-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Seyid Yəhya Əş-Şirvani Əl-Bakuvi
Şiriftin ölçüsünü dəyiş

Mehmet Rıhtım
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
Qafqaz Universiteti

Həyatı

    Türk-İslam təsəvvüf tarixinin görkəmli simalarından Seyid Yəhya Bakuvi XIV əsrin sonlarında Şamaxıda doğulmuşdur. Tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvidir. Daha çox “Şirvani” və “Bakuvi” nisbəsi ilə məşhur olmuşdur. Şirvani nisbəsi vətəninin Şirvan olması səbəbilədir. Bakuvi deyilməsinin səbəbi isə həyatının ən uzun və ən səmərəli dövrünü Bakıda yaşamış olmasındandır.
    Seyid Yəhya elmi və təsəvvüfi tərbiyəsini Şamaxıda tamamlamış, ancaq bir şeyx olaraq irfani fəaliyyətini Bakıda davam etdirmişdir. Vəfatına qədər qırx ildən çox Bakıda göstərdiyi fəaliyyətləri və yetiştirdiyi müridləri sayəsində şöhrəti ətraf bölgələrə yayılmışdır.
    Seyid Yəhya sağlam bir şəcərə ilə İmam Musa Kazım soyundan gəlir. Atası Seyid Bəhaəddin, Şirvanşahlar dövlətində Naqibul-Əşraf vəzifəsində işləmişdir. Ata-babalarının hamısı da naqiblər nəslindən olmuşdur. Əhli-beytə mənsub olduğunu şeirlərində “Seyid” təxəllüsündən istifadə etməklə göstərmişdir.
        Seyid Yəhya həyatının uşaqlıq və gənclik dövründə, həm fiziki, həm də əxlaqi xüsusiyyətləri baxımından, başqaları tərəfindən sevilən və təqdir edilən örnək bir insan olmuşdur. Belə ki, bütün qaynaqlar onun bu xüsusiyyətini: “Kamal və camal sahibi idi”, “Fövqəladə zahiri gözəlliyi və qəribə kəmalatı olan, bir bənzəri tapılmaz yaradılışa sahib idi”; “Son dərəcə gözəl və nüfuzedici bir çöhrəsi vardı”; “Qırx gün hücrəsində xəlvətdə qalıb, çölə çıxanda üzünə baxıla bilməyəcək dərəcədə nurani bir parlaqlıq onu görənlərin gözlərini qamaşdırardı”,  və s. kimi sözlərlə tərif edirlər. Ona “Cəmaləddin” ləqəbinin verilməsi də bu xüsusiyyəti ilə bağlıdır.
    Seyid Yəhya təkyə təhsili ilə yanaşı mədrəsə təhsili də almışdır. Türk, fars və ərəb dilində əsərlər yazmış olması o dövrün ziyalıları üçün bilinməsi zəruri olan bu üç dilə hakim olduğunu göstərir. Bundan başqa, əsərlərindən təfsir, hədis, kəlam və fiqh elmlərini mükəmməl bildiyi məlumdur. Gənclik illərində Şamaxıdan ayrıldığına dair bir məlumat olmadığına görə təhsilini də burada tamamladığını güman etmək olar. O dövrdə Şirvanşahların paytaxtı Şamaxı, yaxşı təhsil verən mədrəsələrin olduğu əhəmiyyətli bir elm və mədəniyyət mərkəzi olmuşdur. Bakuvi “Şəfa əl-Əsrar” əsərində müəllimlərindən üçünün adlarını qeyd edir. Bunlar: Şəmsəddin Axsıkəti, Hafizuddin əl-Gərdəri, Mövlanə Tacüddin və Qütbəddin əs-Sərabidir.  Bu alimlərin nisbəsindən aydın olur ki, başqa şəhərlərdən və uzaq diyarlardan Şamaxıya gələn alimlər burada dərs vermişdirlər.

Təsəvvüfi həyatı

    Seyid Yəhya təsəvvüf ilə hələ cavan yaşlarında ikən tanış olmuşdur. Onun uşaqlıq illəri olan XV əsrin əvvəllərində Şamaxı, Xəlvətiyyə təriqətinin mərkəzi hesab olunurdu. Dövrün məşhur Xəlvətiyyə mürşidi Şeyx Sədrəddinin təkyəsi burada idi və onun çoxlu müridi vardı. Seyid Yəhyanın Xəlvətiyyə təriqətinə girməsinə bir hadisə səbəb olmuşdur. Bələ ki, onun başına gələn bu hədisə həyatında dönüm nöqtəsi oldu. Cəmaləddin əl-Hulvinin “Ləməzatı-Hulviyyə” adlı əsərində bu hadisə belə rəvayət edilir: Seyid Yəhya bir gün yoldaşları ilə birlikdə çövkən oynayarkən bu əsnada şeyx Sədrəddinin öndə gələn müridi Pirzadə Təqiyyüddin Şirvani sufilərlə birgə oradan keçməkdə idi. Oyun əsnasında Yəhya sufilərin önlərindən keçmək istərkən keçməyib ədəblə onları salamladı və gözlədi. Onun bu hərəkəti pirzadənin xoşuna gəldi və sufilərə, “bu uşaq seyiddir, gəlin dua edək. Allah onu Aləmin seyidi Hz. Muhammədin (s.ə.s.) və Hz. Əliyyül-Mürtəzanın (r.a.) əsrarına layiq eləsin, pak əcdadı kimi vəlayət əhlindən olsun”, − dedi. Xudanın izni ilə dua qəbul olundu. Yəhya o gecə yuxusunda böyük cəddi Hz. Muhammədi (s.ə.s.) gördü. Hz. Peyğəmbər ona nəsihətlər etdikdən sonra şeyx Sədrəddini göstərərək onu mənəvi ata olaraq təyin etdiyini, onun yolunun öz yolu olduğunu, yanına getməyini tövsiyə etdi. Yəhya oyananda dərhal Şeyx Sədrəddinin təkyəsinə vardı. Şeyx onu görəndə “bax gör atan dedikləri şəxsə bənzəyirəmmi?” deyə sual verdi. Bunun cavabında, Seyid Yəhya şeyxin əllərinə qapanıb müridliyə qəbul edilməsini istədi.  Yəhyanın atası Seyid Bəhaəddin, bununla oğlunun dünya nemətlərindən və məqamlarından uzaqlaşacağı qorxusu ilə sufiliyə girməsinə əvvəllər şiddətlə qarşı çıxmışdır. Şeyx ilə mübahisə də etmiş, ancaq şeyx Sədrəddin ilə görüşüb söhbət edəndə, ondan təsirlənərək fikrindən yayınmış və o da, şeyxə mürid olmuşdur.  
    Seyid Yəhya uzun illər Şeyx Sədrəddinin dərgahına davam edərək seyri-sülukunu, yəni sufilik təlim və tərbiyəsini tamamladı. Şeyxinin vəfatının ardınca da Şamaxını tərk edib Bakıya hicrət etdi. Bakıya gəlməsinin səbəbi şeyxinin ölümündən sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtilaf oldu. Belə ki, Şeyx Sədrəddin, ölməzdən əvvəl müridlərini yığıb Seyid Yəhyanı öz yerinə şeyx təyin etdiyini, ona bağlanmalarını tövsiyə etmişsə də, vəfatından sonra şeyxin kürəkəni və baş müridi Pirzadə şeyxliyin öz haqqı olduğunu iddia etdi və yaşlı müridlərin də dəstəyi ilə şeyxlik məqamına keçdi. Bunun ardınca da Seyid Yəhya “təqdiri-ilahi belə imiş” deyərək Şamaxıdan ayrılıb Bakıya gəldi.
    Seyid Yəhya Bakıya gələndə (təxminən 1420-ci illər) Şirvanşahlar dövlətində Xəlilullah xan hakimiyyətdə idi. Bu zaman ölkə paytaxtı da müvəqqəti olaraq Bakı olmuşdu. Xəlilullah xanın göstərişi ilə Seyid Yəhya Xəlvətiliyin Bakıdakı ilk xanəgahını öz sarayının yaxınlığında təsis etdi. Qaynaqlar Xəlilullah xanın həmişə ona böyük hörmət və yardım göstərdiyini bildirir. Aralarındakı səmimi münasibətin dərəcəsini göstərənlərdən biri “Kəşfül-Qülub” adlı əsərini Xəlilullah xana ithaf etməsidir. Xanəgahın təsisində xanın köməyi, Seyidin qəbri ətrafında onun tərəfindən tikilən məscid, türbə və digər abidələrdən aydın olur. Xəlilullah xan bu yaxınlıq ilə bir tərəfdən Seyid Yəhyanın mənəvi nüfuzundan bəhrələnməklə, digər yandan onun əxlaq və mənəviyyat dərslərində iştirak edərək haqqı və ədaləti tövsiyə edən nəsihətlərindən özü də istifadə etmişdir .
    Seyid Yəhya həyatı boyunca təkyəsində müridlərini yetişdirməklə məşğul olmuş, əxlaqi-fəlsəfi dərslər vermiş və əsərlər qələmə almışdır. Onun həyatı zöhd və mücahidə ilə keçmişdir. O, isti aylarda, azuqəsiz və susuz olaraq səhralara çıxaraq günlərcə qalar, ibadətlə məşğul olardı. Xəlvətə girmək, tənha yerlərdə ibadət və təfəkkür etmək onun dəyişməz adətlərindən idi. Belə ki, o qidalanmasını on beş gündə bir iftar edəcək səviyyəyə endirmişdir. Ömrünün sonlarında dünya işlərindən tamamilə uzaqlaşmış, hətta vəfatından əvvəlki son altı ayda heç qida qəbul etmədiyi rəvayət edilmişdir.  
    Seyid Yəhya 869/1466-cı ildə Bakıda vəfat etmişdir. Vəfatı Xəlilullah xanın ölümündən doqquz ay sonradır. Özünə uzun ömür üçün dua edənlərə “Siz Xəlilullah xana dua edin. Çünki, mənim ömrüm onunkinə bağlıdır” deyərək vəfatını xəbər vermişdir. Qəbri Bakıda hal-hazırda Şirvanşahlar sarayı muzeyi kompleksi üçündə olub, günümüzə qədər sağlam gəlib çıxmışdır.
    Seyid Yəhyanın qaynaqlarda iyirmi minə yaxın müridi olduğu, bunlardan 360-nın xilafət aldığı bildirilməkdədir. Bunlardan ən öndə gələnləri; Pir Bəhaəddin Ərzincani, Dədə Ömər Rövşəni, Həbib Qaramani, Pir Şükrullah, Əlaəddin Rumi, Ziyaəddin Yusif Müsküridir.
     Xəlvətiyyə təriqəti özündən sonra xəlifələri vasitəsilə Anadolu, İran, Azərbaycan, Afrika və Balkanlarda geniş şəkildə yayılmışdır.

Əsərləri və təsəvvüfi şəxsiyyəti

    Seyid Yəhya xəlvətilik təriqətində ilk dəfə bu qədər çox əsər verən bir şəxsiyyətdir. O, təriqətini sadəcə xəlifələri vasitəsi ilə yaymamış, eyni zamanda yazdığı əsərlərlə xəlvətilik prinsiplərini təqdim etmiş, daha sonra gələnlərin izləmələrinə və günümüzə qədər gəlib çıxmasına şərait yaratmışdır. Onun elmi səviyyəsinin yüksəkliyinə yazdığı əsərləri şahitdir. O, «Bu fəqir, bir çox kimsədən soruşub, bir çox təfsirlər də oxudum»,- deyə ifadə еtdiyi kimi təfsir, hədis, kəlam, fiqh və təsəvvüf elmlərində dövrünün böyük bir alimi idi. Onun müridlərin gündəlik oxumaları üçün ərəb dilində tərtib etdiyi “Virdü Səttar” adlı əsəri, ərəb dili sahəsində dövründə yazılmış ən gözəl əsərlərin başında gəlir. Əsər nəsr olduğu halda bir şeir kimi axıcı və qafiyəlidir. Bu səbəbdən müsəlmanlar tərəfindən ən çox oxunan və üzərinə ən çox şərh yazılan vird ünvanını almışdır.
    Farsca əsərlərinin böyük bir hissəsi nəzm şəklindədir. Məsnəvi qəsidə və qəzəl tərzində ədəbi əsərlər vermişdir. Şeirlərində Həllacın və Nəsiminin coşğusunu, Mövlananın və Əttarın hikmətini və təfəkkürünü hiss etmək mümkündür. Nəsr əsərlərində son dərəcə ölçülü bir dil istifadə edən Seyid şeirlərində ise çox fərqlidir; bəzən coşğun bəzən hüzünlü bəzən də durğundur. Təsəvvüfi izahlarında isə qısa və mürəkkəb bir üsul izləmişdir. Bunların asanlıqla anlaşılması mümkün deyildir. O şeirlərində bəşəri eşqə yer verməmiş, ilahi eşqi işləmişdir.
    Seyid Yəhyanın şeirlərində təsəvvüfi mövzular işlənmişdir. Yunus Əmrə, Seyid Nəsimi və Əhməd Yəsəvidə olduğu kimi sufilik və mürşidlik onun üçün əsasdır. Şairlik isə daha sonra gəlir. Başqa bir ifadə ilə o sadəcə təsəvvüfü anlatmaq üçün şeir yazmışdır. Bunu əsərlərinin adlarından da görmək olar. Şeirlərində təsəvvüf yolunun mənzilləri və sirlərilə yanaşı, Allah, Həzrəti Muhamməd və Həzrəti Əli sevgisini səmimi və coşğun bir tərzdə işləmişdir.
    Onun türk dilində yazılmış əsəri “Şəfa əl-Əsrar”dır. Bu əsər onun ən geniş həcmli əsəridir. Tək əlyazma nüsxəsi İstanbuldadır və müstənsixin ifadəsindən XVI əsrdə ilk nüsxəsindən köçürüldüyü anlaşılmaqdadır. Ərəbcə qisimlərin də yer aldığı bu əsərin türkcəsi sadə olub, həm Anadolu, həm də Azərbaycan türkcəsinin xüsusiyyətlərini daşıyır. Daha çox danışıq dilində yazılmışdır. Əsərdə bir müridin mürşidliyə gedən yolda aşması gərəkən yetmiş məqamdan söz edilərək, bu məqamların nələr olduğu açıqlanır. Eyni zamanda bu məqamlara yetişmək üçün həyata keçirilməsi zəruri olan vəzifələr göstərilir. Təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu tez-tez vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin əlamətləri təsvir olunaraq, həqiqi bir şeyxə tabe olmadan bu yolda getməyin mümkün olmadığı söylənilir. İbadətlərin batini mənaları, zikrin növləri və hikmətləri izah edilir. Əsərdə Quran ayələri, hədislər və bir çox sufinin sözləri tez-tez istifadə olunmuşdur. Əsərin diqqət çəkən xüsusiyyətlərindən biri də kitapda yer alan miniatürlərdir. Zikr mövzusundan bəhs olunarkən qəlbin şəkli çəkilmiş ayrıca, beş ədəd ağac üzərində tuti şəkilli təsvirlərə yer verilmişdir.  

Şəfa əl Əsrardakı kəlamlarından

    Səyid Yəhya Bakuvi, Şəfa əl Əsrarda təmizlik, elm, ibadət, nəfs və ruh haqqında bunları demişdir.
Hz. Əli (r.a.) belə dedi: “Qulun dəstəmaz almadan öncə beş şeydən təmizlənməsi lazımdır.
        Birincisi: Qəlbi hiylə, aldatma, təkəbbür, həsəd, kin və ədavətdən təmizləmək lazımdır. Allah (c.c.) belə buyurur:
        “Libasını təmizlə!” (əl-Muddəssir, 4) yəni, “qəlbini təmizlə”. [45b]
        İkincisi: Dili malayanidən, qeybət, yalan, faydasız, mənasız, kobud söz və böhtandan təmizləməkdir. Allah (c.c.) belə buyurur: “Bir-birinizin eybini, sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini etməyin!”(əl-Hucurat, 12).
        Üçüncüsü: Bətnini haram və şübhəli şeylərdən təmizləməkdir. Allah (c.c.) belə buyurur: “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin!” (Əl-Bəqərə,172).
        Dördüncüsü: Bədəni haram libasdan təmizləməkdir. Allah (c.c.) belə buyurur: “Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)”. (əl-Əraf, 26).
        Beşincisi: Zahiri təharətdir. Allah (c.c.) belə buyurur: “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü .... yuyun”. (əl-Maidə, 6).
        Şeyx (q.s.) belə dedi: Təmizliyi Əli (k.v.) kimi etsən, yəni könlünü təkəbbür, həsəd və hiylədən təmizləsən, dilini dedi-qodu və böhtandan, bədənini haram loğmadan, libasını haramdan pak etsən, bundan sonra zahiri təmizliyə layiq olarsan.
        Nə zaman təharətlə məşğul olsan; “Gün gələcək, bəzi üzlər ağ olacaq, bəzi üzlər isə qara olacaq..” (Ali- İmran, 106) ayəsinin təhdidindən qorx. [46a]
        “Üzünüzü yuyun” (əl-Maidə, 6) ayəsinin əmrinə tabe olub, üzünü yu.
        “Əməl dəftəri sağından verilən” (Inşiqaq, 7) ayəsini düşünüb, əllərini yu.
        “Kəkillərindən və ayaqlarından tutulub cəhənnəmə atılırlar” (ər-Rəhman, 41) ayəsindən qayğılanıb, başını məsh eylə, ayaqlarını yu.
        Əgər təmizliyi bu şəkildə etsən, əzablardan xilas olarsan.
        Təmizliyi tam etdinsə ciddi-cəhd edib, könlünü hazırla.
        Necə ki, həzrəti Rəsul (s.ə.s.) buyurdu ki: “Ehsan, Allahı görürmüş kimi ibadət etməyindir. Sən onu görməsən də, o səni görür”.  
        Bütün ibadətlərin, şəriətin, təriqətin və həqiqətin başlanğıcı, mənşəyi, mədəni, dəryası və xəzinəsi din elmidir.         Necə ki, Hz. Rəsul (s.ə.s.) elmin fəziləti barəsində belə buyurdu:
        “Elm öyrənmək hər Müsəlman kişi və qadına fərzdir”.  
        “Elm öyrənənin əməlindən məmnun olduqları üçün, mələklər qanadlarını onların ayaqları altına sərərlər”,
        “Mənim ümmətimdən kim qırx hədisimi əzbərlər və onunla əməl edərsə, qiyamət günündə Allah onları fəqih-alim olaraq dirildər”.
        “Allah Təala bir adam üçün xeyir arzu edərsə, onu dində alim-fəqih edər”.
        “Bildiyini danışan alim və eşidib öyrənən istisna olmaqla, həyatda xeyir yoxdur”.  
        “Ümmətimin ən xeyirliləri alimlər və ya elm öyrənənlərdir”.
        “Elm öyrənən üçün dənizdəki balıqlar və havadakı quşlar Allahdan onun üçün bağışlanma diləyərlər.”
        “Ya alim, ya tələbə, ya dinləyən, ya da onları sevənlərdən olun. Beşincisi olmayın, yoxsa həlak olarsız”.   
        “İslamı və sünnəni ehya etmək üçün elmlə məşğul ikən, ruhunu almağa ölüm mələyi gələn bir insanın cənnətdə peyğəmbərlərdən fərqi, ancaq bir dərəcə qədərdir”.  
        “Kim bir elm qapısından yapışaraq, elmdən istifadə etmək və başqalarına öyrətmək üçün evindən çıxarsa, atdığı hər addım üçün Allah Təala ona orucu və namazı ilə birlikdə min ilin savabını verər. Mələklər qanadları ilə onu əhatə edər. Havadakı quşlar, dənizdəki balıqlar və qurudakı bütün canlılar ona salam verərlər”.  
        Elm iki növdür: zahir elmi, batin elmi
        Zahir elmi elmi-dirasətdir, təlim ilə əldə edilir.
        Batin elmi isə elmi-vərasətdir, Allah ilham edər.
        Hər kim elmi-zahiri öyrənib, haqq rizası üçün ixlas ilə əməl etməyə məşğul oldusa, elmi-batini Allah (c.c.) ona asan edər.
        Hər kim elmi-zahiri öyrənib onun elmi ilə əməl etməzsə, bu elm ona vəbal və küfran olar. Zəvali-nemət olaraq əzabı haqq edər. Allah Təala: “Yox, əgər nankorluq etsəniz, unutmayın ki, Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim, 7) buyurdu. [18a]
        Hər kim elmi ilə əməl etsə, şükrünü yerinə yetirmiş olar, bərəkəti artar. “Əgər mənə şükür etsəniz, sizə olan nemətimi artıracağam”. (İbrahim, 7).
        Bu ayə həm də işarət edir ki: “Bizim uğrumuzda çalışıb cihad edənləri əlbəttə müvəffəqiyyət yollarımıza qovuşduracağıq”. (əl-Ənkəbut, 69)
        Mücahidə zahir əməl üçün, hidayət isə batin üçün lazımdır. Yəni “sən zahirin ilə əməl etməyə cəhd et, batininə mən yol göstərərəm”, − deməkdir.
        Xəbərdə: “Alim zəlil olarsa, aləm də zəlil olar”, − deyilmişdir.
        Başqa bir rəvayətdə: “Alimin zilləti aləmi həlak edər”, deyilmişdir.
        Cahilin fəsadı isə başqasına deyil, ancaq özünə zərər verər.
        Alim elmi ilə əməl etsə, aləmə bərəkəti çatar.
        Əgər riyakarlıqdan xilas olmaq istəsən, Hz. Rəsulun (s.ə.s.) sevdiyi adamları sev, sevmədiyini sevmə. Riyakarlıq əsər-əlamətini könlündən çıxar. İmanın möminlər imanı kimi Məsum olsun. [43b]
        Və dəxi bil ki:
        “Lə iləhə illəllah” (لا اله الا الله) on iki hərfdir.
        “Muhamməd Rəsulullah” (محمد رسول الله ) on iki hərfdir,
        “Əbu Bəkir əs-Sıddıq” (أبو بكر الصديق ) on iki hərfdir,
        “Ömər ibn Xəttab” (عمر بن الخطاب ) on iki hərfdir,
        “Osman ibn Əfvan” (عثمان بن عفان ) on iki hərfdir,
        “Əli ibn Əbi Talib” (علي بن ابي طالب) on iki hərfdir.
        Bu hərflərin hamısını toplasan, yetmiş iki olar.
        Əgər bu zikr olunan şəxsləri sevsən, yetmiş iki məqama çatanlardan olub, savabını taparsan.
        Əhli-işarət dedi ki, fövzi istəyən ruhdur, ülvidir. Qəhri istəyən nəfsdir, süflidir. Əgər nəfs ruha tabe olsa, xilas olar.         Əgər ruh nəfsə tabe olsa, fövzin ﻒ “fə”sini, firaq ﻒ “fə”sinə təbdil edər (dəyişdirər).
        Deyildi ki, ruh, fərəh verən şəfalı bir nəsimdir. Həyat onunla meydana gələr. Nəfs isə yandıran bir ruzigardır.                 Hərəkətlər və şəhvətlər ondan hasil olar.
        Deyildi ki, ruh elə bir şeydir ki, həyat ancaq onun varlığı ilə meydana gələr. Nəfs də elə bir şeydir ki, həva ancaq ondan qaynaqlanar.
        Həkim dedi ki, ruh, sərin və rövşən bir rüzgardır. Nəfs, isə isti və qaranlıq bir ruzigardır. Cəsəd isə tərtibli və tərkibli bir qəlibdir. [56a]
        Kəlamçılar belə dedilər: “Nəfs vücudda bir duyğudur. Qəzəb, kin, həsəd, sui-zənn, təhəmmülsüzlük kimi xəstə, pis əxlaqın məkanıdır. Şəri əmr edər”.
        Necə ki, Həzrəti Rəsul (s.ə.s.): “Sənin ən böyük düşmənin, iki qaşın arasındakı nəfsindir”,  − buyurdu.
        Vasıti dedi ki, sənin ən zərərli düşmənin bu üç şeydir: Nəfs, şeytan və dünya.
        Nəfs ilə ona müxalifət edərək savaşmalısan. Şeytanla, Allahı zikr edərək savaşmalısan. Dünya ilə qənaət vasitəsi ilə savaşmalısan.
        Vasıti demişdir ki: Adəm övladının tərkibi iki şeydən ibarətdir: Torpaq və sudan.
        Cəfa, inad, kin, və həsəd torpaqdandır.
        Mərhəmət, rəhmət, helm, vüqar və ülfət suyun təbiətindəndir.
        Su səmadan, torpaq yerdəndir.
        Torpaq təbiəti üzrə olan, yerə mənsubdur. Atəş də yerin altındadır.
        Əgər su təbiəti üzrə isə o səmavidir. Cənnət isə səmanın üstündədir.
        Həva-vü-həvəs yeri arzulayar. Ağıl səmaya yüksələr. [56b]
        Deyildi ki, Haqq Təala Adəmi yaratdı. Heç bir hərəkət yox idi. Nə zaman ki, həva və həvəsi daxil etdi, tərpənməyə başladı.
        İnsanlarda şəhvət hissi onların mahiyyətinə qoyulmayıncaya qədər həva və həvəsləri tamamlanmaz. Şəhvət həvanın tamamlanmasıdır. Həva, nəfsi-əmmarədən daha çox azdırıcıdır.
        Həva üçün deyilir ki, şəhvət və həva, elm və əqli məğlub edərlər.
        Əbülqasım Həkim demişdir ki: Nəfsini bilən, insanlar yanında zəlil olar. Nəfsini bilən insanlar yanında dəli olar.
        Şeyx (q.s) demişdir: Əgər kim nəfsə qəhr edib, pis əxlaqı tərk edib, gözəl əxlaq ilə əməl etsə, nəfs ruh məqamına çatar, Mütməinnə olar.
        Allah Təala buyurur: “Ey mütməin olmuş nəfs!” (əl- Fəcr, 27).

Bu yazı 1385 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :