-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Özgələşən ana dili


İlham Quliyev
Gün.az


27 avqust 2012-ci il - 17 oktyabr 2012-ci il

    Paytaxtda fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələri ilə bağlı ötən həftə Gün.Az-ın gündəmə gətirdiyi fakt çox xoşagəlməz oldu.
    Məlum oldu ki, bu müəssisələrdə Azərbaycan dili üzrə hazırlıq kursları yoxdur.
    Hazırda paytaxt ərazisində fəaliyyət göstərən özəl bağçaların böyük əksəriyyətində tələbat yalnız rus bölməsinə olduğu üçün Azərbaycan bölmələri ləğv olunur. Təsəvvür edirsiniz?
    Uşağını özəl bağçaya və ya məktəbə hazırlıq kurslarına qoymaq istəyən valideynlər isə bu acı reallıqla barışmaq məcburiyyətindədirlər. Təbii ki, bu fakt ciddi həyəcan təbili çalmaq üçün çox əsaslı səbəb rolunu oynamalıdır.
      Əlbəttə ki, bir ölkədəki dövlət dilində məktəbə uşaq hazırlanması prosesi aparılmırsa, bu, yumşaq desək biabırçılıqdır. Amma məsələyə yalançı vətənpərvərlik prizmasından yanaşılmamalıdır.  
      Diqqət etmək lazımdır ki, bu faktlar daha çox özəl sektorda qeydə alınıb. Bazar iqtisadiyyatı şəraitində özəl təhsil müəssisələrinin işinə qarışmaq çətindir. Bu sektorda nəyə tələbat varsa – daha çox biznes maraqları baxımından ona üstünlük verilir.
      Amma bir məsələni nəzərdə saxlamaq vacibdir ki, övladını məktəbin Azərbaycan bölməsinə verməyi planlaşdıran valideynlər məktəbəhazırlıq kurslarının və ya uşaq bağçalarının rus bölməsinə məntiqi baxımdan müraciət edə bilməzlər. Bu elə ilk ildə övladın təhsil baxımdan geridə qalmasına səbəb olacaq.
      Digər tərəfdən, bəs bu valideynlər nə etməlidir?
      Yuxarıda da qeyd etdiyimiz kimi özəl təhsil müəssisələrinin işinə qarışmaq düzgün olmasa da, istənilən halda bunların fəaliyyətinə lisenziya verən qurumlar hər halda əllərində olan statistikadan çıxış etməlidirlər və lisenziya verən zaman bölmənin hansı dildə olacağına fikir verməlidirlər.
      Bu baxımdan özəl məktəbəqədər tədris müəssisələri dilimizə münasibətin, tələbatın aydınlaşdırılması baxımından barometr rolunu oynaya bilər. Əgər azərbaycandilli hazırlıq kursları yox səviyyəsindədirsə, deməli, özəl məktəbəqədər təhsil müəssisələrinə övladlarını azərbaycandilli hazırlıq kurslarına qoymaq istəyənlər azlıq təşkil edir.
      Yaranmış durum dövlətin müvafiq qurumlarını və ictimaiyyəti ciddi şəkildə narahat etməlidir. Biz SSRİ dövründə dilimizi qoruyub saxlamağı bacarmışıqsa, müstəqil dövlətimiz də bu sahədə problem olmamalıdır.
      Problemin aradan qaldırılması üçün isə ilk növbədə dövlətin müvafiq qurumları yaranmış vəziyyətin səbəblərini araşdırmalıdırlar. Bir neçə il öncə parlament “Dövlət dili haqqında” çox mütərəqqi bir Qanun qəbul edib. Bu qanunun tətbiqi ilə bağlı vəziyyət gözdən keçirilməlidir.
      Eyni zamanda, problemin ictimailəşdirilməsi ilə bağlı ictimai sektorun, mətbuatın da fəallığına ehtiyac var. KİV-lər bu məsələni ölkə gündəminin əsas problemlərindən biri kimi təqdim etməlidirlər. İnsanların övladlarını rus bölmələrində oxutmalarının bir dəb halına gəlməsinin qarşısı alınmalıdır.
      Dövlət orqanları məsələni araşdırmazdan öncə biz qeyd edək ki, hazırkı şəraitdə təəssüf ki, rus dilində tədris alanların Azərbaycan dilində tədris alanlardan bir sıra üstünlükləri var. Yəni insanlar rus bölmələrinə təkcə dəb xatirinə üz tutmurlar.
      Belə ki, rus bölmələrində təhsil alanlardan fərqli olaraq Azərbaycan dilində təhsil alanlar üçün tədris materialları, məktəbdənxaric oxu üçün vəsaitlər çox azdır. Rusdillilər üçün internet resursları da Azərbaycan dilində tədris alanlarla müqayisədə müqayisəyəgəlməz dərəcədə çoxdur.
      İnternetdə Azərbaycan dilində məktəbə hazırlaşan uşaqlar üçün demək olar ki, heç nə tapmaq mümkün deyil. Problemin həlli üçün bu çatışmazlıqlar tezliklə aradan qaldırılmalıdır. Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi üzrə Şura bu məsələni diqqət mərkəzində saxlamalıdırlar.
      Bu fakt da diqqətdə saxlanılmalıdır ki, son illər rus bölməsinin I siniflərinə ərizə verənlərin sayında da artım müşahidə olunur. Artıq Bakı məktəblərində rus bölmələrinin sayı demək olar ki, sovet dövründəki ilə eynidir.
      Belə ki, paytaxtdakı orta məktəblərin təqribən yarısı (324-dən 155-i) rus bölməsidir. Rus bölməsinə təhsil alan uşaqların əksəriyyəti isə azərbaycanlıdır. Rusiyadan ölkəyə qayıdan əməkçi miqrantlarla yanaşı, bu gün yerli əhali arasında da rus bölməsinə maraq artmağa başlayıb.
      Təbii ki, bunlar təsadüfü deyil. Əgər insanlar övladlarını daha çox rusdilli hazırlıq kurslarına, məktəblərin rus bölmələrinə aparırlarsa, bunun səbəbləri var. İnsanları qınamazdan əvvəl ilk növbədə bu səbəbləri aydınlaşdırıb aradan qaldırmaq lazımdır.
      Məsələyə bu aspektdən yanaşılmasa, problemi həll etmək də mümkün olmayacaq.
      Ölkədəki məktəblərin rus bölmələrində Azərbaycan dilinin tədrisi səviyyəsi də ürəkağrıdıcıdır. Bu, əslində tamam başqa bir məqalənin mövzusu olsa da, qeyd etməliyik ki, bəzi məktəblərin rus bölmələrində Azərbaycan dili demək olar ki, keçirilmir. Bu səbəbdən rus bölmələrində təhsil alan uşaqlar ana dillərində elementar yazı qaydalarını belə bilmirlər.
      Bütün bunlar gələcək üçün çuval-çuval problemlər deməkdir. Onların həlli istiqamətində indidən addımlar atılmasa, gələcəkdə çox çətin olacaq.

Bu yazı 725 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :