-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türk Dilində Danışan Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısı
Şiriftin ölçüsünü dəyiş

        Türk Dilində Danışan Ölkələrin Dövlət Başçılarının X Zirvə Sammiti, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Roza Otunbayeva, Türkiyə prezidenti Abdullah Gül və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakıyla 16 sentyabr 2010-cu il tarixdə İstanbulda təşkil edilmişdir.
        Bu sənədi imzalayan Dövlət Başçıları,
        Türk Dilində Danışan Ölkələrin arasında ortaq tarix, dil, kimlik və mədəniyyətə söykənən ortaq mənfəətləri və münasibətləri inkişaf etdirmək, həmrəyliyi daha da gücləndirmək niyyətini təkrarlayaraq;
        Daha öncə təşkil edilən Türk Dilində Danışan Ölkələrin Dövlət Başçılarının Zirvələrinin faydalı nəticələrini və Naxçıvan Bəyannaməsi də daxil olmaqla, əvvəlki Zirvə Toplantılarının Bəyannamələrinin maddələrini təsdiq edərək;
        Türk Dilində Danışan Ölkələr arasındakı əhatəli əlaqələrin və həmrəyliyin Avrasiya coğrafiyasındakı regional və beynəlxalq əməkdaşlığı gücləndirəcəyi inamıyla;
        Helsinki Yekun Aktı başda olmaqla, Birləşmiş Millətlər Təşkilatının məqsəd və məramı ilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi sənədlərə bağlılıqlarını ifadə edərək;
        Suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq, güc tətbiq etməmək qaydalarına uyğun olaraq, dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyini gücləndirməyi qarşısına məqsəd qoyaraq;
        3 oktyabr 2009-cu il tarixində Naxçıvanda təşkil edilən Türk Dilində Danışan Ölkələrin Dövlət Başçılarının IX Zirvəsi zamanı, Türk Dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasına dair “Naxçıvan Bəyannaməsi”nin imzalanmasından məmnuniyyət ifadə edərək;
    aşağıdakı xüsusları açıqlamışlar:

        1.    Qırğızıstanda 27 iyun 2010-cu il tarixində həyata keçirilən referendumun müvəffəqiyyətlə reallaşdırılmasından məmnuniyyət ifadə edərək, bu ölkədə 10 oktyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinin regional sülh və sabitlik baxımından daşıdığı önəmi vurğulayaraq, bu keçid müddətində Qırğızıstana dəstək verməyi davam etdirəcəklərini təsdiq etmişlər.
        2.    Qazaxıstan tərəfindən Alma-Atada keçiriləcək Qırğızıstana yardım üçün Beynəlxalq Donorlar Konfransının toplanmasına dəstəklərini dilə gətirmiş və beynəlxalq ictimaiyyəti bu Konfransa ciddi bir şəkildə qatılmağa dəvət etmişlər.
        3.    İstanbulda keçirilən Türk Dilində Danışan Ölkələrin Dövlət Başçılarının X Zirvə Sammitinin Türk Dilində Danışan ölkələr arasında iki tərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlığın inkişafına dəstək olacağını vurğulamışlar.
        4.    Türk Dilində Danışan Ölkələr arasındakı ortaq tarix, mədəniyyət, kimlik və dil birliyinə söykənən qarşılıqlı mənfəətləri, əməkdaşlığı və həmrəyliyi inkişaf etdirmək niyyətlərini dilə gətirmişlər, bu sahədə, beynəlxalq və regional təhlükəsizlik, sabitlik və sülhün qorunması, demokratiya, insan hüquqlarına hörmət, hüququn aliliyini təsdiq etmişlər.
        5.    Türk Dilində Danışan Ölkələr arasındakı əməkdaşlığın və həmrəyliyin əsasını təşkil edən ortaq tarix dəyərlərinin və mədəni mirasın qorunmasının, gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayaraq bu istiqamətdəki çalışmaları dəstəklədiklərini dilə gətirmişlər.
        6.    Türk Dilində Danışan Ölkələr arasındakı münasibətlərin təhlükəsizlik istiqamətində, iqtisadi, mədəni, təhsil, elm, yerli özünüidarəetmə, qeyri-hökümət təşkilatları da daxil olmaq üzrə hər sahədə qarşılıqlı səfərlərin gerçəkləşdirilməsinə, təcrübə mübadiləsinə və əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulamış və xalqlar arasında əlaqələri gücləndirən parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulamışlar.
        7.    Terrorizm, radikalizm, insan alveri və qanunsuz miqrasiya, uyuşdurucu və psixotrop maddələr, silah qaçaqçılığı da daxil olmaq üzrə hər cür cinayət törədən təşkilatların yaratdığı beynəlxalq təhlükəsizliyə yönəlmiş təhdidlərlə mücadilədə əməkdaşlığın və ortaq mübarizənin əhəmiyyətini bir daha vurğulamış və bu məqsədlə öz aralarında beynəlxalq ictimaiyyətlə həmrəyliyin vacibliyini təsdiq etmişlər.
        8.    Sərhədlərin zorla dəyişdirilməsinin qəbul edilməyəcəyinə dair mövqelərini təkrar vurğulamış, beynəlxalq ictimaiyyətin, sülh və sabitliyi, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təhdid edə biləcək hücumlara qarşı mübarizəsinin gücləndirilməsinin beynəlxalq təhlükəsizliyin yaranmasında əsas vasitə olduğuna dair inamlarını açıqlamışlar.
        9.    Türk Dilində Danışan Ölkələrin ortaq həssaslıqlarının beynəlxalq təşkilatların gündəmində daha çox yer tutması üçün regional və beynəlxalq təşkilatlarda ortaq mövqe nümayiş etdirilməsinin əhəmiyyətinə diqqət yönəltmişlər. Bu məzmunda beynəlxalq tədbirlərdən əvvəl bir araya gələrək münasibətlərin inkişaf etdirilməsi və gücləndirilməsi baxımından əməkdaşlıq imkanlarının müzakirəsinin faydalı olacağını dilə gətirmişlər.
        10.    Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrlik etməsini və bunu müvəffəqiyyətlə həyata keçirməsini ATƏT-ə üzv dövlətlərin Qazaxıstana göstərdikləri etibarın göstəricisi olduğunu vurğulayaraq, Qazaxıstanın ATƏT-ə sədrliyi dönəmindəki nailiyyətlərinin davam etməsini arzulamışlar.
        11.    ATƏT-in İstanbul Zirvə Sammitindən on bir il sonra ATƏT-in növbəti Zirvə Sammitlərindən birinin Astanada keçirilməsinə görə ATƏT-in hazırkı sədri Qazaxıstanı təbrik etmişlər. 2010-cu ildə Qazaxıstanın liderliyində Aropanın təhlükəsizliyi ilə əlaqədar olaraq davam etdirilən dialoqun Astana Zirvəsində alınacaq qərarlarla daha yeni mərhələyə çatacağını gözlədiklərini ifadə etmişlər.
        12.    Asiyada Əməkdaşlığın və Etibar Artıran Tədbirlərin müəyyən edilməsi Konfransının (AƏEATK) Asiya qitəsində sülh və sabitliyə göstərdiyi dəstəyin əhəmiyyətini təsdiq edərək, AƏEATK-ın bir siyasi dialoq forumu olaraq, əməkdaşlığa söykənən təhlükəsizliyin təmin edilməsi istiqamətindəki cəhdlərinə real dəstəklərini bəyan etmişlər.
        13.    İstanbul Zirvəsi ilə AƏEATK-ın sədrliyinin bir Türk Cümhuriyyətindən başqa bir Türk Cümhuriyyətinə keçməsindən məmnuniyyət ifadə etmişlər. Qazaxıstanın sədrliyində təşkilatlanmasını müvəfəqiyyətlə başa çatdıran AƏEATK-ın, hazırda aktiv fəaliyyət dönəminə keçmiş olmasını qeyd etmişlər. Bu təşkilatın Asiyada etibar artıran tədbirlərin həyata keçirilməsində üzərinə götürmüş olduğu əsas vəzifə və məsuliyyətə işarə etmişlər.
        14.    Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrlik etməsi ilə Türkiyənin 2010-2012-ci ildə AƏEATK-ya sədrlik etməsinin, Avrasiyanın təhlükəsizlik zolağındakı əsas ölkələrin mövqelərinin uzlaşdırılması üçün yalnız çoxtərəfli əməkdaşlıq platformaları vasitəsilə, həmrəyliklə mümkün olduğunu dilə gətirmişlər.
        15.    Türk Ölkələrinin Beynəlxalq Mədəniyyət Təşkilatının (TÜRKSOY) ortaq dəyərlərin üzə çıxarılması, zənginləşdirilməsi, yayılması və tanıdılması ilə Türk Dilində Danışan Ölkələr və xalqlar arasında mədəni əməkdaşlığın dərinləşdirilməsi üçün vacib bir missiyanı yerinə yetirdiyini təkrarlamışlar.
        16.    Dünya mədəniyyətinin inkişafına önəmli dəstək verən zəngin Türk mədəni mirasının mühafizəsi və Türk Mədəniyyətinin dəstəklənməsi məqsədilə Bakıda ayrıca bir Fondun qurulmasının əhəmiyyətini təsdiq etmişlər.
        17.    TÜRKSOY-un 2012-ci il üçün Astana şəhərini Türk Mədəniyyət Paytaxtı olaraq elan etməsi təklifini dəstəkləmişlər.
        18.    Türk Parlamentləri Assambleyasının (TÜRK PA) Katibliyinin Bakıda fəaliyyət göstərməsindən məmnuniyyətlərini dilə gətirmişlər. TÜRK PA-nın Türk Dilində Danışan Ölkələrin parlamentləri ilə digər ölkələrin parlamentləri arasındakı əməkdaşlığının inkişafına dəstək olacağını qeyd etmişlər.
        19.    Türk Dilində Danışan Ölkələrin Dövlət Başçılarının IX Zirvə Sammitində imzalanan Naxçıvan Bəyannaməsi ilə qurulan - Türk Dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurasının üzv ölkələr arasında təşkilati yaxınlıq qazandıracağına və regional əməkdaşlığa müsbət təsir göstərəcəyinə dair inamlarını ifadə etmişlər.
        20.    Türk Dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurasının İstanbulda yerləşən Katibliyinin qurulması ilə bağlı çalışmaların son mərhələyə çatmasından məmnuniyyət duyduqlarını bildirmişlər. Naxçıvan Bəyannaməsinin qüvvəyə minməsinin ardınca Katibliyin ilk icraçı katibi vəzifəsini rəsmi olaraq üzərinə götürəcək Türkiyənin namizədi, səfir Xəlil Akıncının təyin edilməsi təsdiqlənmişdir.
        21.    Türk Dilində Danışan Ölkələrin Xarici İşlər nazirlərinə Naxçıvan Bəyannaməsində nəzərdə tutulan müvafiq sənədlərin yekun variantının hazırlanmasına və qəbul ediməsinə təlimat vermişlər.
        22.    Ticarət və iqtisadi sahədəki əlaqələrin bərabərlik və qarşılıqlı mənfəət qaydaları çərçivəsində inkişaf etdirilməsi ilə yanaşı sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, hidroelektrik, alternativ enerji və turizm də daxil olmaq üzrə bütün sahələrdəki əməkdaşlığın genişləndirilməsinə dair niyyətlərini ifadə etmişlər.
        23.    Türk Dilində Danışan Ölkələrin iqtisadiyyatının sürətli inkişafının biznes sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsi baxımından münbit şərait yaratdığını qeyd etmişlər və mövcud potensialdan maksimum səviyyədə istifadə edilməsinin əhəmiyyətini təsdiq etmişlər.
        24.    İqtisadi əməkdaşlığı genişləndirmək məqsədiylə Türk Dilində Danışan Ölkələrin Biznes Şurasının qurulmasını qərarlaşdırmışlar.
        Özəl sektora yeni şərait yaradılması və neftdən kənar sahələrdə inkişafın dəstəklənməsi məqsədiylə İstanbulda “Türk Dilində Danışan Ölkələrin İnkişaf Bankı” və ortaq bir Sığorta Şirkəti qurulması imkanını araşdırmağı qərarlaşdırmışlar.
        25.    Avropanın enerji təhlükəsizliyini təmin edən Xəzər hövzəsi enerji qaynaqlarının artan əhəmiyyətini təsdiq edərək, strateji Bakı-Tbilisi-Ceyhan neft boru xətti və Bakı-Tbilisi-Ərzurum təbii qaz xəttinin beynəlxalq enerji təhlükəsizliyinə və region ölkələrinin davam edən iqtisadi inkişafına xidmət etdiyinə dair inamlarını dilə gətirmişlər. Bu miqyasda Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin tutumunun artırılmasının və sözügedən boru xəttinin Aktau limanıyla bağlantısının əhəmiyyətinə diqqət cəlb etmişlər.
        26.    Türk Dilində Danışan Ölkələr arasındakı əlaqəni asanlaşdıracaq olan və 2012-ci ildə həyata keçirilməsi planlaşdırılan Bakı-Tbilsi-Qars dəmiryolu xəttinin eyni zamanda Avrasiya bölgəsindəki ticarət həcmini artıracağını, regional inkişaf və iqtisadi inkişafı asanlaşdıracağını dilə gətirmişlər və dəmiryolu əlaqəsinin qısa bir zamanda təsis edilməsinin əhəmiyyətini vurğulamışlar.
        27.    Elm, təhsil, mədəniyyət, sənət, turizm, idman və diğər sahələrdəki əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydalarını təsbit etmiş, Türk Dilində Danışan xalqlar arasındakı bəşəri təmaslara olan dəstəklərini və Türk Dilində Danışan ölkələrin gənclər təşkilatlarının bu fəaliyyətlərə dəstək göstərəcəkləri ilə bağlı gözləntilərini qeyd etmişlər.
        28.    Elm təşkilatları, təhsil təşkilatları və elm adamları arasındakı münasibətlərə dəstək olacaq konkret layihələrə dəstəklərini ifadə etmiş, təhsil sahəsindəki əməkdaşlığın genişləndirilməsinə olan ehtiyacı təsdiqləmişlər. Xalqlar arasındakı dostluğun gücləndirilməsi ilə daha yaxın bağlara sahib gələcək nəsillər yetişdirmək məqsədiylə təhsil sahəsindəki sənədlərin qarşılıqlı olaraq tanınması imkanını axtarmağın əhəmiyyətini qeyd etmişlər.
        29.    Türk Akademiyasının Astanada fəaliyyətə başlamasından məmnuniyyət duyduqlarını dilə gətirmiş və akademik sahədə əməkdaşlığın Türk Dilində Danışan Ölkələrin elmi təcrübələrinin üzə çıxarılması və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını dilə gətirmişlər.
        30.    Türkologiya sahəsindəki elmi qaynaqların, etnik-mədəni və etnik-turizmin dəstəklənməsinin, “Türk Akademiyası” çərçivəsində bir cəhd olan və qarşılıqlı anlayış ilə Türkologiya elmini inkişaf etdirməyi hədəfləyən Türk Tarix Muzeyi və Türk Kitabxanası qurulmasının əhəmiyyətini təsdiq edərək Türk Akademiyasının beynəlxalq təşkilat şəklində formalaşdırılması ehtiyacını vurğulamışlar.
        31.    Türk Akademiyasının fəaliyyətini dəstəkləmək məqsədiylə universitetlərarası bir birlik qurulmasını və bununla da universitetlər arasında ortaq təhsili də əhatə edəcək əməkdaşlıq modellərini təşviq edəcəklərini bəyan etmişlər.
        32.    Türk Dilində Danışan Ölkələrdə mövcud araşdırma sahəsindəki potensialdan birlikdə istifadə etmək və bu potensialı təşkilatlandırmaq yoluyla daha da inkişaf etdirmək məqsədilə xüsusi bir Fond qurulmasını qərarlaşdırmışlar.
        33.    İqlim dəyişikliyi və ətraf mühit mövzularında, beynəlxalq platformalar da daxil olmaq üzrə əməkdaşlığı artırmaq istədiklərini bəyan etmişlər.
        34.    Su qaynaqlarından əhatəli bir şəkildə istifadə etmək məqsədinə istiqamətlənmiş beynəlxalq əməkdaşlığı inkişaf etdirmək vacibliyini ifadə etmişlər.
        35.    Ətraf mühitin qorunmasının əhəmiyyətini vurğulayaraq, Aral Dənizi regionu və buzlaqların əriməsinin önlənməsi başda olmaqla ətraf mühitin durumunun yaxşılaşdırılması üçün tərəfləri təcili şəkildə tədbir görməyə çağırmışlar.
        36.    Regional və beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə, hər sahədə əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini, sıx münasibətlərin qurulmasını və ortaq hərəkət edilməsini hədəfləyən siyasi müşavirələrin daha üst səviyyəyə çıxarılmasına duyulan ehtiyacı təsdiq etmişlər.
        37.    Birləşmiş Millətlər Təşkilatının beynəlxalq və strateji problemlərin həllindəki, beynəlxalq təhlükəsizliyin və davamlı inkişafın təsisindəki və BMT Şərtində yer alan hədəflərin gerçəkləşdirilməsindəki rolunun gücləndirilməsinə xüsusi bir önəm verdiklərini bəyan etmişlər. BMT çərçivəsində davam etməkdə olan islahatların, BMT-nin beynəlxalq mövzulardakı aparıcı rolunun qüvvətlənməsinə, sahib olduğu imkanların, beynəlxalq hüquq sisteminə yonəlmiş yeni təhdidlərə qarşı təsirli tədbirlər göstərməsi vacibliyini təsdiq etmişlər.
        38.    Oktyabr 2010-cu ildə keçiriləcək seçkilərdə Azərbaycanla Türkiyənin 2010-2014-cü illər üçün Belnəlxalq Telekommunikasiya Birliyinə namizədliyini və Qırğızıstanın, Birliyin Radio Tənzimləmə Qurumuna (Region “C”) namizədliyini dəstəklədiklərini bəyan etmişlər.
        39.    BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) İcraçı Qurumuna 2011-2015-ci illərdə üzvlüyü üçün oktyabr 2011-də keçiriləcək seçkilərdə Türkiyəyə dəstək verdiklərini dəyan etmişlər.
        40.    BMT-nin İnsan Hüququları Təşkilatına 2012-2015-ci illərdə üzvlük üçün 2012-ci ildə keçiriləcək seçkilərdə Qazaxıstanı, 2013-2016-ci illərdə üzvlük üçün 2013-cü ildə keçiriləcək seçkilərdə Türkiyəni dəstəklədiklərini dilə gətirmişlər.
        41.    Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikasının 2011-ci ildə keçiriləcək seçkilərdə 2012-2013-cü illər, Qazaxıstanın 2016-cı ildə keçiriləcək seçkilərdə 2017-2018-ci illərdə BMT-nin Təhlükəsizlik Şurasının Müvəqqəti Üzvlüyünə namizədliklərini ciddiyyətlə qiymətləndirəcəklərini təsdiq etmişlər.
        42.    Türkmənistan və Qırğızıstan Rüspublikasının 2012-ci ildə keçiriləcək seçkilərdə 2013-2015-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzvlüklərinə dəstəklərini ifadə etmişlər.
        43.    İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində ortaq dəyərlər təməlində həmrəylik və əməkdaşlığın gücləndirilməsi vacibliyini vurğulamışlar.
        44.    Qazaxıstanın 2011-ci idə İKT Xarici İşlər Nazirləri Şurasının Sədrliyini üzərinə götürməsini məmuniyyətlə qarşılayaraq, Sədrlik müddətində Qazaxıstana dəstək verəcəklərini təkrarlamışlar.
        45.    İKT-yə üzv olan ölkələr arasındakı ticarətin artırılmasına yönəlmiş İKT Ticarət Sisteminin formalaşdırılmasının iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi yönündə önəmli rol oynayacağına dair inamlarını ifadə etmişlər.
        46.    İqtisadi Əməkdaşlıq Təşkilatının gücləndirilməsinə və təsirinin artırılmasına yönəlmiş cəhdlərə dəstək göstərəcəklərini təsdiq etmişlər.
        47.    Avropa Birliyi (AB) platformaları ilə dialoq və əməkdaşlıq içində olma yönündəki ortaq iradələrini dilə gətirmişlər.
        48.    Əfqanıstanda sabitlik və yenidən inkişafın təmin edilərək, bu ölkənin qonşularıyla sülh və əməkdaşlıq mühitində yaşamasına olan dəstəklərini ifadə etmişlər. 18 sentyabr 2010-cu il tarixdə Əfqanıstanda gerçəkləşdiriləcək parlament seçkiləri vəkili seçkilərinin, ölkədə milli birlik və həmrəyliyi qüvvətləndirməsi, cəmiyyətdə birliyin yaranacağı ilə bağlı güclü gözləntiləri ortaya qoymuşdur. “Asiyanın Qəlbində Dostluq və Əməkdaşlıq üçün İstanbul Bəyannaməsi”ndə ortaya qoyulan məqsədin təməlində, Əfqanıstan mərkəzli regional əməkdaşlıq əlaqələrinin artırılmasına dəstək göstərilməsi niyyətlərini ifadə etmişlər.
        49.    İraqın suverenliyinin və ərazi bütövlüyünün qorunması və İraq cəmiyyətinin ayrılmaz bir parçasını təşkil edən Türksoylu xalqın hüquq və müstəqilliklərinin zəmanət altına alınması vacibliyinə diqqət çəkmişlər.
        50.    İsrailin 31 may 2010-cu il tarixdə Qəzzaya insani yardım aparan konvoya qarşı beynəlxalq sularda həyata keçirdiyi və doqquz günahsız mülki şəxsin öldürülməsiylə nəticələnən hücumunu dərin kədərlə qarşılamışlar. Regional sülh və təhlükəsizliyi təhdid edən bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması və beynəlxalq hüquqa sayğı anlayışının oturuşdurulması məqsədiylə, sözügedən hadisənin araşdırılması üçün BMT Baş Katibi Pan Gi-Mun tərəfindən yaradılan İstintaq Panelinin vəzifəsini 1 iyun 2010 tarixli BMT Təhlükəsizlik Şurasının ləfzi və ruhuyla uygun gələn şəkildə, beynəlxalq standartlara uyğun, sürətli, tərəfsiz, mötəbər və şəffaf bir şəkildə yerinə yetirməsinə verdikləri önəmi vurğulamışlar. BMT İnsan Hüquqları Şurası tərəfindən təsis edilən “Məlumat Toplama Missiyası”nın fəaliyyətlərini, İstintaq Panelinin çalışmalarını tamamlayıcı bir ünsür olaraq dəstəklədiklərini ifadə etmişlər.
        51.    İranın nüvə proqramına dair anlaşılmazlığın dialoq və diplomatiya yoluyla həll edilməsinin regional və beynəlxalq sülh və sabitlik baxımından daşıdığı önəmi vurğulamışlar. Bu səbəbdən nüvə yanacağının mübadiləsi ilə bağlı 17 may 2010-cu il tarixdə Tehranda imzalanmış Ortaq Bəyannamənin həyata keçirilməsinin anlaşılmazlığın əhatəli və davamlı həlli üçün vacib dialoq mühitinin yaranmasına dəstək olacağına inandıqlarını dilə gətirmişlər. Beynəlxalq ictimaiyyət tərəfindən ələ keçirilən bu fürsət pəncərəsindən doğru bir şəkildə istifadə edilməsi çağrışı etmişlər.
        52.    Türkiyənin AB üzvlüyü hədəfini dəstəkləyərək, bu müddətin mövcud təəhhüdlər çərçivəsində irəlilədilməsi çağrışını etmişlər. Eyni zamanda Avrasiya coğrafiyasının da önəmli bir ölkəsi olan Türkiyənin AB üzvlüyünün bu coğrafiyanın siyasi, iqtisadi və ictimai inkişafına şərait yaradacağına, region ilə AB arasındakı ipləri möhkəmlədəcəyinə inandıqlarını vurğulamışlar.
        53.    Kiprdə iki tərəf arasında davam edən əhatəli çözüm müzakirələrinə dəstəklərini bildirərək, Kipr probleminin liderlərin ortaq açıqlamalarıyla müəyyən etdikləri çərçivədə yeni bir ortaqlıq qurulması surətiylə, BMT         Baş Katibinin 11 may 2010-cu il tarixli xoş niyyət hesabatında da ortaya qoyulan hədəf istiqamətində 2010-cu ilin sonundan etibarən əhatəli həllə yetişməsi gözləntilərini dilə gətirmişlər. Kipr Türk xalqının beynəlxalq miqyasda hər hansı bir qanuni əsası olmayan təcridinin tezliklə aradan qaldırılması xüsusunda BMT və İKT tərəfindən edilən çağrışları dəstəkləmişlər.
        54.    Cənubi Qafqazda davamlı sabitliyin və regional əməkdaşlığın önündəki maneələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin və bunun yol açdığı regional sabitsizliyin Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında, sül yoluyla həll edilməsinə önəm verdiklərini ifadə etmişlər. Ermənistan-Azərbaycan Yuxarı Qarabağ probleminin həllinin Avrasiya coğrafiyasında sülh, sabitlik və rifahın qorunması yönündə konkret bir irəliləmə gətirəcəyinə dair inamlarını dilə gətirmişlər.
        55.    Bir BMT cəhdi olan və mədəniyyətlər arasında qarşılıqlı sayğı, uzlaşma, dözümlülüyün möhkəmləndirilməsinə önəmli dəstək göstərən Mədəniyyətlər İttifaqına verdikləri dəstəyi və Türk Dilində Danışan Ölkələrin İttifaqının çalışmalarına göstərdikləri ciddi maraqdan duyduqları məmuniyyəti dilə gətirmişlər.
        56.    Qazaxıstanın rəhbərliyi ilə keçirilən Səmavi və Ənənəvi Dini Liderlər Konqresinin və Azərbaycanda 26-29 aprel 2010 tarixində təşkil edilən Dünya Dini Liderlər Zirvəsinin fərqli mədəniyyətlər və inanclar arasındakı anlayışın qarşılıqlı olaraq güclənməsinə göstərdiyi qatqını məmuniyyətlə təsdiq etmişdir.
        57.    Naxçıvan Bəyannaməsinin imza gününün ildönümünün (3 oktyabr) Türk Dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü olaraq qeyd edilməsini təşviq etməyi qərarlaşdırmışlar.
        58.    2011-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliklərini qazanmalarının 20-ci ildönümünü birgə fəaliyyətlər təşkil etmək surətiylə qeyd etməyi qərarlaşdırmışlar.
Bu çərçivədə 2011-ci ildə Aşqabadda Türk Dilində Danışan Ölkələrin mədəniyyət festivalını təşkil etməsi istiqamətində Türkmənistanın təklifini məmuniyyətlə qarşılamışlar.
        59.    Türk Dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurasının Birinci Zirvəsinin 2011-ci ildə Qazaxıstanda, İkinci Zirvəsinin isə 2012-ci ildə Qırğızıstanda təşkil edilməsini qərarlaşdırmışlar.
        60.    Qonaqlar Zirvə Sammitinin nəticələrindən duyduqları məmuniyyəti bəyan edərək, onlara göstərilən hüsnü qəbul və qonaqsevərlikdən ötrü Türk xalqına və Türkiyə prezidenti Abdullah Gülə təşəkkürlərini ifadə etmişlər.
        16 sentyabr 2010-cu il tarixdə, İstanbulda Azərbaycan Türkcəsində, Qazaxıstan Türkcəsində, Qırğızıstan Türkcəsində və Türkiyə Türkcəsində imzalanmışdır.

        Azərbaycan Prezidenti İlham Əliyev
        Qazaxıstan Prezdenti Nursultan Nazarbayev
        Qırğızıstan Prezidenti Roza Otunbayeva
        Türkiyə Prezidenti Abdullah Gül

Bu yazı 835 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :