-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Türk comərdliyinə vəfa göstərən irland xanım


Qənirə PAŞAYEVA
millət vəkili

8 fevral 2011-ci il - 7 mart 2011-ci il

    1951-ci il iyunun 27-də Belfastda bir qızcığaz dünyaya göz açdı. Meri adı verilən bu körpə düz 46 il sonra İrlandiyanın səkkizinci prezidenti olmaqla yanaşı, ölkəsinin tarixində mühüm tarixi hadisələrin də əsasını qoyacaqdı...
    O, bu postda İrlandiyanın ilk qadın prezidenti Meri Robinsonu əvəz etdi və İrlandiya dünya tarixinə ilk dəfə olaraq bir qadının başqa bir qadını dövlət başçısı kimi əvəz etdiyi ölkə olaraq düşdü.
    O, tarixə Quzey İrlandiyadan olan ilk İrlandiya prezidenti kimi düşdü.
    O, Şri-Lanka prezidenti Çandrika Kumaratunqadan sonra ən uzun müddət dövlət başçısı olan qadındır!
    Atatürkün bir fotoşəkli onun uşaqlığı keçən evdə, İrland xalqının qəlbində və xatirələrində xüsusi yer qazanmış İrlandiyalı qəhrəmanların fotoşəkilləri arasında yer alır!
    O, Türkiyəyə səfər edən ilk İrlandiya prezidenti olaraq, xalqının türklərə əbədi minnətdarlığını açıq şəkildə dilə gətirdi. 1 milyon İrlandiyalının yaşamını itirdiyi Böyük Aclıq dönəmində (1847) Osmanlı padşahının içi qida dolu üç gəmisini Droqedadakı limanlara yolladığını anlatdı: “İrlandiya xalqı bu tayı-bərabəri az görünən əliaçıqlığı əsla unutmadı və bunun sonucunda sizin bayrağınızdakı simvolları, bu gözəl ulduz və ayı bölgənin simvolu halına gətirdilər. Hətta futbol komandasının formalarının üzərində də bu gözəl türk simvollarını görürsünüz...”
    O, fikirləri kilsə tərəfindən etirazla qarşılansa da qadınların da keşiş olmasına imkan verilməsi fikrini ən ciddi şəkildə müdafiə edənlər arasındadır.
    O, tarixdə böyük qarşıdurmaların, qanlı hadisələrin və gərginliklərin yaşandığı bir məkanda bir dialoq körpüsü olacağını bəyan etdi və bütün çətinliklərə baxmayaraq, sözünün üzərində dayanır.
Ünlü jurnalist və şərhçi Eoqhan Harrisin 1990-cı ildə “qəbilə saatlı bomba” (A tribal time bomb) adlandırdığı bu qadın liderlik etdiyi coğrafiyada gələcək üçün, barış üçün əlindən gələni edərək yeni bir mühit yaradır!

    O, İrlandiyanın birləşməsinin əsas tərəfdarlarından biri kimi tanınır!
    O, dünyada abortun və boşanmanın əleyhdarlarından biri kimi tanınır!
    O, 3 may 2007-ci ildə – Amerikan İrland Fondunun Humanist Ödülü (The American İreland Fund Humanitarian Award) laureatı oldu!
    O, 31 oktyabr 2007-ci ildə – Yeni Zelandiyanın Otaqo Universitetinin (University of Otago New Zealand) “Fəxri hüquq doktoru” adına layiq görüldü!
    O, 19 may 2009-cu ildə – Kilkenni (Kilkenny/İrlandiya) Ödülü laureatı (O bu ödülü alan, həyatda olan üçüncü şəxsdir) adına layiq görülən şəxs kimi tarixə düşdü!
    O, Massaçusetsdəki Maunt Holyok Kollecinin (Mount Holyoke College, in South Hadley, Massachusetts) və bir sıra universitetlərin “fəxri hüquq doktoru” adına layiq görülüb!

    Dünya siyasətində özünəməxsus yeri olan bu qadın, bu LİDER, bu Şəxsiyyət İrlandiya prezidenti, dünyada tanınmış ictimai-siyasi xadim Meri Patricia Makalisdir! (Mary Patricia McAleese)
    İrlandiyanın ikinci qadın prezidenti olan Meri Makalis prezident olmamışdan öncə hüquqşünas, jurnalist, habelə akademik kimi fəal ictimai-siyasi, elmi çalışmalarda bulunmuş, öz ölkəsinin ünlü ziyalılarından olmuşdur. 1997-ci ildə, Meri Robinsonun vaxtından öncə istefasından sonra prezident seçilən Makalis, 2004-cü ildə yenidən prezident seçildi.
Belfastda doğulub boya-başa çatmış Makalis ailədəki 9 qardaş-bacının ən böyüyüdür. Katolik dini inancına mənsub olan ailəsi Quzey İrlandiya münaqişəsi zamanı yaşadığı yerdən güclə qovulmuşdu. Xanım Makalis, Müqəddəs Dominiks Məktəbində (St Dominics High School) təhsil almış, Belfast Kraliça Universitetini (Queens University of Belfast) və Dublində Triniti Kollecini (Trinity College Dublin) bitirmişdir. 1974-cü ildə Quzey İrlandiya Hüquqşünaslar Birliyinə hüquqşünas kimi işləməyə dəvət olunmuş Makalis bu gün də İrlandiya Respublikasının Hüquqşünaslar Birliyinin üzvüdür. 1975-ci ildə Meri, adaşının - Meri Robinsonun yerinə Triniti Kollecində Cinayət Hüququ, Kriminalogiya və Penalogiya üzrə professor kimi işə başlayır. Maraqlıdır, o Meri Robinsonu 20 il sonra bir də əvəz etməli olacaqdı. Özü də bu dəfə prezident kürsüsündə...
    1979-cu ildə bu işindən ayrılan Meri, İrlandiya Radio və Televiziyasında (RTE) jurnalist və aparıcı kimi işləməyə başlayır, bir müddət isə həmin kanalın “Bu gün, bu axşam” verilişinin aparıcısı olur.

Üfüqdə Prezident Sarayı...

    1976-cı ildə ailə həyatı quran Makalis 1981-ci ildə yenidən universitetdə işləməyə başlasa da, dörd il ərzində RTE-dəki fəaliyyətini də davam etdirmişdir. O, 1984-cü ildə Yeni İrlandiya Forumunda Katolik Kilsəsinin Episkopial nümayəndə heyətinin üzvü kimi iştirak etmişdir. Eyni zamanda 1996-cı ildə Mübahisəli Paradlar üzrə Quzey İrlandiya Komissiyasının Katolik Kilsəsindən nümayəndə heyətinin üzvü olmuşdur.
    1987-ci ildə o, Kraliça Universitetinə qayıdır (Queens University) və Peşəkar Hüquq Elmləri İnstitutunun (İnstitute of Professional Legal Studies) direktoru olur. Həmin ildə o, ümumi seçkilərdə Fianna Fail-in namizədi kimi iştirak etsə də, bu seçkilər onun üçün uğurlu olmur.
    1994-cü ildə Belfastdakı Kraliça Universitetinin (Queens University of Belfast) prorektoru olur. O, bu postda təmsil olunan birinci qadın və ikinci katolik idi! İrlandiyada 1995-ci ildə Ticarət və İnvestisiya üzrə keçirilən “Ağ Ev Konfransı”nın, 1996-cil ildə isə Pitsburq Konfransının nümayəndəsi olan Makalis, 1997-ci ildə prezident olanadək yuxarıda sadalanan ictimai-elmi vəzifələri ilə yanaşı, “Kanal-4” Televiziyasının direktoru, “Quzey İrlandiya Eneriji”nin direktoru, “Xaricdə Məhbus olan Vətəndaşlar” komissiyasının qurucusu kimi də çalışır.

Ailəsi

    O, ixtisasca stomatoloq və mühasib olan Martin Makalislə evlidir. Martin öz həyat yoldaşına prezidentlik müddətində bir çox təşəbbüslərin irəli sürülməsində dəstək olub. Onların üç övladı var: böyük qızları Emma, Dublin Triniti Kollecinin məzunudur. Onun əkiz olan qardaş və bacısı da ali təhsillidirlər. Castin Dublin Universitetindən mühasibatlıq üzrə magistr dərəcəsi, Saramai isə Oksford Universitetindən biokimya üzrə magistr dərəcəsi almışdır. Ailə fitnes fanatiki sayılır.
    Makalisin uşaqlarının hər üçü mediadan uzaqdır. Ancaq bir neçə dəfə onlar sənədli filmlərdə, o cümlədən prezident Bill Klintonun İrlandiyaya səfəri zamanı efirdə görünüblər.

***

    1997-ci ildə Makalis partiyadaxili seçkilərdə Taosiç Albert Reynoldsa (Taoiseach Albert Reynolds) qalib gələrək, Fianna Fail Partiyasının namizədi kimi İrlandiya prezidenti seçkilərinə qatıldı.
    Meri Makalis partiyadaxili seçkilərdən sonra, əsas seçkilərdə Leyboristlər Partiyasının namizədi Mari Banotti Adi Roze və iki müstəqil namizəd – Dana Rosemari Skallon və Derek Nelli ilə mübarizə aparır. Həmin dövrlərdə Quzey İrlandiyadan olan Makalisin və Skallonun eyni zamanda İrlandiya prezidentliyinə namizədliyi bəzilərinin qəzəbinə səbəb olmuşdu.
    O, seçkilərin ilk turunda səslərin 45,2 % -ni, ikinci turda isə 58,7%-ni yığdı. 1997-ci il noyabrın 11-də onun İrlandiyanın səkkizinci prezidenti kimi andiçmə mərasimi oldu və dünyada ilk dəfə olaraq bir qadın başqa bir qadını dövlət başçısı kimi əvəz etdi!
    Ünlü jurnalist və şərhçi Eoqhan Harris 1990-cı ildə onu “qəbilə saatlı bomba” (A tribal time bomb) adlandırmışdı. Və... “bomba” artıq zirvədə idi...
    Mari Makalis prezidentliyinin mövzusunun “körpülər qurmaq” olduğunu qeyd edib. Bir çox tənqidlərə baxmayaraq, o, tez-tez Quzey İrlandiyaya səfərlər edir və orada mövcud olan iki icmanın hər biri tərəfindən sevgiylə qarşılanır. O, həmçinin Kraliça II Yelizavetanın pərəstişkarıdır və ən böyük arzusu İrlandiyaya ilk dəfə olaraq Britaniyalı dövlət başçısının səfərini təşkil etməkdir. Xanım prezident 1998-ci ilin mart ayında elan etdi ki, 12 iyul (Protestantların bayramı) və Ulster Protestantları üçün vacib gün olan Müqəddəs Patrik günü rəsmi olaraq qeyd olunacaq. O, Anqlikan kilsəsi ilə yaxın münasibətlərə görə İrland Katolik iyerarxiyası tərəfindən tənqidə məruz qalsa da, öz missiyasına - “körpü qurmaq” - uyğun olaraq qarşılıqlı dözümlülük və dialoqa çağıran addımlarını davam etdirir.

***

    Makalisin 7 illik prezidentlik müddəti 2004-cü ilin noyabrında başa çatsa da həmin ilin sentyabrında o, ikinci dəfə prezidentliyə namizədliyini verəcəyini bildirdi. İrəli sürülmüş heç bir namizədin kifayət qədər səs toplaya bilməməsi sonucunda prezident rəqibsiz qaldı və oktyabrın 1-də yenidən prezident elan edildi. Noyabrın 11-də ikinci dəfə prezident kimi rəsmi andiçmə törənindən sonra ikinci müddətə səlahiyyətlərinin icrasına başladı. Belə bir fikir mövcuddur ki, müxalif partiyaları seçkiyə qatılmaqdan, Makalisin işinin ictimaiyyət (seçicilər) tərəfindən həddindən artıq yüksək qiymətləndirilməsi faktı çəkindirmişdir.
    2005-ci il yanvarın 25-də “Ausşvis” (“Auschwitz”) düşərgəsinin 60-cı ildönümündəki çıxışında Avropada yəhudilərə qarşı “illərlə və nəsillərlə” davam edən nifrəti, Quzey İrlandiyada Protestant uşaqlarının Katoliklərə qarşı nifrətinə bənzətməsi narazılıqlara səbəb oldu. Meri Makalis daha sonra bu qeyri-korrekt çıxışına görə üzr istədi... O, həm də fikrinin düzgün başa düşülməməsinə görə qəlbinə, ürəyinə, hissiyyatına toxunduğu insanlardan açıq şəkildə üzr istəməyi bacaran bir liderdir!
    2005-ci il mayın 22-də Pensilvaniyadakı (ABŞ) Villanova Universitetinin məzun törənində çıxış edən xanım Makalis, bu dəfə oradakı çıxışı ilə mühafizəkarlar və Roman katolikləri tərəfindən etirazla qarşılandı. Çünki prezidentin homoseksualistlər əleyhinə çıxmaması və qadınların keşiş ola bilməsi ilə bağlı fikirləri onların düşüncələri ilə ziddiyyət təşkil edirdi.
    2006-cı il mayın 21-də o, Notre Dame Universitetinin açılış nitqini söylədi. O, öz nitqində Notre Dame-ın İrlandiya irsi olmasından; habelə “Döyüşən İrlandlar” (“Fighting İrish”) adı ilə tanınmalarından fəxr etdiyini vurğuladı.

Hər yerdən görünən adam

    O, 2005-ci ilin aprelin 8-də Papa II İohan Pavelin dəfnində, aprelin 24-də isə yeni Papanın – XVI Benediktin inauqurasiyasında iştirak edir.
    2007-ci ildə prezident Makalis İntiharın qarşısının alınması Beynəlxalq Assosiasiyasının keçirdiyi 24-cü Biennial Konfransda homofobiyaya qarşı çıxış edir.
    2008-ci ilin dekabrında o, Hollivuda 7 günlük səfəri çərçivəsində İralnd Kino və televiziyasının təbliği məqsədilə İrland Film palatasına (Enterprise Greland and the Grish Film Board) da baş çəkmişdi.
    21 yanvar 2009-cu ildə o, Anglo-İrland Bank Korporasiyası Aktını (Anglo İrish Bank Corporation Act) imzalayaraq, Bankın milliləşdirilməsi məsələsini asanlaşdırdı.
    2009-cu ilin noyabrında Milli Əmlak İdarə olunması Agentliyini (National Asset Management Agency) qanunla təsdiq etdi.
    Prezident Makalis Qadın Dünya Liderləri Şurasının üzvüdür. Şura keçmiş və hazırkı qadın prezidentlərin, baş nazirlərin beynəlxalq şəbəkəsidir. Qurumun missiyası qadınlar və ədalətli inkişaf üçün vacib olan bir çox məsələlər üzərində kollektiv fəaliyyət aparmaq məqsədi ilə yüksək səviyyəli qadın liderləri səfərbərliyə almaqdır.

Türkün comərdliyi, irlandın vəfası

    Xanım Makalis Türkiyəni rəsmi ziyarəti zamanı iki ölkə və iki xalq arasındakı əlaqələrin dərinliyini anladarkən sıx-sıx tarixdən xatırlatmalar etməyi ilə diqqəti cəlb etdi. (Yeri gəlmişkən o, Türkiyəni ziyarət edən ilk İrland prezidenti oldu). Xanım prezident bu xüsusda İrlandiyanın Droqeda komandasının ay-ulduzlu emblemini vurğu yapdı.
    Meri Makalis, "Avropanın iki ucunda yerləşən ölkələr olaraq coğrafi anlamda aramızda məsafələr ola bilər, amma buna baxmayaraq aramızda kökləri keçmişə dayanan güclü bir bağ da var" dedi.
    Prezident Makalis, 1 milyon İrlandiyalının yaşamını itirdiyi Böyük Aclıq dönəmində (1847) Osmanlı padşahının içi qida dolu üç gəmisini Droghedadakı limanlara yolladığını anlatdı: "İrlandiya xalqı bu tayı-bərabəri az görünən əliaçıqlığı əsla unutmadı və bunun sonucunda sizin bayrağınızdakı simvolları, bu gözəl ulduz və hilalı bölgənin simvolu halına gətirdilər. Hətta futbol komandasının formalarının üzərində də bu gözəl Türk simvollarını görürsünüz...”

Atatürk vurğunu Makalis

    Xanım Prezident, qardaş ölkəyə ziyarəti əsnasında bir çox İrlandiyalının İngilis imperatorluğu nəzdində Anzak uniformasıyla həlak olduğunu da xatırlatdı, “savaşanlar və orada həyatını itirənlər artıq bizlərin əmanəti olmuşdur” - deyən Atatürkə məhəbbətini ifadə etdi: "Bizlər buraya bu sürəci xatırlamaq üçün gəlirik, amma Atatürkün söylədiyi kimi məhz xatırlamaq üçün gəlirik. Burada yatan bütün əsgərlərin hər biri bizim oğullarımızdır, onların hamısının xatirəsini anmamız və gündəmə gətirməyimiz gərəkdir. Mustafa Kamal Atatürk, savaşa və savaş qurbanlarına qarşı necə bir tutum sərgiləməyimiz gərəkdiyini hamımıza öyrətmişdir. Çanaqqala Savaşı bizim baxış bucağımızdan bir dönüm nöqtəsi oldu, özgürlüyümüzü qazanmaq və bu şüuru əldə etmək adına" - dedi.
    Çanaqqala və Gelibolu ziyarətlərinin bu sürəcin bir parçası olduğunu bildirən irland dövlət başçısı, "Ümid edirik ki, bu sürəcin nəticəsində, bizə özlərini uzaq və yad hiss edənlərlə yaxınlaşma fürsəti əldə edəcəyik. Beləcə uşaqlarımız və nəvələrimiz tarixdəki xətaları təkrarlamayacaqlar" - deyə əlavə etdi.
    Onu da deyək ki, Atatürkün bir fotoqrafı, İrlandiya prezidentinin uşaqlığı keçən evdə, irland xalqının qəlbində və xatirələrində xüsusi yer qazanmış irland qəhrəmanların fotoqrafları arasında yer almaqdadır.

***

    nun tarixə, Ədalətə, İnsan haqlarına, birgə yaşayış qaydalarına baxışı, münasibəti ona qarşı dünyanın hər yeridə xoş hisslər doğurur. Meri Makalis adını TARİXƏ əbədiyyət yazmış bir QADIN, bir LİDER, bir ŞƏXSİYYƏT, bir İNSAN olaraq bu gün də ölkəsi və dünya üçün yorulmadan, fədakarcasına çalışır, milyonlarla gənc qızın, qadının daha inamlı yürüməsi üçün bir cığır açır… Və özünün də dediyi kimi o, tarixdə böyük qarşıdurmaların, qanlı hadisələrin və gərginliklərin yaşandığı bir məkanda bütün çətinliklərə baxmayaraq, sözünün üzərində dayanaraq bir dialoq körpüsü olmaqda davam edir! Və görünən odur ki, o missiyanı uğurla və yorulmadan, fədakarcasına davam etdirir!

Bu yazı 866 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :