-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Milli mədəniyyət və sivilizasiya
Şiriftin ölçüsünü dəyiş

Yasəmən Qaraqoyunlu
Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin sədri

    İnsan xarakteri mürəkkəb olub, kosmik, bioloji, psixi, sosial və mədəni aspektlərə malikdir. İnsan bir varlıq kimi təbii və sosial çərçivədə yaşayır.
    İnsan bir tərəfdən sosiumuk olub, digər tərəfdən isə eyni mənşədən olan insan qrupuna - etnosa daxildir. Ona görə də, hər bir homosapines öz-özlüyündə etnobiisosial bir vahiddir.
    Etnos eyni cür düşünən, fizioloji və bioloji baxımdan bir-birinə oxşayan insanların sabit birliyidir. Prof. Əlikram Tağıyevin “Etnopolitik problemlər, etnoslar və millətlər” adlı məqaləsində göstərdiyi kimi etnos mənşə ümumiliyinə əsaslanan, müəyyən kökə və nəslə, ənənəyə malik kollektiv olub biosfera və sosiosferanın sərhədlərində olan bir birlikdir. Etnos sosial kateqoriyadır. Murad Adcıya görə etnos antropoloji, fizioloji, biokimyəvi əlamətləri özündə birləşdirən sosial bir varlıqdır. Etnos ümumi bir dilə əsaslanan və eyni bir mədəniyyətə sahib olan insan birliyidir. Ağayar Şükürova görə, hər bir etnosun mədəniyyətinin inkişafı məntiqi, onun anadangəlmə psixoloji xüsusiyyətləri ilə determin edilmişdir və onun dili ilə təzədən yaranır və inkişaf etdirilir. Dil də öz növbəsində mədəniyyətin əsas elementi kimi onun formalaşmasına, bərqərar olmasına fəal surətdə təsir edir.
    İnsan, onun birliyinə etnik və milli xarakter verən, onun dilinin, davranışının, yaşayış formaları və həyat tərzinin, düşüncə və inanclarının, dəyərlərinin məcmusu kimi mədəniyyəti yaradır, mədəniyyət isə insanın və onun daxil olduğu toplumun özgürlüyünü, başqa etnoslardan fərqli, spesifik şəxsiyyətinin yaradıcısı rolunda çıxış edir.
İnsan toplumuna bioloji amillə yanaşı, həm də mədəniyyət eyni mənşə xarakteri verərək milli kimlik xüsusiyyəti qazandırır.
    Mədəniyyət etnosla şəxsiyyət və cəmiyyət münasibətlərinin tənzimlənməsində və formalaşmasında böyük rol oynayır.
    Mədəniyyət öz-özlüyündə bitkin bir orqanizim olub, etnik və milli kimliyə malikdir, milli dövlətlərin təsbiti vasitəsilə öz mövcudluğunu təşkilatlanmış formada qoruyur və dinamik-inkişafına əlverişli şərait yaradır.
    Mədəniyyət etnosiyasətin əsasını təşkil edir. Etnosiyasət etnik maraqların ortalığa qoyulmasıdır. Bu maraqların ideya-nəzəri əsasları öz əksini milli ideologiyalarda tapır. Milli ideologiyalar milli mədəniyyətin əsasında formalaşır.
    Mədəniyyət təbiətin inikasıdır. Ona spesifik xüsusiyyət verən coğrafi quruluş və landşaftdır. Mədəniyyət biosferin təmsilçisi və tərkib hissəsidir. Coğrafi quruluş və landşaftlar müxtəlif olduğu kimi, mədəniyyətlər də  müxtəlif olur.
Qumilyova görə, mədəniyyət də, etnosla birgə yaşayır, qocalır ölür. Şpenqlerə görə, mədəniyyət ayrıca götürüımüş insanın yaş dövrlərini, uşaqlıq, yeniyetməlik, gənclik və qocalıq dövrlərini keçir. Mədəniyyətin dinamikasına müxtəlif ictimai-tarixi və coğrafi amillər böyük təsir göstərir. Mədəniyyətin formalaşmasında və özəl xüsusiyyət daşımasında dil və din böyük rol oynayır. Din bəzən müxtəlif mədəniyyətli etnosların arasında körpü rolunu oynayaraq yayılma arealına uyğun olaraq, ümumi bir mədəniyyətin formalaşmasına səbəb olur. Bu halda mədəniyyət insanların etnik, siyasi təşəkkül formalarına ciddi təsir göstərir, etnosları bir araya gətirərək subetnoslara çevirir. Bu halda mədəniyyət subetnosları bir-birinə bağlayan ortaq dəyərlər, hədəflər və ideologiyalar rolunda çıxış edir. Məsələn, hal-hazırda Avropa dövlətlərinin könüllü və bərabərhüquqlu birləşməsinə söykənən Avropa Dövlətləri Birliyi adlı formalaşmaqda olan yeni siyasi təşəkkül, öz ideoloji əsaslarını (Avropasentrium) Xristian dini inanc və ənənələrinə söykənən müasir Qərb mədəniyyətindən alır. Və ya istər Səlcuqilər, istərsə də Osmanlılar dövründə imperiya içərisində yaşayan etnos və toplumları bir-birinə, dövlətə və hakim super etnosa bağlayan dəyər İslam dini inancı əsasında formalaşmış ortaq İslam mədəniyyəti olmuşdur. Zaman və məkan fərqlərini nəzərə almaqla bildirməliyik ki, müxtəlif subetnoslar zaman-zaman xristianlıq və İslam dini və mədəniyyətləri içərisində super etnoslara çevrilmişlər. Dini inanclara söykənən mədəniyyətlər XX əsrin əvvəllərinə qədər əsasən imperiya dövlət təşəkkülü forması yaratmışdır. Dini mədəniyyət əsasən super etnosun qəbul etdirdiyi vahid əlifba və vahid rəsmi idarəedici dil vasitəsilə formalaşmağa başlamışdır. Lakin tarixin sonrakı mərhələsində (XVIII-XX) inkişaf etmiş etnoslar millətə çevrildilər, dini mədəniyyətlər həm də öz içərisində, rəngarəng milli mədəniyyətlərlə əvəz olundular. Milli mədəniyyətlər mədəniyyətdə eyni xüsusiyyətlər əsasında milli əlifba, dil və mentalitet əsasında milli dövlətlərin təşəkkülünə səbəb oldu. Milli problemlərlə məşğul olan alimlər millətin yaranmasında ilkin şərtləri “kultur ünsürlərində” axtarır, milli ruh və milli xarakteri əsas müəyyənedici hesab edirlər. Millət, insanların tarixən sabit birliyi olub, dil, ərazi, iqtisadi həyat və mədəniyyət ünsürlərinin birliyinə əsaslanır.
    Mədəniyyət müxtəlif tarixi, sosial və coğrafi  amillər səbəbindən dağılmağa səbəb olmuş etnosların, insan toplularının reqenerasiya (yenidən təşkil olunma) qabiliyyətinin bərpa olunmasında əsas rol oynayır. Bu zaman o, milli ruha çevrilərək passionar tədəqənin milli hədəf göstəricisinə - milli ideologiyaya çevrilir.
    Spenqlərə görə, mədəniyyət xalqın ruhunun xarici təzahürüdür. Mədəniyyətin millətlərdə yaratdığı ruh onun hər bir üzvünün, insanın pisixikasının şüuraltı dərinliklərində yaşayır. Kulturologiya elmində bu ruh mentallıq və ya mentalitet adlanır. Mentalitet milli xarakterdir. İnsan isə mentallığın təhtəlşüur vasitəsilə ötürücüsüdür. Mentallıq kollektiv və fərdi şüurun dərin səviyyələrini özündə əks etdirir və o sabitdir, mühafizəkardır, dəyişməzdir. Mentalitet hər bir insanın sosial mühiti, mədəniyyəti, ənənələri əsasından formalaşır.
    İnsan şəxsiyyəti isə milli mentalitet əsasında formalaşır. İnsan təbiət və fövqəltəbiiliyə, zaman və məkan anlayışına, əxlaqa, sərvətə, insan həyatına, varlıq və ölümə şüurda dərin iz buraxılmış bu mentalitet əsasında münasibət bəsləyir.
    Mədəniyyət insanın təbiətdən mühafizəsi, həmçinin təbiətlə əlaqələrinin qaydaya salınması və insanlararası qarşılıqlı münasibətlərin tənzimlənməsidir.
    Mədəniyyət fərdin öz qurupundan aldığı sosial varislik mövcudluğunu davam etdirir. İnsan təbiətdən mühafizə olunmaq və yaşayışını yaxşilaşdırmaq məqsədilə maddi mədəniyyət ünsürlərini, cəmiyyət üzvlərinin mənəviyyati və davranış normalarının müəyyənləşməsi üçün mənəvi mədəniyyəti yaratmışdır. Mədəniyyətin hər iki – maddi və mənəvi ünsürü bir tam olaraq insanın təkmilləşəcək dünya ilə, kainatla, Tanrı ilə qovuşması, əbədiyyət və sonsuzluqla bütünləşməsi idealıdır.
    Maddi və mənəvi mədəniyyət təbiət və insan fəaliyyətinin ümumiləşdirilməsidir, mədəniyyət insan xarakterini və inkişafın ölçüsü olmaqla yanaşı sosial təcrübənin ötürülməsi sistemidir.
    Hər bir mədəniyyət bütövdür, tamdır və qapalı orqanizimdir. Mədəniyyəti konkret bir etnos yaratdığından, o, hər şeydən əvvəl milli, yayılma arealına görə regionaldır. Lakin hər bir mədəniyyətdə bəşərilik konsepsiyası olduğuna görə, mədəniyyətlər arasında əlaqələr mövcud olmuşdur. Mədəniyyət min illər hesabına formalaşır və tarixi mühitlə coğrafi əhatə dairəsinin vəhdəti mədəniyyəti bitkin, kamil bir orqanizmə çevirir. Mədəniyyət sırf sosial hadisə olub, insanların həyat fəaliyyəti ilə əlaqədardır. Mədəniyyət prosesləri bütün ictimai hadisələrlə qarışılıqlı əlaqədə baş verir.
    Prof. Ağayar Şükürova görə, mədəniyyət ideal, universal şəxsiyyətin formalaşması vasitəsi, hərtərəfli təhsil, tərbiyə almağa, elm və incəsənətə təsir etməyə, dövlətin möhkəmlənməsinə kömək etməyə qadir bir qüvvədir. Mədəni dəyərlər toplumun həyatında ənənəyə çevrilərək bir ənənəviləşmə, gələnəksəlləşmə yaradır. Bu gələnəksəlləşmə prosesində toplumun, dövlətin, millətin mənafeyi fərdin mənafeyindən üstün tutulur. Gələnəksəlləşmiş toplum sabit olur, eyni din, eyni ənənələr, sabit mənəvi rahatlıq gətirən bir mühit yaradır. Ənənələrin və dəyərlərin, dini inacların güclü olduğu gələnəksəl toplum sənaye öncəsi tarixi inkişaf pilləsində mövcud olmuşdur. Belə toplumlarda ailə toplumun əsas alt yapısını təşkil edir. Qərb sosioloqu Ernest Qelknerə görə, gələnəksəl, yəni sənaye öncəsi toplumlarda insanların kimliklərinin daha çox köklü bir təməli vardı. Bir insanın kim, olduğu nisbətən sabit və güclü bir ailə və əqraba bağları ilə bəlli olurdu. Fəqət modern sənayeləşmiş toplumlarda bu gələnəkli düzən artıq keçərli olmur. Çünki sənaye toplumların ana təməli sürəkli dəyişmə və yeniləşmişdir. Bu yeniləşmə nəticəsində mədəniyyət özünün sivilizasiya mərhələsinə qədəm qoyur və sivilizasiya modern  toplum adlı yeni  bir sosial bir vahidin formalaşmasına səbəb olur, yeni insan münasibətlərini müəyyənləşdirir.
    Sosial inkişafda  sivilizasiyanın tutduğu yer və oynadığı rol birmənalı şəkildə həll edilməmişdir. Fəlsəfə tarixində XIX-XX əsrlərdə cəmiyyətin mahiyyətinin izah edilməsindəki alternativ baxış mövcud olmuşdur. Bunlardan biri formasiya digəri isə sivilizasiya nəzəriyyəsidir.
    1) Formasiya - Marks tərəfindən əsaslandırılmışdır. Formasiya nəzəriyyəsi cəmiyyəti son dərəcədə mürəkkəb, öz inkişafına malik olan və iqtisadiyyat əsasında təşkil olunan sistem kimi nəzərdən keçirir. Ziddiyətli dialektik vəhdətdən ibarət olan cəmiyyət öz məcmusunda bazisi təşkil edən maddi istehsal münasibətləri vasitəsilə müəyyən olunur. İctimai şüur ictimai varlığa deyil, əksinə ictimai varlıq ictimai şüuru və cəmiyyətin mədəniyyətini müəyyən edir.
    2) Vəli Əli oğlu Paşayev “Mədəniyyət fəlsəfəsi” kitabında göstərir ki, “Sivilizasiya nəzəriyyəsi isə mədəniyyət və sivilizasiyaların özünəməxsusluğu və özlüyündə dəyərli olması ideyasından çıxış edərək nə vaxtsa yer kürəsində mövcud olmuş və indi də yaşayaraq mövcud olan bütöv tarixi prosesin öz mahiyyətini aşkar edir”. Belə olduqda tarixi proses öz müxtəliflik təzahürlərində meydana çıxır, sivilizasiyaların təkamül qanunauyğunluqları ilə sosial həyatın müxtəlif sahələrinin xüsusiyətlərini tarixən bərqərar olan sivilizasiyaların xarakteri ilə izah etməyə imkan verir.
    Latın dilində civilis – vətəndaş, dövlət sözü kimi anlaşılan sivilizasiya anlayışı müxtəlif mənalarda işlədilir. Lakin onun bir sıra ümumi cəhətləri vardır.
    Alman romantizmi sivilizasiyanı ənənəvi mədəniyyət fəlsəfəsi adlandıraraq mədəniyyətlə sivilizasiyanı eyniləşdirmir, mədəniyyətin məzmununu sivilizasiya texnisizminə qarşı qoyurdu.
    “Hal-hazırda sivilizasiyaya – bir-birindən ayrı salınmış müxtəlif sivilizasiyaların plüralizmi, çoxluğu kimi yanaşılmağa başlamış və müxtəlif tarixi tiplər olan ayrı-ayrı sivilizasiyaların eyni zamanda eyni dövrdə bərabər və yanaşı inkişafına şərait yaratmaq məqsədilə beynəlxalq qanunlar hazırlanmışdır. Eyni dövrdə bərqarar olan ayrı-ayrı sivilizasiyalararası dialoq yaratmaqla universal bəşəri dəyərləri, normativləri və sərvətləri birləşdirmək, bu ümumi norma və dəyərlər əsasında dünyanın qloballaşmasına nail olmaq kimi ideyalar dövlətlərin siyasi məqsədlərinə çevrilmişdir. Məhz buna görə də hal-hazırda sivilizasiya dünya inkişafını bütövlüyə, ümumiliyə doğru hərəkəti kimi xarakterizə edirlər. Bu baxımdan sivilizasiya anlayışından-bütün mədəniyyətlərin bütövlüyünün xarakteristikası, onların ümumibəşəri vəhdəti, dünya sivilizasiyası kimi istifadə edilir.
    Müasir makro-tarixi tədqiqatlar sivilizasiya anlayışını nəhəng sosial-mədəni fenomenlərin bütövlüyü kimi öyrənir. “Sivilizasiyanı - N.Danilevski mədəni-tarixi tiplər, O.Şpenqler inkişaf etmiş mədəniyyətlər, A.Toynbi sivilizasiyalar, P.Sorokin isə metakulturlar adlandırırdılar. Onların fikrincə bu sosial və mədəniyyət supersistemləri nə millətlə, nə dövlətlə, nə də bu və ya digər sosial qruplarla eyniləşdirilə bilməzlər. Sivilizasiya-dərin sosial sxem olmaqla bütün sadə-xırda sosial hadisələrin xarakterini müəyyən edir, sosial-mədəni fenomenlər okeanında əsil, həqiqi bütövlükdən ibarət olur”.
    İstənilən sivilizasiya daxilində təbiət və insan ehtiyatlarının əldə edilməsi, onun üzərində hökmranlıq etmək üçün gərgin mübarizə gedir. Bu proses mədəniyyətin simvolik sahələrini də əhatə edir. Vəli Əli oğlu Paşayevə görə sivilizasiyalar daxilən dinamik inkişafa malikdirlər. Onların siması çox əsrlik tarixi zəmin əsasında formalaşır. Müasir sivilizasiyalar Qərbçilik, torpaqşünaslıq, rasionalizm, ənənəvilik kimi impulslar fərqli məzmun, ideal tip xarakteri verir. Sivilizasiya problemləri və şərhi, İslam, provoslavlıq, iudolizm və induizmdə tarixi, psixoloji, sosial-iqtisadi şərtlərin təsiri ilə müxtəlif forma və məzmunlarda təqdim edilir.
    Əli Vəli oğlu Paşayevə görə “Sivilizasiya faktiki surətdə müəyyən sosial genotipə malik olan, sosial streotip kimi çıxış edən, dünya məkanında və dünyanın ümumi yerləşmək qanunauyğunluğunda sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə deyilir”.
    Sivilıizasiyalar onda sosiallıq və mənəvilik ənənələrinin tipoloji cəhətdən fərqlənməsilə, dünyanın coğrafi məkanında nisbətən qapalı və məhdudluğuna, ənənələrin öz daşıyıcıları olan etnosların və ya etnos qruplarının sosial və iqtisadi normativlərinə çevrilməsindən doğan dövlət quruculuğu forması və təbii geopolitik münasibətlərə əsaslanan üç əsas cəhətləri özündə ehtiva edərək zaman və məkan daxilində formalaşır. Buna görə də bəşəriyyətin inkişafında müəyyən tarixi pilləni ifadə edir. Həmçinin, tarixi prosesin vəhdət xarakteristikası kimi də nəzərdən keçirilir. Bu mənada o ictimai sərvətin inkişafı ilə əlaqədar olaraq tarixin müəyyən mərhələlərinin müqayisəli surətdə qiymətləndirilməsinin meyarı kimi çıxış edir. Belə halda cəmiyyətin inkişafı – “sivilizasiyanın aşağı pilləsi”, “sivilizasiyanın səviyyəsi” və s. anlayışlar vasitəsi ilə xarakterizə olunur.
    V.Ə.Paşayevə görə sivilizasiya ayrı-ayrı fərdlər və sosial qrupların, cəmiyyətin iqtisadi, sosial-siyasi, mənəvi sistemlərindəki fəaliyyət və münasibətlərini tənzim edən normalar sistemində təsbit olunan sosial həyatın təkrar istehsalı üsuludur.
    Hər bir sivilizasiya sosial təcrübənin normalarında öz əksini tapan kodlaşdırma, saxlama və ötürülməsindən ibarət xüsusi sistemə malikdir. Bu prosesdə şəxsiyyətlər arası ünsiyyət vasitəsi olan dil əsas rol oynayır. Dövlət və onun hüquq normalarının çoxşaxəli sistemindən ibarət olan ali hakimiyyət sivilizasiyaların ən yüksək əlaqələndirici əsası kimi çıxış edir.
    Müxtəlif tipli sivilizasiyalar öz tipinə, mahiyyət və məzmununa uyğun teokrotik, hüquqi, seizm, demokratik siyasi forma olan dövlət tipləri yaratmışdır.
    “Müasir sivilizasiyalar texniki-iqtisadi inkişaf dərəcəsinə görə, iqtisadi və sosial proseslərin sürəti, habelə onların mənbələri, hakim dini və dünyagörüşü xüsusiyyətlərinə, onların sosial-siyasi və mədəni proseslərdə tutduqları yerə görə informasiyaların kodlaşdırılması və gələcək nəsillərə ötürülməsinə görə  bir-birindən fərqlənirlər”.
    “Sivilizasiya anlayışına sosiumun konkret—tarixi, sosial, coğrafi, etnik və digər əlamətlərlə fərqlənən, meydana çıxan və inkişaf edən cəmiyyətlərin yaratdıqları nə varsa, hamısı daxildir”.
    İnsan fəaliyyətinin bütün sahələrinin əhatə edən mədəni proseslərin kordinatları sivilizasiya və onun normaları ilə müəyyən olunur. Mədəniyyət sivilizasiyanın özülünü təşkil edir. Lakin buna baxmayaraq, mədəniyyət sivilizasiya ilə, sivilizasiya da mədəniyyətlə eyni deyildir. Mədəniyyət sivilizasiyalar tərəfindən irəli sürülən normaların reallaşdırılmasıdır, bəşəriyyət tərəfindən yaradılmış maddi və mənəvi sərvətlərin bütöv məcmusudur. Sivilizasiya isə mədəniyyət yaradıcılığının yalnız zəmini, ilkin şərtidir.
    Sivilizasiya geniş sosial məkana malik olan regionları və qitələri əhatə edən qlobal miqyaslı hadisədir. Mədəniyyət isə fərdi və unikaldır, etnososial xarakter daşıyır.
    Mədəniyyət eyni bir sivilizasiyaya mənsub olan müxtəlif xalqlar arasındakı fərqləri şərtləndirir. Mədəniyyət müəyyən xalq, millət üçün spesifik olan, onun etnososial fərdiliyini təşkil edən dil, din, tarix tale, digər xalqlarla, millətlərlə ünsiyyətini davranışlarda, adətlərdə əks etdirir. Eyni bir sivilizasiya çoxlu mədəniyyətlər yaradır. Müasir Avropa sivilizasiyası fransız, alman, ingilis, italiya mədəniyyətini, Şərq sivilizasiyası ilə ərəb, fars, türk, azərbaycan, çin, yapon mədəniyyətlərini özündə birləşdirir. “Geniş zaman və məkan sabitliyinə malik olan, sosial həyatın nəhəng miqyaslı təşkil forması kimi sivilizasiyalar fərd və sosial qrupların malik olduqları ən ümumi əlaqələrinə istinad edərək həm maddi, həm də mənəvi ilkin şərtlər kimi çıxış edirlər. Sivilizasiyalar mədəniyyətlərin və sosial münasibətlərin ən ümumi formalarını yaradaraq  sosial həyatın mühüm sistem təşkilini quran əsaslar funksiyasını yerinə yetirirlər”.
    Müasir sivilizasiya Avropa sivilizasiyası və qeyri-avropa sivilizasiyasına bölünür.
    Avropa sivilizasiyası XV-XVII əsrlərdən Avropada formalaşmağa başlamışdır. Antik dövrün mədəniyyətini və Avropa xristian ənənələrini İntibah dövründə sintez edərək texnika və texnologiyaların sürətli inkişafına nail olan Avropa texnogen sivilizasiyası insanlar arasındakı sosial əlaqələrin kökündən dəyişilməsini təmin etmişdir. Avropa sivilizasiyası hüquqi dövlətin bərqarar olmasına, şəxsiyyətin təşəbbüs azadlığına, fərdi müstəqilliyinə nail olmuş, insanlar arası ünsiyyət vasitəsi kimi kommunikasiya vasitələri yaratmış, insanların öz məqsədəuyğun fəaliyyətlərində təbiəti dəyişdirmək üçün istifadə etdikləri qanunların kəşf edilməsinə səbəb olmuşdur. Liberal Qərb sivilizasiyası mədəni plüarizm və cəmiyyətin əsas sərvəti olan hüquq sisteminin bərqərar olması ilə xarakterizə olunur. Avropa sivilizasiyası liberal tipli sivilizasiya növünə daxildir.
    Qeyri Avropa sivilizasiyası özündə xeyli qurupları birləşdirir. A.Toynbi onların sayının 21 olduğunu göstərmişdir. Qeyri Avropa sivilizasiyası Avropa sivilizasiyasından çox əvvəl meydana gəlmişdir və ənənəvi sivilizasiyalar tipini təşkil edir, mövcud həyat tərzini yüz, min illiklər ərzində qoruyub saxlayır, silsilə şəklində dövr edirlər, yəni dövlətin özünə xas norma və təminatları ilə birlikdə gah güclənməsi, gah da zəifləməsi ilə fərqlənirlər. “Ənənəvi sivilizasiyaların xarakterik əlamətləri mütləqiyyət hakimiyyəti, təbəqələrin hüquqsuzluğu, icma strukturunun olması, şəxsiyyətin fərqlənə bilməməsi, hüquqi sistemin olmaması”ndan ibarətdir. Ənənəvi sivilizasiyada din və mifologiya üstünlük təşkil edir.
    Lakin hal-hazırda dünyada bir-birindən xeyli fərqlənən çoxlu sivilizasiyalar bərqarar olduğuna görə bir çox tədqiqatçılar Avropa və Qeyri Avropa sivilizasiya bölgüsünü qəbul etmirlər. Arnold Toynbi hazırda Qərbi xristianlıq, provoslav xristianlığı, İslam, indu, Uzaq Şərq sivilizasiyalarının mövcud olduğunu irəli sürmüşdür.
Qərb alimləri A.Qoffler, D.Bell və Kussi Peka sivilizasiya bölgüsünün əsasında məhsuldar qüvvələrin inkişaf səviyyəsinin durduğuna istinad edərək, ictimai inkişafın dövrlərini xarakterizə edən sivilizasiyaların mövcud olduğunu irəli sürürlər.
    Burada:
    1) Sivilizasiyalardan əvvəlki, ibtidai-icma cəmiyyəti;
    2) Aqrar sənətkarlıq sivilizasiyası;
    3) Sənaye sivilizasiyası;
    4) Müasir postindustrial və informasiya sivilizasiyası.
    Hal-hazırda mövcud olan sənaye sivilizasiyası və müasir postindustrial informasiya sivilizasiyalarını iqtisadi və sosial-siyasi həyatın xarakterinə görə bir-birindən ayırmaq üçün birinci (ABŞ, Kanada, Qərbi Avropa, Yaponiya, Cənubi Koreya və b. ), ikinci (Şərqi Avropa, Rusiya, MDB ölkələri, Baltik ölkələri), üçüncü (Asiya, Afrika, Latın Amerikasının bir sıra dövlətləri) dünya bölgülərindən istifadə olunur.
    Bəs onda sivilizasiyaların məhvinin səbəbi nədir?
    Tədqiqatçılara görə, sivilizasiya normaları ziddiyyətlidir, normalar, qaydalar, qadağanlar çoxluğunda həm qurucu, mütərəqqi, həm də müxtəlif səbəblərə görə deskuriktiv, pozucu rol oynayan normalar mövcuddur. Sivilizasiya insan fəaliyyəti prosesinin bütün məcmu nəticələrini, mədəniyyəti və  mədəniyyətsizliyi sərvət və dəyərləri, eyni zamanda ona əks olanları, məsrəfləri və nailiyyətləri özündə birləşdirir. Eyni zamanda cəmiyyət inkişaf etdikcə sivilizasiyanın bütöv canlı bir orqanizm kimi meydana gəldiyi və inkişaf etdiyi normalar köhnəlir, mövcud sosiumun dəyişilmiş həyat şəraiti ilə ziddiyyətə girir, onun məhvi üçün birbaşa təhlükəyə çevrilir.
    Bu baxımdan bütün sivilizasiyalı nə varsa, heç də onların hamısı mədəniyyət deyildir. Məsələn kütləvi qırğın vasitələri olan kimyəvi, bakteroloji, nüvə silahları XX əsr sivilizasiyasının nailiyyətidir. Lakim, o mədəniyyət deyildir, mədəniyyətə qarşıdır, mədəniyyətin mövcudluğunu təhlükə altında qoyur. Ənənəvi sivilizasiyalar qeyri-ənənəvi sivilizasiya ilə əvəz olunduqda norma və sərvətlər, dəyərlər öz əvvəlki mahiyyətini itirir və sosiumun alışqanlığı sınır, inancları sarsılır və bu da yeni ziddiyyətlərin əsasını qoyur.
    Sivilizasiya bir tərəfdən maddi rifah və rahatlıq yaradır, digər tərəfdən isə təbiəti sürətlə dəyişdirərək bəşəriyyəti məhv olma təhlükəsi ilə üz-üzə qoyur.
    Ağayar Şükürova görə sivilizasiya – hər bir mədəniyyətin mövcudluğunun son mərhələsi kimi başa düşülür. A.Şükürova görə sivilizasiya əmələgəlmə, yüksəlmə, dağılma, məhvolma mərhələlərini keçir. O, Spenqler “Avropanın qürubu” əsərində mədəniyyət – sosial sistemlərin təbii inkişafına nail olan sistem, sivilizasiyanı isə süni yaradılmış, mədəniyyəti məhv edən sistem hesab etdiyini yazır. O, bildirir ki, sivilizasiya insanın qəhramanlıq əməllərindən – mexaniki işə keçiddir və Avropanı qiyama, inqilaba sürükləməklə məhvə aparır. Mədəniyyət din, dəyər və ənənələrdən ibarət gələnəksəl sabit bir həyat bəxş edir, sivilizasiya isə toplumda ruhsuz intellekt yetişdirir, nihilizm və katostrofizm toplumu daim təhdid edir. Sivilizasiya zamanı urbanizasiya prosesi güclənir. Böyük şəhərlərdə adamlar çoxaldıqca texnikanın sürətli inkişafı nəticəsində incəsənət deqredasiyaya uğrayır, xalq simasız kütləyə çevrilir. Spenqler sivilizasiyanı mənəvi tənəzzül hesab edirdi.
    Müasir Qərb sivilizasiyasına ilkin keçidin nəzəri, ictimai əsasları Reform və Renessans kimi toplumsal hərəkatlar dövründə hazırlanmışdır.
    Reform hərəkatı və Protestant əxlaqı fərdin Tanrı qarşısında özgür-müstəqil olduğunu, Renessans isə fərdin dildə, fikirdə azad və müstəqil olduğu ideyasını Avropaya gətirməklə katolik inkivizasiyasına son qoymuşdur. Həmçinin fikir və düşüncələrdəki bu yenilik hərəkatı Avropanı (Reform) camaatçılıqdan cəmiyyətçiliyə, Renessans isə cəmiyyətçilikdən fərdiçiliyə götürmüşdür. Son nəticədə fərdin mənafeyi toplumun mənafeyindən üstün götürülmüş, siyasi idarəçilikdə liberal demokratiya ilə paralel olaraq texniki inkişafın yüksəlişi Avropa sivilizasiyasının formalıaşmasında başlıca əsas olmuşdur. Reform və Renessansın fərdi azadlığı tanıması Demokratiyanın əsasını qoymuşdur. Beləlikə, fərd toplumun formalaşdığı gələnəksəl toplumdan – modern topluma keçmişdir. Qeyd edək ki, Modern toplumun ana fəlsəfəsi Sekülyarlaşma (dünyəviləşmə) olmuşdur. Amerika sosioloqu Daniel Bell bu proseslə bağlı olaraq bildirmişdir ki, “Sekülyarlaşma dini savaşları izləyən tarixlərdən sonra Qərbdə uyğulanmağa başlamışdır. Bu da kilsə rəhbərlərinin avtoritetlərindən siyrilməsi ilə siyasi həyatdan, estetik bilimlərdən ayrılması, təbiətin isə artıq əxlaqi dəyərlərə yönələn bir rolunun qalmadığı dünyagörüşünü ortaya qoymuşdur”.
    Maks Veber bu Sekülyarlaşma prosesi haqqında “Protestant əxlaqı və kapitalizmin ruhu” adlı əsərində belə yazırdı: “Bir insanın çalışaraq əldə edəcəyi ibtidai başarının dini bir kimlik qazanması təməl hərəkət nöqtəsini yaradır. Belə ki, qaynağını dindən alıb, din tərəfindən insanlarda oyandırılmış olan duyğu və düşünc sistemi getdikcə müstəqilləşmiş, bunun nəticəsində duyğu və düşüncələrimiz özlərindən sıyrılmış, uzaqlaşmışdır”. Maks Veber sekülyarlaşmanı əxlaqi və inanc sisteminin getdikcə çökməsi kimi qiymətləndirmişdir. Modern cəmiyyətin ana fəlsəfəsi “insanı” ən mükəmməl varlıq olaraq qəbul edir. Artıq Tanrıya ehtiyac olmadığını irəli sürür. İnsanı və onun ağlını ucaldan, başqa bir gercəyi varlıq hesab etməyən bu məntiqçi Pozitivist düşüncə Qərbdə dini yaşantını iqtisadiyyat dünyasından, elm, əxlaq və sənət sahəsindən xaric etmişdir. Nəticədə Maks Veberin irəli sürdüyü kimi, texnologiya və elmin irəlləyişiylə insan ruh və mənəvi güclərə inanmağı buraxmış, bütün dəyərlər barədə qutsal inancını itirmişdir.
    Daniel Bell bu prosesi belə qiymətləndirmişdir. “İnanclarımızdakı yıxılma, hər şeydən öncə texniki irəliləmə və rasional planlama ilə əlaqəli olaraq çıxan aşırı sekulyarlaşma (dünyəviləşmə) sonucu gerçəkləşmişdir”.
    T.T. Bottlomer modern cəmiyyətdəki kültür dəyişmələrinin ən önəmli cəhəti kimi əxlaqla dinin bir-birindən ayrılmasını göstərmişdir.
    Qərbin modern cəmiyyəti fərdi mənafeyə əsaslanan Sekülyarlaşma prinsiplərindən olan plüaralizm (çox fikirlilik) və tolerantlıq (xoşgörü), konsalidasiya (uzlaşma) kimi dəyərlər yaradaraq inancsız toplumu siyasi-ictimai katastroflardan qorumaq məqsədini ortalığa qoysa belə, Bellə görə, üç önəmli toplumsal problemi gündəmə gətirmişdir.
    1)    İqtisadi dövlət yönətimi və radikal fərdiyyətçilik
    2)    Dindən sapmalar
    3)    Cənnət və cəhənnəmə olan inanclarının yıxılması və o biri dünyaya aid boşluq və heçlik qorxusu nəticəsində kütlələrdə nihilizm bilincinin ortaya çıxması
    Bu üç ünsür Qərbdə çağdaşlaşma prosesinin nəticəsi olaraq meydana gəlmişdir.
    Ernest Qelkner onları dünyəviləşmə nəticəsində yaratmış plüralist kültürün modern insanlar üçün sabahın qeyri-müəyyənliyi, boşluq, köksüzlük hissini yaratdıqlarını qeyd etmişdir. Birlikdəlik (kollektivçilik) yerinə fərdiləşmə insanı insan qələbəliklərində yalnız qoymuşdur.
    Daniel Lerner və Ernest Qelkner kimi qərb sosioloqları texnoloji irəliləmə, sürətli sənayeləşmə və modernləşməni toplumun birlikdə inkişafının toplumsal gərginliklərə və bütün dəyərlərin alt-üst olduğuna səbəb olduğu qənaətindədirlər.
    Qərbin reform, renesans və maarifçilik nəzəriyyələri ABŞ dövlətinin siyasi fəlsəfəsinə çevrilmişdir. Lakin son dövrlərdə texniki sivilizasiyaların ABŞ-da sürətli inkişafının doğurduğu “Mondializm” adlanan heç bir dəyər və inanclara deyil, insanın vəhşi qansoranlara çevrilməsini təbliğ edən, insanda qan hərisliyi, manyaklıq psixologiyası yaradan kinofilimlərin, rok, pop adlı musiqi növlərinin meydana gəlməsi ilə insanı əxlaqi deyil, daha çox şəhvani-instintik hisslərə təhdid edən xüsusi kültür növü çağdaş Avropa Birliyini qorxutmaqdadır. Bu kültür ailə bağlarının qırılmasına səbəb olmuş, insanların valideyinlərini tərk etməsinə, boşanma hallarının çoxalmasına gətirib çıxarır. Sosial institut olan ailə strukturu artıq Qərbdə dağılmaqdadır. Qərb mediası həyəcan təbili çalmaqda, ABŞ-ın mondializm adlı beyin yıxayan mədəniyyət siyasətinə qarşı Avropanın yeni mədəniyyət siyasətinin qoyulması zərurililiyi barədə çağrışlar edilməkdədir. Dini ibadət yerlərindən uzaqlaşmaq, ailə, valideyin kultunun ölməsi, müqəddəs dəyərlərin yoxluğu, yaşamda gələcəyə yönəlik idealist hədəflərin yoxluğu, əvəzində gündəmlə yaşamaq və realist yanaşmaq qərb gəncliyində nihilist düşüncələri formalaşdırmışdır. Maddi rifah halı yüksək olan ölkələrdə, xüsusilə İsveçdə gənclik arasında intihar halı artmışdır. Eşq, məhəbbət adlı ülvi hisslər ölməkdə, qadın, kişi funksiyaları dəyişməkdədir. Qərb öz içində bütün bu hallara qarşı mübarizə aparmaq əzmində deyil və bu problemləri Avropa Birliyinə üzv olmağa cəhd edən üçüncü dünya ölkələrinə, xüsusilə Qərb sivilizasiyasından fərqlənən, Şərq sivilizasiyasına da ötürmək siyasəti götürmüş, bu mənəvi katostrofizmləri qloballaşma adı ilə bu ölkələrdə qanuni, hüquqi don geydirməklə təbliğ etməyə başlamışdır. Fikrimcə, Qərb-Şərq mədəniyyətinin sintezi olan Azərbaycan mədəniyyəti bu “vəhşi” mədəniyyətdən qorunmalı, bu məqsədlə yeni mədəniyyət konsepsiyası siyasəti hazırlanmalıdır.
    Beləliklə, qeyd etdiyimiz kimi, sənayeləşmə və sürətli texniki inkişaf çağdaş Qərb toplumunda böyük çalxantılar yaratmaqdadır. Həmçinin qeyd etməliyik ki, texnika və sənayeləşmə nəticəsində insan yer kürəsinin üst qabığına dağıdıcı təsir göstərmiş, bunun nəticəsində biosfer gələcək tarixi təhlükəyə məruz qalmışdır.
    Müasir sivilizasiya dünyadakı içməli su ehtiyatının üçdə iki hissəsinin toplandığı Baykal gölünü zəhərləmiş, meşələrin doğranması nəticəsində ona tökülən 150 çayın və bulaqların qurumasına səbəb olmuşdur. Aralıq gölü məhv olmuş, Xəzər dənizi aşıb-daşmış, çoxlu çürümüş, ölüyə çevrilmiş süni dənizlər yaranmışdır. Son nəticə mədəniyyətin məhv olmasına gətirib çıxaran təbiətlə cəmiyyət arasında nəhəng miqyaslı münaqişə yaranmışdır.
    Ekoloji problem əsasən texniki sivilizasiyaların inkişafı nəticəsində yaranmışdır. Texniki sivilizasiyaları Z.Byezinski, R.Arom və digər tədqiqatçılar 1)industriala qədər, 2)industrial, 3)posindustrial kimi xarakterizə edirlər.
Çağdaş filosof və sosioloqlar insan cəmiyyətinin yeni, bütün xalqlar üçün ümumi olan vahid postindustrial (informasiyalı, texnotronlu) sivilizasiyaya daxil olduğunu elan edirlər.
    Çağdaş texniki sivilizasiya nəticəsində artıq sosial sistemlər arasında (cəmiyyət-cəmiyyət), sosial sistemlər və ətraf mühit arasında (cəmiyyət-təbiət), fərd və ətraf mühüt arasında (şəxsiyyət-cəmiyyət-təbiət) qlobal problemlər adlandırılan ziddiyyətlər yaranmışdır.
    Lakin optimizm mövqeyində duraraq qlobal və ekoloji problemlərin həlli yollarını göstərən alimlər də var ki, onlardan biri fransız alim P.Likerin dediyi kimi, dövrümüz loqokratiya dövrüdür. Çünki bəşəriyyəti təhdid edən qlobal-ekoloji katostrofların və böhranların qarşısını sağlam təfəkkür və ağıllı siyasət nəticəsində almaq olar.

Bu yazı 1828 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :