-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Sosial-iqtisadi proseslərin fəlsəfi, sosioloji mahiyyəti


Əhməd Qəşəmoğlu
fəlsəfə doktoru
11 iyun 2012-ci il - 25 iyun 2012-ci il
    
    İndiki dövrdə sosial-iqtisadi proseslərin elmi olaraq daha dərindən tətqiq olunması zərurəti getdikcə artmaqdadır. Qlobollaşma prosesinin sürətlə davam etməsi həm bütün yer üzündə, həm də hər bir regionda, ölkədə sosial və iqtisadi amilləri daha da fəallaşdırmaqda, sosial-iqtisadi prosesləri sürətləndirməkdədir. Get-gedə mürəkkəbləşən cəmiyyətlərdə sosial-iqtisadi proseslər həm məzmunca mürəkəbləşməkdə, həm də sayca artmaqdadır. Hər bir ölkə, cəmiyyət, sosial sistem günü-gündən müxtəlif sosial-iqtisadi proseslərdən daha çox asılı vəziyyətə gəlir. Ona görə də elmin bu sahəyə diqqətini daha çox artırmasına böyük ehtiyac yaranıb. Amma aydındır ki, istənilən bir sahədə elmi metodogiyaların təkmilləşməsi, daha da məzmunlu və uğurlu olması həm də onların fəlsəfi əsaslarının nə dərəcədə aydın olmasından asılıdır. Sosial-iqtisadi proseslər sahəsində elmi metodologiyanın təkmilləşməsi məzmunca eyni zamanda məsələnin sosioloji mahiyyətinin də aydınlaşdırılmasıni tələb edir. Bu baxımdan sosial-iqtisadi proseslərin fəlsəfi, sosioloji mahiyyətinin aydınlaşdırılması olduqca aktual bir məsələdir.
    İndi elmi ədəbiyytada sosial- iqtisadi proseslərdən söhbət getdikdə, təəsüf ki, əksər hallarda fəlsəfi, metodoloji baxımdan müəyyən bir yanlışlığa yol verirlər. Beləki, sosial - iqtisadi proses dedikdə müəyyən qrup sosial və iqtisadi amillərin mexaniki küllisini araşdırırlar. Sosial-iqtisadi inkişafdan danışanda konkret sosial və iqtisadi göstəricilərin statistikasını təsvir, daha yaxşı halda isə təhlil etməklə məşğul olurlar.
    “Sosial – iqtisadi” anlayışının formalaşması, elmi araşdırma obyektinə çevrilməsi prosesi elmdə iki istiqamətin inkişafı ilə şərtlənir: I. İqtisadçıların sosial amillərə diqqət verilməsi zərurətini hiss etmələri, sosiologiyaya maraqlarının artması ilə; Bu maraq iqtisadi sosiologiya elminin yaranmasına, inkişaf etməsinə səbəb oldu(1,2). II. Sosioloqların iqtisadi amillərə diqqətinin artması, onların iqtisadiyyatın myəyyən sahəlrinin araşdırılmasında sosiologiya elmini tədbiq etmələri (3,4). İndiki dövrdə isə, cəmiyyətdə gedən proseslərin elmi idarə olunması zərurəti artıqca məsələyə daha kompleks, sistemli olaraq yanaşma ehtiyacı artmaqdadır ( 5).
    İndiki vaxtda elmdə sosial- iqtisadi proseslərin mahiyyətini izah etmək üçün bir sıra yanaşmalar mövcuddur. Qərb elmi ədəbiyyatında sosial-iqtisadi proseslərin araşdırılmasında iqtisadi amillərin rolu ön plana çəkilir. Sosial amillərə isə mənəvi baxımdan məhdud cərcivədə yer ayrılır. Əhalinin güzəranı məsələsi mənəviyyat məsələlərindən daha qabağa keçir. Əksər hallarda mənəviyyat amilləri güzərana xidmət edir. Bu münasibət kapitalizm cəmiyyətinin xarakterindən doğur (5). Bu sahədəki qərb elmi düşüncə tərzinin əsas mənzərəsi BMT nin yer üzündə sosial- iqtisadi proseslərin tənzimlənməsi, sülhə xidmət etməsi sahəsində həyata keçirdiyi proqramlarda özünü daha aydın göstərir (6). BMT-nin istifadə etdiyi elmi metodoligiyada, eləcə də qərbdə bu sahədəki elmi araşdırmalarda diqqət daha çox iqtisadi amillərə verilir və sosial amillər məhdud şəkildə nəzərə alınır. Sosial amillərin mənəvi proseslərə göstərdiyi təsir arxa plana keçirilir.
    BMT indiki vaxtda inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi inkişafla bağlı layihələr həyata keçirdiyi zaman daha çox “təcili yardım” xarakterli tədbirlər görür. Bu xarakterli tədbirlər isə sosial-iqtisadi proseslərin mahiyyətinə çox da dərindən fikir vemədən həyata keçirilə bilər. Amma təcili yardımdam sonra normal həyat başladığı zaman həyata heçirilmiş tədbirlər öz effektini verir. Bu effekt o zaman arzu edilən olacaqdır ki, zamanında sosial- iqtisadi prosesin mahiyyətinə lazıminca diqqət yetirlmiş olsun. Həmin bu vəziyyət keçid dövrünu küçən ölkələr üçün də oxşardır. Keçid dövründə də, sosial-iqtisadi proseslərin düzgün idarə olunmasına böyük ehtiyac var. Keçid dövrü bitdikdən sonra, normal həyat başladıqda artıq sosial-iqtisadi proseslər daha əhatəli nəzərə alınmalı və daha dərindən təhlil edilməli, buna uyğun yeni idarəetmə prosesi qurulmalıdır.
    İndiki vaxtda rus sosioloqlarının, iqtisadçılarının sosial-iqtisadi proseslərlərlə bağlı ümumi mövqeyini əks etdirən rus sosioloqu, idarəetmə sahəsində tanınmış mütəxəssis E. P. Tavokin sosial- iqtisadi prosesin mahiyyətini belə izah edir: bir var təbii proseslər, bir də var ictimai proseslər. İnsanın əmək vasitələrinin vasitəsi ilə, təbiətlə qarşılıqlı əlaqədə yaxud ona təsir edərək, maddi və intellektual məhsullar yaratmaq üçün göstərdiyi fəaliyyət zamanı baş verən proseslər təbii proseslərdir. İnsanlar öz aralarında, qarşılıqlı əlaqədə, həmin məhsulları istehsal yaxud istehlak etmək üçün göstərdikləri fəaliyyət zamanı baş verən proses isə ictimai prosesdir. Bu proseslər biri biri ilə six qarşılıqlı əlaqədə baş verir, müəyyən tənzimlənmə zamanı isə ortaqlaşırlar. Nəticədə bu iki prosesin qarşılıqlı baş verməsi nəticəsində sosial- iqtisadi proses baş verir (7). Bu yanaşmada da sosial- iqtisadi proseslərin mahiyyətini izah etmək üçün müəyyən bir irəliləyiş olsa da yarıçmçıqdır və sosial- iqtisadi proseslərin mahiyyətini lazımı qədər aydınlaşdıra bilmir. Həm “iqtisadi proseslər”, həm də “sosial proseslər” barədə verilən izahlarda həm də onların “ortqalaşması” ilə yaranan “sosial- iqtisadi proseslər” barədə təsəvvürlərdə müəyyən bir mücərrədlik, natamamlıq var. Sosial-iqtisadi proseslərin mahiyyətinin daha əhatəli, konstruktiv olaraq izah olunması üçün sistem nəzəriyyəsindən istifadə etməyə ehtiyac var.
    Hər hansı sosial-iqtisadi proses müəyyən bir qrup “sosial” və “iqtisadi” amillərin, göstəricilərin müxaniki küllisi, mücərrəd ortaqlaşması deyil. Bu amillərin, göstəriciləri qarşılıqlı əlaqədə əmələ gətirdiyi sistemin təzahürü, davranış formasıdır. Elementler, onların təşkil etdiyi qruplar bir biri ilə qarşılıqlı əlaqədə sistem əmələ gətirdikdə, bu elementlərin, elementlər qrupunun heç birində olmayan yeni bir xüsusiyyət meydana çıxır. Sistemin hər hansı bir tərifi ilə tanış olan istənilən mütəxssisə aydındır ki, sistemin elementlerini təsvir etməklə, sistemin davranışını təhlil etmək tamamilə fərqli məsələlərdir. Belə olduqda, indiki vaxtda sosial-iqtisadi proseslərin təhlili, idarə olunması zamanı nə qədər ciddi yanlışlıqlığa yol verildiyini görmək çətin deyildir. Biz ancaq “sosial” və “iqtisadi” amilləri təhlil etdikdə sosial - iqtisadi prosesi xarakterizə edən sistemi strukturca öyrənmək sahəsində nə isə etmiş oluruq. Bu hələ prosesin özünü təhlil etmək deyildir. Hər hansı sosial- iqtisadi prosesi təhlil edən zaman, onu xakterizə edən sistemin struktur təhlili ilə yanaşı, funksional olaraq təhlilə də ehtiyac vardır. Sosial-iqtisadi proseslər idarə olunduğu zaman onu təşkil edən sosial, yaxud iqtisadi amillərdə baş verən dəyişikliyi sosial-iqtisadi prosesin adına yazmaq olmaz. Diqqəti ona vermək lazımdır ki, bu dəyişikliklərin olması ilə həmin sosial iqtisadi prosesdə hansı dəyişiklik baş verib.
    Sosial-iqtisadi prosesin fəlsəfi, sosioloji mahiyyətini daha ətraflı izah etmək ücün əvvəlcə “sosial” və “iqtisadi” anlayışlarını bir qədər əhatəli olaraq nəzərdən keçirək. “Sosial” sözü latınca “sosialis” sözündən götürülmüşdür və “ümumi”, “ictimai” mənasını verir. Bu termin barədə elmi ədəbiyyatda o qədər də geniş məlumat yoxdur. Adətən bu terminin hamıya aydın olduğu düşünülür və onun barəsində geniş danışılmır. Verilən məlumatlar da bir qayda olaraq səthi xarakter daşıyır (5). Geniş mənada “sosial” dedikdə bütün cəmiyyətə xas olan xüsusiyyət kimi qəbul edilir. Bu mənada “sosial” sozü “ictimai” mənasını verir. Bir qədər məhdud mənada “sosial” anlayışı əsasən insanların arasındakı ümumi əlaqələri, insanlararası müxtəlif tipli münasibətləri, insanların birgə fəaliyyətini əks etdirən cəhətləri, ictimai proseslərə xas amilləri, insan faktorunu və b.k. xüsusiyyətləri ifadə edir. Birbaşa insanla, insanın mahiyyəti ilə bağlı olan bu termin elmə də, həyatımızda ən mühüm terminlərdən, anlayışlardan biridir. “Sosial” terminin dəqiqləşməsi üçün iki məsələyə diqqət yetirilməlidir:
    1) insanın özünün mahiyyəti;
2) insanlar arasındakı münasıbətin xarakteri. Müəllifin “Sosial proseslərin idarə olunmasının fəlsəfi, sosioloji problemləri(Ahəngyol elminə giriş) ” kitabında (5), bir sıra məqalələrində “sosial” anlayışı bu aspektdən araşdırılmış və ona aşağıdakı kimi tərif verilib:
    “Sosial” dedikdə iki və ikidən artıq insanın idrak amilinin iştirakı ilə bir sistem əmələ gətirdikləri zaman ortaya çıxan xüsusiyyəti nəzərdə tutmaq olar. Bu tərif “sosial” anlayışına verilən bütün təriflərdən daha aydın və daha konkretdir.
    İqtisadiyyat (qədim yunan dilində-οἶκος- ev və νόμος - qayda, qanun, hərfi olaraq “təsərrüfatın aparılması qaydaları”) (8) mənasını verir və cəmiyyətin təsərrüfat fəaliyyətini göstərir. Müasir elmi ədəbiyyatda iqtisadiyyat dedikdə cəmiyyətdəki istehsalat, bölgü, mübadilə və istehlak münasibətlərinin küllisi nəzərdə tutulur. İqtisadi amil bu münasibətlər küllisinin daşıyıcısıdır. Ümumən, iqtisadi amillər dedikdə cəmiyyətin, fərdin mövcudluğu, fəaliyyəti üçün vacib olan maddi təminat nəzərdə tutulur.
    Proses sözü latın dilindəki processus sözündən yaranmışdır və axın, hərəkət, irəliləyiş mənasını verir. Nəyinsə vəziyyətinin, halının ardıcıl olaraq dəyişməsini, öyrənilən hadisənin inkişaf mərhələrini, müəyyən bir məqsədə çatmaq üçün hərəkətlər küllisini xarakterizə edir (9,10).
    Sosial hadisə dedikdə, məşhur amerikan sosioloqu P. Sorokin fikrincə “insanlar arasında psixi xarakter daşıyan istənilən qarşılıqlı əlaqə” (11) başa düşülür. Bizim “sosial” anlayışına verdiyimiz tərifə görə, insanlar arasında idrak amilinin təsiri ilə sistemin yaranması sosial hadisədir. Anoloji olaraq insanlar arasında sosial və iqtisadi amillərin qarşılıqlı əlaqələri nəticəsində sistemin yaranmasına sosial-iqtisadi hadisə deyə bilərik. Sosial-iqtisadi proses sadəcə hadisə deyil, zamanın dəyişməsi ilə dəyişən bir haldır. Sosial-iqtisadi hadisələr seriyasına o zaman proses kimi baxmaq olar ki, aşağıdakı şərtlər ödənsin:
    zaman dəyişdikcə onu başqa hadisələrdən, seriyalardan ayıran identiklik şərti qorunsun;
1) bu seriyadakı əvvəl baş verən hadisə, heç olmasa müəyyən qədər,özündən sonra gələni şərtləndirsin, doğursun;
2) əvvəl baş verən hadisə sonrakı ilə bircinsli olsun.(12)
    Sosial - iqtisadi hadisələri üç qrupa bölmək olar : 1. daha çox iqtisadi amillərlə müəyyənləşən, amma onlar üçün sosial amillərin də mühüm olduğu hadisələr; 2. həm xeyli iqtisadi həm də xeyli sosial amillərlə, onların qarşılıqlı əlaqələri ilə müəyyənləşən hadisələr; 3. daha çox sosial amillərlə müəyyənləşən, iqtisadi amillərlə şərtlənən hadisələr.
    Əvvala onu qeyd edək ki, təbiətdə nə sırf “sosial” proses var, nə də sırf “iqtisadi” proses. Bu proseslər özləri biri-biri ilə və digər proseslərlə, amillərlə bağlıdır. Amma elmi araşdırma zamanı bəzi prosesləri daha çox “sosial”, başqalarını isə daha çox “iqtisadi” kimi xarakterizə etmək olar. Sosial-iqtisadi prosesin üzə çıxmasında, baş verməsində həm sosial amillər mühüm rol oynayır, həm də iqtisadi. Amma o nə sosial prosesdir, nə də iqtisadi proses. Sosial və iqtisadi amillərin yaratdığı sistemin xarakterizə etdiyi hadisələrin tərifdə deyildiyi ardıcıllığıdır. Ona görə də sosial-iqtisadi proseslərin araşdırılması, idarə olunması xüsusi münasibət tələb edir. Sosial- iqtisadi proseslər elə xüsusiyyətlərə malikdir ki, bu xüsusiyyətlər nə ayrılıqda sosial proseslərdə, nə iqtisadi proseslərdə var. Misal üçün, su hidrogen və oksigenin birləşməsindən yarnır. Amma artıq o qaz deyil, mayedir. Onun araşdırılması hidrogenin və oksigenin araşdırılmasından fərqli bir yanaşma tələb edir. Nəzərə almaq lazımdır ki, minlərcə bulaqların, digər su mənbələrinin suları biri birinə bənzəmir. Hər birinin ayrı bir dadı, mineral zənginliyi və s. var. Sosial- iqtisadi proseslər də elədir. Bir muhitdə eyni sosial və iqtisadi amillər birlikdə bir cür proses yaradar, digər mühitdə isə başqa cür, fərqli. Konkret sosial - iqtisadi prosesi xarakterizə edən konkret sistem daha aydın təsəvvür edilərək nəzərə alındıqca sosial- iqtisadi proseslərin öyrənilməsi və idarə olunması daha uğurlu olur.
    Misal üçün, təhsil prosesi sosial-iqtisadi prosesdir. Bu prosesi konkret olaraq xarakterizə edən bir sistem mövcuddur. Bu sistemi təşkil edən “maddi baza”: “binalar”, “vəsaitlər, ləvazimatlar”, “kommunal xərclər”, “müəllimlərin əmək haqqı”, “təhsili təşkil edən işçilərin əməkhaqqı”, “dərsliklərə çəkilən xərc”, “elmi araşdırmalara çəkilən xərc”, “ezamiyyətlərə çəkilən xərc” və s. onlarca iqtisadi amillər(elementlər) var. Eyni zamanda bu sistemi xarakterizə edən sosial amillər(elementlər) var: “şagirdlərin sayı”, “şagirdlərin dərsə davamiyyəti”, “müəllimlərin sayı”, “müəllimlərin hazırlıq səviyyəsi”, “tədrisi təşkil edənlərin sayı”, “dərsliklərin keyfiyyəti” və s. Bu amillərin- göstəricilərin, indiqatorların hər hansı birində baş vermiş müsbət dəyişikliyi ümumən təhsil prosesindəki dəyişik qəbul etmək yanlışlıqdır. Misal üçün yeni binaların tikilməsi, ezam iyyətlərin artması, təhsil sisteminə daha çox şagirdin cəlb olunması, müəllimlərin maaşının artması hələ təhsil prosesinin arzu olunan şəkildə getməsi demək deyildir. Təhsil prosesi, bu iqtisadi və sosial amillərin birlikdə yaratdığı sistemin təzahürü, davranışıdır. Təhsil prosesini araşdırmaq, nə baş verdiyini aydınlaşdırmaq üçün eyni zamanda hən struktur yanaşmaya, həm də funksional yanaşmaya ehtiyac var. Bunun üçün əvvəlcə təhsil prosesini doğuran sistemi müəyyənləşdirmək lazımdır. Onun hansı elementlərdən, alt sistemlərdən nə cür, hansı prinsiplərlə təşkil edildiyi - yəni strukturu təhlil edilməlidir. Bu sistemin mövcudluğu, fəaliyyəti üçün şərait- imkanlar və məhdudiyyətlər müəyyənləşməlidir. Sonra təhsil sisteminin cəmiyyədə əsas funksiyasının nə olduğu və bu funksiyanı nə cür yerinə yetirdiyi təhlil olunmalıdır. Əgər təhsil prosesi bu funksiyanı lazıminca yerinə yetirmirsə buna nələrin mane olduğu, təhsil prosesinin öz strukturunda hansi dəyişikliklərin edilməsinin zəruri olduğu aydınlaşdırılmalıdır. Təhsil prosesinin cəmiyyətdəki hansı proseslərlə nə kimi bağlı olduğu, ölkənin tərəqqisinə nə dərəcədə kömək etdiyi araşdırmanın diqqət mərkəzində olmalıdır. Məhz belə olduqda biz təhsil prosesi barədə lazımi səviyyədə danışa bilərik. Yalnız belə bir yanaşma ilə təhsil prosesi daha düzgün, lazım olduğu şəkildə idarə oluna, qarçıya qoyulmuş hədəflərə çata bilər.
    Sosial - iqtisadi proseslərin elmi tədqiqat üçün diqqət yetirilməli olan ən mühüm jəhəti onu xarakterizə edən göstərijilərin həm kəmiyyət, həm də keyfiyyət dəyişənləri olmasıdır. Sosial amillərin çoxu keyfiyyət dəyişənləridir. Onların əksəriyyəti səlist şkalada ölçülə bilmir. Amma iqtisadi amillərin bir çoxu kəmiyyət dəyişənləridəir və konkret olaraq səlist şkalalrda ölçülə bilirlər. Ona görə də sosial - iqtisadi prosesləri öyrənən zaman elə spessifik metodikalardan istifadə etmək lazımdır ki, onlar həm kəmiyyət, həm də keyfiyyət dəyişənlərini nəzərə alaraq araşdırma aparmağa imkan versin. Sosial-iqtisadi proseslər cəmiyyətdə baş verir və cəmiyyətin qanunlarına tabedir. Cəmiyyətin qanunları isə təbii ki, təbiətin qanunlarına tabedir. Belə olduqda sosial- iqtisadi proseslərin idarə olunması yalnız vı yalnız o zaman uğurlu ola bilər ki, o təbiətin, kainatın qanunlarına uyğun olaraq idarə olunsun. Bu baxımdam bir sıra başqa metodlar kimi, müəllifin təklif etdiyi ahəngyol elmi də(5) sosial-iqtisadi proseslərin idarə olunmasında mühüm vasitə kimi istifadə edilə bilər.

İstifadə olunmuş ədəbiyyat
  1. История теоретической социологии / Под ред. Ю. Н. Давыдова: В 5 т. Т. 1. М.: Наука, 1997.
  2. Верховин В. И. Экономическая социология. М.: 1998. Арон Р. Этапы развития социологической мысли. М., 1993.
  3. Смелзер Н. Дж. Социология экономической жизни //Американская социология. Перспективы. Проблемы. Методы. М., 1972.
  4. Большой толковый социологический словарь – М, «Вече- Аст» 2001, стр. 252
  5. Ə. Qəşəmoğlu. “Sosial proseslərin idarə olunmasının fəlsəfi, sosioloji problemləri(Ahəngyol elminə giriş) ”, Bakı, “Sabah”, 2008
  6. ru.wikipedia.org/wiki/Организация_Объединённых_Наций
  7. Е.П.Тавокин.Исследование социально-экономических и политических процессов. http://fictionbook.ru/author/evgeniyi_petrovich_tavokin/issledovanie_socialno_yekonomicheskih_i_/read_online.html?page=1
  8. Райзберг Б. А., Лозовский Л. Ш., Стародубцева Е. Б. Современный экономический словарь — М.: ИНФРА-М, 2007. — 495 с.
  9. http://ru.wikipedia.org/wiki/Процесс
  10. http://dic.academic.ru/dic.nsf/enc3p/246322
  11. Сорокин П. Человек. Цивилизация. Общество: Пер. с англ. — М: Политиз¬дат, 1992. - С. 39.
  12. Алехин Эдуард Владимирович. Исследование социально-экономических и социально-политических процессов. Пенза, 2008, ttp://www.aup.ru/files/m1301/m1301.pdf

Bu yazı 2431 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :