-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Qloballaşma prosesində inkişaf tendensiyaları:

Vesternləşmə və Modernləşmə


Yasəmən Qaraqoyunlu
Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin prezidenti


2 may 2011-ci il - 2 iyun 2011-ci il

    Kofi Annan:
    «Bütün dünyada milyonlarla insan qloballaşmanı tərəqqi vasitəsi kimi deyil, həyati, əməli və ənənələri məhv etməyə qadir olan qasırğaya bənzər viranedici qüvvə sayır. İnsanların bir çoxu üçün bu prosesə mane olmaq və millətçilik, təməlçilik, digər «çiliklər» timsalında xəyali təskinliyə üz tutmaq kimi qızğın istək səciyyəvidir».

    Giriş: Bəşəriyyət artıq III minilliyə daxil olmuşdur. XXI əsrə keçməklə XX əsrin sonunda əldə etdiyi üç böyük nailiyyətini daha da inkişaf etdirməkdədir. Onlardan biri qloballaşma prosesi ilə, ikincisi yeni texnologiyalar vasitəsi ilə informasiya cəmiyyətinə keçidlə əlaqədardır. Üçüncüsü isə çoxlarının arzuladığı «açıq cəmiyyət» ideyasının həyata keçirilməsidir.
XX əsrdə «sənaye sivilizasiyasının üçüncü dalğasının baş verməsi, qarşılıqlı fəaliyyətin optimal dinamikasını yaradan korporativ iqtisadi sistemlərin formalaşması, qlobal elmi inqilab» nəticəsində sənaye cəmiyyətinin sənayedənsonrakı, onun da informasiya cəmiyyətinə çevrilməsi, informasiya cəmiyyətində «kompüter-informasion» texnologiyanın olduqca yüksək inkişaf etməsi, elmi texniki tərəqqi nailiyyətlərinin iqtisadiyyatın bütün sferalarına tətbiqi, informatika, telekommunikasiya və rəqəm texnologiyası sahəsində inqilabi nəticələrin əldə edilməsi, intellektual və praktiki həyatın unifikasiyası (vahid şəkilə salınması) ilə yanaşı sinkretizasiyası, urbanizasiya miqyasının böyüməsi, emiqrasiya axınları və müxtəlif qarşılıqlı münasibətlərlə irqi-milli genostrukturlaşmanın yeni universal xətlərinin yaranması, sosial, mədəni və siyasi sferalarda əlaqələrin genişlənməsi, maliyyə transaksiyası, «neoliberal bazar qlobalizmi siyasətinin» yeridilməsi və bütün bu proseslərin bir-birinə təsirinin intensivləşməsi-insan fəaliyyətinin qlobal məkan şərtlərini əmələ gətirmişdir. “Transmilli korporasiyalaşma-universal texnokrat cəmiyyətlər şəbəkəsini formalaşdırmışdır. Milyonlarla insanın davranışını proqramlaşdıran qarşılıqlı prinsiplərin-standartlaşma, ixtisaslaşma, sinxronlaşma, konsentrasiya, maksimallaşma və mərkəzləşmənin sistemi ilə sənaye sivilizasiyası özünün hərəkət kodunu-unikal daxili planını yaratmışdır”.
    Hazırda internet vasitəsilə tarixdə ilk dəfə olaraq planetin yüksək tezlikli qlobal sinxron informasiya fəzası yaranmaqdadır. Ekoloji, demoqrafik problemlər və bu problemlərin həll edilməsinin üsul və vasitələri planetləşmişdir. Hərbi monopoliyalaşdırma əsasən iqtisadi-maliyyə monopoliyalaşdırması ilə əvəz olunmaqdadır. Bununla yanaşı total silahlanma «ulduz müharibəsi» proqramınadək yüksəlsə də, limitləşdirilməkdə, hərbi qüdrət virtuallaşmaqdadır.
    XX əsrin sonu-XXI əsrin I yarısı ərəfəsində dünya qloballaşdıqca, müharibələr lokallaşmaqdadır. Konfliktlər beynəlxalq problematikaya çevrilsə də, onların regional masştabdan kənara çıxmasına imkan verilmir. Beynəlxalq münasibətlərdə sinfi-ideoloji meyarlar əvvəlki əhəmiyyətini itirməkdədir, fərqli sivilizasiya dəyərləri və parametrlərinə və onların arasındakı ziddiyyətlərin xarakterinə, özünüqoruma və planetar liderlik etmə xüsusiyyətlərinə xüsusi önəm verilməkdədir. Bütün bunlarla bərabər XXI əsrdə yeni planetar inkişafın strategiyasının konseptual əsaslarının yaradılması Qloballaşma prosesini nizamlayan beynəlxalq təşkilatlar qarşısında bir vəzifə kimi durmaqdadır.
    Qloballaşma, informasiya cəmiyyəti, açıq cəmiyyət ideyaları ilə bərabər, sosial-iqtisadi həyatın humanistləşməsi, planetin bütün əhalisinin mənafeyi nəzərə alınmaqla yer kürəsinin təbii-resurs potensialının istifadəsinin effektivliyi üzərində fəal nəzarətin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, gəlir və kapitalın daha düzgün bölüşdürülməsi yolunda əhalinin sosial müdafiəsi məsələlərini əsas tutan, dünyanın və qlobal iqtisadiyyatın sabit inkişafının hərtərəfli tərəqqisi ideyasına söykənən etik-fəlsəfi, sosial-iqtisadi, siyasi-ideoloji, dini-əxlaqi meyarlara söykənən yeni inkişaf strategiyasının konseptual əsasları - III minillikdə vahid sivilizasiyayaratma ideyası hansı sivilazisyon dəyər və parametrlər əsasında yaranmalıdır? Hansı inkişaf modelləri və sivilizasiya dəyərləri rasionalizm, texnologizm və proqressivizm zirvələrini aşmağa cəhd edən «təkcə bütün şeylərin ölçüsü» deyil, həm də planetar «siyasi sabitliyi və mütərəqqi inkişafı təmin edən qüvvələrin yeganə mənbəyi» olan insanı «postindustrial cəmiyyət» və «texnogen erası»nda dərin dəyişikliklərə sövq edəcəkdir.
    İnkişafın bu «üçüncü yolu»-qlobal iqtisadi, sosial-siyasi sabitlik yaratmaqla vahid sivilizasiya formalaşdırmaq ideyası III minillikdə daha çox filosofları, sosioloq və tarixçiləri düşündürməkdədir. Bu isə alternativ paradiqma və inkişaf modellərinin doğulmasına səbəb olmaqdadır. Bu alternativ «qloballaşma və antiqloballaşma: Vesternizasiya və modernizasiya» modellərinin hansı bəşəriyyətə daha yararlıdır və planetar inkişafda hansı dəyişikliklər yaradacaqdır. Bu kimi suallar çağdaş filosofları, sosioloq və tarixçiləri düşündürməkdədir.
Qloballaşma və onun inkişaf xüsusiyyətləri: Qloballaşma prosesinin dərin analitik təhlili göstərir ki, o bəşəriyyətin tarixi inkişaf qanunauyğunluqları əsasında formalaşmış yeni obyektiv tarixi inkişaf mərhələsidir. Qloballaşma ən yeni informatika və telekommunikasiya vasitələri əsasında bəşəriyyətin böyük hissəsinin vahid iqtisadi-maliyyə, ictimai-siyasi və mədəni əlaqələr sisteminə cəlb olunması prosesidir. Sivilizasiyalararası dialoq və qarşılıqlı əlaqələrinzərurəti qanunauyğunluğunu yaradan inkişafdır. Yaşayışın ümumi standartlarının, etiketlərinin əmələ gəlməsi və dünyagörüşün tipologiyasında planetar meyarların qüvvətlənməsidir, meqasosiumun bütövlük formasıdır, dünya proseslərinin qarşılıqlı asılılığını təmin edən inkişaf prosesidir. «Qloballaşma» termini etimoloji cəhətdən latın termini olan «qlobus»-yəni yer kürəsi sözü ilə əlaqədardır. Bu isə sosial-iqtisadi, siyasi, ekoloji, mədəni inkişaf proseslərinin ümumi planetar xarakterlərini ifadə edir.
    Qloballaşma-yer kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi, milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasıdır. Bu da öz növbəsində kapitalın asanlıqla yerdəyişməsinə, dünyanın informasiya üçün açıq olmasına, texnoloji inqilaba, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kommunikasiya yaxınlaşması əsasında əmtəə və kapitalın hərəkətinin liberallaşmasına, planetar elmi inqilaba, millətlərarası sosial hərəkatlara, yeni nəqliyyat növlərinə, telekommunikasiya texnologiyalarının reallaşmasına, internasional təhsilə əsaslanır.
    Qloballaşma dövlət qüvvələri tərəfindən deyil, bazarla müəyyən edilən prosesdir. Qloballaşma həyatın yekcinsləşməsi: qiymətləri, məhsulları, səhiyyənin səviyyəsi və keyfiyyətini, gəlir səviyyəsini, bank qoyuluşlarını dünya səviyyəsində bərabərləşdirmə tendensiyası deməkdir. «Qloballaşma təkcə dünyadakı iqtisadi prosesləri dəyişmir, həmçinin onun strukturunu dəyişir. Bəşəriyyətə ağlasığmaz təsirlər edilir, transkontinental və regionlararası proseslər gedir ki, bunlar da öz növbəsində miqyasına görə qlobal qarşılıqlı asılılıq münasibətini formalaşdırır. Dünya iqtisadiyyatı sadəcə olaraq qarşılıqlı asılılıq vəziyyətinə düşmür, o praktiki olaraq vahidə-tama inteqrasiya edilir» Hər bir texnoloji çevriliş təkcə cəmiyyətin deyil, insanların fərdi həyat tərzində dərin dəyişikliklərə gətirib çıxarır. Cəmiyyətin informasiyalaşması ilə əlaqədar olan müasir texnoloji çevrilişin xüsusiyyətləri ondadır ki, o bəşəri qarşılıqlı təsirin qloballaşması və universallaşması üçün yeni şərtlər yaradır. Mikroelektronika, kompüterləşmənin geniş inkişafı, kütləvi informasiya və kommunikasiyanın inkişafı, əmək bölgüsü və ixtisaslaşmanın dərinləşməsinin sayəsində bəşəriyyət vahid sosial-mədəni bütövlüyü ətrafında birləşir. Bu cür vəhdətin mövcudluğu bütövlükdə bəşəriyyətə, eləcə də ayrı-ayrı şəxslərə öz tələblərini diqtə edir. Qloballaşma müasir dünyanın sosial həyat, siyasət, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və s. sahələrində yeni keyfiyyət dəyişiklikləri ilə şərtlənən mürəkkəb proseslərin diferensiasiya və inteqrasiyalaşmasında öz əksini tapır. Qlobal sivilizasiyaya doğru dünya inkişafı ümumbəşəri mənafe parametrlərini meydana çıxarır. Qloballaşma-dünya inkişafının məntiqi nəticəsidir, müasir dövrümüzü əhatə edən bir inteqrasiya epoxasıdır. Dünyanın qloballaşma ilə dövrələnən inkişafı onun yenidən imperiyalaşma yox, sivilizasiyalaşma istiqamətində hərəkətini məntiqi sayır. O, müxtəlif sivilizasiyaların təmas enerjisindən doğur. Əmtəələrin ölkələr və iqtisadiyyatın bölmələri arasında hərəkəti; xidmətlərin ölkələr və iqtisadiyyatın bölmələri arasında hərəkəti; maliyyə kapitalının ölkələr arasında hərəkəti; insanların iqtisadi əməliyyatları həyata keçirmək üçün ölkələr arasında yerdəyişməsi; intellektual məhsulun və ideyaların tədqiqat və tədris mərkəzləri arasında hərəkəti qloballaşma prosesinin inkişafına təsir etməkdədir. Qloballaşma prosesi planetar meqacəmiyətin, meqamədəniyyətin və superetnosun formalaşmasını reallaşdırmaqdadır. İqtisadi inteqrasiya (beynəlxalq ticarət əlaqələri, investisiyalar) fərdi əlaqələr (beynəlxalq səfərlər, turizm, beynəlxalq danışıqlar), internet istifadəçiləri, serverlərin sayı və ölkənin beynəlxalq siyasətdə iştirakı (səfirliklərin sayı, beynəlxalq təşkilatların üzvü) parametrlərinə əsasən, qloballaşmış ölkə kimi, ilk beş yeri İrlandiya, İsveçrə, İsveç, Sinqapur və Niderland tutmaqdadır. Qloballaşma hələ ki, müvəffəqiyyətli inkişaf yolunda olan və sənaye cəhətdən inkişaf etmiş 60-dan yuxarı ölkəni əhatə edən inteqrasiya qruplarını-Aİ (Avropa İttifaqı), NAFTA (Şimali Amerika Azad Ticarət Zonası), ATES (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı), ASEAN (Cənubi-Şərqi Asiya Ölkələri Assosasiyası), Merkasur (Cənubi Amerika Ümumi Bazarı) əhatə edir. Bu ölkələr dünya ticarətinin ¾-nü əhatə edir.
    Qloballaşma prosesinin dərin analitik təhlili göstərir ki, o bəşəriyyətin tarixi inkişaf qanunauyğunluqları əsasında formalaşmış yeni obyektiv tarixi inkişaf mərhələsidir. Qloballaşma ən yeni informatika və telekommunikasiya vasitələri əsasında bəşəriyyətin böyük hissəsinin vahid iqtisadi-maliyyə, ictimai-siyasi və mədəni əlaqələr sisteminə cəlb olunması prosesidir. Sivilizasiyalararası dialoq və qarşılıqlı əlaqələrinzərurəti qanunauyğunluğunu yaradan inkişafdır. Yaşayışın ümumi standartlarının, etiketlərinin əmələ gəlməsi və dünyagörüşün tipologiyasında planetar meyarların qüvvətlənməsidir, meqasosiumun bütövlük formasıdır, dünya proseslərinin qarşılıqlı asılılığını təmin edən inkişaf prosesidir.
    Qloballaşma eyni zamanda pozitiv və neqativ inkişaf tendensiyaları ilə müşayət olunan proseslər ardıcıllığıdır. Pozitiv inkişaf tendensiyaları aşağıdakı prosesləri əhatə edir. Son yarıməsrlik dövrdə sənaye sivilizasiyasının yaranması, korporativ iqtisadi sistemlərin formalaşması, qlobal Elmi Texniki Tərəqqi və İnqilab nəticəsində sənaye cəmiyyətinin sənayedən sonrakı (postindustrial), onun isə informasiya cəmiyyətinə keçməsi kommunikasiya və informasiya texnologiyalarının inkişafı cəmiyyətin və insanın üstünləşməsinə, ixtisaslaşmasına və innovasiyalaşmasına şərait yaratmışdır; regional və qlobal inteqrasiya proseslərinin bir-birini qarşılıqlı təsirləndirməsi baş verir. Dünyanın ayrı-ayrı ərazilərində geoplitik, geosivilizasion, geoiqtisadi planda qarşılıqlı əlaqələri yaranır və güclənir; mövcud dünya sivilizasiyalarının identikliyini qoruyub saxlamaq və inkişaf etdirmək meyli artır; identikliyini təsdiq etməyə çalışan böyük tarixi ənənələrə malik sivilizasiyalar modernləşmə üçün impulsiv təkanlarını öz köklü mənəviyyat və klassik mədəniyyət bünövrəsindən almağa cəhd edir;  qloballaşma dialoq üsulu kimi qlobal sivilizasiyaya doğru inkişafda əsas humanist ideyaya çevrilir; sosial-iqtisadi inkişaf səviyyələrinin fərqliliyi, yoxsulluq, ərzaq çatışmazlığı, elmi-texniki tərəqqi, ekologiya, təbii sərvətlərdən istifadə, demoqrafiya, transmilli miqrasiya, terrorizm, böhran situasiyaları, regional konfliktlər lokal çərçivədən çıxaraq qloballaşır və onların həllində bəşəriyyətin birgə səyinin yaradılmasını zəruri edir; dünya inkişafı proqnozlaşdırılır və proqramlaşdırılır; insan haqlarının müdafiəsi, beynəlxalq hüquq normalarının təkmilləşməsi baş verir; qlobal siyasi, iqtisadi sabitlik, sivilizasiyalararası dialoq bərabərhüquqlu əməkdaşlıq prinsipləri qlobal inkişafın məqsədinə çevrilir. Bu isə Beynəlxalq Təşkilatların əsaslı reformasiyasını və korrektəsini tələb edir.
    Neqativ tendensiyalar kimi qlobal sivilizasiyaya doğru inkişaf yolu ilə ümumdünya hegemonluğu tendensiyası arasında, güclü hərbi sənaye kompleksinə və iqtisadiyyata malik olan lider dövlətlərlə inkişaf etməkdə olan dövlətlər arasında, dünyanın maliyyə ehtiyatlarını əlində cəmləyən hökmran dövlətlərin maraqları ilə, dünya milli dövlətlərinin tarazlı, spesifik inkişaf maraqları arasında ziddiyyət proseslərinin baş verməsi, dünya iqtisadi məkanında süni olaraq yaradılan, qeyri-sağlam rəqabət şəraitində, dünya iqtisadiyyatı effektivliyinin aşağı düşməsi ilə işçilərin həyat səviyyəsinin ağırlaşması, eyni zamanda ümumdünya kapitalının sərbəst hərəkətinin effektivliyi ilə, maliyyə kapitalının dağıdıcı spekulyasiyası arasında dövlətlərin korrupsionist elitası ilə, formalaşmaqda olan vətəndaş cəmiyyəti arasında  Transatlantik və Avrasiya bloklaşmaları arasında, Qərb (xristian) - Şərq (müsəlman-hind-çin) sivilizasiyaları arasında birqütblü dünya ilə çoxqütblü dünya arasında ziddiyyətlərin dərinləşməsini göstərmək olar. Həmçinin kütləvi emiqrasiya axınları nəticəsində «yerlilər» və «gəlmələr» arasında ziddiyyət, siyasi, hərbi, iqtisadi hökmranlığa can atan dövlətlərin, həm də sivilizasiya üstünlüklərinə çalışması nəticəsində «doğmalar» və «özgələr», «elitar» və «qeyri-elitar» cəmiyyətlər arasında ziddiyyət, amerikalaşma, homogenləşmə, kommersiyalaşma, «maqdonald»laşma, qərbləşmə standartlarının digər sivilizasiyalarda narazılıq doğurmasından törəyən ziddiyyətlər kompleksi qloballaşmaya qarşı antiqloballaşma hərəkatının yaranmasına səbəb olmuşdur.
    Qloballaşma prosesinin obyektiv və subyektiv inkişaf xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlər qloballaşma tərəfdarları ilə yanaşı – antiqlobalist hərəkatının da doğmasına səbəb olmuşdur. Qlobal ekoloji böhran, əhali artımının qarşısıalınmaz inkişafı ilə yerin resurslarının ümumi həcminin tərs mütənasibliyi, miqrasiya, urbanizasiya, epidemik xəstəliklər, narkomafiya, beynəlxalq cinayətkarlıq, terrorizm kimi problemlərin həllinin regional və tək dövlətin gücü xaricində olduğundan xalqların və dövlətlərin birgə əməkdaşlığının zəruriliyi, informasiya texnologiyasının inkişafı nəticəsində açıq cəmiyyət tipinin yaradılması ilə dövlətlər və xalqlar arasında münasibətlərin və kültürəl təsirlərin yeni mərhələyə qədəm qoyması, texnogen sivilizasiyada hakim olan iqtisadi münasibət və əlaqələrin inteqrasiyası, bütün dünya sisteminin nizamlanması məqsədilə hamı üçün eyni qayda və standartlar tətbiq edən beynəlxalq hüquq sisteminin, qanunvericiliyin yaradılması, informasiya texnologiyası vasitəsilə mədəniyyətin surətlə universallaşması kimi proseslər qloballaşmanın obyektiv xüsusiyyətləridir. Subyektiv proses kimi qloballaşmanın informasiya texnologiyalarına nəzarət edən ölkələrin öz maraq və mənafeləri istiqamətində nizamlanması və yönləndirilməsi, insan vasitəsilə idarə olunması və planlaşdırılması, inkişaf modellərinin hazırlanması kimi faktları misal göstərmək olar. Bu faktlara əsaslanan tədqiqatçılar qloballaşmanı “ən böyük məkan olaraq dərk etmək əvəzinə, ən böyük məkan üzərində hegemonluq qurmuş bir kültür olaraq dərk edilməsi daha düzgündür” (8. s. 36)  fikrini irəli sürürlər.
    Qloballaşma prosesi – Vesternizasiya və modernizasiya adlanan 2 inkişaf modeli əsasında həyata keçməkdədir. Vesternizasiya – Avropa sentrizm və Transatlantika baxışları əsasında dünyanın qloballaşma prosesidir. Vesternizasiya – Qərb cəmiyyətləri strukturlarının, texnologiyalarının, həyat tərzinin qeyri-Qərb cəmiyyətlərinə köçürülməsi ideyasıdır. “Həmçinin qeyri-Qərb ölkələrinin xalqlarında Şimali Amerika, Qərbi Avropa ictimai sistemlərinin şəksiz üstünlüyünə inam formalaşdırmaq cəhdidir”. Vesternizasiya prinsipinə əsaslanan qloballaşmanın bir çox modelləri vardır ki, bu «quruculuq modelləri» adlanır. «Şuman planı», «Avropa evi», «Atlantik okeanından Urala qədər olan Avropa», «Regionlar Avropası», «Yeni dünya düzəni», «Genişləndirilmiş Orta Şərq» siyasəti və s. ikinci layihələr yeni Avropa kimliyi, «Avropa insanı» yaratmağı və Avropa geostrateji məkanını unitar tərzdə təyin etmək cəhdlərini və perspektivini ortaya qoymaq məqsədini güdür. Müasir industrial cəmiyyətlər olan ABŞ və Qərbi Avropa dövlətləri informasiya texnologiyasına nəzarət etmə sisteminə malik olduqlarına görə, qloballaşma prosesini nizamlayır, istiqamətləndirir, idarə edir. Milli və dövlət maraqlarının təmin edilməsində, strateji inkişaf doktrinlərinin həyata keçirilməsində ondan istifadə edir. Qloballaşmanın Avropa strategiyası (Vesternizasiya) dünya üzərində uzunmüddətli maliyyə-iqtisadi hakimiyyətin saxlanılması və dərinləşməsinə nail olmağı qarşıya məqsəd qoymuşdur. Qlobal sistem olan ABŞ və Avropanın 3-cü dünya ölkələri hesabına fövqəl qazanc əldə edilməsinə yönəldilmişdir. Qloballaşma prosesini həyata keçirən bir çox beynəlxalq maliyyə-iqtisadi siyasətin nizamlanmasına məsul olan təşkilatlar qlobal iqtisadiyyatın idarəolunması metodu (Vaşinqton konvensiyası) adı altında başqa ölkə və xalqların hesabına ABŞ-da həyat səviyyəsinin yüksəldilməsinə xidmət etməkdədirlər. Qlobal iqtisadi imperiyanın sabitliyi total nizamlanma mexanizmi ilə başqa ölkələrdə yaradılan iqtisadi böhran: artmaqda olan borc sisteminin yaranması, beyin daşınması vasitəsilə təmin edilməkdədir.
    Qloballaşma SSRİ-nin çökməsi nəticəsində soyuq savaşın bitməsindən sonra yeni bir vüsət almışdır. “Keçmiş sistemlərin çökməsi nəticəsində meydana çıxan yeni ölkələrin qlobal qərarların qəbul edilməsinə cəlb edilməsi nəticəsində öz potensiallarını, milli resurslarını qlobal dünyanın ixtiyarına verməklə qloballaşmanın dönməz xarakter almasına şərait yaradırlar”. Qərbləşmə konsepsiyasının mühüm özəyini Avropa yönümlülük, Amerika yönümlülük təşkil edir. Qərb dəyərlərinə söykənməklə vahid sivilizasiyanın yaradılması, bütün dünyanın vahid mərkəzdən idarə olunması [ABŞ və Avropa Birliyi rəhbərliyində] vahid iqtisadi sistemin yaradılması və Liberal-Demokratiya və Xristian dəyərlərinin hakim xətt təşkil etməsi vesternizasiyanın əsas məqsədidir. Vahid sivilizasiya modelinə informasiya təbliğatı, QHT və Transnasional korporasiyalar vasitəsilə nail olmaq 2001-ci ilin 11 sentyabrına qədər başlıca xətt kimi nəzərə çarpırdı. Lakin 11 sentyabr hadisələrindən sonra ABŞ vahid sivilizasiyanın hərbi yolla bərqərar olmasına üstünlük verdi. Qloballaşma prosesinin başlıca subyekti, təşkilatçısı rolunda postindustrial Qərb çıxış edir, dünyanın qalan hissəsi isə qərb cəmiyyətinə əks təsir göstərsə də, daha çox bu prosesin obyekti olur. Qərb (Vesternizasiya) dedikdə kapitalizm, onun siyasi sistemi olaraq siyasi liberalizm, kültür sistemi olaraq istehlak kültürü başa düşülür. Üçüncü dünya ölkələrində «demokratikləşmə», «insan haqları» kimi iddialarla yerləşən ABŞ, bu dövlətləri kapitalizmə daha dərinləşməsinə inteqrasiya etmək üçün sabit bir rejimə qovuşdurmaq, bölgə dövlətlərinin iqtisadi inkişafını hədəf alan islahatların genişləndirilməsi, özəl sektor və sərmayə qoyuluşunun gücləndirilməsi, bazar iqtisadiyyatı prinsiplərinə əməl edilməsi, iqtisadiyyatın xaricə açılması, xarici sərmayələrin ölkə içinə girməsini saxlamaq adı altında «Millenium Challenge Account» adlı təşkilat quraraq, bu təşkilat vasitəsilə III dünya dövlətlərini imperialist sistemin dərin inteqrasiya və yenidən sömürmə girdabına salmaqdadır. ABŞ və Avropa Birliyi ölkələri III dünya ölkələrinin əsas problemlərini həll edəcəklərini iddia etməkdədirlər. Azad seçki, qadınlara səsvermə haqqı, gender bərabərliyi, qadınları müdafiə haqqı, medianın müstəqilliyi, demokratiya və insan haqları ilə bağlı fəaliyyət göstərən QHT-ləri yaratmaq və onlara maliyyə dəstəyi göstərməklə «ABŞ rəhbərliyi ilə kapitalist sistemin planetar miqyasda inteqrasiyasına nail olmaq» məqsədi güdülməkdədir. Vesternləşmə planetdə  vahid Avropa kültür sisteminin bərqərar edilməsi ideyasına  əsaslanaraq, milli və dini dəyərlərin aradan aparılması, milli dövlətlərin yox edilməsi, milli mədəniyyət və ənənəni təmsil edən elitanın kosmopolit elita ilə əvəzlənməsi, milli ideologiyaların yararsızlığı və liberalizmin tətbiq edilməsinə zəmanət verən siyasi elitanın hakimiyyətə gətirilməsi, dini-etnik hərəkətlərin silahla, hərbi yolla məğlub edilməsi nəticəsində formalaşdırılır. Vahid sivilizasiya yönümündə ABŞ və Avropa Birliyi ölkələrinin fəaliyyəti «Kültür imperiolizmi» kimi də xarakterizə olunur. Vesternizasiya siyasəti nəticəsində qloballaşma - ayrıseçkilik və istismar üzərində qurulan klassik imperializmin yeniləşməsi modelində [neoimperializm] təzahür tapmasına, planetin imperiyalaşması və sivilizasiyalaşması arasındakı aramsız tarixi ziddiyətin hələ də tam aradan qaldırılmamasına səbəb olmuşdur. Dünya hegemoniyası «anqlosakson» və «Reyn kapitalizmi» öz ardınca, hakimiyyət və təsir sferasında nəzərəçarpmaz asimmetriyanın hazırlanması üçün nəzərdə tutulmuş qarşılıqlı təsisat və prosedurların kompleks strukturunu çəkib gətirir. Rəqabətin elə bir formasına üstünlük verilir ki, burada yüksək effektli sistemlərin qalib gəlməsinə, daha zəif effektli sistemlərin sıradan çıxmasına şərait yaradılmış olur. Bu isə ziddiyyətləri daha da kəskinləşdirir. BMT-nin inkişaf üzrə Agentliyi də bu nəticəyə gəlir ki, «qloballaşma hər şeydən əvvəl dinamik və qüdrətli ölkələrin qazanc əldə etməsi naminə aparılır». Qlobal sistemin fəaliyyəti üçüncü dünya ölkələri hesabına fövqəl qazanc əldə edilməsinə yönəldilmişdir. ABŞ-ın rəhbərliyi altında homeostatik xassə, qlobal iqtisadi imperiyanın sabitliyi total nizamlanma mexanizmi ilə təmin edilir ki, bu da öz növbəsində maliyyə-iqtisadi resursların qüdrətli konsentrasiyasına arxalanır. Qlobal nizamlanmanın konkret təzahürünü ABŞ-ın 90-cı illərdə 10-15 ölkədə təşkil etdiyi iqtisadi böhranı, artmaqda olan borclar sisteminin yaradılması, «beyinlərin daşınması» və s. bir sıra təsirlərini qeyd edə bilərik. Hal-hazırda qüvvələr nisbəti elə bir vəziyyətdədir ki, bunun da sayəsində heç bir ölkə müflis olmaqdan qorunmaq imkanına malik deyil. ABŞ faktiki olaraq dünya iqtisadiyyatını inqilabi işğal yolu ilə ələ keçirir. Nəticədə digər «iqtisadi sivilizasiya» məhv olmaq təhlükəsi altına düşür. Amerikanın təklif etdiyi «qlobal sivilizasiya», qlobal idarəçiliyin xüsusi mexanizmini yaradır, həmin dünya bazarı qanunlarına dövlətlər və xalqlar tabe olur. Qərb sivilizasiyası (Vesternizasiya) öz liderliyini Avropa və Şimali Amerikanın mənafe ayrılmazlığı şərti ilə təmin etməkdədir. Qeyd etmək gərəkdir ki, hal-hazırda Vesternizasiyanın bütün dünyada hakim olması cəhdləri qloballaşmanın məhz Vesternizasiya kimi anlamaq problemini ortalığa qoymuşdur. Qloballaşma dedikdə Qərb, Qərb dedikdə qloballaşma nəzərə gəlir. Qərbləşmə bütövlükdə modernləşmə əlaməti altında gedir. Onun açıq və qapalı cəmiyyətlərə təsiri əhəmiyyətli dərəcədə fərqlənir. Əgər o, bəzi ölkələrdə cəmiyyətin siyasi və sosial-iqtisadi həyatına əlavə ünsürlər gətirməklə onun dayaqlarını təkmilləşdirirsə, digərlərində diffuziya baş verir, sonra isə tarixən sabitləşmiş normalar, adət-ənənələr gözə görünmədən yox olub gedir. Bu məsələdə problem əks təsirin dərəcəsi və səviyyəsində, habelə yeni eranın determinantları ilə qarşıdurmanın nə qədər əsaslı olmasındadır.
    Qərbləşmə qeyri-qərb məkanları tədricən «udaraq», müəyyən məkanlarda siyasi dözümün xarakterini dəyişdirir. Görünür, qərbləşmənin alqoritmi bütövlükdə cəmiyyətlərin, yaxud məkanların keçidinin təmin edilməsindən ibarət deyildir. Onun məqsədi yeni qlobal iqtisadi baxışların və siyasi ideyaların tətbiqi üçün meydan hazırlamaqdır. Qloballaşma genişləndikcə, inteqrasiya proseslərinin aparıcı agentlərinin siyasi, iqtisadi və sosial həyatının əsas tərkib hissələri yeni məkanlarda assimilyasiya olunur. «Qərb mədəniyyətinin ünsürlərinin qəbul olunması əslində elə bir təsirdir ki, bir müddətdən sonra o, ənənəvi cəmiyyətə nüfuz edəcək və onu amansızcasına ikiyə parçalayacaqdır». Qərbləşmə prosesi ənənəvi cəmiyyətin simasını tamamilə dəyişən mədəni inqilaba start verir. Qərbləşmə milli mədəniyyətin mahiyyətini, onun simasını kökündən dəyişir. Qərbləşmə tərəfdarlarının iddialarına görə, bu proses dönməzdir, təhsilin dünyəviləşdirilməsi və savadlılığın, dini dözümlülüyün yayılması, kütləvi informasiya vasitələrinin və kommunikasiyanın inkişafı, əhalinin geniş təbəqələrinin dünya mədəniyyəti xəzinəsi ilə tanış olmaq imkanıdır. «Modernləşmə» və «qərbləşmə»nin fərqləndirilməsi özlüyündə böyük əhəmiyyət kəsb edir. Hazırda Qərb bu iki anlayışın kütləvi şüurda vəhdət halında birləşməsi və sinonimə çevrilməsi üçün əlindən gələn hər şeyi edir. Bu isə kütləvi şüurda o qənaəti doğurur ki, hər hansı dəyişikliklər və islahatlar yalnız Qərbin təcrübələrinə əsaslandıqda mümkündür və ancaq Qərb örnəklərini təkrarlamağa qadirdir. Qərbləşmənin alternativi «durğunluq», «arxaiklik», «ifrat mühafizəkarlıq», səmərəsizlik, dinamikliyin olmaması və i.a. kimi qələmə verilir. Beləliklə də, Qərbin həyat fəaliyyəti çərçivələrini, qanunlarını, prinsip və meyarlarını bütün dünyaya qəbul etdirmək məqsədinə nail olunur.
    Modernləşmə: Modernizasiya – Etnik Milli identikliklə universalizmin sintezi əsasında industrial inkişafa nail olmaq strategiyasıdır. Qeyri-qərb dünyasının vesternizasiyaya məruz qalmadan qloballaşma fazasına daxil olması, bu məqsədlə təhsilin, infrastrukturun gücləndirilməsi, informatikanın, mikroelektronikanın, biotexnologiyanın, telekommunikasiyanın, kosmik texnikanın, kompyutürlərin inkişaf etdirilməsi Modernizasiya prosesinin əsas tələbləridir. Modernizasiya və ya «modernləşmə» termini XX əsrin ortalarına qədər urbanizasiyanı, sənayeləşməni, dünyəviləşməni, rasional bürokratiyanın və hüquqi dövlət idarəçiliyi mədəniyyətinin yaradılmasını nəzərdə tutur. XXI əsrdə bütün bu modernizasiya prosesləri milli həyatın ayrılmaz hissəsinə çevrilmişdir. Qloballaşma prosesi başladığı vaxtdan bəri – müasir dünyanın inkişaf tendensiyası – qərbləşmədən modernləşmək, avropalaşmadan, amerikalaşmadan universallaşmaq, milli mədəniyyətləri itirmədən qloballaşmaqdır. «Şərqi Asiya ölkələri – öz cəmiyyətlərinin modernləşmə imkanlarını – qərbləşmədən modernləşmənin mümkün olduğunu bütün dünyaya nümayiş etdirdi. Burada qərbdən mənimsənilən texnokrotlaşma və informasiyalaşma prosesi (qərbləşmə) cəmiyyətin əsaslarına, təməllərinə toxunmamışdır. Şərqi Asiya nümunəsi göstərir ki, sənayeləşmə bir çox hallarda qərbləşmədən də mümkündür». Öz fundamental inkişafı istiqamətində getdikcə «dünya daha çox modern, daha az Qərb olur». Qərbləşmə tendensiyasına qarşı ən fəal reaksiya Şərq-Qərb interoksiyasının hissəsi və çevik forpostuoncinolu islam sivilizasiyasından doğur. Qərb mədəniyyətinə, onun bütün dünyaya, eləcə də, Şərqə yaradıcı təsirinə önəm verən Şərq intellektualları öz milli mədəniyyətlərindən uzaqlaşaraq, soykökünə yabançılaşaraq, ənənəsinə yadlaşaraq qərbləşməyin qəti əleyhdarı olmuşlar. Türk filosofu və sosioloqu C.Meric qərbləşməni islam sivilizasiyasına, eyni zamanda türk mədəniyyətinə zidd, onu içəridən dağıdan bir «mif» olaraq tənqid edir: «Nə üçün çağdaşlaşmaq Xristian Qərbinin bütlərinə pərəstişə çevrilsin? Bu, öz dərisindən çıxmaq, öz müqəddəslərini inkar etmək və tədriclə köləliyə razı olmaq deyilmi? Biz tamamilə ayrı bir mədəniyyətin övladlarıyıq.., bambaşqa ölçüləri olan, daha qədim, daha əsil, daha insanca bir mədəniyyətin».Cəmil Mericə görə «Bütün dünyanın avropalaşmağının» - həm Avropa xalqları mədəniyyətinin, həm də dünya xalqlarının hər birinin özgür mədəniyyətinin bundan sonrakı tərəqqisinə maneə yaratdığını göstərir. O qərb dəyəri kimi təqdim edilən demokratiyanın da Qərbdən öncə Şərqdə meydana çıxdığı qənaətindədir. İslam elə demokratiyanın özüdür. Amma Qərbinkindən fərqli, bir ruh iqlimində tərəqqi edən, dərin məqsədlərə söykənən bir demokratiyadır. Ərəb alimi Taha Cabir al-Alvani Qərb sivilizasiyasının islam dünyasına təsirinin nəticələrini təhlil edir və götərir ki, «müqəddəs olan nəsnələrin çağdaş Qərb sivilizasiyasında dəyərsizləşdirilməsi» - «tarixin sonu», «sivilizasiyaların sonu» kimi nəticələrə gəlinməsi, böhran psixologiyası, aqnostik subyektivizm, özünəməxsus dəyərlər kateqoriyası və kompleksinə malik olan islam dünyasına nümunə ola bilməz. (2. s. 12)
    S.Hantinqton Qərbdən fərqli – Latın Amerikası, Afrika, İslam, Çin, hind, pravoslav, buddist, yapon sivilizasiyalarının modernləşmə ilə özünütəsdiqi prosesi gücləndikcə Qərb sivilizasiyasının məkanca daralması, təsircə qısalması baş verir fikrini irəli sürərək, Şərq sivilizasiyalarının, xüsusilə İslam sivilizasiyasının güclənməsindən Qərbin narahat və səfərbər olmağının «zərurətini» bəyan edir: «Beynəlxalq münasibətlərin realist tarixi diqtə edirki qeyri- Qərb («Non-Western») sivilizasiyalarının özək dövlətləri qərb qüdrətinin dominantlığına qarşı balans yaratmaq üçün gərək birləşələr». Hantinqton belə hesab edir ki, qarşı duran sivilizasiyaların qütbləşməsi dünyada getdikcə geopolitik məkanı daralan Qərb sivilizasiyasının çox ciddi şəkildə rekonstruksiya, özünümöhkəmləndirmə prosesi keçməsinə zəruriləşdirir. Onun fikrincə, Qərb sivilizasiyasının bir neçə əsr davam edən «Avropa fazası» (European phase) artıq başa çatmışdır, XX əsrdən isə bu sivilizasiyanın «Amerika fazası» (American phase) başlayır. Ona görə də Qərb sivilizasiyası öz liderliyini yalnız Avropa və Şimali Amerikanın mənafe ayrılmazlığı şərti ilə təmin edə bilər: Əgər Şimali Amerika və Avropa özlərinin əxlaqi həyatını yenidən canlandırsalar, mədəni birliyini yaratsalar və NATO daxilində təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarını təmin etmək üçün iqtisadi və siyasi inteqrasiyanın yaxınlaşdırıcı formalarını inkişaf etdirsələr, onda onlar Qərbin iqtisadi firavanlıq və siyasi təsirinin üçüncü-Avroamerika fazasını (Euroamerican phase) meydana gətirə biləcəklər. Hantinqton «üçüncü fazada» ABŞ hegemonluğu ilə Qərb dominantlığının yenidən bərqərar edilməsi üçün qeyd edir ki, «Əgər qeyri-Qərb cəmiyyətləri Qərb mədəniyyəti vasitəsilə bir daha yenidən formalaşdırılacaqsa, bu yalnız Qərb hökmranlığının eksponsiyası, genişlənməsi və güclü təsirinin nəticəsi kimi baş verəcək. İmperializm-universalizmin zəruri məntiqi nəticəsidir. Eyni zamanda, kamil sivilizasiya kimi Qərb digər cəmiyyətlərə öz iradəsini tabe etdirmək üçün tələb olunan iqtisadi və demoqrafik dinamizmə daha malik deyil və bunun edilməsi üçün hər bir cəhd də öz müqəddəratını təyinetmə və demokratiyanın Qərb dəyərlərinə ziddir. Asiya və islam sivilizasiyaları öz mədəniyyətlərinin universal uyarlıqlarını təsdiq etməyə başladıqca, qərblilər universalizm və imperializm arasındakı bağlılığı daha çox qiymətləndirəcəklər. Qərb universalizmi dünya üçün təhlükəlidir, ona görə ki, o, özək dövlətlər arasında böyük sivilizasiyalararası müharibəyə yol açardı və bu – Qərbin özü üçün təhlükəlidir, ona görə ki, Qərbin məğlubiyyətinə gətirib çıxarardı. Sovet İttifaqının dağılması ilə qərblilər öz sivilizasiyasını qeyri-bərabər dominantlıq mövqeyində görür, halbuki eyni zamanda zəif Asiya, islam, islam sivilizasiyaları və digər cəmiyyətlər də güc qazanmağa başlayırlar». Qərb ölkələrinin sivilizasiya üstünlüklərinə can atması qlobal məkanın bütün subyektlərində əks reaksiya doğurur. Buna görə də qloballaşma və onun stimullaşdırıcısı modernləşmənin qərbləşmə ilə (Westernization) eyniləşdirilməsi – ümumdünya problemi olaraq qarşıya çıxır. Qloballaşmanı – qərbləşmə, qərbləşməni isə  - modernləşmə kimi təqdim edən ideologiya qüsurlu və birtərəflidir. Çünki burada bəşəriyyətin bütün tarixi təkamülü ilə şərtlənən ümumdünya əhəmiyyətli proses – qloballaşma əsl mahiyyətindən yayındırılaraq məhdud bir hadisə kimi unifikasiyalaşdırılır. Bu baxımdan ən böyük dünya problemi qloballaşmanın vesternizasiya ilə nisbətidir. Burada məsələ daha genişdir, modernizasiyanın mahiyyəti məsələsidir. Bu problemlə əlaqədar 3 yanaşma formalaşmışdır.
    1)    Qloballaşma vesternizasiyaya nisbətən daha geniş prosesdir. Bütün praktiki mənalarda modernizasiya prosesinə bərabərdir. Bu cür nöqteyi-nəzəri müdafiə edən alimlər içərisində A.Ciddens, R.Robertson, M.Olbron, U.Konnoli və başqalarını xüsusi qeyd etmək lazım gəlir. Şərqi Asiya ölkələri inandırıcı şəkildə sübut etmişdir ki, modernizasiya imkanları vesternizasiyaya nisbətən daha güclüdür. Şərqi Asiyanın nümunəsi sübut edir ki, industrilizasiya çox halda vesternizasiyasız da mümkündür.
    2)    İkinci yanaşmaya görə isə qloballaşma modernizmin qlobal diffuziyasından başqa bir şey deyildir.
    3)    Üçüncü yanaşma isə modernləşmənin genişləndirilmiş vesternizasiya-qərb kapitalizmi ilə qərb institutlarının yayılması kimi xarakterizə edir. Gilpin dünya beynəlmiləlləşməni sadəcə olaraq genişlənməkdə olan amerikan dünya qaydalarının əlavəsi hesab edir. N.Qleyzerin, qloballaşma- qərb tərəfindən nizamlanan informasiya və əyləncə vasitələrinin ümumdünya miqyasında yayılmasıdır ki, bu da öz növbəsində həmin informasiyanın daxil olduğu ərazilərin dəyərlərinə mühüm təsir göstərir. Mahiyyət etibarı ilə qloballaşma... Qərb inkişaf modelinin diffuziyası – Qərb kapitalı və dəyərlərinin yayılmasıdır.
    1970-80-ci illərdə Cənubi Şərqi Asiyada, Mərkəzi və Şərqi Avropa ölkələrində, habelə keçmiş SSRİ respublikalarında modernləşdirmə proseslərinin qaynaqlarını üç məqam müəyyənləşdirirdi:
    - iqtisadi təfəkkürün, təsərrüfatçılıq formalarının  tədricən dəyişməsi (yeni iqtisadi mexanizm, fərdi əmək fəaliyyəti və s.);
    - ideya-siyasi dəyişikliklər («yeni siyasi təfəkkür», «aşkarlıq», «insanpərvər sosializm» və s.);
    - mədəni yeniliklər («bittlomaniya», CNN, elektron poçtu, çatlı internet və s.).
    Qloballaşmanın ilk mərhələsi kimi məhz modernləşmə kapital bazarının yaranmasına, transmilli korporasiyaların fəaliyyətinə zəmin yaratmışdır. Hazırda onların təsiri ilə iqtisadi siyasətin, vətəndaşların siyasi iştirakının forma və metodlarının dəyişməsi, təhsilin beynəlmiləlləşməsi və vahid qlobal sosiomədəni mühitin yaradılması vasitəsilə sosiomədəni məkanın dəyişməsi baş verir.
    Modernləşmə, tarixən XVII - XIX əsrlərdə Qərbi Avropada və Şimali Amerikada inkişaf etmiş, sonralar digər Avropa ölkələrində, XIX – XX əsrlərdə isə Cənubi Amerika, Asiya və Afrika qitələrində yayılmış sosial, iqtisadi və siyasi sistemlər yönündə dəyişikliklər prosesidir. XX əsrin ortalarına qədər modernləşmə urbanizasiyanı, sənayeləşməni, dünyəviləşməni, rasional bürokratiyanı və müvafiq dövlət idarəçiliyi mədəniyyətinin yaradılmasını nəzərdə tuturdu. Liberal fərdiyyəçilik dəyərləri əsasında müasir davranış modelinin formalaşması modernləşmənin başlıca daxili şərti kimi çıxış edir. Modernləşmə proseslərini araşdırarkən, hər şeydən əvvəl, ötən əsrin 50-ci illərinin sonu – 60-cı illərinin əvvəlində dünyada yüksək sürətlə gedən sənayeləşməyə nəzər salmaq lazımdır. Praktiki əsası «Marşal planı» ilə qoyulan Qərbin inkişaf səviyyəsinə çatmağın inkişaf konsepsiyası məhz bu dövrdə formalaşmağa başlamışdır. Onun əsas məqsədi ikinci dünya müharibəsindən sonra Qərbi Avropa ölkələrinin iqtisadiyyat və təsərrüfatının bərpasına kömək etmək idi. ABŞ-ın yardımı ilə bir çox ölkələrin sənayeləşdirilməsi bu dövrdə dönməz xarakter almışdır. Qərbin inkişaf səviyyəsinə çatmaq ideyası milli modernləşmə planlarının əsasını təşkil etmişdir və bu XX əsrdə dünyanın mənzərisini köklü surətdə dəyişmişdir. XX əsrin sonlarında dünya iqtisadiyyatının liderləri ABŞ, Avropa və Şərqi Asiya oldu. Şərqi Asiya dünya iqtisadiyyatı və siyasətinin amiri liderliyinə iddia edir.
    Asiyanın bir sıra ölkələrinin surətli yüksəlişi millətlərin inkişaf etməyə, milli «mən»lərinin təntənəsi təsdiq etdirməyə olan səylərini əks etdirir. Yapon möcüzəsi, Çinin dünya dövlətinə çevrilməsi Hindistanın regional gücə çevrilməsi bunun bariz nümunəsidir. Malayziya, Sinqapur, İndoneziya və Koreya ölkələrinin sürətli inkişafı aydın şəkildə göstərir ki, iqtisadi yüksəliş heç də milli ənənədən hökmən imtina olunmasını tələb etmir, əksinə onunla çulğaşa bilir. Tarixin dərk edilməsi və milli eyniyyət axtarışı özlüyündə, modernləşmə ideallarına sədaqətə təhlükə doğurmur və hətta onlara zidd də deyildir ideyasını Cənub-Şərqi Asiyada modernləşmə prosesinə şamil etmək olar. Cənub-Şərqi Asiya ölkələri məcburi üsullarla səmərəli sabit modernləşməyə nail olmağın mümkünlüyünü dərk edərək, universalizm və partikulyarizmin sintezindən istifadə etməyə başladılar.
    1980-ci illərin sonunda modernləşmə nəzəriyyəsi çərçivəsində «modernitidən yan ötən modernləşmə», yəni sosiomədəni ənənələrin qorunmasına əsaslanan, fərdiyyətçi Qərb dəyərlərini cəmiyyətə zorla qəbul etdirmədən də dinamik iqtisadi yüksəlişin mümkün olduğunu bildirən ictimai inkişaf konsepsiyası işlənib hazırlandı. Bu nəzəriyyə çərçivəsində qeyri-Qərb ölkələrinin müasirliklə-ənənəçilik arasında əlaqələrin pozulmaması, mövcud ənənələrin kənardan gətirilənlərlə əvəzlənməməsi yolu ilə inkişaf etməsinin mümkünlüyü nəzərdə tutulurdu. Modernləşmə prosesi- onilliklər boyu alınmış təhsil və işçinin yaradıcılıq enerjisi ilə həyata keçirilir. Postindustrial sosiumun tərəqqisinin əsası olan azad şəxsiyyətin yaradıcılığına əsaslanaraq sənaye cəmiyyətinin postindustrial cəmiyyətə çevrilməsi XXI əsr modernləşməsinin başlıca şərtidir.      

    Nəticə: Qloballaşma prosesinin dərin analitik təhlili göstərir ki, o bəşəriyyətin tarixi inkişaf qanunauyğunluqları əsasında formalaşmış yeni obyektiv tarixi inkişaf mərhələsidir. Qloballaşma ən yeni informatika və telekommunikasiya vasitələri əsasında bəşəriyyətin böyük hissəsinin vahid iqtisadi-maliyyə, ictimai-siyasi və mədəni əlaqələr sisteminə cəlb olunması prosesidir. Sivilizasiyalararası dialoq və qarşılıqlı əlaqələrinzərurəti qanunauyğunluğunu yaradan inkişafdır. Yaşayışın ümumi standartlarının, etiketlərinin əmələ gəlməsi və dünyagörüşün tipologiyasında planetar meyarların qüvvətlənməsidir, meqasosiumun bütövlük formasıdır, dünya proseslərinin qarşılıqlı asılılığını təmin edən inkişaf prosesidir. Qloballaşma prosesi planetar meqacəmiyətin, meqamədəniyyətin və  uperetnosun formalaşmasını reallaşdırmaqdadır. Qloballaşma-yer kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi, milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasıdır. Bu da öz növbəsində kapitalın asanlıqla yerdəyişməsinə, dünyanın informasiya üçün açıq olmasına, texnoloji inqilaba, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kommunikasiya yaxınlaşması əsasında əmtəə və kapitalın hərəkətinin liberallaşmasına, planetar elmi inqilaba, millətlərarası sosial hərəkatlara, yeni nəqliyyat növlərinə, telekommunikasiya texnologiyalarının reallaşmasına, internasional təhsilə əsaslanır.
    Vesternizasiya – Avropa sentrizm və Tronsatlontika baxışları əsasında dünyanın qloballaşma prosesidir. Vesternizasiya prinsipinə əsaslanan qloballaşmanın bir çox modelləri var ki, bu «quruculuq modelləri» adlanır. «Şumon planı», «Avropa evi», «Atlantik okeanından Urala qədər olan Avropa», «Regionlar Avropası», «Yeni dünya düzəni», «Genişləndirilmiş Orta Şərq» siyasəti və s. ikinci layihələr yeni Avropa kimliyi, «Avropa insanı» yaratmağı və Avropa geostrateji məkanını unitar tərzdə təyin etmək cəhdlərini və perspektivini ortaya qoymaq məqsədini güdür. Qərb (Vesternizasiya) dedikdə kapitalizm, onun siyasi sistemi olaraq siyasi liberalizm, kültür sistemi olaraq istehlak kültürü başa düşülür.
    Qərb dəyərlərinə söykənməklə (Vesternizasiya) vahid sivilizasiyanın yaradılması, bütün dünyanın vahid mərkəzdən idarə olunması (ABŞ və Avropa Birliyi rəhbərliyində) vahid iqtisadi sistemin yaradılması və Liberal-Demokratiya və Xristian dəyərlərinin hakim xətt təşkil etməsi əsas məqsədidir. Qərb sivilizasiyası (Vesternizasiya) öz liderliyini Avropa və Şimali Amerikanın mənafe ayrılmazlığı şərti ilə təmin etməkdədir. Vesternizasiyanın bütün dünyada hakim olması cəhdləri qloballaşmanın məhz Vesternizasiya kimi anlamaq problemini ortalığa qoymuşdur. Qloballaşma dedikdə Qərb, Qərb dedikdə qloballaşma nəzərə gəlir. Vesternizasiya – Qərb cəmiyyətləri strukturlarının, texnologiyalarının həyat tərzinin qeyri-Qərb cəmiyyətlərinə köçürülməsi ideyasıdır. «Qərbləşməsiz modernləşmə» düsturu müəyyən mənada qloballaşma nəzəriyyəçilərinə müqavimətin konseptual əsasını təşkil edir. Qərbləşmə, modernləşmə kimi inkişaf tendensiyaları öz siyasi elitasını da formalaşdırmışdır. Bir tərəfdə «İslahatçılar» - dəyişiklik tərəfdarları, digər tərəfdə isə mühafizəkarlar, köhnəliyə inadkarcasına sədaqətli olanlar. İslahatçı-qərbçilər daim Qərb təsisatları və beynəlxalq təşkilatlardan dəstək almaqdadırlar. Modernist – qərbçilər dərin islahatlar, təsərrüfat modelində əhəmiyyətli dəyişikliklər, elitanın dövlət idarəetməsinin mühüm sahələrinə real şəkildə təsiri, həyatın bütün sahələrinin modernləşməsi tərəfdarıdırlar. Modernistlər islahatlarla bərabər dövlət suverenliyinin, iqtisadi və mədəni müstəqilliyin tam qorunub saxlanmasını, milli köklərə sədaqəti, milli özünəməxsusluğun qorunmasını mütləq və sarsılmaz şərt hesab edirlər. Modernizasiya – Etnik Milli identikliklə universalizmin sintezi əsasında industrial inkişafa nail olmaq strategiyasıdır. Modernləşmə, tarixən XVII - XIX əsrlərdə Qərbi Avropada və Şimali Amerikada inkişaf etmiş, sonralar digər Avropa ölkələrində, XIX – XX əsrlərdə isə Cənubi Amerika, Asiya və Afrika qitələrində yayılmış sosial, iqtisadi və siyasi sistemlər yönündə dəyişikliklər prosesidir. Qeyri-qərb dünyasının vesternizasiyaya məruz qalmadan qloballaşma fazasına daxil olması, bu məqsədlə təhsilin, infrastrukturun gücləndirilməsi, informatikanın, mikroelektronikanın, biotexnologiyanın, telekommunikasiyanın, kosmik texnikanın, kompyutürlərin inkişaf etdirilməsi Modernizasiya prosesinin əsas tələbləridir.
    Modernizasiya və ya «modernləşmə» termini XX əsrin ortalarına qədər urbanizasiyanı, sənayeləşməni, dünyəviləşməni, rasional bürokratiyanın və hüquqi dövlət idarəçiliyi mədəniyyətinin yaradılmasını nəzərdə tutur. XXI əsrdə bütün bu modernizasiya prosesləri milli həyatın ayrılmaz hissəsinə çevrilmişdir.

Bu yazı 982 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :