-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

“Milli tarix dərslikləri, milli şüur və milli maraqlar”
Şiriftin ölçüsünü dəyiş



“Müasir İnkişaf” İctimai Birliyi        Azərbaycan Respublikasının Prezidenti yanında
         Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası


“Milli tarix dərslikləri, milli şüur və milli maraqlar”
K O N S E P S İ Y A S I

Giriş

Dərsliklər – xüsusən də ictimai fənn dərslikləri cəmiyyətin maraqlarına xidmət edən təlim prosesinin mühüm komponentini təşkil edir. Biliyin əsasən dərsliklərdən alındığı bizim tipli dövlətlərdə cəmiyyətin gələcəyi bir cox hallarda həmin dərsliklərdə aşılanan ideyalardan birbaşa asılı olur. Bu dərsliklər əsasında bütöv nəsillər yetişir. Bu səbəbdən uzun sürən müstəmləkə əsarətindən qurtulmuş xalqlar dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi təhsilə və onun əsas komponentlərindən olan dərsliklərin yazılmasına xüsusi diqqət yetirirlər. Lakiin təəssüf ki, təcrübəsizlik, emosionallıq və qərəzli stereotiplərin mövcudluğu bu dərsliklərin əksəriyyətini qüsurlu edir. Bizim dərsliklər də istisna təşkil etmir. Əgər cəmiyyətimizin gələcəkdə sosial qarşıdurma, milli və dini ədavət, həmçinin əxlaqsısliq girdabında boğulmasını istəmiriksə, bu gün təhsilimizə xüsusi qayğı göstərməklə yanaşı, həm də dərslik və proqramların tərtibinə son dərəcə ciddi, həssas və məsuliyyətlə yanaşmalıyıq.
    Bilik vermək və qabiliyyətlər formalaşdırmaq bütün ölkələrdə təlimin başlıca məqsədlərini təşkil edir. Bəs, onda inkişaf etmiş ölkələrdə təlim prosesi bizdəkindən nə ilə fərqlənir? Təhlil göstərir ki, təlimin keyfiyyəti o ölkələrdə yüksək olur ki, a) nəzəriyyədən praktikaya gedən yol daha qısadır və ya təlimdə aktual empirik biliklərə üstünlük verilir; b) təhsilin müxtəlif pillələri arasında dəqiq funksional bölgü aparılmışdır; c) mövcud dərsliklər, proqramlar və təlim üsulları maksimum bu funksiyaların reallaşmasına xidmət edirlər. Nəzərə alsaq ki, orta məktəbdə təlimin başlıca məqsədini şagirdlərin müxtəlif sahələrdə bilik, bacarıq vəvərdişlərini aşkara çıxarmaq, onları qabiliyyətlərinə və cəmiyyətin tələblərinə uyğun peşələrə istiqamətləndirmək, həmçinin bu peşələrə yiyələnmək üçün zəruri olan minimum (maksimum- ali məktəblərdə verilir) bilik, bacarıq və vərdişləri formalaşdırmaq təşkil edir, onda aydın olar ki, faktlarla zəngin, yəni çoxlu bilik verən dərsliklər heç də hələ yaxşı dərsliklər demək deyildir. Bəs, onda yaxşı dərslik nədir? Beynəlxalq və yerli təcrübənin təhlili göstərir ki, ”yaxşı dərslik”:
-    faydalı olmalı, tətbiqi - yəni həyatda lazım ola biləcək biliklər verməlidir. Bu baxımdan tarix dərsliklərimiz qoyulan tələblərə yalnız qismən cavab verir. Belə ki, təcrübəsi örnək ola biləcək ölkələrin tarixinə əsas yer ayrılsa da, mövzularda islahatçılıq, gündəlik həyat, dominant ideyalar  və tarixdə şəxsiyyətin rolu yetərincə və adekvat işıqlandırılmamışdır.
-    şagirdi yaradıcı axtarışa həvəsləndirməli, onun mübahisə etməsinə, öz fikrini əsaslandırmasına imkan yaratmalıdır. Təəssüf ki, bu tələb də dərsliklərimizdə zəif ödənilmişdir.
-    dili anlaşıqlı, şriftləri yaş və təhsil standartlarına uyğun olmalı, qiraət idarə olunmalıdır.Bu tələb əsasən ödənilsə də, müəyyən qüsurlar hələ də qlmaqdadır.
-    müəllif mətnləri şagirdin yaş xüsusiyyətləri nəzərə alınmaqla yazılmalı, sual və tapşırıqlar onların maraq, meyl və qabiliyyətləri nəzərə alınmaqla tərtib olunmalı və pozitiv vərdişlər formalaşdırmağa xidmət etməlidir. Təəssüf ki, müəlliflər bu amilə dərsliklərdə kifayət qədər diqqət yetirməmişlər.
-    mətnlərdə elmi baxımdan mübahisəli, ziddiyyətli fikirlər, qrammatik və üslub səhvləri olmamalıdır. İlk nəşrlərlə müqayisədə belə qüsurlara xeyli az, lakin yenə də rast gəlmək mümkündür.
-    metodiki aparatla (sual,  tapşırıq, lüğət, xronologiya, sxem, xəritə, illüstrasiya və s.) müəllif mətni arasında uyğunsuzluqlar olmamalıdır.  Qüsurlar mövcuddur.
-    tolerant olmalı - sosial, dini, milli və irqi ədavət təbliğ etməməlidir. Liberalizmə nifrət, radikal sosial mübarizəyə - inqilab və üsyanlara rəğbət, sinfi yanaşma və bolşevizm hələ də tarix dərsliklərinin ana xəttini təşkil etməkdədir.
-     multiperspektivliyə malik olmalı - tarixi hadisə və prosesləri müxtəlif aspektlərdən qiymətləndirməyə imkan yaratmalıdır. Təssüf ki, dərsliklərimiz avtoritar üslubda yazıldığından şagirdin və müəllimin fikir və ifadə sərbəstliyinə demək olar ki, imkan vermir.
-    strukturu dəqiq, istifadəsi asan olmalıdır. Müəyyən qüsurlar mövcuddur.
-    dizayn baxımından cəlbedici, keyfiyyətcə davamlı olmalıdır. Bu tələb əsasən ödənilir.
-    müxtəlif tipli məlumat bazasına (sənəd, xəritə, sxem və s.) malik olmalıdır. Bu prinsip dərsliklərdə əsasən gözlənilsə də, ilkin mənbələrdən  və sxemlərdən demək olar ki, istifadə olunmamışdır.
-     şagirdi müasir informasiya vasitələrindən (internet, CD-lər və s.) istifadəyə stimullaşdırmalıdır. Bu tələıb ödənilməmişdir.
-    tədris proqramına və standartlarına uyğun olmalıdır. Bu tələb demək olar ki, ödənilmişdir. Lakin təssüf ki, həm proqram, həm də  standartlar artıq çoxdan öz aktuallığını itirib, arxaik bir şeyə çevrilmişlər.
İlk baxışda adama elə gələ bilər ki, bu tələbləri ödəyən dərslik yazmaq qeyri-mümkündr. Lakin bu yalnız ilk baxışdan belədir. Belə dərslıklər mövcuddur. Əməkdaşlıq şəraiti (“feodal nərdivanı” yox!) və yaxşı stimul olduqda (“feodal mükəlləfiyyəti” yox!), sağlam rəqabət mühitində belə dərslikləri ərsəyə gətirmək mümkündür.


PROBLEMİN TƏSVİRİ

Təqdim edilən Konsepsiya gənclərdə vətənpərvərlik hisslərini, milli şüuru aşılayacaq, müsbət dünyagörüşünün formalaşmasına səbəb ola biləcək “Azərbaycan tarixi” dərsliyindəki vəziyyəti ortaya qoyur və bunun həlli yollarını göstərir.
Dərslik yazılması üçün ilk əvvəl “Azərbaycan tarixi” dərsliyinin yazılmasının standartları müəyyən edilməyib. Məhz bu səbəbdən prosesin gedişatı xaotik təsir bağışlayır. Ümumi qaydaların, prinsiplərin mövcud olmaması dərslik yazan müəlliflərin hər birinin subyektiv yanaşmalarını ortaya çıxarmışdır. Nəticədə dərsliklərimiz demək olar ki, hər il dəyişdirilsə də problem həllini tapmır. Aparılan araşdırmalar nəticəsində irəli sürülən təkliflərin bəzi hallarda nəzərə alınmasına, dərsliklərdə redaktə xarakterli dəyişikliklərin həyata keçirilməsinə baxmayaraq gözlənilən effekti almaq olmur.
Bundan başqa dərslik yazacaq şəxslərdən ibarət müəyyən bir qrupun mövcud olmaması, bu işin orta məktəbdə gündəlik dərs zamanı problemlərlə qarşılaşan müəllimlər və ya başqa mütəxəssislər tərəfindən deyil əsasən titullara sahib olan elm adamları tərəfindən həyata keçirilməsi nöqsanların yaranmasına səbəb olur. Müstəqilliyinin 20 yaşını qeyd edən Azərbaycan Respublikasında bu problemin çözülməsi üçün ciddi addımların atılmaması hər il özünəməxsus səhvlərin yaranmasına səbəb olur.
Bütün bu problemlər aidiyyatı qurumların və şəxslərin məqsədyönlü fəaliyyətlərinin koordinasiyasını tələb edir ki, bu da ilk növbədə həmin fəaliyyətə istiqamət verəcək vahid konsepsiyanın və onu əsas götürərək dərslik hazırlayacaq qrupun mövcud olduğu halda reallaşa bilər. Təqdim olunan bu Konsepsiya dövlət qurumlarının bu istiqamətdə fəaliyyətinin prinsiplərini müəyyən edən sənədlərə zidiyyət təşkil etmir və onların həyata keçməsi üçün yardımçı rol oynayır. Bu Konsepsiya ciddi ehtiyacdan yaranıb və bu sahədə məqsədyönlü fəaliyyətin həyata keçirilməsinə ciddi dəstək olacaq.


ÜMUMİ MÜDDƏALAR

“Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” Konsepsiyası (bundan sonra Konsepsiya) «Müasir İnkişaf» İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2011-ci il üçün maliyyə yardımı əsasında həyata keçirdiyi “Azərbaycan tarixi” dərsliklərinin və tədrisinin monitorinqi” adlı Layihənin nəticələrinin ümumiləşdirilməsi əsasında hazırlanmışdır.
Konsepsiya “Azərbaycan tarixi” (5-6-7-8-ci siniflər) dərsliyinin gənclərə milli şüur, vətənpərvərlik duyğuları aşılamaq sahəsində görə biləcəyi məsələləri hədəfləyib.
Təqdim edilən Konsepsiya tövsiyə xarakteri daşımaqla yalnız «Müasir İnkişaf» İctimai Birliyinin bu sahədəki fəaliyyətinə və fikirlərinə əsaslanır.
Konsepsiya 5-ci, 6-cı, 7-ci və 8-ci sinif “Azərbaycan tarixi” dərsliklərini əhatə edir.

5-ci SİNİF “ATA YURDU” DƏRSLİYİ

İlk iradımız dərsliyin üz qabığındakı şəkillə bağlıdır. Bu şəkilə baxdıqdan sonra onun yumşaq dillə desək reallığı əks etdirmədiyini söyləmək mümkündür.
Mövzularda qeyri-dəqiq məlumatlara rast gəlmək mümkündür. Girişdə Azərbaycanın tarixi ərazisinin 200 min kvadrat kilometrdən çox olduğunun yazılması onun üz qabığındakı şəkillə uyuşmur. Bu da ziddiyyət yaradır.
Oxuduqdan sonra şagirdlərə mənfi təsir edəcək bir cümlə ilə qarşılaşdıqda onun yanından sakit ötüb-keçə bilmirsən: “Yenə də öz içindən – satqınlardan, dönüklərdən, maymaqlardan... neçə-neçə zərbə aldı Azərbaycanım”. Mahiyyətinə varıldıqda bu cümlənin 5-ci sinif şagirdlərinə təsirinin mənfi olacağını, sanki Azərbaycan xalqı “satqınlardan, dönüklərdən, maymaqlardan...” ibarət imiş kimi yanlış bir düşüncə formalaşdıra biləcəyi ehtimalı narahatçılıq yaratmaya bilmir.
Dərsliyi diqqətlə araşdırdıqda daha bir neçə çatışmazlıq göz önünə gəlir. Kitabda Albaniyaya bir neçə mövzu ayrıldığı halda Midya haqqında demək olar ki heç bir mövzu daxil edilməyib. Atabəylər dövləti iki mövzuda izah edilir, Qaraqoyunlu dövləti haqqında ümumiyyətlə bəhs edilmir. Bundan başqa Qara Yusif, Şirvanşah İbrahim, Nadir şah, Ağa Məhəmməd şah Qacar, Nəsimi, Vaqif, Abbas Səhət kimi tarixi şəxsiyyətlər barədə kitaba məlumat daxil edilməsi unudulub.
Səfəvilərlə bağlı məlumatlar 5-ci sinif şagirdində onların işğalçı olması kimi yanlış bir fikri formalaşdırma təhlükəsi yaradır. Səfəvilərin türk tayfalarını və torpaqlarını birləşdirməsi kimi böyük əhəmiyyət daşıyan fəaliyyəti bilməyərəkdən işğalçı fəaliyyət kimi təsvir edilir. Şah İsmayılın siyasəti isə İslam dininin parçalanmasına səbəb olması kimi şərh edilir. Cümləyə fikir verək: “Lakin Səfəvilərin bütün ölkə ərazisində və ələ keçirdikləri torpaqlarda şiəliyi rəsmi dövlət dini elan etmələri Azərbaycan və ümumturk tarixinin sonraki gedişinə çox mənfi təsir göstərdi. Eyni kökdən olan qardaş türk-islam xalqları arasına parçalanma saldı. Bu, türk-islam birliyinə ağır zərbə oldu”.
Dərslikdə İkinci dünya müharibəsinə 3 mövzu həsr edildiyi halda müharibədən 90–cı illərə qədərki Azərbaycan haqqında demək olar ki, heç bir mövzu yoxdur. Sanki həmin dövrlərdə Azərbaycanda “həyat olmayıb”. Azərbaycanın istiqlaliyyəti haqqındakı mövzu cəmi bir səhifə yarım təşkil etdiyi 20 Yanvar və Xocalı soyqrımları ilə bağlı mövzular 10 səyifəyə yaxındır.  5–ci sinifdə oxuyan uşaq əvvəla belə böyük bir həcmdə yazını mənimsəyə bilməz. İkincisi isə hər iki yazıdan gəlinən nəticə budur ki, baş vermiş soyqırımlarda nə rusların, nə də ermənilərin günahı yox dərəcəsindədir. Hadisələrin baş verməsinin əsas səbəbi kimi bizim “satqınlığımız” göstərilib.


6-cı SİNİF “AZƏRBAYCAN TARİXİ” DƏRSLİYİ

Kitabin dili həddindən artıq elmi və yorucudur. Mövzuların həcmindəki və tədrisindəki balans gözlənilməyib. Bəzi mövzular təxminən 16 səhifə olsa da, onun tədrisi üçün cəmi bir saat ayrılıb. Elə mövzular var ki, o bir səhifədən də az olmasına baxmayaraq tədris üçün bir saat ayrılıb.
Tarixi hadisələrin xronologiyasına çox yer ayrılıb. Bəzən bir səhifədə 8–10 tarix göstərilir. Təbii ki, şagirlər bütün bunları yadda saxlaya bilməz. Kitabın şəkil tərtibatı və xəritə tərtibatının bərbad olduğunu qeyd etmək istərdik. Dərsliyin sonunda xəritələr verilib. Maraqlıdır ki, xəritələrdə Azərbaycana qonşu oln ölkələr yazılsa da Ermənistan yerinə “Qərbi Azərbaycan” yazılıb. Xəritədən belə bəlli olur ki, “Qərbi Azərbaycan” Azərbaycanla sərhəddə yerləşən ayrıca bir “dövlətdir”. Əgər müəlliflər bununla Ermənistan torpaqlarının tarixi Azərbaycan torpaqları olduğunu bildirməyə cəhd göstəriblərsə, tarixən Azərbaycana məxsus olan digər əraziləri nə üçün göstərmədikləri bəlli olmur.
Bu və bu kimi yanlışlıqlar tədris zamanı həm müəllimi, həm də ki, şagirdi çaşdırır, onda cavabı bəlli olmayan suallar yaradır.


7-ci SİNİF “AZƏRBAYCAN TARİXİ” DƏRSLİYİ

Faydalılıq, tətbiqilik, inkişafetdiricilik: Dərslik erkən orta əsrlərdə ( III – XI əsrlərdə) Azərbaycanın sosial, iqtisadi, mədəni, xüsusən də siyasi həyatına dair məlumatlarla zəngindir. Sosial təcrübə nöqteyi-nəzərindən bunların müəyyən hissəsi  əhəmiyətli sayıla bilər.Dərslik həm də əvvəlki nəşrlərlə müqayisədə xeyli təkmilləşmişdir. Dərsliyin ana xəttini a) türkçülüyün bölgədə qədim köklərə malik olması; b) xalqımızın öz azadlığı uğrunda yadellilərlə, xüsusən də “vahid xristian blokuna daxil olan ölkələrlə” demək olar ki, aramsız mübarizə aparması; c) fürsət düşən kimi dövlətçiliyini bərpa etməsi və adətən, daxili birliyin pozulması səbəbindən onu itirməsi, həmçinin d) xristianlığın tarixən Azərbaycanda zəif və zərərli mövqeyə malik olması  ideyasını şagirdlərə təlqin etmək təşkil edir. Lakin təəssüf ki, əvvəllərdə olduğu kimi bu nəşrdə də siyasi məsələlərə, müharibələr tarixinə həddən artıq üstünlük verilmiş, müxtəlif sosial zümrələrin həyat tərzi, dünyagörüşü, adət və ənənələri ya zəif, ya da sinfi aspektdən işıqlandırılmışdır. Feodallar kobud, davakar, xain və istismarçı, hökmdarlar isə daha çox, acgöz, işğalçı və zülmkarlar kimi təqdim olunmuşlar. Onların həyatlarının müharibə və siyasətlə bağlı olmayan tərəfləri kölgədə qalmışdır. Tacir, sənətkar və ruhanilərin həyat tərzi zəif, digər sosial zümrələrlə münasibətləri isə sxematik işıqlandırılmışdır. Azərbaycanın 8 əsrlik tarixini əhatə edən 32 paraqrafdan ibarət dərslikdə cəmi dörd islahatdan məhdud şəkildə bəhs olunur.  Tarix – sosial təcrübəni öyrənən elm kimi ictimai şüurun formalaşmasında misilsiz rol oynayır. Bunu hələ XIX əsrdə-“Tarix, keçmişin libasında bu günü öyrənir!”-deyən A.Bakıxanov da xüsusi qeyd etmişdi. Gələcəkdə tarix fənni ilə bağlı proqram və dərsliklər hazırlanarkən məsələyə bu aspektdən yanaşılması, onların faydalılıq, tətbiqilik və inkişafetdiricilik keyfiyyətini daha yaxşı təmin etmiş olardı.                                                            
Fənlərarası və mövzulararası əlaqə: Dərslikdə bu tələbin ikinci hissəsi əsasən ödənilmişdir. Bununla yanaşı, nəzərdən keçirilən dərslik şagirdi tarixi hadisə və prosesləri dərk etmək üçün digər fənləri öyrənməyə demək olar ki, stimullaşdırmır. Mədəniyyətlə bağlı mövzularda ədəbiyyat dərslikləri ilə fərq və ziddiyyətlər mövcudur. Məsələn, səh. 92, 4-cü abzasda Dəvdək ərəbdilli şair kimi verildiyi halda, ədəbiyyat dərsliyində o, albandilli göstərilir. Tarix dərsliklərində adları çəkilən bir sıra şair və yazıçılar haqqında isə, ədəbiyyat dərsliklərində, ümumiyyətlə, heç bir məlumat yoxdur. Səhifə 164, 1-ci abzasda adları çəkilən “Seyrək” və “Öyrək” ədəbiyyat dərsliklərində “Səgrək” və “Əgrək” kimi verilmişdir. Yaxud, səh. 10, sonuncu abzasda, Avropada feodal cəmiyyətinin V ə.s.- XV ə.o. mövcud olduğu göstərilir. Halbuki, istifadədə olan 9-cu siniflər üçün “Yeni tarix” dərsliyində kapitalizmin öyrənilməsi XVII əsrin ortalarından başlanır. Avropa sosioloqlarının araşdırmaları göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə, şagirdlərin təqribən 55%-i tarixi öyrənərkən dərslikdə yazılanlardan daha çox, müəllimlərinin dediklərinə inanırlar. Göstərilən qüsurlar müəllimi nüfuzdan salmaqla yanaşı, tarixin mənimsənilməsinə də neqativ təsir göstərir.
Tənqidi təfəkkürün inkişafı, kreativliyin (yaradıcılığın) stimullaşdırılması. Multi perspektivlik: Dərslik avtoritar üslubda yazılmışdır. Sual və tapşırıqların az bir hissəsi şagirdi tənqidi düşünməyə, yaradıcı axtarışa həvəsləndirir. Dərsliyin tarixi faktları müxtəlif aspektdən qiymətləndirməyə imkan verən alternativ məlumat bazasının olmaması, qeyd olunan keyfiyyətləri tədris prosesində əldə etməyə mane olur. Dərslikdə cəmi 7 tarixi mənbə verilmişdir. Bunlardan yalnız 3-ü ilkindir. Mənbələrin hamısı müəllif mətnində yazılanları təsdiq edən və ya tamamlayan məlumat bazasına malikdir. Bu da təlim zamanı müəllimin interaktiv üsullardan istifadə imkanlarını məhdudlaşdırır.
Şriftlərin standarta uyğunluğu, qiraətin idarə olunması: Dərslikdə bu keyfiyyətin birinci hissəsi tam, ikinci hissəsi isə əsasən ödənilmişdir. Əvvəlki nəşrlərlə müqayisədə xeyli müsbət dəyişikliklər müşahidə olunsa da, təəssüf ki, qüsurlara yenə də rast gəlmək mümkündür. Məsələn: Paraqrafların sonundakı ümumiləşmiş nəticələr, islahatlar, yaxud, beynəlxalq müqavilələrin şərtləri ilə bağlı mühüm müddəalar bir çox hallarda fərqli şriftlə verilmədiyindən şagirdin diqqətindən kənarda qalır. Bundan əlavə mövzuya aid yarımbaşlıqların adı yaxşı olardı ki, kursivlə deyil, tünd şriftlə veriləydi. Müəllifin və metodistin əhəmiyyətli saydığı məsələlər isə əksinə, kursivlə yazılsaydı, zənnimizcə ,  standarta daha uyğun olardı. Ümumiyyətlə, təcrübə göstərir ki, qiraətin effektli idarə olunması üçün optimal şrift qarniturunun seçilməsi və bu standartdan bütün tarix dərsliklərində  istifadə edilməsi məqsədəuyğundur.
Dil və üslubiyyət:  Dərsliklərə verilən əsas tələblərdən biri də onların dilinin uşaqların yaş səviyyəsinə uyğun və anlaşıqlı olması, şagirdə dərsliklə  müstəqil işləmək imkanı yaratmasıdır. Qrammatik və üslub səhvləri, qeyri-ədəbi ifadələrdən istifadə  edilməsi də  yolverilməzdir. Təəssüf ki, nəzərdən keçirilən dərslikdə belə qüsurlara tez-tez rast gəlmək mümkündür. Məsələn, səh.3, 1-ci abzasdakı  əlavə izahı verilməyən “assimilyasiya” sözü şagirdlərin yaş səviyyəsinə uyğun deyil. Yaxud, səh. 8, yuxarıdan 2-ci sətirdəki “məcburi əmək admları”  ifadəsi qeyri-elmi və yersizdir. Sadəcə, mötərizənin içərisindəki ifadələrin  saxlanması yetərlidir. Eyni şeyi yenə orada, 1-ci abzasda “(əvəzsiz əmək)” ifadəsi haqqında da demək olar. Yaxud, yenə orada, 2-ci abzasdakı 1-ci cümlənin 2-ci sözü “əsasən” yox, “əsas”  kimi yazılmalıdır. Yaxud, səh. 9, 2-ci abzasda “məhsuldar qüvvələr” anlayışının mənası açılmamışdır.Yaxud, səh. 17, 2-ci abzasın sonuncu cümləsindəki “soxulması” sözü, “yürüşləri” sözü ilə əvəzlənsəydi, zənnimizcə, ədəbi dilin tələblərinə daha uyğun olardı. Yaxud, səh.37, 1-ci abzasda verilmiş “dünyəvi din” anlayışının hansı məna ifadə etdiyi aydın deyil. Ehtimal ki, müəllif  burada “dünya dini” yazmaq istəmişdir. Belə qüsurların mövcudluğu, bir tərəfdən informasiya mənbəyi kimi dərsliyə olan inamı azaldır, digər tərəfdən isə şagirdin dərsliklə müstəqil işləmək imkanlarını məhdudlaşdırır. Ümumiyyətlə, apardığımız araşdırma dərsliyin dil və üslub baxımından yenidən redaktəyə ehtiyacı olduğunu göstərir.
Mötəbərlik və elmilik: Bu keyfiyyət elmi baxımdan mübahisə doğurmayan ən son, dəqiq (yoxlanılmış) və etibarlı (mənbəyi göstərilən) məlumatların dərslikdə verilməsini nəzərdə tutur. İlk nəşrlərlə müqayisədə belə qüsurlara dərslikdə xeyli az, lakin yenə də rast gəlmək mümkündür. Dərsliyin “Ön söz”ündə (səh.6, abz.3) göstərilir ki, dərslik yazılarkən ... son dövrlərdə Azərbaycan tarixinin III-IX əsrlərinə (nə üçün III-XI əsrlərinə yox? Axı, dərslik III-XI əsrləri əhatə edir) dair yeni mənbələrdən də istifadə edilmişdir. Lakin, bunların hansı mənbələr olduğu göstərilmir. Səh.7, 1-ci abzasda və digər yerlərdə dəfələrlə istifadə olunan “Ön Qafqaz” istilahı, artıq çoxdandır elmı ədəbiyyatda “Cənubi Qafqaz” kimi yazılmaqdadır. Yaxud, səh.29, 1-ci abzasda verilən  maniçilərin xeyirin şər üzərində qələbəsinin mümkünlüyünü inkar etməsi fikri elmi həqiqətə uyğun deyildir. Yaxud, səh.23, yuxarıdan 4-cü sətirdə adı çəkilən Albaniyanın qərb sərhəd vilayəti-Koltun ərazisi səh.32-dəki xəritədə verilməmişdir. Yaxud, səh.123-də verilən,-“Kiyev knyazı İqorun (912-945) drujinaları (izahı verilmir!) və muzdlu qoşunlarindan ibarət slavyanlar (?) (Qərb tarixçiləri bunların vikinq olduğunu göstərirlər) gəmilərlə Kürün mənsəbinə yetişib, buradan Bərdə istiqamətində hərəkət etməyə başladılar” cümləsindəki fikir mənbələrdə öz təsdiqini tapmır. Beləki, mənbələr 944-cü ildə knyaz İqorun qıpçaq və varyaqlarla birgə Çarqrada (Konstantinopola) yürüş etdiyini göstərirlər.(XIX əsrin rus tarixçiləri N.M.Karamzin, S.M.Solovyov və s.)
Metodiki aparatın şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu: Dərsliyə verilən tələbə görə onun metodiki aparatını təşkil edən xronologiya, lüğət, sxem, xəritə, illüstrasiyalar və s. ilə müəllif mətni arasında ziddiyyətlər olmamalı, yaxud onlar bir-birini təkrar etməməlidirlər. Sual və tapşırıqlar şagirdlərin yaş xüsusiyyətləri, meyil, maraq və qabiliyyətləri nəzərə alınmaqla tərtib olunmalı, onlarda pozitiv vərdişlər formalaşdırmağa xidmət etməlidir. Əvvəlki nəşrlərlə müqayisədə, nəzərdən keçirilən dərslik daha keyfiyyətli xəritə və şəkillərlə təchiz olunmuşdur. Zəngin, həm də rəngarəng sual və tapşırıq bazasına malikdir. Lakin, bununla yanaşı,  təəssüf ki, müəyyən qüsurlar yenə də qalmaqdadır. Məsələn, səh.10, “Sual və tapşırıqlar” bölməsindəki  7-ci və 8-ci suallara şagird dərslikdən müstəqil cavab tapmaq iqtidarında deyil. Çünki, nə 7-ci siniflər üçün “Orta əsrlər tarixi”, nə də “Azərbaycan tarixi” dərsliklərinin 1-ci paraqraflarında bu sualların cavabları izah olunmayıb. Yaxud, səh.11, sərbəst sütundakı 2-ci tapşırığın aid olduğu xəritə, növbəti paraqrafın əvvəlində verilib. Bəzi paraqrafların həcmi böyük, sual və tapşırıqları isə həddən artıq çoxdur. Məsələn, xalqımızın ərəblərə qarşı azadlıq mübarizəsindən bəhs edən 12-ci paraqraf , təqribən 13 səhifə, 41(?) sual və tapşırıqdan ibarətdir. Dərslikdəki xəritə və illüstrasiyalarda da müəyyən çatışmazlıq və qüsurlar mövcuddur. Əvvəla, tariximizin hadisələrlə zəngin səkkiz əsrlik  dövrünü öyrənən, 32 paraqrafdan ibarət bir dərslik üçün 10 xəritə azdır. Xəritələdən yalnız 5-i şərti işarələrlə təchiz olunmuşdur. Yaxud, səhifə 16-dakı xəritədə Sakasena (yaxud, mətndə verildiyi kimi  Şakasena?) Kürün sağ sahilində göstərildiyi halda, 32-ci səhifədəki xəritədə həmin ərazi Kürün sol sahilində verilmişdir. Yaxud, səh. 39-da, Xəzəryanı müdafiə istehkamlarının xəritəsində şərti işarələr verilmədiyindən istehkamların yerini müəyyən etmək mümkün deyil. Dərslikdə təlimə yardım məqsədilə 25 illüstrasiya verilmişdir. Lakin, onların bir  qismi, təəssüf ki, bu məqsədə xidmət etmir. Məsələn, səh. 76-dakı səklin altında “Bəzz qalası” yazılsa da, o, qalaya deyil, daha çox yaylaq evinə bənzəyir. Yaxud, səh.88-dəki şəkildə verilmiş sənətkarlıq məhsulları, əslində erkən orta əsrlərə yox, tunc dövrünə aiddir. Yaxud, səh.143-dəki şəkil artıq köhnəlmişdir. Beləki, t.e.d. T.Dostiyevin Şəmkir qalasında apardığı qazıntı-bərpa işləri sayəsində qalanın yeni, daha möhtəşəm və gözəl görüntüləri əldə olunmuşdur. Eyni şeyi səh.144-dəki şəkil barəsində də demək olar. Dərslikdə onlarla hərbi yürüş, müharibə və döyüşdən bəhs olunmasına baxmayaraq, yalnız bir döyüşün gedişinin taktiki sxemi verilmişdir.(səh.124) Onun da təkmilləşməyə ehtiyacı var. Zənnimizcə, belə sxemlərin azlığı ilk növbədə, ölkəmizdə hərb tarixinin xüsusi sahə kimi zəif öyrənilməsi ilə bağlıdır. Halbuki, torpaqlarımızın 20%-ə qədərini işğal altında saxlayan Ermənistan Respublikasında hərb tarixi və döyüş taktikası üzrə ixtisaslaşmış xeyli mütəxəssis var. Yaxşı olardı ki, bizdə də bu sahəyə diqqət artırılaydı.                                          
Nəzərdən keçirilən  dərslik yeniyetməlik dövrünə qədəm qoymuş 11-12 yaşlı uşaqlar     üçün yazılmışdır. Bu yaş dövründə uşaqlar özlərini ifadə etməyi çox istəsələr də, adətən bunu    reallaşdırmaqda çətinlik çəkirlər. İri həcmli paraqraflar, çətin sual və tapşırıqlar yeniyetmənin özünüifadə təlabatını boğur və onda natamamlıq kompleksini gücləndirir. Bu kompleks isə insanın cəmiyyətdə yaşaması üçün  əhəmiyyətli olan kommunikabellik qabiliyyətinin inkişafına mənfi təsir göstərir. Psixoloqlar 12-14 yaşda uşaqların intellektual inkişafında da mühüm dəyişikliklər baş verdiyini göstərirlər. Bu yaşda uşaqların qavrayışı anlaya bildikləri maraqlı hadisələrlə bağlı olur, ardıcıl və seçici xarakter daşıyır. Məntiqi hafizələri güclənir. Onlar oxuduqları maraqlı məlumatları ümumiləşdirməyə və sistemləşdirməyə daha çox meyl edirlər. İxtiyari diqqətləri qeyri-sabit və zəif, lakin inkişafa və sabitləşməyə meyilli olur.Yaxşı düşünülmüş sual və tapşırıqlar bu keyfiyyətlərin formalaşmasını sürətləndirir.Yeniyetməlik dövründə yaradıcı təxəyyülün inkişafında da xeyli irəliləyiş baş verir. Romantik və fantastik surətlərin yaradılmasına meyil yüksək olur. Yeniyetməlik dövründə şagirdlər problemin həlli yolları ilə bağlı alternativləri təhlil edib, nəticələr çıxarmaq, tarixi prosesləri proqnozlaşdırmaq imkanına malik olurlar. Bu imkanların gerçəkləşməsində dərsliklər əhəmiyyətli rol oynayır. Bu səbəbdən onların metodiki aparatı tərtib olunarkən,  şagirdlərin yaş psixologiyasınin qeyd olunan cəhətləri nəzərə alınsaydı, zənnimizcə, cəmiyyətimiz bundan daha çox  faydalanar, təhsilimiz əsil şəxsiyyət yönümlü məzmun kəsb edərdi.
Gender bərabərliyi, tolerantlıq və həssaslıq: Dərsliklərdə bu meyarların gözlənilməsinin vacibliyi qloballaşan dünyanın tələbindən daha çox, tariximizin ibrət dərsi kimi aktuallaşmışdır. Sivilizasiyaların qovşağında yerləşən, Şimalla Cənub, Şərqlə Qərb arasında “körpü” rolunu oynayan Azərbaycan, zaman-zaman müxtəlif dilli, dinli və mədəniyyətli  etnoslarla təmasda olmaq zərurəti qarşısında qalmışdır. Tolerantlıq və həssaslığımızı itirdiyimiz zaman, daxildən parçalanmalara məruz qalmış, zəifləmiş, dövlətçiliyimizi, azadlığımızı və sərvətlərimizi itirmişik. Bu tarixi təcrübə Azərbaycan Respublikasının ərazisində ən ali hüquqi qüvvəyə malik olan Konstitusiyanın 5-ci madəsində də öz əksini tapmışdır. Burada deyilir ki, Azərbaycan xalqınıın vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının vahid və bölünməz vətənidir. Başqa sözlə, cinsindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Azərbaycanı sevdikdə, onu özünün doğma vətəni saydıqda dövlətimizin təməli möhkəmlənmiş olur. Qarşıdurma yaradan hər cür radikal və separatçı ideyalar, qeyri-həssas və emosional fikirlər dövlətçiliyimiz üçün təhlükəlidir. Ümumiyyətlə, “tarix emosiyasız yazılmalı, tarixi nümunələr əsasında emosional qavranılmalı və tədris oluhmalıdır.” Dərsliklər müasir cəmiyyətdəki rəngarəngliyə həssas yanaşmalı, sosial, milli, dini və irqi ədavət təbliğ etməməlidir. Təəssüf ki, digər tarix dərsliklərində olduğu kimi, nəzərdən keçirilən dərslikdə də həssaslıq arzu edilən səviyyədə deyil. Tarixi hadisələrin qiymətləndirilməsində bolşevizm, konyuktura və emosionallıq hiss olunur. Bu özünü daha çox başqa dinlərə, qeyri türklərə və sosial hərəkatlara münasibətdə göstərir. Məsələn, səh.4-də yazılır; - “ Azərbaycan İslamla xristianlıq (niyə kiçik hərflə?) arasında ən kəskin qarşıdurma məkanına çevrildi”, yaxud, “...xilafətin zəifləməsindən istifadə edərək İslama qarşı vahid cəbhədə birləşmiş Bizans imperiyası, erməni və gürcü feodallarından ibarət vahid xristian bloku özünün bütün zərbəsini Azərbaycana qarşı çevirdi”(səh.6), yaxud, “...kiçik erməni çarlığı Azərbaycan torpaqlarını ələ keçirmək üçün xristianlığı yaymağı bir vasitəyə çevirir.Bu məqsədlə Albaniyaya xristian təbliğçləri göndərir.”  (səh.21). Səhifə 60-da isə yazılir: “Yeni din daha (?) humanist, ümidverici, obyektiv və ədalətli idi...” Burada “daha” zənnimizcə, artıqdır. Yaxud, “İslamın dayağı sayılan xəlifə Əli vergi sahəsində ədalətli islahat keçirdi” (səh.64). Burada  “dayaği” sözü “dayaqlarından” kimi yazılsaydı, daha tolerant səslənərdi. Başqa dindən və ya məzhəbdən olan Azərbaycan Respublikası vətəndaşının bu sətirləri oxuyarkən, Vətənə bağlılıq hissinin gücləndiyini söyləmək çətindir. Belə qeyri-həssas yanaşmalara  məzdəkilik və xürrəmilik hərəkatları ilə bağlı mövzularda, həmçinin Dədə Qorqud boyları ilə baglı paraqraflarda da rast gəlmək mümkündür.
Dərslikdə erkən orta əsrlərdə Azərbaycan cəmiyyətində qadının statusu, onun həyatı və qayğıları haqqında iki şəkil (səh.165, 176) və bir neçə cümlə (səh.173, 175) istisna olmaqla, demək olar ki, heç nə yazılmamışdır. Səbəbindən asılı olmayaraq, ana haqqının tanrı haqqı qədər əziz tutulduğu bir ölkədə yazılmış dərslik üçün  zənnimizcə, bu  yaxşı nümunə sayıla bilməz.
Strukturun dəqiqliyi, istifadənin asanlığı: Birinci keyfiyyətlə bağlı dərsliyin elə bir ciddi qüsuru yoxdur. Dərsliyə “Ön söz” yazılmış, mövzular bölmələrə, fəsillərə və paraqraflara ayrılmış, onlar müvafiq ardıcıllıqla sıralanmışdır. Dərslik mündəricat, proqram, xəritə, sxem, illüstrasiya, mənbə, xronologiya, sual və tapşırıqlarla təchiz olunmuşdur. Lakin, bəzi mövzularda paraqrafların həcmi arasında kəskin fərqlər var. Məsələn, 3-cü paraqraf  9, 12-ci paraqraf 13, 19-cu paraqraf isə 2 səhifədən ibarətdir.  Zərurət olmasına baxmayaraq, paraqrafların bir qismi xəritə və ilkin mənbələrlə təchiz olunmamışdır. İkinci keyfiyyətlə bağlı çatışmazlıqlar isə təəssüf ki, daha çoxdur. Məsələn, 1.Mündəricat dərsliyin əvvəlində deyil, axırında verilmişdir 2.Dərslikdən istifadə qaydaları, istifadə olunmuş şərti işarələrin izahı göstərilməyib 3.Ümumiləşmiş lüğət və xronologiya yoxdur  4.İllüstrasiyaların müəllifləri göstərilməyib 5.Ümumiləşmiş mənbə siyahısı yoxdur 6.Bəzi paraqrafların adı çox uzundur və jurnala yerləşmir ( p.2; 16; 28; 31; 32) 7. 34 həftəlik dərs ili ərzində 32 paraqrafı keyfiyyətli tədris etmək çox çətindir. Dərslik müəllimi sıxır, ona ümumiləşmələr aparmağa, tarixi mövzularla bağlı yaradıcı tədbirlər keçirməyə imkan vermir.
Dizayn və davamlılıq: Bu tələb ilk baxışda ödənilən kimi görünsə də, qabaqcıl ölkələrin təcrübəsi ilə muqayisədə hələ geridə qalır.
Müasir informasiya mənbələrindən istifadə imkanı: Bu tələb, zənnimizcə, müəlliflərdən asılı olmayan səbəblər üzündən ödənilməmişdir. Lakin, Azərbaycan Respublikası Prezidentinin məktəblərin kompüterləşməsi ilə bağlı məlum qərarlarından sonra, artıq aktuallaşmaqdadır.
Tədris proqramına və standartlarına uyğunluq: Bu tələb əsasən ödənilmişdir. Lakin, təəssüf ki, həm proqram, həm də standartlar artıq çoxdan aktuallığını itirib, arxaizmə çevrilmişdir.


8-ci SİNİF “AZƏRBAYCAN TARİXİ” DƏRSLİYİ

Bu dərsliyin “dili”nin həddindənən artıq elmi və yorucu olduğunu ilk əvvəldən söyləmək lazımdır. Kitabda xronologiyaya çox geniş yer ayrılıb. Şagirlər təbii olaraq bu cür mövzuları mənimsəyə bilmədiklərinə görə əzbərləməyə çalışırlar. Bu da öz növbəsində kitabın və onun müəllifinin qarşıya qoyduğu hədəfi heçə endirir.
Dərslikdə bir çox mövzularda abzaslararası bağlantı son dərəcədə zəif qurulub. Kitabı oxuduqca bir fikirin qəflətən bitməsinin və başqasının başlamasının şahidi oluruq. Bunun şagirlərin dərsi lazımi səviyyədə mənimsəməsinə maneçilik törətdiyini demək mümkündür.
Kitabdakı bəzi nöqsanları faktlarla qeyd edək:
1-ci paraqrafda belə bir cümlə var. “(Səlcuqlar) Ərəb xilafətinin tənəzzülündən sonra siyasi dağınıqlıq dövrü yaşayan İran, Cənubi Qafqaz, o cümlədən Azərbaycandan keçərək Bizansa qarşı əməliyyatların davam etdirilməsi zərurəti yaranmışdı”. Bu cümləyə o dövrün də, bu dövrün də prizmasından yanaşdığımızda nə dərəcədə yanlış olduğunu görə bilərik. Onun yanlışlığını müəllifin sonrakı qeydini diqqətə çatdırmaq istərdik: “Səlcuq qoşunları üç istiqamətdə - Həmədan, İsfahan, Gilan istiqamətlərində Azərbaycana doğru yürüşə başladılar”.
3-cü paraqrafda gürcülərin hücumlarından və törətdikləri dağıntılardan danışılır, amma sonda Gürcüstanla mehriban qonşuluq münasibətlərinin mövcudluğuna diqqəti cəlb edir. Bu qədər təzadlaı qeydlərin şagirddə dərsliyə və ya bütövlükdə Azərbaycan tarixinə qarşı inamsızlıq yaradacağı qorxusu yaranır.
39-cu paraqrafı oxuduqca Səfəvilərin işğalçı olması təəssüratı yaranır.
41-ci paraqrafda qabardılması o qədər də gərəkli olmayan 1577-ci il “kürd üsyanı” haqqında danışılır. Erməni kimi ağır bir problemlə üz-üzə qalan Azərbaycana belə bir məqamı xüsusi olaraq qabartmaq yanlış təəssüratlar və nəticələr yarada bilər.



NƏTİCƏ

    Sonda qeyd etmək istərdik ki, milli şüur aşılayan “Azərbaycan tarixi” dərsliyinə, onun hazırlanmasına çox ciddi diqqət yetirmək lazımdır.
    Bunun üçün ilk növbədə dərsliyin standartları ortaya qoyulmalıdır. Bu işi görmədikcə hər bir müəllif hazırladığı kitabda öz subyektiv fikirlərini əks etdirəcək. Mövcud olan çatışmazlıqları düzəltdiyimiz zaman başqa səhvlər ortaya çıxacaq. Nəticədə redaktə xarakterli dəyişikliklər həyata keçiriləcək, amma biz əsas nəticəyə - sanballı və şagirdlərimizi milli şüurla, şəxsiyyət kimi formalaşdıracaq dərsliklərə nail ola bilməyəcyik.
    Bundan başqa bu dərsliklərin yazılmasına cavabdeh olan, mütəxəssislərdən ibarət, yaxşı təlim keçilmiş, hazırlıqlı şəxslərdən ibarət ayrıca bir qrup formalaşdırılmalıdır. Bu qrupa daxil olan şəsxlərin bilik və bacarıqları daim artırılmalı, dünya təcrübəsini mənimsəmələri üçün onalara geniş şərait yaradılmalıdır.
    Yalnız bundan sonra problemin köklü həllinə nail olmaq mümkündür. Bu il müstəqilliyinin 20 yaşını qeyd edən Azərbaycanın tarixini tədris edən dərsliklərin ictimai həyatımızda çox böyük önəmi vardır. Onların hazırlanması zamanı məhz bu önəmdən çıxış etməyin lazım olduğunu diqqətə çatdırmaq istərdik. Artıq vaxtdır və inanırıq ki, “Azərbaycan tarixi” dərsliyi bundan sonra çoxsaylı səhvlərdən uzaq, şagirdlərimizə milli şüuru, vətən əxlaqını, vətənpərvərliyi aşılayacaq bir şəkildə hazırlanacaq.

Bu yazı 2697 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :