-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Din dövlət, din!


Aqşin Atalızadə
“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü

10 oktyabr 2012-ci il - 28 noyabr 2012-ci il


    “Bilirsiniz, dövlətə qarşı hər hansı zorakı etiraza qarşıyam. Lap bu etiraz haqlı olsa belə. Ancaq, bugünkü hicab aksiyası bir az narahat olmağa əsas verir”.
     Bu sözləri 5 oktyabrda dindarların hicab qadağasına qarşı keçirdiyi aksiya xəbərini eşidərək yazmış və məsələyə mümkün qədər  kənardan yanaşmağa çalışmışdım. Ancaq, aksuyanın videogörüntülərinə baxdıqdan sonar məsələnin nə dərəcədə təhlükəli olduğunu anlayaraq məsələyə daha ətraflı yanaşmağı qərara aldım.
    Bir neçə ay əvvəl yazdığım ancaq hələ dərc olunmamış, “Milli dövlətçiliyimizə daxili təhdidlər” adlı məqaləmin dini radikalizm bölümündə ölkəmizdə dini sferada olan boşluqlara münasibət bildirmişdim. Heç bir düzəliş etmədən həmin sətirləri buraya yerləşdirirəm.
    “Hələ tarixən Azərbaycan müxtəlif dindən və məzhəbdən olan insanların qardaş kimi bir yerdə yaşadığı tolerant bir cəmiyyət kimi bütün dünyaya nümunə olmuşdur. Məzhəb fərqliliyinə baxmayaraq müsəlman əhali islam dəyərlərini yerli xüsusiyyətlər nəzərə alınmaqla mənimsəmiş, tarixi inkişaf prosesində bir-birinə hörmət edən müxtəlif məzhəblərin mövcud olduğu özünəməxsus islam dini modeli təşəkkül tapmışdır. Hətta sovet dövründə uzun illər mövcud olan ateizm siyasəti və təbliğatı belə ölkəmizdə islam dəyərlərinə zərbə vura bilməmişdir. Müstəqilliyin son illərində dini təbliğat sahəsində mövcud olan boşluqdan xarici qüvvələr öz məqsədləri üçün istifadə etməyə, müxtəlif maraqlara xidmət edən və Azərbaycan cəmiyyətinə yad olan dini təriqətlər və missioner sektalar ölkəmizə soxulmağa başlamışlar. Bu siyasətin mənfi nəticəsi olaraq ölkəmizin böyük bir qismində İran meylli daha radikal şiə qruplar və son 20 ilə qədər ümumiyyətlə respublikamızda rast gəlinməyən vəhhabilik adlanan sağ radikal dini qruplaşmalar formalaşmışdır. Bu qruplaşmalar cəlb edilən insanlarda digər məzhəblərə qarşı nifrət, məzhəb üstünlüyü kimi əhalini ümumi birlikdən uzaqlaşdıran çalışmlar aparılır, məzhəbdaxili sistem formalaşdırılır. Azərbaycan vətəndaşlarına guya mənsub olduqları dövlətin Allahsız olması barədə fikir yeridilir, onlar daha çox maliyyələşdikləri dövlətlərin siyasətinin həyata keçirilmısinə cəlb edilir.
    Bütün bunların nəticəsi olaraq ölkəmizdə az da olsa dini sferada qütbləşmə meylləri hiss olunur ki, bu da gələcəkdə respublikamızda dini toqquşma potensialı yaradılır. Azərbaycan Respublikasında dövlət səviyyəsində əhalinin dini inanclarının qorunması istiqamətində bir çox tədbrilər həyata keçirilir. Ölkəmizdə daha çox xarici dini təsirlərin qarşısının alınması istiqamətində tədbirlər görülsə də, bu tədbirlər artıq oturuşmuş olan radikal qrupları daha da qıcıqlandırır.
    Etiraf etmək lazımdır ki, hazırda ölkəmizdə milli dini və mənəvi dəyərlərin təbliği bu hallara qarşı dayanacaq dərəcədə lazımi səviyyədə deyildir. Bir çox hallarda Azərbaycan Respublikasına qarşı heç də xoş münasibətdə olmayan qüvvələr tərəfindən dəstəklənən həmin qrupların öz sıralarına kifayət qədər gənci cəlb edə bilməsi, əslində heç də güclü ənənəvi qüvvəyə və təsirə malik olmalarında deyil, cəmiyyətimizin özündə həqiqi islamın mahiyyətinin düzgün dərk edilməməsi və bu sahədə məqsədyönlü siyasətin aparılmamasındadır”.
    Çox təəssüf edirəm ki, daha çox məzhəblərarası zəmində baş verəcəyindəən ehtiyat etdiyim dini toqquşma daha faciəli şəkildə dinlə DİN arasında, sonuncunun simasında isə Azərbaycan dövləti arasında baş verdi. Düzdür hesab etmək olar ki, müəllimlər günündə keçirilən aksiya sırf hansısa məmura qarşı yönəlmişdi. Ancaq, nəzərə almaq lazımdır ki,  həmin məmur və yaxud məmurlar Azərbaycan dövlətini təmsil edir və bu halda məsələnin daha ciddi ölçüləri görünür. Yuxarıda yazdığım fikirləri təklarlamaq istərdim: Azərbaycan vətəndaşlarına guya mənsub olduqları dövlətin Allahsız olması barədə fikir yeridilir, onlar daha çox maliyyələşdikləri dövlətlərin siyasətinin həyata keçirilməsinə cəlb edilir.
   
Bəs gerçəklikdə nə baş verir?
    Son günlər Azərbaycanda cərəyan edən gərgin ictimai-siyasi mühitdə bu aksiyanın qəfildən və deyərdim zəminsiz baş verməsi təsadüfi görünmür. Bu daha çox dövlətə qarşı ünvanlanmış böyük bir provakativ xarakterli əməliyyatın tərkib hissəsi kimi görünür. Bu əməliyyatı idarə edən “gözəgörünməz əl” hər nədirsə, deyəsən, özündə bütün sahələrdə olan boşluqlardan irəli gələn vasitələri cəmləyib.
    Bəli, Azərbaycanda hicabla bağlı problem artıq tam əminliklə demək olar ki var. Sanki həmin o “gözəgörünməz əl” hansıa məmuru olmayan yerdən qaşıyıb qan çıxarmaq kimi lazımsız bir qadağanı qoymağa məcbur edir, daha sonra isə bundan narazı kütlə formalaşdıraraq “bu qanı yumağa” sövq edir. Bəli, tam əminliklə demək olar ki, bu aksiya xüsusi olaraq təşkil edilib. Sadəcə işin təşilatçıları, maraqlı tərəfləri ilə deyərdim ki, aldanmış iştirakçıları bərabər tutmaq mümkün deyil. Dindar insanların öz HAQQları uğrunda təbii çıxışı kimi görünür, ancaq dindarları, aldığı dollarlara görə hesabat vermək üçün 2-3 nəfər yığılıb zornan şapalaqdan təpikdən özünə yedizdirərək bunun şəklini, videosunu çəkib "yuxarılara" göndərən və bundan sonra dövlətinə qarşı çıxarılan qərarlarda öz payı olduğu üçün həzz alanlarla müqayisə etmək düzgün deyil.
    Əminəm ki, oradakıların böyük əksəriyyəti məhz Allahsız hesab etdikləri məmurlardan haqqlarını tələb etmək üçün, haqq uğrunda mübarizə aparmaqdıqlarını düşünərək oraya yığılıblar. Kadrlar onu göstərir ki, həmin insanların heç də  hamısı əvvəlcədən məhz hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmək niyyəti olmayıb. Ancaq, nədənsə bir qayda olaraq daha sakit keçən bu aksiyada hələ də məlum olmayan fitili alışdıran olub. Nəticədə, Allah yolunda mübarizə apardığını düşünən insanları bu yolda nəinki əzilmək, həbs olmaq, məsuliyyətə cəlb etmək, hətta ölməkdən belə çəkinməyərək heç bir günahı olmayan asayiş keşikçilərinin üzərinə yeriyir. Hər iki tərəfdən öz millətindən olan kəsə qarşı həddini aşan qəddarlıq nümayiş etdirilir, qan tökülür, əzilənlər, həbs edilənlər olur, hadisəyə aidiyyəti olmayan kənar şəxslərin də haqları pozulur.
    Videoların birində diqqətimi bir an çəkdi: bəzi aksiyaçılar polis nəfərləri tərəfindən bir qədər adekvat olmayan tərzdə zərərsizləşdirilərək, sözün elə bütün mənasında döyüldükləri zaman (bunu gizlətməyə lüzum yoxdu, bütün videolar açıq nümayişdədir) ağrı duymayaraq sanki şəhid olurmuş kimi “Allahu əkbər” deyə qışqırırdılar. Çünki, dinimizə görə Allah onun yolunda həlak olanlar üçün ən böyük mükafatlar vəd edib. Aksiyada iştirak edənlər isə Allahın qoyduğu hicab qadağası üçün çıxış etdirkləri üçün yəqin ki, özlərini də Allah yolunda mücahid sayırlar. Bəs vətəndaşlarda öz dövlətlərinə qarşı nifrət dolu enerji hardandı?
    Azərbaycan əhalisinin dini dünyagörüşü digər millətlərdən özünəməxsusluğu ilə fərqlənir. Bu millət “İmam Hüseyn aşiğidir”. Başqa yerlərdə məzhəb ayrılığı güclü dini toqquşmalara gətirib çıxardığı halda Azərbaycanda bu zəmində demək olar ki, belə hallar baş verməyib. Halbuki ölkə məzhəb müxtəlifliyinə malikdir. Ölkənin cənubunda və cənub qərbinə doğru şiəlik, şimalında və şimal şərqinə doğru sünnilik yaranıb. Ərazilər var ki, bu fərqlilik kəndbəkənd hiss olunur. Ancaq, bu cür rəngarənglik heç vaxt ciddi toqquşmalara gətirib çıxarmayıb. Əksinə belə demək mümkünsə, tarixən Azərbaycanda ən sağ şiəliklə, ən sol sünnilik arasında dayanan özünəməxsus universal islam modeli formalaşıb. Bir məzhəbdən olanlar digərlərinin əqidəsinə, xüsusən mərasimlərinə hörmətlə yanaşıb. Nəzərə alsaq ki, məzhəblər arasında qız-alıb vermək məsələsində məhdudiyyət olmayıb, onda hər iki məzhəbə mənsub valideynlərdən doğulan və özlərini onların hər ikisinə aid edənlərin sayı kifayət qədərdir.
    Ölkəmizdə digər dinlərə qarşı olan dözümlülüyün əsasını bəlkə də bu amillər qoyubdur. Yuxarıda qeyd etdiyimiz kimi, hazırki dövrdə formalaşmış problemli vəziyyət barədə qeyd etmişəm. Sovet dövrünün ateizm siyasəti dini baxımdan daha çox sünni bölgələri vurdu, ancaq, şiə bölgələrinə o qədər də toxunmadı. Mən bunun əsas səbəbini şiəlikdə mərasim elementlərinin, xüsusən məhərrəmlik mərasimlərinin mövcudluğunda görürəm. Bəli, indi hər kəs, xüsusən də qərb meyllilər bu mərasimdə zorakılıq elementlərinin olmasını, insan haqlarınını pozulmasını iddia edir, bundan çəkinməyə çağırır. Ancaq, gəlin buna, insan haqları prizmasından yox, dini-sosial cəhətdən yanaşaq: Uzun illər əvvəl peyğəmbərlərinin haqq-ədalət uğrunda şəhid olmuş nəvəsi üçün hər il 2 ay yas tutan, bu qədər göz yaşı tökən, onun acısına şərik olmaq üçün səmimiyyətlə özünə xəsarət yetirən, əzab çəkməyə hazır olan fərd Allah yolunda döyüşə girdikdə onun qarşısını hansı düşmən ala bilər? Onun içində yığılan enerjini kim soyuda bilər?
     Əvvəldə qeyd etdik: dövlətin dini təbliğat sahəsindəki siyasəti lazım ilan səviyyədə deyil.
    Həmin boşluqdan o “gizli əl” artıq faydalanıb. Dindarları onların düşüncəsində “dinsiz dövlətlərinə” qarşı yönəldib. İçləri Allah sevgisi ilə dolub-daşan dindarların inanclarından doğan qəzəbinin düşmənə qarşı deyil, öz dövlətinə qarşı yönəlməsi ümummilli faciəsi deyilmi?!
     Halbuki milli qəhrəman Mübariz İbrahimov o dillərə dastan olan döyüş şücaətini göstərərkən, bu inancdan irəli gələn özü yazdığı kimi “cəddinə qovuşmağı”rəhbər tutmaqla dövləti üçün şəhid olmamışdımı?
    Yuxarıda adını çəkdiyim məqalədə yazmışdım: “Azərbaycan dövlətinə qarşı düşmən mövqedə olanların gözə çarpayan daha bir məqsədyönlü fəaliyyəti dövlətçiliyimizin təməlləri olan türkçülük, islamçılıq və müasirlik arasında ziddiyyət yaratmaq, guya onların birinin digərini inkar etməsi istiqamətində təbliğat aparmaqdı. Bəzi hallarda vətənpərvər, millətçi qismə qarşı gizli təsirlər göstərilərək onlara radikalizm, faşizm elementləri sızdırılır. .... Türklüklə islamın bir araya sığmaması kimi heç bir əsası olmayan mülahizələr yürüdülür, yüzillər boyu dəyərlər sistemimizin tərkib hissəsi olan və artıq sistemləşmiş milli-mənəvi dəyərlərimiz olan islam dini ehkamları inkar edilir...”.
    İndi daha dəhşətlisi bundan ibarətdir ki, dindarların bu hərəkətlərindən onları idarəsi altına almağa müvəffəq olan həmin o əl digər barmaqları ilə ümumiyyətlə dinə, islama qarşı əhalidə nifrət oyatmaq üçün istifadəyə cəhd edir, dindarlarla dinsizlər, daha dəqiq desək, dinə qarşı loyal olanlar arasında da düşmənçilik yaradır. Hətta mən deyərdim milli düşüncəli insanlarda belə dinin istisnası fikrini formalaşdırır. Artıq baş verənlər təhlükənin gerçəkləşməsinə sübut deyildirmi?
    Dinlə dünyəvilik arasında ziddiyətin süniliyini illər əvvəl yazdığım “Azərbaycan Respublikasının Konstitusiyası və milli ideologiya problemi”adlı araşdırmamda (http://www.uluturk.info/new/menu/422/ )əsaslandırmağa çalışmışdım: “dinin və dini təşkilatların dövlətin həyatında rolunun konstitusion səviyyədə təsbit edilməsi dünya dövlətlərin təcrübəsində heç də yenilik deyil və adi haldır. Bu baxımdan dini normaların əhalinin gündəlik həyat tərzinə təsir edən və insanlar arasındakı münasibətləri fəal şəkildə tənzim edən islamın əsaslarının konstitusion səviyyədə təsbiti heç də əlçatmaz və dünyəviliyə zidd bir şey deyildir”. Həmin yazıda gerçəklikdə dini normaların hüquq normalarına təsiri heç də zəif olmadığını, bir sıra hallarda cəmiyyətdə dini normaların sivil qanunvericilikdən üstün tutulduğunu qeyd etmiş, dini məsələlərin dövlətin məhz dini qurumlarla əlaqədar olan orqanı, yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vasitəsilə tənzimlənməsini daha məqsədəmüvafiq hesab etmişdim.
    Sonuncu qurumla bağlı: Uzun illər boyu fəaliyyətinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ölkədə bu sahədə baş verənlərə nəinki adekvat cavab vermir hətta deyərdim vəziyyəti bir az da gərginləşdirirdi. Son dövrlər qurum rəhbərliyində edilən dəyişiklik, idarəetməyə ən azından dinə aidiyyəti olan şəxslərin gətirilməsi bu sahədə bir ümid işığı yandırdı. Ancaq qurumun rəhbəliyini hazırki vəziyyətini idman dili ilə - çempionatın əksər hissəsini uğursuz çıxış etmiş, lüksək liqada qalması möcuzə kimi görünən komandaya, sezonun sonunda gətirilərək “batan gəmini xilas et” tapşırığı verilən məşqçi ilə müqayisə etmək olar. Əlbəttə hazırki vəziyyətin doğrudan da batan gəmiyə” bənzəməsini istəməzdim. Özünü təsdiq etməyən heyətlə tez müddətdə yeni nəticələr əldə etmək olduqca çətindir, ancaq hazırki məqamda rəhbərlik qarşısında yalnız möcüzə yarada biləcək radikal addımlar atmaq vəzifəsi durur.
    Ölkəmizdə dini vəziyyətlə bağlı bir neçə il əvvəl gəldiyim qənaəti yenə də təkrarlamaq istiyərdim: “Milli ideologiyamızın tərkib hissəsi olan islamlaşmaq şüarı heç də Azərbaycan dövlətinin dünyavi əsaslarının pozulmasını ifadə etmir. Bu daha çox islamın qondarma dini xurafatlardan azad olması və əslində dinə heç bir dəxli olmayan mürtəce təzahürlərin cəmiyyətin həyatına təsir etmək imkanlarının məhdudlaşdırılmasını ifadə edir. Konstitusiyada dövlətin dünyəvi əsasları qorunmaqla İslam normalarının cəmiyyətin həyatındakı rolu ilə bağlı məsələlərə bir daha baxılmalıdır. Ən azı islamın cəmiyyətin həyatında müstəsna rolu qeyd edilməli, dini Bayram günlərinin hansı meyar əsasında müəyyənləşdirildiyi tənzimlənməli, hər hansı bir məzhəbin və ya dini qurumun üstünlüyünə yol verməmək üçün üçün orta məktəblərdə islamın əsasları haqqında fənn tədris olunmaladır. Bu baxından “islamlaşmaq” fikri “müasirləşmək”lə qırılmaz bağlıdır”
    Beləliklə, islamlaşmaq Azərbaycan dövlətinin 3 əsas təməlindən biridir. Adətən binalar, qurğular məhz dördkünc təməl üzərində qurulur. Ancaq bizim dövlətimiz məhz 3 təməl üzərində qurulub və o təməllər üzərində inkişaf etməyə məcburdur. Onlardan hər hansı birini çıxarmaq, nəinki yerini, hətta ölçüsünü tərpətmək cəhdi belə üzərində qurulanları dəhşətli fəlakətlə üz-üzə qoya bilər.
    İndi əziz dövlətim, din üçün dinmək vaxtıdır. Din! Dini sənə qarşı istifadə etməyə çalışan dindarların (burada dindar sözündən mömün mənasında yox, dindən iyrənc məqsədlər üçün istifadə edənləri ifadə etmək üçün istifadə edirəm), dini dara çəkənlərin, iblisə xidmət edən görünməz əlin, xarici düşmənlərin əlindən al! Öz dininə sahib çıx! Dini kənara atmaqla deyil, elə dinə qarşı olan diqətsizlik ona başqalarının sahib çıxıb sənə qarşı istifadə etmədinə gətirib çıxarıb. Nə qədərki dinimizdən özümüz faydalanmırıq, baş verən hicab aksiyasının da sonuncu olacağına heç kəs təminat ver bilməz. Dinə onu tənzimləməklə, öz məqsədlərin üçün düzgün istiqamətə yönəltməklə sahib çıxmaq lazımdır.
    Dövlətim, sənin ki, torpaqlarının 20 faizi işğal altındadı, hələ neçə-neçə tarixi torpaqlarını demirəm. Onları düşmənin, iblisin qullarının əlindən ancaq İmam Hüseyn qətiyyətli, cəsarətli, ürəkli mübariz oğlanlar geri ala bilər. Ən azından bu qətiyyəti, cəsarəti, ürəyi formalaşdıran dininə sahib çıx, sözünü de. Din, dövlətim din!

Bu yazı 765 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :