-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Əhməd bəy Ağaoğlunun Türklük məfkurəsi
Şiriftin ölçüsünü dəyiş

Dr. Gülarə Yenisey

        Bir çox qərbli araşdırmaçılar millətçiliyin ideoloji baxımdan İslam Dünyası ilə zidd olduğunu iddia edirlər. Çünki onlara görə İslam öncəsi cahiliyyə dönəminə aid qəbiləçiliyi yada salmaqdadır. Beləliklə, millətçilik qavramları, İslamın təməl fəlsəfəsi ilə təzad təşkil edir, milli dövlət modeli isə İslamı siyasətdən ayıraraq dünyəvi məsələlərin çözülməsi işindən uzaqlaşdırmağa səy edir. Yeni millətçilik, dinin siyasətdən, dinin dövlətdən ayrı tutulması vacibliyini irəli sürür. Yaxud da müsəlmanların dünyəvi siyasi probleml’rin həll edilməsində İslamın mərkəzi rol oynamasını qəbul etmir. Qərbli araşdırmaçıların fikrincə, İslamda dövlət coğrafi deyil, ideoloji bir qavramdır. İslam bütün inananlar topluluğunu əhatə edir. Digər yandan, dövlət dünyəvi gücün təməl qurluşu olub, cəmiyyəti, ulusu və ya ümməti (umma) xarici düşmənlərdən qorumaqla, inananların öz həyatlarını itaətli müsəlmanlar olaraq idarə edə bilmələrini təşkil etməlidir. Dövlət, şəriətin tətbiqini, dəstəklənməsini, onun hökümlərinə uyğun idarə ilə qarantiya altına almaqdadır. İslamın, din və dövlət olduğunu vurğulamaqla iqtidarı müqəddəsləşdirir. Bəzi qərbli araşdırmaçılar, inanclarına baxmadan ölkənin bütün vətəndaşlarına bərabər davranılması fikrinə əsaslanan dünyəvi qanunlar altında milli birliyi yaradan ulus dövlət düşüncəsinin İslami doktrina tərəfindən rədd edildiyini irəli sürürlər. Ancaq qərbli araşdırmaçıların tərsinə, Türk Dünyasının fərqli bölgələrindən olan (Krım, İdil boyu tatarları və Azərbaycan) İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Yusif Akçura, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Mirzəbala Məmmədzadə, Məhəmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlu kimi məhşur filosoflar XIX əsrin sonu – XX əsrin başlanğıcında qələmə aldıqları əsərlərdə İslam və millətçilik düşüncəsi məsələlərini çox fərqli perspektivdə incələmişlər. İslami və Türklük cərəyanları arasında müzakirələrin sürdüyü bir dövrdə bəzi pan-islamist aydınların görüşləri, Türklük düşüncələrinin vurğulanmasının İslam Dünyasının bütövlüyü baxımından zərərli olduğu yönündə idi. Halbuki, yuxarıda adı qeyd edilən aydınlar Türklüyü, İslam Dünyasının bir parçası, bir strateji hədəf, Qərb qarşısında geriləyən Şərqin yenidən yüksəlişi və İslamın ehyasına çatmaq üçün bir vasitə olaraq görürdülər. Türklüyü İslama bir alternativ olaraq deyil, bir vasitə olaraq görən millətçi aydınlar, İslamiyyətin tarix üstü dəyərlər toplusu və inancı təşkil etdiyini, ulusçuluğun isə tarixlə və onun formalaşdırdığı yerli və etnik özəlliklərlə yaxından əlaqədar olduğunu irəli sürürdülər. İslam Dünyasındakı bu iki fərqli görüş zamanla, İslam dininin tarix üstü dəyərlərinin birbaşa ehyasına yönələn və gedərək fundamentalizmə keçən idealist bir xəttə, digəri isə İslam cəmiyyətlərinin gerçəkliyinə əsaslanan milliyətçi axıma çevrildi. Böyük araşdırmalar, şəxsi həyat təcrübəsi və mənəvi təkamül nəticəsində İslami düşüncədən Türklük Məfkurəsinə yüksələn Əhməd bəy Ağaoğlu haqqında Yusif Akçura belə deyirdi : “O, Şeyx Cəmaləddin Əfqani kimi bütün müsəlmanların, hətda bütün şərqlilərin həyat, xoşbəxtlik, müstəqillik və gələcəyi qayğısıyla bir neçə mərhələdən keçərək Türk Millətçiliyi fikrinə varmışdı”. Əhməd Ağaoğlu hələ 1903-cü ildə Bakıda yayınlanan “Kaspi” qəzetində millətçiliklə bağlı düşüncələrini “Bizim Millətçilər” adlı məqaləsində qələmə almışdı: “Millətçilik hörmətə layiq, möhtəşəm bir hadisədir. O, hər bir xalqın həyatında labüddür. Məncə, bəşəriyyətin təkamülü tarixində insan qəlbinin dindən sonra ikinci böyük məbədi millətçilikdir. Millətçilik, tarix boyu misilsiz hünərlər qaynağı olmuş və olacaqdır deyə düşünməkdəyəm”.
        Türk-İslam sintezinin yaranmasında manifest ola biləcək əsərlərdən sayılan  “Türk Aləmi” əsərinin məhşur yazarı Əhməd bəy Ağaoğlu, İslami düşüncə tərzində olanlarla Türklük ideolojisini önə sürənlər arasında ən çox müzakirə olunan qövmiyyət mövzusu (İslamçılar qövmiyyət məsələsinə ümməti bölə bilər düşüncəsi ilə baxırlar) ilə bağlı düşüncələrini bu cür ifadə edir: “İslamçıların bu nəzəriyyələri sırf saye-i xeyalda qalmaq şərtiylə çox yüksək və çox dadlıdır. Fəqət əməli cəhətinə gəlincə fənnin və tarixin və hər günkü müşahidənin verdiyi təcrübə və dərslərə təəssüf ki ziddir. Əvvəla burasını söyləyəlim ki, İslam hər nə qədər fıtri və insanların digəri ilə itilafları üçün ən təsirli bir amil isə də, heç bir zaman müxtəlif eqvam-ı İslamiyye arasından qövmiyyət və cinsiyət hislərini və təmayüllərini tamamilə dəf və izalə edəməmişdir”. İslamla millətçilik məfkurəsinin bir birinə zidd olmadığını vurğulayan Ağaoğlu düşüncələrini bu şəkildə dilə gətirir: “Din və qövmiyyət zidd mövhumlar deyil, din qövmiyyətin ən mühüm əsaslarındandır. Bunun səbəbi çox bəsit və açıqdır. Bizim din əleyhinə çıxan qövmiyyət tərəfdarları qövmiyyətin nə olduğunu uzun uzadıya mütaliə və tədqiq etməmişlər... Biz durduq, həyatı durmaqda zənn etdik, başqaları yürüdülər. Biz donduq qaldıq, başqaları həmişə çalışdılar”.
        Əhməd bəy Ağaoğlu, Türklüyün İslam üçün zərərli olduğunu irəli sürənlərə qarşı müdafiə mövqeyi tutaraq belə cavab verirdi: “İslamiyyət heç bir zaman qövmiyyəti aradan qaldırmaq kimi təbiətə, hətta irade-yi əzmiyyəyə müxalif olan bir təşəbbüsə girişməzdi. Nə Quranda, nə də Hədisdə İslamiyyət qəbul edilincə şəxsiyyətdən, qövmiyyətdən vaz keçiləcək deyə bir işarət tapa bilməzsiz”.
        “Türk Aləmi” məqaləsinin bir başqa yerində İslam çərçivəsi içində qövmiyyətçilik etməyə məcbur olduğunu belə ifadə edir: “Məsəla, Türk yığını arasında oluram və mədəniyət-i İslamiyyənin ihya və tecdidinə xidmət edirəm. Nə edəcəyəm? Şübhəsiz ki müvəffəq olmaq üçün mühiti, şərait-i məhəiyyəyi nəzər-i diqqətə alacağam. Əqvam-i İslamiyyə nə qədər qev’i və mətin olursa İslamiyyətin  heyət-i ümumiyyəsi də eyni nispətdə qüvvət və mətanət kəsb edər”.
        Əhməd Ağaoğlunun gerçəkliyə əsaslanan obyektiv münasibəti və çox da böyük ideoloji fərqliliklərin olmadığı iki cərəyan arasında orta yol tapmaq arayışı son dərəcə maraqlıdır. Məhşur filosof xəyalçı İslamçılara qarşı olduğu kimi, İslamı rədd edən irqçilərə də qarşı idi. Ağaoğlunun əsərləri İslami məsələlərə işıq tutmaqla yanaşı, qərbli araşdırmaçıların əksinə ulusçuluğu İslama zidd bir düşüncə olaraq qəbul etmir, qövmiyyəti İslamın dinamik gücü olaraq gördüyünü ifadə edir.

Bu yazı 1398 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :