-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Albaniyanın qədim tarixinin bəzi məsələlərinə dair
Şiriftin ölçüsünü dəyiş

Bəxtiyar Tuncay

   Ermənilərin xalqımıza və ölkəmizə qarşı apardıqları ideoloji – informativ müharibədə xristian amilindən gen – bol istifadə etdikləri, Qərb dövlətlərinin himayəsini qazana bilmək üçün xristian həmrəyliyi ideyalarını daim qabartdıqları və bu amilin onlara bəzi üstünlüklər verdiyi məlumdur. Bu təbliğat zamanı mənfur düşmənlərimizin guya ermənilərin dünyada xristianlığı ilk qəbul edən xalq olduğu barədə uydurma iddialar da daim ortaya atılır. Məlum olduğu kimi, Azərbaycan xalqı da tarixinin müəyyən dövründə xristian olmuş və həmin dövr tariximizin ayrılmaz bir parçasını təşkil edir. Maraqlıdır ki, bu dövrdə baş vermiş elə maraqlı və fenomenal hadisələr olmuşdur ki, onları qabartmaq və təbliğat məlzəməsinə çevirməklə həm erməni təbliğatının effektivliyini minimuma endirmək, həm də xristian dünyasının Azərbaycana olan marağını artırmaq mümkündür. Bu hadisələrdən, şübhəsiz ki, ən maraqlısı və diqqətçəkicisi Həzrət İsaya (ə) ilk səcdə edən üç nəfər azərbaycanlı ilə bağlıdır. Bu barədə İncil məlumat verməkdədir. Belə ki, Matta “İncil”inin  ll fəslinin 1 və 2 – ci ayələrində deyilir:
   “İsa hökmdar Hirodun (hakimiyyəti) günlərində, Yəhudeya Beytlehemində anadan olduğu zaman, şərqdən Yerusəlimə (Qüdsə) münəccimlər gəlib dedilər:
   -Anadan olmuş yəhudi hökmdarı haradadır? Çünki onun ulduzunu Şərqdə gördük və ona səcdə qılmağa gəldik”
   Məlumat üçün bildirək ki, İncildə və ümumiyyətlə Bibliyada “Şərq” dedikdə Azərbaycan ərazisi nəzərdə tutulmuşdur ki, bu barədə bir qədər sonra ətraflı məlumat verəcəyik. Bibliyanın yunanca olan ən əski mətnlərində Azərbaycan türkcəsinə “münəccim” kimi tərcümə edilmiş söz “maq” kimi yazılmışdır. Bibliyanın sonrakı dövrə aid mətnlərində isə “maq” kəlməsi “volxv” (sehirbaz və şah anlamlarına gəlir) kəlməsi ilə əvəz edilmişdir. Halbuki, Bibliyada əslində söhbət maqlardan, yəni sehirbaz və münəccimlərdən deyil, 6 maday (Midiya) boyundan biri olan maq xalqının nümayəndələrindən getməkdədir. Yəni mətndə “maq” termini etnonim kimi işlənmişdir və orta əsrlər xristian ilahiyyatçılarının, demək olar ki, hamısı bu terminlə midiyalılara işarə edildiyini bilmiş və əsərlərində bunu elə beləcə də qeyd etmişlər. Məsələn, Oruc bəy Bayatın (Don Juanın) da xatırlatdığı kimi, orta əsrlərin ən tanınmış və sanballı ilahiyyatçılarından olan müqəddəs Antoni onların Midiyadan olduğunu yazmışdır.
   Məlum olduğu kimi, qədim yunan mənbələrində “maq”, qədim Elam yazılarında “makuiş”, ərəb və müsəlman mənbələrində “muğ”, əski türk mənbələrində isə “moğoç” adlandırılan bu Midiya boyu ən əski çağlardan Muğan ərazisində yaşamışlar və “Muğan” etnotoponimi də onların adı ilə bağlıdır. Midiya iki yerə - Böyük Midiya və Atropatenaya (Azərbaycana) parçalandıqdan sonra isə (bu, Həzrət İsanın (ə) doğuşundan 330 il öncə baş vermişdi) Muğanın məhz Atropatenada, yəni Azərbaycanda qaldığı məlumdur. İncildə onların Şərqdən gəldikləri ifadə edilmişdir.
Bibliyada və ümumiyyətlə yəhudi və xristian mənbələrində “Şərq” dedikdə, bilavasitə qədim Azərbaycan ərazisi nəzərdə tutulmuşdur ki, bu, xristian – alban tarixçisi Musa Kağankatlının “Alban tarixi”, eləcə də erməni tarixçilərinin əsərlərindən açıq – aydın görünməkdədir. Belə ki, bu müəlliflərin əsərlərində “Şərq ölkəsi” ifadəsi Albaniya adının sinonimi kimi istifadə olunur. Eyni hal ilə Mxitar Qoşun “Alban salnaməsi” əsərində də üzləşmək mümkündür. Məsələn, Musa Kağankatlının “Alban tarixi” kitabının Vl fəsli “İlahinin biz, Şərq xalqına zühur etməsi”, Vll fəsli isə “Şərqin maarifpərvəri müqəddəs Yeliseyin cəsədinin tapılması” adlanır ki, hər iki fəsildə söhbət məhz Albaniyadan və alban xalqından gedir.
    “Alban tarixi”ndə olduğu kimi, əski erməni mənbələrində də Albaniya əvəzinə bəzən “Şərq ölkəsi” ifadəsi işlənməkdədir. Çağdaş erməni müəllifləri bu ifadəni çox zaman “şərq tərəf” kimi tərcümə etməkdə və yazmaqda, bununla da faktları təhrif edərək, guya Albaniyann müstəqil dövlət deyil,  Ərməniyyənin şərq əyaləti olduğunu söyləməkdədirlər. Bu barədə Qiyasəddin Qeybullayev yazır:"...Bu konsepsiyanın (Albaniyanın guya Ərməniyyənin şərq əyaləti olması barədə konsepsiyanın) xeyrinə Musa Kağankatlının “Alban tarixi kitabında işlədilmiş “şərq” ifadəsi hesab edilir.
   Doğrudan da bu mənbədə “Şərq ölkəsi” (ll kitab, XX fəsil), “Şərq” (l kitab, Vlll fəsil), “Şərq məmləkəti”(l kitab, XXVll fəsil, ll kitab, l, XXVll və XXXVll fəsillər) ifadələri yer almaqdadır. Erməni tarixçiləri bu ifadələri “Erməni Şərqi”, “Şərqi Ərməniyyə”, “Ərməniyyənin şərq əyaləti” kimi, eləcə də Mehranilər sülaləsindən Cavanşir barədə söylənmiş “Şərq knyazı” (ll kitab, XXVll fəsil, ll kitab, XXVlll fəsil) ifadəsini “Erməni Şərqinin erməni knyazı” kimi, “Şərq xalqı” (l kitab, Vl fəsil) ifadəsini isə “Erməni Şərqinin erməni əhalisi” kimi qəbul edirlər.
   Əslində isə bu ifadələrin heç birində “Ərməniyyə” sözü yoxdur. Fəridə Məmmədovanın haqlı olaraq vurğuladığı kimi, Musa Kağankatlı “Şərq” ifadəsi altında, o dövrün xristian dünyasının təsəvvürlərindən çıxış edərək, Albaniyanın xristian dünyasının ən şərqində yerləşdiyini göz önündə tutaraq, Albaniyadan söz açmışdır.  Eyni müəllif xristian bizanslılardan danışarkən də “Qərb”ifadəsini işlətmişdir və bu halda Ərməniyyəni yox, xristian Bizansı nəzərdə tutmuşdur (məsələn, l kitab, XXll fəsil, ll kitab, X fəsil). Məsələn, Çar İraklinin Bizans əsgərləri “Qərbin əsgərləri” adlandırılmışdır. Buna müqabil olaraq, Xəzər dənizi “Şərq dənizi”(ll kitab, ll fəsil), Aralıq dənizi isə “Qərb dənizi” kimi təqdm edilib (ll kitab, ll fəsil). Məsələn, fars şahı Xosrov Ənuşirəvanın məktubunda Bizans hökmdarı “Məndən qorxub Qərb dənizində gizlənən” kimi səciyyələndirilir (ll kitab, ll fəsil). Eyni mənbədə xəlifədən də “Cənubun şahı” deyə söz açılmaqdadır: “Cənubun şahı Şərqin knyazını, şöhrətli Cavanşiri yanına dəvət etdi” (ll kitab, XXVlll fəsil). Türküstan, yəni türklər ölkəsi isə “Şimal” adlandırılır (ll kitab, XXVll fəsil), hunlar, savirlər və xəzərlər üçün isə “şimal xalqları”, “şimallılar” ifadələri işlədilir (l kitab, Xll  və XXVll fəsillər; ll kitab,Xlll fəsil)... Gördüyümüz kimi, əsərdəki “Şərq”, “Qərb”, “Cənub” və “Şimal” ifadələrinin Ərməniyyənin koordinatları ilə heç bir əlaqəsi yoxdur.”
   Bir sözlə, əski xristian mənbələrində “Şərq” və ya “Şərq ölkəsi” ifadəsi altında məhz Azərbaycan ərazisi nəzərdə tutulmuşdur. Bibliyada söhbətin məhz Şərqdən gələn maqlardan getməsi də bir daha sübut edir ki, bu halda azərbaycanlı maqlar nəzərdə tutulmuşdur. Yəni müqəddəs Antoni və onun fikrini təsdiq edən Oruc bəy Bayat (Don Juan) tamamilə haqlıdırlar. Bunu dövrümüzədək uyğur əlifbası ilə və uyğur türkcəsində gəlib çatan və Matta “İncil”ində söylənilənlərlə üst – üstə düşən əfsanə də təsdiqləyir. Orada “maq” etnoniminin türkcə qarşılığı olan “moğoç” etnonimi işlənmişdir.
   Həmin üç nəfər maq haqqında Matta “İncil”ində daha sonra oxuyuruq:
   “...Onların Şərqdə gördükləri ulduz qabaqlarında gedirdi və körpənin olduğu yerə gələrək həmin yerin üzərində durdu. Onlar da ulduzu gördükləri zaman çox böyük sevinclə şadlandılar. Evə girib anası Məryəm ilə körpəni gördülər və yerə sərilib ona səcdə qıldılar. Sərvətlərini açaraq ona  hədiyyələr – qızıl, buxur və mirra təqdim etdilər.” Matta “İncil”ində söylənilənlərlə heyratamiz şəkildə səsləşən və çox güman ki, hansısa başqa bir “İncil” variantının tərcüməsi olan uyğur əfsanəsi isə belədir:
   ““...Gəlib onun ləyaqətinə sitayiş edək” – deyib otündülər. O zaman Xirodis xan (Romanın Yəhuda canişini Hirod) beləcə deyib, onlara əmr etdi: “İndi, ey sevimli balalarım, yaxşıca yola düşün, ürəkdən can atıb xahiş edin, istəyin. Nə şəkildə tapsanız, geri dönün, gəlib mənə bildirin. Mən də gedib sitayiş edim ona.”
   Beləcə, o moğoçlar Urislıma (Yerusəlimə) necə çıxıb getdilərsə, o ulduz da onlar ilə gedər oldu. O moğoçlar Bidilximə (Vifliyemə) çatanda o ulduz tərpənmədən şax durdu. Sonra orada Msixa tanrını (İsa Məsihi) tapdılar. O zaman yaxına gəlib (mağaraya) girdilər. Öz yüklərini açdılar, üç cür xəzinə - qızıl, zümrüd və səndəl ağacı gətirdiklərini ucadan bildirdilər. Tapınaraq, tanrıya alqış etdilər, ulu Msixa tanrıya (İsa Məsihə) baş əydilər. Fikirləşdilər ki, əgər o, Tanrı oğludursa, zümrüdü, mədhiyyəni götürəcək. Əgər o, xandrsa, qızılı götürəcək. Əgər o, həkimdirsə, onda dava – dərmanı götürəcək. Onlar bu düşüncə ilə (hədiyyələri) sinidə təqdim etdilər. Menqü (əbədi) Tanrının oğlu müqəddəs xan Msixa o moğoçların ürəklərindəkini duyub hədiyyələrin hər üçünü götürdü, onlara belə dedi:
   -Ey moğoçlar, üç fərqli düşüncəylə yanıma gəldiniz. Mən həm Tanrı oğlu, həm xan, həm də həkiməm. Siz şübhə etmədən gedin.
   O onlara belə buyurdu”.
   Bu mətni tərcümə edənlər, o cümlədən onu Azərbaycan türkcəsinə çevirmiş Əlisa Şükürlü Bibliyanın son tərcümələrindən çıxış edərək, “moğoç” kəlməsinin bir etnonim olduğunu diqqətə almadan onu “cadugər” kimi tərcümə etmişlər. Halbu ki, Radlovun “Qədim türk lüğəti”nə göz yetirmək yetərlidir ki, terminin etnonim olduğunu anlayasan. Uyğurdilli mətnlərdəki moğoçların Midiya maqları olduğunu sübut edən faktlardan biri də odur ki, bu mətnlərdə də eynən antik və ərəb müəlliflərində olduğu kimi, maqlardan (moğoçlardan) oda tapınan xalq kimi söz açılır. Həmin üç nəfərin qurumuş cəsədlərinin qalığı bugünə qədər qalmaqda və xristianlar tərəfindən hörmtlə ziyarət edilməkdədir. Bir vaxtlar İstanbuldakı (o dövrdə Konstantinopol) Aya – Sofiya camesində (o dövrdə kilsə) saxlanılan bu cəsəd qalıqları Konstantinopolun (İstanbulun) xaçlılar (səlibçilər) tərəfindən işğalı zamanı oradan qarət edilərək, Almaniyaya aparılmışdır. Hazırda məşhur Köln kilsəsində qorunub saxlanılır. Daha dəqiq desək, xristian və dünya mədəniyyətinin ən gözəl memarlıq incilərindən hesab edilən Köln kilsəsi həmin üç azərbaycanlının şərəfinə tikilmişdir və onların qalıqları bu gün dünya xristianlarının əsas ziyarət obyektlərindən biridir.
   Maraqlıdır ki, İncildə türklərin xristianlığı ilk qəbul edən xalqlar içərisində yer aldığını sübut edən çox sayda məlumat vardır. Bu faktlardan biri İncilin “Həvvarilərin işləri” adlı bölümündə yer almaqdadır. Sözügedən bölümün ll fəslininin 1 – 13 – cü ayələrində oxuyuruq:
   “Pentikost günü gəldikdə, onların hamısı (həvvarilər, Həzrət İsanın (ə) 11 tələbəsi. 12 – ci o zaman özünü asmışdı) bir yerə toplaşdı.  Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onların gözlərinə görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla (Həzrət Cəbrayıl nəzərdə tutulur) doldu və Ruhun (Həzrət Cəbrayılın) onlara verdiyi danışma tərzinə uyğun olaraq, başqa – başqa dillərdə danışmağa başladılar.
   Yerusəlimdə (Qüdsdə) yəhudilər, göy altında olan dindar adamlar yaşayırdı. Və bu səs gəldikdə, xalq bir yerə toplaşıb təəccüblənirdi; çünki hər biri onun dilində danışdıqlarını eşidirdi. Hamı çaşqınlıq və heyrət içində idi və (aralarnda) deyirdilər:
   -Bu danışanların hamısı qalileyalı (Qalileya qədim yəhudi şəhərlərindən birinin adıdır) deyillərmi? Bəs, necə olur ki, hər birimiz öz ana dilimizi eşidir? Biz parfiyalılar, midiyalılar, elamlılar, Messopatamiyada, Yəhudeyada və Kappadokiyada ....yaşayanlar....kritlilər və ərəblər, onların öz dillərimizdə Allahın möhtəşəm işləri barədə danışdıqlarını eşidirik. Və hamı heyran – heyran bir – birinə “Bu nə olan işdir?” – deyərək təəccüblənirdi.”
   İncilin bu hissəsinə inansaq, elə çıxır ki, Allah öz mələyi Həzrət Cəbrayıl vasitəsi ilə, o da Həzrət İsanın həvvariləri vasitəsi ilə müxtəlif xalqlara, o cümlədən türk mənşəli midiyalı (madaylara) və parfiyalılara (saklara) öz ana dillərində müraciət etmiş və həmin şəxslər də xristian olmuşdular. Sözügedən siyahıda ermənilərin izi – tozu belə yoxdur. Bu məlumatdan belə aydın olur ki, ilk xristianlar içərisində midiyalılar və parfiyalılar da, yəni türklər də olmuşlar. Təsadüfi deyil ki, Musa Kağankatlı öz yazısı olan, yəni ana dilində yazılmış müqəddəs kitablara (Bibliyaya) sahib olan xalqların adını çəkərkən, albanlarla yanaşı midiyalıların da adını qeyd etmişdir. Əsərində bu mövzuya da yer ayıran Oruc bəy Bayatın (Don Juanın) Perion və Avdiyə istinadən yazdığına görə, təqribən həmin dövrdə Yəhuda Taddeus və müqəddəs Yaqubun qardaşı müqəddəs Simon (Şimon) xristianlığı təbliğ etmək üçün Fars və Madaya (Persiya və Midiyaya) ezam edilmişdilər və onların apardıqları təbliğat nticəsində 70 min insan xristianlığı qəbul etmişdi.  Xatırladaq ki, sözügedən dövrdə həm Fars, həm də Maday Parfiya - türk imperatorluğunun tərkibində idilər.
   Ermənilər özlərini dünyanın ən qədim xristan xalqı adlandrsalar da, tarixi faktlar onların xristianlığı albanlardan, yəni azərbaycanlılardan çox – çox sonralar, daha dəqiq desək, 270 il sonra qəbul etdiyini sübut edir. Bu barədə Ziya Bünyadov yazır:
   “...Beləliklə, aydındır ki, əgər ermənilər xristianlığı 327 – ci ildə qəbul ediblərsə, albanlar artıq 270 il xristianlıqda idilər və bu tarix eramızın 54 – cü ilinə müvafiqdir. Xaçpərəstliyi İsanın şagirdləri – həvvariləri Faddey , Yelisey və Varfolomeydən qəbul etdiyi üçün Albaniya kilsəsi birinci həvvari kilsəsidir (pervo – apostolskaya)”.
Şübhəsiz ki, alim bu sözləri əski alban və erməni mənbələrinə istinadən yazmışdır.
   Oruc bəy Bayatın isə yazdıqlarından belə məlum olur ki, təkcə albanlar deyil, madaylar (midiyalılar) da xristianlığı bilavasitə Həzrət İsanın (ə) şagirdlərinin təbliğ və təşviqi ilə qəbul etmişdilər. Körpə Həzrət İsaya (ə) ilk səcdə edən və onun peyğəmbərliyini təsdiq edən üç azərbaycanlıya, yəni midiyalı maqa gəlincə isə, onlar ümumiyyətlə, dünyanın ilk xristianları hesab olunmalıdırlar və bu məsələdə onlar həvvariləri belə qabaqlamışlar.
   Duanın alban dilindəki səslənişi:
   “Atamız bizim ki köktəsən, ari bolsunq atınq seninq, kəlsin xanlıxın səninq, bolsun erkinq səninq neçik köktə alay yertə, ötməkimizni bizim kündəlik ber bizgə, bu gün boşat bizgə borçumuznu bizim, neçik ki biz boşatırbiz bizim borçlularimizgə,  bermagin bizni sınamaxlıxka, yoxsa xutxar bizni yamandan, zera seninqdir xanlıx da, xuvat da, sənqə haybat menqlik. Amen.”
   Çağdaş Azərbaycan türkcəsindəki səslənişi:
   “Göydə olan atamız, təmiz qalsın adın sənin, gəlsin xanlığın (hakimiyyətin) sənin, göydə olan ərkin yerə ələnsin. Ruzimizi gündəlik ver bizə, .......... Bizi sınaqlara soxma, pisliklərdən qurtar, çünki sənindir xanlq da (hökm də), qüdrət də. Əbədi olmaq sənə yaraşır. Amin.”
   Təqdim etdiyimiz alban (qıpçaq – qarqar) nümunəsindən də göründüyü kimi, bu, güclü oğuz təsirinə məruz qalmış qıpçaq materialıdır və digər qıpçaq şivələrindən fərqli olaraq, anlaşıqlıdır. Halbuki, digər qıpçaq şivələrini – qumuq, qaraçay, balkar, noqay, qazax, qırğız, başqırd və s. anlamaq bir qədər çətindir. Təbii ki, bu şivə oğuz əhatəsində, yəni Azərbaycanda formalaşa bilərdi və formalaşmışdır da. Maraqlıdır ki, oğuz mənşəli Azərbaycan türkcəsinin vasitəsi ilə alban türkcəsinə çox sayda ərəb və fars kəlməsi də keçmişdir. Məsələn; xudrət (qüdrət), xuvat (qüvvət), ki (bağlayıcı), zera (zira) və s. Qarşımızdakı ərəb müəlliflərinin “arran dili” adlandırdıqları alban dilidir və Mxitar Qoşun dövrümüzədək ulaşmış “Törə bitiqi” kitabı da bu dil və şivədədir və eyni qrafika ilə yazılmışdır. Bu gün də Gürcüstanın Şito – Kartli bölgəsində yaşayan azəbaycanlılar eyni şivədə danışılar. Fəqət həmin şivə daha çox oğuz təsirinə məruz qalmışdır. Yəni zaman öz işini görmüşdür.
   Bütün bu faktlar bir daha sübut edir ki, alban yazısı erməni əlifbası ilə eyni mənşəli olmuş, alban dili də Musa Kağankatlının və Moisey Xorenatsinin “qarqar dili” adlandırdıqları qıpçaq türkcəsinin yerli şivəsindən başqa bir şey deyilmiş.
   Maraqlıdır ki, sözügedən müəlliflərin söylədikləri bu fikri əldə əsas tutan erməni “alimləri” iddia edirlər ki, guya Mesrop Maştots albanlar üçün deyil, çoxsaylı alban tayfalarından biri olan qarqarlar üçün əlifba düzəltmişdir. Bu iddiada məqsəd guya ayrıca alban dilinin olmadığını, albanların erməni, yəni hay dilində danışdıqları barədə uydurmanı “sübut” etməkdir.
   Lakin Musa Kağankatlının sözügedən məlumatına istinad edənlər eyni müəllifin bir qədər yuxarıda Maştotsun erməni və albanlara əlifba düzəltdiyini söyləməsini gözardı edirlər. Həqiqət isə budur ki, Musa Kağankatlı məhz alban əlifbasından söz açır və bir qədər sonra isə alban əlifbasının məhz qarqar (qıpçaq) dili əsasında yaradıldığını aydınlaşdırır.
   Maraqldır ki, eyni mövzuya toxunmuş digər əski erməni müəllifi Koryun da söhbətin məhz alban dilindən getdiyini vurğulamışdır. Özü də onun söylədiklərindən belə aydın olur ki, Mesrop albanların əlifbasını əslində yeniləmişdir. Yəni bu hadisədən öncə də albanlar yazıya sahib idilər:
   “Elə həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi gəldi. O (Maştots) onu sorğu – sual edərək, alban dilinin ... sözlərini tədqiq etdi. Daha sonra ona yuxarıdan bəxş edilən istedadı ilə (albanlar üçün) yazı yaratdı və Məsihin mərhəməti sayəsində uğurla ölçdü, biçdi və dəqiqləşdirdi”.
   Eyni müəllif bir qədər sonra yazır:“Bundan sonra o, Alban ölkəsinə yola düşmək üçün (katalikos Saak və erməni məliyi Artaşeslə) xudahafizləşdi. Və o həmin ölkəyə yola düşdü, məliklərin iqamətgahı olan yerə gəldi, alban yepiskopu İeremiya, eləcə də onların məliyi Arsval ilə və bütün azatlarla görüşdü. Bütün onlar onu Məsih eşqinə  hörmətlə qarşıladılar, o da gəlişinin səbəbini izah etdi. Onların hər ikisi – bərabər səlahiyyətlərə sahib yepiskop və çar bu yazını qəbul etməyə razı oldular və ölkənin müxtəlif əyalət və vilayətlərindən yazıb öyrənmək üçün yeniyetmələrin  göndərilməsi, onların müvafiq yerlərdəki məktəblər üzrə qruplaşdırılması və qida ilə təmin edilməsi barədə əmr imzaladılar”.
   Bu deyilənlərdən göründüyü kimi, Mesrop albanlar üçün artıq hazır əlifba gətirmişdi. Həmin əlifbanı isə albanlardan öncə ermənilərin dilinə uyğunlaşdırmışdı. Yəni özü ilə bu gün “erməni əlifbası” kimi tanınan hazır əlifbanı gətirmişdi.
   Koryunun əsərinin Venesiya mxitaristləri tərəfindən 1854 – cü ildə dərc edilmiş başqa variantında isə belə deyilir:
   “...Sonra o, Alban ölkəsinə yollandı, onların əlifbasını dəyişdirdi (yenilədi), tədrisatı bərpa etdi...”
   Buradan isə belə məlum olur ki, Maştots albanların əlifbasını yenilədi. Albanların bundan da öncə əlifbaları olduğu, onunla kitablar yazıldığı, xristianlığın qəbulundan sonra Vaçaqanın onların yandırılmasını əmr etdiyi məlumdur. Bu barədə Musa Kağankatlı məlumat verir. Söhbət hansı əski əlifbadan gedir?
   Nəzərə alsaq ki, Vaçaqan və ondan öncəki Albaniya hökmdarları Arsak sülaləsindən idilər və kökləri Parfiya Arsaklarına uzanırdı və Parfiyada isə 22 hərfli arami yazısından istifadə olunurdu, eləcə də Ərməniyyə məliyi Artaşesin (e.ə. l əsr) dövrümüzədək ulaşan, türkcə yazıldığı anlaşılan və görkəmli dilçi alimimiz Firidun Ağasıoğlu tərəfindən oxunan kitabəsi də (söhbət sərhəd daşları üzərindəki yazılardan gedir) eyni əlifba ilə yazılmışdı, söhbətin məhz arami əlifbasından getdiyini düşünmək olar. Üstəlik də Sasanilər eyni əlifbanı parfiyalılardan əxz edərək öz dillərinə uyğunlaşdrmışdılar və onların imperiyasında orta fars (tat) dili ilə yanaşı arami dili də dövlət dili hesab olunurdu və hər iki dilin əlifbası eyni idi. Orta fars (tat) dilində o dövrdə “l” və “f” səsləri olmadığından Sasani əlifbası 22 yox, 20 hərfli idi. Eyni əlifbanın Xəzər xaqanlığında da əsas əlifbalardan biri olduğunu söyləmək üçün əldə ciddi əsaslar var. Fəxrəddin Mübarəkşah Mərvərrudinin yazdığına görə, xəzərlərin əlifbası 22 hərfdən ibarətdir, sağdan sola yazılır və hərflər bitişmir.
Bu halda söhbətin bilavasitə arami əlifbasından getdiyi heç bir şübhə oyatmır. Məsələ burasındadır ki, xəzərlərin yəhudiliyi qəbul etmiş hissəsinin birbaşa davamı hesab edilən krımçaklar XX əsrin əvvəllərinə qədər bu əlifbadan istifadə etmiş və bu əlifba ilə çox sayda ədəbi və dini əsər yaratmışlar. Maraqlıdır ki, krımçak türkcəsi yazılı materialının tədqiqi bu dilin alban (qıpçaq – qarqar) dili ilə, cüzi şivə fərqi diqqətə alınmazsa, tam eyni olduğunu söyləməyə əsas verir. Bu dil də qıpçaq mənşəli olmaqla yanaşı, güclü oğuz təsirinə məruz qalmışdır.
   Bu baxımdan “Aşıq Qərib” dastanının krımçak variantının dili deyilənlərə ən gözəl misaldır:
   “Aşıx Ğaripınq masalı və türkısı beyan.
   Zaman yılınq bır zamanında Tavriz şeərində bır əxtiyar var əmış. O əxtiyar adamnınq bır xarısı, bır xızı və bır oğılı var əmış. Xarısınınq adı Xanzoxra, xızınınq adı Gülüxan, oğılınınq adı Aşıx Ğarip. Bu əxtiyar adam anistan bır kefsızlıkke oğrayır, arası çıxxa barmayır, bu əxtiyar adam öliyır. Xalıyır xarısı, xızı və oğılı.  Bu oğılan Aşıx Ğarip dedıklərı qəndı baxar əmış, qayət bexsun əmış. Bu Aşıx Ğaripnınq düşınə bır gecə  ax saxallı adam geliyır, diyır ki: “Oğılım, kimə nışanlaçaxsınq, kımınq xısmetısınq?” Aşıx Ğarip də diyır “Bılmiyıram””.
   Çağdaş Azərbaycan türkcəcində:
   “Aşıq Qəribin məsəli və türküsünün bəyanı.
   Ötən illərin birində Təbriz şəhərində bir ixtiyar qoca varmış. O ixtiyar adamın bir qarısı, bir qızı və bir oğlu varmış. Qarsının adı Xanzöhrə, qızının adı Gülüxan, oğlunun adı Aşıq Qərib idi. Bu ixtiyar adam anidən bir kefsizliyə uğrayır, ... bu ixtiyar ölür. Qalır qarısı, qızı və oğlu... Bu Aşıq Qəribin bir gecə yuxusuna bi ağ saqqallı adam girir və deyir: “Oğlum, kimə nişanlanacağını, kimin qisməti olduğunu bilirsənmi?” Aşıq Qərib də deyir: “Bilmirəm”.
   Gördüyümüz kimi, alban (qarqar – qıpçaq) dili ilə krımçak (xəzər) dili arasında, demək olar ki, heç bir fərq yoxdur. Bu da təbiidir. Çünki həm Moisey Xorenatsi, həm də Musa Kağankatlı alban dilinin əsasında duran qarqar dilini xəzərlərin, daha dəqiq desək, ağ xəzərlərin dili ilə eyniləşdirir. Fəqət mətnləri rus dilinə tərcümə edən ermənilər bu faktı gizlətmişlər. Mətnin orijinalı isə belədir:
   “Steğis nşanqirs kokordaxos xjakan xetsbekazunin aynorik qarqartsvots lezun”
   Hərfi tərcüməsi:
   Steğts – yaratdı, düzəltdi
   nşanqirs – hərfləri
   kokordaxos – boğazda danışan
   ağ xazur - ağ xəzər
   xjakan – yabanı
   xetsbekazunin – pozuq
   aynorik – bənzər
   qarqartsiots – qarqarların
   lezuin – dili
   Erməni saxtakarlığını ifşa edən Firidun Ağasıoğlu cümləni belə tərcümə etmişdir:
   “Yabanı, pozuq ağ xəzər əlifbasını boğazda danışan qarqarların dilinə uyğunlaşdırdı”.
   Alim belə fikrə gəlir ki, Mesrop Maştots qarqarlar üçün xəzər əlifbası əsasında əlifba yaratmışdır. Əlbəttə ki, onun bu fikri ilə razılaşmaq mümkün deyil və deyilənləri belə şərh etmək lazımdır:“(Mesrop) Ağ Xəzərlərin boğaz səsləri ilə zəngin, yabanı və pozuq dilinə bənzər qarqarların dili üçün hərflər yaratdı”.Yəni, Mesrop Maştots ağ xəzər dilinə bənzər qarqar dili üçün yeni əlifba yox, bəzi hərflər düzəltdi. Çünki ermənilər üçün düzəltdiyi əlifba qarqar dilinin bəzi səslərini ifadə etmək iqtidarında deyildi. Bizcə, hər şey Firidun Ağasıoğlunun söylədiyinin əksinə baş vermişdir. Albanlar əski əlifbalarından – arami mənşəli xəzər əlifbasından imtina edərək, Maştotsun yeni əlifbasını qəbul etdilər. Xəzər əlifbası ilə yazılmış, Musa Kağankatlının dili ilə desək, “bütpərəst və cadugərlərin” kitablarını oda verdilər. Buna yeni dinin – xristianlığın qəbul edilməsi səbəb oldu.
   Hər halda, Mxitar Qoşun dövrümüzədək alban dilində çatmış kitabı, eləcə də yuxarıda təqdim etdiyimiz alban dilində olan dua məhz ikinci nəticənin doğruluğunu sübut edir. Ortaya haqlı olaraq, belə bir sual çıxa bilər: Nədən albanlar dura – dura, alban əlifbası qarqarların dili əsasında yaradılmışdır?
   Görünür, “alban” adı konkret bir soy və ya boyun deyil, albanlar ölkəsində yaşayan bütün türk və qeyri – türk etnosların ümumiləşdirici adı olmuş və etnonimə çevrilməmişdən öncə sosisal institutu ifadə etmişdir. Məsələ burasındadır ki, əski türk dilində “alban” kəlməsi “hərbi mükəlləfiyyətli” anlamna gəlir. Bu fakt V. Radlovun “Qədim türk lüğəti”ndə də təsbit edilmişdir, fəqət bu sözün türk dilinə guya monqol dilindən keçdiyi barədə əsassız bir fikir söylənmişdir. Fikrimizcə, Albaniyanın əhalisi Xəzər xaqanlığının, ondan öncə isə Hun xaqanlığnın, başqa sözlə, Türküstanın (Turan) tərkib hissəsi olmuş, Turan xaqanına tabe olmuş və lazım gəldiyində xaqanı atlı və piyada döyüşçülərlə təmin etməyə mükəlləf olmuşdur. Hər halda, “Kitabi Dədə Qorqud”da “albanlar başı” adlandırılan Qazan xanın, eləcə də xanlar xanı Bayandır xanın “Türküstanın dirəyi” kimi təqdim edildiyi danılmaz faktdır.
   Çox güman ki, Albaniya xristianlığın qəbulundan sonra Turandan (Türküstandan) qopmuş, buna qədər isə həmişə Türküstanın ayrılmaz hissəsi olmuşdur. Hər halda, uzun müddət, daha dəqiq desək, V əsrə qədər (albanlar xristianlığı V əsrdə qəbul etmişlər) Albaniyanın paytaxtı olmuş Qəbələ şəhərinin ərəb mənbələrində “Xəzər” adlandırıldığı da bir gerçəklikdir. Eyni zamanda, xəzərlərin bu günə qədər harada yerləşmiş olduğu məlum olmayan paytaxtlarının “Xanbalıq” adlandığı məlumdur. Qəbələ şəhərinin adı isə antik mənbələrdə “Kabalaka” kimi çəkilir. “Kabalaka”nın Xanbalıq adının təhrifedilmiş forması olduğu göz qabağındadr. Albanların xəzərlərdən və Turan – Türküstan mühitindən qopmasının bir səbəbi yeni din - xristianlıq idisə, digər səbəbi də iki əsr sonra türk əsilli Arsaklar sülaləsinin əvəzinə fars (tat) mənşəli Mehranilərin hakimiyyət başına gəlməsi olmuşdur. Təsadüfi deyil ki, xristian həmrəyliyi nümayiş etdirən Musa Kağankatlı özünün “Alban tarixi”ndə xəzərlərdən və yer - yer “Şimal” adlandırdığı Türküstandan sevməzliklə söz açır, erməniləri isə həmişə xoş sözlərlə yad edir, Albaniyanın fars (tat) mənşəli məliyi Cavanşiri öyməkdən isə doymur.

Bu yazı 806 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :