-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Facebookdakı böyük-kiçik


Etimad Başkeçid
17 oktyabr 2012-ci il - 22 oktyabr 2012-ci il

    "Mən başa düşə bilmirəm, niyə bizim gənclər "Facebook"-da Azərbaycanın milli mentalitetini qorumurlar? Hə? Niyə? Qızlar durub toylardan çəkilən şəkilləri həmən yerləşdirirlər səhifələrinə. Guya ki, sosial şəbəkədən istifadə etdilər. Avara-avara bilmirlər nə etsinlər. Elm öyrənmirlər. Düz demirəm, Rüstəm dayı?" - bu günlərdə izlədiyim bir verilişdə ANS-in aparıcısı Rövşanə Bektaşi həşir təpərək, üzünü iştirakçılardan birinə tutdu.
    İştirakçı Rüstəm dayı da qayıtdı ki: "Mən səhər şirin çayımı içmədən durub bura gəlmişəm ki, verilişində iştirak edim və sənin verilişini şox bəyənirəm, əla aparırsan. Vallah, bilmirəm, "Facebook" nə deməkdir, amma istəyərdim ki, orda da böyüyə hörmət qoyulsun. Böyük-kiçik bilinsin".
   Bu mənzərəni görəndən sonra Azərbaycan insanının peyk antennlərinə kütləvi marağının hardan qaynaqlandığı haqda danışmaq artıqdır.
   Bizim televiziyalar «mili mentialitet» və «böyüyə hörmət» klişelərini o qədər çeynə-tüpür eləyiblər ki, artıq bu sözlər milçək vızıltısı qədər də effekt doğurmur.
   Bu gün mavi ekranın küncündəki emblemləri yığışdırsan, konkret olaraq, hansı telekanala baxdığını kəsdirə bilməzsən. Burada hansısa üslubdan, özəl yanaşma tərzindən, filandan danışmağın yeri yoxdur. Teleməkan başdan-başa zöqsüz, kütlənin və kütləvi «mədəniyyət»in çaldığı havaya oynayan, sanki klonlaşdırılmış personajların oylağına çevrilib. Verilişlərin yalnız adları fərqlidir…
   Amma bu yalnız ilk baxışdan belədir, çünki ayağı patavalı «qlamur»u, əttökən pafosu və səviyyəsiz epotajı nə reytinq davası ilə, nə də bazar iqtisadiyyatının gərəyi ilə izah etmək mümkün deyil. Şükür Allaha, peyk antennləri və internet var – insanlar dünyanın istənilən telekanalına baxıb, müqayisələr apara bilir və lazım olan nəticələri də çıxarır.
  Odur ki, bu daha çox telekanalları yönləndirən sənətkarların ümumi dünyagörüşünə bağlı məsələdir. Öz yarıtmazlığını xalqın, lap kütlənin səviyyəsi ilə pərdələmək istəyi isə gülüş doğurur.
   Bizim telekanallar, çıx meyxana, saz və tar, üstəgəl kriminal və idman xəbərləri, baxın görün yerdə nə qalacaq?
   Bunlara baxanda adam rəngsiz, emblemsiz, reklamsız və iddiasız sovet televiziyasının xiffətini çəkir. Görəsən, evolyusiya, mahiyyət dəyişikliyi, jurnalistikanın funksiyaları ilə bağlı standartlar bizim qapımızı haçan döyəcək?
   Heç kəs bizim televiziya işçilərindən Opra Uinfri və ya Fil Donaxyu olmağı tələb etmir. Yaxın gələcəkdə belə şeyləri gözləməyə də dəyməz. Ancaq dərd burasındadır ki, artıq insanları nə inandıra, nə əyləndirə, nə də maarifləndirə bilən televiziya kanallarında yaradıcı enerji sıfır həddindədir.
    Və hamı «ayım gəlsin, günüm keçsin» ətalətinə qapılaraq, hər hansı yenilik barədə düşünmək belə istəmir. Kimin nə vecinə, reklamdı – öz-özünə gəlir, tənqiddi – qulağımıza deyil, tamaşaçıdı – «bəyənmirsiniz, baxmayın». Gününü keçirtmək istəyənlər və beyninin sarı maddəsinə əziyyət vermək istəməyənlər üçün əsil «sakit liman»dır ki, var.
    Belə vəziyyətdə hansı rəqabətdən, hansı reytinq davasından danışmaq olar?
   Bütün gedişat onu göstərir ki, bizim telekanallar bir ictimai institut kimi üzərlərinə düşən missiyanı heçə-puça çıxarıblar. Nəticədə, onların auditorifyasını əsasən Tükəzban nənə, Məmmədqulu baba və bozbaş bişirən evdar qadınlar təşkil edir. O da yalnız ona görə ki, ya internetin dilini bilmirlər, ya da xarici kanallarda danışılan dili.
    Televiziyanın inkişafı ilə bağlı bütün mütərəqqi ideyaları profanasiya etməyin axırı elə belə də olmalı idi.
    Mili mentalitetimizə, Rüstəm dayıya və mavi ekranın bütün cəfakeşlərinə salam və sayqılarla!

Kulis.az

Bu yazı 626 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :