-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Xəbərlər
Şriftin ölçüsünü dəyiş A+ Balacalaşdır A+ Böyütmək

Sabir bizə nələri deyirdi?!

Akif  Əli
yazıçı-publisist,
fəlsəfə doktoru

        Son dövrlərin ictimai-siyasi olayları, müxtəlif qrup və qüvvələrin ziddiyyətli fəaliyyəti, bəzən az qala qarşıdurma həddinəcən gərginləşən məqamlar haqqında düşündükdə bir sıra obyektiv və subyektiv faktorlarla yanaşı tarixi analoqlar da yada düşür. Yada düşür ki, hələ ötən əsrin əvvəllərində də eyni motivli hadisələr cərəyan etmiş, milli özünüdərk proseslərinin ağır irəliləyişi barədə o dövrkü klassiklər də yazılar yazmış, xalqı qarşıdurmadan çəkindirməyə çalışmış, milli barışığa səsləmişlər. Uzun zaman içində öz “aktuallığını” saxlamış belə təbəddülatlar və çəkişmələr barəsində kəskin yazılar yazan ədiblərdən biri də dahi Mirzə Ələkbər Sabir olmuşdur. Bu yazılar arasında onun tarixi-publisistik səpkidə qələmə aldığı «Fəxriyyə» epopeyası xüsusi diqqətə layiqdir.
        Dərin elmi-tarixi mənbələrə əsaslanan epik xarakterli «Fəxriyyə» əsəri M. Ə. Sabirin bəlkə də geniş oxucu kütləsinə o qədər də tanış olmayan, yaxud diqqətini bir elə cəlb etməyən yazılarındandır. Bu əsər ilk dəfə «Molla Nəsrəddin» jurnalının 26 avqust 1907-ci il tarixli 32-ci sayında dərc olunmuşdur. «Fəxriyyə» (və ya «Hərçənd əsirani-qüyudati-zamanız») o zamanlar «Füyuzat» jurnalının 7 avqust tarixli 24-cü nömrəsində çap olunmuş Ə. Cənnətinin eyni adlı şerinə cavab olaraq yazılmışdır. Cənnəti öz şerinin ilk bəndində deyirdi ki:

«… Hərçənd düçari-mihəni-əhli-cəfayız…
Turanlılarız, sahibi-şənü şərəfiz biz!
Əslafımızın naibi xeyrülxələfiz biz!…» və s.

        Yəni Ə. Cənnətinin «Fəxriyyəsi» başdan-başa öyünmə və mədhiyyə pafosu üzərində qurulmuşdu. M. Ə. Sabir isə bu sayaq əsərlərin milli inkişaf üçün az xeyir gətirə biləcəcyi fikrinə əsaslanaraq, Cənnətiyə parodiya yazmağı qərara alır. Xüsusən XX əsrin əvvəllərində ölkədə qarşıdurmanın, vətəndaş müharibəsi təhlükəsinin artdığı bir zamanda millətin keçmişinə “ayinə” tutmaqla xalqın «gicgah tükündən dartıb ayıltmaq» istəməsi - böyük sənətkarın həm də böyük vətəndaş iradəsini büruzə verir.
        Sabir «Turanlıların», yəni Azərbaycan türkləri də daxil olmaqla Altaydan Anadoluyacan yayılmış böyük bir qövmün tarixi həyat yoluna elmi-bədii nəzər salıb, qapalı mətləblərə özünəməxsus satirik üslubda, «qəh-qəhəli göz yaşları» tərzində yanaşaraq onun geniş retrospektiv panoramını yaratmışdır. Ədibin “Fəxriyyə”sini bəzən hətta “həqiqəti çox çılpaqlığı ilə göstərməsi” səbəbindən bir o qədər də məqbul hesab etməmişlər; deyək ki, bu sayaq yüngül fikirlərə ara-sıra müasir dövrdə də rast gəlmək olar.  Ancaq bir halda ki dahi sənətkar nə isə yazmışdır və bizə nə isə demək istəmişdir, o zaman onun məhz nə demək istədiyinə diqqət yetirmək, məğzini, mahiyyətini qavrayaraq qiymət vermək vacibdir.
        «Turanlılarıq, şan-şərəf sahibiyik biz!» - deyən Ə. Cənnətidən fərqli olaraq, Sabir mövzuya başqa bir ədəbi janrda və üslubda münasibət bildirərək satira dilinin tələblərinə uyğun formada elə ilk bənddəcə belə yazır (biz müəllifin şerinin yalnız nəsrlə izahını verəcəyik – A.) :
        «… Zənn etmə ki, bu əsrdə (yəni XX əsrdə) avareyi-nanız (avara-bekarıq), yox, əvvəllər nə olmuşuqsa, indi də elə həmən-həmənik, dəyişməmişik… Turanlılarıq, sadəcə ata-babalarımızın işini, məşğuliyyətini davam etdiririk; belə ki, biz də onlar kimi öz nəslimizin, tayfamızın, qohum-əqrəbalarımızın başına əngəl-kələfik…»
         Bu girişdən sonra o, fikrini bir qədər də açıqlayaraq bədii ümumiləşdirmə aparır:
        «… Zülmətsevər insanlarız üç-beş yaşımızdan, Fitnə göyərir torpağımızdan, daşımızdan, Tarac edərik, bac alarız qardaşımızdan…» (Səbəbi isə odur ki,  sələflərimizə, yəni keçmişdə yaşamış dədə-babalarımıza həqiqətən sadiqik, onlar kimi biz də öz nəslimizin, soyumuzun başına əngəl-kələfik!) Beləcə Sabir özünə məxsus satirik üslubda məqsədini açıqlaya-açıqlaya məsələnin dərinliklərinə gedir, fikirlərini izah edir:
        «… O gün ki, Məlikşah Büzürg dünyadan köç elədi  (1092-ci ildə 37 yaşında vəfat etmiş Səlcüq hökmdarı Məlikşah Büzürg Alp Arslanının oğlu idi, öz hakimiyyəti dövründə səlcuqilərin hökmranlığını Azərbaycanın şimal vilayətlərində də möhkəmləndirməyə çalışmış, 1086-cı ildə Gəncə üzərinə qoşun yeridib oranı zəbt və talan etdirmişdi – A.), yəni Məlikşah Büzürg ölən kimi, biz (ümumən turanlılar nəzərdə tutulur) dərhal iki yerə bölünüb onun iki namərd vəzirinə tabe olduq, boyun əydik. Və başladıq bir-birimizi qırmağa. O qədər bir-birimizlə, özümüz-özümüzlə vuruşduq ki, nəhayət düşmən araya girib taxtımızı əlimizdən aldı, hakimiyyəti götürdü və özümüzü də qarət elədi… Bax biz beləyik, öz haqqımızı gözləyən zatlar deyilik, sadəcə dədə-baba yolu ilə gedən adi adamlarıq…»
        Ümumən on bir bənddən ibarət olan «Fəxriyyə»nin növbəti bəndlərində tarixi ekskursunu davam etdirən M. Ə. Sabir XX əsr üçün örnək ola biləcək bir sıra mətləblərə toxunur.
        «…Bir vaxtlar biz (Turan əhli) Çingizin  qoşununa tərəfdar olduq, yəni bu cür talançı bir qoşuna tərəfdar çıxıb Xarəzmlərin məhv edilməsində iştirak etdik. Xarəzm şahı əlacsız qalıb ölkədən qaçdı. Bizlər də Çingizxanın qoşunları ilə birgə başladıq Xərəzmin məscidlərini, mədrəsələrini dağıtmağa… Həqqa ki, yəni haqqına deyilən sözdür ki (Ə. Cənnətinin fəxrlə mədh etdiyi kimi), - doğrudan da çox «şərəfə layiq» insanlarıq, axı məscidimizi özümüz dağıdırıq!..»
        Təbii, nəsrlə izahını verdiyimiz bu poetik sətirlərdəki Sabiranə sarkazmı görməmək, duymamaq, düşünməmək və anlamamaq mümkün deyil.
        Bu minvalla uzaq dövranların dərinliklərindən üzü bəri gələrək, bütün türksoylu Turan ellərinə xas qarşıdurmaları, vaxtaşırı meydana çıxan məkrli münasibətləri kəskin satiranın dili ilə çılpaqlandıran şair daha sonra yazır:
        “Bir vaxt da səlib müharibəsi hazırlandı...”  (məlum olduğu kimi, Səlib yürüşləri XI-XIII əsrlərdə Qərbi Avropanın Beytül-Müqəddəsi (Yerusəlimi) «kafir» müsəlmanların əlindən «xilas etmək», katolisizmi yaymaq üçün dini şüar altında müsəlmanlara qarşı aparılan amansız, dəhşətli işğalçılıq yürüşləri idi - A.) “…Həmin səlib müharibələrində firənglərə (ümumən xristian Avropalılar nəzərdə tutulur) qalib gəldik. Ancaq bundan durub dincəlmədik, sakit olmadıq, öz başımıza yeni bir faciə açdıq, nəticədə öz xəncərimiz öz rişəmizi kəsdi, öz kökümüzü qılıncladıq… Özümüzü elə apardıq, elə bil o əsil-nəcabət bizim deyil, çöllü-biyabanda bitən quru ot-ələfik; axı biz öz nəsil-nəcabətimizin, soy-kökümüzün başına əngəl kələfik! Özümüz-özümüzə qənimik!»
        Bəli, bunun ardınca Sabir turanlıların adından belə deyir: «Bir vaxtlar da özümüzə Qaraqoyun, Ağqoyun adı qoyub Azərbaycana, Anadoluya dolduq…»
        Məlumdur ki, «Qaraqoyunlu» XV əsrin I yarısında yaranmış dövlət olub, 1468-ci ilədək yaşamışdır. Paytaxtı Təbriz olan bu dövlətin tərkibinə Kür çayından cənubdakı Azərbaycan topraqları, həmçinin indi «Ermənistan»  adlanan ərazilər, Gürcüstan, İraq və s. geniş ərazilər daxil idi. «Ağqoyunlu» isə XV əsrin II yarısında yaranmış dövlətin adıdır. 1467-ci ildə kəskin qarşıdurmalar və vuruşmalar nəticəsində “Qaraqoyunlu” dövləti süqut etdi, tarix səhnəsinə yeni “Ağqoyunlu” dövləti çıxdı. Onun da paytaxtı Təbriz oldu və o da Kürdən cənubdakı Azərbaycan vilayətlərini, «Ermənistanı», Diyarbəkiri, Gürcüstanı, İraqı, Gilan, Mazandaran və Xorasan istisna olmaqla İranın qalan ərazilərini əhatə etdi…
        Bununla şair oxucuların nəzərinə çatdırır ki, bir vaxtlar yenilməz Turanlı kimi tanınan xalq sonradan özünə «Ağqoyun», «Qaraqoyun» adı qoyub Azərbaycanda, Anadoluda geniş yayıldı. Amma bu iki doğma diyar arasında da vuruşmalar başlandı və eyni kökdən-soydan, tayfadan, nəsildən olan adamlar əldən düşənədək vuruşub bir-birlərini qırdılar… “Qırıdıqca yorulduq və yorulduqca da qırıldıq…”
        Bax, Ə. Cənnətinin yüksək pafosla öyərək mədh etdiyi, ideallaşdırdığı «turanlıların» tarixində belə acınacaqlı məqamlar da olub ki, şərəfli tariximizlə öyünməklə bərabər gərək bunları da bilək və unutmayaq, öyrənək və təkrarlamayaq, əksinə islahına çalışaq.
        M. Ə. Sabir bu acı həqiqətləri öz şirin dililə oxuculara başa salırdı:
    «…Bir vaxt da daxildə təfriqə salıb iki parça olduq, iki yerə bölündük. Bir parası Teymur şahı müdafiə etdi, bir parası isə xan Yıldırıma itaətə keçdi. Biri onu himayə elədi, biri buna boyun əydi…»
        Məlumdur ki, Teymurləng, yəni Əmir Teymur Orta Asiyanın məhşur hökmdarı, böyük türk sərkərdəsi olaraq, hakimiyyətdə olduğu 1370-1405-ci illər ərzində Azərbaycana da hücum etmişdir. Teymurun qoşunları bu məmləkəti viran qoymuş, dönə-dönə yağmalamış, talan etmişdir.
        İldırım Bəyazid (Xan Yıldırım) isə 1389-1402-ci illərdə Osmanlı sultanı olmuş, Avropa və Asiya ərazilərində geniş torpaqlar zəbt edərək qüdrətli sərkərdə kimi ad çıxarmışdı. Amma…
        Tarixdən təəssüf ki, o da məlumdur ki, bu iki eyni soylu böyük insan bir-birinə qarşı amansız müharibələr aparmışlar. Məhz həmin təəssüfdoğurucu məqama işarə vuran digər böyük türksoylu insan ürək ağrısı ilə yazırdı ki, «Ankarada qiyamət qopdu, qanlar saçıldı…» Çünki həqiqətən 1402-ci ildə Ankara ətrafında amansız bir vuruş olmuşdur və məhz o Ankara vuruşunda İldırım Bəyazid əsir alınıb məğlub edilmiş, süquta uğradılmışdır.
        Turan-türk tarixinin bu kədərli səhifələrinə işarə ilə  M. Ə. Sabir hiddətlə yazırdı:
        «…Əhsən bizə! Həm tirzəniz (yəni yaydan atılan oxuq), həm də hədəfik biz: oxu da özümüz atırıq, hədəf yerinə də özümüz dururuq. Çünki biz  tarixən özümüz-özümüzə qənim kəsilmiş, öz başımıza əngəl-kələf olmuşuq!»
        Sabir göstərirdi ki, həmin Ankara əhvalatında İldırım Bəyazidi yıxdıqdan sonra sonra “Əmir Teymura tabe olub bu dəfə xan Toxtamışın üstünə yeridik və onu da qanına qəltan elədik…”
        Toxtamışsa həmin dövrlərdə yaşayan Qızıl Orda (Monqolların Orta Asiya və Şərqi Avropanın geniş ərazilərində yaradılmış dövləti) xanı idi. 1386-cı ildə böyük bir qoşunla o da Teymurləng kimi Azərbaycana hücum etmiş, Şirvan, Təbriz, Marağa kimi gözəl məkanları, kəndləri və  şəhərləri talan etmişdir. Lakin bu cür amansız və mənasız yürüşlərin nəticəsində Qızıl Ordaların öz dövləti də zəifləyib süquta uğramışdır. Şair göstərir ki, bir ola bilməməyin, daim özümüzlə çarpışmaların və süqutların faydası - «Məsko şəhrinə», vaxtilə Qızıl Ordanın təsiri altında olan Moskva  knyazlığına oldu. Çünki bunlar zəifləyəndə onlar baş qaldırıb dirçələ bildilər və… «indi bugünkü uruslaşmağımızla biz «şərəfə» nail olmuşuq! Çünki öz dilimizin də başına əngəl-kələfik biz! »
        M. Ə. Sabir böyük millətin böyük tarixi səhvlərindən nəticə çıxarmaq zərurətini ürək ağrısı, vətəndaş yanğısı ilə vurğulayırdı:
        «…Bir vaxt da yarımız Səfəvilər sülaləsinin banisi, Azərbaycanın görkəmli dövlət xadimi, 1501-ci ildən 1524-cü ilədək bütün İran, Azərbaycan ərazilərində hökmran olmuş, «Xətai» təxəllüsü ilə zərif şerlər yazmış Şah İsmayıla pərəstiş etdik; digər yarımızsa 1512-1520-ci illərdə Türkiyə sultanı olmuş Sultan Səlimə məftun olduq. Nəticədə - İslam dinimiz iki parça bölündü, qədim bir dinə iki yeni ad qoyuldu: sünni və şiə. Şah İsmayılın tərəfdarları şiələr, Sultan Səlimin tərəfdarları sünnilər adlanmaqla eyni soyköklü xalqlar arasında təfriqələrə rəvac verildi. Sultan Səlim səfəviləri müsəlman dininin düşməni elan edərək «İslamın müdafiəsi» adı altında onların üzərinə hücuma keçdi. Anadoluda qırx min səfəvi Sultanın qəzəbinə düçar olub “şiəliyin” badına getdi…
        Şah İsmayılın tərəfdarları da «İslamı müdafiə» şüarı ilə ayağa qalxıb Sultan Səlimə cumdular... Qır ki qırasan!
        Bax bu növbəti «fəxarət» səhifəsi iki türk-turan dövləti üçün nə qədər böyük bir faciəvi sonluqla nəticələndi!..» 
        Bu tarixi lövhələri nəzərdən keçirən ədib qeyrət içərisində boğularaq yazırdı:
        «Qədim dinə iki yeni ad qoyub «sünni» və «şiə» məzhəblərinə bölünərək bir-birimizlə çarpışmağımız bizi ucalıqlardan endirdi, qorxuya, vahiməyə düçar etdi… Bu kimi hallar aramızdan qalxmadıqca biz təəssüf edilməyə layiq insanlar olaraq qalacağıq. Çünki hamı bizi öz dininin başına əngəl olan adamlar kimi tanıyacaq və lağ edəcək…»
        Dahi şair Turan ellərinin fəlakəti olan mənasız qarşıdurmalar barədə fikirlərini belə yekunlaşdırır:
        «… XVIII əsrdə İran hökmdarı olmuş Nadir şah bu iki xəstəliyi, yəni sünni və şiəliyi nəzərə alıb həmin qorxulu dərdə əlac etmək istədi. Bu amal naminə əzmkarlıq göstərib vuruşa qalxdı, davaya girdi…
        Heyhat! Bunun əvəzində bəs öz dininin başına əngəl olan, bir əcaib-qəraib şey, görünməmiş heyrətamiz məxluqlar olan bizlər nə etdik? Əlbəttə, onu etdik ki, bizi xilas üçün qalxan Nadiri dərhal vurub sərdik, nəşini quru yerdə qoyduq, meyitini saldıq…»
        Nəhayət, Turan ellərinin eyni soya-kökə malik xalqlarının keçdiyi mürəkkəb tarixi yola ayıq başla bu cür geniş, əhatəli nəzər salan mütəfəkkir şair yazdığı poetik epopeyanın son bəndində müasir dövrə, yəni yaşadığı XX əsrin əvvəllərinə qayıdaraq fikrini belə yekunlaşdırır:
        «…İndi yenə təzə xəbər, yaxşıca tamaşa var. İranlılıq, Osmanlılıq adını dirçəltməyə, köhnə dəbi təzələməyə, canlandırmağa başlayıblar. Bir parca qitə üstündə yenə dava-mərəkə qopub. Meydan qızışsa, iranlımı-osmanlımı hikkəsi üzrə vətəndaş qırğını düşsə, məlumdur ki, (yəni artıq təcrübədən bilirik ki), başdan-ayağa hamımız məhv olacağıq, qırılıb gedəcəyik…
        Onsuz da öz qovmümüzün, nəsil-nəcabətimizin başına əngəl-kələf olan bizlər az qala büsbütün məhv olub getməkdəyik… Bu «şərəfə» isə yalnız biz özümüz özümüzü nail etmişik!.»
Beləliklə, ötən əsrin əvvəllərindəki mövcud situasiyaların kontkestindən M. Ə. Sabirin əsərinə yanaşdıqda və diqqətlə oxuyub mahiyyətinə vardıqda nəinki o dövr, həmçinin sonrakı dövrlər üçün də aktual olan, qalan çox qiymətli, ibrətamiz çıxarışla üzləşərik. Yəqin ki, ümumi inkişafımızın və tərəqqimizin fonunda klassiklərimizin örnəklərindən bu düzgün nəticələri çıxarmaq milli birlik, milli həmrəylik, milli özünüdərk prosesləri üçün, qarşıdurmaları durdurmaq üçün vacibdir.         Tarixi olduğu kimi bilmək -  özünü dərk etmək və  səhvləri təkrarlamadan gələcəyin yolunu düzgün müəyyənləşdirmək üçün zəruridir.
        Odur ki, özümüzü tanıyaq və dərk edək! Cəmiyyətimiz, insanlarımız, gələcəyimiz üçün bu vacibdir.

Bu yazı 1158 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share