-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Xəbərlər
Şriftin ölçüsünü dəyiş A+ Balacalaşdır A+ Böyütmək

ATƏT çərçivəsində sülh danışıqlarının məntiqi yoxdur

Nəzirməmməd Qaramanlı
politoloq

        Azərbaycan mütəşəkkil terrorçuluq və aqressiv separatizmə əl atmış Dağlıq Qarabağ ermənilərinin vəhşiliklərinə məruz qalıb, Ermənistan isə onların terror və aqressiv separatçı əməllərindən yararlanaraq, müharibə yolu ilə əlavə torpaqlar qazanmaq məqsədilə Azərbaycan ərazilərini işğal etmişdir. Azərbaycan tərəfi isə yalnız Ermənistanı işğalçı və  terrorçu kimi qabartmaqla əslində Dağlıq Qarabağ ermənilərinin aqressiv separatızm və terrorçu əməllərinin arxa plana çəkilməsinə və onların bu əməllərinin milli azadlıq hərəkatı kimi təqdim edilməsinə şərait yaradır. ATƏT sənədlərində, o cümlədən Lissabon sammitinin sənədlərində Dağlıq Qarabağ ermənilərinin hərəkətləri nəinki aqressiv separatizm kimi tanınmamış, əksinə onlara ən yüksək statusun məhz millətlərin öz müqqədaratını təyinetmə hüququna görə verilməsi əks olunmuşdur. Azərbaycan tərəfinin bu sənədləri imzalaması isə o deməkdir ki, ATƏT kimi Azərbaycan da Dağlıq Qarabağ ermənilərinin milli azadlıq hərəkatını tanıyır.
        Mütəşəkkil terror və etnik  separatizmlə milli-azadlıq hərəkatının sərhədinin müəyyən olunması məsələsinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, millətlərin öz müqəddaratını təyinetmə hüququ yalnız öz tarixi ərazisində itirilmiş dövlət müstəqilliyini bərpa edən millətlərə şamil olunur. Tarixi ərazi etnosun tarix səhnəsinə doğulduğu ərazi hesab edildiyinə və Qarabağda və ümumiyyətlə, Qafqazda süqut etdirilmiş heç bir erməni dövləti olmadığına görə, beynəlxalq hüquq  baxımından ermənilərin Qafqazda nəinki iki dövlətlə, hətta bir dövlətlə belə öz müqəddəratını təyinetmə hüququ yoxdur. Daha doğrusu, beynəlxalq hüquq baxımından ermənilərin Rusiyanın Sravropol vilayətində öz müqəddəratını təyin etmə hüququna görə dövlət yaratmalarının nə qədər real əsası varsa, ermənilərin Qafqazda bu hüquqla dövlət yaratmalarının da bir o qədər əsası vardır. Cünki  məlumdur ki,  19-cu əsrin əvvəllərində Rusiyanın Qacarlar  və Osmanlılarla apardığı dörd müharibənin gedişində bu iki ölkədə yaşayan ermənilər təəbələri olduqları dövlətlərə xəyanət edərək İsrail Orinin İ Pyotra vəd etdiyi kimi Rusiyaya yardım etmişdilər. Ona görə də bu xəyanətlərdə birbaşa iştirak etmiş ermənilər özlərinin İran və Türkiyə ərazisində yaşamalarını qeyri-mümkün hesab edərək Rusiyadan sığınacaq istədilər.   Rusiya İran və Türkiyədən qəbul etdiyi erməniləri   Qacarlar dövlətindən işğal yolu ilə əldə etdiyi Azərbaycan xanlıqlarının ərazisində yerləşdirdi və onlar ücün süni dövlət yaratmaq planını həyata kecirməyə başladı. Beləliklə də Rusiya Yaxın Şərq siyasətinin və  Qafqazdakı intriqalarının nəticəsi olaraq forpost və süni dövlət olan Ermənistanı yaratdı. Göründüyü kimi ermənilərin Dağlıq Garabağla əlaqədar öz müqəddəratını təyinetmə hüququna istinad etməsinin heç bir əsası yoxdur.
        Bundan başqa Dağlıq Qarabağ erməniləri 7 rayonun işğalında Ermənistan və Rusiyanın iştirakını gizlətmək üçün bu rayonları “təhlükəsizlik kəməri” kimi özləri zəbt etdiklərini iddia edirlər. Bununla da nəinki aqressiv separatizm və mütəşəkkil terrorçuluqla məşğul olduqlarını, hətta Ermənistan və Rusiya silahlı qüvvələri ilə birlikdə işğal aktında  iştiraklarını etiraf etmiş olurlar. Halbuki, beynəlxalq hüquq heç bir milli-azadlıq hərəkatının genosid törətməklə və yüz minlərlə əhalini qaçqınlığa vadar etməklə etnik təmizləmə aparmaq və öz təhlükəsizliyinin təminatı məqsədilə bufer zona kimi torpaqları işğal etmək hüququnu tanımır. BMT Təhlükəsizklik Şurasının 7 rayonun işğalı ilə bağlı dörd qətnaməsi də buna sübutdur.
Ona görə də hüquqi-siyasi baxımdan Dağlıq Qarabağda ermənilərin törətdikləri yalnız mütəşəkkil terrorçuluq və aqressiv separatçılıqdır. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü isə işğal aktı kimi qiymətləndirilməlidir. Ermənistanın Azərbaycan torpaqlarını işğal aktı artıq qonşu Türkiyə və İran dövlətləri, eləcə də İslam Konfransı Təşkilatı və AŞPA tərəfindən tanınmaqla mötəbər şəkildə təsdiq edilmişdir.
        Avroatlantist qurum olan ATƏT çərçivəsində isə “sülh danışıqları” adlanan prosesin  məntiqi yoxdur. Əvvəla, sülh danışıqları müharibənin tərəfləri arasında aparılır və tərəflər məlum olduğuna görə İşçi qruplar  bu tərəflər arasındakı sülh sazişini razılaşdırır və yalnız bundan sonra imzalanma prosesi baş tutur. Amma 13 ildir ki Azərbaycan-Ermənistan danışıqları getsə də, hələ də “sülh danışıqlarının” tərəfləri və mövzusu məlum deyildir. Belə ki, Ermənistan danışıqlarda özünü müharibə edən və Azərbaycan ərazilərini işğal edən tərəf kimi yox, sərhədlərindən kənarda yaşayan ermənilərin hüquqlarının müdafiəçisi kimi təqdim edir və ATƏT  də onun  bu mövqeyini müdafiə edir. Deməli, hələ də “sülh danışıqlarının” mövzusu və tərəfləri məlum deyildir. Bəs onda niyə  bu ölkələrin prezidentləri ATƏT çərçivəsində işçi qrup səviyyəli məsələləri dəqiqləşdirməklə məşğuldurlar?
Bundan başqa Azərbaycan tərəfi problemin mərhələli həll variantına üstünlük verir. Bu isə o deməkdir ki, I mərhələdə keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinə aid olmayan və Ermənistan tərəfindən işğal olunmuş 7 rayon Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyətin verilməsi müqabilində azad olunur və bundan sonra II mərhələdə ermənilər vəd olunan muxtariyyatı əldə edirlər.
        Məsələ burasındadır ki, həmin 7 rayondan işğalçı qüvvələrin dərhal, tam və danışıqsız çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur. Bundan əlavə həmin qətnamələrdə işğal qüvvələrinin dərhal, tam və danışıqsız çıxarılmasının Qrafiki də verilmişdir. BMT Təhlükəsizlik Şurasının 874 və 884 saylı qətnamələrində isə  bu Qrafikə  əməl olunması təkrar tələb edilmişdir. Onu da qeyd etmək lazımdır ki, ATƏT-dən fərqli olaraq, BMT-nin nizamnaməsi  və təcrübəsində qəbul etdiyi qətnamənin güc tətbiq etməklə həyata keçirilmə mexanizmi mövcuddur. Bundan ötrü BMT Nizamnaməsinin 45-47-ci maddələrinə görə  Təhlükəsizlik Şurası güc tətbiq etməyi qərara alanda öz tabeliyində Hərbi Qərargah Komitəsi yaradır və hərbi tədbirləri onun köməyi ilə həyata keçirir. Ona görə də 1993-cü ildə qəbul edilmiş və 7 rayonun qeyd-şərtsiz işğal qüvvələrindən, həm də müəyyən olunmuş Qrafik üzrə dərhal boşaldılmasını tələb edən qətnamələri bir kənara qoyub, 13 ildən artıq bir müddətdə Ermənistanın mövqeyini qoruyan və məsləhət vermək səlahiyyətindən başqa real rıçağı olmayan ATƏT çərçivəsində “sülh danışıqlarına” getmək hansı məntiqə sığır?
        ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Dağlıq Qarabağda azərbaycanlılara qarşı etnik genosid keçirdiyini etiraf edən terrorçulara öz dövlət büdcəsindən hər il yardım göstərən ABŞ-ın mövqeyi ilk baxımdan paradoksal görünsə də əslində Qarabağla bağlı proseslərə aydınlıq gətirir.  ATƏT-ə həmsədr olan ölkələr  Azərbaycanı reallıqla, yəni işğal faktı ilə barışmağa və kompromisə getməyə çağırırlar. Məqsəd isə Dağlıq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən tanınmasıdır.
       Qarabağ məsələsinin həlli prosesinin heç bir əsaslı qərar qəbul etmək iqtidarında olmayan ATƏT-ə ötürülməsi  isə Ermənistan üçün vaxt qazanmaq taktikasi idi. Çünki 1993-cü ildə həm ərazilər işğal edib, həm də bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbul olunmasının qarşısını almaq Ermənistan, erməni lobbisi və onların himayədarları üçün demək olar ki, mümkün deyildi. Əsas  məsələ BMT Təhlükəsizlik Şurasının qətnamələrindən Ermənistan üçün doğan təhlükələri heçə endirmək idi. Ona gorə də problemin həllini və Azərbaycan prezidentini  Ermənistanın himayədarlarının güclü olduğu ATƏT çərçivəsinə gətirmək və ona təzyiqlər göstərmək üçün imkan əldə etmək lazim idi. Bundan əlavə Ermənistan və ona himayədarlıq edən qüvvələr  Avropa Şurasına üzvlüyə qəbul edilərkən Azərbaycan iqtidarı və müxalifətinin ATƏT çərçivəsində məntiqsiz “sülh danışıqları” prosesindən kənara çıxmayacaqları barədə  öhdəlik götürməsinə nail oldular. Ona görə də Qarabağ məsələsinin ATƏT-in Minsk Qrupuna verilməsi Azərbaycan diplomatiyasının məğlubiyyəti idi.
Təsadüfi deyildir ki, Ermənistan Qarabağ məsələsi ilə bağlı istənilən məsələnin BMT səviyyəsində müzakirəyə çıxarılmasına dərhal əsəbi şəkildə reaksiya verir. Çünki məsələnin BMT səviyyəsinə qaytarılması Qarabağı işğal etməsinə baxmayaraq onun statusunu öz xeyrinə həll edə bilmədiyinə görə Ermənistanın ötən 13 ili uduzması deməkdir. Azərbaycan isə ümumiyyətlə, belə bir mövqedən çıxış edən ölkələrin həmsədr olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ məsələsinin həllinə etibar edə bilərmi?
        Hazırda Azərbaycan  döyüş meydanında  uduzan və atəşkəs bağlamağa məcbur olan ölkədir. Bir qayda olaraq döyüş meydanında uduzan tərəf sülh danışıqlarını udmur və əgər nəzəri baxımdam uduzan tərəf döyüş meydanında itirdiyinin maksimum  yarısını geri qaytara bilən sülh müqaviləsindən artığına ümid bağlaya bilməzsə, onda Azərbaycan özünün tam məğlubiyyətini təsbit edən sülh müqaviləsini imzalamalı olacaqdır. Ermənistanın tələb etdiyi və ATƏT-in də dolayısı ilə dəstəklədiyi Dağlıq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən yubadılmadan tanınmasını tələb etmək də buradan doğur.
        “Sülh danışıqları” prosesində Ermənistan isə hazırki vəziyyətdə döyüş meydanında udan tərəfdir, dünyanın bütün böyük dövlətləri bu prosesdə onun mövqeyini müdafiə edir. Ermənistan regional iqtisadi layihələrə qoşulmağa və Azərbaycanın təbii sərvətlərindən yararlanmaqda Gürcüstandan geri qalmamağa çalışır. Məhdud iqtisadi imkanlara malik olan Ermənistan müharibə şəraiti və qismən iqtisadi blokadaya dözməyən və Azərbaycanın daim artan iqtisadi potensialı qarşısında ruh düşkünlüyünə qapılan əhalisinin xaricə sürətli axınının qarşısını almağa, Azərbaycanın strateji müttəfiqlik potensialının real müqavilələrə çevrilməsinə qədər Qarabağ məsələsinin özünə sərfəli şəkildə və yubadılmadan həll etməyə can atır. Bundan ötrü döyüş meydanlarında əldə etdiklərinin bir hissəsini güzəştə getməklə qazandıqlarının hüququ və beynəlxalq təminatla təsbit olunmasına nail olmağa çalışır.
        Göründüyü kimi bu cür şərtlər daxilində səmərəsiz “sülh danışıqlarının” Azərbaycanın milli maraqlarını təmin edəcəyi qeyri-realdır və bu gün sülh sazişi Ermənistan üçün həyati vacib əhəmiyyət daşıdığı halda Azərbaycan tərəfinin həmin sazişdən ötrü canfəşanlıq etməsi məntiqsizlik olardı. Əksinə Azərbaycanın iqtisadiyyatının yüksəldiyi, hərbi cəhətdən Ermənistandan dəfələrlə artıq imkanlara sahib ola biləcəyi və vaxtın uzanmasının Ermənistanın zərərinə işlədiyi bir məqamda belə bir sülh sazişinə ehtiyacı yoxdur. Bundan başqa sülh danışıqlarında iştirakı həm ölkə daxilində, həm də xaricdə, o cümlədən Ermənistanda Azərbaycanın uğursuz olan mövcud hərbi-siyasi və diplomatik reallığa  boyun əyməsi kimi  qəbul edilir. Təbiidir ki, Azərbaycanla müttəfiq münasibətlərdə olan ölkələr və təşkilatlar Azərbaycanın mövqeyindən fərqli tələblər irəli sürə bilməzlər  və onların da bu mənasız sülh danışıqlarını seyrçi kimi izləməkdən başqa yolları qalmır. Halbuki, Azərbaycanın aydın və birmənalı mövqe qoymasının, BMT Baş katibi və Təhlükəsiz Şurasına onun qətnamələrinin tələbləri icra olunmadığı təqdirdə BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq müharibəyə başlayacağı barədə məlumat verməsinin və həmin qətnamələrin icrası ilə bağlı konkret addımların atılmasını tələb etməsinin vaxti çoxdan çatmışdır.

Bu yazı 1094 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share