdir. I Dünya müharibəsinin başa çatmasından sonra ermənilərin ABŞ-a köçündə kəskin artım hiss olunmuşdur. Bu barədə Türk ordu generalı Hasan Kundakçı yazır: “Ermənilər ABŞ-a 1890-cı illərdə Osmanlı dövlətində baş verən üsyanlardan sonra Anadoludan köç etməyə başladılar. Birinci dünya müharibəsindən sonra köç daha da sürətləndi. Nəticədə Amerika Birləşmiş Ştatlarında Kaliforniyada (600 min), Nyu-Yorkda (100 min) və Bostonda (50 min) erməni yaşamaqdadır”.
        XX əsrin II yarısından başlayaraq köç prosesi daha da intensivləşmişdir. Belə ki, 1970-ci illərin ortalarında ABŞ-dakı erməni diasporasının sayı 350-400 min nəfər təşkil etmişdir. Xüsusilə, XIX əsrin əvvəllərindən başlayaraq iki əsr müddətində davamlı şəkildə ABŞ-a miqrasiya edən ermənilərin sayı XX əsrin sonlarında kəskin şəkildə artmağa başladı. 1990-cı illərdəki rəsmi mənbələrə görə bu ölkədə yaşayan ermənilərin sayı 700 min nəfər təşkil etmişdir. Bu gün bu ölkədə yaşayan ermənilərin sayı 800 minlə 1 milyon nəfər arasında olduğu təxmin edilir. Bunların 45%-i Nyu-England və Orta Atlantik əyalətində, 15%-i Miçiqan, İllinois, Ohayo və Vaşınqtonda, 25%-i Kaliforniyada yaşamaqdadır. Bu gün Bostonda 50 min nəfər erməni yaşamaqdadır. 2001-ci ilin məlumatlarına görə ABŞ-dakı erməni diasporasının ümumi sayı 800 min nəfər civarında müəyyənləşdirilmişdir. Ümumiyyətlə, ABŞ-da erməni diasporasının formalaşmasında erməni miqrasiyasının səbəblərini Türk tarixçisi Eldar İlter aşağıdakı kimi şərh etmişdir:
        -ermənilərin pula (ticarətə) və sərvətə düşkünlükləri;
        -ermənilərdə macərapərəstlik ruhu;
        -xristianlıqdakı məzhəb ayrı-seçkiliyi, ermənilərin Ortodokslar tərəfindən lənətlənməsi və dini təzyiqlər;
        -ermənilərin tarix boyunca mətbuatlarına qarşı xəyanət etmələri ( 4, s. 72)
        Bu gün ABŞ-dakı erməni diasporasının ən güclü olduğu ştat Kaliforniyadır. Kaliforniya ştatının ən iri şəhərlərində (Fresno, Vatertaun, Los-Anceles ) yaşayan ermənilərin sayı 1980-ci ildə 80 min nəfər təşkil etmişdir.
        Qeyd etmək lazımdır ki, ABŞ-dakı erməni diasporasının təşəkkülü və formalaşması prosesi iki əsr müddətində mərhələli şəkildə davam etmişdir.
        XIX əsrin 80-90-cı illərindən başlayaraq erməni tələbələri erməni millətçi ekstremistləri ilə birlikdə Osmanlı imperatorluğu ərazilərindən kənarda bir sıra siyasi təşkilatlar yaratdılar. Qısa müddət ərzində bu təşkilatların regional şöbələrinin yaradılmasına başlanıldı. Belə şöbələrin Anadolu ərazilərində yaradılması məsələsi də  qarşıya məqsəd kimi qoyulmuşdu. Daşnaqlar tərəfindən yaradılan Daşnaqsütyun partiyası, sosialist baxışlı erməni gəncləri tərəfindən yaradılan Hıncaq təşkilatı və 1908-ci ildə mərkəzi İstanbulda yaradılan Ramqavar partiyalarının fəalları bu qurumların qısa zamanda ABŞ-ın bir sıra iri ştatlarında şöbələrinin açılmasını tələb etdilər. Belə ki, XIX əsri sonu-XX əsrin əvvəllərindən etibarən ABŞ-da bu təşkilatların artıq regional şöbələri fəaliyyətə başladı. 1903-cü ildən başlayaraq ABŞ-ın bir sıra şəhərlərində 36, 1907-ci ildə 48 və 1914-cü ildə 77 daşnaq komitəsi yaradılmışdı. ABŞ-a köç edən erməni miqrantlarından toplanan maaliyə vəsaiti hesabına bir sıra anti-türk əhval-ruhiyyəli tədbirlərin keçirilməsinə start verildi. 1909-cu ildə Adanada baş vermiş hadisələrlə əlaqədar olaraq Bostondakı 3 protestant erməni kilsəsinin papazları siyasi təşkilatların fəalları ilə birgə hazırladıqları məktubu ABŞ prezidenti V. Tafta ünvanladılar. Həmçinin 1905-ci ildə İllinois şəhərində yaradılan “Ermənistanın Amerikan dostları” dərnəyi 10 may 1909-cu ildə mitinq təşkil edərək alınan qərarı ölkə prezidenti V. Tafta ünvanladılar. Məktubda ABŞ prezidentindən “Türkiyədəki çarəsiz ermənilərin qılıncdan keçirilməsinə son qoyulması üçün insanlıq, xrisrianlıq naminə” köməklik göstərməsi tələb edilirdi.
        I Dünya müharibəsına qədər ABŞ “erməni məsələsi”nin beynəlxalq konfranslarda müzakirə edilməsinə dəstək verməmişdir. Lakin I Dünya müharibəsinin başa çatmasından sonra çağırılmış bir sıra konfranslarda ABŞ “erməni məsələsi”nin dünya dövlətləri tərəfindən müzakirə edilməsində lokomativ rolunu oynamışdır. İstər Paris sülh konfransında, istər Sevr müqaviləsində, istər də Lozanna konfransında uzun müddətli müzakirə predmetinə çevrilən “erməni məsələsi”nin çözülməsi istiqamətində heç bir ciddi addım atılmamışdır. ABŞ nümayəndə heyətinin apardığı qətiyyətli mübarizə də erməni diasporasının mənafeyini tam qane etməmişdir. Məhz bu uğursuzluqlarla əlaqədar olaraq XX əsrin 20-30-cu illərdən etibarən burada intesiv olaraq mitinq və nümayişlərin keçirilməsinə başlanıldı. Mitinqlərin keçirilməsində əsas məqsəd ABŞ rəhbərliyinin diqqətini bir daha ermənilərin I Dünya müharibəsi dövründə böyük dövlətlər tərəfindən aldadılaraq müharibəyə cəlb edilməsi və bunun nəticəsində də uzun illərdən bəri yaşadıqları Anadolu torpaqlarından deportasiya edilmələri, “əzəli erməni torpaqları” olan Şərqi Anadolu bölgəsinə daxil olan altı rayonun Qərbi Ermənistan olaraq Ermənistan SSR-ə birləşdirilməsi, 1915-ci il hadisələrinə bu ölkə tərəfindən hüquqi-siyasi qiymətin verilməsi, həmçinin ermənilərin günahsız yerə “qətlə yetirilməsi” və digər məsələlərlə bağlı idi. Bütövlükdə, XX əsrin 20-30-cu illərində ABŞ-dakı erməni diasporasının anti-türk fəaliyyətini xarakterizə etdiyimiz zaman bəhs olunan dövrdə mühüm irəliləyişlərin olduğunu qeyd etmək lazımdır. Çünki I Dünya müharibəsində qalib gəlmiş dövlətlərdən olan ABŞ dünyanın gələcək taleyini müzakirə edəcək dövlətlər içərisində qüdrətinə görə ilk yerdə qərarlaşmışdı. Məhz bu mövqeyi nəzərə alan diaspora erməniləri fəaliyyətlərini daha da gücləndirərək ABŞ prezidentlərindən ümumerməni milli hərəkatına maddi və mənəvi dəstək olmalarını xahiş etmişlər. Həmçinin yaranmış əlverişli şəraitdən maksimum dərəcədə istifadə etməyə çalışan diaspora erməniləri konqresin gündəliyinə bir sıra məsələlərin salınmasına da cəhd göstərirdilər. Nəticədə, ilk dəfə olaraq 1921-ci ildə ABŞ konqresində ermənipərəst konqresmenlər tərəfindən müzakirəyə çıxarılan qondarma “erməni soyqırımı” və bununla bağlı uzunmüddətli dinləmələr uğursuzluqla nəticələnmişdir. Lakin uğursuzluqlara baxmayaraq bunu ABŞ-dakı erməni diasporasının cüzi nailiyyəti kimi də qeyd etmək olar.
        XX əsrin ortalarından etibarən ABŞ-dakı erməni diasporasının anti-türk fəaliyyətində nəzərəçarpacaq dərəcədə geriləmənin olduğunu görmək mümkündür. Bunun bir sıra mühüm səbəbləri vardır. Birincisi, 1929-1933-cü illəri əhatə edən dünya iqtisadi böhranı və böhranın doğurduğu problemlər, həmçinin böyük dövlətlərinin II Dünya müharibəsində iştirakı və digər amillər erməni diasporasının fəaliyyətində ciddi axsaqlıq yaratmışdır. Bəhs olunan dövrdə ABŞ-dakı erməni diasporasının anti-türk fəaliyyətində passivlik nəzərə çarpsada bir sıra iri şəhərlərdə siyasi partiya və təşkilarların regional mərkəzlərinin açılması prosesi davam etmişdir. Bununla yanaşı bir sıra universitetlərdə Qədim Şərq Dilləri İnstitutlarının, həmçinin erməni dili və ədəbiyyatı şöbəsinin yaradılmasının da əhəmiyyətinin az olmadığını qeyd etmək olar. Universitetlərin bu şöbələrində dərs keçən müəllimlərin əksəriyyətinin ermənilərdən təşkil olunmaları və xüsusilə burada Türk tarix və mədəniyyətinin saxtalaşdırılaraq tələbələrə yanlış şəkildə çatdırılması da diqqət çəkən mühüm məsələlərdən biridir. Həmçinin bu dövrdə ABŞ-dakı erməni diasporasının fəal üzvləri 20-30-cu illərdə olduğu kimi mitinq və nümayişlərin keçirilməsinə qismən də olsa nail olmuşlar. Lakin bu I mərhələdən nəzərəçarpacaq dərəcədə zəif təsir bağışlayırdı.
        II Dünya müharibəsinin başa çatması və ABŞ-ın I Dünya müharibəsində olduğu kimi bu dəfə də qalib dövlətlər sırasında yer alması erməni diasporasının fəaliyyətində canlanmaya səbəb olmuşdur. Lakin artıq bəhs olunan dövrdə beynəlxalq münasibətlər sistemində baş verən bir sıra dəyişikliklər, “soyuq müharibə”nin başlanması, Qərb dövlətlərinin SSRİ-yə qarşı birləşməsi, həmçinin SSRİ-nin yaxın qonşusu Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsi və digər bu kimi amillər Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdı. Məhz 1952-ci ildə Türkiyənin tələm-tələsik NATO sıralarına qoşulması hər iki dövlət arasında soyuq münasibətlərin aradan qaldırılmasına gətirib çıxartdı. Bu isə ABŞ-dakı erməni diasporasının narazılığına səbəb olmuşdur. Diaspora ermənilərinin keçirdikləri mitinq və nümayişlər də bütövlükdə ABŞ-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafına mane ola bilməmişdir. Belə ki, 1947-ci ildə açıqlanan “Trumen doktirinası”na görə külli miqdarda maliyyə vəsaitinin Türkiyəyə ayrılmasının əsas səbəbi kimi bu ölkənin Yaxın Şərqdə qüdrətli dövlətə və SSRİ-yə qarşı mühüm fiqurlardan birinə çevrilməsi idi. SSRİ-nin isə Türkiyənin ABŞ-ın ən yaxın müttəfiqi olmasından bərk narahatlıq hissi keçirməsi və bu ölkənin tez bir zamanda “Varşava paktı”na üzv olan dövlətlər sırasında  görmək istəməsi də məsələnin həddindən artıq gərginləşməsindən xəbər verirdi. İstər Türkiyənin NATO sıralarına üzv qəbul olunması, istərsə də 1947-ci il ABŞ tərəfindən bu ölkəyə  edilən maaliyə yardımları bu ölkədəki diaspora ermənilərini bərk hiddətləndirmişdi. Belə ki, təşkil olunmuş mitinq və nümayişlərdə diaspora erməniləri vaxtılə I Dünya müharibəsi dövründə Anadolu ərazilərində yaşayan ermənilərin guya Türklər tərəfindən “vəhşicəsinə qətlə yetirilməsi”nə cavab olaraq hələ də Türkiyənin beynəlxalq səviyyədə cəzalandırılmaması və ermənilərin tapdalanmış huquqlarının bərpa olunmaması məsələlərinin qabardılmasına cəhd göstərirdilər. Həmçinin diasporanın fəal üzvləri 4 may 1947-ci ildə Nyu-Yorkda toplanaraq Dünya Erməniləri Konqresini çağırmış, buradan BMT vasitəsilə Türkiyədəki ermənilərin hüquqlarının pozulduğunu dünya dövlətlərinin diqqətinə bir daha çatdırmışlar. Eyni zamanda toplantıda ermənilərin Türkiyədən torpaq və təzminat tələbləri də öz əksini tapmışdır.
        Qeyd etmək lazımdır ki, II Dünya müharibəsinin başa çatması və “soyuq müharibə”nin başlanması, həmçinin bir sıra regional və beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi ilə əlaqədar olaraq yenidən diaspora ermənilərinin fəallaşmasında nəzərəçarpacaq irəliləyişlərin olduğunu görmək mümkündür. Belə ki, bu dövrdə qondarma “erməni soyqırımı”nın 50-ci ildönümü ilə əlaqədar olaraq dünyanın bir sıra bölgələrində kütləvi şəkildə mitinq və nümayişlərin keçirilməsinə başlanıldı. 1965-ci ildə ilk dəfə olaraq uzunmüddətli mübarizədən sonra SSRİ hökumətinin razılığını almaqla  qondarma “erməni soyqırımı”nın 50-ci ildönümü ilə əlaqədar olaraq Yerevanın mərkəzi meydanlarının birində “soyqırımı” abidəsinin ucaldılması işində ABŞ-dakı diaspora ermənilərinin xidməti danılmazdır. Məhz bu hadisə ABŞ-dakı diaspora ermənilərini daha da ruhlandırmış,  qarşıda duran məsələlərin həllinə yol açmışdır.
        XX əsrin 70-ci illərindən etibarən ABŞ-dakı erməni diasporasının fəaliyyətində yeni bir mərhələ başlamışdır. 22 dekabr 1973-cü ildə Los-Ancelesdəki Türk konsulunun və konsul köməkçisinin vəhşicəsinə qətlə yetirilməsi, həmçinin 1973-cu il Santa-Barbara şəhərində baş vermiş terror hadisəsi ilə bu ölkədə Türk diplomatlarına, missiyalarına və təşkilatlarına qarşı erməni terroruna start verilmişdir. Nəticədə, 1973-1985-ci illər arasında Türkiyə sərhədlərindən kənarda 45 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. Bunların arasında öldürülən Türk vətəndaşlarının sayı 34 nəfərdir. Öldürülənlərdən dörd nəfəri Türkiyənin digər ölkələrdəki səfirləridir. Altı nəfər baş konsul və konsuldur. Yerdə qalanlar isə səfirlik və konsulluqların əməkdaşlarıdır. Vəhşicəsinə qətlə yetirilmiş Türk diplomatlarının öldürülməsinin əsas təşkilatçısı ASALA erməni terror təşkilatı və təşkilatın regional şöbələridir.
        XX əsrin 80-ci illərindən etibarən ABŞ-da fəaliyyət gösrərən Türkiyə səfirliyində və konsulluqlarında çalışan diplomatlara qarşı erməni terrorunun bu ölkənin güc sturukturları tərəfindən qarşısının alınması istiqamətində mühüm addımlar atılmışdır. Terroru törədən şəxslər qısa zamanda saxlanılaraq həbs edilmişlər. Lakin müəyyən müddətdən sonra diasporanın davamlı təzyiqləri nəticəsində həbs olunan məhbuslar yenidən azadlığa buraxılmışdır. Onların sonrakı cinayətlərdə iştirakı isə bu ölkənin hüquq-mühafizə orqanlarının rəsmi sənədlərində öz əksini tapmışdır. Getdikcə terrorun arxa plana keçdiyi bu dövrdə diaspora üzvləri bu dəfə qondarma “erməni soyqırımı”nın konqresdə müzakirə edilməsinə cəhd göstərdilər. 70-80-ci illərdə qondarma “erməni soyqırımı” məsələsi ABŞ Təmsilçilər Məclisinin gündəliyinə bir neçə dəfə daxil edilmiş və cüzi səs çoxluğu ilə qəbul edilmişdir. Həmçinin 1996-cı ildə müttəfiq ölkələrə ediləcək maaliyyə yardımları ilə əlaqədar büdcə layihəsinin müzakirəsində Türkiyəyə ayrılacaq yardımın azaldılması əsas müzakirə predmetinə çevrildi. Bu işdə ABŞ-dakı erməni diasporunun və lobbistlərinin canfəşanlığı da məhz Türkiyəyə ayrılacaq yardımların minimuma endırılməsınə, lazım gələrsə müəyyən müddətə dayandırılmasına yönəldılmişdir.
        XX əsrin sonlarında qondarma “erməni soyqırımı” məsələsinin ermənipərəst konqresmenlər tərəfindən yenidən ABŞ Konqresinin gündəliyinə salınmasına cəhd göstərildi. Belə ki, 21 sentiyabr 2000-ci ildə Təmsilçilər Məclisi İnsan Haqları Alt Komitəsi qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərar qəbul etdi. Qərar daha sonra Təmsilçilər Məclisinin Ölkələrarası Əlaqələr Komitəsindən də keçərək Senatın müzakirəsinə göndərildi. ABŞ-ın dövlət başçısı Bill Klintonun və Müdafiə naziri Henri Şeltonun təzyiqləri nəticəsində Təmsilçılər Məclisinin gündəliyinə daxil edilmiş, qondarma “erməni soyqırımı” ilə bağlı keçiriləcək dinləmələr təxirə salındı.
        XX əsrdə ABŞ-dakı erməni diasporasının fəaliyyətinin bu və ya digər istiqamətləri haqqında məlumat verərkən ilk öncə diaspora ermənilərinin bu ölkədə uzun illərdən bəri formalaşdırdıqları siyası partiyaların şöbələrini, tədqiqat mərkəzlərini, radio və televiziya kanallarını və digər kütləvi informasiya vasitələrini (qəzet, jurnal, dərgi və.s), həmçinin maaliyə fondlarının yaranma səbələrini, məqsədlərini, diasporanın anti-türk fəaliyyətində tutduğu mövqeyi təhlil etməyə çalışacağıq. Bildiyimiz kimi, 1965-ci ildən sonra ABŞ-da erməni diaspor təşkilatlarının sayında kəskin artım hiss olunmağa başladı. Yeri gəlmişkən, 1887-ci ildən başlayaraq müasir dövrümüzədək, burada yüzlərlə təşkilatların, siyasi partiyaların müxtəlif ştatlarda regional şöbələrinin yaradılması prosesi davamlı surətdə aparılmışdır. Bu gün ABŞ-dakı erməni diasporasının himayəsi altında yaradılan təşkilatlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
        Məzun təşkilatları; Erməni Araşdırmaları və Tədqiqat mərkəzləri; İdman təşkilatları;
        İcma mərkəzləri; Həmvətənlər təşkilatları; Mədəniyyət təşkilatları; Nigah xidmətləri təşkilatları; Təhsil təşkilatları;         Fondlar; Məzarlıqlar və Qəbiristanlıqlar; Ədəbi təşkilatlar; Xəstəxanalar və Hospitallar; Tamaşa və Kino qrupları;         Xeyriyyə təşkilatları; Siyasi və İctimai İşlər təşkilatları; Peşə təşkilatları; Qaçqınların Məskunlaşdırılması təşkilatları; Dini təşkilatlar; Sosial xidmət təşkilatları; Tələbə təşkilatları (Kollec və Universitetlər); Gənclər təşkilatları;         Erməni kilsələri; Qəzetlər (gündəlik və həftəlik); Erməni Araşdırmaları dövrü nəşrləri; Məktəblər; Şənbə məktəbləri; Bazar günü məktəbləri; Erməni Araşdırmaları magistr proqramları; Erməni Araşdırmaları bakalavr proqramları; Ermənistanda Təhsil proqramları; Seminariyalar və Teoloji məktəblər; Təşkilatlar və Tədqiqat kitabxanaları;         Xalq kitabxanaları; Məktəb kitabxanaları; Kollec və Universitet kitabxanaları; Kilsə və Seminariya kitabxanaları;         Xüsusi kitabxanalar; Özəl kitabxanalar; Kitab köşkləri və kitab mağazaları; Kilsə kitab köşkləri; Kitab nəşriyyat evləri; Musiqi və videoyazı studiyaları; Radio proqramları; Televiziya proqramları; Təqaüdlər, qrantlar, kreditlər, yoldaşlıqlar; Bülletenlər, nəşrlər, jurnallar.
        İki əsrə yaxın müddətdə ABŞ-da yorulmadan anti-türk fəaliyyətini davam etdirən bu təşkilatlar içərisində ən mütəşəkkili 1984-cü ildə yaradılmış Amerika Erməni Assambleyasıdır (Armenian Assembly of Amerika-AAA). Bu təşkilatın müxtəlif ştatlarda regional şöbələri fəaliyyət göstərir. Vaşinqtondakı bu təşkilatın əsas qanadı Erməni Milli Komitəsidır. Amerika Erməni Assambleyası təşkilatının əsas qollarından biri də Erməni Xalq Komitəsidir. Bu komitə də iki əsas qola ayrılır:
        1. Erməni Xalq Komitəsi - qərb regionları bölməsi;
        2. Erməni Xalq Komitəsi - şərq regionları bölməsi
        Bu gün bu təşkilatla yanaşı daha çox siyasi fəaliyyətlə məşğul olan partiyalardan Erməni İnqilabçı Federasiyası-Daşnaqsütyunun, Şərqi Amerika Hınçaq Sosial Demokrat Partiyasının, həmçinin Milli Erməni Amerikan Cümhuriyyət Məclisinin fəaliyyətini xüsusilə qeyd etmək olar. İlk öncə Amerika Erməni Assambleyasının yaradılmasında əsas məqsəd və qarşıya qoyulan vəzifələri  aşağıdakı kimi ümumiləşdirmək olar:
        • ABŞ-dakı erməni diasporasının üzvlərini erməni mədəniyyəti, tarixi və incəsənəti ilə yaxından tanış etmək;
        • ABŞ demokratiyası daxilində ermənilərin fəaliyyətini gücləndirmək;
        • ABŞ-da vətəndaşlıq hüquqlarının pozulmasına qarşı mübarizə aparmaq;
        • ABŞ-ın Ermənistana yardımını daha da artırmaq;
        • Ermənistana konqres üzvlərinin gəlişini təşkil və təmin etmək;
        • Ermənistandakı siyasi və sosial təşkilatların fəaliyyətini gücləndirmək məqsədi ilə
müxtəlif lahiyələrlə yardım etmək və. s
        Həmçinin bu təşkilat aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir: 1. Akademik işlər;  2. Hökumət İşləri;  3. Ölkələrarası İşlər; 4. Xalqla əlaqələr və anti-iftira; 5. Mültəce İşləri və Tələbə İşləri.
        Amerika Erməni Assambleyasının əsas qollarından olmaqla bu gün ABŞ-da ən güclü və ən böyük Erməni-Amerikan siyasi qurumu olaraq fəaliyyət göstərən Erməni Milli Komitəsi bu ölkədəki diaspora ermənilərinin pozulmuş haqqlarının bərpası istiqamətində fəaliyyət göstərməkdədir. Eyni zamanda təşkilat Türkiyə başda olmaqla digər Türksoylu dövlətlərə qarşı anti-türk fəliyyətini davam etdirməkdə maraqlıdır. Əsas məqsəd guya ermənilərin tarix boyu Türksoylu xalqlar tərəfindən milli-etnik təmizləmə siyasətinə məruz qalmaları, həmçinin ərazilərinin Türksoylu xalqlar tərəfindən zorla  mənimsənilməsi və buradan davamlı olaraq müəyyən dövrlərdə ermənilərin kütləvi surətdə məhv edilməsidir. Fəaliyyətlərini bu cür iftiralar, uydurma iddialar üzərində quran diaspora təşkilatlarının əsas qayəsi də məhz Türk xalqlarına qarşı beynəlxalq kampaniya formalaşdırmaqdır. Bu istiqamətdə bütün gücünü səfərbər edən diaspora təşkilatları müəyyən qədər məsələnin beynəlxalq tribunalardan səsləndirilməsinə nail olmaqdadırlar. Bu işdə Qərb dövlətlərinin diasporaya verdiyi dəstək də xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Amerika Erməni Assambleyası ilə yanaşı ABŞ-da fəaliyyət göstərən mühüm siyası qurumlardan biri də Daşnaqsütyun partiyasıdır. Partiyanın qarşısına qoyduğu məqsəd müstəqil sosialist Ermənistan dövlətinin yaradılmasıdır. Xüsusilə, bu dövlətin sərhədləri Sevr müqaviləsinin şərtlərinə uyğun müəyyənləşdirilməlidir. Buraya Şərqi Anadolu vilayətinin 6 rayonu, Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ və digər ətraf ərazilər daxil edilməli idi. Bütün bu məkirli planlar partiyanın mətbu orqanı olan “Hayrenik” və “Ermənistan xəbərləri” qəzetlərində mütəmadi olaraq işıqlandırılır. Buradan göründüyü kimi, Azərbaycan və Türkiyə torpaqları hesabına “Böyük Ermənistan” dövlətinin yaradılmasına cəhdlər bu gün də diaspora erməniləri tərəfindən davam etdirilməkdədir. Bu istiqamətdə diasporanın apardığı anti-türk fəaaliyyəti bütövlükdə Türk Dünyasının birliyinin sarsıldılmasına, həmçinin ərazilərinin hissə-hissə zəbt edilməsinə yönəldilmişdir.
        Daşnaqsütyun partiyası ilə yanaşı ABŞ-da fəaliyyət göstərən ən böyük siyası qurumlardan biri də Hınçaq Sosial Demokrat Partiyasıdır. Partiyanın əsas məqsədi erməni xalqının milli maraqlarının bu ölkədə layiqincə qorunması, ermənilərin tapdalanmış haqqlarının müdafiəsi, həmçinin Türk millətini dünya ictimaiyyətinə “vəhşi, barbarlar” kimi tanıtdırmaqdır. Ölkədə çoxlu sayda işıq üzü görmüş kitab, jurnal, qəzet, buklet səhifələrində, həmçinin televiziya və radio verilişlərində bununla bağlı kifayət qədər dezinformasiyalar yayılmaqdadır.
        ABŞ-dakı erməni diasporasının əsas ideoloji mərkəzi funksiyasını yerinə yetirən Araşdırma mərkəzlərinin fəalliyyəti sistemli şəkildə həyata keçirilməkdədir. Müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən bu təşkilatlar diasporanın gələcək planlarının müəyyənləşdirilməsində, həyata keçiriləcək məsələlərin sistemli şəkildə sintez və analiz olunmasında mühüm əhəmiyyət kəsb edir. Əsas fəaliyyətlərini bu ölkənin ən nüfuzlu universitetlərində təşkil edən araşdırma mərkəzlərinin əsas məqsədi xüsusilə qondarma “erməni soyqırımı” ilə bağlı tədqiqatların daha çox elmi cəhətdən araşdırılması və bu istiqamətdə konfrans, simpoziumların təşkil edilməsidir. Həmçinin erməni diasporası daxilində erməni mədəniyyətini, dilini, tarixini, maddi mədəniyyət nümunələrini, musiqisini daha dərindən araşdırmaq və dünya ictimaiyyətinə çatdırmaq, dünyanın müxtəlif yerlərinə səpələnmiş diaspora ermənilərinin demoqrafik artım səviyyəsini müqayisəli şəkildə təhlil etmək, ailə daxilində doğum-ölüm hallarının  mütəmadi olaraq nisbətini, sağlıq durumunu, seçki kompaniyalarında iştirakını, vergi ödənişi zamanı yarana biləcək hər hansı anlaşılmazlığın dərhal aradan qaldırılmasını, kilsə tikintisinı və nəhayət kilsələrə gənc keşişlərin hazırlanmasını təşkil etməkdir. Eyni zamanda Türkiyə, Azərbaycan, Gürcüstan, İrandan daha çox torpaq mənimsəmək və bu torpaqların qədimdən  ermənilərə məxsus olduğunu xəritələrlə, saxta faktlarla sübut etməkdir. Ümumerməni milli hərəkatına (Hai Tahtda) bu və ya digər formada dəstək verən ABŞ-dakı araşdırma mərkəzlərindən aşağıdakıların adlarını xüsusilə qeyd etmək lazımdır:
        Amerika-Erməni Beynəlxalq Universiteti; Ermənistan Siyasi Təhlil, Tədqiqatlar və Planlaşdırma İnstitutu; Stres və Genosid Tədqiqatları üzrə Erməni-Amerika cəmiyyəti; Ermənistan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi; Ermənistan Film Fondu; Ermənistan Şəcərə Cəmiyyəti; Kaliforniya Dövlət Universitetinin Fresko Erməni Araşdırmalar Proqramı; Miçiqan-Derborn Universitetinin Erməni Araşdırmaları və Nəşriyyatı Mərkəzi; Kolumbiya Universiteti Erməni Araşdırmaları Proqramı; Emmanuel Universiteti; Harvard Universiteti Erməni Araşdırmaları Proqramı; Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assossasiya; Kvebek Erməni Araşdırmaları Birliyi; Müqəddəs Nerses Erməni Seminariyası; Miçiqan-Derborn Universiteti Araşdırmalar Mərkəzi yanında Erməni Tədqiqatları Cəmiyyəti; Kaliforniya Los-Anceles Universiteti; Konnektikud Universiteti Erməni Araşdırmaları üzrə Proqramı; Cənubi Kaliforniya Universiteti Ermənistan Musiqisinin Dostları Fondu; Müasir Ermənistan Tədqiqatları və Sənədləşdirmə üzrə Zoryan İnstitutu.
        Bu gün müxtəlif məzhəblərə qulluq edən dünya ermənilərini bir bayraq altında birləşdirməyə xidmət edən təşkilatların sayı durmadan artmaqdadır. Ümumerməni milli hərəkatının bir mərkəzdən idarə olunması istiqamətində bütün gücünü səfərbər edən təşkilatlardan, xüsusilə idman cəmiyyətlərini və xalq evləri birliyini misal göstərmək olar. Bu təşkilatların fəaliyyətinin əsas məqsədi Ermənistandan buraya gələn erməni gənclərini, idmançılarını olimpiya oyunlarına ruhlandırmaq və eyni zamanda onların maaliyyə problemlərinin həllinə nail olmaqdır. Bu gün ABŞ-da bu istiqamətdə fəaliyyət göstərən 21 belə təşkilat mövcuddur. İdman cəmiyyətləri ilə yanaşı Xalq Evləri Birliyi də bu gün diaspora daxilində xüsusi cəkiyə malik təşkilatlar sırasında yer almaqdadır. Ermənilərin bir bayraq altında birləşməsi uğrunda mübarizə aparan 11 belə təşkilat mövcuddur.
        Müasir dövrdə fəallığı ilə diqqət çəkən və daha geniş məkanda fəaliyyət gəstərən təşkilatlardan biri də Yurttaş Təşkilatları Birliyidir. Özündə müxtəlif profilli təşkilatları birləşdirən Yurttaş Birliyinə daxil olan təşkilatlardan bir neçəsinin adlarını qeyd etmək olar:
        Arabkir Birliyi; Ararat Erməni Cəmiyyəti; Ermənistan Ayntabtzı Assossasiyası; Ermənistan Quessariya Diaspora Birliyi; Ermənistan Los-Anceles Cəmiyyəti; Beylan Diaspora Birliyi; Bolsohay Mədəniyyət Assossasiyası; Çomoqlu Diaspora Cəmiyyəti; Konstantinopol Ermənistan Humanitar Cəmiyyəti; İstanbul A.B.G.U. İnşaat fakultəsinin Erməni Mədəniyyət Cəmiyyəti; Malatya Təhsil Assossasiyası (Massacusets ştatı); Malatya Təhsil Assossasiyası (Nyu-Cersi ştatı); Vaspurakan Ümumi Cəmiyyəti; Nyu-York İran-Ermənistan Cəmiyyəti; Kessaxp Ermənistanın Təhsil Assossasiyası; Musa Ler Assossasiyası; İstanbul Erməniləri Təşkilatı; Pan-Sebastian Reablitasiya Birliyi; Kafii Rumuniya-Erməni Assossasiyası; Zgert Erməni Assossasiyası; İstanbul Erməniləri Cəmiyyəti; Aintab Erməniləri Birliyi; Maraş Erməniləri Birliyi (Nyu-York ştatı); Maraş Erməniləri Birliyi (Kaliforniya ştatı); Urmiya Erməni Təşkilatı; Zeytun Həmvətənləri Assossasiyası.
        Müxtəlif məqsədlər üçün yaradılmış bu təşkilatların bütövlükdə əsas qayəsi gənc erməni nəslini bir araya toplamaq, onlara ümumtürk düşmənçilik duyğularını aşılamaq, qondarma “erməni soyqırımı”nın görünən və görünməyən tərəflərini dərindən öyrətmək və bununla bağlı çoxlu sayda kitab, buklet, qəzet, jurnallar nəşr etdirmək, diaspora icmaları arasında telekörpüləri mütəmadi şəkildə təşkil etmək və digər məsələlərin həlli istiqamətində səyləri birləşdirməkdir. Qeyd etdiyimiz iri lahiyələrin baş tutması üçün xeyriyyə fondlarının ayırdığı maaliyyə vəsaitləri də ümumi işin gedişinə müsbət təsirlərini göstərməkdədir.
        Qeyd etmək lazımdır ki, daha çox mütəşəkkilliyi ilə seçilən diaspora təşkilatları içərisində xüsusilə mədəniyyət təşkilatları fəallığı ilə seçilir. Müxtəlif ştatlarda fəaliyyət göstərən mədəniyyət təşkilatlarının ümumi sayı 89-dan artıqdır. Buna misal olaraq Ararat Fondunu, Amerika-Erməni Mədəniyyət Mərkəzini (Las-Veqas), Erməni Mədəniyyət Assossasiyasını (Vaşinqton) qeyd etmək olar. Bu təşkilatların yaradılmasında əsas məqsəd erməni gənclərinin erməni dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə, universitetlərinə, həmçinin 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən zərər çəkmiş vətəndaşlara maddi və mənəvi dəstək olmaq, işsiz erməniləri bir araya toplamaq, onlara bu işdə dəstək olmaq, erməni tələbələrinin ABŞ-ın ən nüfuzlu universitetlərində təhsil almalarına yardım etmək, işğal altında olan Azərbaycan torpaqlarındakı maddi-mədəniyyət abidələrinin erməniləşdirilməsinə yardım etmək və  dünya ictimaiyyətinə erməni abidələri kimi sırımaqdır.
        Müasir dövrdə informasiyanın kütləviliyi və əhəmiyyəti günü-gündən artmaqdadır. Kütləvi informasiya vasitələrinin yaradılması və maddi-texniki bazasının daha da təkmilləşdirilməsi, həmçinin xeyriyyə fondlarının bu işə külli miqdarda maaliyyə vəsaitləri xərcləməsi erməni diasporasının anti-türk fəaliyyətinin əsas prioritetlərindən birini təşkil etməkdədir. Diqqəti cəlb edən mühüm məsələlərdən biri də ABŞ-ın ən nüfuzlu nəşrlərindən olan “Nyu-York Tayms” qəzetinin səhifələrində erməni diasporasının uğurları və anti-türk fəaliyyətinin bu və ya digər tərəflərinin mütəmadi olaraq silsilə məqalələrlə işıqlandırılmasıdır. Burada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonların erməni əraziləri olduğu haqqında sərsəm və cəfəngiyyatla dolu saxta faktlar yerləşdirilmişdir. Bununla yanaşı burada ermənilərin qonşu dövlətlərə (Gürcüstan, Türkiyə) qarşı ərazi iddiaları və diasporanın bu istiqamətdəki fəaliyyəti ilə bağlı yazılara da tez-tez rast gəlinməkdədir. İki əsr müddətində yaradılmış çoxlu sayda kütləvi informasiya vasitələri erməni diasporası daxilində xüsusi çəkiyə malik Hınçaq və Daşnaq təşkilatları tərəfindən idarə olunmaqdadır.
        Qeyd etmək lazımdır ki, ABŞ-da erməni diasporası tərəfindən təsis olunmüş ən qədim qəzet 1899-cu ildən erməni dilində nəşr edilən “Hayrenik Weekly” qəzetidir. 1908-ci ildə Kaliforniyada erməni və ingilis dilində nəşr edilən “Asbaraz Armenian Daily” qəzeti də xüsusi mövqeyə malikdir. Bu qəzetlərlə yanaşı 1922-ci ildə Massaçusetsdə təsis edilmiş “Bakiar Monthly” və eyni tarixdə Kaliforniyada yaradılmış “Nor Or Semi-Weekly” qəzetləri də fəallığı ilə seçilməkdədir. Xüsusilə “Nor Or Semi-Weekly” qəzeti həftədə iki gün olmaqla yalnız erməni dilində nəşr olunmaqdadır. Çoxsaylı erməni və amerikan vətəndaşlarının rəğbətini qazanan bu qəzetlərlə yanaşı digər qəzetlər də erməni diasporası tərəfindən maaliyələşdirilməkdədir. Bunlara misal olaraq 1933-cü ildə ingilis dilində həftəlik nəşr edilən “Armenian Weekly”, həmçinin 1958-ci ildə ingilis dilində nəşrə başlayan “California Courier” qəzetlərini misal göstərmək olar.
        Qəzetlərlə yanaşı digər dövrü nəşrlərin fəaliyyəti də diasporanın diqqət mərkəzindədir. Bu gün ABŞ-da təxminən 17 adda dövrü nəşr fəaliyyət göstərməkdədir. Bunlardan 5-i Kaliforniyada, 3-ü Nyu-Yorkda, 4-ü Massaçusetsdə, 2-si Ohayoda, digərləri isə Vaşinqton, Miçiqan və İllinoisdə nəşr edilməkdədir. Dövrü nəşrlərin 4-ü erməni və ingilis dillərində, digərləri isə yalnız ingilis dilində yayınlanmaqdadır. Bunlara misal olaraq aşağıdakı dövrü nəşrlərin adlarını qeyd etmək olar:
        Ermənistan Linqvistika illik nəşri; Çikaqo Universiteti Slavyan Dilləri Fakultəsi yanında Qafqaz Araşdırmaları Mərkəzinin illik nəşri; “Ararat” jurnalı; Ermənistan Psixologiya Elmlər Assossasiyası Sosial Elmlər Bölməsinin Bülleteni; Ermənistan Numizmatik jurnalı; Erməni İcmalı; Kolumbiya Universiteti Erməni Araşdırmaları yayını; Aspora; Hay Şarjum (Erməni hərəkatı); Erməni Araşdırmaları jurnalı; Erməni Araşdırmaları Cəmiyyətinin Yaxın Şərq Dilləri Şöbəsinin jurnalı; Ermənistan Şeriyyatı jurnalı; Ermənistan Araşdırmaları Cəmiyyətinin Erməni Tədqiqatları Mərkəzinin nəşri; TransQafqaz Xronologiya və. s
        Müasir dövrdə daha geniş auditoriyaya hesablanmış və sürətlə inkişaf etməkdə olan kütləvi informasiya vasitələri içərisində televiziya və radio yayımları xüsusi çəkiyə malikdir. Dünyanın müxtəlif ərazilərini özlərinə məskən seçmiş ermənilərin bir bayraq altında birləşdirilməsində və maarifləndirilməsində, onlar arasında Türk düşmənçiliyinin daha da dərinləşdirilməsində, eləcə də diasporanın gələcək planlarının həyata keçirilməsində, xüsusilə ümumerməni milli hərəkatına bu və ya digər şəkildə yardım göstərilməsində televiziya və radio yayımlarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə inkişaf etməkdədir. Nəzərə almaq lazımdır ki, gecə-gündüz Türk düşmənçiliyinin daha da dərinləşdirilməsi istiqamətində yorulmadan çalışan televiziya və radio yayımlarına bu ölkənin erməni mənşəli maaliyə oliqarxlarının ayırdığı maaliyə yardımları ildən-ilə artırılmaqdadır. Milyonlarla dollarlar hesabına başa gələn mütəmadi ştatlararası tele körpülərin təşkil edilməsi, buraya varlı erməni iş adamlarının cəlb edilməsi, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni icmalarının ümumerməni milli hərəkatının inkişafına dəstək verməsi istiqamətində edilən çağırışlar bütövlükdə televiziya və radio verlişlərinin müştərək fəaliyyətinin nəticəsi kimi ortaya çıxır.
        Bu gün ABŞ-da erməni diasporasına məxsus çoxlu sayda kilsələr fəaliyyət göstərməkdədir. Bu ölkədə ilk dəfə 1881-ci ildə Massaçusets ştatında erməni kilsəsi inşa edilmişdir. Daha sonra inşası kütləvi hal alan erməni kilsələrinin sayı durmadan artmağa başladı. Belə ki, qısa müddət ərzində Nyu-Yorkda, Nyu-Cersidə, Kaliforniyada, Pensilvaniyada və digər iri şəhərlərdə erməni kilsələri istifadəyə verildi. Ermənilərə bu ölkədə sərbəst dini ritualların və ayinlərin keçirilməsinə çox münbit şərait yaradılmışdır. Təssüflər olsun ki, kilsələr  qarşıya qoyulan məqsəd və vəzifələri yerinə yetirməkdənsə daha çox irqi ayrı-seçkiliyin dərinləşməsinə, Türk düşmənçiliyinin kəskin xarakter almasına, eyni zamanda qondarma “erməni soyqırımı”nın ildönümlərinin yüksək səviyyədə təşkilinə maraq göstərməkdədir.
        Məlum olduğu kimi, tarixin müxtəlif dönəmlərində Türklərə qarşı milli-etnik təmizləmə və terror siyasətinin yerinə yetirilməsində erməni kilsələrinin çirkin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Mütəmadi olaraq terrorun maaliyyələşdirilməsi istiqamətində kilsələrin ayırdığı pullar biləvasitə bu ölkədə fəaliyyət göstərən Türk diplomatlarının məhv edilməsinə, onların ailə üzvlərinin yaşayış şəraitinin və təhlükəsizliyinin hər an pozulmasına, eləcə də bu ölkədə fəaliyyət göstərən Türk iş adamlarının normal ticarət fəaliyyətinin əngəllənməsinə sərf edilməkdədir. Amma bütün bu çətinliklərə baxmayaraq, bu ölkədə yaşayan və müxtəlif sahələrdə çalışan Türklər erməni terrorunun tezliklə aradan qaldırılması istiqamətində diasporaya hər cürə maddi və mənəvi dəstək verməkdədirlər.
        Beləliklə, apardığımız araşdırmalar nəticəsində gəldiyimiz son qənaətə görə ABŞ-da erməni diasporasının təşəkkülü və formalaşması uzun bir tarixi inkişaf mərhələsi keçmişdir. İlk olaraq XIX əsrın əvvəllərindən etibarən missionerlər tərəfindən ABŞ-a gətirilən erməni sənəkar və tacirlərin burada sərbəst ticarət əlaqələrinin qurulması, genişləndirilməsi və ardından erməni tələbələrinin yüksək təhsil almaları üçün ABŞ-a köç etmələri bütövlükdə burada erməni diasporasının təşəkkülünün başlanğıc mərhələsini təşkil etmişdir. Xüsusilə iki əsr müddətində ermənilərin buraya davamlı miqrasiyası nəticəsində ABŞ-da ermənilərin sayında kəskin artıma gətirib çıxarmışdır. Hal-hazırda ABŞ-da ermənilərin ümumi sayı 800 min – 1 milyon arasında dəyişməkdədir. Onların diaspora şəkilində birləşmələrinə, möhkəmlənmələrinə, lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına, müxtəlif səpkili təşkilat, dərnək, siyasi partiya və digər qurumlar yaratmalarına, xüsusilə anti-türk fəaliyyəti ilə bağlı intensiv çalışmalarına baxmayaraq Türkiyə diasporası ilə Azərbaycan diasporasının düşmənə qarşı apardıqları birgə mübarizə Azərbaycanın, eləcə də Türkiyənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə gətirib çıxarmışdır.

Bu yazı 1105 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :