-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Baxış bucağı
Şiriftin ölçüsünü dəyiş

Toplumumuzda dünyaviliklə özgür düşüncənin

gəlişdirilməsi haqqında


Aydın Əlizadə
Azərbaycan Milli Elmlər Akademiyasının
Fəlsəfə, Sosiologiya və Hüququ İnstitutunun böyük elmi işçis

2 iyun 2011-ci il - 20 iyun 2011-ci il

    Dinlərarası dialoqla bağlı çoxlu toplantılar keçirilir. Demək olar, bu sorun (problem) dəbdə olanlardan biridir. Din adamlarının bir-birləri ilə görüşmələri də zaman-zaman düzənlənir.  Onların arasında olan barış ortamı (mühiti) hər yerdə sərgilənir. Bununla da Azərbaycanda dinlər arası, eləcə də məzhəblərarası barış və birlik görüntüsü yaranır.
Ancaq bu görüntülər doğruluğu göstərir, ya da yalnız görüntü olaraq qalır? Nə qədər rəsmi din adamlarının tutduğu yol, başqa dindarların istəklərinə uyğundur? Onların özlərinin nə gədər sözləri başqalarının qarşısında keçərlidir? Son zamanlar dünyada gedən dini sorunların kəskinləşməsi Azərbaycanda da, az da olsa özünü göstərməyə başlamışdır. Bütün bunların gələcəkdə gəlişməsi ehtimalı vardır. Buna görə də yuxarıda səsləndirilən sorulara cavabların axtarılması gərəkdir.
    Başqa yöndən, dinin özünün nə dərəcəsində toplumda barış ortamının yaradılmasına gətirib çıxara biləcək sorusu ortalığa çıxmaqdadır. Bir yandan hər bir dində olan əxlaq, yaxşılığa yönəlmə çağırışları toplumdakı durumu yaxşılığa doğru aparır. Bununla bağlı çoxlu tarixi örnəklər gətirmək olar. Bununla belə, həddən çox ehkamçılığa sürüklənmə özgür düşüncənin boğulmasına, insanların güdülüb qovulmalarına, son olaraq isə dini alanda (müstəvidə) qarşıdurmalarla savaşlara gətirə bilər. Buna da çoxlu tarixi örnəklər vardır. Azərbaycanda da bütün bunlar olub.
    Belədirsə, onda toplumda barış ortamının saxlanılması üçün yalnız dini dialoqların aparılması yetərlidir, ya yox sorusu da yaranır. Buna görə də dinlərarası dialoqla eşit (bərabər) olaraq, dünyavilik sorunları da ortalığa qoyulmalıdır. Dünyavilik bəlli qədər dini ehkamçılıqdan qaçma imkanını verir. Din olan yerdə təməlçilik kimi aşırılığın (ifratçılığın) qarşısının alınması üçün dünyavilik də olmalıdır. Başqa yandan, dünyavilik olan yerdə də din olmalıdır. Olmasa, o da ateizm kimi aşırılığa gətirib çıxara bilər. Buna görə də dəbdə olan dinlərarası dialoqla eşit olaraq dünyavilik, onunla bağlı sorunlar da ortalığa qoyulmalıdır.
    Əxlaq, egitim (tərbiyyə), yurda bağlılıq, başqa bu kimi sorunlar üzrə dünyaviliyin də dəyərləri dilə gətirilməlidir. Bu isə özgür düşüncə ilə olur. Deməli dünyavilik, ehkamçılığa qarşı özgür düşüncəni ortalığa qoyur. Dünyaviliyin özülü toplumun aydınlatmasıdır (maarifləndirməsidir). Aydın toplum yetişməsə hər bir kəsin, eləcə də toplumun içində ehkamçı əyintilər başlanıb, dərinləşir. Özgürlük boğulursa inancsız toplum belə ehkamlar içində boğulur, nadanlıq içində üzür. Bu özgürlük və dünyavi düşüncədədir. Bundan geriləmə günümüzdə yaşanmaqdadır. Onun heç bir paradiqmaları, konsepsiyaları Azərbaycanda yaradılmamışdır. Toplum nə dində, nə də dünyavilikdədir. Xaotik sistemsiz bir biçimdə yaşayır. Bu isə, son olaraq, aşırı dinçiliyə gətirəcək. Çünki dini ehkamlar bəsit insanlar üçün çox asan səslənib, qavranılır.
    Özgürlüyün eşiti olan dünyaviliyin özülü antik çağlarda qoyulmuşdur. Yeni çağda Avropada aydınlatma görəvlərinin sonu gəlişmiş, oranın irəlləyişinə gətirib çıxarmışdır. Müsəlman ölkələrinin isə dünyavilik yönəlmələrinin yetərli qədər olmadığına görə, özgürlük boğulduğuna görə, onların hamısı geriləyərək bu günə qədər də yetərsiz durumda qalmaqdadırlar. Dini yönəlmələri az olan müsəlman ölkələri belə irəliləyə bilmirlər. Bunun nədəni yenə də özgürlüyün boğulmasıdır. O ölkələrdə dini ehkamlar deyil, başqa ehkamlar hökm sürür. Amma dini ya dinsizlərin ayrıntısı yoxdur: ehkamlar elə ehkamlardır.
    Azərbaycana gəldikdə, dünyaviliyin, özgür düşüncənin özülü 19-cu yüzilliyin sonu, 20-ci yüzilliyin önlərində qoyulmuşdur. O zaman “Əkinçi”, “Molla Nəsrəddin” “Bəhlul” kimi eli aydınlandıran qəzetlərlə dərgilər basılıb yayımlanmışdır. Ancaq Sovet dönəmlərində, Azərbaycanda özgür düşüncə boğulmuş, yox edilmişdir.
    Çağdaş dönəmimizdə də özgür fəlsəfi düşüncəyə çox az önəm verilir. Belə olanda, dini ehkamçılıq son olaraq irəliləyəcək, çunki onu eşitləyən bir şey yoxdur. Eşitləyici isə elə özgür fəlsəfi düşüncədir.
    Dini təməlçiliyin gəlişməsinə həmdə ölkədə olan sosial problemlər, korrupsiya, rüşvətxorluq, toplumda ədalətsizlik durumları olur. Bunları ortalıqdan təkcə hüquqla, göstərişlərlə almaq olmaz. El arasında sorunları çözə bilən özgür düşünürlərə yol açılmalıdır. Onlar toplumda olan sorunlar üzrə bilgə (müdrik) düşüncələr söyləyib elin öndərləri olmalıdırlar. Onları el arasında arayıb ortalığa çıxarmaq gərəkdir. Yuxarıda toplantılar və konfranslar keçirməklə işləri düzənləmək olmaz, bu iş aşağılarla birlikdə görülməlidir. Yoxsa yuxarıda olanların çox zaman aşağılarla heç bir ilişkisi olmur, bununla da onların keçirdiyi toplantıların faydası da olmaz.
    Aşığılarda olan düşünən beyinləri araşdırıb üzə çıxarmaq gərəkdir. Bunun üçün ən birincisi pulsuz elektron resurslarına yol açılmalıdır. Fəlsəfi və düşüncə forumları açılmalıdır. Orada özgürlük ortamında hamımnın qatılması ilə bütün sorunlar çözülməli, yeni düşüncələr ortalığa qoyulmalıdır. Aparıcı ölkə elektron saytlarında yalnız seçilmişlər üçün deyil, hər bir düşünən kəs üçün yer verilməlidir. Düşüncələr arasında rəqabət aparılmalıdır. Yoxsa yalnız kimsənin dəstəklədikləri kəslər rəqabətsiz, dartışmasız, çəkişməsiz dedikləri sözlər dürümü düzənləməz, ehkamçılığa gətirər. Onların özlərini də ələşdirən (tənqid edən) olmalıdır, o da bu ələşdirməyə dözüm gətirməlidir. Televiziya və radiolarda düşüncə yiyələrinə söz verilməli, dartışmalar keçirilməlidir. Hər yerdə özgür rəqabət olmalı. Kimin dediyi deyil, nəyin dediyinə önəm verilməlidir. Toplumumuzda baş alıb gedən kimin kim olmasına, kimin qohumu olmasına deyil, onun nə dediyinə, hansı keyfiyyət ortalığa qoymasına baxılmalıdır.
    Belə olsa, düşünürlərin arasında rəqabət olar, onlar düçüncələrini gəlişdirər, toplumda durum da dəyişər. Özgürlük havası ehkamçılığı eşitləyər. Rəqabət doğrudan da filosof olan bilgə kəsləri üzə çıxarar. Onlar kiminsə yaxınları yox, sözün doğru anlamında bilgə olanlar olarlar.
    Bu kimi kimsələr indi də vardır. Onlar özlərinə yer tapmayıb yalnız elektron sosial şəbəkələrdə düşüncələri ilə çıxış edirlər. Onların sözü yavaş-yavaş olsa da, yer alır. Bu isə yetərli deyil, çünki onların bilgəliyi ölkənin qulluğunda qoyulmalıdır. Bu barədə ölkə məmurları düşünməlidirlər. Hələ Platon "ölkəni bilgələr yönətsə, o ölkə ideal olar" demişdir. Bu kimi ideal ölkənin yaradılmasına can atılmalıdır. Olmasa, böyük kavqalar ola bilər.
    Beləliklə, öncə özgür dünyavi düşuncə önə çəkilməli, sonra isə onunla eşit olaraq dinlərarası dialoqların aparılması doğru olardı. Bu dialoqlara təkcə yuxarıda olan özəl kəslər deyil, bütün toplumda olan düşünürlər qatılmalıdır. Bu dialoqlar təkcə protokol üçün deyil, gerçəkdə sorunları çözməlidirlər. Dialorlar yalnız kameralar qarşısında toplantılarda deyil, aramsız getməli, yeni düşüncələr ortalıga goyulmalıdır.
    Dinin özü üçün də özgür dünyavi düşüncə böyük irəlləyiş gətirərdi. Ehkamçılığa yeni ruh verilməsə, o köhnəlir, el onu mənimsəmir, ondan yorulur. Fəlsəfi düşüncə isə dini yeniləşdirib çağdaş tələblərə uyğunlaşdıra bilən gücdür. Ona yol verilsə, aşırı təməlçilik də çox gücsüzləşmiş olar.

Bu yazı 842 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :