-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Azərbaycanın diaspor siyasətinin əsas istiqamətləri və perspektivləri
Şiriftin ölçüsünü dəyiş

Zaur Əliyev
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
“Politologiya və siyasi sosiologiya” şöbəsinin elmi işçisi


   Hər bir müstəqil dövlət özünəməxsus prinsip və xüsusiyyətlərlə fərqlənmə, müxtəlif istiqamətli daxili və xarici siyasət yeridir. Dövlətin daxili siyasəti xalqın ümumi rəyi ilə qəbul olunmuş Konstitutsiya əsasında onun tam bir varlıq kimi yaşamasına, fəaliyyətinə, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində təmsil etdiyi vətəndaşların maddi və mənvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir. Xarici siyasət isə bu vəzifələrin yerinə yetirilməsi, habelə öz ərazisində qanunverici, icaredici və məhkəmə hakimiyyətinin kənar müdaxilə olmadan həyata keçirilməsi məqsədilə təhlükəsiz və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə; ayrı-ayrı dövlətlərlə qarşılıqlı- faydalı əməkdaşlığa, iqdisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübələrin mənimsənilməsinə; qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə və s. xidmət edir.
   Başqa sözlə ifadə etsək, ölkə daxilində gedən proseslərdən və qarşıya qoyulan vəzifələrdən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlər sahəsində mövqeyini və xarici siyasətinin istiqamətlərini, xarakterini, prinsiplərini müəyyənləşdirir və şərtləndirir. Bu mənda xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənfeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi xarakterizə etmək olar.
   Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitutsiyasında və Prezident Heydər Əliyevin çıxışlrında öz əksini tapmışdır.     
   Azərbaycan Respublikasının Konstutsiyasının 10-cu maddəsində göstərilir ki, Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərədə tutan prinsiplər əsasında qurur. Azərbaycan Prezidenti 1993-cü il oktyabır ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında qeyd etmişdir ki, “Respublikanın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan mənafeyinin dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikası beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də Respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli isdifadə etməkdən ibarətdir.”
   Azərbaycan dövləti yarandığı ilk gündən etibarən təkcə respublika vətəndaşlarının deyil, ümumiyyətlə, bütün dünya azərbaycanlılarının yeganə milli varlıq simvolu,  onların milli qürur mənbəyi və etibarlı istinad mərkəzi, himayədarı və milli-siyasi mövcudluq üsulu kimi çıxış edir. Təssadüfi deyil ki, dövlətimiz dünya azərbaycanlılarının ümummilli  mənəvi birliyi və həmrəyliyi ideyasının əsas strateji mərkəzlərdən biri kimi götürüldüyünü, bu cür həmrəyiyin  dövlətimizin və xalqımızın ən ali məqsədlərindən biri olduğunu rəsmən bəyan etmişdir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi, Dünya Azərbaycanlılarının I Qurultayının 2001-ci, II Qurultayının isə 2006-cı ildə keçirilməsi, Diasporla İş Üzrə Dövlət Komitəsinin yaradılması və ən əsası Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında Qanunun mərhum prezident Heydər Əliyev tərəfindən imzalanması dövlət üçün diaspor probleminin nə dərəcədə aktual olduğunun  bariz göstəricisidir.
   Azərbaycan dövləti bu addımları atmaqla çoxsaylı və geniş imkanlara malik olan diasporumuzla qarşılıqlı, faydalı, hərtərəfli, intensiv və ardıcıl əlaqələr qurmaq istiqamətində maraqlı olduğunu nümayiş edirir. Ancaq bu gün diasporumuzun üç mərkəzçilik (vətəndaşlıq mənsubiyyətindən asılılıq) faktoru kimi formalaşması səbəbilə xarici siyasət kursunda tam olaraq müəyyənləşdirilmə aparılmayıb. Azərbaycan dövlətinin öz milli kimliyini qoruyub saxlaması və bu gün dünya birliyində layiqli yer tutması üçün mütləq yeritdiyi xarici siyasət konsepsiyasına diasporla bağlı münasibətdə redaktələr edilməlidir.
Xarici siyasətdəki strateji hədəflərimizin mürəkkəbliyi bir sıra tale yüklu məsələlərdən qaynaqlanır. Ancaq yeni yaranmış bir dövlətdən beynəlxalq siyasəti nəzərə almadan xüsusi tələbli istəklər tələb etmək də doğru deyil. Məhz bütün bu prosesləri nəzərə alsaq diospor hərəkatını qeyri hökümət təşkilatlarının imkanları ilə yaradılması daha əlverişli olar. Xüsusilə dövlətin xarici siyasətinin buradakı rolu vahid mərkəzdən idarə olunan bir təşkilatı xarakterizə edər. Dövlət maddi və siyasi dəstəyini potensial şəkildə diospor-lobbi təşkilatlarına dəstək kimi ortaya qoyaraq bu prosesi sürətləndirir. Diaspor-lobbi siyasətinin mahiyyəti buradakı insanların sosial sifarişlərinə siyasi dəstəyi qazanmaq bu istiqamətdə təşkilatlanaraq eyni zamanda mənsub olduqları millətin dövlətinə xaricdə xidmət etmək kimi qəbul olunur.
Müasir dövrdə, qloballaşan dünyada professional səviyyədə hazırlanan xarici siyasət konsepsiyası hər bir dövlətin xarici siyasət kursunun səmərəliliyinə təsir göstərən əsas və vacib amildir.
   Günümüzdə ən doğru şəkildə təşkilatlanmağı bacaran bir sıra diasporlar mövcuddur. Ümumiyyətlə bu təşkilatlanmalar 2 istiqamətdə həyata keçirilir, mahiyyətcə isə eyni istiqamətə hesablanmış hərəkətdir. Məsələn, Böyük Britaniya, ABŞ və Çin hazırki şəraitdə maliyyə siyasəti ilə diaspor və lobbi quruculuğunu həyata keçirirlər. Bu zaman onlar sosial baza olmadan da güclü hərəkət edir, ayrı-ayrı korparasiyalarla hətda həmin dövlətin xarici siyasətinə belə təsir edirlər. Buna daha çox korparativ üçbucağı da deyirlər ki, məntiqlə bu vəhşi kapitalizm üzərindəki lobbi quruculuğudur. Nisbətən zəif və kiçik olan millətlər isə diaspor lobbi siyasətini tamam başqa aspektdən həyata keçirirlər, məsələn onlar həmin ölkələrin ictimai siyasi hərəkətlərinə inteqrasiya edir, parlament və dövlət strukturlarına can atırlar. Yəhudilər, Ermənilər və sair buna misaldır. Tarixi strateji proseslərin ideoloji siyasi cərəyanlara yaxın olduğu dövr məsələn 1908-14-cü illərdə indiki Almaniya və Avstraliya ərazisində olmuşdur. Etiraf edək ki, həmin dövrdə 47 milyonluq Avstraliya imperatorluğunu bir neçə milyonluq yəhudilər idarə edirdi.
   Məntiqlə diaspor təşkilatlanmalarını həyata keçirmək üçün dövlətlərin rolu daha cəzbedici görünür. Burada dövlət xarici siyasətini sistemli şəkildə həmin ölkələrdəki diaspor qurumları ilə həyata keçirir, yalnız maddi və mənəvi dəstəyi daim ikinci planda saxlayır. Beynəlxalq siyasətin tərkib hissəsi kimi diaspora təşkilatlarının rolu əvəzedilməzdir. Təsəvvür edin ki, Azərbaycanın hər hansı bir xarici ölkədəki diaspor qurumu həmin ölkənin ali qanunverici orqanları ilə sıx əlaqədədir və eyni zamanda bu orqanda potensial bazaya malikdir. Belə olduğu təqdirdə diaspor mövcud imkanlarını ortaya qoyaraq həmin ölkə ilə Azərbaycanın iqtisadi siyasətini əlaqələndirir. Burada məntiqlə əsas hədəf odur ki, iqtisadi baxımdan sistemli şəkildə qarşılıqlı fəaliyyət göstərən dövlətlər istər istəməz xarici siyasətdə bir-birlərinin maraqlarını nəzərə alır və bu siyasəti daima korrektə edir. Diaspor təşkilatlarının başqa güclü tərəfi isə regional əlaqələrin qurulmasına nail olunmasıdır.
   Qeyd etdiyimiz kimi, hər bir diaspor öz dövləti ilə, yaşadığı ölkə arasında faydalı dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında və mövcud münasibətlərinin genişləndirilməsində pozitiv, bəzən isə müstəsna rol oynaya, stimul kimi çıxış edə, eləcə də ana vətənlərinin sosial-iqtisadi, mədəni və hüquqi-siyasi quruculuq işində yaxından iştirak edə bilər.
   Bu gün əhalisinin 60 milyonu xaricdə məskunlaşmış Çin Xalq Respublikası, Macarıstan, Hindistan, Yunanıstan, Ermənistan, İsrail, Rusiya, Portuqaliya və digər aparıcı diasporlara malik dövlətlərin xarici siyasət konsepsiyalarına diasporları ilə əməkdaşlığın qurulmasına dair bir çox bəndlər daxildir.
   Macarıstan dövləti isə xarici ölkələrdə yaşayan macarlar barədə qəbul etdiyi siyasəti ölkə Konstitusiyanın 6 – cı maddəsinə müvafiq olaraq tərtib edib. Burada əsas işlərin aparılması Xarici və Daxili İşlər Nazirlklərinin üzərinə düşür və onlar ölkə kənarında yaşayan macarların vətənə geri qayıtması, iqtisadiyyat, hüquq, mədəniyyət, KİV və sairə sahələrdə güzəştlər əldə etməsi üçün müvafiq tərdbirlər görməlidir.
   Yəhudi diasporu ilə əməkdaşlıq quran İsrail dövlətinin xarici siyasət konsepsiyası olduqca maraqlı və digər dövlətlər üçün örnək ola biləcək səviyyədə tərtib edilib. Bu konsepsiyanın hazırlanmasında əsas əməyi olan Stiv İsrail konsepsiyasının giriş hissəsi yəhudilərin xarici ölkələrə səpələnmə tarixinə və səbəblərinə ayırıb. Tarixin müxtəlif dövrlərində yəhudi diasporunun çəkdiyi əzab-əziyyətlərə qısa olaraq toxunan strateq bütün dünya yəhudilərinin birliyinin və həmrəyliyinin qorunub saxlanılması üçün mütləq üzlərini müqəddəs şəhər olan Qüdsə (Yerusəlimə) tutub dua oxumağı vacib hesab edir.
   Bu konsepsiyada diqqəti çəkən daha bir vacib məqam yəhudi xalqı üçün gün ərzində Qalut-diaspor həyatı yaşadıqlarını xatırlamaq və ulu yaradandan onları Ana-Vətən-İsrailə geri qaytarmağı yalvarmağı müqəddəs iş kimi qəbul etmələridir.
   Çin Xalq Respublikasının xarici siyasət kursunda diasporları ilə əməkdaşlıq xüsusi yer tutur. 60 milyonluq diasporun nümayəndələrilə Çin dövlətinin 3 əsas orqanı əməkdaşlıq qurmaq səlahiyyətlərinə malikdir. Xalq Nümayəndələr Məclisinin Nəzdində Yaradılan Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici Çinlilər Üzrə Komissiyası, Çin Xalq Respublikasının Dövlət Aparatı Yanında Xarici Çinlilərlə İş Üzrə İdarə və Xaricdəki Emmiqrantlar Diasporunun Ümumçin Federasiyası kimi qurumlar Çin dövlətinin xarici siyasət kursunu yeridirlər.
   Çin dövlətinin xarici siyasət kursunda diaspora ayrılan bəndlər daxili və beynəlxalq hissələrə bölünüb və burada başlıca yeri diaspor nümayəndələrinin sosial müdafiəsi və dövlət sığortası ilə təmin olunması tutur. Konsepsiyanın ən əsas maddəsini isə tarixi vətənlə əlaqənin itirilməməsi və Çinin qüdrəti üçün birgə fəaliyyətin qurumlar tərəfindən təmin edilməsidir.
   Biz bu kimi bir çox dövlətin xarici siyasətində diaspor üçün ayrılan bəndlər və qurumların fəaliyyəti barədə çoxsaylı misallar çəkə bilərik. Azərbaycan dövləti gənc olmasına baxmayaraq 1991-ci ildən bu günə qədər fəaliyyət göstərdiyi müstəqillik illərində bəlkə də çox önəmli addımlar atıb. Lakin diasporumuzun hələ də tam olaraq birləşməməsi, vətəndaşlıq mənsubiyyəti problemlərinin çözülməməsi, dövlətlə diasporun münasibətində bəzi tərəddüdlərin olması və digər məsələlərin həllində boşluqlar olması xarici siyasət konsepsiyasında dəyişikliklərin edilməsinə ehtiyac var.
   İlk olaraq Azərbaycan dövlətinin diasporla bağlı qəbul edilən qanun layihəsini nəzərdən keçirək. Çox mükəmməl tərtib edilən qanun layihəsi bir başa xaricdə yaşayan azərbaycanlılara şamil olunur. Dövlət qanunun tərtib edilməsi zamanı milli təhlükəsizlik və dövlətçilik amili önə çəkilib. Bu öz-özlüyündə müsbət haldır, lakin unutmaq lazım deyil ki, Azərbaycan diasporu deyiləndə Şimali-Cənubi və Türkiyədən müxtəlif illərdə mühacirət prosesinə qoşulan soydaşlarımızla yanaşı, Gürcüstan və Rusiya ərazisi kimi qəbul edilən Borçalı və Dərbənd azərbaycanlıları da nəzərdə tutulur.
   Azərbaycan Respublikasının Qanunda dolayısı olaraq bu şəxslərin  müdafiəsi də nəzərdə tutulur. Lakin dövlət birbaşa olaraq Rusiya, İran və Gürcüstanda yaşayan soydaşlarımızı diaspordan ayıra bilməz. Çünki sərhəd və diplomatik bağlılığı olan dövlətlər arasında ərazi-milli münaqişəsinin hazırkı dövrdə baş verməsi Azərbaycan üçün müsbət dividentlər gətirə bilməz. Buna görə də dövlət ikili vətəndaşlıq məsələsində bir qədər ehtiyatlı davranır. Lakin onları kənarlaşdırmır da. Qanunda bu məsələyə AR Konstutisiyasının 6-cü maddəsinin I hissəsni əsas götürülərək, hər bir diasporun nümayəndəsi Azərbaycanda olan zaman ölkə vətəndaşları kimi eyni hüquqa malikdirlər.
   Azərbaycan Resupublikasının sözü gedən Qanunu hüquqi dövlətçilik baxımından yüksək səviyyədə tərtib edilməsinə baxmayaraq, diasporla əməkdaşlığın gücləndirilməsi istiqamətində beynəlxalq təcrübədə mövcud elə strateji xəttlər var ki, qeyd etdiyimiz kimi, dövlət bunu dolayısı yollarla da həyata keçirə bilər.
   Qeyd olunanlar bir daha təsdiqləyir ki, müasir Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının hüquqlarını müdafiə etməyi, soydaşlarımızın problem və qayğılarının həllinə yardım göstərməyi özünün prioritet vəzifələrindən biri elan etmişdir.
   Qeyd edək ki, hazırda Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri-müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin, ərazi bütövlüyünün və iqtisadi maraqların təmin olunması və s. özünəməxsus xüsusiyyətlərlə, vəzifə və faktiki gedişlərlə fərqlənən müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edirdi. Ölkənin müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli isdifadə etmək, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünənəxsus yer tutmasını təmin etmək üçün region dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərtilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata keçrilir.
   Hazırda bu işin aparılması üçün bir çox beynəlxalq aləmdə tanınan diaspor təşkilatları var. Dünya Azərbaycanlıları Konqresi, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası, Avropa Azərbaycanlıları Konqresi və s. vasitəsilə dövlət rəsmən açıqlaya bilmədiyi xarici siyasət konsepsiyasını reallaşdıra bilər. Bəs AR xarici siyasət kursunda diasporla iş aparmaq prinsipləri necə tərtib olunmalıdır? sualına cavab axtarmağa çalışaq.
   Bunun üçün ilk olaraq azərbaycanlıların vətəndaşlıq mənsubiyyəti mütləq nəzərə alınmalıdır. Eyni zamanda azərbaycanlıların məskunlaşdığı dövlətlərin siyasi sistemi, Azərbaycan Respublikasına olan münasibəti, burada məskunlaşan soydaşlarımızın mühacirət səbəbi, sosial-iqtisadi durumları, Vətənə münasibətləri və s. səbəblər ciddi olaraq öyrənilməlidir. Dövlət xarici siyasətində tez-tez statistik araşdırmalara diqqət yetirməlidir. Fikrimizcə siyasəitin aparılmasında daha vacib  istiqamətlər tam olaraq müəyyən edilməlidir. Bunlara incəsənət, iqtisadiyyat, hüquq, media, elmi-analitik informasiya, idman və s. sahələr də daxil edilməlidir.
   İlk olaraq – informasiya sahəsinə xarici siyasət konsepsiyasında mühüm yer ayırmaq lazımdır. Qeyd etdiyimiz kimi informasiya sahəsində irəlidə olmaq bütün problemlərin həll olunmasına nail olmaq üçün atılan zəruri addımdır. Məlumdur ki, hazırda Azərbaycan diasporuna məxsus 30-dan çox ölkədə informasiya işinin aparılması üçün TV-Radio kanallar, qəzet-jurnallar, internet saytları və s. vasitələr mövcuddur. Lakin saytların primitiv dizaynı, hər bir saytın məğzinin yalnız mədəniyyət və öz-özünü öymələrdən ibarət olan paneqrinlər, eqoseitrik açıqlamalar təşkil etməsi qloballaşan dünyada özünü sübut etməyə yetərli deyil. Bu barədə Danimarkada Azərbaycan diasorunun yaradıcılarından olan Yaşar Azəroğlu maraqlı fikirlər irəli sürür. Onunla bu istiqamətdə aparılan müzakirələr zamanı saytların 4 dildə məlumatları özündə əks etdirməsinin zəruri olduğu aşkar olur. Yaşar bəyin təklif etdiyi Azərbaycan,  rus, türk və fars dillərində saytların tərtib edilməsi birbaşa vətəndaşlıq mənsubiyyəti ilə bağlıdır. Azərbaycan diasporunun bir hissəsinin fars, bir hissəsinin isə rus-türk təhsilli olması, onların anlaya bildiyi dildə məlumatlarla təmin edilməsinə xidmət edir.
   Müasir dünyada təbliğatın ən əsas vasitəsi TV kanalları sayılır. Avropa və Amerika ölkələrində TV kanalı açmaq çox maliyyə tələb edir. Lakin hər hansı bir kanalda müəyyən vaxt əldə etmək üçün yalnız bu ölkələrdə yaşayan diaspor təşkilatlarının müraciəti yetərli olar. Ancaq bu verilişlərin yayım dairəsi müəyyən şəhərin hüdudları çərçivəsində olur. Məsəl üçün hazırda Almaniyanın Boxum şəhərində ASAV təşkilatı yerli TV kanalda vaxt hüququnu əldə edib. Bu TV vasitəsilə yayımlanan verilişlərin bütün Almaniyada baxılması üçün isə mütləq Almaniyada Konfederasiya və ya Federasiya halında birləşən qrupların müraciəti önəmlidir. TV-dən fərqli olaraq yerli, yaxud ölkə radiosunda vaxt almaq, daha asandır, sadəcə olaraq təşkilat adından müraciət hazırlamaq və yayımlanan verilişlərin proqramını təqdim etmək bəs edər.
   İnternet saytı açmaqda isə heç bir məhdudiyyət yoxdur. Müəyyən məbləğə satılan domenlər və yaxud pulsuz olaraq xidmətə verilən saytları açmaq üçün yalnız vaxt və səbr lazımdır. Bu gün Azərbaycan diasporuna məxsus 1000-dən çox sayt var və onların sayı gündən-günə artsa da, məzmunda heç bir dəyişikliklər baş vermir. Bunun aradan qalxması üçün dövlət müxtəlif elmi-tədqiqat mərkəzləri və qurumlara xaricdə yaşayan soydaşlarımızın sərbəst çıxışını təmin etməlidir. Azərbaycanla əlaqəli saytı yaratmaq istəyən diaspor təşkilatları və yaxud fərdi şəxslərin üzləşdiyi ən böyük problem tarix, mədəniyyət və s. ilə bağlı dolğun və səhih məlumatların yoxluğudur.
   Qəzet-jurnal nəşr etmək də elə çox maliyyə tələb etmir. Bu işdə dövlətin xüsusi fondu olmalıdır ki, diaspor təşkilatlarına qismən yardım etməklə rus, ingilis, fars dilli mətbuat təsis edə bilsinlər. Bu mətbuat orqanlarına hər bir diaspor nümayəndəsinin çıxış əldə etmək hüququ olmalı, burada dərc edilən yazılarda müstəqil fikirlərin əks edilməsində əngəlliklər olmamalıdır. Kitab, broşur və digər məlumatlandırıcı materialların çıxışına da xüsusi yer vermək lazımdır. Azərbaycan barədə dolğun məlumatların əks olunduğu kitabların çap edilməsi diasporla əməkdaşlıq strategiyasında özünəməxsus mövqe tutmalıdır. Hazırda xaricdə yaşayan soydaşlarımız içərisində elə dəyərli alimlər var ki, onların kitablarının dövlət səviyyəsində maliyyələşməsi diasporun digər üzvlərinin Azərbaycana münasibətində müsbət dəyişikliklərin əldə edilməsinə səbəb ola bilər.
   İncəsənət sahəsində diasporla əməkdaşlığa ciddi fikir verilməklə, onların bu istiqamətdə həmrəyliyinə nail olmaq olar. Etiraf edək ki, son 15 ildə Azərbaycanla bağlı bir-iki sənədli film çıxsa da, bu istiqamətdə boşluq hiss olunur. Diaspor təşkilatları incəsənətə çox meyilli olsalar da burdan lazımi səviyyədə istifadə etmək iqtidarında deyillər. Bu günə qədər diaspor nümayəndələri Azərbaycan filmlərinin həftəsini yaşadıqları ölkələrdə təşkil edə bilmirlər. Və yaxud hər hansı bir mükafat təsis edib, onu daha  çox seyrici kütləsi qazanan filmə təqdim etməyiblər. Bunlarla paralel olaraq onların çox hissəsini öz köməkliklərini təklif dərək, bəzi Azərbaycan filmlərinin xarici dillərə tərcümə edilməsi işinə cəlb etmək olar. Teatrla bağlı isə kiçik bir teatr truppası təşkil edib, diaspor nümayəndələri üçün vaxtaşırı səhnə əsərlərinin təqdim edilməsindən istifadə etmək olar. Paralel olaraq musiqili-ədəbi gecələrin təşkil edilməsi məsələsinə xarici siyasət konstitusiyasında yer ayırmaq zəruridir. Son zamanlar Azərbaycan təşkilatlarının istifadə etdikləri musiqili gecələrin, konsert turnelərinin, musiqi festivallarının keçirilməsi işini daha da fəallaşdırmaq mütləq addımdır. Çünki musiqidən güclü təbliğat yoxdur.
   Workshop adlanan istirahət-təbliğat vasitələrindən də istifadə edərək xaricdə Azərbaycan barədə güclü təbliğat aparmaq olar.
   Bunun üçün Azərbaycan rəqslərinin bilicilərini bir müddətə xarici ölkələrə səfərinin dövlət tərəfindən maliyyələşdirərək Azərbaycan diasporunun gənc nümayəndələrini bura dəvət edib, onlara milli rəqsləri elmi və ədəbi formada təbliğ etmək olar. Eyni zamanda xarici gəncləri də bu işə cəlb etmək məqsədə uyğundur.
   İncəsənət sahəsində təbliğatın başqa bir qolu foto-rəsm sərgilərinin keçirilməsidir. Foto festival tərəfindən daha çox yararlanan yəhudi, yunan və irland faktorlarıdır ki, onların tutduqları mövqe bəllidir.
   Müxtəlif idman yarışlarının təşkili, festivalların başqa millətlərlə birgə keçirilməsi, diaspor nümayəndələrinin həftə sonu görüşlərinin təşkili, dil kursları açmaq, kitabxanalar yaratmaq və bura sərbəst gəliş-gedişi təmin etmək, milli mətbəxin təbliği məqsədilə hansısa bir mərkəzdə müxtəlif xörəklər bişirib, pulsuz olaraq paylamaq, xarici vətəndaşları çay süfrəsi axşamlarına dəvət etmək və s. kimi vasitələrin xarici siyasət konsepsiyasında əks olunmaq Azərbaycan diasporunun güclənməsi ilə yanaşı dövlətimizin təbliği işinə çox böyük yardım olacaq.
   Qanunvericilik sahəsində dövlət ilk addımları atıb. Bunu müvafiq komitənin yaranmasında və Qanunun qüvvəyə minməsində görə bilərik. Lakin xaricdə yaşayan soydaşlarımızın vətənə güzəştli qaydada gəlib-getməsi, torpaq alıb tikinti işi aparması, investisiya məsələsində iqtisadi maraqlarının təmin olunması kimi məsələlərin həllinə dair dövlət tərəfindən bir sıra qərarlar qəbul edilməli, onlara birbaşa dəstək göstərilməli və qərarların icrasına nəzarəti olmalıdır.
   Təhsil sahəsinə də xüsusi diqqət yetirmək lazımdır. Müşahidələrimizə görə son bir neçə ildə Azərbaycan ali məktəblərinin diplomlarını əldə etmək istəyən soydaşlarımızın sayı artmaqdadır. Onlar üçün güzəştli şərtlər verməklə yanaşı, xaricdə təhsil alan diaspor nümayəndələri ilə sıx bağlı olan tələbələrimiz üçün dəstək verməklə, universitetlərdə Azərbaycanla bağlı guşələr açmaq, kitab sərgisi təşkil etmək, rəsm-foto festivallar keçirmək, Azərbaycanla bağlı bilgi əldə etmək istəyən əcnəbilərə köməkliklər göstərilmək üçün xarici siyasət konsepsiyasında özünəməxsus diqqət verilməlidir. Dil kursları açmaq və Azərbaycan dili ilə paralel xarici dillərdə çap olunan elmi-bədii ədəbiyyatları nəşr etmək, virtual universitetlər təsis etmək görülməsi zəruri olan işlərdən hesab edilir. Məktəblərarası dostluq və mübadilə proqramından da istifadə edilsə uğurlu nəticələr əldə etmək olar.
   Təşkilati sahədə xarici siyasətdə müəyyən irəliləyişlər hiss olunur. Son zamanlar bir sıra ölkələrdə yeni təşkilatların və təşkilatları ətrafında sıx birləşdirən konqresslərin yaradılması diasporumuzun inkişafına təkan verən amillərdəndir. Lakin burada bəzən təşkilatlar arasında ayrı-seçkiliyə yol verilməsi kimi neqativ hallar baş verir. Bəzən isə yaradılan təşkilatlarda iqtidar-müxalifət meyllərinin təzahür etməsi diaspordaxili problemləri ortaya çıxarır. Belə neqativ halların aradan qaldırılması üçün mütləq siyasi baxışların müstəqilliyi qorunub saxlanılması və yalnız dövlətçilik mövqeyindən çıxış etməyi təklif etmək düzgün olardı.
   Diaspor təşkilatlarının xaricdə nüfuzlu siyasi partiya və təşkilatlarla münasibətlər qurmasına da nail olmaq olar. Çox effektiv nəticələr verə biləcək olan bu addım lobbi mexanizminin yaranmasını da labüd edəcək.
   Amerika, Böyük Britaniya, Fransa, Almaniya və s. ölkələrin qanunvericilik məclislərində dostluq qrupları yaratmağa xüsusi diqqət yetirmək lazımdır. Dost Türkiyənin ABŞ Konqresində yaratdığı Dostluq Qrupunda 60-dan çox konqresmen var, Ermənistanın 50, Rusiyanın 35-dən çox dostları hazırda bu ölkələrin Milli maraqlarını təmin edirlər. Azərbaycan üçün belə bir qrupun yaradılması xarici siyasətdə uğurlar əldə edilməsinə böyük yardımçı ola bilər.
   Beynəlxalq təcrübədə daha çox tətbiq edilən Düşüncə Qrupları (Think-Tank) diasporların inkişafı ilə yanaşı, dövlətin güclü təbliğatı üçün vacib bir qurumdur. İnsanların içinə düşdüyü və heç cür çıxa bilmədiyi bu vəziyyətdən xilas ola bilməsi üçün oxuması, düşünməsi, müzakirələr etməsi çox vacibdir. Bütün bunların ola bilməsi üçün də hər şeyin rahatca danışılıb incələndiyi bir cəmiyyətin olması vacibdir. Bu gün təhsil, səhiyyə, iqtisadiyyat, siyasət, müdafiə strategiyaları və ətraf mühit kimi həyatın hər sahəsində yeni yanaşmalara, original fikirlərə ehtiyac vardır. Bunun bir yolu da hər bir müəssisədə çox alternativli - beyin fırtınalı düşüncə klublarının (Think-Tank) təşkilidir. Qərbdə gələcəyə doğru proyektlər irəli sürən bizim dilimizdə tam tərcüməsi “Düşüncə Tankı” olan “Think-Tank” quruluşları isə ölkəmizdə yox deyiləcək qədər azdır. ABŞ-da 3500-ə qədər “think-tank” müəssisəsi vardır. Bunların hər biri ayrı ixtisas sahələrində, siyasətdən ictimai problemlərə, büdcədən mülki müdafiəyə qədər bir çox sahələrdə fəaliyyət göstərirlər. Məsələn, bir “think-tank” quruluşu olan Bruklin müəssəsi sadəcə dövlət büdcəsi ilə maraqlanmayıb, büdcənin hazırlanmasına kömək etməkdə və yerinə yetirilməsinə nəzarət etməkdədir. Misirdə belə bir think-tank araşdırma institunun illik büdcəsi 20 milyon dollardır.
   Think-tank klublarını, düşüncənin araşdırılması və təkmilləşdirilməsi müəssisələri kimi qəbul edə bilərik. Məqsəd çox düşünmək və mümkün olduqca çox fikir irəli sürməkdir. Bir baxıma think-tanklar düşüncəsizliyə qarşı bir üsyandır. Nəticədə, Ölkəmizdə bir çox mövzuda çox sayda think-tanklara və təbii ki, beyin fırtınaları meydana gətirəcək yeni kəşf və icadlara fon hazırlayacaq gənc nəslə ehtiyac olduğunu qeyd etmək yerinə düşərdi.
   Amerika Türk Assosiyasları Assambleyasının (ATAA) sədri Ərcümənd Qılınc söhbətimizdə bu barədə maraqlı fikirləri bildirib. Onun sözlərinə görə hazırda Amerika da Think Tanka müraciət edir. Səfirliklərdən fərqli olaraq Think-Tanklar rəsmi qrup sayılmır və burada  hərtərəfli məlumatlar yerləşdirilir.
   Azərbaycan rəsmiləri Think-Tanklarda müxtəlif seminarlar, görüşlər, konfranslar, qeyri-rəsmi görüşlər, sərgilər keçirə və burada soydaşlarımız üçün təhsil proqramları da təşkil edə bilər. Beyin evi vəzifəsini yerinə yetirəcəkcək  olan Think - Tank kimi qurumların yaradılması xarici siyasət konsepsiyasında əsas yerlərdən birini mütləq tutmalıdır.
   Ən önəmlisi isə Diaspor Fondu kimi qurumun təsis edilməsi məsələsini sürətləndirmək zəruri addımlardan sayılır. Bizdə bu təcrübənin tətbiq edilməsi xərclənən pullarda və toplanan vasitələrdə şəffaflığın olması ilə yanaşı pərakəndəliyə bir dəfəlik son qoyacaq. Xaricdə yaşayan soydaşlarımız içərisində bəzən onlardan pul yığılması barədə söylənilən narazılıqların aradan qalxmasında da fondun böyük köməyi olacaq.
   Bütün bu konkret sahələrlə paralel olaraq bir sıra məsələlər qalıb ki, hazırda onlardan diasporların təcrübəsində məharətləri istifadə edilir. Çin kimi nəhəng dövlətin mədəniyyətini təbliğ edən və eyni zamanda diasporda həmrəyliyin qorunması üçün restoran-kafe məsələsini yaratmaq olar. Milli mətbəxin təbliğ olunması ilə yanaşı soydaşlarımızın bir araya gəlməsinə şərait yaradacaq olan bu addım dövlətə iqtisadi dividentlər də gətirə bilər.
   Tez-tez dünya azərbaycanlıları barədə kataloqlar yaradılması xarici siyasət kursunun əsas priotetlərindən biridir. Bu katoloqlara xaricdə təhsil alan, işləyən azərbaycanlıların adlarının salınması da vacibdir.
   «Qaynar Xətt» təcrübəsinin tətbiq edilməsi diasporun vətənə bağlılığını artıra bilər. Hər bir azərbaycanlı istənilən zaman pulsuz olaraq «qaynar xətt» vasitəsilə səfirlik, yaxud Think Tankla əlaqə saxlaya, problemləri söyləyə və Amerikada keçirilən tədbirlər barədə ətraflı məlumat əldə bilər. Yəhudi, erməni, Çin diasporlarının tətbiq etdiyi bu sistemdən Azərbaycanın da istifadə edilməsinə böyük ehtiyac var.
   Diaspor mövzusunu tədqiq edən mütəxəssislər hesab edirlər ki, hər bir ölkə üçün normal halda vətəndaşların həmrəy olması və onunla əlaqənin itirilməməsi üçün 430 məktəb, 170 litsey, 32 ali təhsil müəssisəsi, 17 teatr, 40-a yaxın qəzet, 30-35 məscid, 5 mədrəsə, 4 telekanal, 10 radio və digər vasitələr lazımdır. Bu günkü Azərbaycan diasporunun göstəriciləri normadan qat-qat aşağıdır və bunun ortadan qaldırılması üçün mütləq yüksək səviyyədə tərtib edilən xarici siyasət konsepsiyası hazırlanmalı, həyata keçirilməlidir. Bunu isə 50 milyonluq diasporumuzun nümayəndələri və milli dövlətçilik maraqları tələb edir.
   Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ çox işlər görülməlidir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəçəkdir.     

Bu yazı 1190 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :