-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Rusiya ərazilərində erməni koloniyalarının meydana gəlməsi
Şiriftin ölçüsünü dəyiş

    Taleh Cəfərov
    Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü

(XI-XVIII əsrlər)

    Tarixdə erməniləri ən çox miqrasiya edən xalqlar sırasına aid etmək olar. İlk növbədə ermənilərin miqrasiyasının əsas səbəblərindən biri 387-ci ildə Ermənistanın (Ermənistan yaylası-T. C) Sasani və Bizans imperiyaları arasında bölüşdürülməsi olmuşdur. Daha sonra VII əsrin sonu-VIII əsrin əvvəllərində Ərməniyyənin ərəb qoşunları tərəfindən işğal olunması ilə bütövlükdə erməni sənətkar və tacirlərinin bir çoxu müəyyən vaxtlarda Krıma getdilər. 1061-ci ildə səlcuq qoşunlarının Anadolu ərazilərinə yürüşü ilə Bizansın şərqdə ən möhtəşəm qalası olan Ani şəhərinin süqutu nəticəsində 20 minə yaxın erməni Rusiyanın inkişaf etməkdə olan cənub şəhərlərinə üz tutmağa başladılar. Bu haqda Azərbaycanın tanınmış ziyalıları Cəlal Əliyev və Budaq Budaqov müəllifi olduqları “Türklər, Azərbaycanlılar, Ermənilər: tarixi həqiqətin soyqırımı” kitabında  qeyd etmişlər: “Hay-ermənilərin nisbətən sıx yaşadıqları Van gölü ətrafından və Ermənistan yaylasından kütləvi köçməsi prosesini eramızın XI əsrinə aid etmək olar. Məlumdur ki, XI əsrdə Krıma və Rusiyanın başqa torpaqlarına buradan xeyli sayda erməni əhalisi köçmüşdür. Belə köçlər can qurtarmaq üçün qaçmaqla “müqəddəs torpaq” axtarışı xarakteri daşıyırdı. Bu köç fasiləsiz olaraq bütün sonrakı əsrlərdə davam etmişdir”. Məlumdur ki, Krıma köçməkdə olan erməni köçkünlərini rus çarları bir şərtlə qəbul edirdilər ki, onlar ruslara qıpçaqlarla döyüşlərdə kömək etsinlər.
    Qeyd etmək lazımdır ki, ermənilərin Rusiya ərazilərinə miqrasiyasının nə zamandan başlanması haqqında  mənbələrdə kifayət qədər məlumat verilmir. Lakin erməni və rus tarixçilərinin (Ç. P. Aqayan, P. L. Kazaryan, C. Patkanov, T. Poloskova və digərləri) verdikləri məlumatlara görə ermənilərin Rusiya ərazilərinə ilk köçü XI əsrdən etibarən başlanmışdır. Gələcək Rusiya imperiyasının hüdudlarında ermənilərin görsənməsi haqqında ilk məlumatlar XIII əsrə aiddir. O zaman Qaliç və Volın knyazı Daniil (1211-1264) yeni şəhərlərin salınmasına, sənətkarlıq və ticarətin genişləndirilməsinə və öz torpaqlarında ermənilərin məskunlaşdırılmasına icazə verirdi. Bununla əlaqədar olaraq əvvəlcə Kiyev şəhərinə gələn ermənilər burada möhkəmləndikdən sonra digər iri şəhərlərə axışmağa başladılar. Beləliklə, XIII-XVIII əsrlərdə təkcə Qərbi Ukraynada 30 erməni koloniyası yaranmışdır.
    Artıq XIII əsrin sonlarından etibarən Rusiyada şəhərlərin daha da inkişaf etməsi, xüsusilə sənətkarlıq və ticarət mərkəzlərinə çevrilməsi Qara dəniz sahillərində məskunlaşmış ermənilərin buraya axınına səbəb oldu. Ticarət yolları üzərində yerləşən şəhərlər içərisində Vladimir, Qaliç, Volın, Yazloveç, Moskva, Ryazan, Həştərxan, Lvov öz inkişaf səviyyəsinə görə digərlərini üstələməkdə idi. Məhz bu amilləri nəzərə alan erməni miqrantlar xırda-xarda dəstələr şəklində rus şəhərlərinə köçməkdə idilər. Bu barədə Hatəm Cabbarlı yazır: “Ticarət yolları üzərində yerləşən şəhərlərdən biri də Yazloveç idi. XIII yüzillikdə Krımda yaşayan ermənilərin bir çoxu burada yerləşmişdilər. Ermənilər burada Əziz Boqorodiçi Kilsəsini, daha sonra Balaqoveşenya Saat Qülləsini və Əziz Qriqor Monastırını inşa etdilər. Yazloveç ermənilərinə dair qəbul edilmiş qanunlara görə onların torpaq sahibi olmalarına, ev inşa etmələrinə, sənətkarlıqla məşğul olmalarına icazə verilirdi. Həmçinin onların yerli məhkəmələrdə özlərinin müstəqil məhkəmələri də var idi”. Yazloveç şəhərində mühüm imtiyazlar əldə edən ermənilər digər cənub şəhərlərinə Vladimir, Tismeniç, Obertin, Stanislava və digər şəhərlərə də miqrasiya etməkdə idilər.
    Erməni mənbələri XI-XIV əsrlərdə Moldova, Qalisiya, Bukovina və Transilvaniyada erməni koloniyalarının meydana gəlməsi haqqında məlumat verirlər. Belə ki,  XIV əsrin ortalarında artıq Moskva şəhərində də yüzlərlə erməni əsilli vətəndaşlara rast gəlmək olardı. Moskva ermənilərinin sosial tərkibi əsasən tacirlər, zərgərlər, həkimlər, tikintidə çalışanlar, hərbçilər, saray rəssamları və tərcüməçilərdən ibarət idi. Məlumdur ki, Moskvaya gələn ilk erməni əhalisi içərisində tacirlər üstünlük təşkil edirdilər. Onlar əsasən Volqa üzərindən keçərək Qızıl Orda ilə, həmçinin Cənubi Qafqazla da sıx ticarət əlaqələri qurmuşdular. Davamlı şəkildə Moskvaya üz tutan ermənilər burada daimi məskunlaşmadılar və bu illər ərzində onlar Moskvada azsaylı icma ilə təmsil olunurdular. Belə ki, Moskva ətrafında Voskresensk kəndində kompakt şəkilində yaşayan ermənilər sonralar burada ilk erməni kilsəsini də inşa etdilər.
    Xüsusilə bu dövrdə ermənilərin Moskva ilə yanaşı Rusiyanın digər mərkəzi şəhərlərinə köçü daha da intensivləşməkdə idi. Çünki ermənilər monqollardan canlarını güclə qurtarmışdılar. Məhz bu dövrdə monqol-tatarlardan qurtulan ermənilər kütləvi şəkildə Krıma, Polşaya, Ukraynaya, Rusiyaya qaçmaqda davam edirlər. Nəticədə, Krımda, yalnız Feodosiyada 30 minə yaxın erməni məskunlaşmışdı. 1374-cü ildən onlar Lvovda, Kamenets-Podolskda məskunlaşmağa başlayırlar. Bu şəhərlərdə onların sayı ilbəil artmaqda idi. Ermənilər Qərblə Şərq arasında ticarət vasitəçisi olduqlarını nümayiş etdirdilər. Göründüyü kimi, getdikcə ərazinin yerli sakinlərinə çevrilən erməni tacir və sənətkarları şəhər rəhbərliyinin razılığı ilə burada kilsələrin, erməni dilli məktəblərin, ticarət evlərinin yaradılmasına müvəffəq oldular. Nəticədə, XIV əsrdə qazandıqları bir sıra imtiyazlar sayəsində erməni tacirləri icmaların yaranması və möhkəmləndirilməsi işində fəal rol oynamağa başladılar. Maraqlısı ondan ibarətdir ki, bütün bu imtiyazlar burada yaşayan ermənilərdən savayı digər xalqlara verilməmişdi.
XIV əsrdə salınmış ən böyük erməni koloniyalarından biri də Lvov şəhərində yerləşirdi. Məlumat üçün qeyd edək ki, 1270-ci ildə Qalisiya knyazı Lev tərəfindən Lvov şəhərinin əsası qoyulduqdan sonra knyaz buraya bir çox erməni tacirini dəvət etdi və onlara bir sıra imtiyazlar verdi. Bu haqda Hatəm Cabbarlı yazır: “XIII yüzilliyin ortalarından başlayaraq cənub bölgələrində, xüsusilə Lvovda erməni məhəllələri salınmağa başlandı. Ermənilər XIV yüzilliyin ortalarında Lvovda kilsə inşa etmək üçün icazə də aldılar. O illərdə Rusiyada yaşayan katoliklərə belə bir imkan qətiyyən verilməmişdi. Ancaq ermənilər hər zaman bu haqqı alırdı”. Göründüyü kimi, yaradılmış münbit şəraitdən yararlanan Lvov erməniləri 1367-ci ildə burada erməni yepiskopluğunun əsasını qoydular. Bununla yanaşı 1375-ci ildə Kilikiyadakı yarımmüstəqil erməni çarlığının süqutundan sonra burada yaşayan ermənilərin bir çoxu Lvov şəhərində, bir qismi də Kamenets-Podolskda məskunlaşdılar. Onlar 1398-ci ildə burada ilk erməni kilsəsini-Müqəddəs Nikolay kilsəsini inşa etdilər.
    XV əsrin ortalarından etibarən rus torpaqlarının monqol işğalçılarından azad olunmasından sonra digər etnoslar kimi ermənilər də bir sıra imtiyazlar əldə etdilər. Ticarət və sənətkarlıqda sərbəst fəaliyyətin təmin edilməsi üçün rəhbərlikdən razılığın alınması, onların gömrük və vergi rüsumlarından müəyyən müddətə azad edilməsi, şəhərlərin idarə olunmasında müvafiq vəzifələrin tutulması və digər bu kimi imtiyazların əldə olunmasına nail oldular. Məlumat üçün qeyd edək ki, verilmiş bu imtiyazların bir qismi “erməni hüquqlarının külliyatı” formasında latın dilində tərcümə olundu və 1519-cu ildə cüzi dəyişiklik edilməklə Petrovka seymində I Sigizmund tərəfindən rəsmən qəbul edildi. Həmçinin monqol işğallarından azad olan Kiyev şəhərində də  siyasi hakimiyyəti ələ keçirən Litva ordeninin rəhbərliyi ermənilərə bir sıra güzəştlər vəd etdi. Belə ki, orden rəhbəri IV Kazimir ermənilərin evlə, həyatyanı torpaq sahələrilə, sənətkarlıq və ticarətlə sərbəst şəkildə məşğul olmaları üçün münasib şəraitin yaradılmasına nail oldu. Bu onunla bağlı idi ki, ermənilər Şərq-Qərb ticarətində böyük rola malik idilər və bir neçə erməni tacirinin əlində böyük sərvət toplanmışdı. Maraqlıdır ki, toplanmış bu sərvətdən lazım gələndə həm hökumət, həm də dövlət nümayəndələri istifadə edə bilirdilər.
    Rus torpaqlarının Moskva ətrafında birləşməsi prosesi XI əsrdə başlamış XV əsrin ortalarında başa çatmış və bundan sonra Moskva şəhəri istər sənətkarlıq və ticarət, istərsə də digər sənət sahələrinin sürətlə inkişafı baxımından digər şəhərləri üstələmişdir. Rus dövlətinin cənub dövlətləri ilə apardığı ticarət əlaqələri bu şəhərin daha da inkişaf etməsinə şərait yaradırdı. Xüsusilə Volqa çayı vasitəsilə buraya gələn erməni tacirləri burada sərbəst şəkildə, heç bir maneə olmadan alış-veriş işləri ilə məşğul olmaqda idilər. Həmçinin bu vaxta qədər hərbi xidmətdən azad olan ermənilər artıq bundan sonra ordu sıralarına cəlb olundular. Bunu Qrunvald və Tanneberq (hər iki döyüş 1410-cu ildə baş vermişdir - T.C) yaxınlığındakı döyüşlərdə erməni əsgərlərinin iştirakı haqqında verilmiş məlumatlardan da görmək mümkündür.
    XVI əsrin ortalarında Rus dövlətinin cənub vilayətləri uğrunda apardığı işğalçılıq siyasəti bu ərazilərin birdəfəlik rus torpaqlarına qatılmasını rəsmiləşdirdi. Qazanın (1552-ci il), ardınca Volqaboyu ərazilərin rus torpaqlarına qatılması bütövlükdə (1556-cı il) Rusiya dövlətinin Xəzər dənizinə, eləcə də Mərkəzi Asiyaya çıxış imkanlarını daha da asanlaşdırdı. Məhz bu dövrdən etibarən Xəzərsahili ölkələrdən birinə çevrilən Rusiyanın bölgədəkı iqtisadi və siyasi çəkisi daha da artdı. Rusiya sərhədlərinin Cənubi Qafqaza doğru daha da yaxınlaşması Səfəvilər dövlətində (Tehran, İsfahan,  Həmədan) yaşayan ermənilərin əl-qolunun açılmasına gətirib çıxardı. İstər Xəzər dənizi vasitəsilə, istərsə də quru yolla Rusiya ərazilərinə miqrasiya edən erməniləri başlıca olaraq düşündürən əsas məsələ qısa zaman müddətində burada tacirlərin sərbəst fəaliyyəti, yaşayış imkanlarının yaxşılaşdırılması üçün “ticarət evləri”nın tikilməsi idi. Daha çox ipəkçilik, baramaçılıqla məşğul olan erməni tacirləri Avropa bazarlarına çıxış əldə etmək uğrunda mübarizə aparırdılar. Çünki Asiyadan fərqli olaraq Avropada bu sahədə rəqabətin olmaması ermənilərin bu bazarlarda varlanmaq ehtirasını günü-gündən gücləndirirdi. Həmçinin Rusiya bazarlarında ermənilərdən alınan vergi rüsumunun adambaşına 5 qəpik olması da diqqət çəkicidir. Çünki Rusiya hakim dairələri tərəfindən müəyyənləşdirilən bu rüsum yalnız erməni tacirlərinə şamil edilirdi. Bu isə avropalı tacirlərdən alınan vergilərdən dəfələrlə az idi. Burada ruslarla ermənilər arasında “dostluğun” hələ orta əsrlər dövründə möhkəm təməllər üzərində qurulduğunun şahidi oluruq. Məhz yaradılmış bu imkanlardan lazımınca yararlanan erməni tacirləri bu dəfə Rusiyanın Həştərxan şəhərinə toplaşmağa başladılar. Hatəm Cabbarlının fikrincə: “Rusiyanın erməni tacirləri üçün yaratdığı bu geniş imkanlar Qafqaz və İranda ticarətlə məşğul olan ermənilərin Həştərxana toplaşmalarına və ticarətin inkişafına şərait yaratdı. 11 sentyabr 1746-cı il tarixli qərar ilə Həştərxanda yaşayan və ticarətlə məşğul olan ermənilər bəzi vergilərdən azad oldular. Qərarın digər müddəalarında əcnəbilərə öz məhkəmələrini yaratmaq imkanları da verilirdi. Bununla əcnəbilərə sadəcə öz məhkəmələrini yaratmaq deyil, eyni zamanda özünü idarəetmə hüququ da verilirdi. Nəticədə, Həştərxanda erməni koloniyasının yaranması prosesi başa çatdı. Qısa müddət ərzində Həştərxan erməni tacirlərinin yerləşdiyi bir mərkəzə çevrildi”.
    Göründüyü kimi, XI əsrən ortalarından başlayaraq beş əsr müddətində ermənilərin bu ölkəyə davamlı miqrasiyası nəticəsində XVII əsrdə tacir və sənətkar təbəqələrindən ibarət erməni diasporasının ilkin rüşeymləri meydana gəldi. Xüsusilə bu dövrlər Moskva və cənub şəhərlərində sürətlə erməni koloniyalarının meydana gəlməsi və erməni tacirlərinin burada məskunlaşması prosesi ilə xarakterizə olunur.
    XVII əsrdə beynəlxalq münasibətlər sistemində Rusiyanın mövqeyinin güclənməsi rus-erməni əlaqələrinın daha da inkişaf etməsinə zəmin hazırlayırdı. Xüsusilə bu əlaqələrin inkişafında maraqlı olan rus çarı Aleksey Mixailoviçin hakimiyyəti dövründə (1645-1676) erməni tacirləri əvvəlki dövrlərlə müqayisədə burada daha rahat yaşamağa başladılar. 1648-ci ilə aid “Kilsə külliyyatı”nda bu haqda məlumatlara rast gəlmək mümükündür. XVII əsrin sonlarında Rusiyada baş vermiş hakimiyyət dəyişikliyi nəticəsində hakimiyyətə gələn I Pyotrun qarşısında duran əsas vəzifələrdən biri də Cənubi Qafqazı ələ keçirmək və burada möhkəmlənmək idi. Avropada təzəcə müharibənin bitməsi (Şimal müharibəsi) nəinki I Pyotrun Qafqaz siyasətini arxa plana keçirmiş, hətta Xəzər dənizinə yiyələnmək istəyini günü-gündən gücləndirmişdi. Bu haqda Güntəkin Nəcəfli yazır: “1711-ci ildə Prut müqaviləsini imzaladıqdan sonra Qara dənizinə çıxış əldə etməkdən əlini üzərək bütün ümidini Xəzər dənizi hövzəsində möhkəmlənməyə bağlamışdı. I Pyotr Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyi, Qərbi Avropa ilə apardığı bütün ipək ticarətini Volqa-Xəzər yolu istiqamətinə yönəltməklə, Osmanlı imperiyasının ipək ticarətindən qazandığı gəliri ələ keçirmək niyyətində idi”. Bunun üçün müttəfiq axtarışına çıxan I Pyotr erməniləri ələ almaq üçün onlara bir sıra güzəştlər vəd etmək qərarına gəldi. Belə ki, XVII əsrin sonu, XVIII əsrin I rübünə qədər Rusiya bazarlarında ticarətlə məşğul olan ermənilərin burada tam sərbəst fəaliyyəti istiqamətində yaradılmış imkanların daha da sadələşdırılməsi üçün yeni qərar qəbul etdi. 22 mart 1711-ci il tarixli  qərara görə bəhs olunan dövrə qədər Rusiya sərhədlərinə daxil olan zaman ermənilərdən alınan gömrük rusumu bundan sonra yalnız Moskva şəhərinə daxil olan zaman alınmalı idi. Məhz bu addım erməni tacirlərini həddindən artıq ruhlandırmışdı. İmperator Pyotr Rusiyada ermənilərin başlıca himayədarı oldu və onlara müxtəlif imtiyazlar bəxş etdi. Onun ermənilərə olan hədsiz rəğbəti, hər bir erməni tacirinin Rusiya hüdudlarında sərbəst yaşamasına və ticarətlə məşğul olmasına yönəlmiş fəaliyyəti ermənilərin hədsiz sevincinə səbəb olmuşdu. 28 yanvar 1717-ci ildə I Pyotrun Osmanlı imperiyasının Smirna şəhər sakini Hiter Abroya Rusiyada ticarət üçün “Ali fərman” verməsi də dediklərimizi bir daha təsdiq etmiş olur.
    Hələ 1701-ci ildə I Pyotra ermənilərin nümayəndəsi İsrail Ori “erməniləri xilas etmək” məqsədilə müraciət etmiş və öz növbəsində I Pyotr “erməni məsələsi” ilə məşğul olacağına dair İsrail Oriyə söz vermişdi. I Pyotr məhz buna görə Xəzər sahili əraziləri tutduqdan sonra tez bir zamanda oranı xristian elementi ilə məskunlaşdırmağa çalışdı. Həmçinin İsrail Orinin ölümündən sonra onun vəzifələrini yerinə yetirən Vardapet Minas I Pyotrun bu istəyinin tez bir zamanda yerinə yetirilməsində maraqlı idi. O da İsrail Ori kimi hazırladığı yeni-yeni planlarla dəfələrlə I Pyotrun qəbulunda olmuş, öz təklif və iradlarını bildirmişdir. O, 1717-ci ilin noyabrında I Pyotra Rusiya və Səfəvi dövlətləri arasında gözlənilən müharibədə maraqları təmin etmək üçün Xəzər dənizi sahilində qalanı əvəz edəcək monastrın tikilməsi təklifini verdi. 1718-ci ildə Vardapetin I Pyotra unvanladığı yeni müraciətdə isə əsas məqsəd Rusiyanın dünyaya səpələnmiş erməniləri öz təəbəliyinə qəbul etməsinin vacibliyi qeyd edilmişdi.
    I Pyotrdan sonra hakimiyyətdə olan alman mənşəli Anna İoannovna sələfindən fərqli olaraq ermənilərə lazımı yardım göstərməkdən imtina etmişdi. Anna İoannovnadan sonra hakimiyyətə gələn II Yekatirina I Pyotr qədər erməni maraqlarını müdafiə etmişdir. Bu haqda tanınmış rus jurnalisti və tarixçisi V. L. Veliçko “Qafqaz” adlı əsərində yazırdı: “Anna İoannovnadan fərqli olaraq əksinə II Yekaterina öz sarayında mənəviyyatca pozğun və olduqca dəbdəbəli yaşayan ermənilərə son dərəcədə iltifat göstərirdi”.  Düşdükləri şəraitdən öz məqsədləri üçün faydalanmağa çalışan ermənilər rus çarlarından aldıqları siyasi və iqtisadi imtiyazlardan maksimum dərəcədə yararlanmaqda idilər. Bu barədə Güntəkin Nəcəfli yazır: “Hələ, I Pyotr dövründən Rusiyada bir sıra imtiyazlara malik olan erməni tacirləri xərçəng kimi regionun müxtəlif yerlərində kök salaraq özlərinə yeni-yeni məskənlər yaradır və bu məskənləri ələ keçirmək arzusunda olduqları Azərbaycan şəhərlərinin adlarını verirdilər. Beləki, Rusiyada məskunlaşan ermənilər Həştərxanda koloniyalar və Qızlar şəhərində xüsusi erməni məhəlləsi yaratmışdılar. İ. Arqutinskinin “xüsusi canfəşanlığı” nəticəsində II Yekatirinanın 14 noyabr 1779-cu il fərmanı ilə Krımdan Xerson quberniyasına köçürülən ermənilər üçün Don çayı sahilində xüsusi idarəetmə statusuna malik olan yaşayış məskəninin əsası qoyuldu. Ermənilər həyata keçirəcəkləri məkirli niyyətləri naminə tarixi Azərbaycan torpaqlarına, toponimlərinə gələcək iddialarına zəmin hazırlamaq məqsədilə bu qəsəbəni “Yeni Naxçıvan” adlandırmağa başladılar”.(Salınmaqda olan “Yeni Naxçıvan” şəhərinə Krımla yanaşı Türkiyənin də müxtəlif regionlarından əhalinin kütləvi şəkildə köçürülməsinə başlandı. Nəticədə qısa müddət ərzində burada 15 mindən çox erməni yerləşdirildi. Köçürülmə zamanı miqrant ermənilərə hökumət tərəfindən bir sıra imtiyazlar verilmişdi. Bu haqda V. L. Veliçko “Qafqaz” adlı əsərində yazırdı: “Təzə yerə köçürülənlərə kifayət qədər-Krımdan bütün əmlakın dövlət hesabına daşınması, 12 min desyatin əlverişli torpaq sahəsi, bütün mükəlləfiyyətlərdən on il müddətində, mənzil mükəlləfiyyətindən azad olma kimi üstünlüklər verilmişdi. Hər bir ev sahibinə 30 desyatin torpaq sahəsi ayrılmış, meşə və tikinti ləvazimatı bağışlanılmış, toxumlar, mal-qara və avadanlıq isə on ildən sonra qaytarılmaq şərtilə verilmişdi”. Göründüyü kimi, ermənilərdən bu və ya digər şəkildə yararlanan çarların ermənilərdə antitürk təbliğatının günü-gündən güclənməsində maraqlı olduqlarının bir daha şahidi oluruq.
    XVIII əsrin ortalarında erməni tacirlərinin kompakt şəkildə yaşadığı bölgələrdən biri də Qızlar şəhəri idi. Şəhərin əlverişli mövqedə yerləşməsi, həmçinin cənub ticarət yolları üzərində olduğu üçün burada ticarətin və digər sənət sahələrinin inkişafına müsbət təsir göstərirdi. Bu haqda Hatəm Cabbarlı yazır: “Burası xüsusilə İran və Türkiyədən gələn erməni tacirlərin, Həştərxan və Qafqazdan köçüb gələn ermənilərin toplandığı bir mərkəz idi. Bölgədə yaşayan ermənilər xüsusilə toxuculuq, boyaçılıq, meyvəçiliklə məşğul olurdular. Şərab və konyak ticarəti də ermənilərin nəzarətində idi. 1746-ci ildə verilmiş qərarda nəzərdə tutulmuş imtiyazlardan Qızlar erməniləri də yararlanmaqda idi. Lakin özlərinə aid məhkəmələrini yarada bilmədikləri üçün Həştərxan erməni məhkəməsindən yararlanırdılar. Bu cür vəziyyət XVIII əsrin sonlarına qədər davam etmişdir”. Göründüyü kimi, aparılan uzunmüddətli mübarizələr nəticəsində Rusiyanın müxtəlif şəhərlərində yerli özünüidarəetmə orqanlarının yaradılmasına, ümumerməni kilsə məclislərinin təşkil edilməsinə, erməni dilli məktəblərin yaradılmasına, ticarət evlərinin inşa edilməsinə, ümumilikdə, müsəlman Türklərdən fərqli olaraq  xristian ermənilərə istənilən şəraitin yaradılmasında göstərdiyi xidmətlərinə görə ilk növbədə rus çarlarının interpretasiya cəhdlərini qeyd etmək lazımdır.
    Qeyd etmək lazımdır ki, ilk öncə Kiyev, Qızlar, Həştərxan, Moskva, Qaliç, Volın və digər iri şəhər və qəsəbələrdə möhkəmlənməyə müvəffəq olan ermənilərin bu dəfə dayanacaqları məntəqə Sankt-Peterburq şəhəri idi. Hələ İsveçlə aparılan uzunmüddətli müharibə illərində Çar Rusiyasının Baltik dənizi sahillərində möhkəmlənmək məqsədilə çar I Pyotrun göstərişi ilə 1703-cü ildə inşa edilmiş şəhərə qonşu dövlətlərdən çoxlu sayda tacir və sənətkar dəstələri axışmağa başladı. İtaliyan memarları tərəfindən salınmış və “adalar şəhəri” (şəhər 103 adanı əhatə etdiyi üçün belə adlanırdı -T. C) kimi tanınan Sankt-Peterburq şəhərində bəhs olunan dövrdə yaradılmış geniş imkanlar erməniləri də bu şəhərə köç etməyə sövq etmişdir. Ermənilərin nə vaxtdan bu şəhərə gəldikləri haqqında müxtəlif məlumatlar mövcuddur. Lakin erməni müəlliflərinə (P. L. Kazaryan, Ç. P. Aqayan və b.) istinad etsək ermənilərin bu şəhərə 1708-ci ildən etibarən gəldiklərini qeyd edə bilərik. Buraya gələn ilk erməni dəstələri əsasən ticarət və boyaqçılıqla məşğul olurdular. Sürətlə iri ticarət və sənaye mərkəzinə çevrilməyə başlayan Şankt-Peterburq şəhəri XVIII əsrin II yarısından etibarən siyasi güc mərkəzinə çevrilməyə başladı. Qısa müddət ərzində siyasi təşkilat və dərnəklərin, ictimai birliklərin, partiyaların, qəzet və jurnalların nəşr edilməsi burada məskunlaşmış erməni miqrantların siyasi fəaliyyətlə məşğul olmaları üçün əlverişli imkan və şərait yaratdı. Yeni texnalogiyaların gətirdiyi yenilikləri və qazanılmış təcrübəni əcnəbi miqrantlardan mənimsəməyə çalışan erməni gəncləri XVIII əsrin II yarısından etibarən Rusiyanın digər şəhərlərində olduğu kimi Sankt-Peterburq şəhərində də tətbiq etməyə başladılar. Şəhərin Avropaya birbaşa çıxışı olduğu üçün buraya qitənin müxtəlif ərazilərindən əcnəbi miqrantlar axışıb gəlməkdə idilər. Maraqlısı ondan ibarətdir ki, onlar qərbin yeni texnologiyalarını da özləri ilə birgə buraya gətirirdilər. Əsas məqsəd yerli əhalinin, o cümlədən erməni miqrantlarının maariflənməsində və təşkilatlanmasında yaxından iştirak etmək idi. Qərbin himayəsini daima üzərlərində hiss edən erməni başbilənləri burada daha çox siyasi partiyaların, təşkilatların, dərnəklərin, kütləvi kitabxanaların, ticarət evlərinin, kilsələrin, erməni dilli məktəblərin yaradılması məqsədi ilə çıxış edirdilər. Şərq dillərini yaxşı bilən ermənilər dövlətin ən nüfuzlu müəssisələrində belə tərcüməçi kimi fəaliyyət göstərirdilər. Təşkilati işlərdə fərqlənməyə çalışan ermənilər digər sahələrdə də bu prosesi davam etdirməkdə idilər. Peterburqda yaşayan ermənilər şəhərin sosial-siyasi həyatında önəmli rol oynayırdılar. Belə ki, ermənilər ticarətlə məşğul olmaqla yanaşı, buradakı ən nüfuzlu universitetlərdə çalışır,  müəllim və texniki heyətdə çoxluq əldə edirdilər. Göründüyü kimi, ermənilər ilk növbədə şəhərin səhiyyə, təhsil ocaqlarında mövqe tutmağa çalışırdılar. Ən nüfuzlu universitetlərə belə asanlıqla yol tapmağa müvəffəq olan  ermənilər ilk öncə burada erməni dili və ədəbiyyatı fakultəsinin açılmasına nail oldular.
    Beləliklə, XI əsrdən etibarən Rusiya ərazisində məskunlaşaraq koloniya salan ermənilərin XVII-XVIII əsrdə Rusiyada dərin köklər salaraq diasporaya çevrildiyinin şahidi olduq. Yuxarıda sadaladığımız faktlar artıq XVIII əsrdə ermənilərin Rusiya imperiyasının nəinki iqtisadi, həm də siyasi həyatında böyük rol oynadığını göstərir. XIX əsrin əvvəlində Qafqaza yürüş edən çar Rusiyası məhz Rusiyadakı ermənilərin “xidmətindən” bəhrələnəcəkdir.

Bu yazı 1061 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :