-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Ana və oğul

Akif Əli

11 dekabr 2010-cu il

(pritça)

        Gecənin bir aləmi idi.
        Dünyanın bir üzü yatırdı, bir üzü oyaqdı. Hamı və hər şey dərin yuxuya dalmışdı, dincəlirdi. Ağaclar, quşlar, daşlar, damlar, insanlar...
        Təkcə işıq gələn pəncərələrdən həzin nəğmələr süzülüb zülmətə nəfəs verir, yer üzündə həyatın davam etdiyini bildirirdi...

***

        ...Ana sığındığı balaca darısqal otaqda hey vurnuxur, var-gəl edir, özünə yer tapa bilmirdi. Gah mətbəxə gedib pəncərədən boylanır, gah eyvana çıxıb həyətə göz gəzdirir, sakit-səssiz gecəyə qulaq asır, milyonlarla ulduzun sayrışdığı nəhəng zülmət içində dünyanın bir belə tənhalığından dəhşətə gəlib otağa qaçırdı. Divardakı kişi portretinin qarşısında dayanıb durur, dönüb stolun üstündəki dəmir saata, saatın yanındakı məxməri üzlü fotoalboma baxırdı. Dodaqaltı zümzümə edə-edə ailə albomunu açır-örtür, armudu stəkandan bir qurtum soyuq çay içir, yaxınlaşıb balaca köhnə televizorun kanallarını tez-tez dəyişdirir, amma heç nəyə baxmağa hövsələsi çatmadığından yenə mətbəxə qayıdırdı...
        Ana həyəcanla burdakı telefon aparatına baxıb sanki nəyisə gözləyirdi.
        Nəhayət, gecənin lap gec vaxtı, dəmir saatın əqrəbləri üçə yaxınlaşanda Ana mətbəxdə soyuducunun üstündəki qara telefon aparatını götürdü, otağa gətirib qoltuqları didik köhnə divanda yerini rahladı. Ürəyi titrəyə-titrəyə qucağında tutduğu telefonun dəstəyini qaldırdı, yeknəsək uğultu səsinə qulaq verdi. Bir-bir rəqəmləri təkrar edə-edə və arada divardakı şəkilə baxa-baxa diski hərlətməyə başladı. Sonuncu rəqəmi çevirib dəstəyi bərk-bərk qulağına sıxdı.

        ...Qəfil çığırtı səsindən Ana diksindi. Və dərhal içinə ilıq, isti, doğma bir hiss doldu. Axşamdan bəri ilk dəfə rahatlıqla nəfəs aldı. Pıçıltı ilə: “Allahım!” - deyib gözlərini yumdu.

***

        …Oğul bərk yatmışdı.
        Haralardansa meteor kimi sürətlə uçub gələn, yuxusuna çarpılıb darmadağın edən qəfil zəng səsinə oyandı. Gözlərini açdı. Qaranlıqda əlini uzadıb başının üstündəki qırmızı işıqlı lampanı yandırdı. Çarpayının ayaq tərəfində əmrə müntəzir kimi dayanmış adamboylu, bürünc kəfkirli ev saatına baxdı: “Bismillah! Bu vaxt kim ola?”
        Qonşu çarpayıda yatan arvadına, onun yanında beşikdə mışıl-mışıl uyuyan körpəyə sarı boylandı. İsrarlı telefon zənglərinin onları oyatmaması üçün cəld sıçrayıb çarpayıdan birbaşa yumşaq tüklü ev ayaqqabılarının içinə düşdü, güllü ipək xalatını əyninə taxa-taxa dəhlizə çıxdı, qalın çərçivəli divar güzgüsünün qarşısında özünü didib-tökən telefonun qızılı dəstəyini qapdı:
        - Alo... Alo!.. – kal səslə xırıldadı və arada dönüb güzgüdə özünə baxdı, saçını sığalladı, qaşlarını çatıb sifətinə ciddi görkəm verdi. Sonra yataq otağının oyma naxışlı ağır qapısını çəkib örtdü. Əsnəyə-əsnəyə yenə çağırdı: – Alo... Kimdir?!.. Alo…

        Elə bil bir andaca naqillər cana gəldi, nəfəs aldı, soyuq telefon dəstəyi isindi. Oğul heyrətlə:
        - Vay!.. Sənsən? –dedi. – Aaa... Xeyir ola, sən hara - buralar hara?
        Ana sevinclə:
        - Hə, mənəm... – dedi və divardakı portretə baxıb başı ilə dəstəyə tərəf işarə elədi: “Gördün?!”
        - Nəsə olub? Gecənin bu vaxtı niyə zəng eləmisən? – Oğul danışa-danışa qonaq otağına keçdi. Qapısını kip bağlayıb tavandakı nəhəng büllur çilçırağı yandırdı. Dəbdəbəli qonaq otağı dərhal gur işığa qərq oldu, bəzəkli ev əşyaları par-par parıldadı. Oğul ağır bədənini kinoteatr ekranına bənzəyən böyük televizorun qarşısındakı yumşaq dəri kresloya salan kimi səsi sərtləşdi: – Haa?!
        Ana sakitcə:
        - Heç... Elə-belə... – dedi. – Narahat olma...
        - Necə elə-belə?! Heç dəxli var? Aaa...– Oğul qəzəbli baxışlarını əzəmətli şir heykəlinə yapışdırılmış dairəvi gümüş saatın əqrəblərina dikdi. - Sənin… başqa işin-gücün yoxdu, arvad?.. Qəribəsən, vallah! Niyə qoymursan rahat yataq... öz xarabamızda!
        Ana bu zəhmin qarşısında duruxdu:
        - Rahatsız etdim, deyəsən... – Udqundu. - Sadəcə səsini eşitmək istədim... - dedi.
        - Sən nələr danışırsan, ay arvad, gecənin bu vaxtı… “Sadəcə səsini eşitmək”!.. Heç bilirsən saat neçədir? – Əsəbiləşdi, az qala qışqıracaqdı. – Gecə saat üçdür... Üç!
        - Hə... Bilirəm... – Ana gözucu saata baxdı. Sonra yumaq kimi büzüşüb ərinin divardan asılmış iri portretinə tərəf boylandı. Və bir anlığa, bəlkə də anın mində biri qədər vaxt içində xəyal onu qoynuna alıb bu darısqal darıxdırıcı otaqdan çıxartdı, çox uzaqlara, xoşbəxt gənclik illərinə apardı, o illərdə hər üçünün bir yerdə yaşadığı ömür payının sevincli anlarını bir daha yaşatdı...

        Və növbəti anda Ana yenə darıxdırıcı kasıb komasında köhnə divanın üstündə qırıq qara telefon aparatı ilə baş-başa idi...
        - İncitdim səni, oğul... – Ana köks ötürdü.
        - Yox əşi, nə danışırsan?!.. – Oğul bu dəfə istehza elədi. – Biz kimik, nəçikarəyik ki, inciyək!.. – dedi və dizləri ilə birgə iri gövdəsini də əsdirə-əsdirə Ananı danlamağa başladı: - Əşi, əlbəttə incitdin! Ayıbdı axı, evdə arvad-uşaq yatır...         Qəribə adamsan e, vallah…
        - Sadəcə səsini duymaq…
        - Yenə deyir!.. Heç dəxli var!.. Səsim batsın mənim! Başqa vaxt eşidə bilməzdin oğlunun səsini, ay arvad?! Ölməmişdim ki! Hələ sağam, sağ, anacığım! Bil!
        - Əstafürullah! – Ana diksindi. – Elə demə, bala, demə elə... İncitmək istəmirdim...
        – Amma incitdin! Hələ bir lap...
        Ana sakitcə qulaq asıb oğlunun tikanlı sözlərini uddu. Handan-hana özünü toxdadıb:
        – Bilirsən niyə zəng eləmişəm, oğul... – dedi və qırıq-qırıq səslə danışdı. – Düz otuz il əvvəl, bax elə bu saatdaca... sən də məni yaman incitmişdin... Onda da gecə saat üç idi... Onda da mən sənin qəfil səsini eşidib diksindim... Eynən indiki kimi… Elə çığırırdın ki, Allahım! – Bu yerdə Ananın iradəsinə tabe olmayan göz yaşları bir-bir qopub yanaqları boyunca axdı. Ana divardakı portretə tərəf gülümsəyib utancaq gəlinlər kimi başını aşağı saldı. – Amma bax ki, onda mən sənin qəfil çığırtını eşidib dərhal gözlərimi açdım və bu səsdən içim elə rahatlandı ki... Elə bildim dünya mənimdir... Eynən indiki kimi...
        Ana dərindən köksünü ötürüb xəfifi pıçıltı ilə:
        - Doğum günün mübarək, oğlum!.. - dedi.
        Oğuldan səs çıxmadı.
        Ana ir qədər də duruxub astadan:
        - Gecən xeyrə qalsın... Bağışla...– dedi və telefonu qapatdı.

***

        ...Gecənin bir aləmi idi.
        Hamı yatırdı, hər kəs dərin yuxuda idi. Hətta ağaclar, quşlar, daşlar, damlar da yatıb dincəlirdi dünyanın bu üzündə...
        Təkcə Analar oyaq idi. Balalarına layla çalan analar...
        “Layla dedim yatasan,
        Qızıl gülə batasan.
        Qızıl gülün içində -
        Şirin yuxu tapasan...”

Bu yazı 782 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :