-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Turanın ortaq dərdi - Ortaq Türkcə


Səbuhi Turançı

19 aprel 2012-ci il - 25 may 2012-ci il


   Artıq iyrimi ildən çox zaman keçir Sovet İttifaqının dağılmasından. Çox böyük hisslərlə, arzularla dağıtmışdıq o boyda sovetləri. Əvvəlcə Bütöv Azərbaycan, sonra isə Turan idi hədəfimiz. Çox danışdıq, çox sözlər tükətdik, şerlər qoşduq, cild-cild romanlar yazdıq, ancaq iş görmədik ki, görmədik.
   Rəhmətlik İsmayıl Bəy Qaspıralı hələ yüz il öncə “DİLDƏ, FİKİRDƏ, İŞDƏ BİRLİK” deyərək o BÖYÜK arzunun, o böyük hədəfin yolunu göstərmişdi bizlərə. Fikirdə birlik olmaq üçün bir dil olmalıdır. Hərə bir dildə danışsa, deməli danışılan dillər qədər də fərqli fikirlər ortaya çıxacaq. Fikirdə birlik üçün dildə birlik vacibdir. İşdə birlik olmaq üçün isə, fikri bir yerə qoymaq lazımdır. Deməli birliyimiz, böyük hədəfimiz üçün ilk aşama DİLDƏ birlikdi.
   Türk Birliyi üçün, Turan üçün Azərbaycan Türkü Özbək Türkünü başa düşməlidi. Onun dərdini,sərini, sorununu, istəklərini bilməlidir. Bizim özümüzün olan, öz adətimizi, tariximizi, milli özəlliklərimizi daşıyan, eyni zamanda dünya Türkləri arasında iletişimi  sağlayan bir dil- ORTAK TÜRKCƏ olmalıdır.
   İyrimi il keçir Sovetlərin dağılmasından. İyrimi ildir ki, Türk Birliyindən danışırıq. Bu iyrimi ildə Türk dünyası üçün uğur hesab ediləcək bir çox qürurverici hadisə yaşandı. Amma Ortaq Türkcədə heç bir nəzərə çarpacaq irəliləyiş gözə dəymir.
   Ortaq Türkcə olmazsa, biz özümüzdən sonrakı nəsillərə bir xəyaldan, dünyanın ən şirin arzusundan, Turan həsrəti ilə dolub-daşan şerlərdən, romanlardan başqa heç nə qoyub getməyəcəyik. Ortaq Türkcə olmazsa, Fikirdə birliyimiz, nəhayət İşdə də birliyimiz olmayacaq.
   Sosial şəbəkələrdən birində qazax gəncləri ilə söhbət edirdim. Ağlıma da gəlməzdi ki, bunlar -özlərinin dediyi kimi- PANTÜRKİST olar. Ərəbin dili ilə salamlaşdıq, rusun dili ilə hal-əhval tutduq, sonra da Türkcə bundan adını soruşdum. Mənə cavab verdi ki, TÜSÜNMEDİM, yəni başa düşmədim. Biz yenə başladıq rus dilində danışmağa. Necə də böyük bir rəzalət, necə də böyük bir utanc. İyrimi ildi Azərbaycan və Qazaxıstan müstəqildir. İyrimi ildə mənim qazax dilində eşitdiyim, gördüyüm, öyrəndiyim ilk kəlmə oldu TÜSÜNMEDİM. Əminəm ki, Azərbaycanda elə gənclər var ki, qazax dilində ümmiyyətlə heç nə eşitməyib. Məsələ nə Qazaxıstanın məsələsidi, nə də Azərbaycanın. Bu bütün Türk Dünyasının sorunudur.
   Sonra öyrəndim ki, sən demə Orta Asiyada da ürəyində Turan sevdası olan yetərincə savadlı, inanclı gənclər var. Biz onlayn konferanslar təşkil etməyə başladıq. Orda Türk Dünyasının demək olar ki, hər yerindən gənclər olurdu. Yakutiyadan, Başqurdustandan, Tatarıstandan, Qırğızıstandan, Qazaxıstandan, Qaqauziyadan, Azərbaycandan, Türkiyədən və başqa diyarlardan gənclər Türk Dünyasının problemlərini müzakirə edirdik. Bir dəfə Ortaq Türk dilinin hansı dil olması barədə müzakirələr aparırdıq. Azərbaycandan və Türkiyədən olan gənclər Ortaq Türkcənin Türkiyə Türkcəsi olması gərəkdiyini müdafiə edirdik. Fikrimizi də belə əsaslandırırdıq ki, Türk Dünyasında say çoxluğu Oğuzlara məxsusdur. Yəni Ortaq Türk dili Oğuz ləhcələrindən biri olmalıdı. Oğuz ləhcələri arasında da istər dünya xalqları, istərsə də Türk xalqları tərəfindən ən çox bilinən və mənimsənilən dil isə Türkiyə Türkcəsiidir. Ortaq Türkcə Anadolu Türcəsi olmalıdır. Ancaq Anadolu Türkcəsi sütun olmalıdır. Yəni Ortaq Türkcə bu ləhcənin üzərində gəlişdirilməlidir. Türkiyə Türkcəsindəki yad dillərdən alınma sözlər çıxarılmalı, həmin sözün dildən çıxması ilə yaranan boşluğu isə digər Türk ləhcələrindən olan sözlər doldurmalıdır. Həmin söz digər Türk ləhcələrində də olmazsa, yeni söz törədilməli, ya da alınma söz saxlanılmalıdır. Məsələn əksər Türk ləhcələrində radio sözü işlənir. Ancaq tatar dilində radio sözünün çox gözəl və uğurlu qarşılığı var. Tatarlar radioya ÜNALQI deyir.
   Orta Asiyadan, özəlliklə də qırğız gənclər Ortaq Türkcənin Anadolu Türkcəsi olması ilə razılaşmadılar. Onlar fikirlərini belə izah edirdilər ki, Türkiyə Türkcəsində həddindən artıq ərəb, fars və avropa kökənli sözlər var və bu dili demək olar ki, anlamırlar. Əvəzində Ortaq Türkcənin Yenisey qırğızcası olmasını təklif edirdilər. Onlar Türk dilinin bu ləhcəsində alınma sözlərin az olduğunu və dilin leksikonuna tam oturuşmadığını söyləyirdilər.
   Uzun sözün qısası, Ortaq Türkcə məsələsində uzlaşa bilmədik. Ancaq danışmağın, qardaşlarımızın nə düşündüklərini, nə istədikərini bilməyin çox böyük önəminin olduğunu anladım. Sən otur Türkiyədə, mən Azərbaycanda, o birisi də Orta Asiyada bütün günü Turan deyib Turan eşidək. Bununla heç nə əldə etmək olmaz. Danışmaq lazımdı, danışmaq üçün isə ortaq dil.
   Ortaq Türkcə məsələsində də Azərbaycanın çox fərqli yerinin olduğunu görürük. Haşiyəyə çıxaraq qeyd etməliyəm ki, bu məsələdə məhəlli millətçilikdən bir qədər uzaq olmaq lazımdı. Azərbaycançılıq, Qazaxıstançılıq və s. öz yerində. Bunlara heç kim heç nə demir. Ancaq məsələ Turan olanda bir qədər də böyük düşünmək və böyük sevgi hissi bəsləmək lazımdı.
   Azərbaycanda həm rus dili, həm də Türkiyə Türkcəsi geniş kütlə tərəfindən bilinir. Yəni biz həm Orta Asiya, həm də Anadolu ilə sərbəst əlaqə saxlaya bilirik. Ancaq Orta Asiya və Anadolunun bir-biri ilə iletişim qurması çox çətindir. Bu məqamda Ortaq Türkcənin vacibliyi bir daha özünü göstərir.
   Əslində beş-on nəfərin bir yerə yığışıb Ortaq Türkcəni təyin eləməsi də heç nəyi həll etmir. Burada işə birbaşa dövlət qarışmalıdır. Əminəm ki, Anadolu Türkcəsini anlamıram deyən bir qırğız və ya qazax müəyyən müddət Türkiyə kanallarına baxsa, Türkiyə müğənnilərinə qulaq assa, bir qədər fərdi təşəbbüs göstərsə, bu dili asanlıqla öyrənər. Necə ki, Monqolustandakı qazaxlar təkcə TRT-yə baxmaqla Türkiyə Türkcəsini öyrəniblər.
   Bəzi insanlar Ortaq Türkcə kimi hər hansı bir dilin önə sürülməsinə qarşı çıxır. Onlar belə hesab edirlər ki, Ortaq Türkcə Türk ləhcələri arasında əlaqləri intensivləşdirərək doğal olaraq yaranan yeni bir dil olmalıdır. Yəni bir Türk gün ərzində demək olar ki, bütün ləhcələri eşidəcək. Nəticədə o bu ləhcələrin hamısını öyrənəcək və ictimai proseslər nətincəsində bu ləhcələrin qarışığından yeni bir dil meydana çıxacaq. Bax bu Ortaq Türkcə olmalıdır. Bu əslində çox uzun vaxt tələb edən və sonluğunun necə olacağı bəlli olmayan təklifdir. Biz isə artıq iyrimi il itirmişik.
   İyrimi ildir İsmayıl bəyin yüz il  geridən gələn səsinə səs verib “DİLDƏ, FİKİRDƏ, İŞDƏ BİRLİK” deyə qışqırırıq. Ağzımızı bir-birimizin qulağına dirəyib qışqırırıq. Amma hələ də O kişinin səsini eşitmirik ki, eşitmirik.
   Dil birliyimiz yoxudursa, fikir birliyimiz yoxdur, fikir birliyimiz yoxdursa, iş birliyimiz yoxdur, iş birliyimiz yoxdursa, TURAN yoxdu, Turan yoxdursa, nə Türkiyə var, nə Azərbaycan, nə də Türkistan.

Bu yazı 851 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :