-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Şiriftin ölçüsünü dəyiş

"Müasir İnkişaf” İctimai Birliyinin
9 illik fəaliyyətini əks etdirən
H E S A B A T


(5 iyun 2005-ci il – 5 iyun 2014-cü il)

Ümumi

"Tarix unudulmaz, Millət bölünməz, Torpaqdan pay olmaz!” fikrini əldə rəhbər tutan birlik öz fəaliyyətini Azərbaycançılıq ideologiyası, Türk-İslam ideyası üzərində qurur. Təşkilatın başlıca məqsədi Azərbaycanın Milli Dövlətçilik İdeologiyasının hazırlanmasına və yayılmasına çalışmaq, vətənpərvərliyi, milli-mənəvi dəyərləri, Azərbaycançılığı, Türk-İslam ideoloji prinsiplərini təbliğ etmək, bu istiqamətdə maarifçilik fəaliyyətini həyata keçirməkdir. Təşkilat eyni zamanda Azərbaycan-Türkiyə-İran Birliyinin qurulması, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına və İslam Əməkdaşlıq Təşkilatına inteqrasiya ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək olmağı qarşısına məqsəd qoyub. Qarşıya qoyulan məqsədə çatmaq üçün birlik bir sıra dövlət orqanları, yerli və beynəlxalq QHT-lər, KİV-lərlə yaxından əməkdaşlıq edir. Birliyin Təşkilat Komitəsi 11 yanvar 2005-ci ildə yaradılmış, 5 iyun 2005-ci il tarixdə Ümumi Yığıncaq keçirilmiş və təsis olunmuşdur. Toplantıda Birliyin İdarə Heyətinin, Nəzarət Təftiş Komissiyasının üzvləri, İdarə Heyətinin sədri seçilmiş, hər il Ümumi Yığıncağın keçirilməsi barədə qərar və növbəti il üçün fəaliyyət proqramı qəbul edilmişdir. Təşkilat 5 iyun 2005-ci il tarixdən 1 fevral 2006-cı il tarixədək «Türk-İslam Dünyası» İctimai Birliyi adı altında fəaliyyət göstərib. Birliyin 1 fevral 2006-cı ildə keçirilən növbədənkənar Ümumi Yığıncağında üzvlərin təklifi ilə təşkilatın adı «Müasir İnkişaf» İctimai Birliyi adlandırılıb. Təşkilat Ədliyyə Nazirliyinin 15 mart 2006-cı il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. 25 sentyabr 2011-ci ildən "Müasir İnkişaf” İctimai Birliyinin Ümumi Yığıncağında beynəlxalq təşkilat kimi fəaliyyət göstərməklə bağlı qərar qəbul edilib.


Milli İdeologiya araşdırmaları, Layihələr, Kitablar
Təşkilat yarandığı gündən Milli İdeologiya ilə bağlı, Azərbaycan dövlətinin ideoloji əsasları mövzusunda araşdırmalara başlamışdır. Bu mövzu ətrafında geniş ictimaiyyətin iştirakı ilə bir neçə böyük konfrans keçirilmişdir. Milli İdeologiya məsələsinin müzakirəyə çıxarılması, ziyalıların bu mövzuda bir araya gətirilməsi fikirlərin sistemləşdirilməsi ilə nəticələnmişdir. Nəticədə 2013-cü ildə Azərbaycan Respublikasının "Milli Dövlətçilik İdeologiyası” Konsepsiyasının ictimaiyyətin müzakirəsinə təqdim olunmuş ilkin variantı hazırlanmışdır.
Təşkilatın 2008-ci ildə həyata keçirdiyi "Türk yenilməz, Çanaqqala keçilməz” layihəsi çərçivəsində Osmanlı tarixinin şərəf səhifəsi olan Çanaqqala savaşına həsr olunmuş müsabiqə keçirilmiş, bu məsələ ilk dəfə olaraq sistemli şəkildə araşdırılmış, müsabiqə qalibləri olan jurnalistlər 2008-ci ildə Türkiyənin Çanaqqala şəhərinə səfərə göndərilmiş, yüzlərlə videodisk hazırlanaraq paylanılmışdır.
Təşkilat 2009-cu ildə "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin formalaşdırılması sahəsində kompleks tədbirlər” Layihəsini (Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə) həyata keçirmişdir. Layihə nəticəsində "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” Konsepsiyası hazırlanmış və müvafiq qurumlara göndərilmişdir.
Təşkilat Azərbaycanda Atatürk Mərkəzi və "Qismət” mətbəəsi ilə birlikdə "Türk Qafqaz İslam Ordusu və ermənilər”, "Missioner” kitablarının çapını, geniş ictimaiyyətin iştirakı ilə təqdimatını, onun Azərbaycan vətəndaşlarına çatdırılmasını təmin etmişdir.
Təşkilat 2011-ci ildə "Azərbaycan tarixi dərsliklərinin monitorinqi” Layihəsini (Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə) həyata keçirmişdir. Layihə nəticəsində "Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” adlı Konsepsiya hazırlanmış və müvafiq qurumlara göndərilmişdir.
Təşkilat 2013-cü ildə "Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı ilə) həyata keçirmişdir. Layihənin yekununda "Azərbaycan Milli Kimliyi” adlı kitab çap olunmuş, geniş ictimaiyyətin iştirakı ilə təqdimatı keçirilmiş, maraqlanan hər kəsə kitab pulsuz paylanılmışdır.
Təşkilat 2013-cü ildə "Dövlətçilik ideologiyamız necə olmalıdır?” layihəsini (Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə) həyata keçirmişdir. Layihənin sonunda Azərbaycan Respublikasının "Milli Dövlətçilik İdeologiyası” Konsepsiyasının ictimaiyyətin müzakirəsinə təqdim olunmuş ilkin variantı hazırlanmışdır. Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2013-cü ilin yekunlarına həsr olunmuş Hesabat konfransında "Nümunəvi layihə” kimi qiymətləndirilmişdir.


Tədbirlər
Təşkilat yarandığı gündən 5 iyun 2014-cü il tarixə kimi 50-dən çox tədbir gerçəkləşdirmişdir. Tədbirlərdə ümumilikdə 4000-dək şəxs iştirak etmişdir. Tədbirlər haqqında Kütləvi İnformasiya Vasitələrində təqdim olunmuş informasiyalar nəticəsində Azərbaycanla yanaşı bir çox ölkələrdə on minlərlə insana məlumatlar çatdırılmışdır. Tədbirlərdə iştirak edən şəxslərin sırasında alimlər, millət vəkilləri, ictimai xadimlər, siyasətçilər, diplomatik korpus təmsilçiləri, yazıçılar, şairlər, məmurlar, jurnalistlər, mədəniyyət və incəsənət xadimləri, rəssamlar, gənclər, xarici ölkələrdən gəlmiş şəxslər və s. iştirak ediblər. Müzakirə olunan məsələlər sırasında Azərbaycançılıq, Türk ölkələrinin iqtisadi əlaqələri, Türk Dövlətlərinin Parlament Assambleyası, Dünya Türklərinin Həmrəylik Günü, İslam dininin inkişafı, Azərbaycan təhsil müəssisələrində İslam dininin tədrisi, Azərbaycanın İslam dini modeli, Milli İdeologiya, Qloballaşmanın faydaları və ziyanları, Dağlıq Qarabağ problemi, Kütləvi İnformasiya Vasitələrinin durumu, Osmanlının şərəfli tarixi olan Çanaqqala savaşının araşdırılması, Türkmənçay və Gülüstan müqavilələrinin dövlətçiliyə vurduğu zərbənin ortaya çıxarılması, Nadir şah Əfşarın 320 illik yubileyi, Qafqaz İslam Ordusunun 90 illik yubileyi ilə bağlı kampaniya, Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin anılması, Bütöv Azərbaycan məsələsi, "Azərbaycan tarixi” dərsliklərinin monitorinqi, Milli Kimliyi formalaşdıran amillər kimi aktual mövzular olmuşdur. Təşkilatın tədbirləri sırasında Gürcüstanda fəaliyyət göstərən təşkilatla (Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyi) birgə gürcü alimlərinin iştirakı ilə Qafqazdakı münaqişələrlə bağlı 2011-ci və 2012-ci illərdə keçirilən beynəlxalq konfranslar geniş rezonans doğurmuşdur. Bundan başqa Türkiyənin Türk Ocaqları təşkilatının Bakı Təmsilçiliyi ilə birgə 2011-ci ilin sonlarında "Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili” ilə bağlı keçirilən beynəlxalq konfransın da ciddi nəticələri olmuşdur.


Təbliğat
Təşkilat 2005-2006-cı illərdə "Şərq” qəzetində Türk-İslam ideoloji prinsiplərinin təbliğinə xidmət edən 10-a qədər informasiya buraxılışı dərc etdirib.
Təşkilatın 2008-ci ilin iyun ayından "Türk Eli” adlı (on üç sayı çap edilib) jurnalı nəşr olunur. Jurnal 2006-cı ilin oktyabr ayından 2008-ci ilin iyun ayına qədər «Dialoq-XXI əsr» adı altında (üç sayı) nəşr olunub. "Türk Eli” elmi-ictimai-ideoloji maarifləndirmə sahəsində geniş təbliğat apara bilmişdir. Azərbaycanla yanaşı bir neçə ölkəyə də yayımlanan jurnalda dərc olunan məqalələrin müəllifləri alimlər, mütəxəssislər və s. şəxslər olmuşdur. Bununla da Türk-İslam ideoloji platformasına elmi-ideoloji ağırlıq gətirilmişdir.
Təşkilatın 2007-ci ilin yanvar ayından [email protected] adlı (Azərbaycanı və Türk Dünyasını hədəfləmiş) internet qrupu fəaliyyət göstərir. Qrupda 9000-ə qədər üzv var ki, onlar dünyanın 30-a qədər ölkəsini təmsil edirlər.
Təşkilatın 2008-ci ildən [email protected] adlı (Qərb ölkələrinin vətəndaşları, ingilis dilində oxuyanlar üçün) internet qrupu fəaliyyət göstərir. Qrupda 3150-ə qədər üzv var ki, onlar dünyanın 15-dən çox ölkəsini təmsil edirlər.
Təşkilatın 2010-cu ildən www.uluturk.info başlıqlı saytı fəaliyyət göstərir. uluturk.info Azərbaycanda milli-mənəvi dəyərləri təbliğ edən ideoloji saytlar sırasında daha çox məlumata malik və operativ informasiya yayan ən zəngin saytdır. 2013-cü ildən www.millikimlik.az saytı fəaliyyətə başlamışdır. Sayt fəaliyyətə başlayan kimi Milli Kimliyimizin formalaşmasında yer alan ideoloji məsələlərlə bağlı geniş təbliğat işləri həyata keçirmişdir. 2014-cü ildən xəbərləri hər gün yenilənən www.dialoq.info xəbər portal fəaliyyətə başlamışdır.
Təşkilatın 2014-cü ildə Kanal 13TV internet televiziyasında "Dialoq” Analitik Proqramı adlanan və geosiyasi problemlərin şərhini hədəf götürən verlişi fəaliyyətə başlamış, bir neçə buraxılışı efirə getmişdir.
Təşkilatın üzvləri görülən işlər, irəli sürülən təkliflərlə bağlı sosial şəbəkələrdə (xüsusən facebook) aktiv şəkildə təbliğat apararaq on minlərlə insana məlumat çatdırmışlar.
Təşkilatın YouTube-də Milli Kimlik (uluturk100) adlı səhifəsi açılmış, keçirilən tədbirlər və görülən işlərlə bağlı videolar burada yerləşdirilmişdir.
Təşkilatın, onun jurnalının və İdarə Heyəti sədrinin Vikipediada (beynəlxalq internet ensiklopediyası) ayrıca səhifələri yaradılmış, məlumatlar yerləşdirilmişdir.
Təşkilatın keçirdiyi tədbirlər, gördüyü işlər, təşkilat üzvlərinin açıqlamaları müntəzəm olaraq bir neçə yerli və xarici teleradiokanallarda işıqlandırılmış, onlarla qəzet və jurnalda gündəmə gətirilmişdir.


Dünya Türklərinin Həmrəylik Günü (Türk Dövlətlərinin Birliyi Günü)
ideyası gerçəkləşdi

Təşkilat, professor Oruc İbrahimoğlu Türksevər tərəfindən 2006-cı ildə gündəmə gətirilən Dünya Türklərinin Həmrəylik Günü ideyasının həyata keçməsi üçün bir neçə il ərzində Türk Ocaqlarının Bakı Təmsilçiliyi ilə birgə təbliğat aparmış və geniş tədbirlər keçirmişdir. Nəticədə Türk Dövlət Başçılarının 2010-cu ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən toplantısında qəbul edilən qərara görə hər ilin 3 oktyabr tarixi Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü kimi rəsmiləşdirilmişdir. Bununla da Təşkilatın təbliğ etdiyi ideyalardan daha biri həyata keçmiş oldu. İdeyanın həyata keçməsi nəticəsində bu tarixi hər il Azərbaycanda "Müasir İnkişaf” İctimai Birliyi gerçəkləşdirir. Bayram tədbirləri Bakı şəhərində 2012-ci ilin oktyabr ayının 3-də, 2013-cü il oktyabr ayının 5-də keçirilmişdir. Bununla yanaşı Dünya Türklərinin Həmrəylik Günü Türkiyədə də geniş şəkildə qeyd edilməkdədir. 2011-ci ilin 3 oktyabrında bununla əlaqədar Türkiyənin Ankara şəhərində Türk Ocaqları təşkilatı bu günü qeyd etmişdir. Tədbirdə Təşkilatın İdarə Heyətinin sədri Mübariz Göyüşlü iştirak və çıxış etmiş, Türk Ocaqlarının Türk Dünyasına Xidmət ödülü ilə mükafatlandırılmışır.


Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili ilə
bağlı həyata keçirilən kampaniya ilk hədəfinə çatdı

Təşkilatın 2010-cu ilin sentyabr ayından etibarən Türk Ocaqlarının Bakı Təmsilçiliyi ilə birgə Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili, Ortaq Türk Tarixi, Ortaq Türk Ədəbiyyatı (kitablar) ilə bağlı görülən işlərin sürətləndirilməsi üçün Türk Dövlət Başçılarına ünvanlanan Müraciətinə Azərbaycandan, Türkiyədən və Türk Dünyasının müxtəlif yerlərindən 150-ə qədər siyasi partiya, ictimai təşkilat, millət vəkili, qəzet və jurnal təmsilçisi imza atmışdır. Hər kəsin bu ideyanı dəstəkləməsi üçün Təşkilat tərəfindən 2011-ci ilin aprel ayından etibarən internet imzatoplama – internet dəstək kampaniyası başladılmış və dünyanın hər yerindən onlarla şəxs bu aksiyaya qatılmışdır. Türkiyənin Türk Ocaqları təşkilatı dövlət başçılarına təkliflərini göndərmişdir. Aparılan təbliğat nəticəsində ideya 2011-ci ildə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı da daxil olmaqla Türk Dünyasının aparıcı dövlətlərinin rəhbərləri və nüfuzlu şəxsləri tərəfindən dəstəklənmişdir. Nəticədə 2013-cü il aprelin 9-da prezident İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3-cü bəndində bununla bağlı layihələrin həyata keçirilməsinə göstəriş vermişdir. Eyni zamanda mərkəzi İstanbulda yerləşən Türk Konseyinin də 2013-cü ildən etibarən bu istiqamətdə fəaliyyəti aktivləşdiyi üçün ictimai dəstək kampaniyası ilk hədəfinə çatmışdır. Buna görə də imzatoplama kampaniyası yalnız bu ideyanı dəstəkləməklə qalmamış, bütövlükdə Türk Konseyinin qəbul etdiyi bütün qərarların dəstəklənməsinə istiqamətlənmişdir.


Vətəndaş Cəmiyyəti İttifaqı –
"Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın varisi
Vətəndaş Cəmiyyəti İttifaqının yaradılması ilə bağlı ilk təşəbbüs 2009-cu ilin avqust ayında irəli sürülüb. Həmin tarixdən 2010-cu ilin aprel ayınadək qurumda təmsil olunan təşkilatlar – "Müasir İnkişaf İctimai Birliyi, "Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi, "Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu, "Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, "Elmi Araşdırmalar” İctimai Birliyi qurumun təşkilatlanması istiqamətində çalışıblar. 29 aprel 2010-cu il tarixdə qurumun "Milli Tərəqqi Uğrunda” İctimai Koalisiya adı altında təqdimetmə tədbiri keçirilib. 2010-cu ilin oktyabr ayında Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası, 2013-cü ilin aprel ayında Demokratik İslahatçı Gənclər Birliyi və "Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyi Koalisiyaya üzv olublar və nəticədə burada təmsil olunan təşkilatların sayı doqquza çatıb. 2013-cü ilin may ayında qurumun yenidən təşkili həyatat keçirilib və bundan sonrakı fəaliyyətin Vətəndaş Cəmiyyəti İttifaqı adı altında davam etdirilməsi qərarlaşdırılıb. İttifaqın məqsədi QHT-lər, KİV-lər və s. qurumlar arasında koordinasiyanı təşkil etmək, ictimai problmlərin həllində onların fəaliyyətindən düzgün istiqamətdə yararlanmaqdır. Ötən müddət ərzində Koalisiyaya daxil olan təşkilatların nümayəndələrinin dövlət qurumlarında, BMT-nin və Türkiyənin Azərbaycandakı Səfirliklərində, iş adamlarının birləşdiyi təşkilatlarda görüşləri keçirilmiş və əməkdaşlıqlar qurulmuş, KİV-in iştirakı ilə aktual problemlərlə bağlı müzakirələr aparılmışdır.


"Avrasiya Dünyası” Araşdırma Mərkəzi –
"Türk-İslam” Araşdırma Mərkəzinin varisi
Təşkilatın Araşdırma Şöbəsinin bazasında 6 sentyabr 2008-ci ildə "Türk-İslam” Araşdırma Mərkəzi yaradılmış, 9 dekabr 2012-ci ildə adı dəyişdirilərək "Avrasiya Dünyası” Araşdırma Mərkəzi adlandırılmış, Əsasnaməsi qəbul edilmiş, strukturu müəyyən edilmişdir. Mərkəzin təşkilatçılığıyla 2009-2012-ci illərdə Azərbaycanda, Qafqazda və dünyada gedən geosiyasi proseslər; Beynəlxalq iqtisadi krizisdən sonra yaranmış situasiyada Türk və İslam dövlətlərinin geosiyasi durumu; Türkiyə və Ermənistan arasında imzalanmış protokol; İrana münasibətin müəyyən olunması; Milli kimlik; Uyğur Türkləri; Azərbaycanda yeni kommunizm təhlükəsi; Azərbaycan Xalq Cümhuriyyətinin dövlət qurluşu və idarəçilik problemləri; Türkiyə Cümhuriyyətində Konstitusiya dəyişikliyi və onun nəticələri; Din və ya dünyəvilik; Qərbin inkişafının səbəbləri və nəticələri; İdeoloji mübarizədə Kütləvi İnformaiya Vasitələrinin rolu; İslamda müxtəlif cərəyanlar və onların Azərbaycan cəmiyyətinə təsiri; Modernizm və çağdaş Azərbaycan cəmiyyəti; Azərbaycan-Türkiyə-İran Türklərinin Birliyi; Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının inteqrasiya imkanları; Milli kimliyin dərki; Erməni diasporasının formalaşması; Azərbaycanda beyin axını mövzularında ekspertlərin, mütəxəssislərin, alimlərin iştirakı ilə müzakirələr aparılmışdır. Müzakirələrin nəticələri geniş ictimaiyyətə, müvafiq qurumlara çatdırılmış və böyük maraq oyatmışdır.


Təşkilatın xarici ölkələrdəki Təmsilçilikləri
25 sentyabr 2011-ci il tarixdən Təşkilatın beynəlxalq qurum kimi çalışması üçün qərar qəbul olunmuşdur. Buna uyğun olaraq 29 aprel 2012-ci ildə Təşkilatın Gürcüstan Respublikasının Qardabani bölgəsi (Azərbaycan Türklərinin çoxluq təşkil etdiyi ərazi) üzrə, 14 oktyabr 2012-ci ildə Fransa Respublikasının Strasburq şəhərində Təmsilçilikləri yaradılmışdır. Bundan başqa Türkiyə və Rusiya ilə bu istiqamətdə işlər genişləndirilmişdir. Təşkilatın beynəlxalq konfranslar təşkil etmək və digər ölkələrdə də aktual mövzularla bağlı tədbirlər təşkil etməklə bağlı çalışmaları sürətləndirilmişdir.

"Vətənpərvər Gənclər” Klubu –
"Türk-İslam Dünyası” Diskussiya Klubunun varisi
Təşkilatın tərkibində 7 may 2005-ci ildə yaradılmış «Xəzər» Diskussiya Klubu, 2 mart 2007-ci il tarixdən «Türk-İslam Dünyası» Diskussiya Klubu (30 may 2010-cu il tarixədək fəaliyyət göstərmişdir), 16 sentyabr 2012-ci il tarixdən "Vətənpərvər Gənclər” Klubu adlandırılmışdır. Yeni adla fəaliyyət göstərən Klubun Əsasnaməsi tərtib olunmuş, strukturu müəyyənləşdirilmişdir. Bu da öz növbəsində diskussiyaların daha effektli şəkildə keçirilməsinə şərait yaratmışdır. Klubun təşkilatçılığıyla həm ali məktəblərdə, həm orta məktəblərdə, həm də müxtəlif ünvanlarda tələbə gənclərin və orta məktəb şagirdlərinin iştirak etdiyi 50-dən çox tədbir keçirilmişdir. Minlərlə gəncin və yeniyetmənin iştirak etdiyi tədbirlərdə Azərbaycançılıq, Türk-İslam ideologiyası, Milli İdeologiya, Türk Dünyası, İslam dini, Türk tarix, Türkün soykökü, qloballaşma, erməni terroru, gənclərin durumu, vətənpərvərlik və s. mövzularda keçirilmiş tədbirlərdə minlərlə tələbə gənc iştirak etmişdir. Tədbirlər eyni zamanda Azərbaycanın bir neçə ali məktəbində də təşkil olunmuşdur.


Əlaqələr, Səfərlər
Təşkilat Azərbaycandakı bir sıra dövlət qurumları, ictimai təşkilatlar, Kütləvi İnformasiya Vasitələri, ali məktəblər, elmi institutlarla, diplomatik korpuslarla yaxından əməkdaşlıq edir. Eyni zamanda Türkiyənin Türk Ocaqları təşkilatı, Avrasiya Yazarlar Birliyi, Türk Dünyası İnsan Hüquqları Dərnəyi, Qafqaz Araşdırmaları Mərkəzi, Gürcüstanda fəaliyyət göstərən Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyi, beynəlxalq təşkilatlar olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (bu təşkilatla birlikdə 2013-cü ildə layihə də həyata keçirilmişdir), Dünya Türk Gəncləri Birliyi ilə əməkdaşlıq edir.
Təşkilatın təmsilçiləri 2009, 2010 və 2011-ci illərdə Türkiyədə, 2010-cu ildə Gürcüstanda işgüzar səfərlərdə olmuş, 2010-cu ildə Kipr Türk Respublikasında keçirilən Beynəlxalq Türk Dünyası simpoziumunda, 2011-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən Türkiyədə Yaşayan Azərbaycan Türklərinin I Qurultayında, 2011-ci ilin oktyabr ayında Türkiyənin Ankara şəhərində Dünya Türklərinin Həmrəylik Günü tədbirində, 2014-cü ildə Türkiyənin Eskişəhər bölgəsində Türk Dünyası QHT-lərinin Zirvə Toplantısında iştirak etmişlər.


Əli bəy Hüseynzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatı
2011-ci ildə Birliyin İdarə Heyətinin qərarı ilə Əli bəy Hüseynzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatı təsis olunmuş və onun ildə bir dəfə Türk-İslam ideyasının yayılmasında əməyi olan şəxslərə verilməsi qərarlaşdırılmışdır. Nəticədə 2011-ci ildə bu Mükafat Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərova; 2012-ci ildə Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecimə; 2013-cü ildə isə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərova və Türk Ocaqlarının Bakı Təmsilçisi Xəlil Öztürkə verilmişdir.


"Xilaskar ordu” kampaniyası
Təşkilat 2008-ci il ərzində Qafqaz İslam Ordusunun 90 illik yubileyinə həsr olunmuş "Xilaskar odu” başlıqlı təbliğat kampaniyası keçirmişdir. Kampaniya nəticəsində Azərbaycan ictimaiyyətinə bolşevik hərbi qüvvsi olan XI Qızıl ordunun deyil Qafqaz İslam Ordusunun "Xilaskar ordu” adına layiq görülməsinin doğru olduğu çatdırılmış, eyni zamanda onun komandanlarının şərəfinə abidə ucaldılması təklif edilmişdir.


Xeyriyyə aksiyası
Təşkilat Türkiyənin Türk Ocaqları təşkilatının, Türkiyənin Azərbaycandakı Səfirliyinin Din Müşavirliyinin dəstəyi ilə 2007, 2008, 2009-cu illərdə Qurban bayramı münasibətilə 600-ə qədər imkansız ailəyə qurbanlıq əti paylamışdır.



Nəticə
Təşkilatın doqquz illik fəaliyyəti boyunca gördüyü işlər nəticəsində Milli Kimliyin formaşalaşmasında mühüm rol oynayan ideoloji məsələlərlə bağlı aparılan araşdırmalar sürətlənmiş, Azərbaycan dövlətinin ideoloji əsaslarının formalaşdırılması işində ciddi nəticələr əldə edilmişdir. Bundan başqa Türk-İslam ideoloji prinsiplərinin bir-birinə zidd olmaması, əksinə bir-birini tamamlaması, Türklük ideyasının əhəmiyyəti cəmiyyətə çatdırılmışdır. Əsrimizin əvvəllərində fəaliyyət göstərən Azərbaycan klassiklərinin Türk-İslam ideoloji platformasında və ideoloji sahədə gördükləri fəaliyyət araşdırılaraq təqdim edilmişdir.

Ən mühüm məqam 2010-cu ilin sentyabr ayında türk dövlət başçılarının Zirvə Sammitində Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının – Türk Konseyinin – Türk Keneşinin qurulmasıdır. Uzun müddət Türklük hərəkatını yürüdən insanlar, təşkilatlar TURAN qurulması üçün xeyli cəhdlər göstəriblər. Bu sırada Təşkilatın da bir damcı töhfəsi var. Məhz bu səbəbdən Türk Keneşinin, başqa adla desək TURAN-ın qurulması böyük uğurdur. Təşkilatın bundan sonrakı fəaliyyətində əsas hədəfi Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının gördüyü işlərin təbliğ edilməsi, bu qurumun möhkəmləndirilməsi üçün töhfələr verilməsi, onun sıralarının genişləndirilməsinə nail olunması tutur.

Azərbaycan-Türkiyə-İran Türklərinin Birliyi ideyası yeni bir ideya kimi cəmiyyətə təqdim edilmişdir. Bununla yanaşı bu Birliyin qurulması üçün xarici işlər nazirlərinin keçirdikləri görüşlər və qəbul etdikləri bəyannamələr dəstəklənmiş, konkret mexanizmlər (Azərbaycan-Türkiyə-İran Komissiyasının yaradılması) hazırlanaraq müvafiq qurumlara təklif edilmişdir.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hərbi birliyinin yaradılması zərurəti, Azərbaycanın İslam dini modeli, Türk Dünyasının Vahid Mətbu Orqanının, İnformasiya Agentliyinin, Jurnalının, Saytının, Radiosunun, Ortaq Tarix və Ədəbiyyat Kitablarının, Dil Birliyinə Aparan Terminlər Lüğətinin yaradılması, Qacar sülaləsinin Türksoylu olması düşüncəsi, Nadir şah Əfşarın Azərbaycan Türk hökmdarı kimi cəmiyyətə tanıtdırılması və gördüyü işlərin təbliğ edilməsinin vacibliyi cəmiyyətə təlqin edilmişdir.

Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü (3 oktyabr tarixi) kimi mühüm bir razılaşmanın əldə olunmasında, Türk Dövlətlərinin Parlament Assambleyasının, Türk Dünyasının ortaq televiziyası olan TRT AVAZ-ın yaradılmasında təşkilatın apardığı təbliğatın, gördüyü işlərin önəmli rol oynadığı inkarolunmaz faktdır.

Təşkilatın təşəbbüsü ilə Azərbaycanda milli-mənəvi dəyərləri təbliğ edən bir qrup ictimai təşkilat vahid İttifaq daxilində birləşmiş, Təşkilatın Araşdırma Mərkəzinin keçirdiyi tədbirlərdən əldə olunan təkliflərdən geniş ictimaiyyət yararlanmış, məlumatları müntəzəm şəkildə yeniləşən ideoloji saytlar, həmçinin xəbərləri hər gün yenilənən xəbər portalı istifadəyə verilmiş, Gürcüstan alimləri ilə birgə ermənilərə qarşı mübarizə aparılması barədə razılıq əldə edilmiş, minlərlər tələbə gəncin iştirakı ilə ideoloji marrifləndirmə işləri görülmüşdür.

"Tarix unudulmaz, millət bölünməz, torpaqdan pay olmaz” fikrini əldə rəhbər tutan təşkilat geniş ictimaiyyətə Azərbaycanın xilasının Türk-İslam Dünyasında, Türk-İslam Dünyasının inkişafının da Azərbaycansız mümkün olmaması fikrini çatdıra bilmişdir.




Bu yazı 1124 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :