-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

«Əkinçi»nin jurnalistika dərsləri
Şiriftin ölçüsünü dəyiş

Şamil Vəliyev
BDU-nun mətbuat tarixi kafedrasının
müdiri, professor

        Ən qədim dövrlərdən «Əkinçi»nin nəşrinə qədər Azərbaycanda informasiya mübadiləsi müasir jurnalistika vasitə və üsulları ilə olmasa da həyata keçitrilirdi. Belə ki, tarixən müxtəlif vasitələr, yəni yazılı və şifahi nitq materialları, xüsusən də bədii ədəbiyyat cəmiyyətdə tərəflərarası informasiyalaşmanı və sözün geniş mənasında ictimai ünsiyyətin qurulmasını təmin edirdi. Bu zaman bədiilik, obrazlılıq, rəmzilik və şərtilik nitqdə informativliyi üstələyir, fərdi-eqoist baxış və  davranışlar əsas götürülürdü. «Əkinçi»nin Azərbaycan dövrü mətbuatının ilk nümunəsi kimi meydana gəlməsi milli şüur və ictimai mühitdə altruizmin – özünü cəmiyyətinə həsr etmənin, sosial maraqların uğrunda mübarizənin əsasını qoydu və ümumxalq həyatı üçün mühüm əhəmiyyət kəsb edən həqiqətlərin qiymətini artırdı. Artıq hər hansı bir müəllif tərəfindən yazılan mətnlərdə fərdi duyğular, lirik-psixoloji düşüncələr, bədii-sentimental obrazlar deyil, ümumxalq maraqlarını ödəyəcək həqiqətlər, obyektiv gerçəklər ön plana keçirdi. Başqa sözlə desək bədii «yalanların»  yerini jurnalistin-mühərririn söylədiyi «qaibanə gerçəklər» alırdı. Bu baxımdan «Əkinçi» sadəcə ilk peşəkar-praktik işin başlanğıcı, Azərbaycan milli mətbuatının banisi kimi səciyyələnmir, o, həm də jurnalistikaya dair elmi-nəzəri fikrin və milli təcrübənin tarixi abidəsi kimi mühüm əhəmiyyət daşıyır. Əvvəla; ona görə ki,  «Əkinçi» milli mətbuatı yaratmaqla yanaşı, həm də ona dair jurnalistika ənənəsini də formalaşdırıb. Mətbuatın yaranması ilə birgə burada mətbuata münasibətin, qəzetçilik işinə dair elmi-ictimai fikrin formalaşması jurnalistikanın meydana gəlməsinə münbit zəmin yaradıb. İkincisi; «Əkinçi»də formalaşan jurnalistika XIX əsrin hüdudları ilə məhdudlaşmır, onun tarixi dərsləri bu gün də özünün yaradıcılıq meyarları ilə maraq doğurur, müasir dünya jurnalistikasının izlədiyi və qoruduğu liberalizm, obyektivlik, tərəfsizlik, qərəzsizlik prinsipləri ilə uzlaşır. «Əkinçi» bu həqiqətləri özünün fəaliyyətində əsas götürdüyünə görədir ki, indi onun tarixi dərslərindən, praktik işi ilə yanaşı yürütdüyü yaradıcılıq konsepsiyası, analitik prinsiplərdən geniş danışmaq və həm də bu təcrübə əsasında jurnalistikanın mahiyyətini, yaradıcılıq, axtarış sirlərini müasirlərimizə anlatmaq mümkündür.
        XIX əsrin ilk onilliklərində «Gülüstan» (1813), «Türkmənçay» (1828) müqavilələri ilə Azərbaycan ikiyə bölündükdən sonra milli ziyalıların yaşadığı «vətənsizlik, dilsizlik, dinsizlik, elmsizlik» dərdini H.Zərdabi sadəcə müşahidə etməklə kifayətlənmir, ona imperiyanın mərkəzində təklif olunan imtiyazlardan əl çəkərək vətəninə qayıtmağı və milli xidmətdə bulunmağı ilə tarixdə möhtəşəm yer tutur. Bu fikir ona görə öz təsdiqini tapır ki, H.Zərdabiyə qədər Azərbaycanda qəzet çıxarmaq arzusunda olanlar var idisə də, bu işi gerçəkləşdirən, ölkədə ictimai rəyi formalaşdıracaq ilk informasiya vasitəsini o yaratdı və «dördüncü hakimiyyət» adlandırılan fenomenin təşəkkülünə, inkişafına bütün ömrünü sərf etdi. H.Zərdabi «Əkinçi»dən sonra «Kaspi», «Həyat» kimi qəzetlərdə də həmin missiyanı davam etdirdi, milli jurnalistika məktəbinin yaranmasına çalışdı, mətbuatın ictimai fikir institutuna çevrilməsini varislərinə anlada bildi.
        H.Zərdabi XIX əsr Azərbaycanının problemlərini həll etmək üçün mətbuatın vəzifələrini şərh edərkən maarifçilik ideyalarını, «zəka səltənəti» arzularını bəyan etməklə yanaşı, həm də mövcud gerçəklikdə, elmdə, dildə və fikirdə dəyişikliklərə nail olmaq, reformalar aparmaq istəyini də açıq bəyan edir, müasirlərini bu yolda konkret əməli iş görməyə səsləyirdi. O, əski, arxaik elm və təhsildən, milli şüurdakı ənənəvi cəhalət və ətalət mənzərələrindən bu məqsədlə imtina edir, klassik divan ədəbiyyatının bədii «yalanlar»ını, gülə, bülbülə, meyə, məhbubə aludə olan qəhrəmanları tənqid hədəfinə çevirir, folklor nümunələri və yazılı ədəbiyyatdakı əsassız təşbehlərin gen-bol işlənməsi əleyhinə çıxırdı. Doğruları, gerçəkləri yaradıcılıqda ön plana çəkən H.Zərdabi qəzetin, mətbuat və jurnalistikanın vəzifəsini müəyyənləşdirərək deyirdi: «qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikibədindən xəbərdar olub onun əlacının dalıncan olsun.
        Amma bizim xalqın işlərinə baxanda bir əməli-kamil  görmək olmur ki, millət təəssübü çəkən qardaşlar ona fəxr etsin. Libasdan tutmuş bəzi yeməli şeylərəcən xarici dövlətlərdən gətirdirik. Pəs heç olur ki, bu yoxsulluğumuzdan danışanda onun səbəbi elmsiz qalmağımız olduğun bəyan etməyək?
        Ey qardaşlar, rəva deyil ki, sizin qəzetiniz də bircə qəzetiniz ki, «Əkinçi» olsun, sizə Əlif-Leyla nağılı etsin.
        Bu halda müsəlman milləti tufana düşmüş gəmi təkidir ki, hər ləpə onların bir hissəsini aparıb qərq edir. Belədə çox həmiyyətsizlik istər ki, qardaşlarımızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi çörəyi gövşəyən kimi Rüstəm Zalın nağılı oxuyub keçmişdə olanların qüvvətinə fəxr edək və öz qərq olmağımıza əlac etməyək.
        Pəs, dostum, doğru deyiblər ki, əlhəqq mürrün (doğru söz acı olur). Amma bizə hökm olub ki: qülil-həqq və lövh kanə mürrün (deyin sözün doğrusunu acı da olsa)!» «Əkinçi» qəzeti, 1876-cı il, №7.
        H.Zərdabi «Əkinçi»ni nəşrə başlayarkən onun «zəhmət və zərərini» düzgün müəyyənləşdirir, feodalizm ənənələrinin hökm sürdüyü Azərbaycanda «söz anlayan kəslərin» az olduğunu görürsə də, öz mövqeyindən əl çəkmir, doğru sözü, dünya haqqında həqiqətləri «ona qulaq verməyən kəslərə» (C.Məmmədquluzadə) söyləməkdən usanmırdı. Bu məqsədlə H.Zərdabi orta əsrlərin qaranlıqlarına aludə olan həmvətənlərini «zəka səltənətinə» qovuşdurmaq istəyir və bunun üçün hər şeydən öncə qəzetin – informasiya vasitəsinin vacibliyini vurğulayırdı. Dünyanın düzgün dərki və şərhini, həmvətənləri ilə dərdləşməni, xəbərləşmə və dialoqu milli-ictimai mədəniyyətin əsası sayan H.Zərdabi tarixdə şəxsiyyətin roluna nə dərəcədə qiymət verirdisə, qəzetin əhəmiyyətini də bir o qədər zəruri hesab edirdi. Buna görədir ki, H.Zərdabi «xabi-qəflətdə» qəflət yuxusunda olan müasirlərinin dünyanın gərdişindən xəbərdar olmasını ən vacib yaşam şərti sayırdı. O deyirdi: «qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlayan və pirşov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlayan kəslərdən elədiyimizə səbəb odur ki, bizə məlumdur bizim müsəlmanlar həmişə öz anlayan kəslərini əziz tutub onların sözlərinə əməl ediblər. Əlbəttə, anlayan və pirşov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və kuşeş etsinlər» («Əkinçi» qəzeti, 1875-ci il, №1).
        H.Zərdabi «Əkinçi»də jurnalist işinin mahiyyətini şərh edərkən xəbərçilik barədə geniş danışır, xəbərin hazırlanması texnologiyası və onun mənbələrinin düzgün müəyyənləşdirilməsi məsələsinə aydınlıq gətirirdi. Köhnə və vaxtı keçmiş, habelə ikinci, üçüncü əl tərəfindən hazırlanmış, təkrarlanmış xəbərin qəzet səhifələrinə çıxarılmasına etiraz edən H.Zərdabi «tazə xəbərlər»in əhəmiyyətini şərh edərək deyirdi: «Təzə xəbərlər cümləsində Osmanlı dövlətinin borcundan və bir iranlının Moskvada xaçpərəst olmadığından danışdıq, bu iki xəbər bizim xalqa xoş gəlməyib. Əvvələn, təzə xəbərləri biz özümüzdən yazmırıq. Onları xaricilərin qəzetlərindən yazırıq. Ona binaən ol xəbərlər dürüst də olmasa, onları eşitmək bizim xeyrimizədir. Ol səbəbə ki, onları oxuyub xaricilər bizlərə necə baxmağından xəbərdar oluruq. Saniyən, təzə xəbərləri yazanda biz səy edirik ki, müsəlman vilayətlərindən çox xəbər yazaq. Ona binaən ki, bizim xalqa ol xəbərlər gərək xoş gəlsin. Amma bizim müsəlmanlar elm və ədəbdən qaçmağına xaricilərə gülüş olublar. Ona binaən bizə xoş gələn xəbərlər onların qəzetlərində çox az olur. Bu səbəblərə yaxşı-yaman hər bir xəbəri yazdıq. Salisən, ol xəbərləri yazandan irəli təhqiq etmək müşküldür. Əgər onları təhqiq edib sonra yazsaq, gərək heç təzə xəbər yazmayaq» («Əkinçi» qəzeti, 1875-ci il №11).
        Göründüyü kimi, H.Zərdabi qəzetdə xəbərin təqdimi – zamanı, yalnız peşə və sənətkarlıq tələblərini irəli sürmür. Həm də, «bizim xeyrimizə, olanları oxuyub… xəbərdar» olmağı vacib sayırdı. Lakin yenə də hər şeydən yüksəkdə peşə və sənət həqiqətləri, obyektiv olan doğrular yüksəkdə dayanır. Xəbərə müdaxilə etməmək tələb olunur, «əgər onları təhqiq edib sonra yazsaq, gərək heç tazə xəbər yazmayaq» fikri diqqət mərkəzində saxlanırdı.
        H.Zərdabi «Əkinçi»nin vasitəsilə milli jurnalistikanın elmi-nəzəri əsaslarını formalaşdırır, qəzetçi tipini sadəcə yeni insan obrazında təqdim etməklə kifayətlənmir, onun xəbərçilik, haqpərəstlik, ədalətsevərlik, azadlıq aşiqi olduğunu ayrıca vurğulayır, jurnalistin qələm məhsullarında «lazım olan şeylərin», daha doğrusu xalqın «dərdi və xahişi»nin əsas yer tutmasını tələb edirdi. Tərəfsiz və qərəzsizlik, liberalizm tələblərinin rəhbər tutulmasını tələb edən H.Zərdabi obyektivlik prinsipi və dialoq, mübahisə-diskussiyanı milli jurnalistikanın ən ciddi meyarı kimi qiymətləndirərək deyirdi: «Hər bir vilayətin qəzeti ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsun. Əlbəttə, qəzetin belə ayna kimi olmağı xalq ilədir, yəni hər kəs gərək öz dərdini və xahişini qəzetlərində bəyan etsin ki, onların barəsində işdən xəbərdar olanlar mübahisə etməkliklə onların yaxşı-yamanlığını aşkar etsinlər, ta ki, o işi görən onun yaxşı, ya yamanlığından agah olub sonra peşimanlıq çəkməsin.
        Pəs hər bir qəzetin ümdə mətləbi mübahisədir və əgər bizim dünyadan və elmdən xəbərdar olanlarımız «Əkinçi» qəzetində yazılan mətləblər barəsində mübahisə başlasalar, çox şad oluruq. Amma çifayda, qəbirstanlıqdan səs gəlməyən kimi bizim xalqdan bir səda gəlmir. Qəzet oxuyanlar ol mətləblərə bir cavab yazmırlar.
        Belə olan surətdə  biz mübahisəyə həsrət olmaqdan savayı, hətta qəzetimizi oxuyanlar ondan narazı olduğunu da bu çağacan bilmirdik» («Əkinçi» qəzeti, 1875-ci il, №11).
        «Əkinçi»də çıxış edən əsas müəlliflər sırasında Mirzə Fətəli Axundov (vəkili-naməlumi-millət), Seyid Əzim Şirvani (Seyyid), Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani (Adıgözəlov), Əbülfət Şahtaxtinski, Gəncəli Hacı Məhəmməd Sadiq (Əhsənül-Qəvaid), Mirzə Həsən Əlqədari (Məmnunəlqədari), Məhəmmədtağı Əlizadə və başqalarının adını çəkmək olar. Onlar milli ictimai fikirdə «əkinçilik» hərəkatını formalaşdırmaqla ölkədə şəffaf informasiya mühiti uğrunda mübarizə apardılar. «Əkinçi»lərə arxalanan H.Zərdabi «Əkinçi»ni nəşr etməklə Azərbaycanda milli jurnalistika və dövrü mətbuatın əsasını – yeni ictimai-mədəni görüşlərin  formalaşmasına əsas yaratdı. Azərbaycan mətbuatının banisi
        xalqçılıq, millilik və bəşərilik ideyalarını yaydı,
        dini və dünyəvi elmləri təcriddə deyil, əlaqəli öyrənməyin faydasını izah etdi,
        fanatizm, xürafat və cəhalət əleyhinə ardıcıl mübarizə apardı.
        «Əkinçi» H.Zərdabinin təbirincə desək – «Rusiyada əvvəlinci Türk qəzeti» idi və bu böyük Azərbaycan mütəfəkkirinin doğru sözə inamından yaranmışdı. Görkəmli maarifpərvər deyirdi: «Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürür ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz, qanmazın başını deşib onun beyninə bərk əsər edər… Böylədə… qəzetə çıxartmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin… Heç olmaz ki, doğru söz yerdə qalsın». (H.Zərdabi. «Rusiyada əvvəlinci Türk qəzetəsi». «Həyat» qəzeti, 28 dekabr 1905-ci il, №129).
        «Əkinçi» nəşrə başladığı dövrdə Azərbaycanda şəffaf informasiya mühiti yox idi və yalnız ölkənin ərazisində məhdud şəkildə yayılan əcnəbi qəzet və jurnallardan məlumat almaq mümkün idi. Bunların haqqında «Əkinçi» qəzetinin səhifələrində fikir və mülahizələrə rast gəlmək mümkündür. «Əkinçi»nin müəllifləri və H.Zərdabinin istinad etdiyi qəzet və jurnalların sırasında «Ruznameyi-İran», «Türküstan», «İberiya», «Kafkaz», «Peterburqski vedomosti», «Politik korrespondent», «Tayms», «Tifliski vestnik», «Qolos», «Novı teleqraf», «Odesski vedemosti», «Tems» (fransızca İstanbulda). «Odesski vestnik», «Miqo Hayastan», «Mşak», «Pustoy», «Narodnı poveriya», «Pravitelstvenni vestnik», «Tifliski vedomosti», «Birjevoy vedomosti», «Naş vek», «Framdelbat» (İtaliya), «Droeba» (gürcü), «Debat» (fransız), «Korrespendas büro» (Vyana), «Purdez» (erməni jurnalı, 3 ayda bir İstanbulda çap olunan erməni qəzeti), «Məcməul-həvadis», «Ararat», «Hayranik», «Novoye vremya», «London qazet», «Pyuz» (Hindistan), «Morninq post» (İngiltərə), «Əxtər» (İstanbul, farsca), «Əndipindaş Belgi» (Hollandiya), «Ekonomi» (London), «Misyon katolik», «Kazanski iyerarxalni vedemosti», «Cavab» (İstanbulda ərəbcə çıxıb), «Press» və başqaları əhəmiyyətli yer tutur.
        Doğru sözə istinadla fəaliyyətə başlayan H.Zərdabi və əkinçilər dünya mətbuatına, zamanın ictimai-siyasi həqiqətlərinə, mövcud milli reallıqlara əsaslanaraq yazmağı və söyləməyi vacib bilirdilər.  Əsrlərdən bəri milli düşüncədə formalaşan və ehkama-doqmaya çevrilən ənənəvi təsəvvürlərin aradan qaldırılmasını, millətin xabi-qəflətdən oyanması, ətalət, cəhalət və xürafat «burulğanından» qurtulmasını ümdə vəzifə bilən H.Zərdabi və əkinçilər məhz doğru olana, obyektiv gerçəklərə əsaslanır, dünyanın düzgün dərki, təsviri, təhlil və tənqidini yaradıcılığın məqsədi sayırdılar.
        1877-ci ildə «Əkinçi»nin bağlanmasından sonra H.Zərdabi kəndlilərin və yoxsul şəhər əhalisinin haqq və hüquqlarını qoruduğuna  görə «arzuolunmaz» şəxs sayılırdı və dövlət üçün təhlükəli hesab edilirdi. Buna görədir ki, onun həyat yoldaşı Hənifə xanımın xatirələrində deyilir: «1877-ci ildən başlayaraq jandarmlar hər gün Həsən bəyin mənzilində qaravul dururdular».
        H.Zərdabinin işi və ideyalarını XIX əsrdə «Ziya», «Ziyayi-Qafqaziyyə» və «Kəşkül» kimi mətbuat orqanları, XX əsrin əvvəllərində mollanəsrəddinçi və füyuzatçı jurnalistlər davam  etdirdilər. H.Zərdabi «Kaspi», «Həyat» kimi mətbuat orqanlarında ardıcıl çıxış etmiş, elmi və publisistik əsərlərini nəşr etdirmişdir. Onun məqalələrinin mövzu dairəsi yerli mühitlə məhdudlaşmır, həm də Rusiya, İran, Türkiyə, Avropa, İngiltərə həyatını əhatə edir, oradakı inqilabi-demokratik hərəkatlara ayna tuturdu. Görkəmli Azərbaycan mütəfəkkiri Əlibəy Hüseynzadə onun mətbuata dair xidmətlərini qiymətləndirərək deyirdi: «Aləmi-İslam bir qaranlıq içərisində qaldığı zaman bu adam  əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi…»
        H.Zərdabinin mətbuat və jurnalistika haqqında dediklərindən bir neçə kəlmə bu mənada maraqlıdır;
        - Hər vilayətin qəzeti gərək o vilayətin aynası olsun.
        - Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq… xəbərdar olub, onun əlacının dalınca olsun;
        - Doğrunu söylə, acı olsa da;
        - Heç olmaz ki, doğru söz yerdə qalsın;
        - Doğru söz qızıl kimidir, sürtdükcə parıldar;
        - Boş söz danışmaqda heç bir fayda yoxdur;
        - Hər bir qəzetin ümdə muradı mübahisədir ki, aqil kəslər bir-birilə mübahisə edib işləri xalqa bəyan etsinlər…
        «Əkinçi» və əkinçilərin irsi ilə tanış olarkən bir daha inanırıq ki, jurnalistika haqq, ədalət, doğru və həqiqətləri axtarmanın tarix təcrübəsi nəticəsində meydana gəlmiş ictimai fəaliyyət və elm sahəsidir. Jurnalistika doğrunu axtarmaq, tapmaq və onu olduğu kimi başqasına, cəmiyyət üzvlərinə çatdırmaq sənətidir. Bunu doğruları söyləmənin tarix təcrübəsi təsdiqləyir. «Doğru söz söyləyəni doqquz köydən qovsalar da», «Düz söyləyən düzdə qalsa da» - bu belədir.
        Diqqətəlayiq məqamlardan biri də bundan ibarətdir ki, H.Zərdabi milli mətbuatın banisi oldusa da, «Əkinçi» və əkinçilər Azərbaycan jurnalistikasını «dördüncü hakimiyyət» səviyyəsinə yüksəldə bildilər, onun zəngin və koloritli palitrasını, üslub çoxçalarlığını formalaşdırmağa müvəffəq oldular
        H.Zərdabinin mətbuat və jurnalistikaya dair iş təcrübəsi, «Əkinçi»nin dərsləri, yaradıcılıq – sənətkarlıq ənənələri və ideyaları Azərbaycanda sistemli şəkildə davam etdirildi və bu gün də milli mətəbuatımızın elmi-nəzəri və metodoloji əsasını təşkil etməkdədir.

Bu yazı 1525 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :