-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Yağ içində el kimi...


Cavid Cabbaroğlu
25 sentyabr 2010 - 10 dekabr 2010

        Bu yaxınlarda hansısa filosofun maraqlı bir fikrini oxudum: “Qanunu qanunsuz yollarla deyil, qanunvericilikdən kənara çıxmadan, qanuni şəkildə tətbiq etmək lazımdı”. Haqlı yanaşmadı - eyni məntiqlə əxlaqı əxlaqsızlıqla təbliğ etmək, ədaləti ədalətsizliklə bərpa etmək, Allahı allahsızlıqla sevdirmək də absurddu.
        Naməlum filosofun aforizmini ATV-nin “El içində” verilişinin oktyabrın 18-də efirə gedən buraxılışını seyr edərkən bir daha xatırladım. İlk baxışda yazarların (Hafiz Mirzə, Qəşəm Nəcəfzadə, İlham Tumas) və şou-biznes əhlinin (Rəqsanə, Zaur Baxşəliyev, Kamilə Babayeva) debatı şəklində təşkil olunan verilişin mövzusu “Tənqid, ya təhqir” idi. Amma sonradan bəlli oldu ki, verilişin iki qonağını, konkret olaraq Hafiz Mirzə və Qəşəm Nəcəfzadəni studiyaya başqa mövzunun (İstedad və qibtə) müzakirəsinə dəvət ediblər. Bu faktın özünün debat etikasına nə dərəcədə uyğun olma(ma)sını bir kənara qoyaraq keçək mətləbə...
        “El içində” verilişinin aparıcısı Elçin Əlibəyli bir başqa idi. O, verilişinə çağırdığı qonaqları ya əlinə imkan və fürsət düşdükcə aşağılayır, ya danışmalarına imkan vermir, ya da onların fikirlərini istədiyi kimi (çox vaxt da yanlış) şərh edirdi. Verilişdə diqqət çəkən daha bir məqam isə Elçin Əlibəylinin qonaqlarını dəfələrlə səviyyəsiz adlandırması idi. Bunu deyən teleaparıcını məntiqlə reytinqli saydığı verilişinin reytinqi narahat etməliydi. Ümumiyyətlə, hörmətli aparıcının verilişinə çağırdığı şəxslərə və bütövlükdə millətə ağıl dərsi keçməyi peşəyə çevirdiyi və özünütənqid imkanlarını itirdiyi “El içində”nin hər buraxılışında daha qabarıq şəkildə görünür. Təkəbbür isə verilişinə çağırdığı qonaqların hər kəlməbaşı “Elçin müəllim bunu daha yaxşı bilər” deyə yaltaqlanmasına etiraz etməyinə də imkan vermir.
        Artıq təkcə Elçində deyil, ATV-nin və digər telekanalların bütün populyar aparıcılarında belə təsəvvür yaranıb ki, kimsə bunları tənqid edirsə, özünə piar qurmaq, reklam olunmaq istəyir. Bu nə məntiq, atam balası? Axı Siz hər gün camaatın evinə, kobud şəkildə desək, icazəsiz soxulursunuzsa, niyə adicə tənqidə bu cür dözümsüz yanaşırsınız? Olmaya hesab edirsiniz ki, hazırladığınız verilişlər dünya telejurnalistikasının şah əsərləridir?
Bu yerdə “El içində”nin son buraxılışında yazar qismində qonaq olan, amma əslində şou-biznes təəssübkeşliyi nümayiş etdirən İlham Tumasın bir fikrinə diqqət çəkmək yerinə düşər. Hərçənd bu fikrin “Tənqid, ya təhqir” mövzusunda keçirilən debatda niyə səsləndiyini anlamaq mümkün olmadı: “Mən uzun illər qəzetlərdə işləmiş bir şəxs kimi deyirəm ki, qəzet jurnalistləri ilə telejurnalistlər arasında yaranmış soyuq münasibətin səbəbi qəzet jurnalistlərinin qısqanclığıdır. Yəni mən niyə uzun illər qəzetdə çalışsam da, tanınmıram - amma hansısa telejurnalist qısa müddət ərzində populyarlıq qazanır”. Sayın İlham Tumas, fikrinizin absurd olduğunu sübut etməyə gərək görmədən və uzağa getmədən konkret özümdən danışmağı zəruri sayıram - 12 ildir ki, çap mediasında çalışıram və bu müddət ərzində bir dəfə də olsun telejurnalistika sahəsində çalışmağa cəhd etməmişəm. Şəxsən mən Elgiz Əkbər, Turan İbrahimov kimi populyar olmaq istəməmişəm. “Yağ kimi”nin verəcəyi populyarlığı da istəmirəm. O zaman Sizə kim o haqqı verib ki, bütün qəzet jurnalistlərini paxıllıqda, xəbislikdə günahlandırasınız? Uzun müddət qəzetlərdə işləmisinizsə, yəqin razılaşarsınız ki, Azərbaycanın çap mediasında həm peşəkarlıq, həm nüfuz, həm də şəxsiyyət baxımından böyük hörmətə layiq şəxslər var.
Elçin Əlibəyli “El içində”nin son buraxılışında Hafiz Mirzə və Qəşəm Nəcəfzadəyə divan qurmuşdu. Birincinin günahının nə olduğunu elə özü dilə gətirdi: “Yazılarımın birində Elçin Əlibəylini tənqid etmişəm”. Qəşəm Nəcəfzadənin günahının nə olduğu bilinmədi. Bəlkə də günahı “divantutma əməliyyatı”nda rol almaq istəməməsi idi. Düzdür, Hafiz Mirzənin yazılarında etik həddi aşdığı mübahisə doğurmur. Amma xeyli vaxt əvvəl dərc olunmuş yazını müzakirə mövzusuna çevirmək nə dərəcədə obyektivlik göstəricisi sayıla bilər? Yazıda tənqid və təhqir olunan xanımları bu barədə məlumatlandıraraq opponentin üstünə qaldırmağın adı ara qarışdırmaq deyilmi?
Adı çəkilən yazarları şəxsən tanımıram - Qəşəm Nəcəfzadəni bir-iki dəfə metroda görmüşəm, Hafiz Mirzəni isə ilk dəfə ATV-də gördüm, adını da orda eşitdim. Yəni niyyətim şəxsən tanımadığım bu yazarları müdafiə etmək deyil. Söhbət bəzi teleaparıcıların, konkret olaraq Elçin Əlibəylinin verilişinə dəvət etdiyi şəxslərlə münasibətindən gedir. İnsanlarla belə rəftar etməzlər, əfəndilər! Sabah onların yerində istənilən şəxs ola bilər. Kimsə bu münasibəti özünə rəva görürsə, başqasına da rəva görsün!
        Mövzu elə seçilmişdi ki, yazarlardan nəyinsə qisasının alındığı açıqca sezilirdi. Elə deyilsə, bu ölkədə özünü əxlaqlı, namuslu sayan bir kişi və ya xanım tapın ki, çıxıb hansısa müğənninin, lap elə Rəqsanənin nikahdan kənar uşaq dünyaya gətirməsinə haqq qazandırsın. Nikahdan kənar uşaq dünyaya gətirmək bir yana, bunu bütün günü şou verilişlərində və saytlarda reklam etməyin adı nə? Bunun bir adı da ola bilər, bir neçə də, amma heç biri yaxşı səslənən ad olmayacaq. Bəs onda bu tip həyat sürən adamları xəbərləri olmadıqları nəsnələr haqda bilgiləndirib, efirdə haray-həşir salmasına şərait yaratmağa nə deyək?
        Səviyyəsiz şou verilişləri milləti cılızlaşdırmaqdan başqa heç nəyə xidmət etmir. Vaxt vardı bu ölkədə valideynlər nəinki qızlarını, heç oğlanlarını da müğənni olmağa qoymazdılar. İndi isə atalar qızlarını gətirib müəllim yanına qoyub xahiş edirlər ki, bundan müğənni düzəlt. Kimsə övladını elm arxasınca göndərməyi düşünmək belə istəmir. Hamı fikirləşir ki, pul-para da, şöhrət də, yaxşı yaşayış da şou-biznesdədir. Axı telekanallarda gördükləri budur - hər dəfə həyatlarına yeni kişinin daxil olduğunu efirdən elan edən müğənnilərin topdağıtmaz villaları, bahalı avtomobilləri, bir evə sığmayan qarderobları var...
       Filosof düz deyirmiş - qanunu qanunsuz yollarla deyil, qanuni şəkildə tətbiq etmək lazımdı. Ədaləti ədalətsizliklə bərpa etmək, Allahı allahsızlıqla sevdirmək də olmaz. Elə əxlaqı da əxlaqsızlıqla təbliğ etmək absurddu. İllah da ki, şou-biznes əhli və onların həyat tərzi ilə əxlaq təbliğ olunmaz!!!




1 Şərh əlavə edilmişdir



Ad və soyadı:  Anar Turan

E-mail:           [email protected]

Şərh:             Yaxşı yazıdır. Ümumiyyətlə son vaxtlar Elçin lap ağ edib. Məşhur olub-olmamasından asılı olmayaraq ziyalı insanları beş-on nəfər öyrədilmiş şəxslərin qınağına verir. Özünü də, filosof kimi, nə bilim görkəmli dövlət xadimi kimi aparır. Əvvəllər onu intellektli birisi bilirdim. Sən demə o da maddiyyatın oyuncagıymış.

Bu yazı 1538 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :