-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Milyarderlər "süfrə"si... Və ya hiyləgər “tələ”


Elçin Xalidbəyli

26 noyabr 2012-ci il - 6 dekabr 2012-ci il

Azərbaycan Kremlin “gözlər”ini qamaşdırır. Üstəlik, Kreml bu qamaşmadan qıcıqlanır. Çünki Azərbaycanın onun üçün nə qədər önəmli olduğunu anlayır. Ancaq hələlik nəzarət altina alıb, sahiblənə bilmir.
Yəni, Kremlin “gözlər”inin qamaşması, Azərbaycanın önəmini anlamasından, onun qıcıqlanması isə bir belə cəhdlərə baxmayaraq, sahiblənə bilməməsindən qaynaqlanır. Və “gözlər”i qamaşaraq qıcıqlanan Kreml çox təhlükəlidir. Belə vaxtlarda ondan hər cür addım gözləmək mümkündür. Halbuki Kremlin nə vaxt, nə edəcəyi də bəlli olmaz.
Hələlik biz bunu yalnız təxmin edə bilərik. Hər halda, Kremlin bəzi davranışları bunun üçün az da olsa, ipucları verir. Və bu iplərin uclarından dartmaqla, bəzi addımların üzərindən örtüyü aça bilərik.

Kremlin Azərbaycan əleyhinə davranışları...

Əvvəlcə Kremlin Azərbaycanı məmnun etməyən bəzi davranışlarına nəzər salaq. Rusiyanın şimal sərhədlərimizə qoşun topladığı bildirilir. Və rəsmi Bakının bundan narahat olmadığını söyləmək çətindir.

Moskva bazarlarının bağlanması barədə də qərar qəbul edilib. Bu da Azərbaycan üçün məmnunedici addım deyil. Hər halda, Moskva bazarlarının həmvətənlərimiz üçün əsas fəaliyyət məkanı olduğu heç kəsə sirr deyil. Və həmin bazarlardan ölkəmizə milyardlarla dolların “axdığını” bilməmiş deyilik.
Belə anlaşılır ki, Kreml Azərbaycanı həm də qarnından vurmaq niyyətinə düşüb. Üstəlik, Moskva bazarlarının bağlanmasından sonra qazanc yerini itirmiş həmvətənlərimizin müəyyən qisminin Azərbaycana dönmək məcburiyyətində qalacağı təqdirdə, ölkəmizin üzləşə biləcəyi sosial-iqtisadi problemlər də Kremldə hesablanmış olmalıdır.
Ermənistanın silahlandırılaraq, hərbi güc baxımından, irəli çıxmış Azərbaycanla qüvvələr nisbətinin balanslaşdırılmasına göstərilən cəhdləri və elə bir müddət öncə separatçı “Sadvalı”n bərpasını da bura əlavə etmək olar.

Və nəhayət , “Milyarderlər ittifaqı”...


Bu qurum haqqında artıq xeyli şərhlər verilib. Hətta bu şərhlər bəzi məqamlarda kampaniya keyfiyyəti belə, qazanıb. Sadəcə, Kremlin Azərbaycana qarşı addımlarından biri olan “Milyarderlər ittifaqı”nın ortayaçıxma səbəblərının arxasına daha diqqətlə nəzər yetirməyə nədənsə, həvəs göstərilmir.

“Milyarderlər ittifaqı” və Kremlin diğər anti-Azərbaycan addımları yalnız Azərbaycana qarşı atılan addımlar deyil. Bütün bunlar “beynəlxalq savaş oyunu”nun elementləridir. Yəni Rusiya və rəqibləri (lap elə Qərb adlandıraq) arasında həlledici savaş mərhələsinə start verilib. Və bu savaş hazırda məhz Azərbaycan üzərindən aparılır. Anlaşılan odur ki, Azərbaycan “nəhənglər savaşı”nda ortalıqda qalıb və onların bir-birinə endirdiyi zərbələrin əsas hissəsini öz üzərində hiss etməyə məhkumdur.

Hegemonluq “sacayağ”i...


Azərbaycanın əsas problemi dünya hegemonluğuna təminat verən “sacayağ”in üç ayağından birinin altında yerləşməsindədir. Birinci ayaq Türkiyə hesab olunur. Və hazırda Türkiyənin başına gətirilən fəlakətlər də məhz bununla bağlıdır. “Ərəb baharı”nın əsas düyün nöqtəsi də Türkiyə sayılır. Sonda Türkiyənin parçalanması və bu bu strateji coğrafiyanın tam nəzarətə alınması hədəflənir. Çünki Türkiyəyə nəzarət son nəticədə Afrika qitəsi üzərində asan hegemonluq imkanları açır.

İkinci ayaq Ukraynadır. Bu coğrafiya üzərindəki nəzarət Avropa qitəsini “ovuclamaq” imkanı verir.

Və nəhayət, üçüncü ayaq Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionudur. Cənubi Qafqaza nəzarət Orta Asiyanın qapısını açır. Və Qara dənizdən Orta Asiyaya qədər olan coğrafiya üzərində nəzarəti təmin edir. Nəticədə “sacayağ”ın Ukrayna və Cənubi Qafqaz ayaqları bütövlükdə Avrasiyaya tam nəzarət hədəfini reallığa çevirir. Avrasiyaya nəzarət isə öz növbəsində bütün dünya üzərində şəriksiz hərbi-siyasi hegemonluq hüququ deməkdir.

Göründüyü kimi, Azərbaycan illərlə davam edə biləcək çox böyük beynəlxalq savaşın “alov”ları içərisinə sürüklənməkdədir. Çünki Rusiya əvvəlcə uduzduğu Ukraynanı artıq Qərbin əlindən müvəqqəti də olsa, qoparıb, geri qaytara bilib.

İndi növbə Cənubi Qafqaza çatıb. Düzdür, Kreml Ermənistanın qeyri-rəsmi mülkiyyətçisidir. Gürcüstanı da artıq ələ keçirmək üzrədir. Ancaq Azərbaycan olmadan bu iki Cənubi Qafqaz dövləti Kremlin işinə yaramır. Çünki Azərbaycan Cənubi Qafqazin açar dövlətidir. Azərbaycana sahiblənmədən, Ermənistan və Gürcüstanda toplanmış hərbi bazalar Kreml üçün rəqib üzərində heç bir üstünlük qazandırmır.

Ancaq Kremlin illərboyu Azərbaycanı öz qanadı altına çəkmək cəhdləri birqayda olaraq fiaskoya uğramaqda davam edir. Çünki bütün gücüylə Kremlə müqavimət göstərən rəsmi Bakı asan udulacaq loxma olmadığını sübuta yetirib. Yəni rəsmi Bakı, Rusiya üçün Ermənistan kimi bir for-posta çevrilməyəcəyini və Azərbaycanın müstəqilliyini heç kəsə qurban verməyəcəyini sezdirir.

“Milyarderlər ittifaqı”nın missiyası...


Ona görə də, Kreml rəsmi Bakının müqavimətini qırmaq üçün Azərbaycanın içərilərinə əl uzatmağa çalışır. Belə bir əlin funksiyasını da məhz “Milyarderlər ittifaqı” yerinə yetirməlidir. Halbuki yaradıcıları bu qurumun Kremllə heç bir bağlılığının olmadığını da iddia edirlər.

Birincisi, zənginlərin analoji ittifaqı o qədər də tez-tez rast gəlinən reallıq deyil. Çünki zənginləri biraraya gətirə biləcək yeganə faktor onların daha çox qazanmaq hədəfləri ola bilər. Və belə birliklər adətən, rəsmiləşdirilərək ictimailəşdirilməz. Yəni səhnəarxasında qalar.

“Milyarderlər ittifaqı” isə bunun əksinə davranır və diasporu öz qanadı altına yığmağı hədəflədiyini gizlətmir. Üstəlik, bütün bunlar Azərbaycan üçün olduqca taleyüklü siyası mərhələnin startı ərəfəsində baş verir.

Deməli, “Milyarderlər ittifaqı”nın niyə məhz Azərbaycanda prezident seçkilərinin keçirilməsinə hazırlığın görüldüyü bir vaxtda ortaya çıxması kifayət qədər əsaslı sualdır. Bəlkə də, bu ittifaq Azərbaycanın hansısa probləmlərinin həlli üçün fədakarlıq etməyi hədəfləyib. Elədirsə, onda, bəs, indiyə qədər niyə bu barədə heç düşünməyiblər. Çünki bütün dövlətlər kimi, Azərbaycanın da həmişə problemləri olub.
 
Halbuki ölkənin müstəqilliyi dönəmində “Milyarderlər ittifaqı”na daxil olan şəxslərdən kiminsə, məsələn, Azərbaycan Ordusuna, buraxın, sılah-sursat almasını, heç əsgərə əyin-baş göndərməsinə də təsadüf olunmayıb. Əslində, Azərbaycanın heç buna ehtiyacı da yoxdur və öz ordusunu sılahlandırıb, əsgərini də geyindirə bilir.

Demək istədiyim odur ki, bu qurumun hədəfində Azərbaycana fayda vermək çabasının ola biləcəyinə inanmaq çətindir. Belə bir çaba olmuş olsaydı, heç Kreml də bu cür birliyə və Rusiya ərazisində qazanılan paraların Azərbaycana xərclənməsinə imkan verməzdi.

Hiyləgər oyun...



Ona görə də, “Milyarderlər ittifaqı”nın Kremlin xüsusi planı əsasında ortaya çıxarılmasından danışmaq heş də yersiz görünmür. Ümumiyyətlə, bir belə zəngin insanın hansısa kənar gücün israrlı müdaxiləsi və istəyi olmadan biraraya gətirilməsinin mümkün ola biləcəyinə yalnız sadəlövhlər inana bilər.

Bütün olanlar onu göstərir ki, Kreml Azərbaycanı “Milyarderlər süfrəsi”nə atmağa çalışır. Ancaq onların mıssiyası yalnız qaşığı “süfrə”dən qaldırmaqdır. Halbuki həmin qaşığın o süfrəni kənardan müşahıdə edənin dodaqlarına doğru aparılması nəzərdə tutulmuş kimi görünür.

Təəssüfləndirici hal odur ki, Azərbaycanda bəziləri bu “tələ”yə çox asanlıqla düşdülər. Kinorejissor Rüstəm İbrahimbəyovun tənqidinə yönəlik kampaniya buna misaldır. Cəmisi bir neçə il əvvələ qədər R.İbrahimbəyov Azərbaycanda kino sənətinin peşəkarlarından biri kimi tanınırdı. İndisə o, artıq ictimai xadimə çevrilib. Çünki ona yönəlik tənqidlər kinorejissorun ictimai piarını artıq  təmin edib.

Bu kampaniyada iştiraçı olanlarsa, nədənsə, “ən yaxşı reklam, antireklamdır” reallığını nəzərə almadılar. Halbuki susmaq lazımıydı. Çünki bəzən susmaqla, daha çox şey demək mümkündür.

Ancaq hələ çox da gec deyil. Ziyanın yarısından qayıtmaq da kardır. Nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı qurulmuş bu hiyləğər “tələ”nin davamı üçün səhnəarxasında da kiminsə mütləq ehtiyatda saxlanmış ola biləcəyi də qətiyyən istisna deyil. Və əgər, bu ehtimal doğrudursa, deməli, yaxın aylarda onu da ictimai səhnəyə çıxartmağa çalışacaqlar. Artıq Rusiyanın orbitinə sürüklənən Gürcüstanda oynanan oyunlara diqqətlə baxdıqda, bununla bağlı narahatlıq üçün ciddi əsaslar yaranır.

Bəli, Azərbaycan hədəfə alınmış kimi görünür. İndi Azərbaycanı və ölkəmizin müstəqilliyini qorumağın yolları barədə daha ciddi düşünmək vaxtıdır.

Bu yazı 910 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :