-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türklük ideologiyası və tanınmış ziyalı İsmayil Həqqi
Şiriftin ölçüsünü dəyiş

Fəxri Valehoğlu

    Rusiya imperiyasının dövlət idarəetmə qurumlarının, inzibati müəssisələrinin Cənubi Qafqazda, əsasən Tiflis şəhərində yerləşməsi XIX əsrdə və XX əsrin əvvəllərində buranı Qafqazın baş şəhəri durumuna gətirmişdi. Önəmli iqtisadi-sosial və elmi-mədəni mərkəz funksiyasını öz üzərinə götürən Tiflis Qafqazın müxtəlif güşələrindən, o cümlədən Azərbaycandan (Gəncə, Şamaxı, Qarabağ, Naxçıvan və xüsusən də Güney Azərbaycandan) buraya pənah gətirən müxtəlif təbəqəli insanların daimi yaşayış məskəninə çevrilmişdi. Türk – müsəlman maddi – mənəvi irsinin ən əski daşıyıcılarından olan Tiflisdə, əsasən şəhərin şeytanbazar – Meydan məhəlləsində öz aboregen soydaşlarının yanında yerləşib yaşayan Azərbaycan türklərinin bir qismi ticarətlə məşğul olmuş, sərvətlərini artırmağa çalışmış, bir qismi dövlət orqanlarında çalışıb məmur həyatı sürmüş, bir qismi ordu sıralarında xidmət etmiş, bir qismi ziyalı ömürü yaşayaraq ya qəzetçiliklə məşğul olmuş, ya da Tiflis Türk Teatrında aktyorluq etmiş, eləcə də müxtəlif yerlərdə işləyərək bir təhər ailələrini dolandırmışlar.
    Arxiv sənədləri tanınmış ziyalılarımızın, ədiblərimizin yaşayıb-yaratdığı, xalqımızın ədəbiyyat, mədəniyyət, mətbuat və teatr tarixində mühüm yer tutmuş Tiflis şəhərinin türkçülük ideologiyasının da formalaşdığı və yayıldığı önəmli mərkəzlərdən biri olduğunu sübut edir. Burada yaranıb fəaliyyət göstərən müsəlman-türk komitələrində əsasən ziyalılar cəmləşmişdi və onların əsas məqsədi Rusiya imperiyasının əsarətində olan türk xalqlarının həmrəyliyinə nail olmaq və türkün düşmənlərinə qarşı mübarizə aparmaqdan ibarət idi. Bu təşkilatlar Tiflis şəhərində və bütövlükdə Cənubi Qafqazda millətci erməni təşkilatlarının fəaliyyətlərinin neytrallaşdırılması üçün də böyük işlər görmüşdülər.
    Tiflisdə fəaliyyət göstərən türk komitələrindən birinin fəaliyyəti 1912 – ci ildə, Balkan müharibəsi başlanan dövrdə daha aydın nəzərə çarpır. İslam bərabərliyi (Musavat) Mərkəzi Komitəsi adlanan bu təşkilat 1912-ci ildə Türkiyənin Balkan ölkələri ilə müharibəsində Rusiya türklərini – müsəlmanlarını İslamı müdafiə naminə birləşməyə çağıran və Rusiyaimperializmi əleyhinə yönələn intibahnamələr yayır.
    Türk dilində çap olunmuş və “Müsəlmanlar, dindaşlarımız” sözləri ilə başlayan bu intibahnamələrdə İslamın qorunması Türkiyə (Osmanlı) imperiyasının bütövlüyündə görülür, Türkiyə müsəlmanlığın yuvası və ürəyi adlandırılır, hər tərəfdən ona qarşı qılınclar, tüfənglər, toplar tuşlandığı və bunun digər dövlətlərin Türkiyədə Anayasa (Konstitusiya) qəbul olunandan sonra Türk xilafətinin, müsəlmanların güclənməsindən və inkişafından təşvişə düşməsindən irəli gəldiyi qeyd olunur. İntibahnamədə o da deyilir ki, müsəlmanların başına gətirilən bütün fəlakətlərin əsas səbəbkarı “şimal ayısı”, “dünyanın jandarmı” adlanan Rusiyadır. “Despotik rus hökuməti”nin Türkiyə əleyhinə vuruşanlara yardım olaraq hər gün dəva-dərman, həkimlər, könüllülər adıyla əsgərlər göndərdiyi və serblərin, qaradağlıların (çernoqorların), bolqarların tərəfində saysız – hesabsız rus zabitinin və artilleriyaçısının döyüşdüyü vurğulanan intibahnamədə daha sonra yazılıır: “Dünyanın hər yerindən müsəlmanlar Türkiyəyə maddi yardım və könüllülər göndərir, biz Rusiya müsəlmanları isə hissiyatsız qaya parçasına çevrilmişik. Baxın xristianlara. Onlar xaçpərəstlərə uzaq Amerikadan yardım göndərirlər. Hər bir müsəlman baş verənlərə öz münasibəti bildirməlidir.Yoldaşlar, qan tökün, qan tökmək vaxtıdır”.
    Bu intibahnamə Tiflisdən poçt vasitəsilə zərflərdə Bakı, Yelizavetpol (Gəncə), Şuşa, Lənkəran, Nuxa, (Şəki), Dərbənd, Şamaxı, İrəvan, Batum, Ahısqa, Azqur, Axalkələk, Qori, Vladiqafqaz, Nalçik, Petrovsk (Mahaçqala) və Həştərxan şəhərlərindəki müsəlman təşkilatlarına və onların fəal üzvlərinə göndərilirdi.
    Zərflərin göndərildiyi ünvanlardan bəlli olanların bəzilərini diqqətinizə çatdırırıq.

    Şuşada – Şamil bəy Vəzirov, Həkim Kərim bəy Mehmandarov;
Yelizavetpolda – Müsəlman ilahiyyat gimnaziyası, Məşədi Nağı Qasımov, Yusif bəy Yusifbəyov, Cildləmə ustası İsmayılzadə, Molla Həsən Tahirov, doktor Fərrux bəy Rəfibəyov, Əvəz bəy Rzayev, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyov, Şeyxülislam Axund Molla Hüseyn Pişnamazadə;
    İrəvanda – Müsəlman müəllim seminariyası, Müəllim Əlicəfər Məmmədov;
    Qoridə - Firudin bəy Köçərli;
    Batumda – Məmməd bəy Abaşidze və Mehdi Hacıyev;
    Ahısqada – Sünni qazisi Əli Əfəndi Əfəndiyev;
    Azqurda – Ömər Faiq Nemanzadə;
    Axalkələkdə - Loğman bəy Fərhad bəy oğlu Palavandov.

    Göründüyü kimi, yuxarıda adları çəkilən şəxslərin əksəri kifayət qədər tanınmış, Azərbaycan-Türk siyasi-ictimai mühitində və dövlətçilik tarixində özünəməxsus yer tutmuş şəxslər idi. Onların bir çoxu Azərbaycan Türklərinin ilk millətçi partiyası – “Difai”nin yaradıcıları və fəalları idilər.
    Bu intibahnamələrin yayılmasından sonra mətbuat səhifələrində müsəlman – “tatar” milyonçularının Türk konsulluğu vasitəsilə Qızıl Aypara cəmiyyətinə pul göndərməsi barədə məlumatlar dərc olunur. Eyni zamanda, rəsmi raportlarda məşhur Bakı milyonçuları Musa Nağıyev və Hacı Zeynalabdin Tağıyevin Qızıl Aypara cəmiyyətinə böyük miqdarda (40 000 rubl) pul yardımı keçirdikləri və bu pulun türk konsulu vasitəsilə Türkiyəyə göndərildiyi barədə məlumatların olduğu yazılır. Yazışmalardan erməni daşnaqlarının Ənzəli limanından Türkiyəyə özlərinin silah–sursat anbarlarını daşıdıqları, müsəlmanların isə yığdıqları 3 milyon məbləğində pulu eyni yolla Türkiyəyə göndərdikləri aydın olur.
    Yerli hakimiyyət strukturlarına müsəlman əhalisi arasından türk ordusuna könüllülərin yığılmaması üçün ciddi nəzarət edilməsi tapşırılır. Arxiv sənədlərdən o da bəlli olur ki, Borçalı qəzasının sünni qazisi Mustafa Əfəndi Veysəlzadə Türkiyə lehinə, yəni Rusiya əleyhnə iş aparır.
    Tiflis Quberniyasının Jandarm İdarəsinin rəisi polkovnik Pastryulinin Peterburqa, Polis Departamentinin direktoruna ünvanladığı 2 noyabr 1912-ci il tarixli məktubunda Balkan müharibəsində Qafqaz müsəlmanlarının Türklərlə həmrəy olduqları, onların çoxunun türklərə mənəvi dəstək verdikləri, fəqət ziyalılarından bəzilərinin və ruhanilərin iki cəhətdən – 1)Qızıl Ayparaya pul yığıb yardım etməklə, 2)İslam Bərabərliyi Mərkzi Komitəsinin türkiyənin müdafiəsinə və xristianlara qarşı qanlı müharibəyə səsləyən intibahnamələrin yayılması ilə yardım etdiyi bildirilir. Polkovnik Türkiyəyə kömək üçün Tiflis ruhanilərinin Qurban Bayramında müsəlmanları qoyun kəsməməyə və əvəzində hmin məbləğdə pulu Türkiyəyə yardım qismində göndərməyə səslədiyi barədə məlumatların olduğunu, bu axırıncı məlumatın yeni alındığı və yoxlamalı olduğunu yazır. Məktubda daşnakların rus hökumətini Türkiyə ermənilərinə pul, silah və insan yardım etməyə və slavyanların uğur qazanacağı təqdirdə, türklər əleyhinə üsyan hazırlamağa çağırdığı bildirilir.
    Görülən tədbirlər nəticəsində zərflərin göndərildiyi adamlar dindirilir, evlərində axtarış aparılır. Axtarış aparılan ünvanlardan biri də Qoridə Müəllimlər seminariyasının müəllimi, görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin evi olur. Axtarış nəticəsində tərtib edilmiş 23 oktyabr 1912-ci il tarixli protokoldan bəlli olur ki, F. Köçərli ona göndərilmiş iki intibahnamədən birini öz dostu Rəşid bəy Əfəndiyevə, digərini isə həmkarı Ə. Muxtarova (çox güman ki, Əbduləli bəy Muxrarov- F. V) verib. Həmin gün R. Əfəndiyevin və Ə. Muxtarovun evində də axtarış aparılır, ancaq ancaq siyasi məzmunlu heç bir sənəd tapılmır. R. Əfəndiyev dindirilmə zamanı F. Köçərlidən intibahnaməni alıb oxuyandan sonra peçə atıb yandırdığını deyir. Ə. Muxtarov isə F. Köçərlinin ona seminariyada nə isə bir kağız verdiyini, ancaq bu kağızı oxumadığını və buna görə də məzmunundan xəbərsiz olduğunu söyləyərək, onu iş yerində qoyduğunu bildirir.
    Çarın xəfiyyələri tərəfindən intibahnamələrin Tiflisdə hansı mətbəədə nəşr olunduğu araşdırılır. “Tatar” şriftlərinə malik mətbəələr müəyyən edilib, intibahnamələrin çap olunduğu şriftlə tutuşdurulur.
    Rotmistir Tiflis Mühafizə Şöbəsinə “məxvi” qrifli 27 dekabr 1912-ci il tarixli məktubunda yazırdı:
    “Molla Nəsrəddin” 7 aprel 1906-cı il tarixindən cari ilin 8 maart tarixinə qədər nəşr olunurdu. Redaktoru – M. C. Məmmədquluzadədir ki, Tiflis şəhərində yaşayış qeydiyatında deyil və məxvi məlumatlara görə, guya Şuşa şəhərindədir.
    “Molla Nəsrəddin” jurnalı Gürcüstan Nəşr Cəmiyyətinin mətbəəsində çap olunurdu. “Molla Nəsrəddin” jurnalının 23 may 1910-cu il tarixli sayını sizə təqdim edərək məlumat verirəm ki, Cəlil Məmmədquluzadə mənim tabeliyimdə olan şöbəyə gəlməyibdir”.
    30 oktyabr 1912-ci il tarixli cavab məktubunda təcili olaraq bu satirik “tatar” jurnalındakı elan və qeydlərin hansı mətbəə şrifti ilə çap olunduğunu müəyyən etmək tapşırılır. Qoyulmuş tapşırığa əsasən “tatar” şrifitlərinin mövcud olduğu mətbəələrin siyahısı tərtib olunur və “tatarca” nəşrlərin aşağıdakı mətbəələrdə çap olunduğu müəyyən edilir:
    
1. Canişinlik dəftərxanasının mətbəəsi,
    2. Ticarət – sənaye cəmiyyətinin mətbəəsi,
    3. Mordki Vitenzonun mətbəəsi,
    4. Kamal Əfəndi Ünsizadənin mətbəəsi,
    5. İsmayıl Səməd oğlu Həsənzadənin (Həqqinin) işlədiyi mətbəə.

    Göründüyü kimi, şübhəli bilinən mətbəələrdən biri də “Molla Nəsrəddin” satirik jurnalının yığıcısı İsmayıl Həqqinin “Şərq” mətbəəsi olur. 1912-ci ilin 21 oktyabr gecəsində, Tiflis şəhərində Voronsov küç. № 6 ünvanında yaşayan İran təəbəli İsmayıl Həqqinin evində polis işçiləri tərəfindən axtarış aparılır.
    “Mollanəsrəddinçi” İsmayıl Həqqi (1884 – 1938) dövrünün tanınmış, öndər ziyalılarından idi. O, bir çox ədəbiyyat – mədəniyyət xadimlərimizlə yaxın ünsiyyətdə olmuş, nasirliklə yanaşı Tiflis Türk Teatrında aktyorluq da edərək tamaşaçı rəğbətini qazanmışdır.
    1913-cü ildə Tiflis Türk Teatrı məşhur Osmanlı – Türk dramaturqu Namiq Kamalın “Akif bəy” faciəsini səhnələşdirir. Hüseyn Cavid o dövrdə nəşr olunan “İqbal” qəzetinin 1913-cü il 9 oktyabr tarixli sayında çap etdirdiyi “Tiflisdən teatr, yaxud sənəti – tamaşada təbəddül və tərəqqi” sərlövhəli məqaləsində tamaşanı şərh edərkən öz rolunun öhdəsindən uğurla gələn İ. Həqqi barədə yazırdı: “... İsmayıl Həqqi Əfəndinin şətarətli halları və laübali qəhqəhələri ayrı-ayrı birər qiyməti – haiz idi”.
    9 fevral 1924-cü il tarixində “Tiflis Türk Ədəbiyyatı Həvəskarlar Dərnəyi”nin iclası keçirilir. “Nərimanov” klubunda keçirilən bu iclasda rəhbərlikdə dəyişikliklər edilir, dərnəyin fəaliyyətinin tənzimlənməsi üçün işçi komitəsi yaradılır. Onun tərkibi barədə İsmayıl Həqqi məlumat verir. “Yeni fikir” qəzetinin bundan üç gün sonra, 12 fevral 1924-cü il tarixli nömrəsində dərc olunmuş “Tiflis türk ədəbiyyatı həvəskarları dərnəyində” başlıqlı yazıdan İsmayıl Həqqi, Əziz Şərif və Mirzə Həsənxanın 23 səslə dərnəyin rəyasət heyətinə namizəd seçildiyi bəlli olur.
    İsmayıl Həqqinin adı bir sıra görkəmli yazarımızın xatirələrində və məqalələrində ehtiramla çəkilir. Yazıçı Əbdül Qafar Mahmudov “Mən Səhhəti tanıyırdım” adlı xatirəsində yazırdı: “1918-ci ilin sonu idi. Bakıda idarədə oturmuşdum. İsmayıl Həqqi gəldi, yanında bir nəfər də var idi. İsmayıl Həqqi bizi tanış elədi. Bu şair Salman Mümtaz idi. İş günü qurtarmışdı. Bərabər küçəyə çıxdıq. Salman Mümtaz bizi evimizə getməyə qoymadı. Fayton çağırdı, bizi əyləşdirib öz evinə apardı və qonaq elədi” (“Azərbaycan” jurnalı, 1963, N= 11).
    1937-ci ildə “xalq düşməni”, “pantürkist” damğası ilə həbs olunub 1938-ci ildə həbsxanada vəfat etmiş (və ya öldürülmüş) İ. Həqqi çox güman ki, Məhz XX əsrin əvvəllərində Tiflisdə fəaliyyət göstərən türk – müsəlman komitələri ilə əlaqələrindən və türkçülük fəaliyyətindən dolayı daim xüsusi xidmət strukturlarının nəzarətində olmuşdur.
    İsmayıl Həqqinin vaxtilə yaşadığı Voronsov küçəsi (çox hissəsi indiki Qorqasali küçəsini əhatə edir) o zaman şəhərin Azərbaycan türklərinin ən sıx yaşadığı və çalışdığı əsas ticarət küçələrindən biri idi. İ. Həqqinin evində axtarış aparıldığı 1912-ci ildə Voronsov küçəsində Azərbaycan türklərinə məxsus ticarət obyektlərinin ünvanı və sahibləri barədə məlumat var.
    Məlumata görə İsmayıl Həqqinin evinin yerləşdiyi ünvanda, yəni Voronsov küç № 6-da Həşim Abbas oğlu adlı şəxsin ət dükanı yerləşimişdir. Cədvəl vasitəsilə İ. Həqqinin qonşularının və tez-tez görüşüb ünsiyyətdə olduğu şəxslərin də kimliyini müəyyən etmək mümkündür.
    Əlavə olaraq qeyd edək ki, 1912-ci ildə Voronsov küç № 55 ünvanında üzvlərinin çoxu cənublu soydaşlarımızdan ibarət olan İran Xeyriyyə Cəmiyyəti yerləşirdi. Bu cəmiyyətin üzvləri Hacı Rza Məmmədov Voronsov № 10, Saleh Abdullayev  və Hacı Mir Həsən Hacı Mir Səməd oğlu isə Voronsov № 20 ünvanlarında məskun idilər. Voronsov № 4 ünvanında teatrımızın rejissoru Əlibala Abbasov, № 53-də, yəni Mirzə Fətəli Axundzadənin mülkündə (indiki Qorqasali küç. № 17) Tifilis Kutais Şiə məclisinin kargüzarı Lətif bəy Axundzadə, № 59-da Sünnü Məclisinin üzvü Yunus Əfəndi Məmmədzadə yaşayıblar. M. B. Şərifov soyadlı şəxs də Voronsov küçəsində yaşayan soydaşlarımızdan olub.
    Bu dövrdə şəhərin V (Voronsov) polis sahəsinə Ortacala, Meydan, Seyidabad məhəllələri, Məscid və Hamamlar küçəsi, Şuşa (Şuşinski) küçəsi və döngəsi, Soğanlıq, İmir, Muğanlı, Zəyəm, Ağstafa döngələri və dalanları, Tatar, Sarvan, Səttar, Məmməd, Yevlax döngələri, S. Səttar keçidi adlanan ərazilər daxil idilər. VII (Avlabar) polis sahəsində isə küçələrdən biri Baydar küçəsi adlanırdı.
    1912-ci ildə Azərbaycan türklərindən Məmməd ağa Vəkilov Tiflis Canişinlik Dəftərxanasının məhkəmə şöbəsində tərcüməçi, Əsgər Abdul oğlu Qaraxanov Tiflis Məhkəmə Palatasında tərcüməçi, Hidayət bəy Axundov Tiflis Dairə Məhkəməsində tərcüməçi, Yusuf xan Məmmədbəyov Qafqaz Yol – Rabitə Dairəsinin yollar xidmətində mühəndis – texnik, Həsən ağa Səməd ağa oğlu Ağamalıyev Cənubi Qafqaz diyarı üzrə mərzçəkmə təsislərində yerölçən vəzifələrində işləyirdilər. Ştat – rotmeyster rütbəli Məmməd bəy Haşımbəyov Daxili İşlər Nazirliyinin nəzdindəki qubernator dəftərxanasında, Rzaqulu Axund Hacı Mövlazadə DİN-in polismeyster idarəsində, Məmməd Musa oğlu Məmmədov və İbrahim Sadıq oğlu Abuzalımov Tiflis poçt – teleqraf dairəsində, Böyük bəy Mehdi bəy oğlu Ağasıbəyov Maliyyə Nazirliyinin idarəsi olan Dövlət Bankının kontorunda, İsmayıl bəy Hüseynbəyov və Hüseyn bəy Sadıqov Ticarət və Sənaye Nazirliyinin tabeliyində olan Birja komitəsində müxtəlif vəzifələrdə çalışan soydaşlarımızdan idilər. Kərim bəy Vəkilov o dövrdə üzvlərinin böyük əksəriyəti ermənilərdən ibarət olan Tiflis Şəhər Dümasının yeganə milliyətcə türk olan üzvü idi. O, dümanın məktəb, meşə - bağ sahələri üzrə icraiyyə komissiyasının və təsərrüfat, balneoloji sahələr üzrə hazırlıq komissiyalarının işində yaxından iştirak etmişdir, Məşədi Əli Quliyev isə IV seçki dairəsindən şəhər dümasına namizədliyini irəli sürmüşdür.
    XX əsrin əvvəllərində Tiflisdə müsəlmanlara məxsus bir sıra dini qurumlar Cənubi Qafqaz Sünni Ruhani İdarəsi (sədri: Müfti Hüseyn Əfəndi Qayıbov), Tiflis – Kutais Quberniya Sünnü Məclisi (sədri: Tiflis, Sığnaq, Telav qəzalarının qazisi Yusif əfəndi Molla Məmmədzadə), Tiflis Müsəlman Öməriyyə məktəbi, Cənubi Qafqaz Şiə Ruhani İdarəsi (sədri: Şeyxülislam Axund Məmməd Axundəli oğlu Pirnamazzadə), Tiflis – Kutais Quberniya Şiə Məclisi (sədri: Tiflis və Sığnaq qazisi axund Mir Fəttah Mir Heydərzadə), Tiflis Əliyyə Məktəbi, Sünnü və Şiə Məscidləri fəaliyyət göstərirdilər.
    Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti (sədri: Bahadır bəy Mallaçıxan), Müsəlman Dram Dərnəyi (sədri: Yusif bəy Tahirov), Qafqaz Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti (sədri: Şahzadə Gövhər Mirzə Qacar) XX əsrin əvvəllərində Tiflisin Azərbaycan – Türk elitasını öz ətrafında birləşdirən mədəni – xeyriyyə cəmiyyətləri idilər.
    Tiflis, eyni zamanda, Azərbaycan – Türk ictimai-siyasi fikrinin formalaşmasında əvəzolunmaz rol oynamış “Ziya”, “Kəşkül”, “Şərqi – Rus”, “Molla Nəsrəddin”, “Yeni fikir” kimi qəzet və dərgilərin yayımlandığı məkan idi. Bu məqamda yazımızı digər bir “Mollanəsrəddinçi”, görkəmli publisist – pedoqoq və ictimai xadim Ömər Faiq Nemanzadənin Tiflis barədə xatirələrindən iki cümlə ilə bitirmək istərdik. O. Faiq yazırdı:
“Ah, Tiflis! Türkcə mətbuat nəşri üçün nə münasib, nə dəyərli yer.
Burası Türk aləminin mərkəzi!”
 

Bu yazı 957 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :