-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Azərbaycan gənci vətənpərvərdirmi?


Mübariz Göyüşlü
“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri

21 yanvar 2013-cü il


      “Gənclər bizim gələcəyimizdir”, “Gənclərə diqqət və qayğı lazımdır”, “Gələcəyimiz gəncliyimizin əlindədir” kimi şüarlarla müntəzəm olaraq qarşılaşırıq. Bəs görəsən biz bu şüarların reallaşması və sağlam, bacrıqlı gənclərin formalaşmasında nə dərəcədə iş görə bilirik?
     Əvvəla onu qeyd edək ki, həqiqətən də Azərbaycan əhalisinin böyük hissəsini gənclər təşkil edir. Lakin bu gənclərə lazımi qədər qayğı göstərə bilmirik. Əlbəttə “qayğı” dedikdə söhbət ondan getmir ki, biz onları pambıq içərisində saxlamalı, zəhmət çəkmədən əla həyat şəraitinə nail olmasını təmin etməliyik və s. Söhbət gənclərə ailədə və cəmiyyətdə düzgün tərbiyə verilməsindən, onların öz işini bilən mütəxəssis və layiqli vətəndaş kimi böyüməsinə yardımçı olmaqdan gedir.
     Dünyaya göz açan körpənin ilk qədəmləri rüşvətlə yanaşı atılır. Ailə övladının dünyaya gəlməsinin sevincini və xəstəxanaya veriləcək pulun tələb olunan miqdarda olmasını təmin etməyin çətinliklərini yaşayır. Ondan sonra bağça həyatı gəlir və heç kimə sirr deyil ki, burada da rüşvətin meydan sulaması və savadsız müəllimlərin (vicdanlı və savadlı müəllimlərə aid deyil bu ifadəmiz) mövcudluğu uşağın layiqli vətəndaş kimi yetişdirilməsi ehtimalını sual altına alır. Hər kəs övladına yaxşı tərbiyə verə biləcək uşaq bağçası axtarır, lakin belə müəssisələrin çox az sayda olması valideyinlərin əksəriyyətinin arzusunu ürəyində qoyur. Bağçaların icra hakimiyyətlərinin tabeçiliynə verilməsi qərarı problemi nəinki həll etməyib əksinə daha da qəlizləşdirib. Məlumdur ki bağça uşaqları məktəbə hazırlamalıdır, onlara burada gələcək həyatlarında bir vətəndaş və mütəxəssis kimi formalaşması üçün ilkin biliklər, məlumatlar verilməlidir. Təəssüf ki, buna ümid edən valideyinlər əks mənzərə ilə qarşılaşırlar. Burada çalışan personalın əksəriyyəti uşaqlara “bunlar bizim gəlcəyimizdir” fikriylə deyil, onun ailəsindən necə pul qopartmaq lazımdır düşüncəsiylə yanaşırlar. Nəticə hər kəsə bəllidir.
    Mənəvi və intellektual baxımdan şikəst böyüdülən uşaqlarımız orta məktəbə daxil olurlar. Əgər uşaqlar bağçada onlara qarşı edilən mənəvi terroru o qədər hiss etmirsə məktəbdə bununla hər addımda qarşılaşırlar. Valideyinlərin şikayətinə əsasən demək olar ki, rüşvətin tüğyan etdiyi orta məktəbdə nəinki gələcəyin şəxsiyyəti yetişdirilir, heç normal təhsil də verilmir. Yalnız ən iradəli və qətiyyətli, istedadlı şagirdlər Allahın lütfü sayəsində orta məktəbi layiqli şəkildə bitirə bilirlər. Lakin burada fərdi hazırlığın, məktəbdənkənar çalışmaların rolunu xüsusi qeyd etməliyik, çünki bu danılmazdır. Başqa bir amil bundan ibarətdir ki, buradakı şagirdlərin vətənpərvər olması özlüyündə nadir bir qəhrəmanlıq nümunəsi sayıla bilər. Çünki faktiki olaraq məktəblərimizdə şagirdlərinə qayğı ilə yanaşaraq onların vətənpərvər yetişməsi üçün cəhd göstərən müəllimlər barmaqla sayılacaq qədərdir. Bu yetmirmiş kimi həm belə müəllimlərə, həm də şagirdlərə bir növ dəli-divanə kimi, zəmanədən geri qalmış kimi yanaşırlar.
    Nəhayət orta məktəbi bitirib testin verdiyi imkanlardan yararlanaraq ali məktəblərə qəbul olunan gənclərimiz burada da eyni çətinliklərlə və problemlərlə qarşılaşırlar. Rüşvət, müəllimin tələbəyə qarşı qəbuledilməz davranışları, hələ formalaşmamış gənclərimizin sınmasına səbəb olur. Gələcək fəaliyyətini elmdə, yaxud da digər sahələrdə görən gənclərimizin həyatı boyunca daha başqa çətinliklərin ortaya çıxması və s. onlarda olan yaradıcılıq həvəsini, vətəndaşlıq mövqeyini, vətən əxlaqını, milli-mənəvi dəyərlərə, millətə sevgini ya zəiflədir, ya da yox edir.
    Biz buraya ailənin öz övladına düzgün tərbiyə verə bilməməsini, cəmiyyətin də hər addımbaşı onları mənəvi terrora məruz qoymasını, televiziyalarımızın və radiolarımızın əksəriyyətinin səviyyəsiz verlişlər göstərməsini, kitabxanaların sayının azalmasını, ən əsası bir qrup fahişə və namussuz müğənnilərin yüksək həyat şəraitinin olmasına rəğmən professorun, müəllimin, hərbiçinin, öz işinin bilicisi olan məmurun çətin sosial vəziyyətdə yaşamasını da əlavə etsək mənzərənin nə qədər acınacaqlı olmasını təsəvvür edə bilərik. Əlbəttə bununla biz fədakar müəllimlərin, valideyinlərin, cəmiyyətin ayrı-ayrı vicdanlı şəxslərinin və bütün bu çətinliklərə baxmayaraq normal şəkildə yetişən gənclərimizin əziyyətlərini, zəhmətini heçə endirmək istəmirik. Əksinə, sadaladığımız çətinliklərə baxmayaraq savadlı mütəxəssis kimi yetişib millətinə vicdanla və namusla xidmət edən insanlarımızın alqışa layiq olduğunu bildirmək istəyirik.
     Bu qədər çətinliklərdən sonra yetişən gənclərimizə necə “siz vətənpərvər deyilsiniz”, “gənclər kitab oxumur”, “gənclər səviyyəsiz işlərlə məşğuldur” deyə bilərik? Axı biz nə zaman keyfiyyətli toxum səpdik ki, yüksək də məhsul alaq? Səpdiyimiz zəhər olduğu halda necə olur ki, gənclərin səviyyəsiz, savadsız, bacarıqsız və s. olmasından şikayətlənək? Əgər cəmiyyət vətənpərvər olsa, ailə vətənpərvər olsa, müəllimlər, məmurlar, alimlər və s. başdan-ayağa vətənpərvər olsa gənclər də belə yetişəcək. Ona görə də bütün bunları nəzərə alaraq demək olar ki, bizim gənclər vətənpərvərdirlər və əgər bu çatışmazlıqları həll edə bilsək onlar daha yüksək nəticələrlə bizləri sevindirə bilərlər.
    Bu qeydlərlə mən gənclərin tərəfini tutmuram və əlində real imkanları olduğu halda öz üzərində işləməyən gənclərin qınanmasından imtina etmirəm. Lakin mən bununla cəmiyyətimizi, yaşlı nəslin nümayəndlərini, nümunə sayılan ziyalılarımızı, əlində səlahiyyət olan insanları obyektivliyə çağırıram. Eyni zamanda onları xəbərdar edirəm ki, biz öz gənclərimizə sahib çıxmalıyıq. Yoxsa onlara digərləri “sahib çıxacaq” ki, bu da bizlər üçün, millətimiz üçün, dövlətçiliyimiz üçün yaxşı heç nə vəd etmir. Ona görə də bu məsələlərə diqqətimizi artırmaqla daha bacarıqlı, savadlı və ən əsası vətənpərvər gənclər ordusu yetişdirməyə çalışmalıyıq.

Bu yazı 1338 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :