-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Daş – bizi qədimdən bu günə qədər daşıyan vasitədir
Şiriftin ölçüsünü dəyiş

Saleh Kazımov
ilahiyyatçı

Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır?
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən-nəsilə bir yadigardır.

        Görkəmli Azərbaycan şairi Səməd Vurğun yazdığı bu bəndlə bizi qədimdən bu günə daşıyan vasitəçinin daş olduğunu bədii və poetik bir tərzdə tərənnüm etmişdir. İnsan ömrü çox qısa olsa da insanlıq tarixi çox qədimdir. Bəşəriyyət tarixinin keçmişi yüzilliklərlə, minilliklərlə və hətta milyon illərlə ölçülür. Milyon illərdən başayan bu tarix əsasən daşla bağlıdır. Paleolit, mezolit, neolit – bunların hamısı insanların istifadə etdiyi daş alətlərin adından götürülərək qədim, orta və yeni daş dövrlərini xarakterizə edir. İnsanlar mağaralarda yaşayaraq, daş alətlərdən istifadə etmiş, tədricən geniş bir zaman kəsimində inkişaf etmiş və bu proseslərin gedişində təkmilləşmişlər. Plutarx deyir: “Dünyanı gəzin dolaşın. Divarsız, ədəbiyyatsız, qanunsuz, sərvəti olmayan bir çox şəhərlər görəcəksiniz, lakin əsla məbədsiz və məbudsuz şəhər tapmayacaqsınız”. Qədimdən bəri insanın yaşaması və maddi varlığını davam etdirməsi onun üçün həyati əhəmiyyətli bir məsələ olmuşdur.  Maddi cəhətdən əhatəsində olduğu mühitin təsirlərindən qoruna bilmək üçün bir sığınacağa ehtiyac hiss edən insan, mənəvi arzularını təbii meyllərin təsirindən qoruya bilmək və onların əsarətindən azad olmaq üçün güvənilən bir sığınacağa da ruhən ehtiyac hiss etmişdir. Nə qədər qəribə olsa da insan ruhuna qida olan, mənəvi əhəmiyyət kəsb edən bir çox şeylər daşla, həmçinin daşlar üzərində həkk olunan yazılarla bağlıdır.
        Şanlı bir keçmişə malik olan türk millətinin inancları və həyat tərzi ilə bağlı bir çox məlumatı biz məhz Orxon-Yenisey kitabələrindən əldə edirik. Məhz orada Göy Tanrı xüsusiyyətləri çox qabarıq şəkildə həkk olunmuş və bu günün insanları məhz o abidələrdən və bilavasitə kitabələrdən dolğun məlumatlar əldə edə bilmişdir. Bu kitabələrdəki yazılarda Göy Tanrının xüsusiyyətləri bu formada xarakterizə olunur: “Göydədir, əzəli və əbədidir, tayı və oxşarı yoxdur, həyat bəxş edəndir, yaradandır, öldürəndir, öz iradəsi ilə hökm verir, köməklik edir, cəzalandırır, bəndəsinin duasını qəbul edir, əsirgəyən və bağışlayandır, hər şeyi ən yaxşı o bilir, insanlara bilik verir və yol göstərir”.
        Göy Tanrının xüsusiyyətləri ilə üst-üstə düşən İslamdakı Allah (c.c.) anlayışı da İslamın mənəvi abidəsi Qurani-Kərimin Bəqərə surəsinin “Ayət-əl-Kürsü” kimi bilinən 255-ci ayəsində belə göstərilir: “Allahdan başqa heç bir Tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!”
        Quran ayələrinin və bir çox əhəmiyyətli ifadələrin xüsusi bir ustalıqla daşlar üzərində həkk olunmuş xəttatlıq nümunələri bizim tariximizin daş nümunələridir. İslamdakı Allah (c.c.) anlayışı və bu imandan meydana çıxan yüzilliklərin daş yaddaşı olan məscidlər, məscidlərin içərisində daş yazılar bizi keçmişdən bu günə gətirən bir vasitədir. Quranın nazil olduğu ilk illərdə insanlar Quran ayələrini dəri üzərinə, heyvanların bel sümüyü üzərinə yazmaqla yanaşı daşlar üzərində də yazırdılar. Müəyyən bir müddət keçdikdən sonra bu yazılar bir yerə tolanaraq  kitab halına gətirilmiş və  möhtəşəm bir abidəyə çevrilmişdir.
        Bizi qədimdən bu günə daşıyan bir vasitə olan daşla bağlı çox maraqlı və nəzəri cəlb edən tərəf isə müqəddəs kitabımız Qurani-Kərimi təşkil edən ayə və surələrlərdir. Ərəb dilindən dilimizə keçən ayə sözünün mənası bir əlamət və dəlil olduğu halda, ayələrdən formalaşımış 114 müstəqil fəsli təşkil edən surə sözünün mənası isə bilavasitə daşla bağlıdır. Surə sözü məcazi mənada ayələrdən təşkil olumuş bir qala mənasını verir. Bu da daşlardan hörülmüş möhtəşəm bir qala divarı mənası verən sur sözündən meydana çıxmışdır. Göründüyü kimi daş bizim üçün heç də sırf maddi abidələrlə bağlı olmayıb həm də mənəvi abidələrimizlə bağlıdır ki, bunun bariz nümunəsini biz sur sözündə də görürük. Daş bizi qədimdən bu günə daşıyan bir vasitədir.
        Öz hədislərində Məhəmməd peyğəmbər (s.ə.s.) buyurur ki, erkən yaşlarda əxz olunan bilik daş üzərinə həkk olunan yazıya bənzəyir. Bilavasitə daşla bağlı olan tariximizin unudulması isə Bernard Levis tərəfindən çox fərqli bir formada ifadə olunmuşdur: “Tarix bir millətin hafizəsidir, tarixini bilməyən bir millət yaddaşını itirmiş bir insan kimidir”. Bəli, tarixin yaddaşında Memar Sinan kimi, Əcəmi Naxçıvani kimi böyük sənətkarların inşa etmiş olduğu camilər, məqbərələr və başqa abidələr vardır. Bunlar tarixin daş yaddaşıdır. Bizi qədimdən bu günə daşıyan vasitələrdir.
        Daş bir çöx mənalar daşıyan bir ifadə olaraq bəzən də müxtəlif sözlərlə yanaşı işlədilərək mühüm mənalar daşımaqdadır. Bu ifadələrdən biri də özül daşıdır. Daş bizi qədimdən bu günə gətirən bir vasitə olmaqla yanaşı həm də bizi bu gündən gələcəyə aparan bir vasitədir. Bu gün XXI əsrdə yaşayan insanların çox geniş imkanlara malik olduğu danılmaz bir faktdır. Kitablarala yanaşı elektron vasitələr də həyatımızın tərkib hissəsini təşkil edir. Bunların hamısı bu günümüzün nəaliyyətləridir. Çox maraqlı bir haldır ki, yaxın keçmişimizdə, həmçinin indinin özündə belə elekton və mobil rabitə vasitələrini çalışdırmaq üçün istifadə edilən batareyaların sinonimi olaraq “daş” sözündən istifadə olunur. Hansı ki, o daşlar vasitəsilə biz geniş bir dünyaya daxil oluruq. O dünyaya ki, orada həm keçmiş, həm də gələcək vardır. Tarixə nəzər saldıqda nə qədər insanın yaşadığını görmək olar. Amma onlardan nə bir iz, nə də bir nişan qalmayıb. Ömər Xəyyamın təbiri ilə desək

Biz getsək yenə də duracaq cahan
Bizdən qalmayacaq bir iz, bir nişan

        Təbi ki, burada söz insan cismindən gedir. İnsan oğlunun yaratmış olduğu sənət əsərləri, tarixi memarlıq nümunələri ondan geriyə qalan izdir, nişandır. Bu baxımdan da tarixin daş yaddaşı bizi qədimdən bu günə daşıyan bir vasitətir. Bu vasitələrlə biz keçmişimizi öyrənir və keçmişdən aldığmız biliklərlə, mənəvi güclə gələcəyə gedirik. Rus yazıçısı Andreyevin gözəl bir fikri var: “İrəliyə getmək üçün tez-tez geriyə baxmaq lazımdır. Əks halda haradan çıxdığımızı və haraya getdiyimizi unudarıq”. Bizi keçmişlə əlaqələndirən, keçmişə bağlayan vasitələrdən biri də məhz daş vasitələr və daş yaddaşdır. Bizi qədimdən bu günə daşıyan bir vasitə olan daşla bağlı yazını şair Məmməd Arazın aşağıdakı şeir parçası ilə bitiririk:

Qayaların keçmişini qayalara yazdım, deyə.
Onda Vətən sanar məni bir balaca Vətən daşı
Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı



1 Şərh əlavə edilmişdir


Ad və soyadı:  Vasif Nəbiyev

E-mail:              [email protected]

Şərh:                 Məqalə xoşuma gəldi. Bu məqalədə tarixi həqiqətlər özünü biruzə verir.

Bu yazı 1515 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :