-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Laqeydliyə çarə varmı?


Təranə Məhərrəmova

12 mart 2012-ci il - 30 mart 2012-ci il

    Təəccübdən lap donub qalmışam.
    Hansı laqeydliyə inansaydım da, buna o qədər inanmazdım.
    Təsəvvür edin, iki il bundan əvvəl dünyasını dəyişən əfsanəvi sovet aktyoru Vyaçeslav Tixonovun məzarının üstü hələ də götürülməyib.
      Hamımız onu oynadığı filmlərdən, daha çox “Baharın on yeddi anı” teleserialından tanıyırıq. Daha çox Ştirlits kimi tanıyırıq. Rusiya mətbuatı, daha dəqiq desəm “Komsomolskaya pravda” bu günə qədər  məşhur aktyora başdaşı qoyulmamasını təəssüflə yazıb.
      Problemlə bağlı Rusiya hökumətinin başçısı Vladimir Putinə də məlumat verilib. Amma məsələnin həlli müşkülə dönüb. Aktyorun təkcə həmkarlarının deyil, pərəstişkarlarının da narazılığı forumlarda müzakirəyə səbəb olub. Narazılıqlar bitib-tükənmir.
      Amma görünür, vəziyyət uzaqdan baxan insanların təsəvvür etdiyindən də kədərlidir. Məzarın üzərində abidənin olmaması bir yana, aktyorun dəfni üçün xərclənən pul da mərasimi təşkil edən təşkilatın hesabına köçürülməyib. Onlar da pullarını tələb edirlər.
      Qəribədir, nə kinematoqrafiya cəmiyyəti, nə də aktyorun doğmaları bu məsələni o vaxtdan həll etməyə təşəbbüs göstərməyiblər. Baxmayaraq ki, Vyaçeslav Tixonovun özü kifayət qədər ciddi adam olub, amma onun dəfn mərasimi və başdaşı ilə bağlı bu cür xoşagəlməz söz-söhbətlər yaranıb.
      Aktyorun qızı deyib ki, Tixonov SSRİ xalq artisti və Sosialist Əməyi Qəhrəmanı olub. Çəkildiyi filmlər dünyanı dolaşıb və kifayət qədər gəlir gətirib. Ona görə də dövlət onu öz hesabına dəfn etməli və başdaşı qoymalı idi. Aktyorun doğmaları hesab edir ki, bu, ölkənin aktyora minnətdarlığıdır.
      “Minnətdar” ölkə isə hesab edir ki, bu, doğmalarının Vyaçeslav Tixonov qarşısındakı borcudur. Beləcə ümumxalq məhəbbətini qazanan aktyorun məzarının nə vaxta qədər başdaşısız qalacağını heç kəs bilmir...
      Bu misalı niyə çəkdim? O səbəbdən ki, özümüzdə də görkəmli sənət adamlarına qarşı bu və ya digər formada laqeydliklər çoxdur. Həddən artıq çox...
      Elə çəkəcəyim ikicə misalla yəqin özünüz də mənə haqq qazandırarsınız.
      Xalq şairi Balaş Azəroğlu dünyasını dəyişməmişdən iki ay əvvəl onun dediklərini yazıya aldım. Ayağının biri bu, digəri o biri dünyada olan şairin o taylı-bu taylı xatirələrinə qulaq asmaq, qocalıq ömrünün müdrikliyə söykənən illərinin yaşantılarını öyrənmək istəyirdim.
      Müxtəlif şair və yazıçılardan, Yazıçılar Birliyinin (YB) üzvlərindən onun ünvanını, telefon nömrəsini soraqladım. Amma şairi “gördüm” deyən olmadı. Təkcə onu dedilər ki, əvvəlki evindən köçüb, harada yaşadığını bilmirik.
      Nəhayət, Balaş Azəroğlunun uzun illər çalışdığı Yazıçılar Birliyinə telefon etdim.  Balaş Azəroğlu 1958-ci ildən qurumun üzvü və  Cənubi Azərbaycan şöbəsinin rəhbəri olub. Amma qurumdan nə desələr yaxşıdır? Dedilər ki, onun yaşadığı binanı sökəndən sonra nə ünvanını, nə də telefon nömrəsini bilmirik. O evində xəstədir, bura da gəlib gedə bilmir.
      1500 üzvü olan YB-də heç kəsin, hətta xalq şairi ilə uzun illər bir otaqda oturanların da ondan xəbərdar olmaması təkcə məni təəccübləndirmədi.
      Ən xırda cızma-qaralarından tutmuş cild-cild əsərlərinə qədər insanlıqdan, humanistlikdən, sevgidən, mərhəmət və xeyirxahlıqdan dəm vuran qələm əhlinin qoca şairə qarşı bu qədər laqeyd olması məni az qala dəhşətə gətirdi. Mənə elə gəldi ki, o yüksək keyfiyyətlərin tərənnümü yalnız ağ vərəqləri qaralamaq, korlamaq üçünmüş...
      YB-dən əlim üzüləndən sonra kənar tanışlardan şairin ünvanını soraqladım. Yenə köhnə evinin və qurumdakı otaqların telefon nömrələri… Əlqərəz, 90 yaşını haqlayan şairdən xəbər verən tapılmadı…
      Nəhayət, uzun-uzadı əlaqələrdən sonra şairi tapdım və görüşdüm. Hələ indiyə qədər də dolub-boşalan gözlərini, boğazına yığılan qəhərdən titrəyən səsini unuda bilmirəm. Arxamca qapıya qədər gələrək: “məni yenə axtararsınız”- deməsi də yadımdan çıxmır.
      Anlaya bilmədim ki, qəlbinin daha da tənhalaşdığı, ünsiyyətə daha çox ehtiyacının olduğu bir vaxtda qələm dostları şairə niyə baş çəkməyiblər?!
      İki aydan sonra eşitdim ki, Balaş Azəroğlu dünyasını dəyişib. YB-də təşkil olunan mərasimdə isə alovlu çıxışlarda şair haqqında ən humanist fikirlər səsləndi. Onun insanlığından, alicənablığından, humanistliyindən və s. keyfiyyətlərindən danışıldı. Sadəcə, mənə qaranlıq qalan şairin ölümündən YB-nin necə xəbər tutması oldu...
      Yanvar ayında isə Xalq artisti Eldəniz Zeynalovun 75 illiyi idi. Eldəniz Zeynalov milli kinoda və teatrda, televiziya və radio tamaşalarında, “Mozalan” satirik kinojurnalının bir çox süjetlərində gözəl obrazlar yaradıb. Ancaq belə bir aktyorun yubileyi demək olar ki, heç kəsin yadına düşmədi.
      Oğlu mənə dedi ki, atasına qarşı laqeydlik həmişə olub. Elə Xalq artisti adını da yataq xəstəsi olarkən alıb. Xalq arasında onsuz da xalq artisti adını daşıyan aktyor dövlətin ona verdiyi fəxri adın sevincini doya-doya yaşamayıb. Bir neçə gündən sonra dünyasını dəyişib.
      Aktyorun ölümündən sonra sanki ailədə sükut yaranıb. Bu acıya hələm-hələm alışa bilməmək bir yana, ailə “bəlkə kimsə kömək etdi” ümidi ilə də baş-başa qalıb. Ancaq köhnə evin köhnə dostları onların ünvanını yaddan çıxarıb. Nə illərlə çalışdığı teatrdan, nə kinostudiyadan onlara haray olmayıb.
      Adını ölkənin kino salnaməsinə və  teatr səhifəsinə yazan aktyor unudulub. Tamam unudulub. Heç olmasa, unudulmaz rolları lentlərin yaddaşına köçən aktyorun adı insanların yaddaşından silinməsin deyə bircə addım atan da olmayıb.
      Üstəlik oğlu atasının yolunu davam etdirmək üçün aktyorluq sənətini seçsə də bu günə qədər işsizdir. Üz tutduğu teatrların heç biri ona qapı açmayıb. Nə Eldəniz Zeynalovun oğlu kimi, nə də onun sosial probleminin həlli kimi heç kəs ona kömək etməyib. Kömək etmək istəməyib.
      Əslində bu cür misallar istənilən qədərdir. Saymaqla da qurtarası deyil. Bir-birindən kədərli, bir-birindən acı... Heç birinin də cavabı yoxdur. İliyə, qana işləyən laqeydliyə kim cavab tapa bilər ki?!
 
 

Bu yazı 625 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :