-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Tarixi titrədən hadisə


Dr.Elşən Mustafaoğlu
Fəlsəfə doktoru
26 noyabr 2012-ci il - 6 dekabr 2012-ci il


     Tarixdə baş verən bir çox əlamətdar hadisələr həmin dövr və zaman üçün böyük əhəmiyyət kəsb edib. Amma elə hadisələr də var ki, dərin iz qoyub və bəşər tarixinin gələcək inkişafına istiqamət verib. Bunlar zaman və məkanın fövqündə, hər bir dövr üçün aktual olan hadisələrdir. Tarixi titrədən belə hadisələrdən biri Aşura günü baş vermiş Kərbəla faciəsidir.
Tarixin “Yezid” səhifəsi
     Xəlifəliyi zor gücünə ələ keçirmiş və Əməvi xilafətinin bünövrəsini qoymuş Muaviyə özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlir. Yezid islam dininin buyruqlarına zidd həyat sürən birisi kimi tanınırdı.
     Muaviyə 680-ci ildə vəfat edir. Onun ölümündən sonra Yezid əmisi oğlu Vəlidə məktub yazıb İmam Hüseyndən beyət almasını – xəlifəliyinin legitimliyini rəsmən tanımasını tələb etdi. Əks təqdirdə imamın başını kəsib ona göndərməsini istədi. Yezidin planlarından xəbər tutan İmam Hüseyn Mədinədən Məkkəyə yola düşür. Kufəlilər ona məktub yazıb rəhbərlik üçün Kufəyə dəvət edirlər. Tarixi mənbələrə görə, bu qəbildən olan məktubların sayı minlərlə idi. Vəziyyəti belə görən İmam Hüseyn öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər imama beyət etmək üçün Müslimin yanına gəlirlər, təkidlə İmam Hüseyni Kufəyə çağırırlar. Beyət aldıqdan sonra Müslim imamı Kufəyə dəvət edir.
     Yezidin tərəfdarları isə vəziyyəti belə görüb xəlifədən tez tədbir görməsini istəyirlər. Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Bununla da Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır.
     İmam Hüseyn əvvəlcədən planlaşdırdığı kimi Məkkədən Kufəyə yola düşür. Karvan Sələbiyyə məntəqəsinə çatanda imam əmisi oğlu Müslimin şəhid olması xəbərini eşidir. Gələcəkdə nələrin ola biləcəyini anlayıb hamını bir yerə toplayır və onlara Mədinəyə qayıtmağı təklif edir…
Məhərrəm ayı
     Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürrün başçılıq etdiyi Kufə ordusu gəlib onlara yetişir. Yezidin qüvvələri İmam Hüseynin qarşısını kəsərək onları mühasirəyə alır və Mədinəyə qayıtmasını əngəlləyir.
    Çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qalırdı. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseyn qarşısında iki yol qoyur: ya təslim olub Yezidə beyət etmək, ya da qətlə yetirilmək.
     İmam Hüseyn Yezid kimi zülmkar və ləyaqətsiz hökmdara beyət etməməkdə qərarlı idi. O, şəhid olmağı Yezid kimi birisinə beyət etməkdən üstün bilir və "Bizim kimilər Yezid kimilərə beyət etməz" deyir. İmam həmin gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə, Allahı zikr etməklə başa vururlar.
Aşura günü
     Məhərrəmin 10-u – Aşura günü zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayanır. Hər iki tərəfdən “Allahu Əkbər” sədaları ucalsa da, dəstələrdən biri Həzrət Peyğəmbərin tərbiyə edib böyütdüyü və ümmətə əmanət qoyub getdiyi Əhli-beyti, digəri isə islam adıyla dünya hərisliyi edib diktatura rejimi quran Yezidi təmsil edirdi.
     Döyüşdən əvvəl İmam Hüseyn son dəfə olaraq peyğəmbərin əbasını geyinib düşmənə tərəf yollanır və özünün son xütbəsini oxuyur. Ümumiyyətlə, imam oradakılara bir neçə dəfə xütbələr demiş, Yezid hakimiyyətinin bütün islam dünyası üçün bir ləkə olduğunu xatırlatmış, onları zülmə baş əyməməyə, ədalətli olmağa və haqqı batilə qurban verməməyə çağırmışdı. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır. O, öz əməlindən peşman olaraq İmam Hüseyn tərəfinə keçir və bu döyüş meydanında ilk şəhid də elə Hürr Riyahi olur…
     Döyüşün təfsilatı barədə uzun-uzadı danışmaq istəməzdik. Bu haqda tarix kitablarında geniş bəhs olunur. Sadəcə qeyd etmək istərdik ki, bu döyüşdə imamın bütün sadiq səhabələri bir-bir şəhid edildi. Hətta düşmən tərəf imamın qucağındakı südəmər körpə Əli Əsğəri belə qətlə yetirməkdən çəkinmədi. Onlar İmam Hüseynin başını kəsərək nizəyə taxdılar və təhqiramiz şəkildə Şam şəhərinə xəlifə Yezidin hüzuruna apardılar. Döyüş bitdikdən sonra ordu xeymələrə hücum çəkdi, onları talan edərək od vurub yandırdılar. Xəstə olduğundan həmin döyüşdə iştirak edə bilməyən İmam Hüseynin oğlu Əli (İmam Zəynəlabidin) istisna olmaqla oradakı kişilərin hamısını amansızlıqla qətlə yetirdilər.
     O qanlı faciədən sonra peyğəmbər ailəsinin sağ qalan üzvlərini əsir götürərək Şama gətirdilər…
Qanın qılınc üzərində qələbəsi
     İmam Hüseyn zülmkar Yezid qarşısında əyilmədi. O, kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. İmam haqq-ədalət uğrunda, islam uğrunda zülmkarla, despotla mübarizəyə qalxdı, bu yolda canından keçdi, ən yaxınlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. Bu, qanın qılınc üzərində qələbəsi idi! İmam Azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox" deməyi öyrətdi…
Həmişəyaşar dəyərlər simvolu
     Kərbəla məktəbinin bu vaxta gəlib çıxmasının başlıca səbəbi onun amallarının, hədəf və məqsədlərinin zaman və məkanın fövqündə dayanmasıdır. Belə ki, Kərbəla məktəbi – haqq və ədalət uğrunda zülmkarlıqla, ədalətsizliklə mübarizə məktəbidir. Nə qədər ki, yer üzündə zülm və ədalətsizlik var və nə qədər ki, haqsevər və ədalətsevər insanlar var, Kərbəla məktəbi öz aktuallığını itirməyəcək. Nə zaman və harada olmasından asılı olmayaraq. Tarixi seyr edək, müasir dünyamıza baxaq, nə qədər haqsızlıq, zülmlə rastlaşırıq. Kərbəla məktəbi insana iman, təqva gücü ilə Allaha sarılıb, haqqın bərqərar olması uğrunda cəsarətlə, şücaətlə çalışmağı, mübarizə və mücadilə etməyi öyrədir. “Hər gün Aşuradır, hər yer Kərbəladır” şüarının mənası da elə budur. Odur ki, bu məktəb Qiyamət gününədək aktuallığını itirməyəcək.
     Bu baxımdan Həzrət İmam Hüseynin ölməz məktəbi elə bir dəyərdir ki, insana azad olmaği, zülmkar qarşısında diz çökməməyi, haqsızlıqla barışmamağı, diktə qəbul etməməyi öyrədir. Qul olmağa, onun-bunun nökərçiliyini etməyə alışanlar, Allah rizasını deyil, onun-bunun gözündə xoş olmağı düşünənlər üçün Aşura dəyər deyil, ola da bilməz. Azadlıq məktəbinin müdavimləri yalnız Azad, Hürr olmaq istəyənlər ola bilər.
     Aşura insana Öz olmağı və Özünü yalnız Allaha bəndə etməyi öyrədir! Öz olmağı istəməyənlər üçün bu məktəb yaddır. Ona görə də belələri İmam Hüseynlə savaşıblar və elə günümüzdə də savaşırlar. Onun gerçək dəyərini, mahiyyətini gizlədir, avamların köhnə ənənələrini “Aşura” kimi qələmə verməklə Kərbəla məktəbinə kölgə salmağa çalışırlar. Bu gün baş yarmaq, üz-göz cırmaq kimi cahil ənənələr günü deyil, bu gün Haqq-Ədalət ruhuna sarılma, vücudunla Allahda qərq olma – bütün varlığınla Allaha sadiq bəndə olma günüdür.
Kərbəla məktəbi – insanlıq məktəbi
     İmam Hüseyn məktəbi əslində bir insanlıq məktəbidir. Əlamətdar haldır ki, Azərbaycan xalqı əsrlərdən bəri Kərbəla məktəbini yaşadan az xalqlardan biridir. İmam Hüseyn məktəbi millətimizin mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, musiqisinə, hətta mətbəxinə belə daxil olub. Günümüzdə də milli mədəniyyətimizin ayrılmaz hissəsi kimi cəmiyyətimizdə öz təsirini göstərir. Amma əfsuslar olsun ki, 70 illik dinsiz kommunist rejiminin hakimiyyəti cəmiyyətdə öz dərin izlərini buraxıb. Cəmiyyətimizin çox az hissəsi Kərbəla məktəbinin həqiqi mahiyyəti ilə tanışdır. Əksəriyyət üçün bu, sadəcə bir hüzn hadisəsidir. Deməli, bu İnsanlıq məktəbin daha dərin dərslərini, belə demək mümkünsə, yuxarı siniflərini keçməmizə, onun mahiyyəti, fəlsəfəsi ilə tanışlığa böyük ehtiyac var.
   Günümüzdə bir epizodik hadisə kimi yalnız Aşura deyil, Həzrət Hüseynin bütün şərəfli həyat yolu dərindən öyrənilməlidir. O, həzrət peyğəmbərimizin qucağında böyüyüb, peyğəmbər tərbiyəsi alıb. Onun bütün davranışları iman, təqva, elm və əxlaqın ən parlaq nümunələrindəndir. İmam Hüseyni öyrəndikcə insanlar əlinə “Quran” alacaq və bu İlahi Kitabı öz ruhuna, düşüncələrinə və əməllərinə hopdurmağa çalışacaq. Eyni zamanda dünyəvi elmləri dərindən öyrənəcək, imanda da, elmdə də ən öndə olmağa çalışacaq. İmam Hüseyn kimi islahatçı olacaq, özü düz insan olmaqla yanaşı cəmiyyətini islah etməyə çalışacaq. Cəhalət və irtica zəncirlərini qırıb İmam Hüseyn kimi dövrünün ən mütərəqqi şəxsiyyəti olmağa səy göstərəcək. Sözün həqiqi mənasında Allah bəndəsi olmağı öyrənəcək. Ən əsası, qanı ilə qılınc üzərində qələbə qazanmış İmam Hüseyndən ölməzlik sirlərini öyrənəcək.
   Bu məktəbi keçmiş yeni nəslin quracağı cəmiyyət köklü şəkildə kommunistlərdən miras qalmış bugünkü cəmiyyətimizdən fərqli olacaq. Bu məktəb bizlərə cəmiyyətdə ədalətin bərqərar olmasını, insan haqları və azadlıqlarının təmin edilməsini, insanlığa dəyər verilməsini, qorxmazlığı, şücaəti, cəsarəti, tərəqqini aşılayır. Elə bir cəmiyyət ki, orada zülmə, haqsızlığa, rüşvətə, böhtana, narkomaniyaya, alkoqolizmə, cəhalətə, təkəbbürə, bir sözlə, hər cür rəzalətə yer yoxdur.
     Bu məktəb Allah adamı yetişdirir ki, onun hər bir hərəkətindən özü də, ailəsi də, çevrəsi də, bütövlükdə cəmiyyət də yalnız fayda almış olsun.
    Bir sözlə, bu məktəbin həqiqi tələbələri ən layiqli insan olmağı öyrənə bilərlər. Bu isə şüarla yox, şüurla olur. Öyrənmək, anlamaq, düşünmək və həyata keçirmək. Kərbəla məktəbi – insanlıq məktəbidir. Kərbəla məktəbi özünün və yaşadığı cəmiyyətin taleyinə biganə qalmayan islahatçılar yetişdirən bir məktəbdir.

Bu yazı 629 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :