Məqalələr
Facebook




Sorğu

Azərbaycan-Türkiyə-İran birliyini real hesab edirsinizmi?

Bəli (66)
Xeyr (14)
Bilmirəm (1)



Ən çox oxunanlar
ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Tələsik hazırlanmış bəyanata tələsmədən verilən cavab


Mübariz Göyüşlü
“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri

22 fevral 2012-ci il

    Belə bir mövzudan yazmağıma təəssüf hissi keçirdiyimi ilk cümlələrimdəcə diqqətə çatdırmaq istəyirəm. Yenə də İslamafobiya, yenə də anti-İslam əhval-ruhiyyəsi, müsəlmanlardan vəhşi obrazı yaratmaq cəhdi. Qərb ölkələrinin bu cəhdləri məndə artıq heç bir qıcıqlandırıcı hisslər yaratmır. Amma müsəlman olan şəxslərin belə mövqedən çıxış etmələrini anlamaqda zorluq çəkirəm.
    İslam Dünyasının, müsəlman ölkələrinin geridə qaldıqlarını, yanlış siyasət yürütdüklərini mən də qəbul edirəm və təcili şəkildə islahatların həyata keçirilməsinin tərəfdarı olduğumu bəyanlayıram. Amma bunun günahının İslamda olması qənaətini nəinki qəbul etmirəm, hətta bunu qətiyyətlə rədd edirəm. Günah İslam dinində deyil, insanların özündədir. Bəyəm rüşvət almağı, vətəndaşları ilə zor diliylə danışmağı, dinc insanlara atəş açmağı, yetimin, kasıbın, imkansızın haqqını tapdalamağı, seçkini saxtalaşdırmağı, əxlaqsızlıq etməyi, narkotikdən istifadə etməyi, qanunları pozmağı və s. İslam dini təşviq edir. Bu, İslamdan deyil insanın özündən aslıdır. İslam əksinə bunlara qarşı çıxır və bu anlayışlara zidd olan, insanlığı inkişafa aparan faktorları önə çəkir. Yaxud başqa bir misal olaraq qeyd edək ki, hər hansısa xristian ölkəsində sadaladığımız mənfi amillər müşahidə edildikdə heç kim bunu xristianlıqla, yaxud “xristian terroru” ilə əlaqələndirmir.
    Bir neçə il bundan əvvəl Hz. Məhəmməd peyğəmbərə (s.ə.s.) qarşı təhqiramiz davranışına görə “Alma” adlı qəzeti tənqid edən məqalə ilə çıxış etmişdim. Həmin məqaləni oxuya bilməyən dostlarımız uluturk.info saytında onu tapıb tanış ola bilərlər. Qeyd edim ki, bir neçə il jurnalist kimi çalışan və ixtisasca da jurnalist olan bir şəxs kimi mənim üçün “Alma” qəzetinə qarşı məqalə yazmaq çətin oldu. Çünki mən istənilən halda, istənilən şəkildə mətbuat azadlığının tərəfdarıyam, mətbuatın sözün tam mənasında hürr olmasını dəstəkləyirəm. Amma mətbuatın da bu amildən istifadə edərək qəbuledilməz bir şəkildə təhqiramiz məqalələr dərc etməsi, xüsusilə milyonlarla insanın müqəddəs inancını təhqir etməsini qətiyyətlə pisləyirəm. Bu situasiyanın, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda baş verməsi heç anlaşılan deyil.
    Bir müddət bundan əvvəl Azərbaycanda istedadlı qələm sahibi kimi tanınan Rafiq Tağı qətlə yetirildi. Ziyalı bir şəxsin qətlə yetirilməsi hissi məndə təəssüf hissi doğurdu. Baxmayaraq ki, mərhumun İslam dini ilə bağlı mövqeyi birmənalı qarşılanmır və hər zaman dartışılırdı.
    Lakin məni bundan da daha çox təəssüfləndirən həmin qətl faktından (mərhum jurnalist Elmar Hüseynovun qətlə yetirildiyi zaman olduğu kimi) müəyyən bir qrupun öz məqsədləri üçün istifadə etmək cəhdi oldu. İslam dininə qarşı hər addımda qarayaxma kampaniyası təşkil edən şəxslərin əlinə sanki bir fürsət düşmüşdü. Nəzarətlərində olan mətbuat orqanlarında, internet saytlarında, sosial şəbəkələrdə yazdıqları fikirləri oxuyanda məndə belə bir təəssürat yaranırdı ki, sanki biz növbəti “səlib yürüşü” ilə üzbəüzük. Bunların hamısına birtəhər dözmək olardı, ancaq bu hücumların sonunda bəyanat qəbul edilməsi, ona tanıdığımız, hörmət etdiyimiz ziyalı dostlarımız da daxil olmaqla bir qrupun imza atması, sənədi müxtəlif təşkilatlara, dövlətlərə göndərmək cəhdi olmasaydı. Vaxtilə çariça II Yekaterina Aleksandr Radişevin “Peterburqdan Moskvaya səyahət” kitabına belə bir qiymət vermişdi: “Bu kitabı oxuyanda adamın üzünə qiyam və inqilab qoxusu vurur”. İndi həmin fikri bu bəyanatla bağlı ümumiləşdirsək bu sənədi oxuyanda adamın üzünə tipik İslam nifrəti vurur. Bəyanat qəbul olunandan bir müddət sonra bu məqaləni yazmağım isə onun altından imza atan şəxslərin öz imzalarından geri çəkiləcəyini gözləməyimlə bağlı idi (hərgah bəzi dostlarımız bunu ediblər və buna görə də onlara təşəkkür edirəm). Lakin ona imza atan bəzi şəxslərin sanki dəyərli bir iş görüblərmiş kimi özlərini müdafə etmələri məni bu sətirləri qələmə almağa məcbur etdi.
    Bildiyim qədrilə bu bəyanatı hazırlayan şəxs(lər) digərlərinin dəstəyini qazanmaq üçün onun mahiyyətini tam şəkildə söyləməyərək sadəcə Rafiq Tağının qətlini pisləyən bəyanat hazırladıqlarını bildirərək əsl niyyətlərini gizlədiblər. Məhz buna görə də sonradan bəzi şəxslər öz imzalarını geri götürdüklərini elan etdilər. Adama deyərlər ki, əgər əməlin və niyyətin “humanistdirsə”, “bu qətldən mənəvi və intellektual zərərçəkən”sənsə və bunun doğruluğuna əminsənsə niyə birbaşa deyil də dolana-dolana mövzuya yaxınlaşırsan?
    Bəyanatda diqqətimi çəkən və nifrət doğuran məqam “tipik İslam terrorunu lənətləyirik” ifadəsi oldu. Qulaqlarımızı yağır etmiş və şəxsən məni artıq iyrəndirən “İslami terror” anlayışını bu bəyanatın sətirləri arasından oxumağım son dərəcədə ikrahdoğurucu idi. Belə məqamda adamın içindən “tipik İslam terrorunu lənətləyirik” deyənləri lənətləmək keçir. Lakin mən bunu etməyəcəyəm. Çünki mən bir müsəlman olaraq humanist bir dinin, dünyaya sülh və barış aşılayan, nifrətə, ədavətə “yox” deyən İslamın nümayəndəsiyəm. Biz müsəlmanlar Qarabağda, İraqda, Əfqanıstanda, Liviyada, Fələstində, Kipr Türk Respublikasında, Kosovoda, Çeçenistanda və s. müsəlman ərazilərində bizə qarşı dövlət terroru həyata keçirənləri, onlara müraciət edərək bu terroru sürətləndirməyə həvəsləndirənləri, digər bu kimiləri öz sülhsevərliyimizlə, imanımızla, həmrəyliyimizlə, mübarizliyimizlə məğlub edəcəyik. Bununla həm də demokratiya, insan hüquqları, fikir və mətbuat azadlığı kimi ifadələrin üzərinə sizin tərəfinizdən salınmış ləkəni siləcəyik. Çünki biz XX əsrin əvvəllərində demokratik respublika qurmağa qadir olmuş və bunu Türk-İslam ideyası üzərində həyata keçirmiş (bayraq bunun ən bariz sübutudur) şəxsiyyətlərin varisləriyik. O üzdən Avropa dəyərlərinə deyil öz dəyərlərimizə söykənərək (bunu da sizlərin tez-tez istinad etdiyiniz klassiklərimizin yaradıcılığından götürmüşük) dünynın elmi-texniki inkişafını mənimsəməyə, bununla da imzamızı millətlərin imzası sırasında yazmağa çalışacağıq.
    Terrordan əziyyət çəkdiyini elan edən “əzabkeş”lərin, terror həyata keçirən dövlətlərə münasibətdə susqunluq göstərən, yaxud onu dolayısıyla dəstəkləyən təşkilatlara müraciət etməsi məndə istehza doğurdu. Hanı BMT-nin, Avropa Şurasının, ATƏT-in ədaləti, hanı ABŞ-ın, Fransanın, Avropanın digər dövlətlərinin humanizmi? “Demokratiyanın beşiyi” olan ölkələrin son illərdə tək bir erməni faktoruna (digər faktları sadalamaq istəmirəm) münasibətdə göstərdikləri münasibət məndə onların “demokratiyanın deşiyi” olması düşüncəsi yaratmaqdadır. O ki qaldı bu cür qurumlara və dövlətlərə yarınanlara münasibətə... Onlarla bağlı hansı fikirlərimin olmasını isə yazmaq istəməzdim. Hər halda bir ölkənin vətəndaşlarıyıq və qarşıdurma yaratmaqda ittiham olunmağımı istəməzdim.
    Bütün müsəlmanları da, təzyiqlə və təhqirlə üzləşənlər da daxil olmaqla hər kəsi belə bir münasibət göstərməyə səsləyirəm. Mübarizə aparın, amma mübarizənizdə heç zaman təmkininizi, haqq-ədalət meyarını itirməyin. Bu məsələdə İslam dini, Hz. Məhəmməd peyğımbərin (s.ə.s.) həyatı bizə, ona qarşı çıxanlar da daxil olmaqla bütün dünyaya ən gözəl örnəkdir.

Bu yazı 195 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :