-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Bir dəli bir quyuya daş atdı…


Ramil Cəfərov

11 yanvar 2013-cü il - 03.03.13

       Bir müddət əvvəl Amerika Birləşmiş Dövlətlərində bir nəfərin Məhəmməd peyğəmbər haqqında çəkdiyi film dünyanın, xüsusilə İslam ölkələrinin gündəmindən düşmədi. Ardından Fransada hansısa bir karikatura, nə bilim, «Quran» kitabının başqa formada nümayişi və s. Bu təhqirlərə İslam dünyasının reaksiyası isə acınacaqlıdır. Məsələn, Pakistanda maşınlar, dükanlar, kinoteatrlar yandırılır və bu ölkə əhalisi bunu bu filmi çəkənlərə etiraz forması kimi başa düşür. Eləcə də, Tunisdə də, başqa ərəb ölkələrində də bu tipli etirazlar edilir. Nəticədə nə təhqirlərin ardı kəsilir, nə də İslam ölkələrində şəhərlərin yandırılması, küçə qışqırıqları…
Bəs bu təhqirlərə necə cavab verməli?
       Və bu cavab elə olmalıdır ki, dünya mətbuatında müsəlman dedikdə qaragüruh və başıpozuq dəstə nümayiş etdirilməsin. Burada «İncil» kitabında İsa peyğəmbərin dediyi bir fikir yada düşür: «Üzünüzə bir sillə vursalar, çevirin o birinə də vursunlar». Bunu mən o cür başa düşürəm ki, sizə qarşı zorakılıq edənləri siz mehribançılıqla və xeyirxahlıqla utandırın.
      Mən etiraz doğuran bu filmə baxmamışam. Ancaq küçələrdə dağıntı törətməkdənsə, Məhəmməd peyğəmbərin və İslam dininin mahiyyəti haqqında, missiyası haqqında daha tutarlı, genişmiqyaslı filmlər və digər vasitələrin təşkil edilməsi, insanlara çatdırılması doğru olardı. Ən başlıcası, müsəlman ölkələrində xalq mariflənməli, elmi və sənaye cəhətcə, o cümlədən, insan inkişafı baxımından yüksəlməlidir. Tarixə nəzər salsaq, Məhəmməd peyğəmbər xalqın təhsili ilə bağlı məsələyə xüsusi diqqət etmişdir. «O, tez-tez «Allah məni müəllim olaraq göndərdi» - deyirdi. Mədinəyə gəldikdə gördüyü ilk ictimai iş bir məscid tikdirmək olmuşdu. Bu məscidin bir hissəsi gecə yataqxana, gündüz dərs otağı funksiyasını yerinə yetirən və istəyən hər kəsin faydalana biləcəyi məktəb (məşhur Süffə) üçün ayrılmışdı. Hicrətin ikinci ilində (miladi 624-cü il) Məkkədə bütpərəstlərin ordusu məğlubiyyətə uğradığı zaman Məhəmməd peyğəmbər oxumaq, yazmaq bilən bütün müharibə əsirlərinin düstaqlıqdan azad olunması üçün istənilən pulun işlə əvəzlənməsini, yəni hər birinin 10 müsəlman uşağına yazmağı öyrətməklə fidyə ödəməsini əmr etdi. (İbni Hənvəl, ibni Sad). (Bu sitat Məhəmməd Həmidullahın «İslama giriş» kitabından götürülmüşdür).
      Tarixdə Məhəmməd peyğəmbərin öz zamanında da şəxsiyyətinin təhqir olunması faktı da var. Ancaq o, bütün təhqirlərə dözümlə, səbrlə, insani davranışlarla cavab vermiş, nəticədə onu təhqir edənləri öz ardıcılına çevirə bilmişdir. Bəs indiki «müsəlmanlar» nə edir?!
      İndi isə keçək çağdaş dövrdə Məhəmməd peyğəmbərə qarşı ən çox irad tutulan mövzuya. Hazırda Qərb mənbələrində, eləcə də, anti-İslami bütün təbliğatlarda Məhəmməd peyğəmbərə ən çox ailə məsələsində irad tutulur. Onun 6 və ya 9 yaşlı qızla (həzrəti Ayişə ilə), eyni zamanda öz oğulluğu Zeydin arvadı ilə, yəni gəlini düşən bir qadınla boşandıqdan sonra evlənməsi daha çox qabardılır. Eyni zamanda çoxarvadlılıqla bağlı da çoxsaylı iradlar mövcuddur. Mən din xadimi deyiləm, ilahiyyatçı da deyiləm. Ancaq bu suallara öz düşüncəmlə cavab vermək istərkən qeyd edərdim ki, Məhəmməd peyğəmbərin həyatını öyrənərkən revyativist yanaşma doğru olardı. Yəni peyğəmbərin həyatına dövrə görə yanaşmaq, zamanın xüsusiyyətlərinə görə baxmaq yaxşı olardı. Ərəb cəmiyyətində doğulan, formalaşan İslam peyğəmbəri ərəb adətlərinə sayğılı olmağa, ərəb tayfaları, onların gələnək və görənəkləri ilə uzlaşma şəraitində yaşamağa məcbur idi. Başqa sözlə, çoxarvadlılığı İslam hadisəsindən çox ərəb cəmiyyətinin xüsusiyyəti kimi qəbul etmək də olar. Qaldı ki, 6 və ya 9 yaşlı qızla evlənmək məsələsinə, bununla bağlı kifayət qədər ziddiyyətli fikirlər və faktlar vardır. Ümumilikdə ərəb cəmiyyətinə məxsus xüsusiyyətlərin bütün müsəlman xalqlarına şamil edilməsi doğru sayıla bilməz. Məsələn, ərəblərin dini cərəyanlarından olan vəhabilərin həyat tərzi (uzun saqqal saxlamaq, qısa şalvar geyinmək, qadınların niqab taxması və s.) türk xalqları və ya digər qeyri-ərəb xalqları üçün həyat tərzi ola bilməz. Hər xalqın öz adətlərini daha məqbul sayması isə təbiidir. Burada Herodotun «Tarix» kitabından bir sitat gətirmək yerinə düşərdi. O, öz kitabında («Tarix», səh.174, tərcümə) yazır: «… Bütün xalqlara dünyadakı adət və xasiyyətlərin ən yaxşısını seçmək imkanı verilsəydi, onda hər xalq həmin adətləri diqqətlə öyrənib özününkünü seçərdi. Belə ki, hər xalq öz adətlərinin və həyat tərzinin müəyyən qədər daha yaxşı olduğuna inanır. Buna görə sağlam düşüncəli adam belə şeyləri necə lağa qoya bilər? İnsanların öz həyat tərzi və adətləri haqqında doğrudan da bu fikirdə olduqlarına çoxlu nümunələr əsasında inanmaq olar. Bax bunlardan biri: şah Dara öz hakimiyyəti zamanı onunla bir yerdə olmuş ellinləri yanına çağırmağı buyurub soruşur ki, onlar hansı qiymətə özlərinin ata-analarını (cəsədlərini) yeməyə razıdırlar? Onlar da cavab vermişlər ki, dünyada heç nəyin bahasına belə bir iş görməzlər. Onda Dara mərhum ata-analarının bədənini (cəsədini) yeyən «kallatilər» adlanan hindliləri çağırtdırıb, dilmancları vasitəsilə soruşur ki, onlar hansı qiymətə ata-analarının cəsədlərini tonqalda yandırmağa razı olarlar? Onlar isə bərk qışqırıb şahın hörmətsizlik etməməsini tələb etmişlər. Xalqların adətləri belədir və mənə elə gəlir ki, «adət hər şeydən başdır» - deyən Pindar haqlıdır».
      Ancaq tarixdə bir çox mənfi hərəkətlərin, adətlərin olması və onların bəzilərinin tədricən, bəzilərinin isə İslamda olduğu kimi yarıtəkamül, yarıinqilabi və ya tam inqilabi yolla ortadan qalxması da faktdır. İslam dininin ən gözəl prinsiplərindən, çağırışlarından, dəvətlərindən olan «pis işlərdən çəkindirmə» və «yaxşı işlərə dəvət» kimi üsulları bütün mənfi hərəkətlərə, adətlərə son qoymaqda olduqca önəmlidir. Fikrimcə, İslam xalqlarının əsas problemi hansısa təxribat xarakterli çəkilmiş filmlər, karikaturalar deyil, sosial-mədəni, siyasi, iqtisadi cəhətdən geri qalması, geri qalmış sistemlərdə yaşamasıdır. Yaşadığım ölkəni nümunə göstərmək yerinə düşərdi. Azərbaycanda təhsil olduqca geridədir (söhbət inkişaf etmiş və ya müntəzəm inkişaf etməkdə olan dövlətlərlə müqayisədən gedir), məhkəmələrdən tutmuş, bütün dövlət orqanları bu və ya digər dərcədə korrupsiya, rüşvət girdabında batır. Xalqa, dövlətə məxsus mətbuat qurumlarında (TV, radio, qəzet, jurnal və s.) yalan sırınır. Əxlaqsız insanlar Azərbaycan xalqına əxlaq simvolları kimi sırınır. Bütün bunlar pis işlər deyilmidir? Polis, məmur özbaşınalığının, qohumbazlığın baş alıb getməsi, rüşvətlə vəzifələrin satılması, rüşvətlə vəzifə pillələrində irəliləmə, rüşvət vasitəsilə «millət vəkili» olmaq və s. pis işlər deyilmidir? Övladlarınızın layiq olmadığı halda, müxtəlif əyri yollarla universitetlərə tələbə kimi, magistr kimi, doktorant kimi yerləşdirilməsi pis işlər deyilmidir? Bəs bu cəmiyyəti pis işlərdən necə çəkindirməli? İnsanları necə azad etməli? Bu suallara cavab verərkən dahi rus yazarı, Nobel mükafatçısı Aleksandr Soljenitsının «Yalansız yaşamaq» yazısından bir sitat gətirmək istəyirəm. O, qeyd edir: «Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır – şəxsən yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq, yalanın hakim kəsilməsində mənim əlim olmasın! Və bu süstlüyümüzü azacıq da olsa, aradan qaldıra bilək. Bizdən ötrü, ən asanı – yalanı yoxa çıxarmağın ən sadə yolu da elə budur! Çünki insanlar yalandan iyrənib üz döndərəndə o, sadəcə olaraq, aradan çıxır».
      Müsəlman olmağın yolu əgər insanları pis işlərdən çəkindirməkdən və yaxşı işlərə dəvətdən gedirsə, ilk növbədə insan olmağın yolu da, şəxsiyyət olmağın yolu da azadlıqdan keçir. İnsan azad olmasa, cəmiyyət azad olmaz. Cəmiyyət azad olmasa, dövlət azad olmaz. Burada Robindranat Taqorun bir fikrini qeyd etmək istərdim: «Azadlıq bir üstünlükdür. Bu üstünlük özünü hər gün qoruması üçün insana verilir. Ona görə verilir ki, sübyektlərin biganəliyi və qorxaqlığı ucbatından zülmə yol açılarsa, ən demokratik hökumət də istismara meylidir».
      Laqeydlik, qorxaqlıq, yalançılıq, riyakarlıq müsəlmançılıqla daban-dabana zidd anlayışlardır. İslamda vətən uğrunda döyüş kiçik cihaddırsa, özü ilə döyüş – nəfsinlə döyüş böyük cihad sayılır. Özüylə döyüşən insan – nəfsi ilə döyüşən insanın laqeyd, qorxaq, riyakar olması yəqin ki, mümkün deyil. Bəs ölkəmizdə niyə yalan, riyakarlıq, saxtakarlıq həyat tərzinə çevrilib? Ona görə ki, ölkəmizdə yalançı «müsəlmanların» sayının çox, gerçək, haqsevər, həqiqətsevər, azad düşüncəli insanların – müsəlmanların sayının isə az olmasıdır. Haqsızlığa, yalana, saxtalığa zahirdə, sözdə «müsəlman» (bunları məscidlərdə də görmək olar, vəzifə kürsülərində də görmək olar, Kəbədə də görmək olar) olanlara qarşı mübarizə əsl insanın – gerçək müsəlmanın müqəddəs borcu olmalıdır. Yoxsa, sünnət mərasimi ilə «müsəlman» olmaq, bununla da Allah qarşısında vəzifə borcunu yerinə yetirməyi bitmiş hesab etmək gülməli deyilmidir? Müsəlmanların ən ümdə borcu haqsızlıqla, yalanla, saxtakarlıqla, şərlə mübarizədir. Burada Məhəmməd peyğəmbərin dediyi hədis yerinə düşərdi: «Haqsızlığa qarşı əməlinizlə qarşı çıxın, bacarmırsınız, sözünüzlə qarşı çıxın, bunu da bacarmırsınız, ürəyinizdə qarşı çıxın. Bu isə imanın ən zəif cəhətidir».
      Aşura günlərində Yezidə lənət deyənlər unutmamalıdırlar ki, Yezid 14 əsr bundan qabaq dünyadan getməyib, bu gün də Yezid var və yezidlər var. Mən müsəlmanları, doğru yol yolçularını, haqsevər insanları ölkəmizi və ölkələri bürüyən yalana, riyakarlığa, vəzifələrindən sui-istifadə edənlərə, dövlətin - xalqın büdcəsini şəxsi maraqları üçün xərcləyənlərə, bir sözlə, bütün yalana, göründüyü kimi olmayanlara, olduğu kimi görünməyənlərə qarşı mübarizəyə səsləyirəm.

Bu yazı 768 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :