-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Azərbaycan mədəniyyətinin tarixi inkişaf mərhələləri
Şiriftin ölçüsünü dəyiş

Yasəmən Qaraqoyunlu
Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin sədri,
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitunun elmi işçisi

    Azərbaycan coğrafi-siyasi mövqeyinə görə tarix boyu müxtəlif sivilizasiyaların qovşağında olmuş, istər Qərbin, istərsə də Şərqin çox güclü təsirini daim öz üzərində hiss etmişdir. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyəti Azərbaycan coğrafiyasına bağlı olmaqla yanaşı, həm də universal və regional mədəni differensasiyaların məhsuludur.
    Müasir Azərbaycan mədəniyyəti ümumbəşəri mədəni dəyərlər sisteminin tərkib hissəsidir və bütün xüsusiyyətləri, səciyyəvi inkişaf tarixi, rəngarəngliyi ilə bu sistemdəki qarşılıqlı təsir prosesindən bəhrələnməklə bərabər, lokal, coğrafi və landşaft xüsusiyyətləri ilə etnogenetik və etnososial inkişafın tarixi təkamül mərhələlərinin vəhdətindən doğulmuş spesifik xüsusiyyətlərə malikdir.
    Azərbaycan coğrafiyasında mövcud olmuş Türk etnosunun inkişaf fazaları ilə üzvi vəhdətdə formalaşan Azərbaycan mədəniyyəti monolit, daxilən vahid prosesdir və müasir azərbaycanlıların etnosdan millətə çevrilmə prosesinin bütün tarixi mərhələlərini özündə cəmləşdirərək, milli-etnik xarakterin, mentalitetin yaradılmasında etno-sosio-kültürəl bazis rolu oynayır və Azərbaycan dövlətçiliyinin mahiyyətində əks olunur.
    Türk xalqlarından biri kimi azərbaycanlılar Türk Dünyasında baş vermiş universal səciyyəli mədəni-tarixi hadisələrin mərkəzində duraraq, ümumtürk mədəniyyətinin formalaşmasında böyük tarixi rol oynamaqla bərabər, həm də avtoxton Türklərin vətəni kimi özünəməxsus etnoqrafik, etnokulturoloji, etnopsixoloji sərhədləri olan “yerli” regional xüsusiyyətlərə malikdir.
    Azərbaycan mədəniyyətinin xarakterik cizgiləri və spesifik xüsusiyyətlərini müəyyənləşdirərkən Azərbaycan mədəniyyətinin inkişaf taixini ayrı-ayrı tarixi mərhələlərə bölmək zərurəti yaranır. Bu mərhələlər arasında tarixi varislik əlaqələrinin olması ilə bərabər, eyni zamanda hər mərhələnin özünəməxsus inkişaf xüsusiyyətləri və keyfiyyət fərqləri vardır. Azərbaycan mədəniyyətinin əsas inkişaf mərhələlərini aşağıdakı kimi qruplaşdırmaq mümkündür.
    1. İslamaqədərki Azərbaycan mədəniyyəti ( e.ə X minillikdən - b.e-nın VII əsrinə qədərki dövrü əhatə edir).
    2. İslamın qəbulundan sonra – Rusiya imperiyasının işğalına qədərki Azərbaycan mədəniyyəti (VII-XIX əsrin I yarısını əhatə edir).
    3. Rusiya imperiyasının işğalı dövründəki, parçalanmış Azərbaycan mədəniyyətləri (XIX-XX əsrləri əhatə edir)
    a) Quzey Azərbaycan mədəniyyəti
        - Çar hakimiyyəti dövrü ( 1828-1918)
        - SSRİ dövrü (1920-1991)
    b) Güney Azərbaycan mədəniyyəti
        - Qacarlar (Türk xanədanlığı) dövrü (1828-1925)
        - Pəhləvilər və İran İslam Cümhuriyyəti dövrü (1925-1979-2011)

    4. Müstəqil Azərbaycan mədəniyyəti
    Azərbaycan  mədəniyyətinin ilk inkişaf dövrü və formalaşması mərhələsi avtoxton prototürk etnosların (subartu, lulu, quti, turuk, kuman, az, kəngər, zəngi, kassi, sak) adı ilə bağlıdır. Miladdan öncə Azərbaycan Ön Asiya və İkiçayarası bölgələri ilə birlikdə ilk prototürklərin məskəni olmuşdur və Türk etnosları, dövlətləri (Şumer, Aratta, Lullubi, Quti, Manna, Midiya, Saka, Albaniya və Atropatena) arasında genezis birliyi, eyni landşaft və areal yaxınlığından doğmuş vahid etnomədəniyyət mövcud olmuşdur. İkiçayarası Əl-Übeyd və Xasun mədəniyyətləri ilə Azərbaycan ərazisindəki Kür-Araz mədəniyyətləri, Şumer-Aratta, Lullubi, Quti, Manna mədəniyyətləri arasındakı oxşarlıqlar və paralellər sübut etmişdir ki, miladdan öncə Azərbaycan mədəniyyəti Ön Asiya və İkiçayarası mədəniyyəti ilə vahid genezisdən doğan ümumi cəhətlərə və xarakterə malikdir.
    Eradan əvvəl III minilliyin başlanğıcından Ərəbistan çöllərindən İkiçayarasına axın-axın gələn sami tayfalarının qurduqları semit mənşəli Akkad-Babil, Assuriya dövlətləri ilə Prototürklərin qurduqları Şumer, Aratta, Lullubi, Quti, Manna dövlətləri arasında hegemonluq mübarizələri, mədəniyyətlərarası savaşlar və təmaslar İslamöncəsi Azərbaycan mədəniyyətinin xarakterində öz əksini tapmışdır. Türk və Sami mədəniyyətlərinin əlaqələri əsasında yaranmış Nuhun tufanı və ümumdünya daşqını haqqında rəvayətlər (Bilqamıs haqqında dastan) həmçinin dünya xalqlarının şəcərələrinin yaradılması ilə bağlı Yasəf və İbrahim Peyğəmbərlərin fəaliyyəti (Bibliya mətnləri), İslamdanöncəki dönəmdə Azərbaycan, Ön Asiya və İkiçayarasındakı Türk-Sami sivilizasiyalarının qarşılıqlı əlaqələri barədə bilgilər verməkdədir.
Eradan əvvəl VIII əsrdə tarix səhnəsinə çıxmış Midiya imperatorluğu dövründə Azərbaycan ərazisinə gəlmiş (e.ə. VIII-IX əsrlər) Ari irqinə mənsub fars etnosu ilə yerli Türk irqi və mədəniyyətləri arasında çatışma getmişdir. Eradan əvvəl 550-ci ildə farslar Midiyada dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirmiş və Midiya mədəniyyətini, dinini mənimsəmişdir. Bu dövrdən etibarən Azərbaycan coğrafiyasında Türk-Ari, Turan-İran sivilizasiyalarının hegemonluq və dominatlıq savaşları, qarşıdurması prosesi getmişdir və bu proses üç min ildir ki, siyasi-iqtisadi, dini-ideoloji, elmi-mədəni müstəvilərdə davam etməkdədir.
    Azərbaycan İslam sivilizasiyasına və “müsəlman mədəniyyəti” sisteminə daxil olan ölkə kimi təşəkkül tapdıqdan sonra orta əsrlərdə İslam dininin ictimai həyatın bütün sahələrindəki aparıcı rolu Azərbaycan mədəniyyətində öz təsirini göstərmişdir. Azərbaycan İslam arealına daxil olduqdan sonra ümuminternasional İslam ümməti və ideologiyası əsasında bərqarar olan İslam mədəniyyətinin formalaşmasında aktiv iştirak etmişdir. X əsrdən etibarən İslam Dünyasının idarəedici elitası Türklər olmuşlar və 1300-1700-cü illəri əhatə edən 400 illik bir dönəmdə İslam imperiyasını Macarıstandan İndoneziyaya qədər genişləndirmişlər. Bu dövrdə İslam Dünyası idarəedici elitası Türk olmaqla iki hissəyə - mədəniyyətin dili ərəb dili olan Osmanlı imperatorluğunun rəhbərlik etdiyi qərb bölümünə, mədəniyyətin dili ərəbcənin yanında farsca olan Səfəvilərin rəhbərlik etdiyi Şərq bölümünə ayrılmışdır. İslam Dünyasının iki Türk imperatorluğu arasında qərb-şərq bölümünə ayrılması təkcə İslamın deyil, müsəlman Türk Dünyasının gələcəyinin və mədəniyyət strategiyasının müəyyənləşməsində böyük rol oynamışdır.
    Bu dövrdə Azərbaycan mədəniyyətinin xarakterinə təsir göstərəcək proses ondan ibarətdir ki, Azərbaycan Səfəvi dövlətinin ümumislam dini içərisində şiəlik məzhəbini qəbul etməsi və şiəlik ideyalarının, fəlsəfəsinin Azərbaycan mədəniyyətinin ideal və qayəsinə təsir etməsi, şiəlik məzhəbi içində Türk-fars mədəniyyətlərinin uzlaşması, Azərbaycan mədəniyyətinin zaman-zaman farslaşması, Azərbaycan dövlətinin İran dövləti xarakterini qazanması ilə nəticələnmişdir.
    Müasir Azərbaycan mədəniyyəti Azərbaycan rus imperiyasının tərkibinə qatıldıqdan sonra Rusiyanın timsalında Avropa mədəniyyətinin, İranın timsalında Şərq-İslam mədəniyyətinin təsiri ilə Şərq-Qərb mədəniyyətlərinin sintezindən doğan yeni mədəniyyətdir. Bu mədəniyyət universalizmlə yerli identik xüsusiyyətlərin məcmusudur.

Bu yazı 2513 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :