-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Güntay Gəncalpın “Səfəvilər” kitabı üzərinə mülahizələr


Gülnar Məsimli
“Discovery Azerbaijan” jurnalının redaktoru

11 dekabr 2012-ci il - 28 dekabr 2012-ci il

    “Səfəvilər” uzun zamandan bəri bizə öyrədilən tarixin ziddinə yazılan bir kitabdır. Hər bir oxucu, yəqin ki, bu kitabı oxuduqdan sonra çox təəccüblənir. Və oxuyan-oxumayan o dəqiqə Güntay bəyi tənqid atəşinə tutur. Çox təəssüf ki, bu tənqidlərin bir çoxu əslində sadəcə  təhqirdir. Məncə, kitabın yazarı Güntay Gəncalpı tənqid etmək əvəzinə onun istifadə etdiyi mənbələri araşdırmaq lazımdır. Həqiqətən də, yazar Səfəvilər haqqında saxtakarlığa yol veribsə, bunu zaman itirmədən ifşa etmək lazımdır. Çünki kitabda yazıçının öz açıqlamalarını çıxsaq, demək olar ki, Səfəvilərlə bağlı bütün məlumatlar müxtəlif mənbələrə istinadən verilib. Bizim tarixçilərimiz bu mənbələrin doğru olub-olmadığını isbat etməyə çalışmalıdırlar, yoxsa G.Gəncalpı söyməklə bir nəticə əldə etmək olmaz. Bu kitab xalqımızın tarixlə bağlı bütün bilgilərini alt-üst edir. Kitabı oxuyan hər kəs ya əsəbiləşir, ya da ağzına gələni Güntay bəyə deyib ürəyini boşaldır. Bəs bu kitabda verilən mənbələr doğrudursa, o zaman G.Gəncalp olmasaydı belə, bir başqası gec-tez həmin mənbələrə istinad edərək buna bənzər kitab yazacaqdı. Bu baxımdan kitabın bizdə yaratdığı ajiotaj abı-havasını ortadan qaldırmaq və doğruları araşdırmaq üçün tarixçilərimizin üzərinə böyük məsuliyyət düşür. Çünki kitabda insanın tüklərini ürpəşdirən məlumatlar çoxdur. Yazıçı Bitlisinin “Şərəfnamə” adlı əsərini qaynaq göstərərək Şah İsmayılın adam əti yeyən dəstələrinin olduğunu yazır: “Osta qalası düşdükdən sonra burada Bayındırlı soyundan olan Murad bəy Cahanşahlu adında bir kişi var idi. Bayındırlıların iqtidar savaşı olduğunda qaçıb Çəlaviyə sığınmışdı və İsmayılla da heç bir düşmənçiliyi yox idi. Sadəcə sünni və bayındırlı soyundan olduğu üçün Şah İsmayıl əmr verdi ki, onu kabab etsinlər. Sonra Qızılbaşlar onun ətini yedilər”. Yazıçı bu faktla bağlı İsgəndər bəy Türkmənin Azərbaycan dilinə tərcümə edilmiş “Dünyanı bəzəyən Abbasi tarixi” adlı kitabına da əsaslanır: “Murad bəy Cahanşahlu qəzəb odunda yandırıldı, intiqam alan döyüşçülər onun ətini yedilər”.  Daha sonra isə “Dehxuda” adlı bir kitabı mənbə göstərərək qeyd edir: “Şah İsmayılın əmri üzərinə “çegin” adında adamyeyən dəstələr təşkil edilmişdi. Bu dəstələr 12 imam adına 12 nəfərdən ibarət idi. Çeginlər sünnilərin öncə qulaqlarını, sonra burunlarını, daha sonra bədənlərinin başqa yerlərini yeyirdilər. Çegin sözü “çiy yeyən”nin asan tələffüz şəklidir. Məhkumların ətlərini bişirmədən çiy yeyirmişlər”. Bunlar olduqca ciddi ittihamlardır. Bu ittihamlar bir yazıçının təxəyyüllünün məhsuludur, yoxsa sadaladığı faktlar və mənbələr həqiqətdir? Səfəvilər haqqında araşdırma aparan  mütəxəssislər məhz bu suala cavab tapıb gerçəkləri ortaya çıxartmalıdırlar. Tənqidlər məhz bu mənbə və qaynaqlara əsaslanmalıdır. Əgər bu faktlar bizim tarixçilərimizə məlumdursa, nə üçün G.Gəncalpın göstərdiyi qaynaqların doğru olmadığını, yanlışlığa yol verildiyini açıqlamırlar? Yoxsa onlar da Şah İsmayılın adam əti yeyən dəstələr təşkil etdiyini bilirmişlər, sadəcə açıqlamağa cəsarətləri çatmayıb!
Kitab İslam tarixinə həsr olunmuş girişlə başlayıb, məzhəblərin, təriqətlərin incələnməsi ilə Səfəvilər dövrünə keçid alır. Azərbaycanda və Anadoluda Səfəvilikdən öncəki durumu araşdırır. Şah İsmayıl bölümünə girişdə Şah İsmayılın tarixdə olub-olmamasına da şübhə ilə yanaşılır. Daha sonra Şah İsmayılın Təbrizdə törətdiyi G.Gəncalpın ifadəsi ilə söyləsək, “soyqırımı” izah edilir. Gəncalp Şah İsmayılın təbrizlilərlə rəftarını bu şəkildə təsvir edir: “Qızılbaşların Təbrizi işğal etdiyi günün ertəsi cümə günü idi. Cümə günü Şah İsmayıl “Cami” məscidinə gəldi. Camidə bulunan hər iki sünni arasında bir əli qılıclı qızılbaşın hazır durmasını istədi. Şah İsmayıl sünni məzhəbinin mənsux (batil) olduğunu duyurdu. Camidəki qalabalığın şaşqınlıqdan nəfəsləri tutulmuşdu. Sonra Əbubəkirə, Ömərə, Osmana və Ayişəyə lənət söyləməyib səssiz qalanların başlarının həmən vurulmasını əmr etdi. Minbərə çıxıb orada bulunan qalabalığa dedi: “Sünnilərdən təbərra edin (uzaqlaşın)”, “Əbubəkirə, Ömərə və Osmana lənət söyləyin!” Orada əllərində qılıc duran qızılbaşlar “Çox lənət, daha çox lənət!” deyə bağırdılar. Xalq etiraz etdi və çaxnaşma qopdu. Şah yenidən yüksək səslə “Kim bu sözləri söyləməsə, öldürüləcəkdir”, - dedi. Təbriz əhalisi şaşqın qalmışdı. Bir müsəlman necə ola bilər ki, peyğəmbərin ən yaxın əshabələrinə, peyğəmbərin ən çox sevdiyi eşinə lənət söylər olsun, deyə qara-qara düşünürdülər. İsmayıl isə, nə əshabələrin kimliyini, nə İslam tarixini bilirdi, nə də peyğəmbəri doğru-dürüst tanıyırdı. Onların inancına görə, imamlıq görəvi peyğəmbərlik məqamından üstün idi. Sadəcə ona 12-ci imam kimi davranmaq öyrədilmişdi. Əbubəkirin, Ömərin, Osmanın və Ayişənin müsəlman olmadıqları, Əli düşmənləri olduqları çocuğun ruhuna və şüuruna doldurulmuşdu. Peyğəmbər düşməni olan onlar Əlinin iqtidar haqqını yemiş və özləri iqtidara gələrək Əbusüfyan dini olan sünniliyi yaymışlar... İndi Əli və Fatimənin və Kərbəlada şəhid olanların intiqamını Azərbaycan türklərindən almanın zamanı gəlmişdi və Təbriz əhalisi qətl edilməli idi. Təbriz əhalisi etdikləri “suçlardan” dolayı ya tövbə etməli, ya da qətl edilməli idi... Camidəki əhali türkcəni Gilək ləhcəsi ilə danışan və əlində qılıc tutan İsmayıl adında bu yabançı çocuğun “Əbubəkirə, Ömərə və Osmana lənət söyləyin!” bağırtısını yenidən duydular. Xalq iki qorxu arasında sıxışıb qalmışdı. Bir tərəfdən İslam böyüklərinə lənət söyləsələr, Allahdan qorxurdular, digər tərəfdən də əllərində qılıc dayanmış öldürməyə hazır olan Qızılbaşlardan. Çoxları bu sözləri duymamaq üçün barmaqları ilə qulaqlarını tıxadılar. Şəhərin İslam alimlərindən bir neçəsi Camidən çıxmaq istədilər. Ancaq minbərdə əlində qılıc oturmuş Şah bu dəfə daha yüksək səslə “Təbərra edin!”, - dedi. Kimsə təbərra etmədiyi üçün Şah camidə olanların hamısının başlarının kəsilməsinə əmr verdi. Təbriz camisi böyük bir qətlgaha dönüşdü. Kimsə qızılbaşların əlindən sağ qurtulmadı. Bunun üzərinə qızılbaşlar təbrizlilərin mallarına və namuslarına təcavüz etmək üçün sərbəst buraxıldılar.”
Bizim tarixçilər nə üçün bu bilgilərin qaynaqlarının yanlış olduğunu sənədlərlə ifşa etmirlər? G.Gəncalpın bu kitabı yazmaqda məqsədinin nə olduğuna baxmayaraq, o, Səfəvilərin öz qaynaqlarından daha çox istifadə etmişdir. Bu qaynaqların bir çoxu elə Səfəvilərin öz zamanında yazılıb, həmçinin “Səfəvilər” kitabının yazarının verdiyi məlumata görə, bu qaynaqlardan ən önəmlilərindən biri də Azərbaycan dilinə tərcümə edilib. Əgər G.Gəncalpın verdiyi bilgilər, istinad etdiyi mənbələr və həmin kitablarda göstərdiyi bütün faktlar doğrudursa, o zaman yazıçını tənqid etməyin  mənası yoxdur.
Kitabda iddia edilir ki, daha öncə Azərbaycan mədəniyyətini quran və yaşadan Bayındırlı dövləti var imiş və Şah İsmayıl bu dövləti tarixdən sildikdən sonra İran dövlətini qurur və başına şahlıq tacı qoyduğunda da 12 imam adına 12 cümlədən ibarət olan fars milliyyətçiliyinin tarixi manifestini oxuyur. Yazar bəlli qaynaqlar göstərərək iddia edir ki, Şah İsmayıl iqtidara gələr-gəlməz dövləti farslaşdırmağa başlayır və Qızılbaşlar buna etiraz olaraq, Şah İsmayılın təyin etdiyi 5 valini öldürürlər və Şah İsmayıl da Qızılbaşları bu əməllərinə görə öldürtdürür. Demək olar ki, bu kitab Şah İsmayılın “qətlnamə” kitabıdır. Həm də Şah İsmayılın qətl etdiyi bütün insanlar Azərbaycan türküdür.
Kitabda ən dəhşətli hadisə Şah İsmayılın Şeybək Xanı məğlub etdikdən sonra onun ətinin yeyilməsi üçün əmr verməsidir. Həqiqətən də, bunları Gəncalp özündənmi uydurub, yoxsa tarixi reallıqlardır? Bunlar gerçəkdirsə, nə üçün biz belə bir insanı qəhrəman kimi qəbul  etməliyik? Gəncalpın yazdığı “Səfəvilər” kitabına görə, hətta Şah İsmayıl şair də olmayıb. Onun adına çıxarılan şeirlər Anadolu xətailərinə aid imiş. Yəni Azərbaycan mənəviyyatı və tarixi üçün zərərdən başqa bir xeyri dəyməyən Şah İsmayılı nə üçün milli qəhrəman kimi qəbul etməliyik? Çox istərdim ki, tarixçilərimiz bu suallara cavab versinlər. Məsələni Güntay Gəncalp problemi olmaqdan çıxarıb tariximizin gerçəkləri kimi öyrənməliyik. Xalqa doğru bilgilər verilməlidir. Çünki atalar demişkən “yalan ayaq tutar, ancaq yeriməz”. Yalan bilgilərlə xalqı aydın gələcəyə necə aparmaq olar? Çox acı olsa da, reallıqları olduğu kimi qəbul etmək lazımdır. Gəncalpın “Səfəvilər”  kitabının sarsıntıları bununla məhdudlaşmayacaq. Xalqın dərin köklərinə qədər yerləşəcək bu sarsıntı. Ona görə də bu sarsıntının önünü kəsmək mütəxəssis tarixçilərin üzərinə düşür. “Şah İsmayıl Bütöv Azərbaycan qurmuşdur” kimi şüarlar bu kitabdan sonra öz təsirini itirdi. Ya bu şüarlar yalandır, ya da Gəncalpın kitabı. İkisindən birində yanlışlıq var.
Ən qorxunc olan isə, Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Azərbaycanda “dini kristallaşma” adı altında farslaşdırma siyasəti yürütmələridir. Bu kitabın verdiyi məlumata görə, Azərbaycan tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid olan nə varsa, Səfəvilər tərəfindən bütünlüklə silinib, hətta “Kitabi-Dədə-Qorqud” kimi sərvətimiz belə onlar tərəfindən məhv edilib. Və gəlib bizə çatan Səfəvilər tarixi təhriflərə uğrayıb. Səfəvilərdən öncə Azərbaycanda tikilən məscidlər belə, sünnilərin qibləni saxtalaşdırmaları adı altında sökdürülmüşdür. Bu kitab bir çox oxucu kimi məni də pərişan etdi. Bütün bildiklərim məni şübhəyə saldı. Bu səbəbdən də bir vətəndaş olaraq, tarixçiləri araşdırma aparmağa dəvət edirəm. Yox, əgər bu kitabdakı bilgilər doğrudursa, pərişan olsaq da, “Səfəvilər” kitabının yazarı Güntay Gəncalpa təşəkkür etməliyik ki, reallıqları olduğu kimi gözlər önünə sərmişdir.

Bu yazı 1414 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :