-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

XIX-XX əsrin əvvəllərində Gürcüstana ermənilərin köçürülməsi
Şiriftin ölçüsünü dəyiş

XIX-XX əsrin əvvəllərində Gürcüstanın Kvemo-Kartli (Borçalı), Samtsxe-Cavaxetiya bölgələrinə ermənilərin kütləvi  şəkildə köçürülməsi


Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi

   Qara dəniz ilə Xəzər dənizi arasında yerləşən Gürcüstan Cənubi Qafqazın ən mühüm strateji mövqeyə malik səfalı bölgələrindən biridir. Məlum olduğu kimi, Şimaldan-Cənuba, Şərqdən-Qərbə uzanan mühüm ticarət və komunikasiya yolları üzərində yerləşən Gürcüstan tarixin müxtəlif dönəmlərində bu və ya digər şəkildə yadelli işğalçıların qəsbkar hücumlarına məruz qalmış, ölkənin yeraltı və yerüstü sərvətləri talanmışdır.  İşğalçı qüvvələr bununla kifayətlənməmiş, burada möhkəmlənmək və uzun müddət qalmaq üçün bir sıra addımlar atmaq məcburiyyətində qalmışlar. Müxtəlif ərazilərdən  buraya çoxlu sayda xalqların köçürülməsini daha məqsədəuyğun hesab edən işğalçılar bu mənfur siyasəti XIX-XX əsrlərdə də davam etdirmişdir. Belə ki, bir sıra qaynaqlarda müxtəlif vaxtlarda ərəblərin, səlcuq türklərinin, monqolların, rusların, ermənilərin, kazakların buraya köçürülməsi ilə bağlı məlumatlara rast gəlmək mümkündür. Qeyd etmək lazımdır ki, bu proses davamlı xarakter almış və mərhələlərlə həyata keçirilmişdir.
   Məlum olduğu kimi, XIX əsrin əvvəllərində Çar Rusiyasının xarici siyasəti qarşısında duran ən mühüm məsələlərdən biri Qafqazın ilhaqı ilə bağlı idi. Xüsusilə Qara dəniz hövzəsində möhkəmlənmək üçün Çar Rusiyası ilk növbədə Kartli-Kaxetiya çarlığına son qoymaq niyyətində idi. Bununla bağlı müxtəlif planlar işlənib hazırlandı. Nəhayət, 1783-cü il iyunun 24-də Georgiyevski traktatı ilə (Şimali Qafqaz) Kartli-Kaxetiya çarlığı Rusiya dövlətinin “himayəsini” qəbul etdi (6, səh. 33).   İşğalı davam etdirən rus hökuməti 1801-ci ildə Şərqi Gürcüstanı da ilhaq etdi. Buraya general Lazarevin başçılığı altında ilk erməni ailələri köçürülməyə başlandı. Belə ki, 1807-1808-ci illərdə Tbilisinin ətrafına və Havlabar mahalına 338 erməni ailəsi (1906 nəfər) köçürülmüşdür. 1809-1811-ci illərdə Qarabağdan Bolnisiyə 428 erməni ailəsi (2140 nəfər) köçürülmüşdür. Məlumat üçün qeyd etmək lazımdır ki, ermənilərin buraya köçürülməsində general Lazarev fəal rol oynamışdır. Bəhs olunan dövrdə İran və Osmanlı imperiyasından bir neçə min erməni Şəmşəddilə (Loruya), Abxaziyaya köçürüldü. Köçürülən ermənilərin sosial tərkibi əsasən tacir və sənətkarlardan ibarət idi. Çar Rusiyası erməni tacirlərinə hər tərəfli himayədarlıq edirdi. Çünki Rusiya Asiya xammallarını onların vasitəçiliyi ilə alır, rus məmulatlarını isə İran və Türkiyənin geniş bazarına çıxarırdı. Bundan sonra bölgədə maraqları toqquşan Rusiya, İran və Osmanlı imperiyası arasında münasibətlər daha da gərginləşdi. Bu zaman Rusiyanın əsas vəzifəsi cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək idi. Hökumət bu problemi İran və Türkiyə sərhədləri yaxınlığında “ən sadiq” xalqı məskunlaşdırmaqla həll etmək niyyətində idi. Belə ki, onlar cənub sərhədlərini qorumaqla yanaşı, həmçinin dövlətin sərhədlərini qoruyan ordunu saxlamaq üçün istifadə edilən külli miqdarda xərclərdən azad ediləcəkdilər. General Paskeviç 1827-ci il noyabrın 4-də 80 min “malorus kazakları”nın İran sərhədləri yaxınlığına köçürülməsi ilə bağlı təkliflərini baş qərargaha göndərdi. O, hökuməti inandırmağa çalışırdı ki, kazakların buraya köçürülməsi hər bir cəhətdən sərfəlidir. Müntəzəm ordu hissələri yerinə sərhədləri hərbi kazak yaşayış məntəqələri qoruyacaqdı. Onlar yerli əhali arasında rus adət-ənənələrinin, yaşayış tərzinin və təsərrüfatçılığının tətbiq edilməsinə imkan yaradacaqlar ki, bununla da bu əyalətlərin Rusiya ilə birləşdirilməsi mümkün olacaqdır. Belə ki, 1828-ci ildə rus-türk müharibəsində Çar Rusiyasının qalib gəlməsi hərbi kazak qəsəbələrinin Samtsxe-Cavaxetiyaya köçürülməsinin daha məqsədyünlü olması barəsində hökumət qarşısında məsələ qaldırdı. Lakin 80 min “malorus kazakları”nın buraya köçürülməsi bir sıra iqtisadi və digər xarakterli çətinliklərlə əlaqədar idi. Buna görə də çar hökuməti bu böyük plandan imtina etdi. Trialetə və Cavaxetiyaya Türkiyədən ermənilərin köçürülməsinə başlanıldı(9, səh, 43-44). Köçürülməni tam təhlükəsiz şəraitdə həyata keçirmək üçün 1829-cu il dekabrın 3-də general Paskeviç tərəfindən Xüsusi Köçürmə Komitəsi yaradıldı. Komitəyə mülki qubernator Zavilyevski sədrlik edirdi. Komitə Köçürmə Əsasnaməsini işləyib hazırladı. Komitənin ilk hesablamalarına görə Qars, Ərzurum və Bəyazid vilayətlərindən Gürcüstana 8 min erməni ailəsi köçürülməli idi. Lakin köçürülmə başlanandan sonra ailələrin miqdarı 14 minə çatdı. Tanınmış gürcü alimi Quram Marxuliyanın fikrincə əvvəlcədən müəyyənləşdirilmiş ərazilərə belə sürətlə ermənilərin köçürülməsi Qafqazda ümumrus işinin əsas prioriteti olub regionun etnik mənzərəsini erməni miqrantları hesabına dəyişdirməkdən ibarət idi. Belə ki, bəhs olunan dövrdən erməni əhalisi yerli gürcü əhalisini üstələməyə başlamışdır. Xüsusilə Çar Rusiyası Türkiyə tərəfdən gələn çoxsaylı erməni ailələrini yerli əhali ilə birlikdə Axalkalaki quberniyasında məskunlaşdırmaqda idi. Ermənilərdən fərqli olaraq yerli gürcü əhalisi daha çox balaca talalarda, kəndlərdə yaşayırdılar(11, səh. 22-23). Göründüyü kimi, Çarizmin siyasi məqsədi Gürcüstanda etnik rəngarənglik yaratmaq idi. (10, səh. 44)
   XIX əsrin 30-cu illərində Çar Rusiyasının Gürcüstanda həyata keçirdiyi etnik-milli təmizləmə siyasəti heç bir maneəyə rast gəlmədən davamlı şəkildə həyata keçirilirdi. İran və Osmanlı imperiyasının müxtəlif şəhərlərindən Gürcüstanın şəhər və qəsəbələrinə köçürülən erməni ailələri dinc şəraitdə məskunlaşmaqda idilər. Bununla yanaşı Gürcüstandakı müsəlman gürcülərin gələcək taleyi də sual altına düşmüşdü. Belə ki, ölkənin Samtsxe-Cavaxetiya, Axalsıx və Axalkalaki bölgələrində yaşayan müsəlman gürcülərin öz yurd-yuvalarından departasiyası planı da işlənib hazırlandı. Bununla əlaqədar olaraq yerli əhalini buna hazırlayan gizli xəfiyyə qrupları da yaradılmaqda idi. Onlar yerlərdə müvafiq təbliğat işi aparır, guya yaxın vaxtlarda müsəlman gürcülərin zor gücünə xristianlaşdırılacağı haqqında hökumətin yanlış tapşırıqlarını yerinə yetirirdilər. Müsəlman gürcülərin Osmanlı imperiyasına köçürülməsi üçün dövlət büdcəsindən külli miqdarda vəsait də ayrılmışdı. 1829-1830-cu illərdə Samtsxe-Cavaxetiyadan 35 min müsəlman gürcü Osmanlıya köçürüldü(11, səh. 44). Nəticədə Axalsıx müsəlman gürcülərdən tamamilə təmizləndi. Köçürülən gürcülərin yerinə müxtəlif ölkələrdə yaşayan erməni ailələri yerləşdirilirdi. Məlumat üçün qeyd etmək lazımdır ki, 1828-1830-cu illərdə Cavaxetiyanın əsas sakinlərinin 90%-ni gürcülər təşkil edirdi. Bu illər ərzində Rusiya imperiyası Türkiyədən öz məkirli əməllərinə görə qovulmuş erməniləri Gürcüstan torpaqlarında yerləşdirdi. Həmin illərdə bölgəyə 40 mindən artıq erməni ailəsi köçürüldü. Bundan sonra ermənilərin sayı nahiyədə, zorla çıxarılmış gürcülərin sayını üstələdi. Tanınmış gürcü alimi Bondo Arveladzenin fikrincə belə davranışın alt qatında siyasi baxışlar dururdu: ilk növbədə Cavaxetiyada yaşayan yerli aborigen xalqları-gürcüləri və türkləri (burada azərbaycan türkləri nəzərdə tutulur-T. C) sıxışdırıb bu bölgədən çıxarmaq, ermənilərin nahiyədə sayını artırmaq(3, səh. 13).
   Göründüyü kimi, çarizmin Gürcüstandakı etnik təmizləmə siyasəti mərhələli şəkildə həyata keçirilməkdə idi. Erməni miqrantların köçürülməsi  hesabına bölgənin demoqrafiq vəziyyəti ermənilərin xeyrinə sürətlə dəyişməkdə idi. Bunu Aleksandr Qribayedovun Rusiya imperatoru I Nikolaya yazdığı məktubundan da görmək mümkündür: “Zati-Aliləri, heç bir vəchlə ermənilərə Mərkəzi Rus torpaqlarında məskunlaşmağa icazə verməyin. Bu elə bir xalqdır ki, on illər keçdikdən sonra həmin yerləri öz mülkiyyətinə çevirəcək və bütün dünyaya car çəkəcək ki, bunlar qədim Ermənistan torpaqlarıdır”. I Nikolay Qribayedovun məsləhətlərini qəbul etdi və Türkiyədən qovulmuş erməniləri rus torpaqlarında deyil, Gürcüstan ərazisində məskunlaşdırdı(2, səh. 15). Çar Rusiyasının bu addımı atmaqda əsas məqsədini gürcü alimləri Şota və Otar Tedvadze qardaşları bu cür qiymətləndirirlər: “Rusiyanın imperialist siyasətinin məqsədi Samtsxe-Cavaxetiyada ermənilərin köçürülməsi zamanı onların təhlükəsizliyini təmin etmək deyil, Gürcüstanın özündə gürcü əhalisinə qarşı çıxan, ona zidd olan qeyri-gürcü etnik mühitin yaradılması idi. Bu, həddindən artıq irəlilərə hədəflənmiş və yaxşı düşünülmüş əks gürcü xəyanətkar planı idi(9, səh. 45)”.Qeyd etmək lazımdır ki, bəhs olunan dövrdə hökumət ilk növbədə Ərzurumdan erməni katoliklərin köçürülməsindən sonra müsəlman gürcüləri zorla Türkiyəyə köçürməkdə idi. Yerdə qalan gürcü katoliklərinin isə erməniləşdirilməsi prosesinə başlanılmışdı. Yerli gürcülərin erməni həyat tərzinə uyğunlaşdırılması məqsədilə yerlərdə erməni dilli məktəblər açılır, erməni kilsələri inşa edilir, yeni yaşayış məhəllələri salınırdı. Beləcə yerli gürcülərin erməniləşdirilməsi prosesi davam etdirilirdi.  
   XIX əsrin I yarısnda Osmanlı imperiyasından Gürcüstana köçürülən katolik ermənilərin əksəriyyəti daha çox Axalkalak, Axalsıx, Azqur, Xertvis və digər yerlərdə məskunlaşdırıldı. Bu illərdə Axalkalak və Axalsıx əhalisinin əksəriyyətini ermənilər təşkil edirdilər. Bununla yanaşı Samtsxe-Cavaxetiya bölgəsi digər ərazilərə nisbətən sürətlə erməniləşməkdə idi. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 1800-cü ildə ermənilərin Gürcüstanda sayı 47 min, Samtsxe-Cavaxetiyada 37 min, 1832-ci ildə Gürcüstanda 84 min, Samtsxe-Cavaxetiyada 65 min, 1865-ci ildə Gürcüstanda 122 min 600, Samtsxe-Cavaxetiyada 86 min, 1886-cı ildə Gürcüstanda 172 min 900, Samtsxe-Cavaxetiyada 122 min 600, 1897-ci ildə Gürcüstanda 197 min, Samtsxe-Cavaxetiyada 141 min 500 nəfər idi(9, səh. 46). Ümumilikdə Gürcüstanda ermənilərin sayının sürətlə artmasını ərazinin əlverişli coğrafi mövqeyi ilə yanaşı bölgənin Qara dəniz sahillərində yerləşməsi ilə də əlaqələndirmək olar. Qaçqın ermənilərin daha çox Qara dəniz sahilboyu ərazilərində məskunlaşdırılması və Samtsxe-Cavaxetiya bölgəsinin xüsusilə Ermənistandan Qara dənizə açılan dəhliz rolunu oynaması bütövlükdə Çar Rusiyasının məqsədyönlü və gələcəyə hesablanmış mühüm strateji planı idi.      
   XIX əsrin sonlarında Çar Rusiyasının Gürcüstana olan münasibəti əvvəlki illərə nisbətən tamamilə dəyişdi. 1886-cı ilin fevralın 27-də imzalanmış qərarla xüsusilə gürcü katoliklərinin kilsəsində doğma dildə ibadət, dua qadağan edildi və zorla bu proses ermənicəylə əvəz olundu. Bununla yanaşı tədris məktəblərində gürcü dili getdikcə sıxışdırılır, əksinə rus dilində tədrisə daha çox üstünlük verilirdi. Tədrisin keyfiyyətini yüksəltmək üçün rus dili ilə yanaşı digər əcnəbi dilləri yaxşı bilən müəllimlərin buraya cəlb edilməsinə başlanıldı. Beləliklə, bölgənin istər demoqrafiq vəziyyəti, istərsə də  təhsilin inkişafı getdikcə aşağı düşməkdə idi. Məqsədyönlü şəkildə həyata keçirilən bu siyasətin əsas hədəfi Gürcüstanda, eləcə də Cənubi Qafqazda “erməni məsələsi”ni alovlandırmaq idi.
   XIX əsrin 80-90-cı illərində Çarizminin Gürcüstana demoqrafiq eksponsiyası daha da gücləndi. Məlum olduğu kimi, 1877-1878-ci illər rus-türk müharibəsi nəticəsində məğlub olmuş Osmanlı hökuməti ermənilərə güzəştə getməyə başladı. Bundan lazımınca faydalanan ermənilər yeni müharibə ocağının alovlanmasından ehtiyat edərək onların qonşu Gürcüstana köçürülməsi ilə bağlı çara mürtaciət ünvanladılar. Nəticədə hökumət 1897-1902-ci illərdə Gürcüstana təxminən 55 min ermənini köçürməyə müvəffəq oldu. Bununla Tiflisdə ermənilərin sayı 47,6 mindən 124,9 minə qədər çoxaldı ki, bunların da təqribən 68 mini yeni gələnlər idi(10, səh.24).
   XIX əsrdən fərqli olaraq XX əsrin əvvəllərində Çar Rusiyasının ermənilərə olan münasibəti tamamilə dəyişməkdə idi. Belə ki, bəhs olunan dövrdə Rusiya imperiyasının müxtəlif yerlərində inqilabi şəraitin baş verməsi və bundan da öz maraqları üçün istifadə etməyə çalışan ermənilər daha çox qərbə meyilli siyasət yeritməyə başladılar. “Erməni məsələsi”ni qabartmağa çalışan qərb hakim dairələri bu minvalla ermənilərə bir sıra şirnikləndirici vədlər verməkdə idilər. Məhz qərbin bu siyasətini həzm etməkdə çətinlik çəkən Çar Rusiyası erməniləri cəzalandırmağa başladı. İlk dəfə olaraq 1903-cü il iyunun 12-də Rusiyada dövlət müəssisələrinin ixtiyarında olan erməni-qriqoryan kilsəsi əmlakının idarə olunması haqqında imperatorun sərəncamı dərc olundu. Məlum sərəncama uyğun olaraq erməni-qriqoryan kilsəsindən kilsə əmlakı alındı. Onun özünü idarəetmə üsulu məhdudlaşdırıldı. Bu haqda V. L.Veliçko yazırdı: “sərəncama uyğun olaraq kilsə torpaqları əkinçilik nazirliyinin və dövlət əmlakının, kapitallar isə daxili işlər nazirliyinin idarəsində olacaq. Əmlaka və kapitallara sahiblik hüququ erməni-qriqoryan kilsəsində qalır, gəlirlər isə  erməni-qriqoryan kilsəsinin əmlakının idarə olunması və əlavə kapitalın əmələ gəlməsi üzrə xərclər çıxarılmaqla, onun hazırki qanuni ehtiyaclarına sərf olunacaq. Sərəncamın qüvvəyə minməsi ilə kilsə pullarının kilsə ilə heç bir əlaqəsi olmayan işlərə sərf eləmək imkanını aradan qaldıracaq, erməni teokratiyasının siyasi xarakterini  məhdudlaşdıracaq, mənəvi və başqa cəhətlərdən erməni xalqına zərərli olan bir çox xülyalardan onu uzaqlaşdıracaq. Müəllifin fikrincə bu, çoxdan vaxtı çatmış və yubanmış məsələdir, ona görə ki, erməni sənaye işbazları Qafqazın və paytaxtın (burada müəllif Moskva şəhərini nəzərdə tutur-T.C) nüfuzlu dairələrində özlərinə güclü arxa tapmışlar(8, səh. 105). Bununla kifayətlənməyən hökumət sərəncamda nəzərdə tutulmuş qaydada ermənilərin Qafqazdan və Qara dəniz sahillərindən Sibirə köçürülməsinə başlandı. Bu proses Qafqaza İ. Vorontsov Daşkovun yeni canişin təyin olunmasından sonra dayandırıldı. Ermənilərə qarşı mübarizə tədricən  dəyişməyə başladı. Erməni kilsəsindən alınmış torpaqlar və əmlak geri qaytarıldı. Kilsə özünüidarəetmə hüququ yenidən kilsənin ixtiyarına verildi. Nəticədə hökumət tərəfindən  xüsusi imtiyazlarla təmin olunmuş və bölgədə mövqeləri gündən-günə güclənən ermənilər yerli kapitala sahiblənmək üçün bir sıra addımlar atmağa başladılar. Bu işdə onlara ingilis və rus maqnatlarının verdiyi dəstəyi də xüsusilə qeyd etmək lazımdır. Daha çox sənətkarlıq və ticarətlə məşğul olan ermənilər sənaye firmaları və banklarda mövqelərini möhkəmləndirməkdə idilər. Bu barədə tanınmış rus jurnalisti və tarixçisi Vasil Lvoviç Veliçko yazırdı: “erməni sənaye firmaları və bankları Potidə və Batumda hakim mövqe tutmuşdular. Beləliklə, Qara dənizin sonuncu məntəqələri də tamamilə onların əlinə keçmişdi. Xüsusilə Bakını və Tiflisi iqtisadi cəhətdən əllərinə almış ermənilər bu işdən müstəsna dərəcədə qazanmışdılar(8, səh. 20).
   XIX əsrin sonu-XX əsrin əvvəllərində Gürcüstanda artıq mövqeləri göclənməkdə olan varlı erməni ailələri meydana gəlməkdə idi. Onlar daha çox gürcü torpaqlarını dəyər-dəyməzinə alır və buraya İrandan, Rusiyadan və Türkiyədən çoxlu sayda erməni ailələrini köçürürdülər. Bu barədə V. L. Veliçko yazırdı: “gürcü torpaqları son dərəcə tezliklə əriyir. Ayrı-ayrı Mantaşevlər, Aramyantslar, Arafelovlar, Makaryantslar və başqa erməni varlıları gürcü torpaqlarını  dəyər-dəyməzinə alırlar və Türkiyə mühacirlərini orda yerləşdirirlər. Bütün kilsələr ermənilərin əlindədir(8, səh. 38)”.  Göründüyü kimi, ermənilərin gürçü torpaqlarına köçürülməsi iki mərhələdə  həyata keçirilməkdə idi. Əsrin əvvəllərində bu işi yüksək çinli rus generalları həyata keçirirdilərsə, əsrin sonlarında artıq burada möhkəmlənmiş və yenicə yaranmış varlı erməni maqnatları bu işin öhdəsindən lazımınca gələ bilirdilər.
   Qeyd etmək lazımdır ki, gürcülərin əlindən dəyər-dəyməzinə alınan torpaqların rəsmiləşdirilməsi prosesi gizli şəkildə həyata keçirilirdi. Belə ki, burada tayfalararası münaqişənin alavlanacağından ehtiyatlanan ermənilər prosesin tədricən aradan qalxacağına ümid bəsləyirdilər. Bu haqda V. L. Veliçko yazırdı: “ermənilər özlərinin bütün sənədlərini açıq-aşkar göstərməyə və torpaq sahəsində özlərinin tayfalararası məsələlərini aradan qaldırmağa hələ də cəsarət etmirlər. Onlar gürcü ictimaiyyəti arasında ümidsizlik partlayışından qorxurlar və güman edirlər ki, rus hökuməti kəskin böhran nəticəsində Qafqaz işlərinə daha yaxından, diqqətlə baxacaqdır(8, səh. 38)”.
   Uzun müddət gürcü torpaqlarında olduqca ehtiyatla davranan ermənilər bu dövrdə demək olar ki, çoxlu sayda problemlərin həllinə müvəffəq oldular. Məhz bəhs olunan dövrdə  Gürcüstan ərazilərinə 200 mindən artıq erməninin köçürülməsi və dinc şəraitdə məskunlaşdırılması dediklərimizi bir daha təsdiq edir. Daha çox Qara dənizin sahilboyu ərazilərində məskunlaşan ermənilərin müəyyən bir qisminin yerli şəraitdən asılı olaraq varlanması və bu zümrənin yoxsul erməni ailələrinə vaxtaşırı yardımları sayəsində burada qısa bir müddətdə erməni diasporasının ilkin rüşeymləri meydana gəlməyə başladı. 

İstifadə olunmuş ədəbiyyat
  1. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi, “Ermənistan və Gürcüstan arasında soyuq savaş”, “Təzadlar” qəzeti, 12-14.02.2009
  2. “Armenian treason and Georgia”, Baku 2008, s.72
  3. Bondo Arveladze “Daşnaq xisləti”, Hürriyyət qəzeti, №208(1852), 26-29 oktyabr 2009
  4. İslam Sadıq “Ermənilərin Birinci Pyotrla görüşü”, “Azərbaycan Dövlət Nəşriyyatı” Bakı 1993, səh. 31
  5. Fuad Axundov “Heç bir saxtakarlıq erməniərin “gəlmə” olması faktını gizlədə bilməyəcəkdir”, Region plus, №3(3) 27 mart  
  6. 6. Ş. P. Həmidova “XVIII əsrin II yarısında Azərbaycan-Gürcüstan  münasibətləri   tarixindən”, Bakı 1985, “Elm nəşriyyatı”, 97 səh.
  7. İlya Çavçavadze “Erməni alimləri və fəryad edən daşlar”, “Azərbaycan Nəşriyyatı” Bakı 1995, səh. 79
  8. V. L.Veliçko “Qafqaz: rus işi və tayfalararası məsələlər”, “Azərbaycan nəşriyyatı”, Bakı 1995, səh. 189
  9. Şota Tedvadze, Otar Tedvadze “XIX əsrin I yarısında ermənilərin Kvemo-Kartli və Samtsxe-Cavaxetiya bölgələrinə kütləvi şəkildə köçürülməsi”, Qaraqalpaqlar, 2008, iyul, №5(13)
  10. Şota Tedvadze, Otar Tedvadze “XX əsrdə ermənilər Gürcüstanda: erməni mühacirətinin yeni  axınları”, “Qaraqalpaqlar” 2009, fevral №02(20)
  11. Гурам Мархулия «Армяне в поисках Армении», издательство «Универсал», Тбилиси 2010, стр. 293

Bu yazı 858 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :