-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Azərbaycan Türklərinin “Qardaş Köməyi” və ona aparan yol
Şiriftin ölçüsünü dəyiş

Gülnar Əhməd
“Türk Eli” jurnalının redaktoru

    Çar Rusiyasının Azərbaycanı istilasından sonra ruslaşma siyasətinin həyata keçirilməsinə baxmayaraq, ümumrusiya müsəlmanları arasında, xüsusilə Azərbaycanda Osmanlı Türklərinə, müsəlmanlara rəğbət hissi qalırdı.
    1905-ci il qiyamı Rusiya müsəlmanları üçün özü ilə siyasi və ideoloji sahədə böyük mücadilələrin, həmrəylik və birləşmə meyillərinin, bütün Rusiya müsəlmanlarını əhatə edən vahid bir konqresin meydana gəlməsi fikirlərinin yaranmasına səbəb olan yeni bir dövr gətirmişdi. Nətcədə XX əsrin əvvəllərində imperiyanın əksər ziyalılarını və varlılarını əhatə edən qurultaylar keçirilmişdi.
    Əlbəttə ki, Rusiyada baş verən ictimai-siyasi dəyişikliklər Azərbaycanın da sosial, mədəni və siyasi həyatında əsaslı dəyişikliklərə səbəb olmuşdu. Özəlliklə XIX əsrin sonlarına yaxın Azərbaycanda neft sənayesinin inkişafı iqtisadi sahədə böyük dəyişikliklər meydana gətirdi. Bu dövrdə Azərbaycan Türkləri arasında da neftin gətirdiyi mənfəətlərdən faydalanaraq milyonçular meydana gəldi və beləliklə milli burjuaziya formalaşmağa başladı.
    Yuxarıda qeyd edildiyi kimi ruslaşma siyasətinin tətbiqinə baxmayaraq, Azərbaycan Türkləri öz milli mənsubiyyətlərindən qopmamışdılar. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan Türklərinin milli-mənəvi dəyərlərini təbliğ edən qəzetlər nəşr olunmağa başladı. Bu qəzetlər sözügedən dövrdə Azərbaycan Türklərini Türk-İslam aləmi haqqında məlumatlandırırdı. Bu dövr eyni zamanda milli düşüncəli zayalıların da yetişməsi ilə səciyyələnir. Qeyd etmək lazımdır ki, ziyalıların əksəriyyəti milli oyanışa xidmət edən qəzet və jurnalların ya müəllifləri olmuş, ya da belə qəzet və jurnallarda müntəzəm olaraq məqalələr dərc etdirmişdilər.
    Sözügedən dövrdə Azərbaycan Türklərinin Osmanlı dövləti ilə əlaqələrinə nəzər salsaq bir xeyli fəallaşma müşahidə etmiş olarıq. Azərbaycan Türkləri istər fərdi şəkildə, istərsə də cəmiyyətlər halında Türkyə ilə sosial və mədəni əlaqələr yaratmağa çalışmışlar. Bu məqsədlə H. Z. Tağıyev Talıbzadə Yusif vasitəsilə vəkalətnamə və xüsusi olaraq Sultan II Əbdülhəmid üçün hazırlanmış olan “Qurani-Kərim”in təfsirini göndərmişdir. Vəkalətnamədə Türkiyə ilə Rusiya müsəlmanları arasında vahid yazıdan istifadə və onun inkişaf etdirilməsi, ermənilərin İslamla bağlı yürütdükləri siyasətə qarşı birgə nəşriyyat qurulması, dini-əxlaqi dəyərləri təbliğ edən kitabların yayılması və bu kimi bir sıra təkliflər irəli sürülmüşdür. Onu da qeyd edək ki, 1905-ci ilə qədər Rusiyada Quranın Türkcə təfsiri yox idi, xalq İslama aid kitablar əldə etməkdə çətinlik çəkirdi.
    Digər tərəfdən Rusiya imperiyasının Türklər əleyhinə apardığı sərt siyasət nəticəsində Ə. Ağaoğlu, Ə. Hüseynzadə, M. Hadi kimi bir çox ziyalalarımız Türkiyəyə köçməyə məcbur olmuşlar.  Bu ziyalıların iştirakı ilə Türkiyədə Türk mənafeyinə xidmət edən bir sıra işlər görülmüş,  cəmiyyətlər qurulmuş, qəzetlər, jurnallar təsis olunmuşdur.
    Məlum olduğu kimi XX əsirin əvvəllərində Türkiyənin daxili siyasi çəkişmələrindən, Trablius və Balkan müharibələrindən dolayı bölgədəki müsəlman, Türk əhali çox əzablı günlər keçirmişdir. Əlbəttə bu acınacaqlı vəziyyətdə Azərbaycan Türkləri tükiyəli qardaşlarına yardım  etmək, onların yanında olmaq istəyərdilər. Lakin şovinist rus idarəçiləri tərəfindən onların belə bir təşkilat qurmaq istəkləri məhdudlaşdırılmışdır. Hələ XIX  əsrin ikinci yarısında Azərbaycanda yaşayan bir çox millətlərə məxsus xeyriyyə cəmiyyətləri mövcud olmasına baxmayaraq Türklərə belə cəmiyyət qura bilmək imkanı verilməmişdir. 1870-ci ildə Həsən bəy Zərdabi bu işə təşəbbüs göstərmişdisə də müvəffəq ola bilməmişdi. 1872-ci ildə topladığı ianələr sayəsində imkansız tələbələrə yardım etmək məqsədi ilə fəaliyyətə başlamış, lakin az sonra maddi təminatsızlıq üzündən cəmiyyəti bağlamaq məcburiyyətində qalmışdır.
    Daha sonralar belə bir cəhd 1896-cı ildə Kərbəlayi Mirzəağa Yusif xan və Səfər Ağa bəy Vəkilov tərəfindən edilmiş, hətta 2500 nəfərin imzası belə toplanmışdı. Lakin Rus idarəçilər tərəfindən razılıq verilmədiyinə görə həyata keçirilə bilməmişdir.
    Bütün bu müvəffəqiyyətsizliklərə baxmayaraq Azərbaycan ziyalıları ruhdan düşməmişdir. Əksinə Azarbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr belə bir cəmiyyətin yaradılmasını labüd edirdi. Belə ki, Azərbaycan ziyalıları və milyonçuları erməni təcavüzünə məruz qalmış insanlara yardım etmək istəyirdilər. Onlar xeyriyyə cəmiyyəti qurmaq təşəbbüsü ilə 1905-ci ilin payızında 1800 imzalı bir ərizə ilə Qafqaz qubernatorluğuna müraciət edir və onların bu inamlı mübarizəsi müsbət nəticə verir. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti (BMXC) 15 noyabr 1905-ci ildə rəsmən qurularaq fəaliyyətə başlayır. Bu cəmiyyətin əsas üstünlüklərindən biri də o idi ki, burada cinsi ayrı-seçkiliyə yol verilmirdi. Bütün üzvlər hər il müəyyən edilmiş məbləğdə ianə ödəməli idi. Təşkilatın qurucuları sırasında Ə. M. Topcubaşov, Ə. Ağayev, Ə. Hüseynzadə və bir çox tanınmış Türk ziyalıları, həmçinin Azərbaycan burjuaziyasının H. Z.  Tağıyev, M. Əsədullayev kimi öndə gələn nümayəndələri də var idi. 1911-ci ildən cəmiyyətə sədrlik idarə heyətinin iclasında Musa Nağıyevə keçmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyəyə edilən “Qardaş köməyi”nin əsas fəaliyyətinin həyata keçirildiyi İsmailiyyə binası məhz Musa Nağıyev tərəfindən mərhum oğlu İsmayılın xatirəsinə xeyriyyə işlərinin görülməsi məqsədi ilə inşa edilmişdir. “Azərbaycan” qəzetinin yazarlarından olan Seyid Hüseyin binanın tikilməsi ilə bağlı qərarın verilməsi haqqında bunları anlatmışdır: “1908-ci il idi. Mövlud bayramı münasibəti ilə indiki parlament binasının böyük salonunda toplantı təşkil edilmişdi. Bu məclisdə camaata xoş bir xəbər verildi. Bu xəbəri verən Hacı Zeynalabdin Tağıyev cənabları idi. Hacı deyirdi: “Şeytan bazarında artıq məscid tikilməyəcək, burada Cəmiyyəti Xeyriyyə üçün bir bina tikiləcək. Bunun da bütün xərcini mərhum oğlu Ağa İsmayılın xatirəsi üçün məclisdə iştirak edən Musa Nğıyev öz öhdəsinə götürəcək”. Binanın inşasına 1908-ci ildə qərar verilməsinə rəğmən, tikinti işlərinə 1910-cu ildə başlamış və 1914-cü ildə başa çatmışdır. Binanı Ağa Musa Nağıyevdən K. Kazımov, R. X. Xoyski, Z. B. Səlimxanovdan ibarət heyət may ayının 31-də təhvil almışlar. Binanın içərisində müsafirxanası, yeməkxanası, çamaşırxanası, bir böyük səhnəli zalı və toplantı zalı, o cümlədən çoxlu sayda otaqlar var idi. Binada yalnız BMXC deyil, “Səadət” cəmiyyəti və məktəbi, “Şəfa”, “Nəşri Maarif”, “Nicat” cəmiyyətləri də eyni zamanda fəaliyyət göstərmişlər.
    Bu cəmiyyət öz fəaliyyətini, xüsusilə Türkiyə Türklərinə yardım çalışmalarını, Rusların  idarəçiliyi və nəzarəti altında reallaşdırmışdır. Cəmiyyət hər bir addımında rus idrəçilərdən icazə almalı, bəzən ən xırda məsələlərdə belə dəfələrlə onlara mürəciət etməli, aylarla veriləcək razılığı gözləməli olurdu. Bütün bu ağır şərtlərə baxmayaraq cəmiyyət bu fəaliyyətindən əl çəkməmiş, əksinə daha müfəssəl və təşkilati şəkildə fəaliyyətlərini davam etdirmişdir. Türkiyəli qardaşlarına istər müharibə bölgəsində, istərsə də qaçqın düşdükləri bölgələrdə hər bir köməklik göstərmişlər. BMXC və ümumilikdə Azərbaycan Türkləri müharibə bölgəsində ev-eşiklərini itirmiş insanlara maddi yardımların edilməsi, kimsəsiz qalmış uşaqların toplanması, onların qayğısına qalınması, əsirlərə tibbi yardımın göstərilməsi, onların digər zəruri ehtiyaclarının qarşılanması, vəfat edənlərinin İslami qaydalara uyğun dəfn edilməsi, həbs düşərgəsindən qaçırılaraq Türkiyəyə göndərilməsi üçün çoxlu işlər görmüşlər. Onlar bu fəaliyyətləri həyata keçirmək üçün pul toplamağa görə bütün qəbul olunan vasitələrdən istifadə edir, bayramlar münasibəti ilə pultoplama kompaniyaları keçirir, müxtəlif əşyalar satılan yarmarkalar təşkil edir, qəzet və jurnallar dərc edirdilər. Bütün bu fəaliyyətlər yalnız Bakıda deyil, Qafqazın Türklər yaşayan hər bir bölgəsində təşkil olunurdu. Bu məqsədlə regional komitələr təşkil olunurdu. Əhalini Anadoludakı Türklərin acınacaqlı vəziyyəti ilə məlumatlandırma və yardımetmə fəaliyyətinə cəlbetmə prosesində Azərbaycan qəzet və jurnallarının rolu əvəzsizdir. Təqdirəlayiq haldır ki, hər hansı bir ləngimə hərəkətini görəndə və ya laqeyidlik hiss olunanda onlar xalqı, milyonçuları, hətta bir-birilərini belə bu yolda tənqid etməkdən çəkinmirdilər.
    Azərbaycan Türklərinin Osmanlı Türk qardaşlarına ilk köməyi hələ Balkan müharibələri dövründə başlamışdır. Balkan müharibəsində Rusların Türkləri hədəfə alması, “bir slavyan, bir xristian durarkən Türk yaralısına baxa bilmərik” deyə qəzetlərdə təbliğat aparmaları Rusiya Türklərinin heysiyyatına toxunmuş, bu münasibətə qarşı etiraz edən azərbaycanlı Türk tələbələr Krımda həbs edilmişlər.
    Azərbaycan, Kazan, Krım və Türküstanın hər tərəfindən Rusiyanın bu ikili standartlarına etirazlar qalxmış, nəticədə Car Rusiyası “Qızılay”a da yardımda iştirak etmək imkanı vermişdir.
    Müsavat Partiyası Balkan müharibəsi əsnasında müsəlmanları Türkiyəyə yardıma dəvət edən bir bəyənnamə hazırlamış və onu bütün Qafqaza yaymışdır. İstər bu bəyənnamə, istərsə də Balkanlardan gələn acı xəbərlər nəticəsiz qalmamışdır. BMXC-nın idarəçiləri Qızılaya yardım üçün bir toplantı təşkil etmişlər. Fəxrəddin Ərdoğan xatirələrində bu mövzuda aşağıdakıları yazır: “Bakıda Cəmiyyəti Xeyriyyənin toplanma yeri olan İsmayiliyyə binasında toplanan Bakı milyonerlərindən olan Tağıyev Hacı Zeynalabdin Əfəndi, siyahının başında gələrək yarım milyon qızıl pul vermişdi. Digər zənginlər də 100 mindən əskik olmamaq şərti ilə, hər kəs qüdrəti nisbətində ianə yarışına qatılmışdı. Pul toplama işləri qurtardıqdan sonra bir qərar da verildi. Belə ki, Türklər bu müharibədən qurtarana qədər, qızlar və gənclər evlənməyəcəklər, heç bir Türk kino və teatra getməyəcək, kişilərdən kimsə təraş olunmayacaqdır. Milli həyacanın ifadəsi olan bu qərarın eynən tətbiq olunduğunu görən Türkiyənin Bakıdakı Baş Konsulu Əli Kamal bəy, gündə iki dəfə təraş olmasına baxmayaraq, bu qərara riayət edərək saqqal buraxmışdır”.
Bu məsələdə azərbaycanlı qadınlar da boş durmurdular. Tağıyevin, Əsədullayevin, Topçubaşovun xanımları, qulaqlarındakı xalis zümrüd, yaqut və brilyant sırğaları, boyunlarındakı boyunbağıları çıxararaq, konsul Əli Kamal bəyə vermişdilər.  M. Muxtarovun xanımı “Qızılay”a olduqca böyük məbləğdə maddi yardım etmişdir.
    1914-cü ildə başlayan Rus-Türk müharibəsində Osmanlı dövlətinin Qafqaz cəbhəsində Rusiyaya məğlub olması Azərbaycan Türklərini həddən ziyadə üzmüşdür. Anadoludan gələn fəlakət xəbərləri, əsir Türklərin Nargin adasına aparılması kimi hadisələr onlarda yardıma ehtiyacı olan qardaşlarına kömək etmək istəyini artırmışdır. Və onlar Qafqaz cəbhəsi müharibələrində məğlub olan qardaşlarına “Qardaş köməyi” adlı, tarixdə bənzəri olmayan bir yardım fəaliyyəti həyata keçirmişlər.
    Sarıqamışda Türk ordusunun məğlubiyyətindən sonra başlayan rus işğalları əsnasında müsəlman əhalinin məruz qaldığı təcavüz və qətliamlar barədə rus hökumətinin təzyiqlərinə baxmayaraq, xüsusilə Azərbaycan qəzet və jurnallarının könüllü fəaliyyətləri ilə 1915-ci ilin əvvəllərindən etibarən Azərbaycan Türkləri məlumatlandırılmağa başladılar. Qafqaz cəbhəsində müharibənin başlamasından sonra Qafqazın müxtəlif bölgələrinə, xüsusilə Tiflis, Gəncə və Bakıya Qarsdan müsəlman qaçqınlar gəlməyə başlamışdır. Azərbaycana gələn qaçqınların bir hissəsi Bakıya gələrək Bakı şəhər idarəsindən yardım istəmişlər. Bakı şəhər valisi “Şəhər dumasına mürəciət edin. Hələlik valilik tərəfindən sizə yardım edilə bilməz” deyə cavab verimişdir. Bu vəziyyəti “İktam” qəzetinin yazarlarından olan Hacı İbrahim Qasımov tənqid edərək, cavabın onları dərin yaraladığını və yasa boğduğunu bildirərək “zənn edirəm ki, vali cənabları onlara pulsuz bir yer, hər gün bir neçə qəpik verməklə nə qiyamət qopardı nə də Dumamıza şikayət düşərdi” deyə yazırdı.
    Qəzetlərin yardım toplama fəaliyyətləri səmərə verə bilmirdi. Daha ciddi təşkilati fəaliyyətə ehtiyac duyulurdu. Cünki ehtiyac həddən artıq böyük idi. Daha böyük həcmli, bütün Qafqazı əhatə edə biləcək bir işlər görülməli idi. Bunun üçün də rəsmi izin alınmalı idi. Nəhayət bu məqsədlə Qafqaz qubernatorluğundan icazə almaq məqsədilə görüşmək üçün Ə. M. Topçubaşov, F. X. Xoyski, A. Quliyev, A. H. Tağıyev, X. İrəvanski, H. Məmmədovdan ibarət bir heyət Tiflisə göndərildi. Yardım edilməsi üçün hökumətdən rəsmi izin alınmasından dərhal sonra 1915-ci ilin 26 yanvarında Bakıda BMXC-nin binasında bir toplantı təşkil edildi. Toplantıya sədirlik edən Mirzə Əsədullayev yardım üçün rəsmi izin alındığını və bu işin BMXC tərəfindən həyata keçiriləçəyini bildirdi. Həmin toplantıda M. Əsədullayevin rəhbərliyi altında 9 nəfərdən ibarət bir yardım komitəsi seçildi. Yardım işlərini daha səmərəli həyata keçirmək üçün  İrəvan, Quba, Gəncə və Şamaxı şəhərlərində də bölgə komitələri yaradıldı. Təşkil olunmuş bu komitələr sayəsində Qafqazın hər yerində yardım toplama işləri başladıldı. BMXC tərəfindən təşkil olunan “Qaçqın Müsəlmanlara Müavinət Komitəsi”nin birinci toplantısında ilk yardımların fəlakət bölgəsinə göndərilməsi üçün heyət formalaşdırılır. Heyətin məqsədi yardımları aparmaqla yanaşı, bölüşdürülməsinə nəzarət etmək, bölgədəki vəziyyəti araşdırmaq və ehtiyacın miqdarını müəyyənləşdirmək idi. 1915-ci ilin fevralında heyətin BMXC–nə verdiyi hesabatda bölgədəki müsəlman əhalinin acınacaqlı vəziyyətdə olduğu və qısa zaman ərzində yardım olunmazsa onların aclıqdan, soyuqdan məhv olacağı bildirilirdi. Bu hesabatdan sonra M. Əsədullayev mart ayında yeni bir komitə qurmağa qərar verir. Rusiya işğalında olan bölgələrə yardım etmək üçün heyət təşkil olunur və bu heyətin bölgələrə getməsi ilə, Anadolu torpaqlarına müntəzəm və böyük bir yardım fəaliyyəti başlamış olur. Digər tərəfdən BMXC-nin rəhbərliyi və nəzarəti altında Qafqazın hər yerində yardım toplama fəaliyyəti başladılır.
    I Dünya müharibəsinin əvvəllərində BMXC İsmayiliyyə binasında 100 nəfərlik bir xəstəxana açmağı qərara almış və bu məqsədlə 35 nəfərdən ibarət bir komitə təsis etmişdir. Baş komitəyə H. Z. Tağıyev, M. Nağıyev və M. Muxtarov seçilmişlər. Noyabırın 24-də cəmiyyətin xəstəxanası açılmışdır. Bu xəstəxana Bakıdakı digər xəstəxanalarla müqayisədə xəstələrə qayğı baxımından nümunəvi bir xəstəxana olmuşdur. Bina tədricən xalq arasında müsəlman hərbzadələrə yardım və qardaşlıq məkanı kimi tanınmışdır. Bundan sonra binadan Azərbaycan Türklərinin Anadoludakı Türk qardaşlarına yardım etməsi üçün bir anbar kimi də istifadə olunmuşdur. Bütün yardımlar burada toplanır, yardım məqsədi ilə hər cür incəsənət fəaliyyəti burada təşkil olunurdu. Binada yetim uşaqlar üçün də uşaq evi açılmış, həmçinin əsir düşərgərindən qaçan, xüsusilə Nargin adasından qaçırılan Türk əsirləri üçün sığınacaq olmuşdur. Fəxrəddin Ərdoğan 1916-cı ildə gəzib gördüyü İsmayiliyyə binası haqqında xatiərlərində bunları yazırdı: “... oturduğumuz İsmayiliyyə binasında 50 yataqlı müsafirxana var ki, hər gələn Türk yolçusu burada ayaq saxlayır, yeməyi, yatağı təmin olunur, çamaşırı yuyulur. Bütün xərcləri M. Nağıyevin hesabına ödənilir, müsafirlərdən bir qəpik belə alınmır. Burada 200 yataqlı bir yetimxana da var. Buraya cəbhədən toplanan kimsəsiz uşaqlar gətirilərək, onlara baxılması təmin olunur”.
    Qafqaz cəbhəsi müharibəsində yetim müsəlman uşaqlar üçün sığınacaqlar açılması ən əhəmiyyətli calışmalardan biridir. Şübhəsiz ki, müharibədə ən çox zərər görən uşaqlardır. Azərbaycan mətbuatının bu barədə çağırış və tənqidləri BMXC-nin yardım fəaliyyətinə yeni bir istiqamət vermişdir. Cəmiyyət sadəcə müharibə gedən bölgələrdəki yardım fəaliyyətləri ilə kifayətlənməyib, yetim uşaqların hərbi əməliyyatlar gedən bölqələrdən toplanması, Azərbaycan ərazisinə gətirilməsini təmin etmiş, onların yerləşdirilməsi üçün sığınacaqlar açmışdır. Kimsəsiz qalmış uşaqların işğal olmuş ərazilərdən toplanması üçün BMXC rus hökumətindən lazımi icazəni də almışdı. Cəmiyyət bu vəzifəni müharibə gedən bölgədə yardım edən nümayəndələrinin Baş Təmsilçisi Xosrov Paşa bəy Sultanova tapşırmışdır. Bu məsələ ilə birbaşa məşğul olması üçün  Xosrov Paşa bəy Sultanov tərəfindən  təyin olunan Rövşən bəy Əfəndizadə özü şəxsən müsəlman əhalinin sıx yaşadığı bölgələrə gedərək, kəndləri, qəsəbələri, qışlaları, xristianların evlərini, kilsələri bir-bir gəzərək burada olan  müsəlman uşaqları toplamağa başlamışdır. Rövşən bəy min bir əziyyətlə topladığı uşaqları hərbi əməliyyatlar gedən ərazilərə ən yaxın mərkəz olması səbəbindən qatarla Tiflisə göndərirdi. Savaş bölgəsindəki müsəlman uşaqlar hər çür təhlükə ilə qarşı-qarşıya idilər.  Onlardan bəzilər rus əsgərlərin, bəziləri də ermənilərin əlində idilər. Bu uşaqlar ermənilər və ruslar tərəfindən “Xaç suyuna salınaraq” xristianlaşdırılırdılar. Kilsələrdə saxlanılan uşaqları Cəmiyyəti Xeyriyyyənin nümayəndələrinə vermək istəmirdilər. Belə problemlərin həlli üçün X. P. Sultanov Qafqaz qubernatorluğunun Mülki işlər bölməsinə müraciət edərək, R. Əfəndizadəyə kim olursa-olsun uşaqlarn səxslərdən alınması əsnasında hər hansı bir əngəl çıxarılmaması üçün və lazım olduğu təqdirdə zorla alma səlahiyyətini də verən bir vəsiqə verilməsini istəmişdir. Bundan sonra cəmiyyət nümayəndələri, uşaqları vermək istəməyərək çətinlik yaradanlardan, bölgədəki inzibati qüvvələrin köməyi ilə uşaqları ala bilərdilər. Lakin  uşaqların rifahının təmin olunması yolundakı çətinliklər bununla bitmirdi. Yuxarıda  qeyd etdiyimiz kimi uşaqlar Tiflisə qatarla çatdrılırdı. İçməzdin və Gümrüdə stansiya rəhbərləri vaqonların yoxluğu və s. bu kimi bəhanələri gətirərək uşaqları yollarda ləngidirdilər. Bu məsələnin də həll olunmasında yenə Sultanvun rolu böyük olmuşdur. O, bu dəfə də Qafqaz qubernatorluğuna müraciət edrək, stansiya məmurlarına xəbərdarlıq edilməsini istəmişdir. Cəmiyyəti Xeyriyyə kimsəsiz uşaqların qeyri müsəlmanlardan alınması üçün növbəti dəfə “Ümumrusiya Zemstvo İttifaqı”na və “Qızıl Xaç” təşkilatına müraciət etmiş, əllərinə keçən müsəlman uşaqlar haqqında onları xəbərdar etmələrini istəmişdir. Cəmiyəti Xeyriyyənin bu cəhdi də müsbət nəticə vermişdir. Hər iki təşkilat cəmiyyətə uşaqların toplanmasında yardım etmişdir.
    1915-ci ilə qədər Qafqaz cəbhəsi müharibəsində zərər görərək qaçqın düşən müsəlmanlara dövlət tərəfindən heç bir yardım edilməmişdir. Sığınacaqların açılması, buradakı uşaqların ehtiyaclarının qarşılanması üçün xərclənən pullar Müsəlman Xeyriyyə Cəmiyətinin  və xeyriyyəçi şəxslərin etdikləri yardımlar hesabına qarşılanırdı. Hökumətdən bu barədə razılıq aldıqdan sonra BMXC müsəlman yetim uşaqlar üçün ilk sığınacağını Tiflisdə açmağı ğərarlaşdırır. Bu sığınacaq 1915-ci ilin sentyabrında açılmışdır. Cəmiyyət Tiflisdə yaşayan müsəlmanlardan burada yerləşən sığınacaqlardakı yetim uşaqların xərclərini qarşılamaq üçün 20.747 manat pul toplamışdır. 1915-ci ilin sonlarından etibarən isə bu sığınacağın bütün xərcləri BMXC tərəfindən ödənilmişdir. Cəmiyyət uşaqların sonrakı taleyinə də olduqca ehtiyatla yanaşaraq, cəmiyyətə gələrkən onların şəkilini çəkdirmiş, onlar haqda məlumatlar ayrıca qeyd edilmişdir. Bunula da gələcəkdə, lazım gələrsə yaxınlarının onlar haqda məlumat almaq imkanı təmin edilmiş olurdu.
    Sözügedən dövrdə Bakıya gətirilən uşaqlara İsmayiliyyə binası yetərli olmamışdır. Bu üzdən uşaqların bir qismi ailələrə verilmişdir. 15-ci ilin oktyabrında BMXC-nin idarə heyətinin iclasında yetim uşaqlar üçün ayrıca bir sığınacaq açılması və məktəb yaşına çatmış uşaqların məktəbə göndərilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra cəmiyət Bakı Bələdiyyəsinə 1000 nəfərlik bir sığınacaq açmaq üçün uyğun bir yer verlməsini istəmişdir. Bələdiyyə bu vəzifəni Şəhər Dumasına həvalə etmiş, duma bu işə icazə vermiş və 6000 rubl yardım edilməsinə qərar vermişdir. Bundan sonra cəmiyyət ailələrin himayəsinə verilmiş uşaqların toplanıb, öz himayəsinə verilməsi üçün işlərə başlamışdır. Bu məsələyə də cəmiyyət xüsusi diqqətlə yanaşmış, uşaqları ayrı-ayrı şəxslərin əlində qoymamağa çalışmışdır. Lakin bu məsələdən narazı qalan xeyirsevər insanlar cəmiyyətə müraciət etmiş, bir uşağa ancaq bir ailədə sevgi və şəfqət verilə biləcəyini, bu səbəblə də heç olmasa uşaqların bir qisminin ailələrdə qalmasını istədiklərini bildirmişlər. Cəmiyyətin idarəçiləri bu xeyirsevər insanların istəklərinə laqeyid qalmamış, uşaqları könüllü olaraq almaq istəyən ailələrin hərtərəfli araşdırılması üçün bir komissiya qurmağa qərar vermişdir. Cəmiyyət xüsusilə sığınacaqların olmadığı yerlərdə olan uşaqların ailələrə verilməsini münasib bilmişdir.  BMXC-də məktəb yaşına çatmış uşaqlara dərs verilməsi də təmin olunmuşdur. Cəmiyyəti Xeyriyyənin verdiyi elanlardan hətta müəllimlərin müsəlman olması və Türk dilini bilməsinin əsas şərt olduğu görülür. Cəmiyyəti Xeyriyyənin Bakı, Gəncə, Tiflis və s. yerlərdəki sığınacaqlarını burada yaşayan müsəlman Türk xanımlar müntəzəm olaraq ziyarət edir, vaxtlarının bir qismini onlarla keçirərək, mənəvi qida olaraq sevgi, şəfqət veriridilər. Bu sığınacaqlarda olan uşaqlar arasında vəfat edənlər İslam dininin tələblərinə uyğun dəfn edilirdilər.
Yuxarıda qeyd etdiyimiz kimi, BMXC-nin türkiyəli qardaşlarına etdiyi yardımların böyük bir qismini Türk əsirlərinə edilən yarımlar təşkil edir. 29 oktyabr 1914-cü il tarixində Qafqaz cəbhəsində başlanan və 15 dekabr 1917-ci il tarixində bitən müharibədə minlərlə Türk əsgəri ruslara əsir düşmüşdür. Bu əsirlər arasında XI ordu komandanı İhsan Paşa da olmuşdur. Türk əsirlərin bir qismi Nargin adasındakı düşərgəyə aparılır, bir qismi isə Rusiyanın şəhərlərinə göndərilirdi.
    Savaş meydanındakı Türk əsgərlərinin məruz qaldıqları çətinliklər hələ Rusiyaya göndərilərkən başlayırdı. Ermənilərn rəhbərliyi və nəzarəti altında sağlam olanlar yaralılarla birlikdə, hər vaqonda 50 nəfər olmaqla yerləşdirilir, ac-susuz halda göndərilirdilər. Və çatdıqları yerdə hər vaqondan 10-15 nəfər ölmüş olurdu. Türk əsirlərə yardım edə bilmək üçün bütün Rusiya müsəlmanları əllərindən gələn hər şeyi etməyə çalışırdılar. Xüsusilə Azərbaycan və Kazan Türkləri bu məsələdə olduqca böyük xidmətlər etmişdilər. Bu məqsədlə əsirlərin olduğu və ya keçdiyi şəhərlərdə komitələr qurulmuş, qəzetlər vasitəsi ilə əhali yardıma çağırılmışdır. Bakıya demək olar ki, hər gün yüzlərlə əsir gətirilirdi. Onların sayı bəzən 1000 nəfəri ötürdü. Azərbaycan türkləri hər gün gətirilən əskərləri görmək, onlarla danışmaq üçün limana gəlirdi. Əsir düşərək Rusiyanın içərilərinə göndərilən əsirlərdən Faiq Tonguç gördüklərini belə anladır: “Qafqazın Tiflisdən sonra ikinci böyük şəhəri olan Bakı, minarələri, qübbəli məscidləri ilə uzaqdan görünürdü. Şəhər və ətrafının beşdə dördünü Türklər təşkil edirdi. Bizi stansiyaya endirmədilər, görməyə gələn xalqı belə uzaq tutdular. Bunun üçün keçdiyimiz şəhər və qəsəbələr haqqında məlumat almaq mümkün olmadı. Geniş stansiya xətləri üzərində yüzlərlə neft vaqonu görünürdü. 48 saat Bakı stansiyasındakı dəmir vaqonlarda saxlanıldıqdan sonra, qatarımız ağır-ağır şimal istiqamətində hərəkət etdi. Xətt boyu toplanmış minlərlə insan saf gözlərini bizə dikərək, əsir qardaşlarını seyr edirdilər. Üzləri, rəngləri özlərinə bənzəyən, vaqon pəncərələrində gördükləri bu başların özlərininkindən bir parça olduğnu anladıqlarına şübhə yox idi”.
    Azərbaycan qəzetləri Bakıya gətirilən Türk əsirləri haqqında sıx-sıx məlumat verir, Azərbaycan Türk xalqı da Nargin adasındakı əsirlərin vəziyyəti ilə yaxından maraqlanırdı. Əsirlərin adada çox çətin şəraitdə olduqlarını bildikləri üçün onlara maddi və mənəvi yardım göstərməyə çalışırdılar. BMXC bu istiqamətdə fəaliyyət göstərmək üçün Bakıdkı Türk əsirlərinin himayəçiliyini qəbul etmək istəyirdi. Cəmiyyət hökumətdən bunun üçün rəsmi icazə almış, nəticədə əsirlərin olduğu yerlərə girib-çıxmaq və nəzarət edə bilmək hüququ əldə etmişdir. Cəmiyyət həmçinin əsirlərin həftədə bir gün (bazar günü) Bakıya çıxarılaraq  gəzdirilməsi üçün də izin ala bilmişdir. Bu gəzintilər əsasən Bakı milyonçularının qızları tərəfindən təşkil olunurdu.
    Cəmiyyətin Türk əsirlər üçün etmiş olduğu xidmətlərdən biri də Rusiyaya göndərilən vaqonlarda və ya getdikləri yerlərdə ölən əsirlərin İslami tələblərlə dəfn edilməsi, xəstə və yaralılara isə qayğı göstərilməsi idi. Cəmiyyət ölənlərin dəfni məsələsini İsmail bəy Səfərəliyevə tapşırmışdı. Demək olar ki, hər gün Bakıya gətirilən Türk əsirlərin xəstə və yaralıları düşərgəyə göndərilməyib, cəmiyyətin xəstəxanasında müalicə olunurdular. Cəmiyyət Rusiyaya göndərilən əsirlərin getdikləri yerlərə də din adamları göndərərək yollarda ölən əsirlərin İslam adətincə dəfnini təşkil edirdi. Bu vəzifə yalnız cəmiyyət tərəfindən deyil digər şəxslər və təşkilatlar tətəfindən də həyata keçirilirdi. Xüsusilə Gəncə stansiyasında ölmüş hərbi Türk əsirlərin dəfn edilməsi üçün vilayət məclisindən icazə alınaraq, bu vəzifə Həsən Şahmuradova tapşırılmışdı. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən hər dəfn edilən Türk əsiri üçün 10 manat ayrılırdı. Bundan başqa bu fəaliyyətlə gəncəli Türk gənclər tərəfindən qurulmuş “Gəncə Gənclik Təşkilatı” da məşğul olurdu. Bu məqsədlə təşkilatın üzvlərindən olan Nağı Şeyxzamanlı Gəncə Bələdiyyəsinin sədri Xəlil bəylə görüşərək vəziyyəti ona izah edir. Xəlil bəy bu məsələni Gəncə valisi ilə müzakirə edəcəyini və nə lazımdırsa təşkil olunacağını söyləyir. Xəlil bəy vali ilə görüşdən sonra sabah stansiyada geniş bir bina boşaldılacağını və burada Türk əsirlərinə xidmət etmək üçün hərbi və bələdiyyə həkimərinin işləyəcəyini bildirir. Yenə Nağı bəyin təşəbbüsü ilə Xəlil bəy bu həkimlərin gələn vaqonlardakı əsirləri müayinə etməsinə icazə alır. Fəxrəddin Ərdoğan bu stansiyada gördüklərini belə yazırdı: “Bir az sonra vaqon gəldi. Heyətimiz vaqonlara girəndə mən də Türkcə olaraq onlardan xəstə olub-olmadıqlarını soruşdum. Biçarələr çaşqın halda bizə baxşrdılar. Özlərini müayinə etdirmək istəmirdilər. Etimad etmək istəmədiklərini başa düşərək danışmağa başladım: “Olduğumuz stansiya Gəncə şəhərinin stansiyasıdır və şəhər əhalisi Türkdür. Szin öz qardaşlarınızdır. Stansiyda xəstəxanamız var. Xəsətə olanları götürəcəyik, sağalandan sonra yollarına davam edəcəklər”. Daha sonra Türk əhali tərəfindən hazırlanmış paketləri vaqonlara “Türk xalqı tərəfindən sizlərə hədiyyədir” deyərək verməyə başladım...”
    Bakıya gətirilən əsirlər arasında mülki əsirlər də var idi. Onlarn bir qismi Nargin adasına aparılmayıb, H. Z. Tağıyev tərəfindən tikilmiş bir həbsxanada qalırdılar.  Bu həbsxananın şəraiti adadakından çox yaxşı idi.
    Lakin gətirilən əsirlərin sayı günü-gündən artırdı. Azərbaycan Türklərinin istər fərdi şəkildə, istərsə də təşkilatlar halında etdikləri yardım fəaliyyətlərinə baxmayaraq, rus idarəçiləri adadakı vəziyyətə biganə idilər. Əsirlərin vəziyyəti günü-gündən pisləşirdi. Onlar arasında xəstəliklər baş verirdi. Yenə Azərbaycan qəzetlərinin də səyi nəticəsində Türk əsirlərin acınacaqlı vəziyyəti barədə çar II Nikolayıın dayısı, rus “Qızıl Xaç Təşkilatı”nın  rəhbəri Prins Oldenburq məlumatlandırılmış və bu məsələyə müdaxilə etmək məcburiyyətində qalmışdır. 12 yanvar 1915-ci il tarixində nəşr olunmuş “İktam” qəzeti prinsin Türk əsirlərin bu vəziyyətindən mütəəssir olduğunu, bunun üçün lazım gələn yerlərə, Türk əsirlərə əziyyət verilməməsi, vaqonlarla aparılan zaman keçilən stansiyalarda əsirlərin hava almasına şərait yaradılması, istədikləri təqdirdə özlərinə yemək almalarına mane olmaması üçün əmr verildiyini yazırdı. Prins Oldenburq əsirlərin vəziyyətini öyrəndikdən sonra Bakıda əsirlərin vəziyyəti ilə bağlı bir toplantı təşkil etmiş, toplantıda Türk əsirlərin məruz qaldıqları çətinliklərdən danışmış, xüsusilə Rusiyaya aparılan əsirlərin qarşılaşdıqları zülümləri anlatmışdır. Prins Türk əsirlərin vəziyyətinin düzəldilməsi ilə bağlı bəzi işlər də görmüşdür. Belə ki, o xəstə və yaralı Türk əsirlərin müalicəsinin özəl xəstəxanalarda davam etdirilməsi, Türk əsirləri arasında olan həkimlərin öz yaralı və xəstə əsgərlərinə baxması üçün izin verilməsi, əsirlərin yeməklərinin yaxşılaşdırılması kimi əmr və təlimatlar vermişdir.
    Azərbaycan Türkləri əsir qardaşlarının vəziyyətini yaxşılaşdırmağa çalışmaqla bərabər, fürsət düşdükcə onların adadan qaçırılıb, Türkiyəyə çtdırılmasına çalışırdılar. Əsir qaçırma işləri xüsusilə əsirlərin Bakı gəzintisinə çıxarılması günlərində həyata keçirilirdi. 1915-ci ilin iyul və avqust aylarında “Türk Bayramı Günü” 8 əsir zabit şəhərə buraxılmış və bir daha geri dönməmişdir. Bakı polisinin (axtarış) rəisi Rudenko bu işdə Cəmiyyəti Xeyriyyəni günahlandırmış və onun nümayəndələrinin əsirlərin yanına getməsini qadağan etmişdir. “Qafqazlı Müsəlman Tələbələr Komitəsi” də Türk əsirlərin qaçırılması işində iştirak etmişdir. Bu komitə tələbə komitəsi adlansa da, üzvlərinin cəmi dörd nəfəri tələbə idi. Komitədə həmiçinin Bakı milyoncularının ailə üzvləri də təmsil olunurdular. Komitə üzvlərindən olan Seyid Mir Əziz bu barədə aşağıdakıları anlatmışdır: “Bir gün 16 zabit qaçırıldı. Zığ burnunda qayığı dalğalar gecəyarı qoparıb dənizə atmışdı. Rus nəzarətçiləri qayığı dənizdə tapır, ertəsi gün rus qəzetləri sevincli bir xəbər yayır. Bu gecə 16 Türk zabiti qaçmağa təşəbbüs etmiş, lakin fırtına səbəbindən qayıqları suda aşmışdır. Qayıq Nargin sahillərndə tapılmışdır”.
    Məqaləmizin əvvəllində də qeyd etdiyimiz kimi, Azərbaycan ziyalıları və qəzetləri yardım toplamaq üçün ən kiçik bir vasitədən belə istifadə etməyə çalışırdılar. Belə vasitələrdən ən səmərəlisi bayramlar idi. 1915-ci ilin Novruz bayramı ərəfəsində Azərbaycan qəzetçiləri “Nicat Maarif Cəmiyyəti” idarəsində bir toplantı keçirərək “Qardaş Köməyi” adlı, gəliri qaçqın müsəlmanların xeyrinə sərf olunacaq bir qəzet çıxarmaq qərarı verirlər. Beləcə ilk dəfə Azərbaycan mətbuatı Qardaş Köməyi şüarından istifadə etmiş olur və bu şüar həyata keçirilən yardım fəaliyyətlərinin simvoluna çevrilir. Qəzet 11 mart 1915-ci ildə yalnız 1 nüsxə olaraq dərc edilir və onun dərcində əməyi keçən bir kəs belə zəhmətinin qarşılığını alımır. 10 qəpik qiymətinə satılan qəzet 1300 manat gəlir gətirir.
Müsəlmən Türk əhalinin təşəbbüsü ilə sonralar da belə tədbirlər həyata keçirilir. Onlar BMXC-nə müraciət edərək bu kimi tədbirləri təşkil etməyi tələb edirlər. 7 may 1915-ci il “Qardaş Köməyi günü” elan edilir. Yardım işlərinə yüzlərlə azərbaycanlı Türk qadın və gənclər könüllü olaraq qoşulur. Fəaliyyəti daha effektifli etmək üçün şəhər 19-20 hissəyə bölünür və hər bir hissəyə səlahiyyətli rəhbər təyin edilir. Şəhərin cəlbedici yerlərində üzərinə “Qardaş Köməyi” sözləri yazılan lövhələr yerləşdirilir. Həmin gün 400-ə qədər könüllü tərəfindən üzərinə qardaş köməyi yazılmış minə qədər nişan və əlamət satılır. Yardım toplama işləri həmin gün səhər saat 7-dən axşam saat 10-a, 11-ə qədər davam edir. Yardım üçün 25 min manat toplanır. Bu kompaniya yalnız Bakıda deyil, digər bölgələrdə də keçirilir. Tiflisdə 7665 manat, Gəncədə 3500 manat, İrəvanda 2400 manat toplanır. “Qardaş Köməyi günü” 5 may 1916-cı ildə bir daha təşkil olunur və olduqca müvəffəqiyyətlə baş tutur.
    1917-ci ilin yanvarında Bakıda bir toplantı təşkil edən azərbaycanlı Türk yazarlar, gəliri hərbzadələrə xərclənməsi nəzərdə tutulan “Qardaş Köməyi” adlı bir məcmuə dərc etməyi nəzərdə tuturlar. Fevral ayında dərci nəzərdə tutulan jurnal bəzi səbəblərdən dolayı may ayında çıxmalı olur. M. Ə. Rəsulzadənin “Elektrik Mətbəəsi”ndə nəşr olunan jurnal 80 səhifədən ibarət olub, 1 manatdan satılmışdır. Jurnalın fevralda deyil mayda çıxmasını Rəsulzadə çoxlarının ziddinə olaraq daha nikbin qarşılamışdır. Onun fikrincə Rusiyada meydana gələn fevral inqilabının təsiri ilə Azərbaycanda rus senzurası və nəzarəti zəifləmiş, daha sərbəst bir şərait yaranmışdır. Türk yazarlar fikirlərini daha sərbəst və senzura qorxusu olmadan ifadə etmişdilər: “Əks təqdirdə oxuyucuların əlinə ancaq ağ parçalar catacaqdı”. Bu məcmuədə Hüseyin Cavid, Əhməd Cavad kimi millətçi düşüncəli şairlərimizin şeirləri də yer almışdır.
    BMXC Qafqaz cəbhəsi müharibəsində fəlakətə məruz qalan Türk qardaşlarına etdikləri yardımlar üçün lazım olan pulun bir qismini də dini bayramlar ərəfəsində toplamış olduqları ianələr hesabına qarşılamışdır. Bu bayramlardan biri, Azərbaycan Türkləri arasında “Fitr bayramı” kimi də tanınan Ramazan bayramı olmuşdur. Diqqət etsək burada da Azərbaycan mətbuatının fəallığını görə bilərik. Onlar müsəlmanları bayramın gəlişini fürsət bilərək fitrələrini müsəlman qaçqınlar üçün verməyə çağırır, bu məqsədlə onlardan daha çox pul toplanmasına nail olmağa çalışırdılar.
    1915-ci ilin Ramazan bayramı fevralın 21-nə təsadüf etmişdi. Qafqaz Şeyxülislamı və Tifis Müftisi də bayram münasibəti ilə müsəlmanların fitrlərini başqa yerə verməyib  fəlakətzadə müsəlmanların xeyrinə istifadə olunması üçün Bakı və Tiflis Cəmiyyəti Xeyriyyəsinə göndərilməsini nəzərdə tutan bəyənnamə yaymışdılar. Tiflisdə toplanılacaq fitrələr hesabına qaçqın müsəlmanların yetim uşaqları üçün yetim evi acılaçağı bildirilirdi. Bu çağırışlar da öz bəhrəsini vermiş, Anadolu qaçqınları üçün əhəmiyyətli  miqdarda maddi yardım toplanıla bilmişdir.
    Hələ 1914-cü ilin payızına təsadüf edən Qurban bayramında BMXC və Şəhər Bələdiyyəsi kəsilən qurbanların dərilərini toplamış, satışından əldə olunan gəliri Rus ordusunda olan müsəlman əsgərlərin xeyrinə sərf edilməsi üçün cəhdlər etmişdilər. 1915-ci ilin iyuluna təsadüf edən Qurban bayramı münasibəti ilə kəsilən qurbanların dərilərinin bu dəfə BMXC tərəfindən müsəlman qaçqınların xeyrinə toplanılması qərarlaşdırılır. Cəmiyət tədbirə Bakı qazısı və məhəllə müftilərini cəlb edir. Cəmiyyətin gəldiyi qərara görə dərilər cəmiyyətin hazırladığı qəbzlər müqabilində bayram günü qapı-qapı gəzilərək toplanılır. Bu bayramda da daha çox canlı heyvan və dəri toplamaq məqsədi ilə BMXC tərfindən Qafqaz qubernatorluğuna müraciət edilərək izin alınmışdır. Cəmiyyət 13 oktyabrda topladığı dərilərin satışını təmin etmiş, gəliri məlum məqsəd üçün xərcləmişdir. 1916-cı ilin Qurban bayramında da BMXC tərəfindən ianələr toplanmış və məlum məqsədlə sərf olunmuşdur. Qurban bayramlarında cəmiyyət yalnız kəsilmiş heyvanların dərilərini toplamamış, eyni zamanda qaçqınlar və kimsəsiz uşaqlar üçün də qurbanlar kəsmişdir.
    Bir önəmli məsələni də vurğrlamaq lazımdır ki, Azərbaycan Türkləri və BMXC nəinki Anadoludakı fəlakətə məruz qalan qardaşlarına yardım etmiş, bu məqsədlə Rusiya hökumətindən diqqət ayrılmasını da tələb etmişdir. Bu məsələdə Rusiya Dövlət Dumasının Bakı vəkili Məmməd Yusif Cəfərovun gördüyü işlər xüsusilə əhəmiyyətlidir. Cəfərov Dumadakı fəaliyyəti dövründə Rusiya rəsmilərinin və valiliklərinin diqqətini rus idarəçilərinin haqsız davranışlarına məruz qalan müsəlman əhalinin vəziyyətinə çəkmiş, özəlliklə Qafqaz cəbhəsi müharibəsində əzilən müsəlman Türk qardaşlarının vəziyyətinin yaxşılaşdırılmasına, digər hərbzadələr kimi onlara da yardımlar ayrılmasına  nail olmaq üçün, dəfələrlə bu mövzuda lazımi nitqlər söyləmiş, səlahiyyətli şəxslərlə görüşmüş, yeri gəldiyində günahkarları Dumanın tribunasından tənqid etməkdən belə çəkinməmişdir. Belə nitqlərindən birində Cəfərov rus və ermənilərin təcavüzünə qarşı Rusiya Dövlət Dumasında hökuməti müsəlmanları əzməkdə günahkar bilərək aşağıdakıları söyləmişdir: “Bu siyasət Transqafqaziyada hərbi əməliyytların həyata keçirildiyi yerlərdə və Qafqaz cəbhəsinin arxasında, rus olmayan millətlərə qarşı açıq mübarizə şəklində özünü göstərdi. Savaş gurultusunun arxasında yardımsız, sülhsevər müsəlman əhaliyə qarşı qorxunc şeylər edilir. Can və mal təminatı yoxdur. Müsəlmanlara qarşı zülüm, qarət və cinayətlər adi hərəkətlər olub. Kişilərin kütləvi halda ölkədən xaric edilməsi, geridə qalan müdafiəsiz qadınlara təcavüz, dağıdılmış, tərk olunmuş kəndlər, ac, yaralı, möhtac insanlar... Bölgədəki müsəlmanların vəziyyəti budur. Söylədiklərimin hər birini kəlmə-kəlməsinə təsdiq edən  hadisələr və rəsmi sənədlər əlimizdə vardır. Ancaq burada onları açıqlamaq imkansızdır. Zamanı gələndə bunlardan təkrar bəhs edəcəyik. Hələlik sadəcə yerli və mərkəzi hakimiyyət nümayəndələrinin hadisələrə hakim olduqlarını, fəqət müsəlmanların vəziyyətində heç bir dəyişiklik olmadığını bildirmək istəyirəm”. Cəfərov dövlət duması rəhbəri Rodziyanko və rus hökumət nümayəndələri, xüsusilə hərbi işlərlə əlaqəli nazir ilə görüşərək Qars bölgəsində müsəlman əhalisinin düçar olduğu fəlakətləri anlatmış və bu məsələdə onlardan yardım vədi ala bilmişdir. M. Y. Cəfərov “Qardaş Köməyi” jurnalında dərc olunan məqaləsində Dumadakı müsəlmanların qayəsini belə təsvir edirdi: “İş belə ikən müsəlman vəkillərin hərbzadələr haqqında məqsəd və məramı bunların hal və faciəsinə hökumətin, Dövlət Dumasının, rus millət mətbuatının nəzəri diqqətini cəlb etmək, bunların ən mühüm və birinci ehtiyaclarını rəf edib, tələf olanların yetimlərini saxlamaq üçün xəzinədən maaş buraxılmasına yardım və təsəvvüt etmək, Müsəlman Cəmiyyəti Xeyriyyələrinə bunların öz müəsissəsi xeyirləri vasitəsi ilə hərbzədələrin halını təhqiq edib, öz yerlərində onlara müavinət və yardım götürmələrinə yol verilməsinə icazə alamq idi”. O, müharibədə zərər çəkən müsəlmanların sayının müəyyən edilib ona göndərilməsi üçün BMXC-nin sədri M. Əsədullayevə teleqraf göndərmişdir. Sonra Rusiyanın Daxili İşlər Nazirliyində “Müşavirə məclisi təşkil olunur”. Cəfərov da bu toplantıda iştirak edir. Cəfərov bu heyətdəki fəaliyyətinin sonunda BMXC-nin öz dindaş qardaşlarına yardım etmək səlahiyyətinə malik olan digər bu kimi cəmiyyətlərlə bərabər müsəlmanların milli müəssisələri kimi tanınmasına nail olur. O, eyni zamanda BMXC-nin bu yardımlar üçün dövlət xəzinəsindən pul ayrılması kimi imkanlar da əldə edir. 1915-ci ilin avqust ayında “Qaçqınlara aid” qanun layihəsi Dövlət Dumasına təqdim olunur, müzakirələrdən sonra ayın 30-da “Qaçqınların ehtiyaclarının qarşılanması haqqında” qanun qəbul edilir. Qanuna görə qaçqınların ehtiyaclarının qarşılanması üçün büdcədən 25 milyon rubl ayrılması nəzərdə tutulur.
    Azərbaycan Türklərinin Osmanlı dövləti ilə Rusiya arasında gedən müharibə ərəfəsində və sonra Türk qardaşlarına etdiyi “Qardaş Köməyi”ni təbii ki, bir məqalədə cəmləşdirmək mümkünsüzdür. Ən təəssüff olunacaq hal da budur ki, bu əhəmiyyətli tarixi hadisə nə Azərbaycanda, nə də Türkiyə Cümhuriyyətindəki insanlarımıza yetərincə çatdırılmamışdır. Bu mövzuda -----Betül Aslan “Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi və Qardaş Köməyi” adlı, faktlarla zəngin, çox dəyərli bir kitab yazmışdır. Lakin belə güman edirik ki, bu kitab Türkiyə Cümhuriyətində də çox yayğın deyildir. Biz də məqaləni yazarkən bu kitaba istinad etmişik. Olduqca əziyyət, səbr və vaxt tələb edən belə bir kitabı yazıb oxuculara təqdim etdiyi üçün ---Betül Aslana səmimi minnətdarlığımızı bildiririk. Eyni zamanda bu kitabı əldə etmək üçün bizə yardım edən Gəncliyə Yardım Fondunnun prezidenti Əhməd Tecim bəyə dərin təşəkkür edirik. Və istərdik ki, bu kitab Azərbaycan Türkcəsinə uyğunlaşdırılaraq azərbaycanlı oxuculara da təqdim olunsun. İnanırıq ki, belə kitablar, məqalələr yalnız tarixi öyrətmək və qürur hissi yaşatmaq vəzifəsi daşımır, həmçinin gənclərə, qardaş olmaq, yardımlaşmaq, paylaşmaq dərsi verir.

Bu yazı 1154 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :