-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Xəbərlər
Şriftin ölçüsünü dəyiş A+ Balacalaşdır A+ Böyütmək

Təhsilimizdə milli-mənəvi dəyərlərin tədrisi üsulları

Anar Turan
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dissertantı,
jurnalist-araşdırmaçı

        
Müstəqillik əldə olunandan üzü bəri bir çox sahələrdə olduğu kimi təhsil sahəmizdə də müəyyən islahatlar aparılmışdır. Latın qrafikasına keçid, yeni çap üsulu ilə kitabların buraxılması, xüsusilə Avropa-Amerika təhsil sisteminə uyğun tədris proqramlarının təşkili, tarix, coğrafiya, ədəbiyyat, iqtisadiyyat və digər fənlərin proqramlarının nisbətən milliləşdirilməsi və başqa amillər islahatların başlanğıc uğurları kimi qiymətləndirilməlidir. Çünki, təhsil sistemi dövlət quruculuğu, dövlətçiliyin qorunması və inkişafı, ölkəyə layiqli kadrların yetişdirilməsi baxımından əvəzsiz bir sahə olduğundan hər zaman diqqətdə saxlanılmalıdır. Bu baxımdan onu deyə bilərik ki, təhsil sistemimizdə ilk  növbədə milli-mənəvi amillər nəzərə alınmalı və metodikanın tərkib hissəsinə çevrilməlidir.
       
Azərbaycan Türk dövlətləri və İslam ölkələri sırasına aid olduğu üçün ölkənin Milli İdeologiyasında bu amillər nəzərə alınmışdır. Hələ 1918-1920-ci illərdə mövcud olmuş AXC hökuməti dövründə demokratik idarəetmə üsulu nəzərə alınmaqla yanaşı ölkənin əsas milli və dini mənsubiyyəti bayrağımızda öz əksini tapmışdı. Azərbaycanın üçrəngli bayrağının rəmzi mənaları buna əyani sübutdur. Türklük, İslam ideyalarının bayrağımızda, gerbimizdə və Milli İdeologiyamızda öz əksini tapması o vaxtkı hökümətin xalqımızın milli və mənəvi ruhuna sayğıyla yanaşmasının göstəricisidir. Qəribəlik ondadır ki, müasir Azərbaycanın dövlətçilik ideologiyasında bu həssas nöqtələr öz əksini tapsa da, dövlət səviyəsində milli və mənəvi dəyərlərə hörmət və ehtiram göstərilsə də, bu məsələlərə yanaşmada vahid konsepsiyanın olmaması bir çox problemlər yaradır. Məlum olduğu kimi, Sovetlər Birliyi xalqların azadlığını qəsb edərək yarandı və onun ömrü cəmi 70 ildən çox çəkmədi. Bəzən bu imperiyanın süqutunu onun əsas ideologiyası olan sosializmin dayaqlarının düz qurulmaması, rüşvətxorluq və zorakılığın olması kimi qiymətləndirirlər. Düzdür bu amillər də həqiqət olduğu üçün təsirsiz ötüşməyib. Lakin yaddan çıxarmaq olmaz ki, bu dövlətin dağılmasının əsas səbəbi onun milliliyə və mənəviyyata qarşı apardığı repressiya və terror olmuşdur. Tərkibində saxladığı xalqların milli-mənəvi ruhuna qarşı açıq terror edən sovet rejimi unutdu ki, zorla-güclə hər hansı bir xalqın milli və dini ənənələrini onun yaddaşından çıxarmaq olmaz. Çünki bu adətlər artıq minillərdir ki, insanların alt şüurunda özünə kök salmışdır. Milli bayramları, dini ayin və mərasimləri qadağan edən rejim xalqların ziyalılarını sürgünə göndərdi, məscidlərin, mədrəsələrin fəaliyyətini qadağan etdi, müqəddəs məbədləri uçurtdu. Ateist təbliğat maşını nə qədər güclü maliyyə və güc resurslarına malik olsa da, xalqların qəlbindən milli və dini dünyagörüşü çıxardıb ata bilmədi. Çünki ateizm ideologiyasının insanlar arasında kökü yox idi. Hər bir ideologiya hansısa mənbəyə söykənməyə məhkumdur. Gərək ki, mənbə etibarlı və xalqın düşüncəsinə uyğun olsun. Sovet ideologiyasında məhz bu tipli istinadgahların olmaması onların içəridən parçalanıb tezliklə dağılmasına səbəb oldu.
        
Hazırda milli dövlətçilik institutlarımız fəaliyyət göstərir və bu sahədə ölkəmizə perspektivli kadrlar yetişdirməklə məşğuldurlar. Lakin hamımıza məlumdur ki, milli-mənəvi dəyərlər mövzusu həssalığı ilə seçilir. Bir vətəndaşımız gözəl idarəçilik bacarığı, təşkilatçılıq qabiliyyəti, yüksək ali təhsilə malik ola bilər, lakin bu o demək deyildir ki, o xalqın ruhunu, onun istədiklərini və dəyərlərə nə dərəcədə bağlılığını qiymətləndirə, üstəlik özü də bu ideallara sayqı duya bilər. Ola bilsin onun bacarığı ölkəyə xeyir gətirsə də, milli-mənəvi düşüncə boşluğunun olması ziyansız ötüşməsin. Bu, problem olaraq hal-hazırda respublikamızda həll olunması vacib olan məsələlərdəndir. Təhsil sistemində olan irəliləyişlər, modernləşmə hamımızı sevindirsə də ideoloji işin aparılmasında olan gecikmələr əleyhimizə işləyir. Ölkə əhalisinin əksər hissəsinin gənclər olması və onların bu barədə məlumatı yalnız ailə şəraitində almaları onlara sözün həqiqi mənasında azlıq edir. Çünki ailə və cəmiyyətdən aldığımız dəyərlərə hörmət nə qədər ehtiram tələb etsə də, onları yetərincə bilməməyimiz, dərsliklərdə və ya müstəqil proqram şəklində bu barədə təlimatların olmaması dəyərləri qorumağı çətinləşdirir. Bəzi gənclərimiz və orta yaş təbəqəsinin insanları bu təsirlərə uyaraq çərçivədən çıxmaqla ya başqa ideoloji təsirlərə düşür, ya da ki, ümumiyyətlə manqurtlaşaraq cəmiyyətə faydasız şəxsə, yaxud cinayətkara çevrilir. Bu da istənilən parametrlərdən Azərbaycan xalqına zidd, Azərbaycan dövlətçiliyinə zidd olan amildir.
        
Bu gün Avropa ölkələri, Yaponiya, Çin, Malayziya kimi inkişaf etmiş Şərq ölkələrinin əsas üstünlüklərindən biri də müasir və tarixi dəyərlərin birgə şəkildə cəmiyyətdə tətbiqidir. Avropa ölkələrində əxlaqi baxımdan tənqidi nöqtələr çox olsa da, onların öz milli dəyərlərini qorumağa çalışması, eyni zamanda kilsənin əksər Avropalının düşüncəsində xüsusi yerinin olduğunu danmaq olmaz. Onlar hətta bəzən müsəlmanlardan daha çox öz milli və dini ənənələrinin təəssübünü çəkirlər. Bu sahədə Yaponiya bütün ölkələri qabaqlamışdır. Müasir elmi-texniki inkişafın üstünlüklərindən yararlanmaq, cəmiyyəti əxlaq və vicdan anlayışları çərçivəsində saxlamaq Yaponiya və Malayziya kimi ölkələrin baş devizlərindəndir. Qardaş Türkiyənin milli-mənəvi dəyərlərə yüksək səviyyədə yanaşması da hamımıza yaxşı məlumdur. Dünyəvi dövlət olmasına baxmayaraq Türkiyə cəmiyyətinin əxlaqa və milliliyə yanaşması hər halda bir çox ölkələri geridə qoyur. Türkiyədə milli dəyərlərə söykənən, mənəvi dəyərləri təbliğ edən mətbuatı və telekanalları mövcuddur. Türkiyədə milli sahədə Türk Ocaqları, İmam Xətib məktəbləri, mədrəsələr, ilahiyyatla bağlı fakültələr fəaliyyət göstərir. İran İslam Respublikası da müsəlman ölkələri arasında elmə üstünlük verən dövlətlər sırasındadır. Bu ölkədə İslam qayda-qanunlarının qüvvədə olması ilə yanaşı elmi-texniki üstünlüklərə sürətlə inteqrasiya hiss edilməkdədir. Misir və Suriyanı da bu sıraya aid etmək olar.
Bir sözlə gəldiyimiz nəticələr onu göstərir ki, dövlətçilik, milli maraqlar və suveren hüquqların qoruması kontekstində səmimiyyətin olması üçün milliliyin və mənəvi dəyərlərin təbliğ olunması cəmiyyətimiz üçün ən yaxşı sığortadır. Belə olduqda yad ideologiya daşıyıcılarının təsiri faydasız olacaq. Əvəzində isə vətəndaş birliyimiz, xüsusilə milli birliyimizin qorunması daha etibarlı əllərdə olar. Mərhum prezidentimiz  Heydər Əliyev 1998-ci ildə Bakı şəhərində keçirilən “Müasirlik və dini-mənəvi dəyərlər ” adlı beynəlxalq konfransda və Qafqaz müsəlmanlarının X qurultayında söylədiyi nitqdə qeyd edirdi: “İslam dini yüksək mənəvi dəyərlərə malik olan bir dindir. İslam dininin bəşər mədəniyyətinə verdiyi tövhələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub olduğumuz İslam dini dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə, dünyada sülhün, əmin-amanlığın yaranmasına həmişə xidmət etmişdir... İslam dini çoxəsrlik tarixi boyu özündə elə gözəl xüsusiyyətlər formalaşdırmışdır ki, bizim üçün müqəddəs olan Qurani-Kərim, Həzrəti Məhəmməd Peyğəmbərin müsəlmanlara göstərdiyi yol və verdiyi tövsiyyələr insanların daxili mənəviyyatına o qədər faydalı olmuşdur ki, bu ənənələr nəsildən-nəslə yaşamış və heç bir məhdudiyyət onun qarşısını ala bilməmişdir... Dini-mənəvi dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik”.
       
Göründüyü kimi dünya şöhrətli siyasi liderimizin mənəviyyatımızın əsas mənbəyi olan İslam dini barədə yüksək fikirləri və mənəvi dəyərlərin təbliğində İslamın rolunu uca qiymətləndirməsi bu günkü gənclik üçün örnək olmalıdır. Mənəviyyat məsələsi elə bir sahədir ki, hər zaman cəmiyyətdən diqqət və qayğı tələb edir. Əgər cəmiyyətin mənəvi dəyərlərə sevgisini onun tarixi formalaşdırırsa, bu dəyərlərin inkişaf etdirilməsi, cəmiyyətin bütün fərdlərinin bu dəyərlərə sadiq qalmasını və onlara bağlılığı dövlət formalaşdırır. Bu baxımdan dövlət və hökumət strukturlarının mənəvi dəyərlərə ehtiramla yanaşması və onların təbliğ olunmasına dəstək verməsi olduqca vacib və əhəmiyyətlidir.
        
Bir neçə il bundan əvvəl mətbuatda təhsil müəssisələrində İslami mövzuların işıqlandırılması məsələsi gündəmə gəlmişdi. Hətta rəsmi strukturlar da bu məsələyə normal münasibətini bildirmişdi. Amma nədənsə bu hələ də öz həllini tapmamış qalır və təbii ki, bir çox daxili və xarici qüvvələr bu məsələdə çox maraqlı görünürlər. Bu məsələnin gec həll olunmasının dövlətçiliyimizə və xalqımıza böyük təhlükə olduğunu hökumət strukturları tezliklə dərk etməlidirlər. Əks halda cəmiyyətdə getdikcə görünməyə başlayan yeni missioner dini-siyasi-ideoloji cərəyanların ardıcılları ölkə əhalisi arasında çaşqınlıq, qarşıdurma və xaos yaratmaq planlarını reallaşdıracaqlar.
       
Artıq Qərb ölkələrindən ölkəmizə axın edən kosmopolit siyasi cərəyanlar getdikcə fəaliyyətlərini genişləndirirlər. Onlar gəncləri öz təşkilatlarına üzv kimi cəlb edərək, onların “Azad İnsan” kimi yaşamalarını və hər cür əxlaq və milllik çərçivəsindən uzaq durmağa çalışmalarını təbliğ edirlər. Cəmiyyətdə pozğunluq hallarının yaranmasının birbaşa təminatçısı olan bu tipli kosmopolit birliklər külli miqdarda maliyyə resurslarına malik bəzi beynəlxalq təşkilatlardan qidalanırlar. O cümlədən “dini təbliğatla” məşğul olan qeyri-ənənəvi təriqətlərin fəaliyyətini də bu sıraya aid etmək olar.
       
Beləliklə Azərbaycanda mənəvi dəyərlərin təbliği işinin qeyri-dini təhsil müəssisələrdən başlanılması işinə tezliklə start verilməlidir. Məktəbəqədər tərbiyə müəssisələri, orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqlarında mənəvi dəyərlər barədə yeni dərs proqramları açılmalı, bu mövzuda “Dinlərin tarixi”, “İslam əxlaqı”, “Mənəviyyat” və s. dərslər keçirilməli, bu barədə alimlərin və din xadimlərinin rəyi olan dərslik kitabları çap edilib orta məktəblərə paylanılmalıdır. Bu dərsliklərin müxtəlif təhsil pillələrində qavranılmasının mümkünlüyü nəzərə alınmalıdır. Uşaq bağçaları üçün ibtidai dini biliklər, Peyğəmbərimizin (s.ə.s) və alimlərimizin həyatlarından, söhbətlərdən nümunələr gətirmək, orta məktəblərdə konkret olaraq “Dinlərin tarixi” və “İslam əxlaqı” barədə dinimizdə seçilmiş müddəalara əsaslanan biliklərin verilməsi prosesi həyata keçirilməlidir. Bu barədə hətta pedaqoqların özləri də maairiflənməlidirlər. Çünki, əksəriyyəti sovet dövrünün yetirməsi olan müəllimlərimizin müəyyən bir hissəsi ilkin dini biliklər barədə belə məlumatsızdırlar. Ali təhisl ocaqlarında da həmçinin mənəviyyatla bağlı kurslar təşkil edilməli və ya bu barədə dərs saatları ayrılmalıdır. Tələbələrin əxlaqi keyfiyyətlərinin artırılması, öz milli və dini mənsubiyyətlərinə sadiq qalmaları baxımından bu prosesin həyata keçirilməsi son dərəcə gərəklidir. Onlarda vətən, millət, bayraq, gerb, himn, din, dil, dövlətçilik kimi müqəddəs anlayışlara yüksək ehtiram yaratmaq, onların tarixi, məzmunu və mahiyyəti barədə açıqcalar, broşürlər, kitabçalar hazırlamaq və tədrisdə geniş istifadə etmək lazımdır. Tələbələr, İslam dininin özəl xüsusiyyətləri ilə yanaşı, ayrıca olaraq digər dünya dinləri və dini-fəlsəfi cərəyanları, onların ideya və aspektləri, məqsədləri barədə məlumatlandırılmalıdır. Tələbələrin yad təsir altına düşməmələri üçün istər milli, istərsə də dini təəssübkeşliyi qismən artırmaq onların bu barədə təhsilinə diqqət və qayğı göstərmək lazımdır. Bir daha qeyd edirəm ki, bütün bu proseslər dövlətin xüsusi nəzarətində həyata keçirilməlidir ki, başqa ideya sahibləri bu proseslərdən istifadə etməsin və dini-mənəvi maarif sahəsində heç bir tərəfkeşlik hiss olunmasın. Bu prosesdə mötəbər alimlərimiz, din xadimlərimiz fəal iştirak etməli, dövlət strukturları da onların fikir və rəylərini nəzərə almalıdır.
        
Azərbaycanın müstəqilliyini göz bəbəyi kimi qorumağa hazır olan, eyni zamanda bəşəri dəyərlərə hörmət, tolerantlıq ruhunda formalaşacaq nəsil yetişdirmək üçün hər cür şərait mövcuddur. Sadəcə dövlət strukturlarının bu sahənin inkişafına fəal müdaxiləsi tələb olunur ki, bunların da tezliklə həll olunacağına ümid edirik.

Bu yazı 1215 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share