-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

BOYLANMAĞI SEVMİRƏM, YUXARI BOYLANARAM


Gülnar MAYİSQIZI

16 may 2012-ci il - 8 iyun 2012-ci il

İstəklərim
    İstəklərimin ardınca qaçmaq istədim hər zaman. Əslində qaçmaq yox, istəklərimlə yan-yana getmək istədim, alınmayanda ardınca qaçdım. Qaçdı-tutduda keçdi ömür. Mən çatdığımda o buxarlandı. O durduğunda mən yoruldum.
    Amma istəklərimdən bir an belə olsun vaz keçmədim. Nə qədər əlçatmaz olsa, nə qədər əzab versə belə, istəklərimi düşünmədən yaşamağı bir an istəmədim, düşünmədim sadəcə. Həyat bəzən bir ömür gizlənqaç oynar insanla. Zamanında tapmaq istədiklərin zamansızlıqda çıxar qarşına, o zaman həyatın əsl oyununun mahiyyətini anlarsan. O zaman qismət deyərsən, özünü inandırmaq üçün deyərsən, acını xəfiflətmək üçün sadəcə qismət deyərsən.
    Zənn edərsən ki, qismət dediyində daha az ağrıyacaqsan. Sən belə zənn edərsən, dostum, mənim də elə zənli günlərim oldu. Amma mənim yaralarım o zənlərlə sarılmadı, o zənlərlə azalmadı və qaysaqlanmadı da. Əksinə, zənni-gümanlarım məni olmayacaq zənni-güman dolu günlərə doğru apardı. Və hal oldu ki, artıq zənni-gümanlara sığmaz oldum. Qismət dediyim o zəndən qaçmaq, gümandan qurtulmaq istəyi ilə sən də sığma onlara. Sən sadəcə istəklərinin ardınca deyil, yanınca getməyi düşün, dostum. O zaman istəklərin sənlə dost olacaq. O zaman sən istəyinin yanında olacaqsan. O zaman istədiyinin yanında olduğun üçün doya-doya yaşayacaqsan istəklərini.
    Zaman atlı, sən piyada olsan belə, istəklərinin dostu olaraq yaşamağı düşün, dostum!

Boğuluram…
    Bəzən gözdən, bəzən üzdən, bəzən yüzdən, bəzən təkdən boğuluram. Bəzən sazdan, bəzən sözdən, bəzən bizdən boğuluram. Nitqimdə boğuluram.
    Bəzən sükutdan, bəzən gurdan, bəzən istidən, bəzən soyuqdan boğuluram. Bəzən yağmurda, bəzən gündə, bəzən izdə, bəzən seldə, bəzən düzdə boğuluram. Bəzən evdə, bəzən çöldə boğuluram. Hər keçəndə, hər gələndə boğuluram.
    Bəzən varda, bəzən yoxda boğuluram. Bəzən azda, bəzən çoxda boğuluram. Bəzən göydə, bəzən yerdə, bəzən qəbirdə boğuluram. Bəzən burda, bəzən orda boğuluram. Bəzən ölüdə, bəzən diridə boğuluram. Bəzən dildə, bəzən dilçəkdə boğuluram. Bəzən suda, bəzən quruda boğuluram. Bəzən əldə, bəzən içdə boğuluram. Bəzən yaşda, bəzən gülüşdə boğuluram. Bəzən başda, bəzən yaşda boğuluram. Bəzən ağda, bəzən qarada, bəzən rəngdə boğuluram. Bəzən yatanda, bəzən ayılanda boğuluram. Bəzən vətəndə, bəzən qürbətdə boğuluram.

Mən yaşamda, boğuluram!
    Böyüklük
    Böyüklüyü sevirəm. Böyükdə olsun, kiçikdə olsun, yetər ki, böyüklük olsun!
    Zirvə gözəldir, böyükdür, amma zirvədəki böyüklüyü sevməm. Zirvədən aşağı boylanmaq lazım, çünkü mən aşağı boylanmağı sevmirəm, yuxarı boylanaram. Dərinliyi sevərəm, dərinlikdəki böyüklüyü daha çox sevərəm. Dərinliyə vardıqca udar insanı, hüzur dolar qəlbinə, getdikcə getmək istərsən. Dərinlikdəki böyük hüzuru sevərəm. Kiçiklərdəki böyüklükləri gödüyümdə ümidlənərəm, böyüklərdəki kiçiklikdən isə üzülərəm. Böyüklük duyğusunu hər hiss etdiyimdə fəxarətlənərəm, yaşam üçün sevinərəm. Böyüklərdən böyüklük görüncə kiçiklər anlayırlar. Böyüklüyü də, kiçikliyi də gördükləri üçün anlayırlar. Böyüklük sözdə deyil, sadəcə yaşanıldıqda böyüklük olur.
    Böyük dağları seyr etmək gözəl, amma zəngin dərinlikləri kəşf etmək daha gözəl, dostum!

Dolu günlər
    Dolu günlərim çox oldu. Hərdən düşünürəm ki, bir ömür dolu keçdim mən. Boş olduğumu axtardım, tapammadım. Bütün günlərimdə tapdım doluluğumu. İçimin aşıb-daşdığı dolu günlərimdə tapdım doluluğumu. Sözlərlə tökdüm, aşdım-daşdım, boşalmadı içim. Elə hey aşdım ki, daşdım. Aşdığımda qəm dolu cümlələrimi oxuyan dostlarım inanmadılar dolu olmağıma, fantazıya dedilər.
    Bir insanin içinə fantaziya aləmi nə qədər sığar? Mənim içimə sığan dolu, dopdolu bir dünya oldu. Bunu anladığımda doldum-daşdım. Dolu dünyanın doluluğu, boşalmayan dərdləri azalmadıqca boşala bilmədim mən də. Dərd dolu, ələm dolu, qayğı dolu, xəstə dolu, ölüm dolu, itim dolu, dolu dünyanı daim dolu gördüyündə necə boşala bilər insan, anlamadım.
    Mənim də dolu olduğumu anlamayan dostum kimi mən də boş olanı anlaya bilmədim zamanla. Heç bir zaman boş verə bilmədim. Dolu dünyanın dolu yükünə. Qəm dolu yükünə boş verə bilmədiyim üçün dolu qaldım həmişə.
    Boş verə bilmədiyim yüklərin içində itib-batdıqca dolu-dolu qaldım. Dolu dünyanın dolu yükünü dolu cəkmək üçün mən dolu qaldım! Doluya boş vermək mümkünmü, dostum? Mən boş olana belə boş verə bilmədim!

Bu yazı 843 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :