-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Babək və Azərbaycan
Şiriftin ölçüsünü dəyiş

Həsən Səfəri   
Azərbaycan Milli Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutu

    Babək və aldonlar hərəkatı dövrü, Azərbaycan tarixinin ən parlaq mübarizə və qəhrəmanlıq səhifəsi sayılır. Lakın Azərbaycan tarixinin bu dövrü də qərəzli fars və ərəb tarixçilərinin bir sıra təhrif və uydurmalarına məruz qalmışdır. Aparılan təhriflərin bir hissəsi ərəb xilafətinin ideologiyası ilə bağlıdır. Belə ki, onlar Babəkin və aldonların müsəlman olmalarını etiraf etmələrinə baxmayaraq, onları xürrəmdin, kafir, məzdəki, atəşpərəst və sair adlandırıblar. Bu isə xilafətin könüllü İslam fədailərini müharibəyə cəlb etmək məqsədi daşımışdır. Farsçı qüvvələr də öz mənafeləri istiqamətində məsələni təhrif etməyə çalışmışlar. Onlar öz qərəzli məqsədləri üçün heç bir fakt və əsas olmadan Azərbaycan əhalisini və Babəki fars köklü, hətta, məzdəki və bəzən zərdüşti olmalarını iddia edirlər. Lakın mövcud faktlar hər iki qərəzli və yanlış versiyanı rədd edir. Tədqiqatçıların, o cümlədən Edvin M. Raytın qənaətinə görə IX əsrin ortalarında Azərbaycan və İranın şimalında manilik və məzdəkiliyi yayan şəxsin olmasına dair heç bir fakt və sənəd mövcud deyildir. [S. İldırım, “Babək Xürrəmdin”, s. 31]
    Fars şovinistlərinin irəli sürdüyü yanlış versiyanı rədd etməyə isə Azərbaycan əhalisinin soy-kökünə diqqət yetirmək kifayət edər. Ona görə də məsələyə hərtərəfli aydınlıq gətirmək məqsədi ilə öncə Babəkdən qabaq və Babək dövrü Azərbaycan xalqının etnik mənsubiyyəti və soy-kökünü araşdırmağa məcbur olduq.
    İstər qədim Şumer, Akkad, Assur, Urartu mixi yazılarında, istər antik  dövr mənbələrində, eləcə də İslam və ərəb mənbələrində qədim dövrlərdən Türklərin Azərbaycanda yaşamasına dair çoxlu faktlar mövcuddur.
    Araz oğlu "Müxtəsər Azərbaycan tarixi» adlı əsərində Akkad və Şumer mənbələrinə əsaslanaraq yazır: "Azərbaycan torpaqlarında Türk hakimiyyəti miladdan qabaq 4000-ci illərə gedib çıxır. Bu mənbələrdə xüsusilə arattalılar, quttilər (kutilər), lullubilər və hurrilər haqqında məlumat verilir". [Arazoğlu, “Müxtəsər Azərbaycan tarixi”, s. 13]
    "Assur və Urartu mənbələri miladdan qabaq XIV yüzillikdən yəni miladdan qabaq birinci minilliyin ortalarına kimi Azərbaycanda  "turuk" və ya "türüki"lərin adını çəkir. Z.Yampolski bu sənədlərə əsaslanıb bildirir ki, Azərbaycanda,     Urmiya gölü ətrafında miladdan qabaq XIV yüzillikdə, yəni 3500 il qabaq Türklər yaşamışlar". [F. Ağasıoğlu, “Azər xalqı”, 11-70]
    Firudun Ağasıoğlu "Azər xalqı" adlı əsərində Assur mənbələrinə  istinad edərək qədim Azərbaycan ərazisində as, az, azar etnonim və toponimlərinin olduğunu söyləyir. O, həmin Türk boylarının adının müxtəlif Türk abidələrində çəkildiyinə işarə edərək Azərbaycanda Türklərin qədim dövrlərdən yaşamasını sübut edir. [R. Rəisnia, “Azərbaycan dər seyre tarixe İran”, s. 876]
    Firudun Ağasıoğlu eləcə də qədim dövr Assur, Urartu və Akkad mixi yazılarına əsaslanaraq Azərbaycanda kuman, qaşqay, türük, subar, su, zəngi  və sair Türk dilli tayfaların yaşamasını sübut edir.
    İslam dövrünə aid ərəb, fars qaynaqlarında da Azərbaycanın Türklərin ölkəsi olmasına dair çoxlu məlumatlar mövcuddur.
    Təbəri özünün “Tarix” əsərində İslamdan qabaq Azərbaycanda Türklərin varlığını qeyd edir. Həşam ibn Kəlbinin fikrincə, Raeş ibn Qeys ibn Səba ... Yəmənin padşahı idi və onun padşahlığı Mənuçehr dövrünə təsadüf edirdi. Onun sərkərdələrinin dostlarından biri Şümr ibn Ətaf Azərbaycanda Türklər üzərinə yürüş etdi. Yürüşdə hər iki tərəfdən çoxlu ölən və əsir düşən oldu.  O başına gələnləri daş kitabəyə yazdırdı. Bu daş abidə Azərbaycan ölkəsində məşhurdur. [Təbəri, “Tarixi Təbəri ya tarix-əl Rosol vəl-Muluk”, s. 293]
    Həmzə İsfahani (hicri 270-ci ildə) "Peyğəmbərlər və şahlar tarixi" adlanan əsərinin 131-ci səhifəsində Raeşin Azərbaycanda Türklərlə döyüşünə işarə edir. ["Varlıq" jurnalı, say 128-1, s. 10]
    Məhəmməd Əvfi isə  "Cəvame-əl Hekayat və Ləvame-əl Rəvayat" adlı əsərində Ömər ibn Əbdüləzizin xəlifəliyindən (hicri qəməri 99-101-ci illər) danışarkən həmin dövrdə 20 min Azərbaycan Türkünün üsyanını və onların dörd min ərəb qoşunu ilə döyüşməsindən söhbət açır. [Bələmi, “Tarixnameyi Təbəri”, 262-263]
    Əbu Əli Məhəmməd Bələmi də yazır: "... Azərbaycana daxil oldu. Bu yurd Türklərin əlində idi, onları məğlub etdi. [M. Zehtabi, “İran Türklərinin əski tarixi”, s.667]
    Xəlifə Muaviyyə, Übeyddən soruşur: "Türk və Azərbaycan nədir? Übeyd cavab verir - Əmirəlmöminin, bunların hər ikisi onların (Türklərin) ölkəsidir".  ["Şəms Təbriz" qəzeti, nömrə 104]
    Bundan başqa dörd min Azərbaycan Türkü Sasani qoşununda mövcud idi və Kadisiyyə döyüşündə Sasani baş komandanı Rüstəm Fərruxzad öldükdən sonra, müsəlmanların baş komandanı Səd ibn Vəqqasla sülh bağladılar. Lakin onların Azərbaycana qayıtmağa üzləri olmadı, ətrafda, o cümlədən Kufədə məskunlaşıb Həzrət Əli (ə) xəndanının mehribanlığı nəticəsində müsəlman olub əlhəmra (aldonlar) adlandılar. Aldonlar Həzrət Əlinin (ə) dövründə müxtəlif müharibələrdə iştirak etdilər. Kərbəla faciəsində isə onların 10-12 nəfəri iştirak etmişdir. İmam Hüseynin (ə) qətlə yetirilməsindən sonra intiqam almaq məqsədi ilə Azərbaycan aldonları Muxtar ibn Obeyd Səqfinin üsyanına qoşuldular. Azərbaycan Türkcəsi isə Muxtarın qoşununda hakim dil idi. "Əxbar əl-Tul" əsərinin müəllifi Əbu Hənifə Dinuri, Şam ordusundan Muxtarın ordusuna sığınmış Əmir ibn Həbabın dilindən yazır. Əmir ibn Həbab Muxtarın ordusunun sərkərdələrindən olan İbrahim ibn Malikəştərlə görüşdə ona dedi: "Sənin qoşununa qatılandan qəzəbim artıb, ona görə ki, ərəbcə danışıq eşitmirəm".  [Dinuri, “Əxbar-əttul”, s. 339]
    Bu faktlardan göründüyü kimi Babək və aldonlar hərəkatından yüz illər və min illər öncə, eləcə də həmin dövrdə Azərbaycanda Türklər yaşayırdılar. İndi isə xürrəmilər və onların dini və milli mənsubiyyəti haqqında qısa məlumat:
Mənbələrin məlumatına görə xürrəmilərin ərəblərə qarşı azadlıq mübarizəsi 61 il davam etmişdir. Onun üçdə iki hissəsini Babəkə qədər olan dövr təşkil edir ki, onun da çox hissəsinə Cavidan rəhbərlik etmişdir. [“Azərbaycan tarixi”, s. 260]
    Lakın qeyd etmək lazımdır ki, Azərbaycanın adı çəkilən bu Türkləri özlərinə xürrəmdin demirdilər. Xürrəmdin adlı din də mövcud olmamışdır. Rəsul Rəzəvi, o dövrdə yaşayan Şəhrstanı və başqa müəlliflərin müxtəlif köklü fərqlərə malik xürrəmilərə eyni adı vermələri məsələsini tədqiq edərək, belə nəticəyə gəlmişdir ki, Abbasi xilafətinə qarşı çıxan hər qrup xilafət tərəfindən xürrmiyyə adlandırılıb. Sadəcə olaraq, xilafətin "xürrmi" adı ilə bağlı ortaq inamı, hətta məqsədi var idi. Belə ki, xürrmidən məqsəd "əbahiyə" yəni haram olan hər şeyi halal saymaq demək idi. Beləliklə, xilafət müxalif qrupları kafir və məcusi (oda sitayiş edən) kimi təqdim edib qanlarını tökməyi halal elan edirdi. [R. Rəzəvi, “Babək və nəqde tarixneqari”, s. 172]
    Dəyərli alim Hüseyn Feyzullhi Vahid "Ərəblərin 1200 il sonra Babək haqqında etirafları" ünvanlı məqaləsində livanlı Əlxezrini adlı əsərində Babək və tərəfdarlarının xürrmiyə yox, şiə hərəmi olmalarını qeyd etməsini göstərir: "İkinci qisim hərəmiyə Babəkə mənsubdur ki, onlar öz rəhbərlərinə Babək hərəmi deyirdilər. Hərəmi isə məzhəblərində qətl, təcavüz, müharibə səbəb olma haram sayılan şəxslərə deyilirdi. İbn Nədim "Əlfehrest" əsərində bu məsələyə işarə edərək göstərir ki, onların hərəmiyyə adlanması oradan məlum olur". ["Əxtər" qəzeti, Babək özəl sayı] Bu şiə təriqətində barış və sülh əhəmiyyəti kəsb edirdi. Lakin onlar ərəb istilası, ərəb işğalı və zülmü ilə müharibə aparmaq məcburiyyətində idilər. Çünki Azərbaycan ərəblər tərəfindən işğal ediləndən sonra müsəlmanlığı qəbul edən hər şəxs belə Azərbaycana gəlmiş ərəblər qədər hüquqa malik deyildi. Əməvi dövründə "müsəlmanlığı təzə qəbul etmiş qeyri-ərəb, ərəblərə bağlı bəndə və ya mola olmalı idi. Mola, quldan bir az artıq hüquqa malik idi". [M. Permun, “Əbərmərde həmase Babək Xorrəmdin”, s.18-19] Xarici qüvvələrin Azərbaycanda     özbaşınalığına son qoymaq üçün Azərbaycanda aldonların mübarizəsi başlandı.
    Müsəlman şiələrə qatı düşmən mövqeyində dayanan "Seyrəlmülk" və ya "Siyasətnamə" əsərinin müəllifi Xacə Nizam-əlmülk Tusi, batinilərə tam nifrətlə bütün şiələri ittiham edərək göstərir ki, xürrəmiddinlər üsyan edəndə batinilər onlara birləşib onları gücləndirmiş, batinilər isə üsyan edəndə xürrəmiddinlər onlara birləşib həm maddi həm də canlı qüvvə ilə onları gücləndirmiş və hər iki məzhəbin kökü birdir. ["Əxtər" qəzeti, Babək özəl sayı]
    Məsudi, Babəkin İslamı qəbul etməsi, adının isə Həsən olmasını qeyd edir. [S. İldırım, “Babək Xürrəmdin”, s. 28]
    İbn Həvqəl "Surət-ələrz" adlı əsərində yazır: "Xürrəmilər Babəkin tərəfdarlarıdır və Quran oxuyarlar”. Eləcə də İstəxri yazır ki, xürrəmiddinlər məscidlərində Quran oxuyarlar. [Əbuzər Vərdasbi, “Sorxcameqan və nəmədpuşan”, s. 21]
    "Əlfərq beyn-əlfirəq" əsərinin müəllifi Əbu Mənsur Bağdadi etiraf etməyə məcbur olaraq yazır ki, Babək Xürrəmdin öz ərazilərində olan müsəlmanları dini vəzifələrini yerinə yetirməkdən çəkindirmir, hətta onlara məscid tikməkdə yardım edirdi. [Əbumənsur Əbdulqadir Bağdadi, “Fərq beynəl Ferəq”, s. 203]
    Yaqut Həməvi "Möcəm-əlbüldan" əsərində yazır: "Bəzz şəhəri həmin şəhərdir ki, Babək orada üsyan etdi və orada əhali Mehdinin zühurunu gözləyir. [R. Rəzəvi, “Babək və nəqde tarixneqari”, 163]
    "Mervəc-əlzəhəb" əsərinin müəllifi Məsudi, Babəkin Mötəsim tərəfindən öldürülməsi bölümündə yazır: "Babəkin öz adı Həsən idi... qardaşının adı Abdulla". [Məsudi, “Merəc-əzzəhəb”, s. 471]
    Ümumiyyətlə Babək və aldonlar müsəlman və Türk olduqları üçün, adları ərəbcə və ya Türkcə olmuşdur.
    Həsən (Babək) Ərdəbil yaxınlığında yerləşən "Bilalava" kəndində dünyaya göz açmışdı. Gənc yaşlarında aldonların rəhbəri Cavidanın ölümündən sonra, el tərəfindən "Bay bək" rütbəsinə çatmış və aldonlara rəhbərlik etmişdir. ["Nəvid Azərbaycan" qəzeti, nömrə 167, s. 4]
    Babəkin böyük hörmətə malik olan sərkərdələrindən biri Tərxan (Tarı xan - tarkan, Türklərdə titul da olub) idi. "Babəkin sərkərdələrindən olan Tərxan onun yanında böyük hörmətə malik idi. O hicri qəməri 221-ci ilin qışında Babəkdən icazə istədi ki, qışı Marağa yaxınlığında yerləşən kəndində, qohum-əqrəbasının yanında keçirsin. Ağşın (Afşin) isə onu güdürdü və Babək üçün əhəmiyyət kəsb etdiyinə görə onu tutmaq istəyirdi. Ona görə də Ağşın, İshaq ibn İbrahimə aid Türkə yazıb əmr edir ki, gecə kəndə gedib Tərxanı öldürsün və ya əsir tutub onun yanına göndərsin. Həmin Türk gecə gəlib Tərxanı öldürüb başını Ağşına gətirir". [C. Ləhafian, “Çehreye vaqeiye Babək Xorrəmdin”, s. 72]
    Babəkin sərkərdələrindən biri İsmət (ərəbcə), o biri isə Azın  idi: Mahmud Kaşğarlı "Divani lüğət-ət-türk» adlı əsərində "Azın" sözünə işarə edir. Bu Türk sözünün mənası başqa, fərqli, seçilən deməkdir. "azın: başqa bir anlamda ədatdır".  [M. Kaşğarlı, “Divani-lüğəti-türk”, s. 76]
    Son dövrlərdə aparılmış mükəmməl tədqiqatlardan, alimlər haqlı olaraq belə nəticəyə gəlirlər ki, xilafətlə Azərbaycan arasında baş verən döyüşlər əsasən Azərbaycanın müstəqilliyə can atması ilə əlaqədar olub. İslam dinində mövcud olmuş şiə-sünni məsələsi də xilafətin bu yürüşlərdə özlərinə bəraət qazandırmasına bəhanə olub. Əslində hər iki tərəf qarşı tərəfi kafirlikdə ittiham edir. Belə ki, hətta aldonlar və Babək ərəb xilafətini qeyri-müsəlman və İslam dinində pislənən yəhudi və cuhud adlandırır. İbn-əl-Əsir yazır: "Səhl ibn Sumbat, Babəki hiylə və kələklə Ağşının adamlarına təhvil verəndə, Babək hirslə  Səhl ibn Sumbata deyir:  "Məni bu yəhudiyə  (cuhuda)  çox ucuz satdın". [R. Rəzəvi, “Babək və nəqde tarixneqari”, s. 176]
    Təbəri isə yazır: Babəkin sərkərdələrindən biri - Azın dedi: "Mən bu cuhudların (xəlifə qoşununun) əlindən qalaya sığınmayacağam". O hətta öz qadını və ailəsini də qalada qoymadı. [Ə. Vərdasbi, “Sorxcameqan və nəmədpuşan”, s. 24]
    Sasanilərin tör-töküntülərindən olan bəzilərinin ağalıq etmək istəmələri, eləcə də ərəb istilası ilə mübarizə aparan və ölkələrinin istiqlalını qoruyan "aldonlar İslam ehkamı və Quran maarifini xilafətin görüşləri yəni hakim görüşlərlə yox, bəlkə özəl görüşlərlə tanıtdırıb yozurdular".  [“Səfərnameyi İbn Hövqəl”, s. 116]
    Aldonlar və Babəkin mübarizəsi və müharibəsi məhz Azərbaycan ərazisində baş verərək davam etmişdir. Müasir dövrdə azərbaycanlıların yaşadığı ərazilərdə, aldonların və Babəkin tərəfdarları yaşamışlar. Aldonların nüfuz dairəsi "cənubdan Ərdəbil, Mərənd hüdudlarına, şərqdən Xəzər dənizinə, Şamaxı və Şirvan bölgələrinə, şimaldan Muğan və Araz, qərbdən Culfa, Naxçıvana çatırdı".  [S. Nəfisi, “Babək”, s. 30]
    Eyni zamanda Zaqros dağ silsilələri üzərində yerləşən şəhər və kəndlərdə də Azərbaycan Türkləri yaşayırlar. Bu hərəkatda onlar Babək və aldonları dəstəkləyirdilər. "Bir qrup Cəbal, Həmədan, İsfahan və başqa yerlərin də əhalisi aldonlara qoşulub Həmədanda toplaşdılar və üsyan etdilər". [Dr. Ğ. Yusifi, “Yaddaşthai dər zəmineye tarix və fərhəng”, s. 133]
    Bələmi, Təbəri tarixindən tərcümə və iqtibas edərək yazdığı əsərində Azərbaycanın sərhədləri haqqında yazır: "Onun (Azərbaycanın) ilk sərhədləri Həmədandan başlanır, Əbhər və Zəncanı əhatə etməklə sonda Xəzərlərin Dərbəndinə çatır. Bu arada yerləşən nə qədər şəhər vardısa hamısı Azərbaycan şəhərləri adlanır". [Bələmi, “Tərcümeyi tarixi Təbəri”, s. 51] Bələmi həmin əsərin başqa yerində Azərbaycanın Türklərin əlində olmasına işarə edir.
    Abbasi xilafəti Azərbaycanın İslamı qəbul etmiş bu Türklərinin əlində aciz qalıb Türk gücü ilə onları məhv etməyi qərara alır. Böyük Buğanı və Türküstan ərazisində yerləşən Əsruşanəli Ağşını ərəb qoşununun sərkərdəsi edərək Babəkin və aldonların döyüşünə göndərir. 22 ilə yaxın mübarizə aparan, ərəb xilafətinin zülmü və istilasına qarşı müqavimət göstərən Azərbaycan, Ağşının və ərəb qoşununun uzunmüddətli hücumları və mühasirəsi nəticəsində yenilir. Babək ailəsi, qardaşı və bir neçə nəfərlə Bəzz qalasından gizli çıxır və Səhl ibn Sumbata sığınır. Lakın Səhlin xəyanəti ilə o Ağşına təslim edilir. Dörd yanvar 838-ci miladı ilində onu Samirə şəhərinə gətirirlər.
    İbn Səyyah deyirdi: “Babəki tutanda mən və bir neçə nəfər ona müvəkkillik edirdik. Onu yola gətirməyə çalışırdıq və dedik ki, səni xəlifənin yanına aparanda xəlifə səndən soruşanda Babək sənsən? Denən “bəli ya əmirəlmöminin, sənin bəndənəm, günahkaram, ümid edirəm əmirəlmöminin məni əfv edər, günahımdan keçər”. Lakın Babək xəlifənin yanında “bəli” deyib susdu, ona işarə etdik, əlini sıxdıq ki, dediklərimizi desin. O danışmadı və rəngi belə qaçmadı”. [Ə. Vərdasbi, “Sorxcameqan və nəmədpuşan”, s. 30]
    Xəlifənin əmri ilə Babəki vəhşicəsinə qətlə yetirdilər. Babəkin qardaşı Abdullanı da beləcə Bağdadda qətlə yetirdilər.
    Babəkin, ərəb xilafətinə qarşı mübarizəsi o qədər güclü idi ki, Məsudi "Mervəc-əl-zəhəb"də açıq şəkildə yazır: "Az qalırdı, xilafəti aradan qaldırsın". [Məsudi, “Mervəc-əzzəhəb”, s. 471]
    Babəkin məğlubiyyəti aldonlara ağır zərbə vurdu. Amma onlar məhv olmadılar. Hətta onların tərəfdarları uzun illər Bəzzdə yaşayırdılar və Əbu Duləf Məsər ibn Məhəlhəl X əsrdə onları görüb". [Dr. Ğ. Yusifi, “Yaddaşthai dər zəmineye tarix və fərhəng”, s. 145]
    Onların inamı indiki azərbaycanlıların İslamı qəbul etmiş olanlarının ilkin forması kimi hesab edilir. Məqsədi isə Azərbaycanı ərəb istilasından qurtarmaq idi. Ona görə də zaman-zaman Babək və aldonlar Azərbaycan xalqı tərəfindən sevilib, sevilir, onların azadlıq mübarizəsinin simvollarına çevrilmişdir.

Bu yazı 1470 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :