-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

İddiamız var!


Ceyhun Bayramlı
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü

16 fevral 2011-ci il - 14 mart 2011-ci il

    Rusiya XİN rəsmisi Aleksandr Lukaşeviç “Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ərazi iddiaları yoxdur” deyir. Bir deyimdə söylənildiyi kimi, bunlar lap qırmızı-qırmızı üzə durub adamdan aliment alanlar kimi danışırlar. Adama deməzlərmi “Adam, necə yəni ərazi iddiası yoxdur? 200 il başımıza gətirmədiyiniz oyun, üzərimizdə aparmadığınız eksperiment, satıb-paylamadığınız Azərbaycan torpağı qalmayıb. 140 min kvadrat kilometrlik bir Azərbaycan “tikəsini” on minlərin qanını tökərək 200 il öncə alan Rusiya rəsmisi bu gün gerçəkdənmi həmin “tikənin” parça-tikə edilərək 86 min kv.km çıxaq 20% işğal altında olan əraziyə çevrildiyini və bunların hamısının arxasında da rəsmisi olduğu dövlətin durduğunu görmür?” Nə olsun ki, bu gün Rusiya dünyanın ərazicə ən böyük dövlətidir, nə olsun ki, Qafqazın kiçik respublikalarında söz sahibidir? Bu, Azərbaycanın Rusiya tərəfindən körüklənmiş ərazi itkilərini açıqca söyləməyə mane olmur ki.
    Bəlamız ondadır ki, hər zaman özümüzə aid olanı istəməyə bir addım gecikmişik. Və hər zaman əvvəl şəraitə baxıb sonra ona uyğun nəzəriyyə hazırlamağa çalışmışıq. Bədxah qonşularımızsa əvvəlcə millətin mənafelərinin tələb etdiyi nəzəriyyəni hazırlayıb, sonra onu şəraitə uyğun şəkildə həyata keçirmək işinə üz tutub. Hələ bir neçə il öncə Rusiya və Azərbaycan arasında sərhədlərin delimitasiyası aparılarkən bizim XİN sözçülərinin nə işlə məşğul olduqlarını bir özləri bildi, bir də Allahları. Halbuki rus diplomatiyasına gerçək tarix dərsi keçmək üçün əldə hər cür əsaslar vardır. Bu gün Rusiyanın ən adlı-sanlı tarixçi-alimləri belə bir yerə yığışsa, bir sıravi azərbaycanlının “Azərbaycana aid olan Dərbənd hansı müqavilə ilə, hansı beynəlxalq hüquqi akt nəticəsində Rusiyanın ərazisində saxlanılır?” sualına dolğun və obyektiv cavab verə bilməz. Təəssüf ki, Azərbaycan diplomatiyasına bunu rəsmi şəkildə qarşı tərəfə xatırlatmaq üçün xüsusi bir cəsarət lazımdır.
    Əslində rus diplomatiyası vaxtilə işğal etdiyi və geri verməli olduğu torpaqlarla bağlı nəzəri cəhətdən əsaslandırılmış hər bir iddianı qəbul etmək zorundadır. Əyani misal yapon diplomatiyasının Kuril adalarını geri tələb etməsi zamanı Rusiya tərəfindən verilən tərəddüdlü reaksiyadır. Bir neçə il öncə Yaponiya XİN 1965-ci ildə Xruşşovla bağladığı və SSRİ-nin Kuril adalarından 40 il müddətinə istifadə etməsini təsdiqləyən sənədi Rusiya rəhbərliyinə təqdim etmiş və müqavilənin müddətinin bitməsini əsas gətirərək Kuril adalarının Yaponiyaya geri qaytarılmasının zəruri olduğunu xatırlatmışdı. Bu zaman Rusiya prezidenti və xarici işlər naziri bir-birindən fərqli bəyanatlar vermiş, və bu bəyanatlarda Kuril adalarının əslində Yaponiyaya məxsus olduğunu faktiki etiraf etmişdilər – bu, iki nüvə bombasına tuş gəlmiş, bütün ordusu, iqtisadiyyatı II Cahan Savaşında məhz olmuş Yaponiyanın diplomatik sahədə on illər boyunca apardığı gərgin və dəqiq hesablanmış əməli fəaliyyətinin nəticəsi idi. Bu gün rus diplomatiyası qlobal miqyasda yapon diplomatiyasına Kuril adaları məsələsində məğlub durumdadır.
    Kimsə durub deyə bilər ki, Azərbaycan Yaponiya deyil, və Rusiya ilə başımızı cəncələ salmağımızın yeri də deyil. Doğrudur, Azərbaycan Yaponiya deyil, ancaq Azərbaycan kimi pribaltika respublikaları da eyni Sovetlər Birliyinin tərkibindən ayrılmış, eyni müstəqil inkişaf yoluna üz tutmuşlar. Və onlar da Rusiya ilə mübahisəli ərazi məsələlərini beynəlxalq hüquqda qəbul olunmuş normativ aktlarla tənzimləyirlər. Və buna görə hələ ki nə Rusiyanın nüvə zərbəsinə məruz qalıblar, nə də dövlətçilikləri çöküb. Bunları təhlil edə-edə düşünürsən: Azərbaycan diplomatiyası görəsən Rusiyada qalmış tarixi torpaqlarımız barədə nə zaman əməli fəaliyyətə keçəcək, bu torpaqların bizə məxsusluğunu təsdiqləyən nəzəri ideyaların, hüquqi sənədlərin, normativ aktların işlənib-hazırlanmasını təmin edəcək? Heç kim Rusiya kimi nüvə fövqəldövlətinə müharibə açmaq lazım gəldiyini demir. Söhbət Dərbəndin statusu və mənsubluğu ilə bağlı zəruri nəzəri-hüquqi bazanın vaxt itirmədən yaradılmasından gedir.
    Bəs bu gün sözügedən sərhədlər məsələsində durum necədir? Rusiya və Azərbaycan prezidentlərinin 3.09.2010-cu il tarixli “Dövlət sərhədi haqqında müqavilə” həm Xəzərin dibi ilə, həm də quruda bu iki dövlətin sərhədlərini müəyyənləşdirib. Bu sərhəd təxminən keçmiş Azərbaycan SSR ilə Dağıstan MSSR arasındakı inzibati sərhədləri əhatə edir. Lakin Rusiya tərəfi bu gün yenə də Azərbaycan tərəfində qalmış Xrax-Uba (Qıraq Oba) və Uryan-Uba (Üryan Oba) kəndlərinin Rusiya vətəndaşlarının yaşamasını rəsmi şəkildə dilə gətirməkdədir. Adlarından da göründüyü kimi, Azərbaycan kəndləri olan bu kəndlərin Rusiyaya aid olması və bu kəndlərin sakinlərinin bəzi problemlərinin mövcudluğu barədə rus diplomatik korpusunun xatırlatmaları bizə təlqin edir ki, Rusiya ilə sərhəd delimitasiyası məsələsində Azərbaycan diplomatiyası müəyyən tələsikliyə yol verib. Həqiqətən də əgər vaxtında Azərbaycan tərəfindən müvafiq tarixi-hüquqi sənədlər bu günkü danışıqlar stoluna qoyulsaydı, rus diplomatiyasının əlində Azərbaycana aid ola iki kəndi “gedib-gəlib” gündəmə gətirmək halları da olmazdı. Təəssüf ki, bu gün Azərbaycan diplomatiyası nəinki Rusiyada qalmış Dəmirqapı Dərbənd problemini nəzəri cəhətdən ortaya qoya bilmir, hətta zəif və hər cəhətdən Azərbaycandan asılı vəziyyətdə olan qonşu Gürcüstandan belə tarixi Borçalımızın Azərbaycana mənsubluğu barədə ən azı nəzəri-hüquqi baza yaratmaq məsələsində nəyisə Gürcüstana xatırlatmağı qonşuluq münasibətlərinə xələl gətirəcək addım hesab edir. Yeri gəlmişkən, Borçalının da Gürcüstan ərazisində qalmasını təsdiqləyən hər hansı beynəlxalq hüquqi sənəd yoxdur. Xarici siyasəti yalnız Qarabağın qaytarılması istiqamətində qurmaq nəticə etibarilə itirilmiş torpaqların geri qaytarılması işində sonradan böyük çətinliklərin ortaya çıxmasına səbəb ola bilər. Azərbaycan üçün Qarabağ nə Dərbənddən artıqdır, nə də Borçalıdan. Və Azərbaycan diplomatları nə qədər ki gec deyil, öz fəaliyyət istiqamətlərini şaxələndirib digər ərazi problemlərini də nəzərdən keçirməli və müvafiq addımları atmalıdır, əks təqdirdə on-on beş il sonra, yaxud Rusiya dövlətinin parçalana bilməsi ehtimalı gerçəkləşərsə, bunu etmək qeyri-mümkün olacaq. İstəsə də istəməsə də, Azərbaycan diplomatiyasının qarşısında Qarabağla, Dərbəndlə, Borçalı ilə, güneylə, hətta bizdən çox uzaq düşmüş Mosul-Kərküklə bağlı vəfizələr durur. Azərbaycan diplomatiyası bu sınaqlara hazır olmaq üçün gərgin çalışmalıdır.

Bu yazı 823 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :