-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı


Faiq Qəzənfəroğlu


2 noyabr 2012-ci il - 28 noyabr 2012-ci il


     Hazırda bəzi yerli müəllfilər milli ideologiya ilə bağlı, «türkçülük» və «azərbaycançılığ»ın fərqli və oxşar tərəflərindən bəhs edərkən Azərbaycan Cümhuriyyəti dövründəki ideyalara müraciət etdikləri halda, bu mənada SSRİ dövründə baş verənlərə heç də «isti» yanaşmırlar. Bu o demək deyil ki, onlar 71 illik Sovet Azərbaycanını danırlar. Əsla. Sadəcə olaraq, onlar «azərbaycançılığ»ın tarixi-nəzəri köklərini Cümhuriyyət dövründə və ondan əvvəllərdə axtarsalar da, əslində bir çox hallarda Sovet Azərbaycanı dövründəki ideyalardan (Azərbaycan dili, Azərbaycan milləti və s.) yararlanırlar. Ancaq nədənsə bu məsələnin üzərində dərindən dayanmırlar.
       Bu baxımdan hesab edirik ki, «azərbacyançılığ»ın tarixi-nəzəri kökləri cəmiyyətə düzgün izah olunmalı və onun türkçülük cərəyanı ilə oxşar və fərqli tərəfləri göstərilməlidir. Çünki «milli-türk Azərbaycan»ı türkçülük¬dən ayırmaq, uzaqlaşdırmaq üçün «sovet (beynəlmiləl) və müstəmləkə Azərbaycanı» ideyasını yaradan birmənalı şəkildə sovet ideoloqları olmuşdur. Deməli, Azərbaycan müstəqilliyini bərpa edənə qədər iki növ: 1) milli azərbaycançılıq - Azərbaycan türkçülüyü; 2) sovet azərbaycançılıqı - Azərbaycan  beynəlmiləlçiliyi olmuşdu. Bizə elə gəlir ki, milli ideya ilə bağlı bəzi məsələləri aydınlaşdırmaq üçün, bu anlayışların mahiyyətinə nəzər salmaq vacibdir.
     Öncə, burada aydınlıq gətirmək lazımdır ki, islamçılıq, türkçülük və qərbçiliyə əsaslanan Azərbaycan türkçülüyü ideyası (milli azərbaycançılıq) bütün bunlarla yanaşı, konkret hansı prinsipləri hədəfləmiş və onlardan bir addım da olsun geri çəkilmək istəməmişdir. Fikrimizcə, bu mənada Azərbaycan türkçülüyü ideyasının - milli azərbaycançılıqın məzmun və mahiyyətinə aşağıdakı prinsiplər daxildir:
   1.Ölkənin hər hansı quruluşla (demokratik, sosializm və b.) idarə olunmasından asılı olmayaraq müstəqilliyinin vacibliyi;
    2. Azərbaycan adının hər hansı formada qorunub saxlanılması;
   3. Müstəqil Azərbaycan dövlətində türk millətinin hakimiyyətdə, dövlət orqanlarında əsas ünsür kimi təmsil olunması;
    4.  Müstəqil Azərbaycanda türk dilinin rəsmi dövlət dili olması;
   5. Müstəqil Azərbaycanda türk mədəniyyətinə (türk ədəbiyyatı, türk tarixi, türk fəlsəfəsi və s.) əsaslanmaq və onu inkişaf etdirmək;
   6. Müstəqil Azərbaycanın dünyəvi dövlət olması ilə yanaşı, əhalinin əksəriyyəti müsəlman olan bir ölkədə islama və onun əsas kitabı olan Qurana hörmətlə yanaşılması.
    Göründüyü kimi, burada Azərbaycan türkçülüyünün əsas qayələri olan müstəqil Azərbaycan, türk höküməti, türk dili, türk mədəniyyəti və islam inancı dəyişilməzdir. Bu mənada hesab etmək olar ki, Azərbaycan türkçülüyü ideyasının yaşaması üçün Cümhuriyyət dövründəki milli-demokratizm kimi, Sovet dönəmindəki sosial-demokratizmi də ona zidd hesab etməmək olar. Yəni burada iki önəmli məsələ: 1) Azərbaycan türkçülüyü ideyası ilə; 2) Dövlətin siyasi quruluşu bir-birindən fərqləndirilməlidir. Bu isə o deməkdir ki, Azərbaycan türkçülüyü ideyası istənilən siyasi quruluşda (sosialist, milli-demokratik və b.) mövcud ola və inkişaf etdirilə bilərdi. Çünki millətin ideoloqlarının nəzərində Azərbaycan türkçülüyü əsas ideal olduğu halda, cəmiyyətin siyasi quruluşu həmin idealın gerçəkləşməsi yolunda bir vasitədir.
  Məsələn, Azərbaycan türkçülüyünün reallaşmasını «ittihadçılıq»da, sosial-demokratizmdə, liberal-demokratizmdə, milli-demokratizm¬də və başqa ideyalarda da görənlər olmuşdur. Ancaq bunlardan hansının Azərbaycan türkçülüyünə yaxın və real olması isə zamanla sübut olunmalı idi. Bu baxımdan Azərbaycan Cümhuriyyəti dövründə Məhəmməd Əmin Rəsulzadənin milli öndərliyi ilə, cəmiyyətin siyasi quruluşunda milli-demokratizm əsas götürülmüş və bu mənada Azərbaycan türkçülüyü ideyasına zidd olan heç bir addım atılmamışdır. Əksinə, cəmiyyətin siyasi quruluşu ilə Azərbaycan türkçülüyü arasında mükəmməl bir uzlaşma yaranmışdır. Bu uzlaşma ilə barəbər demək olar ki, bu dönəmdə Azərbaycan türkçülüyü ideyası cəmiyyətin siyasi quruluşunun fövqündə dayanmışdır.
   Çox təəssüflər olsun ki, eyni sözləri Sovet Azərbaycan dövründəki siyasi quruluşla Azərbaycan türkçülüyü arasındakı münasibətlərə aid edə bilmirik. Doğrudur, Sovet Rusiyasının Azərbaycan Cümhuriyyətini işğalından sonra, onun yerinə hakimiyyətə gələnlərdən bir qismi başda Nəriman Nərimanov olmaqla, Azərbaycan türkçülüyü ideyasına sadiq qalmağa çalışıblar. Xüsusilə, Nərimanovun Azərbaycan Sovet Cümhuriyyətində türk hökuməti, türk dili, türk mədəniyyəti və s. uğrunda mübarizəsini heç cürə inkar edə bilmərik. Bu o deməkdir ki, Nərimanov sosalist  quruluşda bacardığı qədər Azərbaycanın türksüzləşdirilməsinə qarşı mübarizə aparmış, hətta özünün dediyi kimi, beynəlmiləlçi olduğu halda «millətçi»yə çevrilmişdir.
     Ancaq Cümhuriyyət dövründən fərqli olaraq Sovetlər dönəmində milli azərbaycançılıq - Azərbaycan türkçülüyü ideyasını axıra qədər qoruyub saxlamaq mümkün olmadı. Bizə elə gəlir ki, milli şüuru zədələyən əsas işlərin təməli də əsasən, bu dövrdə qoyuldu. Belə ki, sovet ideoloqları üçün milli azərbaycançılıq qəbul edilməz bir ideologiya idi və ona qarşı alternativ ideyanın yaranması lazım idi. Belə bir ideya isə tezliklə yarana bilməzdi. Bu baxımdan Sovet dövründə mili azərbaycançılığa qarşı qoyulmuş «sovet (beynəlmiləl) və müstəmləkə Azərbaycan» ideyası tədricən meydana çıxdı və iki mərhələdən: 1) 1920-1936-cı illər; və 2) 1937-1991-ci illərdən keçməli oldu.
    Beynəlmiləl-mərkəzçi Sovet Azərbaycanı ideyasının müəllifləri ilk mərhələdə milli azərbaycançılığa qarşı qəti şəkildə çıxa bilmədikləri üçün, sadəcə onu sübut etməyə çalışırdılar ki (bu gün bəzilərinin də iddia etdiyi kimi), Azərbaycan türkçülüyü osmançılıqdan və yaxud da Türkiyə türkçülüyündən fərqli xüsusiyyətlərə malikdir. Başqa sözlə, bu dövrdə bir çox sovet müəllifləri Azərbaycan türkçülüyü ilə Türkiyə türkçülüyü arasındakı ziddiyyətlərdən, fərqlərdən və s. bəhs edir, ancaq çox dərinə gedə bilmirdilər. Şübhəsiz, onların bütövlükdə türkçülüyə qarşı çıxmalarında başlıca əngəl türkçülüyü rəsmi olaraq (türk dili, türk milləti və s. kimi) Azərbaycan Cümhuriyyəti kimi Azərbaycan Şuralar Cümhuriyyətinin də qəbul etməsi idi. Bu baxımdan 1920-1930-cu illərdə sovet ideoloqları və onların Azərbaycandakı məsləkdaşları milli (türk) Azərbaycan ideyasının tərəfdarlarını (H.Cavid, Ə.Cavad, B.Çobanzadə və b.) türkçlükdən daha çox osmançılıqda, osmanlı şivəsini  və ədəbiyyatını Azərbaycanda təbliğ etmək¬də, eyni zamanda pantürkizmdə (türkiyəçilikdə), panislamizmdə (islamçılıqda) və s. ittiham edə bilirdilər.
    Bununla da, sovet ideoloqları, o cümlədən bəzi yerli ziyalılar Azərbaycan türklüyünün Türki¬yə türklüyündən ayrı mövcud olması, guya «osmanlı türkçülüyü» ideyasının Azərbaycan xalqına zərərli olması fikirinin rəsmi şəkildə təbliğatına başlamışlar. Deməli, bu dövrdə sovet ideoloqları ən yaxşı halda panütkrizm və panislamizm adları altında osmanlı türkçülüyünə, Türkiyəyə qarşı çıxır, ancaq Azərbaycan türkçülüyünə isə, hələlik toxuna bilmirdilər. Şübhəsiz, həmin dövrdə sovet ideoloqlarını qarşısında ən ciddi əngəl hər iki Cümhuriyyətin millətinin və dilinin türk adı daşıması, bir sözlə, müxtəlif siyasi qurluşlarda və dövlətlərdə yaşamasına baxmayaraq, vahid türklüyü ifadə etmələri idi. Bu baxımdan ilk mərhələdə, sovet ideoloqları Azərbaycan və Türkiyə türkçülüyü qəbul etdikləri halda, nədən Türkiyə türkçülüyünün Azərbaycan türkçülüyünə zidd olması fikrini ciddi şəkildə əsaslandıra bilmirdilər.
    Xüsusilə, 1923-cü ildə Osmanlı İmperiyasının yerində Türkiyə Cümhuriyyətinin qurulması, dilinin və millətinin adının türk kimi ifadə olunması, SSRİ imperiyası və onun ideoloqları üçün Azərbaycanı Türkiyədən ayırmağı daha da zorlaşdırmışdı. Bu baxımdan SSRİ-nin başçıları və ideoloqları Azərbaycan və Türkiyə türklərini bir-birindən ayırmaq üçün, ilk olaraq Azərbaycanın ərəb əlifbasından latın əlifbasına keçməsi məsələsini ortaya atdılar. Ancaq çox keçmədən, Türkiyənin də oxşar addım atması, artıq sovet ideooloqlarını Azərbaycan türkçülüyü üzərinə qəti hücuma keçməyə vadar etdi. Belə ki, rəsmi şəkildə SSRİ imperiyasının tərkibinə qatılmğa məcbur edilmiş Azərbaycanın öncə (1937) dilinin və millətinin adından «türk» anlayışı çıxarıldı, daha sonra (1940) latın əlifbası kiril əlifbası ilə əvəz edildi.
    Beləliklə, SSRİ rəhbərlərinin və  ideoloqlarının apardığı siyasət nəticəsində ilk mərhələdən fərqli olaraq, ikinci mərhələdə (1937-1991) Azərbaycanda türklüyü rəsimi şəkildə ifadə edən, demək olar ki, heç bir nişanə qalmadı. Sovet ideoloqları bütün bunlarla kifayətlənməyərək, bu günə qədər də öz aktuallığını itirməyən bir addım atmışlar; Azərbaycan türkçülüyünə, yəni milli azərbaycançılıq ideyasına qarşı «sovet (beynəlmiləl) və müstəmləkə Azərbaycanı» ideyasını irəli sürmüşlər. Başqa sözlə, sovet ideoloqları «milli (türk) və müstəqil Azərbaycan» ideyasını ifadə edən türk milləti, türk dili və s. anlayışlarına rəsmi qadağa qoymuş, onların əvəzinə «Azərbaycan dili», «Azərbaycan millətiı» (etnik mənada), «azərbaycanlı» (etnik mənada) və s. kimi məfhumları ortaya atmışlar. Eyni zamanda, sovet ideoloqları «sovet (beynəlmiləl) və müstəmləkə» anlamında «azərbaycançılıq»ı əsaslandırmaq üçün tarix, ədəbiyyat, dil və s. sahələrdə Azərbaycan türklərinin milli mənəvi dəyərlərini də saxtalaşdırmağa başlamışdılar.
    Bu prosesə 1930-cu illərin sonlarından ciddi şəkildə başlayan sovet ideoloqlarını narahat edən Azərbaycan türklərinin Türkiyə türklərinin şivəsini, ədəbiyyatını, mədəniyyətini və s. öyrənməklə, guya müstəqil Azərbaycan xalqının, dilinin, ədəbiyyatının və s. aradan qalxması məsələsi olmamışdır. SSRİ ideoloqlarını narahat edən əsas məsələ eyni soykökü, dili, dini, mədəniyyəti, ədəbiyyatı və s. bölüşən Türkiyə və Azərbaycan türklərinin ortaq dil, ortaq ədəbiyyat, ortaq əlifba və b. məsələlərdə daha da yaxınlaşması ilə Azərbaycanın SSRİ-Rusiya imperiyasının əlindən çıxması idi. Ona görə də, sovet ideoloqları Azərbaycan türk milləti, türk dili, türk ədəbiyyatı, türk tarixinə qarşı, indi «azərbaycan¬çılığ»ın əsas prinsiplərini təşkil edən, bir çox insanlar üçün mənası tam şəkildə məlum olmayan «Azərbaycan dili»ni, «Azərbaycan milləti»ni (azərbaycanlı), Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və s. qoydular. Beləliklə, dünənki türk azərbaycanlıya (türk olmayan azərbaycanlıya), türk dili azərbaycan dilinə, türk teatrı Azərbaycan teatrına, türk ədəbiyyatı Azərbaycan ədəbiyyatına və s. çevrildi.
     SSRİ ideoloqları sübut etməyə çalışırdılar ki, Azərbaycanda yaşayan və əhalinin böyük əksəriyyətini təşkil edən xalq etnik mənşəcə türk deyil, sadəcə olaraq türklərin assmilyasiyası nəticəsində türk dillərindən birində danışan farsdili, yaxud da qafqazdilli etnosların törəmələridir. Beləliklə, bu mərhələdə sovet ideoloqları yalnız Türkiyə türkçülüyü¬nə deyil, Azərbaycan türkçülüyü¬nə-Türk Azərbaycanı ideyasına qarşı da daxili müharibə elan etmiş, bu məqsədlə on minlərlə Azərbaycan türkləri repressiya olunmuşdur. Bir sözlə, sovet ideoloqları Azərbaycanı, Azərbaycan xalqını bütün türkçülüyə və islamçılığa - Türkiyə türkçülüyünə, Türkiyə Cümhuriy-yətinə, Azərbaycan türkçülüyünə, Azərbaycan Cümhuriyyətinə və s. qarşı qoymuş oldular.
    Bizə elə gəlir ki, sovet dövründə, xüsusilə 1936-cı ildən sonra Azərbaycan milli ideyası - Azərbaycan türkçülüyü birmənalı şəkildə Azərbaycan sovet müstəmləkəçiliyi, bir növ kosmopolit Azərbaycan ideyası ilə əvəz olundu. Türk dilinin «Azərbaycan dili»nə çevrilməsi də, məhz Azərbaycan sovet müstəmləkəçiliyi ideyasının möhkəmləndirilməsinin və yaşadılmasının tərkib hissəsi idi. Əslində, 1936-cı ildən sonra Azərbaycan Cümhuriyyətinə aid milli nə varsa, demək olar ki, hamısından imtina olunmuşdu. Əvəzində Azərbaycan sovet müstəmələkəçiliyinə uyğun olaraq, kosmopolit və mücərrəd «azərbaycançılıq» ideyası ortaya atılmışdı. Bununla da milli azərbaycançılıqla sovet azərbay¬cançılığı üz-üzə qoyulmuşdu.
     Göründüyü kimi, bütün dünya türklərinin, o cümlədən Azərbaycan türklərinin vahid ideya, konsepsiya ətrafında birləşə bilməməsi üçün antitürk, antiazərbaycan qüvvələri artıq bir neçə əsrdir ki, ona alternativ qeyri-milli ideyalar irəli sürmüşlər. Ən sonuncu halda isə, sovet ideoloqları türkçülükdən yaranan «milli-türk Azərbaycan»a (milli azərbaycançılığa) qarşı, «sovet müstəmləkəçiliyi Azərbaycanı» (sovet azərbaycançılığı) ideyasını qoymuşlar. Bununla da, istər-istəməz bir-birinə zidd iki: milli Azərbaycan və sovet Azərbaycanı ideyaları meydana çıxmışdır. Əgər birincisi türkçülüyün doğurduğu «milli (türk) Azərbaycan» olduğu halda, ikincisi rus müstəmləkəçiliyinin yaratdığı «sovet (kosmopolit) Azərbaycanı»dır. Əgər milli Azərbaycanda  millətin və dilin, mədəniyyətin və ədəbiyyatın adı türkdürsə, sovet Azərbaycanında millətin və dilin, mədəniyyətin və ədəbiyyatın adı etnik kimlik və milli dilə nəzərən, indiyə qədər də tam şəkildə aydınlaşmayan «Azərbaycan»dır. Əgər birinci Azərbaycan türklərinin təbii  istəyi ilə yaranmış və Azərbaycan Cümhuriyyəti adlanmışdırsa, ikinci Azərbaycan SSRİ rəhbərlərinin və ideoloqlarının maraqlarına uyğun yaranmış və zorla Azərbaycan SSR adlandırılmışdır.
   Hər halda, görünən odur ki, XX əsrin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycan türkləri yalnız ruslaşdırma, farslaşdırma, ifrat avropalaşdırma ideyalarının ideoloqları ilə yanaşı, eyni zamanda türkçülüyü yad ünsür kimi təqdim edənlərə qarşı da mübarizə aparmalıdırlar.

Bu yazı 633 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :